A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ariflərdən
Müəllif: Məhəmməd Cavad Nurməhəmmədi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 80
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Mərhum Seyid Əbdül-Vəhhab İsfahani həmin xəstəlikdən sonra düz iyirmi il yaşadı. Hicri-şəmsi 1358-ci il, mübarək ramazan ayının altısında sübh azanından üç saat qabaq ailəsini ətrafına topladı. Bildirdi ki, bir az sonra işiniz çox olacaq və obaşdan yeməyə imkanınız qalmayacaq. Onları yeməyə məcbur etdi. Özü dua və Qur`an oxuyurdu. Sonra ailəsinə bildirdi ki, onun vaxtı başa çatıb və hamıdan halallıq istədi. Həyat yoldaşına dedi ki, uşaqları öncə Allaha, sonra sənə tapşırıram. Şəhadət kəlmələrini söyləyib gözlərini yumdu.

6-CI HEKAYƏT

Ustad mərhum axund Molla Məhəmməd Kaşani İsfahaninin dilindən belə nəql edir: Təhsil dövründə “Cəddə” mədrəsəsində məskunlaşmışdım. Rəbiül-əvvəlin doqquzuncu gecəsi, Eydüz-Zəhra adlanan gün tələbələrlə toplaşıb mərasim keçirdik. Bu məni çox sevindirdi. Düşündüm ki, neçə aydan bir belə mərasimin təşkil olunması tələbəlik yorğunluğunu aradan qaldırar. Bu məqsədlə bir neçə ay sonra qabağa düşüb məclis qurdum. Tələbələri öz hücrəmə də`vət etdim. Gecə xoş keçdi. Məclis dağılandan sonra yatdım. Yuxuda gördüm ki, iki nəfər hücrəmə daxil olub deyir: “Həzrət Peyğəmbər (s) səni istəyir.” Mən qorxmuş vəziyyətdə onların ardınca getdim. Böyük bir otağa daxil olduq. Peyğəmbər (s) otağın bir guşəsində əyləşmişdi. Ətrafında alimlər, fəzilət sahibləri vardı. Mən onlar arasında yalnız molla Hüseyn Əli Tuysərkanini tanıdım. O mənim ustadım olmuşdu. Həzrət Peyğəmbər (s) buyurdu ki, çubuq və falaqqa gətirilsin. Molla Məhəmməd Kaşaninin qamçılanmasını göstəriş verdi.

Mən qorxudan tir-tir əsirdim, danışmaq güçüm yox idi. Mərhum hacı molla Hüseyn Əli Peyğəmbərdən xahiş etdi ki, onu mənə bağışlayın. Həzrət Peyğəmbər məni ustadıma bağışladı. Yuxudan oyandım. Hələ sübh azanı olmamışdı. Başa düşdüm ki, dünən gecə tələbələri mütaliədən ayırmağım səhv olub. Eydüz-Zəhra gecəsi dəyərli gecədir. Amma ömürü boş yerə sərf etmək olmaz.

7-Cİ HEKAYƏT

Ustad Seyid Cəlilin dilindən belə nəql edir: Təhsil dövründə bir gecə mütaliəyə məşğul idim. Cəməl savaşı haqqında oxuyurdum. Həmin hissəyə çatmışdım ki, Məhəmməd ibn Hənəfiyyə Ayişənin dəvəsini saxlayır. Həzrət Əli (ə) Məhəmməd ibn Əbubəkrə - Ayişənin qardaşına göstəriş verir ki, qoyma bacına əziyyət versinlər. Düşündüm ki, nə üçün Əli Ayişənin qətlinə imkan verməyib? Yatdım, yuxuda həzrət Əli (ə) mənə buyurdu: “Molla Məhəmməd, sən də mənə irad tutursan?” Yuxudan dik atıldım. Tövbə edib həzrət Əmirəl-mö’minin (ə) hüzurundan üzr istədim.

8-Cİ HEKAYƏT

Ustad həmin arif alimin dilindən nəql edir: Bir vaxtlar tələbələr qarşısında "Fatir" surəsinin mələklərlə bağlı şərif ayəsindən danışırdım. Riyazət və nəfsin tərbiyəsi ilə məşğul olduğum məqamlarda çoxsaylı qanadları olan mələklər görürdüm.

