A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması
Müəllif: Seyyid Müctəba Musəvi Lari
Naşir: Hamidun
Çap tarixi: 2000
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Dediklərimizə dahada aydınlıq gətirmək üçün diqqətinizi Peyğəmbərin (s) bu barədə verdiyi göstərişlərə cəlb etmək istəyirik. Rəvayətlərdən birində deyilir: "Günlərin biri bir şəxs Peyğəmbərin (s) yanına gəlib ondan xoşbəxtlik və səadətə çatmaq üçün tövsiyələr etməsini xahiş edir. Peyğəmbər (s) onun xahişini qəbul edib bu qısa cümlə ona cavab verir: "Hər zaman həqiqəti de və yalandan uzaq ol! "Şəxs cavabını eşidib gedir. Onun özü sonralar e`tiraf edərək deyərdi: "Mən əvvəllər olduqca bədxasiyyət bir insan idim. Peyğəmbərin (s) dediklərini eşitdikdən sonra isə onların hamısını kənara qoydum. Belə ki, məndən gördüyüm işlər barədə soruşduqda, bundan sonra hər şeyi açıb düz deyər və sirrimi aşkar edərdim və beləliklə böyük rüsvayçılıqla üzləşərdim. Bunun üçün də özümə haqq qazandırmaq və eybimi ört-basdır etmək üçün yalan danışmalıydım ki, bu zaman da Peyğəmbərin (s) buyuruğuna əməl etməzdim. Mən Peyğəmbərin (s) dediklərini eşitdikdən sonra tə`xirə salmadan icra etməyə başladım və nəticədə günah və pisliklərdən uzaqlaşıb qəlbimi günah çirkabından çıxara bildim.” Bəli, həqiqəti deyən və düz yolda olan şəxslər həyatda bütün ağrı-acılardan, iztirab və nigarançılıqdan uzaq və daim yüksək əhval-ruhiyyədə olarlar.

Deməli, din və dünya baxımından yalanın qoyduğu mənfi tə`sirləri araşdırmaq şüurlu insanlar üçün ən böyük ibrət və həyat dərsidir. Həqiqi kamal isə iman və əxlaq sayəsində təcəlli tapır, həqiqi kamal olmayan yerdə isə nə asayiş olar, nə də səadət.

BEŞİNCİ FƏSİL

NİFAQ

1-Şəxsiyyətimizi tərbiyə etməyə çalışmalıyıq.

2-Ən pis əxlaqi xüsusiyyətlər.

3-Nifaq evini yandırın!

 

İnsanın səadət və xoşbəxtliyə çatmasını, tə’min edən və onu zinətləndirən ən mühüm amil onun "şəxsiyyətidir". Bu qiymətli xəzinə insanın həyatına əzəmət bəxş edərək onu ən yüksək məqam və tərəqqiyə çatdırır. Bəşər, insan olmaq baxımından bir-birləri ilə bərabər olsalar da, şüur, tərzi-təfəkkür, psixoloji vərdiş və əxlaqi xüsusiyyətlər baxımından bir-birlərindən fərqli olurlar. Elə insanları bir-birlərindən ayıran, onlara dəyər və üstünlük verən şey də onların "şəxsiyyətidir".

Digər tə`siredici amillərdən fərqli olaraq şəxsiyyətin qoyduğu tə`sir bir başa və daimi olur.

Bəşər bu dünyaya əxlaqi xüsusiyyətlərini daha da təkmilləşdirmək, şüur və tərzi-təfəkkür səviyyəsini təkamülə doğru istiqamətləndirmək üçün qədəm qoymuşdur. Buna nail olduqda o, özünün insani vəzifələrinin nədən ibarət olduğunu dərk edib, onu ən gözəl səviyyədə icra etməyə müvəffəq olur.

Sağlam bir şəxsiyyətə yiyələnmək və daxil qüvvələrin səadətə doğru istiqamətləndirilməsi cəmiyyət üzvlərinin hər birinin öz qarşısına qoyduğu ən başlıca məqsəd olmalıdır. İnsan bu yolda nə qədər çox fəaliyyət göstərərsə müvəffəqiyyətə də bir o qədər çox ümid bəsləyə bilər. Çünki, yüksək şəxsiyyətdən savayı heç bir şey insanın mənafeyini tə`min edə, onu səadətə qovuşdura və təlatümlə dolu olan həyat dənizində üzməyə hazır edə bilməz.

