A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ariflərdən
Müəllif: Məhəmməd Cavad Nurməhəmmədi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 80
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bir qrup rəzil insan mərhum ağa Məhəmməd Beydəbadini incitmək fikirinə düşür. Onu tovlayaraq evlərinə gətirirlər və hüzurunda eyş-işrətə məşğul olub bir ağızdan təkrarlayırlar: “ Əgər bəyənmirsənsə qəza-qədəri dəyiş.” Mərhum arif bu əhvalatdan çox narahat olur və buyurur: “Dəyişdik!” Bir anda məclisdəkilərin əhvalı dəyişir, onlarda inqilabi ruh yaranır. Hamılıqla tövbə edib arifdən üzr istəyirlər.

AĞA MƏHƏMMƏD CAVAD BEYDƏBADİ HAQQINDA

Mərhum hacı Məhəmməd Cavad Beydəbadi dünya malına rəğbətsiz idi. Amma müşkülünün həll olması üçün yanına gələn imkanlı insanlardan yüz on riyal tələb edərdi. Xidmətçisi belə deyir: "Həmin pulları döşəyinin altına qoyar və axşama qədər kömək istəyənlərə əl tutardı."

Arif adətən pul verdiyi adamlara tövsiyə edərdi ki, həmin pulu kisədibi etsinlər. Kim belə edirdisə, işi yoluna düşürdü, həmin pul hesabına bərəkətə çatırdı.

Yaxınlardan biri belə nəql edir: Atam hacı Məhəmməd Cavad Beydəbadi ilə tanış idi. Ağır maddi çətinliyə düşdüyü bir vaxt Ağa Məhəmməd Cavad Beydəbadinin yanına gedib vəziyyətini danışır. Ağa atamın sözlərini dinləyib buyurur: “Neçə nəfərsiniz?” Atam bildirir ki, ailə yeddi nəfərdən ibarətdir. Arif yeddi tikə quru çörək götürüb atama verir və buyurur: “Bu çörəkləri süfrənizə qoyun, amma yeməyin.” Atam onun əmrini yerinə yetirir. Həmin vaxtdan İsfahanın ən varlı insanları ehtiyaca düşsə də, bizim ailə möhtaclıqdan qurtarır! Mərhum Şeyx paklığa çox diqqət yetirirdi. Cünub halda yatmaq məkruh olduğundan hamamçıdan hamamın açarını almışdı. Gecə ehtiyac olan kimi hamama gedirdi. Heç vaxt sübhədək cənabət halında qalmırdı.

Qəlbin səfası üçün tövsiyə edirdi ki, iki iş görülməlidir: namazı vaxtında qılmaq, tülu və qürubdan öncə “Məfatihul-cinan”dakı bir zikri on dəfə təkrarlamaq: “La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmd, yuhyi və yumitu və yumitu və yuhyi və huvə həyyun la yəmutu biyədihil-xəyru və huvə əla kulli şəy`in qədir.” Hətta bə`zi rəvayətlərdə bu zikrin qəzasını yerinə yetirmək tövsiyə olunur.

Mərhum Şeyx onun görüşünə gələnlərin əksərinə belə tövsiyə edirdi: “Öncə, bütün hallarda paklıq; ikincisi, namazı vaxtında qılmaq; üçüncüsü, cümə qüslünü yerinə yetirmək; dördüncüsü, sübh vaxtı oyaq qalmaq; beşincisi, özünü daim imam Mehdinin (ə) hüzurunda bilmək.

Onun ilahi təkamül yolunda kimə şagird olduğunu bilmirəm. Amma yadıma gəlir ki, mərhum molla Fəthəli Sultanabadi ilə birlikdə səfərdə olublar.

ƏHLİ – BEYTLƏ MÜQAYİSƏDƏ HEÇİK

Bəndə (mən) iki dəfə hacı Şeyx Həsənəli Noxudəkinin görüşündə olmuşam. Görüşdən məqsəd qarşılaşdığım müşkülün həlli olub. Yaxınlardan biri xəstələnmişdi və mən Məşhəddə ağanın xidmətinə getdim. Ondan kömək istədim və müşkülüm həll oldu.