9-CU HEKAYƏT

Məzəddin Məhdəvi öz ustadı böyük zahid ağa Seyid Şeyx Əli Yəzdinin dilindən belə nəql edir: (Bu şəxs İsfahanın böyük alimlərindən və təqvalı insanlarından olmuşdur.) İsfahanda yenicə ailə qurduğum vaxtlar ağır yoxsulluqla üzləşdim. Vəziyyətim heç cür düzəlmirdi. Yenicə ana olmuş həyat yoldaşım bildirdi ki, günortaya heç nəyimiz yoxdur. Allaha ümidlə evdən çıxdım. Sədr mədrəsəsinə getdim. Vəziyyəti yaxşı olan tələbələrə vəziyyətimi deyib borc istədim. Bildirdilər ki, hazırda borc vermək imkanları yoxdur. Bir sözlə, həmin gün və gecə yeməyə bir şeyimiz olmadı. Həyat yoldaşım özünü şad göstərir, mənə təsəlli verirdi. İkinci gün evdən çıxdım, borc almaq üçün bir neçə yerə üz tutdum. Borc verən olmadı. Hətta çörəkçi və qəssab borcumun çox olduğunu bildirib nisyə mal vermədilər. Həmin gün də bu qayda ilə ötdü. Həyat yoldaşım bu məşəqqətə mətanətlə dözürdü. Nəhayət, üçüncü gün Sədr mədrəsəsində dərs oxuduğum vaxt axund Kaşinin mənə doğru gəldiyini gördüm. Üslub fərqlərinə görə ona xoş münasibət bəsləmirdim. Bu arif insandan qaçırdım ki, üzbəüz gəlib ehtiram göstərməyə məcbur olmayım. Nəhayət, üzbəüz gəldik. Salam verməyə məcbur oldum. Salamımı alıb buyurdu: “Şeyx Əli, ardımca gəl.” İxtiyarsız halda onun ardınca getdim. Hücrəyə daxil oldu və məni içəri də`vət etdi. Buyurdu ki, əyləşim. Döşəkçəsinin altından əlli rial çıxarıb mənə verdi. Mən ustada yaxşı münasibətdə olmadığımdan ondan pul qəbul etmək istəmədim. Dedim ki, ehtiyacım yoxdur. O bir daha tə`kid göstərdi. Növbəti dəfə ehtiyacım olmadığını bildirəndə axundun halı dəyişdi, qəzəbli halda buyurdu: “Yalan, yalan! Üç gündür evində yeməyə bir şey yoxdur, yenə deyirsən ki, ehtiyacsızam. Götür bu pulu, xərclə. Bundan sonra da nə vaxt ehtiyacın olsa yanıma gəl.” Mən heyrətə gəlmişdim. Evimdəki vəziyyətdən kimsə xəbərdar deyildi. Mərhum axund Kaşi öz ürfani məqmı ilə vəziyyətimdən xəbər tutmuşdu.

10-CU HEKAYƏT

Şeyx Əbdürrəzzaq Xansari İsfahani zahid alim, mərhum ağa Seyid Məhəmməd ibn Zeynəl-abidin Rəzəvi Xansarinin, öz əmisi oğlunun dilindən belə nəql edir: İsfahanda təhsilə məşğul olduğum vaxt Həkim məscidində hücrəm vardı. İmam Mehdinin (əc.) hüzurundan istifadə üçün otuz doqquz gecə idi ki, əməllər yerinə yetirir, dualar oxuyurdum. Həmin vaxt mənim və anamın xərcini əmim ödədiyindən onun evində şam edib məscidə gedərdim. Qırxıncı gecə əmimin evində şam yedim. Dua və zikr vaxtına iki saat qaldığını görüb bir qədər yatmaq istədim. Bir də yuxudan ayıldım ki, nəzərdə tutduğum vaxtdan bir saat ötüb. Tələsik dəstəmaz alıb evdən çıxdım, gecənin qaranlığında məscidə üz tutdum. Qəbiristanlığın yanından ötərkən mərhum Məhəmməd Cə`fər Şeyxul-İslamın qəbirinin yanında uca qamətli, qara əmmaməli, sarı rəng ayaqqabı geymiş bir seyidin məni səslədiyini eşitdim. Hara getdiyimi soruşdu. Onu görüb təşvişə düşdüm. Salam verdim və bildirdim ki, məscidə gedirəm. Buyurdu ki, tələsmə, hələ tezdir. Sonra məscidə nə üçün getdiyimi soruşdu. Məqsədimə çatıb-çatmadığımı soruşdu. Daha sonra əmimin halı ilə maraqlandı. Sağollaşmadan bir-birimizdən ayrıldıq. Bir neçə addım atıb diksindim. Düşündüm ki, gecənin bu vaxtı bu seyid kim idi ki, məni tanıdı, sorğu-suala tutdu? Yoxsa məqsədimə çatmışdım? Geri döndüm. Amma həmin yerdə kimsəni tapa bilmədim. Əmin oldum ki, həzrət Mehdi (ə) ilə rastlaşmışam.

Şeyx Əbdürrəzzaq Xansari mərhum ağa Mirməhəmmədəli Müdərris Rəzəvi Xansari haqqında nəql edir ki, bir gün evə gəlib evdəkilərə deyir: “Mərhum Cahangirxan Qaşqayi tərəfindən mənə pul göndəriləcək. Yatıram, məni oyatmayın. Gələn adamdan pulu alarsınız.” O yatır və bir az keçmiş dediyi kimi bir şəxs qapılarını döyüb əlli rial pul təqdim edir. Alim yuxudan oyanıb “gətirilən əlli riyalı mənə verin” buyurur.