"Şopen Hauer" deyir: "Şəxsiyyətlərin bir-birlərindən fərqlənməsi təbii bir haldır və onun insanların səadət və ya bədbəxçiliklərinə qoyduğu tə`sir insanların qoyduqları qanunlardan irəli gələn ixtilafların qoyduğu tə`sirdən olduqca çoxdur. İnsanın şüur, güc, mə`nəvi saflıq və bu kimi üstün xüsusiyyətləri həyatda əldə olunması mümkün olan var-dövlət, vəzifə və dərəcə kimi üstünlüklərlə müqayisə olunmazdır. Şüurlu bir insan yalnız bir guşəyə çəkilərək fikir və xəyala dalmaqla ən şirin duyğuları özündə hiss edə bilər. Lakin cahil və nadan insanlar həyatlarında nə qədər dəyişiklər aparıb, müxtəlif tədbirlərə əl atsalar da ruh və cisimlərinə əzab verən ağrıdan yaxa qurtara bilmirlər. "

İnsanın səadət və xoşbəxtliyə nail olmasına səbəb olan ən başlıca amillərdən biridə ağıl və şüurun güclü fəaliyyətidir. Bunun üçün də biz bu amili qoruyub saxlamaq üçün yiyələndiyimiz mə`lumatları daha da genişləndirməliyik.

Şəxsiyyətin gücləndirilməsi üçün atılan addımlardan biri də daxili iste`dad və bacarıqlardan istifadə və bəhrələnməyin yolları ilə tanış olmaqdır. Bunun üçün insan qarşısına çıxan bütün maneələri dəf etməli və bütün xoşagəlməz xüsusiyyətlərdən uzaq olmağa çalışmalıdır. Lakin o, özünün həqiqi dəyərini dərk etməyincə, heç bir müvəffəqiyyət əldə edə bilməz. Belə olduqda isə vücudunda səmərəli dəyişikliklər aparıb xoşagəlməz ünsürlərdən uzaqlaşması qeyri-mümkün bir hala çevrilir. O, nəinki təkamülə nail olmur, əksinə daha da tənəzzülə uğrayır.

İnsanın rəftarı və dediyi sözlər qəlbinin dərinliklərindən gəlməyincə heç bir dəyər və əhəmiyyət kəsb etməyəcəkdir. Şəxsiyyətin formalaşaraq sabit hal almasını yalnız o zaman bilmək olar ki, ruhun və qəlbin dərinliklərindən mənşə’lənsin. Şərəf və təkamül nişanələri də məhz belə olduqda özünü büruzə verər. Qeyri-sabit şəxsiyyət isə hər şeydən daha çox mənfi tə`sir bağışlayıb, öz ağrı-acıları ilə insanı uçuruma sürükləyər.

ƏN PİS ƏXLAQİ XÜSUSİYYƏTLƏR

Ən xoşagəlməz əxlaqi xüsusiyyətlərdən biri də "nifaq və ikiüzlülükdür. " Azadlıq və səadətə layiq və ən yüksək məqama çatmağa qadir olan insan yalan və vəfasızlıq kimi xoşagəlməz xüsusiyyətlərə aludə olduqda, nifaq və ikiüzlülük yoluxucu xəstəlik kimi insanın bütün vücudunu bürüyür. Nifaq, insanın vücudunda bir çox əxlaqi xüsusiyyətlərin meydana gəlməsinə böyük maneə yaradır. Nəfsani təkamülün qarşısını alan hər bir şey isə ruhi təkamül və xoşbəxt həyatla kəskin şəkildə müxalifət edir.

Nifaq insanın şərəf və mə`nəviyyatına ağır zərbə vurur. Əxlaqi dəyərlərin aradan getməsinə səbəb olmaqla yanaşı, insanın müvəffəqiyyəti üçün zəruri olan e`timadın əvəzinə qəlbə iztirab və bədbinlik toxumu səpir.

Fırıldaqçı və hiyləgər şəxslər böyük məharətlə özlərini hamıya sevdirir və xeyirxah bir insan kimi tanıtdırmağa nail olur. Ruhi bağlılığı olmadan zahirdə iki nəfər küsülünün hər biri ilə səmimi münasibətlər yaradıb riyakarlıqla birinin tərəfini saxlayır, digərinə qarşı isə müxalif mövqe tutaraq ixtilafların daha da dərinləşməsinə səbəb olurlar.