Mərhum Seyid Abdullah Fatimi hövzəyə gəldiyi vaxtlarda belə buyururdu: “Bir gün gözətçi mədrəsəyə gəlib hacı Şeyx Həsənəli Noxudəki ilə görüşdü. Onun zövcəsinin halı çox pis idi, Şeyxdən kömək istəyirdi. Şeyx ona bir neçə ədəd əncir verdi. Dedi ki, bunları yesin, inşallah sağalar. Həmin şəxs ağaya belə dedi: “Zövcəmin boğazından su da keçmir!” Mərhum Şeyx buyurdu: “Eybi yox, özün yeyərsən, inşallah zövcən sağalar.” Seyid Abdullah Fatimi deyir ki, mən bu işə təəccüb etdim. Düşündüm ki, necə ola bilər ki, başqa biri nəsə yeyə və xəstə sağala? Bu barədə Şeyx Həsənəlidən soruşdum. O buyurdu: “Biz xəstəyə bir şey veririk ki, onların diqqətini özümüzdən yayındıraq. Yoxsa onların müşküllərinin həlli üçün dua etməyimiz bəs edər.”

ELMDƏN ƏMƏLƏDƏK

Dostlardan biri soruşdu ki, sizdən bir şəxs göstəriş istəyəndə ona nə tapşırırsınız? Şeyx buyurdu: “Mərhum hacı Şeyx Rəcəbəli Xəyyatdan nəql olunur ki, belə buyurub: “Əgər usta fəhlədən aldığı kərpici divara qoymasa işin nəticəsi olmaz. Siz yalnız soruşursunuz, amma əməl etmirsiniz.”

ŞEYTANIN HİYLƏLƏRİNƏ DİQQƏT

Ayətullah Hacı Şeyx Məhəmməd Cavad Ənsari Həmədani belə nəql edirdi: Bir şəxs can verirdi. Görür ki, mələklər bir tərəfdə, şeytanlar o biri tərəfdə dayanıb. O dərhal şeytanlarla dava-dalaşa başlayır. Mələklər onu nə qədər çağırırsa, eşitmir. Nəhayət, mələklər ağlamağa başlayır. Can verən şəxs mələklərə üz tutub deyir: “Mən onlarla vuruşurdum, onlara heç bir meylim yoxdur.” Mələklər deyir: “Onlar sənin diqqətini yayındırmaq istəyirlər. Sən düşünürsən ki, onlarla dalaşırsan. Amma onların bir hiyləsi də baş qatmaqdır.”

CƏNAB USTAD HACI AĞA MƏRVİ İLƏ MÜSAHİBƏ

Hicri-qəməri 1427-ci il, səfər ayının on altısında həzrət Musa ibn Cə`fərin (ə) mövlud gecəsi hacı ağa Mərvi ilə görüş nəsibimiz oldu. Ustad Bircənə səfərində yolüstü Nəcəfabada təşrif gətirmişdi. Qısa bir müddət onunla görüşdən feyz aldıq. Nəcəfabad hövzəsinin bir qrup alimi ilə görüşdə Allah övliyalarının mə`nəvi halından söz düşdü. Həmin görüşdən bə`zi dəyərli nöqtələri xatırlamaq faydalı olar.

ALLAH ÖVLİYALARININ KƏRAMƏTİ

Mərhum Ayətullah hacı Seyid Abdullah Fatimi Şirazda yaşayan övliyalardan idi. Onun həyat yoldaşı vəfat edəndə hacı Şeyx Əsədullah Şiraza gəlir və Seyid Abdullah Fatimiyə xidmət üçün Şirazda qalır. On ilə yaxın ustada xidmət göstərir. O belə nəql edir: Bir gün Seyid Abdullah Fatiminin xidmətində olduğumuz vaxt qonşunun evindən səs-küy qalxdı. Bu səs çox narahatedici idi. Bir qədər keçəndən sonra on altı-on yeddi yaşlarında bir gənc gəlib özünü ustadın ayaqlarına atdı və dedi: “Mən atamı sizdən istəyirəm.” Anladıq ki, qonşu dünyasını dəyişdiyindən orada səs-küy qalxıb. Gənc yalnız bir söz təkrarlayırdı: “Mən atamı sizdən istəyirəm.” Ustad buyurdu: “Atana nə olub? Məgər sağ deyil? Onu məndən istəyirsiniz?” Ağanın sözləri başa çatmamış qonşuda səs-küy kəsildi. Gənc qalxıb qonşu həyətə keçdi. Çox keçməmiş geri qayıdıb göz yaşları içində ağaya təşəkkür etdi. Oraya gedib nə baş verməsi ilə maraqlandıq; qonşu həyətə keçdik. Bir nəfər yataqda idi. Hamı başına yığışmışdı. Yaxınlaşıb soruşduq: “Ağa sənə nə olub?” Dedi: “İki mələk qollarımdan yapışıb sür`ətlə aparırdı. Ağa Seyid Abdullah Fatimi gəlib məni tutdu və həmin iki mələkdən alıb geri qaytardı.”