Bu hekayəti ilkin nəql edən mərhum hacı Şeyx Məhəmmədtəqi Xansari deyir ki, mərhum Cahangirxanın görüşünə gedib ondan Seyid Məhəmmədəliyə pul göndərib-göndərmədiyi barədə soruşdum. Bildirdi ki, həqiqətən də, pul göndərib. Soruşdum ki, bu barədə ona öncədən xəbər vermişdinizmi? Cavab verdi ki, yox. Mərhum Cahangirxan bu sorğu-sualın səbəbini soruşur. Şeyx əhvalatı ona danışır. Mərhum Cahangirxan gülümsəyib deyir: “Bəli, bu gün bir şəxs mənə pul gətirmişdi, qəfildən Şeyx yadıma düşdü. Həmin pulun əlli riyalını ona göndərdim. Doğrudan da, Şeyx zahid və təqvalı insandır.” Qeyd edək ki, hacı Şeyx Məhəmmədtəqi İsfahanın böyük alimlərindən, fəzilət sahiblərindən olmuşdur. Ağa Nəcəfi onun haqqında xoş sözlər söyləyir.

11-Cİ HEKAYƏT

Şeyx Əbdürrəzzaq Xansari, İsfahanın böyük ariflərindən olmuş, “mələk sifətində insan” sayılan mərhum hacı molla Hüseyn Əli Siddiqinin dilindən belə nəql edir: Tələbəlik dövründə arabir gecələr ustadım mərhum Əllamə Cəlilağa Seyid Əbül-Qasim Dehkərdinin otağında qalardım. Cümə axşamı idi. Hava çox təmiz idi. Bu vaxtlar adətən mədrəsədə tələbə olmazdı. Kənd uşaqları kəndə gedər, şəhər uşaqları öz evlərində qalardılar. Bə`ziləri də "Kumeyl" duası oxumaq üçün məsciddə olardılar. Bir sözlə, cümə axşamları mədrəsədə çox az adam qalardı. Mədrəsədə qalanlar da yatardılar. Həyətə çıxanda dam-divarın, həyətdəki ağacların bir səslə “ya həyyu ya qəyyum” dediyini eşitdim. Bədənimə titrətmə düşdü. Həyətdəki quyudan su çəkib dəstəmaz almağa başladım. Təkrar həmin səsi eşitdim. Bə`zən də "ya Subbuh, ya Quddus" zikri eşidilirdi. Yuxuda və ya oyaq olduğumu müəyyənləşdirə bilmirdim. Əl-ayağımı tərpədib gördüm ki, oyağam. Üçüncü dəfə “Subbuhun Quddus” sədası gəldi. Özümdə bir hal hiss etdim. Allahla raz-niyaza başladım. Mədrəsənin həyətində addımlamağa başladım. Əllamə Həkim axund molla Məhəmməd Kaşaninin otağının qapısına çatanda onun minacat halında olduğunu eşitdim. “Ya Həyyu ya Qəyyum” deyəndə ətraf ona səs verirdi.

12-Cİ HEKAYƏT

Seyid Abdullah Şəmsabadinin oğlu, Nazim Mazandarani adı ilə tanınmış Seyid Məhəmməd Əli müəllifə belə nəql etmişdir: Hicri-qəməri 1371-ci il idi. Gecə axund molla Sədra Şirazinin kitabını oxuyurdum. Məndə belə bir şübhə yarandı ki, iyirmi yaşında günaha yol verib altmış yaşında dünyasını dəyişən adam qiyamətdə necə sorğuya çəkiləsidir? Axı altmış yaşındakı bədəndə iyirmi yaşındakı hal qalmayıb, hətta hüceyrələr belə əvəz olub. Yatıb yuxuda gördüm ki, tasua günüdür, məsciddə İmam Hüseynə (ə) əzadarlıq mərasimi qurulub. Adətən, tələbələr tasua və aşura günləri Şah məscidinə gedib növhəxanlıq edərdilər. Ustadım Şeyx Məhəmməd Əli də orada idi. Tələbələr onun ardınca ayaqyalın hərəkət edirdilər. Beləcə əzadarlar növhə oxuyub sinə vura-vura Şah məscidindən Yeni məscidə üz tutdular. Birdən Şeyx əzadar dəstədən ayrılıb məni yanına çağırdı. Dedi ki, qarşına çıxan şübhə barədə Şeyx Mehdidən soruş. Şeyx Mehdi onun oğlu idi. Yuxudan oyandım. Günorta namazına məscidə getdim. Şeyx Mehdiyə xəbər göndərib ona sözüm olduğunu bildirdim. Xahiş etdim ki, ikilikdə görüşək. Görüş vaxtı müəyyənləşdi. Səhəri gün Şeyx Mehdinin mənzilinə getdim. Evdə kimsə yox idi. Hətta xidmətçilər gözə dəymirdi. O özü çay gətirdi. Ondan üzr istədim ki, ədəbsizlik edib ikilikdə görüşmək istədiyimi demişəm. Nəzərinə çatdırdım ki, sualım bir qədər məhrəmanə idi. Şeyx Mehdi buyurdu ki, özü öz işini görəndə xoşhal olur, ikincisi də, mənim narahatlığımdan xəbərdardır. Hansı ki mən bu şübhə ilə bağlı kimsəyə bir söz deməmişdim. Yuxumu da kimsəyə danışmamışdım. Şeyx buyurdu ki, anlamağa cəhd etdiyimiz məsələlər bizim düşüncəmiz gücündə deyil. Axund Molla Sədra naqis ağılla xilqətin sirlərinə varmaq istəyir. Amma bu mümkün deyil. Vəzifəmiz budur ki, Qur`an buyuruqlarını sözsüz qəbul edək. Qur`an məadın cismani olduğunu bildirir. İyirmi yaşında günaha yol verən insanın altımış yaşında cisimlə sorğuya çəkilməsi adi bir işdir.