Bəli! Zahirdə camaatın rə`yi ilə müvafiq olub, lazım gəldikdə isə həqiqətdən boyun qaçırmaq münafiq və ikiüzlü şəxslərin ən bariz xüsusiyyətlərindəndir.

Hansı cəmiyyətdə olursa-olsun, münafiqlər düşmənlərdən daha təhlükəli olurlar. Dahi şəxslərdən biri deyir: "Düşmən həm zahirdə, həm də batində öz çirkin niyyətlərindən əl çəkməz. Çünki düşmənçiliyin yalnız bir rəngi vardır. Kaş ki, dostlar da düşmənlər tək qətiyyətli olaydılar! Şübhəsiz ki, münafiq və riyakar dostlar düşməndən daha pisdirlər. "

Münafiqlər şərəfli həyatdan məhrum olan şəxslərdir. İkiüzlülüyə adət edən şəxslər heç vaxt ünsiyyətdə olduğu insanların qəlblərində özlərinə yol tapa bilməzlər. Həqiqəti gizli saxlamağa cəhd etdikləri üçün daim rüsvayçılıqla üzləşər və öz əməlləri ilə iç üzlərini büruzə verərlər. İctimaiyyətin bədbəxtçiliyinə səbəb olan amillərdən biri də cəmiyyətin müxtəlif təbəqələri arasında hiylə, riyakarlıq, yalan və e`timadsızlığın baş alıb getməsidir. Nifaq cəmiyyətə yol tapıb qəlblərdə özünə yer etdiyi zaman camaatın mə`nəviyyatına ağır zərbə vurmaqla yanaşı, cəmiyyəti bütünlüklə öz arxasınca çəkib uçuruma sürükləyir. Samuel Smaylz deyir: "Yaşadığımız dövrün ictimai və siyasi adamlarının əxlaqı uçurum və pozğunluğa doğru gedir.

Bu günlər şəxsi qəbul otaqlarında deyilən sözlər tribunalarda söylənilənlərdən olduqca fərqlidir. Ümumi məclislərdə camaatın rə’y və təklifləri tə`rif olunur, şəxsi yığıncaqlarda isə istehza və məsxərə olunur. İnsanın vicdanı bu günlər başqa vaxtlardan daha çox əziyyət çəkir. Onların şəxsi mənafeləri isə məslək və məramla bir anda olsun ayaqlaşmayıb daim dəyişməkdir. Beləliklə, riyakarlıq mənfi xüsusiyyətlər cərgəsindən çıxıb adi hala çevrilir. Əgər üst təbəqə riyakarlığa adət edərsə, alt təbəqə də onlardan geri qalmamağa çalışır. Çünki onlar üst təbəqəni özlərinə örnək götürürlər və beləliklə, riyakarlığa adət etməyə başlayırlar. Bu günlər əldə olunan şan-şöhrət insanın gözəl xüsusiyyətlərindən xəbər vermək əvəzinə, bir çox hallarda onun mə`nəvi düşkünlüyündən xəbər verir. Rus atalar məsəlində deyilir: "Möhkəm fəqərə sümüyü olanlar heç vaxt yüksək dərəcələrə çatmayacaqdır. "Lakin şan-şöhrət, maddiyyat vurğunu olanların fəqərə sümüyü külək əsən tərəfə əyilir və nəfsani istəklərdən tam asılı vəziyyətdə olur. Aldatma, həqiqəti ümumi kütlədən gizlətmə və zahirdə alt təbəqənin istəyi əsasında hökm vermə, ən pisi isə ictimai münaqişələr yaratma vasitəsilə əldə olunan şan-şöhrət sağlam mə`nəviyyata malik olan şəxslərin nəzərində ən mənfur bir hərəkətdir. Həmin şəxslərə isə onlar heç bir dəyər və əhəmiyyət verməzlər. "

Saf mə`nəviyyat və insaniyyətdən xəbər verən nişanələrdən biri də düzlük və səadətdir. Sağlam ruhdan mənşə`lənən tapan bu yüksək xüsusiyyət insanın şəxsiyyətinə birlik bəxş edir. Həmçinin, sülh və əmin-amanlığı tə`min etməklə yanaşı, cəmiyyəti güclü və həmahəng edir. Təbii ki, insan özünün sadiq dostlarına daha çox səmimiyyət və mehr-məhəbbətlə yanaşır. Onun bu şəxslərə qarşı səmimiyyəti nə qədər güclü olarsa, münafiq və ikiüzlülərə qarşı da bir o qədər çox nifrət bəsləyər.