YADINDAN ÇIXANI YADINA SALDIM

Şeyx Əsədullah nəql edir: Ayətullah Seyid Abdullah Fatimi nə vaxt Şirazdan Quma gəlirdisə bizim mənzildə qalırdı. Bir gün sübh azanından öncə xanım Mə`sumənin hərəminə getdik. Hərəmdə olduğumuz vaxt mərhum ustad hərəmdəki bir kişini çağırıb qulağına nəsə pıçıldadı. Kişi dərhal hərəmdən çıxdı. Mən ağadan həmin şəxsin kimliyini və ona nə dediyini soruşdum. Ağa buyurdu: “Bu ağa cənabətli vəziyyətdə idi, amma yadından çıxmışdı. Mən onun yadına saldım ki, cənabət qüslü verməlidir. O da dərhal hərəmi tərk etdi!”

AYƏTULLAH SEYİD ƏBDÜLKƏRİM KƏŞMİRİNİN XƏSTƏLİKLƏRİ

Mərhum Şeyx Əsədullah cənab Kəşmiri ilə də tanış idi. Amma Seyid Abdullah Fatimi ilə daha yaxın idi. Şeyx Əsədullah çox mehriban bir insan idi. Bir gün Ayətullah Kəşmirinin görüşünə getdik. Yeməyə balıq bişirilmişdi. Ayətullah Kəşmirinin əlləri əsdiyindən rahat hərəkət edə bilmirdi. Mərhum Əsədullah Ayətullah Kəşmirini yedirtdi. Balığın sümüklərini çıxarır və ağaya verirdi. Ona dedik ki, özün də bir şey ye. Buyurdu: “Siz yeyəndə mən də doyuram.” Ayətullah Seyid Əbdülkərim Kəşmiri ömrünün son vaxtlarında İsfahanda Ayətullah Nasirinin evində olduğu vaxt halı pisləşdi. Həmin vaxt Şeyx Əsədullah da orada olmuşdu. O belə nəql edir: Bir vaxt Ayətullah Nasirinin kürəkəni Malikinin bacısı dünyasını dəyişmişdi. Əzadarlıq məclisi qurulmuşdu. Mənə minbərə qalxmağı təklif etdilər. Bir neçə dəqiqə idi danışırdım. Mənə bir məktub verdilər ki, Kəşmiri ağanın vəziyyəti ağırlaşıb. Mən söhbəti tez başa vurub onun yanına gəldim. Rəngi ağarmışdı. Ayətullah hacı Şeyx Həsən Safinin oğlu cənab Safiyə xəbər göndərdik. İsfahanda kimsəni tanımırdıq. O bir həkim gətirdi. Həkim dedi ki, xəstəyə ağrıkəsici iynə vurulmalıdır. Ağrıkəsici o qədər güclü oldu ki, ağa sübh namazına qalxa bilmədi. Mən onu oyatdım, namazını qıldı. Sonra başımı ayağının yanına qoyub yatdım ki, oyansa xəbərim olsun.

Sübh saat yeddi olardı. Artıq bir saat idi ki, günəş qalxmışdı. Gördüm ki, cənab Kəşmiri ayağa qalxıb. Məndən Mərvini soruşdu. Dedim ki, elə mən Mərviyəm. Buyurdu ki, əgər dünyamı dəyişərəmsə, məni xanım Mə`sumənin başı üstə dəfn edin. Başı üstə yer olmasa, fərqi yoxdur, harada olur olsun!