13-CÜ HEKAYƏT

Əllamə mərhum ağa Mirza Məhəmməd Təqi ibn Əbdürrəzzaqın yazıları arasında zahid alim ağa Mirza Məhəmməd Baqirin xətti ilə bir yuxu qeyd olunmuşdur:

Bismillahir-Rəhmanir-Rəhim

Bu sadiq yuxu fəqir Məhəmməd Baqirin 1342-ci ildə cəmadiul-əvvəl ayının səkkizində sübh çağı gördüyü yuxudur. Böyük bir məsciddə olduğumu gördüm. Namaz qılırdım. Qarşımda bir dəstə adam qibləyə arxa çevirib namaz qılırdı. Bir şəxs haray çəkirdi ki, nə üçün bu adamları doğru yola çağıran yoxdur? Namazın təşəhhüdünə çatmışdım. Qara əmmaməli bir şəxs gəlib sağ tərəfimdə əyləşdi. O, kitab şəkilli bir lövhə açdı. Səhifənin sağ tərəfinə əlini qoyub mənə “oxu” göstərişi verdi. Mən iki sətir oxuyub yuxudan oyandım. Oxuduqlarımı xatırlamağa çalışdım. İki dəfə gözüm qapandı. Gördüm bir qapı kandarında dayanmışam. Qapıdan pərdə asılıb. Bir şəxs pərdəni aralayıb buyurdu ki, xanım Fatimə (s) buradadır və səni çağırır. Qapıdan keçərkən həzrət Fizzədən icazə istədim. Buyurdu ki, xanımın görüşünə gedərkən salam-salavat demək, "Fərəc duası" oxumaq bir qaydadır. Mən deyilənləri oxudum. İçəri daxil oldum. Hücrə o qədər qaranlıq idi ki, kimsə görünmürdü. Mən salam verdim. Xanım salamımı alıb buyurdu ki, yuxuda gördüyün əlində kitab olan şəxs oğlum Abbas idi. Yuxuda mənə bu yuxunu yazıya almaq tapşırıldı.

14-CÜ HEKAYƏT

Zahid alim və abid ağa hacı Şeyx Mehdi Nəcəfi İsfahanın Şah məscidində minbərdən belə buyurdu: Mərhum axund Kaşani Molla Məhəmməd ibadət və riyazət əhlindən idi. Bu şəxs öz ibadəti ilə seçilirdi. Hər gecə vitr namazının qunutunda üç min dəfə “Subbuhun Quddus” zikrini deyərdi. Əvvəllər haqqında danışdığımız axund Kaşaninin şagirdi Şeyx Məhəmməd Riza Məhəmmədabadi nəql edirdi ki, rəbiül-əvvəlin on yeddinci gecəsi İslam Peyğəmbərinin miladıdır. Həzrət Peyğəmbər (s) rö’yada bu şəxsə buyurmuşdu: “Bu gecə ibadət üçündür.” Hacı Şeyx Mehdi buyururdu ki, bu rö’ya həmin gecənin doğurdan da Peyğəmbərin (s) milad günü olduğunu təsdiqləyir.”

Müəllif “Darul-elmi-şərq” kitabında yazır ki, böyük alim hacı Mirza Riza Kəlbasi belə nəql edirdi: “İsfahanın Seyid məscidinin hücrələrindən birində qalan müqəddimə ustadımın dəfn günü onun üçün qazılan qəbrdən ağa Məhəmməd Beydəbadinin qəbirinə yol olduğu üzə çıxdı. Yüz iyirmi yeddi il öncə dəfn olunmasına baxmayaraq Beydəbadinin cənazəsi dəfn olunduğu vəziyyətdə qalmışdır.”