NİFAQ EVİNİ YANDIRIN

İslamın sür`ətlə irəlilədiyi illərdə mövqeiyyətlərinin ciddi təhlükəylə üzləşdiyini görən münafiqlər islamı aradan götürmək üçün digər müxalif cərəyanlardan daha çox fəaliyyət göstərməyə başlayırlar. Zahirdə Peyğəmbərlə (s) əhd-peyman bağlasalar da, əməldə əmrə tabe olmaqdan boyun qaçırar və ya müsəlmanları istehza edərək, onlarda ruhi düşkünlük yaratmağa çalışardılar. Sağlam əxlaq və mə`nəviyyatdan məhrum olan bu azlıqlar müsəlmanların Peyğəmbərə (s) olan iman və sədaqətlərini görə bilmirdilər. Onların başında duran "Əbu Amir Rahib" adlı şəxs Peyğəmbərlə (s) Mədinəyə hicrət etməzdən əvvəl yəhudi və nəsrani məzhəblərinə rəhbərlik edirdi. Tutduğu mövqeiyyətə görə cəmiyyətdə güclü nüfuza malik olan bu şəxs hələ çox-çox əvvəllər dəfələrlə camaata Peyğəmbər (s) in zühur edəcəyindən xəbər verərdi. Peyğəmbər (s) Məkkədən Mədinəyə hicrət etdikdən sonra İslamı qəbul edir, lakin Peyğəmbərin (s) nüfuzunun artmasıyla tutduğu mövqeiyyətdən məhrum olacağını görüb dözmür və Məkkəyə gəlir. O, burada İslam və müsəlmanlara qarşı əks-təbliğata və yerli əhalini onlara qarşı təhrik etməyə başlayır. Müşriklərlə birlikdə müsəlmanlara qarşı bir neçə döyüşdə iştirak edir, lakin heç bir nəticə əldə edə bilməyib oradan Ruma (İtaliyaya) qaçır. Rahib, burada da öz çirkin niyyətlərindən əl çəkməyib İslamı aradan götürmək üçün bir neçə təhlükəli tədbirə əl atır. Planlarını həyata keçirmək üçün Mədinədəki havadarlarına orada məscid tikməyi əmr edir.

Lakin Peyğəmbərin (s) icazəsi olmadan bunun həyata keçirilməsi qeyri-mümkün idi. Bunun üçün də münafiqlərə rəhbərlik edən şəxslərdən biri Peyğəmbərdən (s) icazə alır. Nəhayət icazə verilir və məscidin tikintisi başlanır. Peyğəmbər (s) "Təbuk" döyüşündən qayıtdıqdan sonra münafiqlər ona qarşı sui-qəsd hazırlayır və məscidin açılışına də`vət edirlər. Lakin Peyğəmbər (s) onların belə bir çirkin niyyətlərindən agah olub məscidə getməkdən imtina edir və oranı Allahın əmri ilə "Zirar" (zərərli yer) adlandırır. Orada hər hansı bir tədbir və yığıncaq keçirməyi qadağan edərək "Nifaq evinin" yandırılmasını əmr edir.

Qur`ani-Kərim bu kimi mənfi ünsürlərə qarşı kəskin və barışmaz mövqe tutaraq onların iç üzlərini beləcə açıqlayır. “İsanlar içərisində elələri də var ki, iman gətirmədikləri halda "Biz Allaha və qiyamət gününə iman gətirdik"-deyirlər: Onlar elə güman edirlər ki, (qəlblərində olan küfrü gizlətməklə) Allahı və mö`minləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində nifaq və həsəd mərkəzi var. Allah onların (şəkk, kin və nifaq) mərkəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar.