HAQQ YOL YOLÇUSU AYƏTULLAH HACI ŞEYX ƏLİ MƏHƏMMƏD EJEYİNİN HƏYATINDAN

Şəmsi 1384-cü ilin ortalarında cənab Şeyx Məhəmməd Təqi Gərivaninin görüşündə oldum. Bu alim hacı şeyx Əli Məhəmməd Ejeyinin aşiqlərindən idi. Onunla görüşdə Ayətullah Ejeyinin həyatından müəyyən nöqtələr aydınlaşdı. Ustad buyurdu ki, bir vaxt dostlardan biri Ayətullahdan soruşur ki, hacı Şeyx Həsənəli İsfahani ilə görüşlərdən nə xatırlayırsınız? O belə cavab verir: “Mən ağanın bütün söhbətlərini yazmışam.”

Bir dəfə Şeyxin övladları Mehdi və Məhəmmədlə əyləşmişdik. Onlardan xatirələrini soruşdum. Atalarının dilindən belə nəql etdilər: “Bir dəfə hacı Şeyx Həsənəli Noxudəki ilə teyyül-ərz (hal səfəri) edib Məşhəddə olduq.

ZİKR OLUNMAMIŞLAR

Komandan Əli Məscidi öz döyüşçüləri üçün belə nəql edirdi: Bir dəfə Tehrandan İsfahana gəldik. Ramazan ayı, qədr gecəsi gecəyarı İsfahana çatdıq. Gördük ustad Vəliyyi-əsr xiyabanında əlinə süpürgə alıb ağacların kənarını süpürür. O ağlayır və dodağının altında deyirdi: “ Subbuhun Quddusun Rəbbül məlaikəti vərruh”. O kimsəni görməyəcək və eşitməyəcək bir halda idi. Təəccüblənib maşından düşdüm. Ustadı çağırdımsa da mənə tərəf baxmadı. İrəli gedib ağaya yaxınlaşdım. Yalnız əl vurandan sonra məni gördü. Çox israr edəndən sonra buyurdu: “Evdə oturmuşdum. Bütün aləmin beləcə zikr etdiyini eşitdim. Bu ağaclarsa toz-torpağa bulaşdığından zikrdən məhrum olmuşdular.”

ÇİNİ KASAN SINSA QƏM YEMƏ

Bir zaman dostlardan biri ilə ustadın görüşündə olduq. Ondan hacı Şeyx Əli Əkbər Ejeyinin şəhadəti haqqında soruşduq. O, bu barədə öncədən mə`lumatlı olduğunu qeyd edib buyurdu: “Mən inqilabdan çox-çox qabaq sübhlər piyada məscidə gedərdim. Yolum Vəliyyi-əsr xiyabanından keçirdi. Bir dəfə də gecə oradan keçərkən bir şəxslə rastlaşdım. Məni adımla çağırıb dedi: “Şeyx Əli Məhəmməd, əgər çini qabın sınsa, qəm yeməyəsən.” Soruşdum ki, nəyi nəzərdə tutursuz? Buyurdu: “Səndən sonra məscidə gələcək oğlunu nəzərdə tuturam.” Ağa oğlumun şəhid olacağına işarə edirdi. Həmin şəxs mənə ömrümün uzunluğunu da söylədi. Oğlum həmin günlər azyaşlı idi və məsciddə mükəbbirlik edərdi. Namə`lum şəxslə görüşümü uzaqdan müşahidə edən polis mənə yaxınlaşıb kiminlə danışdığımı soruşdu. Söylədi ki, səs eşidirdim, amma bir adam görmürdüm. Başa düşdüm ki, polis həmin şəxsi görməyib. Bəli, vaxt ötdü, 1360-cı ilin tir ayında imam Xomeyninin ziyarəti üçün Quma gəldim. İmam qulağıma pıçıldadı: “Ağanın sənə verdiyi və`d bu yaxınlarda gerçəkləşər.”

TÖVHİDDƏ ONDAN GÜCLÜSÜNÜ TANIMIRAM!

Ayətullah Fəyyaz bildirir ki, tövhiddə bu şəxsin misli yox idi. Söhbət əsnasında ona bildirdik ki, Ayətullahın görüşündən gəlirik. Təəccüb edib dedi: “Məgər o sağdır?” Ayətullah Fəyyaz xəstəhal olduğundan evdə qalar, çox hadisələrdən xəbər tutmazdı. Elə güman edirdi ki, Ayətullah Ejeyi dünyasını dəyişib.

Əvvəllər ağanın vəziyyəti yaxşı olanda cümə axşamları məğrib və işa namazından sonra Kisa hədisini oxuyardı. Nəql edir ki, bir gün vəziyyətim yaxşı olmadığından məscidə getməmək qərarına gəldim. Halım dəyişdi, İmam Mehdini (əc.) gördüm. Buyurdu ki, şeyx, sən ayağa qalx, biz güc verərik.” Ağanın güclü hafizəsi vardı. Bir şəxsi görsəydi, heç vaxt unutmazdı. O bütün insanlarla mehriban davranar, xoş rəftar edərdi.

QƏDR GECƏSİ MƏRASİMİNDƏ İMAM MEHDİNİN (ƏC.) İŞTİRAKI

Ağanın məscidində Şeyx Əli adlı bir xidmətçi vardı. Bu şəxs özü hal əhli idi. Bir dəfə ondan ötən il ağanın məclisdə olub-olmadığı barədə soruşduq. Dedi ki, üç ehya gecəsindən ikisində iştirak etdi və mərasim çox gözəl oldu. Gecə haqqında belə buyurdu: “Həmin gecə ağanın halı çox dəyişdi və huşunu itirdi. Bir müddət sonra ayılıb buyurdu: “Camaata deyin ki, hamı ehtiyacını istəsin.” Sonra yenidən huşunu itirdi. Ayılandan sonra nə baş verdiyini soruşduq. Buyurdu ki, imam Mehdi (ə) həmin vaxt məclisdə idi.

BATİNDƏN XƏBƏRDARLIQ

Höccətül-İslam hacı Şeyx Əhməd Fəal buyurur ki, hacı Şeyx Əli Məhəmməd Ejeyinin xidmətində olduğumuz vaxt bir şəxs gəlib ondan istixarə etməsini xahiş etdi. Cənab ağa Əbdəli ( hazırda famili Hamidiniyadır) nəql edir ki, bir dəfə gördüyüm yuxudan narahat olub Ayətullah Molla Hüseynqulu Siddiqinin yanına getdim. Ustad yuxumu tə`bir etdi. Sonra Ayətullah Ejeyinin yanına gəlib ondan da yuxuma tə`bir istədim. Alim buyurdu ki, yuxunuzun Ayətullah Siddiqinin buyurduğundan başqa tə`biri yoxdur!

DİLİ QORUMAQ ÜÇÜN BİR NƏSİHƏT

Cənab Fəal nəql edir ki, bir gün dostlardan biri ilə İsfahanın Darul-hikmə elmi mədrəsəsində idik. Bu vaxt mədrəsəyə bir şəxs daxil oldu. Mən həmin adamla bağlı zehnimə gələn iradı dostuma dedim. Həmin gün Ayətullah Ejeyinin məscidində namaz qılmaq qərarına gəlmişdik. Namaza getdik. Namazdan sonra alimin görüşündə olduq. Ondan bir nəsihət istədim. Ağa buyurdu: “Əgər bir şəxsdə nöqsan görsəniz, onu dilinizə gətirməməlisiniz.” Alim dediyini izah etmək üçün bir misal çəkdi. Onun çəkdiyi misal mənim zehnimdən ötən irad idi. Əhli-beytin (ə) nurani kəlamlarında buyurulduğu kimi, həqiqətən də, mö`min ilahi nurla baxır, hər şeyin həqiqətini dərk edir.

BU LİBASDA XALQA XİDMƏTÇİ OL!

Cənab ağa Fəal nəql edir ki, şə`ban ayının on beşi idi. Həmin gün ilk dəfə əmmamə qoymaq qərarına gəlmişdim. Ayətullah Ejeyinin yanına gedib istixarə etdirdim. O istixarədən sonra mənə buyurdu: “Bu iş sizin üçün vacibdir. İstixarədə gecə namazı ayəsi gəldi. Bu isə həm dünya, həm də axirət xeyirini bildirir.” Həmin gündən əmmamə qoyub ağanın xidmətində işə başladım. O mənə xeyli ehtiram göstərirdi. Ona ərz etdim ki, bir tövsiyə versin. Ağa buyurdu: “Bu libasda xalqa xidmətçi ol. Onların pis sözündən narahat olma, salamından sevinmə. Vəzifəni yerinə yetir.”

XANIMLA BELƏ RƏFTAR ETMƏ

Bir gün Şeyx Məhəmməd Təqi Gərivani Ayətullah Ejeyinin görüşündə olur. Ayətullah məni nəzərdə tutub Şeyxə buyurur: “Mənim salamımı dostuna çatdır və de ki, xanımla belə rəftar etmək olmaz.”

Doğrudan da, həmin vaxtlar mən evdə xanıma qarşı kobudluq etmişdim. Ayətullah Ejeyi bundan xəbər tutub mənə tövsiyə ünvanlamışdı.