Onlara yer üzündə (küfr və günah işlədərək, mö`minləri aldadaraq) fəsad törətməyin!"-deyildikdə, “İslahedicilər yalnız bizik – deyə cavab verərlər. Agah olun ki, fəsadedicilər yalnız onların özləridir və lakin (bunu) dərk etmirlər."[29]

Nifaq və ikiüzlülük bir növ ruhi xəstəlik və acizlikdir. Əli (ə) bu haqda buyurur: "Münafiqlərdən uzaq olun, çünki onlar özləri haqdan uzaq düşmüşlər və başqalarını da bu yola sürükləyirlər. Zahirdə sağlam görsənsələr də bir növ ruhi xəstəliyə düçar olmuşlar. "

Helen Şaxter deyir:

"Bə`ziləri yalnız özlərini tanıtdırmaq üçün kimlərə qarşısa müxalif mövqe tutub onlarla düşmənçilik edərlər. Yə`ni hansı əqidədə olduqlarını bilmədən belə, heç bir əsası olmadan, başqalarına yersiz iradlar tutmağa çalışarlar. Çünki onlar üçün ən dözülməz hal kimsənin onlarla e`timad etməməsi və diqqət mərkəzində qalmamalarıdır. Məhz bunun nəticəsində onlar başqalarına qarşı müxalif mövqe tutar və öz çirkin niyyətlərindən əl çəkməzlər. "

Əli (ə)-dan nəql olmuş başqa bir rəvayətdə deyilir: "Münafiqlərin cözləri aldadıcı, batinləri isə xəstə olar. "[30]

Münafiqlərin daim arxalanacaqları yer olmadığı üçün, heç bir məqsəd və hədəfi olmayan həyat tərzi sürərlər. Peyğəmbər(s) onların belə bir mə`nasız həyat tərzləri haqda belə buyurur: "Münafiqlər iki sürü arasında sərgərdan qalan quzuya bənzərlər. "[31]

 Onların əlamət və nişanələri barədə isə buyurur: "Münafiq o kəslərdir ki, danışdıqları vaxt yalan deyər, xəyanət edər və bağladıqları əhd-peymana vəfa etməzlər. "[32]

İmam Baqir (ə) buyurur: "İnsanın ikiüzlü və yalançı olması çox pis bir haldır. Belələri dostları ilə birlikdə olduqda onları tə`rifləyər, ayrıldıqdan sonra isə tənqid edərək onların ünvanlarına xoşagəlməz sözlər deyərlər. Dostları nailiyyət əldə etdikdə həsəd və paxıllıq edər, onlar hər hansı bir çətinliklə qarşılaşdıqda isə tək qoyar və kömək etməkdən boyun qaçırarlar."[33]

Münafiqlərin ən bariz xüsusiyyətlərindən biri də daim özlərini müdafiə edib başqalarını borclu çıxarmalarıdır. Əli (ə) onların belə bir mənfur xüsusiyyətləri haqda buyurur: "Münafiq və ikiüzlü şəxslər daim özlərini haqlı bilərək müdafiə edər, camaatı isə tənqid atəşinə tutaraq istehza edərlər. "[34]

Samuel Smaylz deyir:

"Riyakar insanlar daim özlərini düşündükləri üçün heç vaxt başqaları barədə fikirləşməzlər. Bu hiss onlarda o qədər güclü olur ki, özlərini hamıdan uca və üstün tutmağa başlayırlar. "

İmam Sadiq (ə) buyurur: "Loğman oğluna belə dedi: "Münafiq o kəsdir ki, dediyi sözlər və gördüyü işlər fikri ilə bir olmayıb, aşkarda gördüyü işlər gizlində gördüyü işlərin tam əksinə olsun. "[35]

İnsanın şüur və təfəkkürü onun daxilindən xəbər verir. Əgər birisi cildə girərək ruhiyyə və riyakarlığını gizlətmək istərsə, heç bir şey əldə edə bilməz, əksinə özünün iç üzünü açacaqdır.

Günlərin birində bir şəxs İmam Sadiq (ə)-a deyir: "Tanışlarımdan biri məni görməyə gəldi və mənimlə son dərəcə səmimi rəftar etdi. Onun dediklərinin həqiqət olduğunu necə müəyyən edə bilərəm? İmam Sadiq (ə) cavabında buyurdu: "Əgər onun məhəbbəti sənin qəlbində özünə yer edibsə, bil ki, söylədiklərini səmimi-qəlbdən demişdir və həqiqətdir. Yox, əgər soyuqluq hiss edərsinizsə, bilin ki, aranızda ayrılıq düşmüş, ruh və əqidənizdə dəyişiklik baş vermişdir. "[36]

Doktor Marde deyir:

"Əgər belə təsəvvür edirsiniz ki, özünüzü başqalarına quru dillə tanıda biləcəksiniz,bilin ki, bununla yalnız özünüzü aldatmış olacaqsınız. Başqaları sizin barənizdə siz düşündüyünüz kimi fikirləşmirlər. Onlar sizi əxlaq və daxili xüsusiyyətlərinizlə tanıyırlar. Sizinlə ünsiyyətdə olan şəxslər tərzi-təfəkkürünüzün sağlam olub-olmamasını hiss edirlər. Danışmadıqda belə onlar sizin hədəf və məqsədlərinizdən agah olurlar və sizin barənizdə elə bir qəti fikirdə olurlar ki, nə qədər e`tiraz etsəniz belə, öz fikirlərindən dönmürlər. Bə`zən birinin başqa birisi barədə "Filankəsi görməyə gözüm yoxdur, ondan xoşum gəlmir"- dediyini eşidirik. Bu sözləri deyən şəxs nəzərdə tutduğu şəxsdən gülərüzlük və mehribançılıq görsə də, onun kim olduğunu hiss etdiyi üçün yenə də sevmir və mümkün qədər uzaq olmağa çalışır. Bütün bunlar müxtəlif tərzi-təfəkkürdən irəli gəlir və biz özümüz də başqalarında belə bir tə`sir qoya bilirik. Bizim hiss etdiyimiz və fikirləşdiyimiz şeylər gözəgörünməz dalğalar kimi ətrafımızda pərakəndə olur. "

Əli (ə) buyurur: "Sağlam mə`nəviyyat və tərzi-təfəkkür danışan dildən daha yaxşıdır. Bütün bunlar insanın kim olduğundan xəbər verir. "[37]

Əlbəttə, bilməliyik ki, nifaq dedikdə həm əqidə və əxlaqda, həm də rəftar və davranışda müşahidə olunan nifaqların hamısı nəzərdə tutulur. İslam, müsəlman cəmiyyətini birlik və həmrəyliyə də`vət etmiş və onları səmimiyyətə, nifaq və riyakarlıqdan uzaq olmağa sövq etmişdir.

ALTINCI FƏSİL

QEYBƏT

1-Günaha aludə olmuş cəmiyyət.

2-Qeybətin qoyduğu mənfi tə`sirlər.

3-Bu ruhi xəstəliyin meydana gəlmə səbəbləri və onun müalicəsi.

4-Din, əxlaqi pozğunluqlarla mübarizə aparır.

Bu günkü ictimaiyyətin mə`nəviyyatsızlıq, əxlaqi və ruhi pozğuntuluqlar dənizində təlatümə uğramağı kimsədən gizli deyildir. Bəşər maddi ehtiyaclarının tə`min olunmasında nə qədər böyük nailiyyətlər əldə etmişsə, bir o qədər də əxlaqi dəyərlərdən uzaq düşərək tənəzzülə uğramışdır. Bütün bunlar isə ictimai mühitin öz axarından çıxaraq, yaşamaq üçün sağlam ab-havadan məhrum olmasına gətirmişdir. Yaranmış belə bir şəraitdə iztirab və narahatçılıqlardan yaxa qurtarmağa can atan cəmiyyət bir daha pisliklərə üz tutur və narahatçılıqlarını aradan qaldırmaq üçün özlərini mə`nəviyyatsızlıq girdabına atır. Belə bir cəmiyyətdə isə səadət günəşinin doğması qeyri-mümkün bir haldır.

Sanki cəmiyyət üzvləri bütün məs`uliyyətləri öz üzərlərindən atmış və bir-birləri ilə tənəzzülə uğrama müsabiqəsi keçirmiş olurlar. Diqqət yetirdikdə görürük ki, hər gün artmaqda olan inkişaf və tərəqqi vasitələrindən tam əks istiqamətdə istifadə olunur. Bir sözlə, maddiyyatın aldadıcı zahiri ümid və arzular mənşəinə çevrilir və öz qorxunc qiyafəsi ilə canlara vəlvələ salan zülmət həyat insanın qarşısında özünü təcəlli etdirir. Kaş ki, əxlaqsızlıq yolunda sərf olunan, sayı-hesabı bilinməyən var-dövlətin kiçik bir hissəsi əxlaqi dəyərlərin güclənməsinə ayrılaydı!