KƏRAMƏT SAHİBİ AYƏTULLAH SEYİD ƏLİƏKBƏR HAŞİMİDƏN BİR XATİRƏ

Ayətullah Seyid İsmail Haşimi İsfahaninin qardaşı mərhum Ayətullah Seyid Əliəkbər Haşimi kəramət sahibi olub. Onda qəribə hallar yaranırmış. Ayətullahın İsfahan elmi hövzəsinin ustadı olan oğlu hacı ağa Mürtəza Haşimi atası ilə bağlı xatirələrini yazmışdır. Hələ ki çap olunmamış bu kitabdakı xatirələrdən birini nəql edirik: Məl`um Rza şah dövründə ruhani libasında bayıra çıxmağa qadağa qoyuldu. Atam ruhani libasında küçəyə çıxdı. Anası narahat olduğundan xahiş etdi ki, bu libasla bayıra çıxmasın. Anasına dedi: “Mən bu vaxtadək əmmaməmə xəyanət etməmişəm. Kimsə onu başımdan götürə bilməz.” Bu sözlərlə ruhani libasını çıxarmamaqda israrlı olduğunu göstərdi.

AYƏTULLAH BÜRHAN HAQQINDA USTAD ƏNSARİYANLA MÜSAHİBƏ

Müəllif: Mərhum Şeyx Məhəmməd Razi, Ayətullah Bürhan haqqında kitab yazmışdır. Sizin də ustadla bağlı yazılarınız çap olunmuşdur. Bizi daha çox mərhum Bürhanın Tehrandakı ictimai fəaliyyətləri maraqlandırır. Bu barədə xatirəniz varmı?

Cənab Ənsariyan: Ayətullah Bürhan çox ziyalı bir insan idi. Nəcəfdə təhsil almış bu alim bir neçə mədəniyyət mərkəzi tə`sis etmişdi. Həmən vaxtlar çox az ruhani bu yönümdə fəaliyyət göstərərdi. Ayətullah qızlar üçün, oğlanlar üçün məktəblər açmışdı. O bu məktəblərdə e`tiqadlı müəllimlərdən istifadə etmək fikirində idi. Nə qədər lazımsa pul xərcləyirdi. Şübhəsiz ki, Ayətullah Bürhan kimi insanların aşiqi çox olur. Bu səbəbdən də o maddi baxımdan çətinlik çəkmirdi. Yeni ixtisas əldə etmək istəyənlər üçün məktəb təşkil olunmuşdu.

Ayətullah Bürhan həzrət Əbdül-Əzim Həsəninin hərəmi kənarında başqa bir mərkəz tə`sis etmişdi. Həmin mədrəsə Bürhaniyyə adlanırdı. Onun tə`sis etdiyə mərkəzlərdən biri də Lorzadə adı ilə tanınan məscid idi. Həmin məscidin də həyətində dairəvi şəkildə hücrələr tikilmişdi, orada tələbələr qəbul olunurdu.

AYƏTULLAH BÜRHANIN RUHANİ HALLARI

O, insanlarla eynən peyğəmbər kimi rəftar edərdi. Tehranda sübhlər cəmiyyət namazı qılınmayan vaxt onun məscidində izdiham olardı. Ayla bağlı bütün dualar oxunardı. İlk dəfə Zeynəbiyyə günləri keçirən Ayətullah Bürhan olmuşdur. Rəcəb ayının on üçünü geniş bir tədbir təşkil edərdi. Rəcəbin on dördüncü günü bütün məscid qara örtüyə bürünərdi. Həzrət Zeynəbin xatirəsinə hazırlanmış yazılar məscidin divarlarına vurulardı. Bu xatirə məclisləri on gün davam edərdi. Ayətullah Bürhan həmin mövzuda söhbətlər edərdi. Fatimiyyə günləri də onun yadigarıdır. Ondan əvvəl belə günlər olmayıb. Tasua və aşura günləri Ayətullah özü ayaqyalın-başaçıq qara bir köynəklə əzadarlara qoşular, hamı kimi sinə vurub ağlayardı. O bu qəbil rəftarların ayətullaha yaraşmaması fikrini qəbul etmirdi. Əba və əmmaməsini çıxarıb bir kənara qoyar, qara bir köynəklə dəstənin önündə sinə vurardı. Xalqla elə rəftar edərdi ki, məscidində namaz vaxtı yer tapılmazdı. Onun məscidi sanki bir dövlət idi. Orada hər şey vardı. Ətrafdakı insanların bütün problemləri bu məsciddə həll olunardı. Məscid əhlini inandırmışdı ki, qızlarını məsçid əhlindən olanlara ərə versinlər. Məscid qadınlarının kənar mağazalara getməməsi üçün məscidin həyətində köşk qoymuşdu. Orada qızıl əşyaları, ayaqqabı, parça, məscid əhlinin ehtiyacı olan hər şey satılırdı. Bayram günləri orada alış-veriş daha güclənirdi. Məscid nəzdində İslami bir dərgi çap olunurdu. Bəli, bu məscid hökuməti xatırladırdı. İlk qərzül-həsənə sandığı (xeyriyyə bankı) bu məsciddə işə başladı. Bu gün ölkədəki bütün qərzül-həsənə sandıqları mərhum Ayətullah Bürhanın yadigarıdır.