Əxlaqi qanunların sabit və dəyişilməz olmasına baxmayaraq, yaşadığımız mühitdə daimi dəyişilməyə mə`ruz qalaraq özünü müxtəlif surətlərdə büruzə etdirir. Fəzilət və əxlaqi dəyərlər şəxsiyyətin me`yarı olmayan bir cəmiyyətdə şəxsiyyətə heç bir əhəmiyyət verilmir. Belə bir şəraitdə əksəriyyət mühitin tə`siri altına düşür və onun acınacaqlı aqibəti haqda düşünmədən bütün hallarda ona kor-koranə təqlid edir. Bütün bunları nəzərə alaraq belə bir qənaətə gəlmək olar ki, cəmiyyətə hakim olan əxlaqi dəyərlər sağlam və əsaslı olmamış və bunun üçün də onun səadət və xoşbəxtliyini tə`min edə bilməz. Məşhur Fransız alimi doktor Karl deyir: "Elə bir dünyaya ehtiyac duyuruq ki, orada hər bir şəxs yenidən öz yerini tapa bilsin, maddiyyat və mə`nəviyyat da bir-birindən ayrı olmasın. Necə yaşayacığımızı bilməliyik. Çünki bələdçi olmadan həyat yolunu qət etməyin nə qədər qorxulu və təhlükəli olduğunu artıq başa düşmüşük. Qəribədir ki, belə bir ciddi təhlükəyə yetirilən diqqət bizi həll yolunu axtarıb tapmağa vadar etməmişdir. Bu bir həqiqətdir ki, indinin özündə də bu məsələnin ciddiliyinə diqqət yetirən şəxslərin sayı olduqca azdır. Bu günlər camaatın əksəriyyəti maddi və texnoloji imkanlardan istifadə edərək - ürəyi istədiyi kimi - sanki məst halda yaşayır. O, sivilizasiyanın ona bəxş etdiyi nailiyyətlərdən əl çəkib ona göz yummaq fikrində deyildir. Dəniz, göl və bataqlıqlara tökülən çaylar enişli yoxuşlu yollar qət etdiyi kimi həyat da həmçinin müxtəlif dövr və mərhələləri öz arxasında qoyaraq bu günlər bizi mənfəəttələb olmağa sövq etmişdir. İnsanlar özləri üçün yeni-yeni ehtiyaclar meydana gətirmiş, yalan, hiylə və müxtəlif yollarla onları tə`min etməyə başlamışlar. Lakin insanın vücudunda qeybət, xəbərçilik, sözbazlıq kimi meyl və istəklər də vardır. İnsanların böyük bir hissəsinin məşğuliyyətinə çevrilmiş bu hisslər zəhər tək onlar üçün son dərəcə təhlükəlidir. Cəmiyyətə ağır zərbə vuran amillərdən biri də qeybətdir və biz bu fəsildə məhz bu barədə söhbət açmaq istəyirik. Qeybətin terminoloji mə`nası istər alim, istərsə də adi insana bəlli olduğu üçün bu barədə ətraflı izahat vermək istəmirik.

QEYBƏTİN QOYDUĞU MƏNFİ TƏ`SİRLƏR

Qeybət hər şeydən əvvəl insanın mə`nəviyyatına mənfi tə`sir qoyur. Əxlaqi dəyərlərə heç bir əhəmiyyət verməyən şəxslər başqalarının eyb və nöqsanlarını ifşa etməklə onların qəlblərini qırır və ağır mə`nəvi zərbə vururlar.

Qeybət, fəzilət sarayını viran edib tez bir zamanda bütün insani dəyərləri tənəzzülə uğradır. Bir sözlə, bu xoşagəlməz xüsusiyyət sağlam tərzi-təfəkkürü tam əvəz edərək, zehni düşünüb-daşınmaqdan məhrum edir. Əgər dəqiq araşdırma aparsaq görəcəyik ki, qeybət ictimaiyyətə ağır zərbələr vurmuş, kin və düşmənçiliyin meydana gəlməsində mühüm rol oynamışdır. Qeybət geniş vüs`ət aldıqda hər bir millətin mə`nəviyyatını sual altına aparıb cəmiyyətin təbəqələri arasında bərpaolunmaz fasilələr yaradır.

Lakin təəssüflər olsun ki, bu günlər qeybət geniş şəkildə yayılmış və cəmiyyətin bütün təbəqələri arasında dərin kök sala bilmişdir. Dünyada baş verən hadisələr bir-biri ilə əlaqəli olduğu kimi, əgər ictimai təbəqələrdən birində hər-hansı bir çatışmazlıq meydana gələrsə, tez bir zamanda yoluxucu xəstəliklər kimi digər təbəqələrə də öz tə`sirini göstərmiş olur. Qeybətin geniş şəkildə yayılması nəticəsində ümidsizlik və bədbinlik cəmiyyətə hakim olur və e`timad hissi öz yerini inamsızlığa və e`timadsızlığa vermiş olur. Beləliklə, ictimaiyyətə yüksək əhval-ruhiyyə hakim olmayınca heç vaxt səmimiyyət əldə olunmayacaqdır. Əxlaqi dəyərlərdən məhrum olan bir cəmiyyət isə həyatın ləzzət və gözəlliklərindən məhrum olmuş olur.

BU RUHU XƏSTƏLİYİN MEYDANA GƏLMƏSİ VƏ ONUN MÜALİCƏSİ

Qeybət, əməllə bağlı günah olsa da, insan psixologiyası ilə birbaşa əlaqəlidir. Ruhi böhrandan xəbər verən bu mənfi xüsusiyyətin köklərini qəlbin dərinliklərində axtarmaq lazımdır.

Əxlaq alimləri qeybətə səbəb olan bir neçə mühüm amilə işarə etmişlər ki, bunlar da həsəd, qəzəb, özünü sevməklik və bədgümanlıqdan ibarətdir. İnsanın gördüyü bütün işlərə səbəb olan daxilindəki müxtəlif hisslərdir. İnsan vücudunun dərinliklərində bu sirli hisslərdən biri fəaliyyətə gəldikdə batini sirlər xəzinəsi olan dil qeybətə sövq olunur.

Hər hansı bir xüsusiyyət insanın qəlbinə yol tapdıqda gözləri önünə pərdə çəkib tədriclə onun tərzi-təfəkkürünə hakim olmağa başlayır. Qeybətin çox yayılması bu əməlin dəfələrlə təkrar olunması və nə ilə qurtaracağına diqqət yetirilməsi nəticəsindədir. Belə ki, insanların bir çoxu digər günahlardan uzaqlaşdıqları halda, qeybət etməkdən çəkinmirlər. İnsanın hər hansı bir xoşagəlməz işi təkrar olaraq görüb, onun barəsində düşünüb-daşınmaması elə bir həddə gəlib çatır ki, onun zərərli olduğunu dərk etsə də öz nəfsani istəklərindən əl çəkə bilmir. Bəşər elm sahəsində müəyyən qədər də olsa bə`zi həqiqətlərə yol tapıb fitri olaraq təkamülə doğru can atsa da, əməli olaraq bunu həyata keçirməkdən qaçır. O, səadətə çatmaq üçün azacıq da olsun, əzab-əziyyətə dözməyə hazır deyildir. Bunun üçün də o özünün daxili istəklərinin əsirinə çevrilir.

 Başqalarının şərəfini qorumağa adət etməyən şəxslərin əxlaqi qanunlara riayət etməsi qeyri-mümkündür və əxlaqi dəyərlərdən uzaq olanlar o kəslərdirlər ki, ömürlərini nəfsani istəklərinə tabe etmiş və heç nədən çəkinmədən başqalarının hüququna təcavüz edərlər.

Bu kimi çatışmazlıqlar və əxlaqi dəyərlərin tənəzzülə uğraması imanın zəifliyindən meydana gəlir. Çünki, bütün bunların meydana gəlməsi əqidə ilə əlaqəlidir. Əgər insanın arxalandığı yer iman olmazsa, heç vaxt əxlaqi dəyərlər icra olunaraq öz yerini tapmayacaqdır.

Hər bir şəxs öz bacarığı səviyyəsində insanların haqqa hidayət olması və əxlaqi böhrandan çıxmaları üçün müəyyən tədbirlər nəzərdə tutur və düzgün hesab etdiyi yolu seçir. Lakin islahatlar aparılması üçün atılan ən uğurlu addım cəmiyyətin özünün düzgün yolu seçməsidir.

İnsan, öz gözəl hisslərini oyatmalı, daxilindən gələn çağırışa cavab verməli və şüur və tərzi-təfəkkürünü xoşbəxtliyi üçün sərf etməlidir.



Geri   İrəli
Go to TOP