AYƏTULLAH BÜRHANIN RƏFTARI

Müəllif: Bildiyimiz kimi Ayətullah Bürhan Əllamə Qazinin şagirdi olmuşdur. Bu ona böyük imtiyaz verir. Əllamə Qazinin tə`siri sayəsində onda lətif bir əhval-ruhiyyə vardı. Bu barədə nə deyə bilərsiniz?

Ənsariyan: Əvvəlcə maraqlı bir hadisə: Ayətullah Bürhan dünyasını dəyişəndən bir il sonra mən Məşhəd ziyarətinə getmişdim. Hərəm xidmətçilərindən birinin evində otaq icarəyə götürmüşdüm. On gün Məşhəddə qalmaq fikirim vardı. Hava çox isti idi. Evin su hovuzu binanın zirzəmisində idi. Ev sahibindən icazə almışdım ki, günortadan sonra bir qədər orada əyləşim. Bir dəfə zirzəmidə oturduğum vaxt oraya ərəb libasında bir şəxs gəldi. O farsca məndən “haralısan” soruşdu. Dedim ki, tehranlı. Hansı məhəllədən olduğumu soruşdu. Bildirdim ki, Lorzadə məhəlləsindənəm. Gözü yaşla doldu. Soruşdu ki, mərhum Bürhanı tanıyırdın? Dedim ki, bəli, yaxşı tanıyırdım. Mən yeddi-səkkiz il onun xidmətində olmuşam. Ah çəkdi və dedi: “Allah ona rəhmət etsin. Bir neçə il öncə Kazimeyndə dörd yaşlı oğlumu izdiham arasında itirdim. Nə qədər axtardımsa tapa bilmədim. Düz üç il uşağın anası ilə birlikdə İraqı alt-üst etdik, amma bir nəticə əldə edə bilmədik. Gün-gündən pərişanlığımız artırdı. Bir gün Nəcəfə getdim, Əmirəl-mö`mininə təvəssül etdim. Bir şəxs dedi ki, əgər uşağını tapmaq istəyirsənsə, get Tehrana, Lorzadə məscidində ağa Bürhandan kömək istə. Pasport götürüb İrana gəldim. Ağa Bürhanın görüşündə oldum. Bir neçə gün məscidin həyətində qaldım. Bilmirəm, Allahla nə rabitə qurdu! Bir gün mənə dedi: “Tez İraqa get, Hilləyə tələs. Filan gün günortadan sonra saat filanda uşağının əlindən tutmuş bir şəxs filan xiyabandan keçəcək. Get uşağını təhvil al.” Başılovlu İraqa üz tutdum. Arif nə demişdisə elə də oldu. Onun dediyi saatda, dediyi yerdə uşağımı tapdım.

Bəli, Ayətullah Bürhan hərtərəfli insan idi. Təsəvvür edin ki, hələ Tehranda indiki ayaqyolu oturacaqları olmayan vaxt ağa Bürhan şam namazına bir saat qalmış məscidə gələr, libasını dəyişib ayaqyolunu yumağa başlayardı. Məsçidə daxil olanda xalçaları qaldırar, əlindəki dəsmalla yerdəki qırıntıları təmizləyərdi. Yay günləri namazı məscidin həyətində qılardı. Məscidin həyətində portağal əkilmiş çox ə`la görkəmli səkkiz-doqquz güldan qoymuşdu. Həyətdə gözəl, fəvvarəli bir hovuz tikdirmişdi. Hamını, gəncləri, uşaqları məscidə cəzb etmək üçün çalışırdı. Namazı başa vurandan sonra əlini cibinə salıb uşaqlara şirni paylayardı. Hər dəfə şirni verəndə təbəssümlə deyərdi: “Axşam yolunuzu gözləyəcəyəm.” Ayətullah Bürhan bu yolla iki nəsil tərbiyə etdi. Onun haqqında daha yaxşı öyrənmək üçün Ayətullah Məhdəvi Kəniyə müraciət edin. Şeyx Əli Səadətpərvər Pəhləvani də onun şagirdi olub. Biz uşaq olanda onlar mərhum Bürhanın tələbələri idilər. Mən uşaq yaşlarında tez-tez onun yanında olurdum. On yaşım olmasına baxmayaraq mənimlə bir kişi kimi söhbət edər, ciddi məsələlər danışar, hədis söyləyərdi. Bir şeyə əminəm ki, o hamı ilə ən kamil şəkildə davranırdı. Hicri-şəmsi 1338-ci ildə dünyasını dəyişdi. İndi 1385-ci ildir. Hələ ki onun kimi hərtərəfli və çəkili ikinci axund görməmişəm.

İKİ ARİFİN BUYURUQLARININ TƏ`SİRİ

Müəllif: Siz hacı ağa Hüseyn Fatimi Qummi və hacı Şeyx Abbas Tehranini görmüsünüz. Onlar haqqında da bir neçə kəlmə söyləyin.



Geri   İrəli
Go to TOP