Vəsiyyət ciddi məsələ olduğundan ağanı dinləməkdə davam etdim. Buyurdu: “Başqa heç bir ehtiyacım və vəsiyyətim yoxdur.” Sonra halı bir qədər yaxşılaşdı. Biz yola düşdük. Yolda ağanın vəziyyəti iki dəfə pisləşdi. Ayətullah Nasirinin oğlu da yanımızda idi. O bir qədər ananas suyu gətirib ağaya verdi. Ağanın halı bir qədər yaxşılaşdı. Az sonra vəziyyəti yenə də ağırlaşdı. Ailəsi Tehranda olsa da yolumuzu davam etdirə bilmədik. Ondan soruşduq ki, Gülpayiqaninin xəstəxanasında qalmağa razıdırmı? O buyurdu: “Yox, məni Tehrana aparın.” Düşündük ki, əvvəlcə həkimlərin rə`yini öyrənək. Onu Ayətullah Gülpayiqaninin xəstəxanasına apardıq. Vüsuqi adlı bir həkim ağanı müayinə etdi. Bildirdi ki, ağır infarkt keçirib və yola çıxa bilməz. Beləcə, ağanı Qum xəstəxanasında yatırtdıq. Vüsuqi məni tanıyırdı. Astaca dedi: “Siz gedin Tehrana. Tehran xəstəxanasındakı kürəkənizlə danışın. Qoy bir otaq hazırlasın və tə’cili yardım maşını göndərsin." Bir qədər sonra ustadı Tehrana apardıq.

Tehrana gəlib həyat yoldaşı və oğlu ilə görüşdük. Onlar çox nigaran idilər. Quma gəlib ağanı görmək istəyirdilər. Həyat yoldaşı və oğlu ilə Quma gəldik. Ağa israr edirdi ki, onu Tehrana aparaq. Dedim ki, həkim icazə vermir. Biz Tehrana getdik, səhəri gün Ayətullah Kəşmirini də gətirdik. Həmd olsun Allaha, sağaldı.

“QƏFİLDƏN ÖZÜMÜ QƏZVİNDƏ GÖRDÜM”

Mirzə Cavad ağa Tehrani buyurur: Hacı şeyx Haşim Qəzvini nəql edir ki, bir gün sübh hücrənin qapısı ağzında bir kişinin oturduğunu gördüm. Mə`nəvi halda olduğu hiss edilirdi. Hücrənin qapısını açdım, onu içəri də`vət etdim. O, hücrəyə daxil oldu. Dedim ki, Allahın sizə lütf etdiklərindən, bildiklərinizdən bizə danışın. O səhəri günə görüş tə`yin edib getdi. Səhəri gün dediyi vaxtda görüş yerinə gəldi. Dünənki halla mənə nəzər saldı. Silkənib özümü Qəzvində, doğma kəndimizdə gördüm. Kəndlilərimizdən ikisi bir-birləri ilə su üstə savaşırdı. Onlardan biri əlindəki bellə ikinci şəxsi vurub öldürdü. Sonra qorxuya düşüb qanlı beli suda yumağa başladı. Ətrafa baxıb bir adam görmədi. Yanında dayandığım halda məni görməməsindən anladım ki, həmin səhnələri ruhum müşahidə edir və cismim Məşhəddədir. Qatil bir qəbir qazıb cəsədi orada dəfn etdi. Özümə gəlib həmin ağanın xidmətində olduğumu gördüm. Ona təşəkkür etdim. Sağollaşıb getdi. Bir qədər sonra təbliğ üçün kəndimizə getdim. Çatan kimi xəbər verdilər ki, filankəs öldürülüb, qatili də tapılmayıb. Bir söz demədim. Amma qatillə görüşəndə dedim: “Öldürdüyün adamın heç olmaya diyəsini (qanpulunu) ödədinmi?” Qatil dedi: “Ağa, bu nə sözlərdir danışırsınız? Mən kimi öldürmüşəm?” Bir sözlə, e`tiraz etdi. Mən qətlin xırdalıqlarını ona danışdım. O heyrət içində soruşdu: “Məgər siz orada idiniz?” O, e`tiraf etməyə məcbur oldu. Sözünə belə davam etdi: “Onun bir qızı var. Qızını razı salmaq mümkün deyil. Deyəcək ki, qisas istəyirəm." Ona dedim: “Siz gedin onunla danışın, Allah kömək edər.” Qatil gedib öldürdüyü adamın qızına dedi: “Əgər atanızın qatili tapılsa və diyə ödəmək istəsə, nə edərsiniz?” Qız dedi: “Mən atamın qisasını istəyərəm.” Qatilə dedim ki, mən bu işi Allahın köməkliyi ilə yoluna qoyaram. Qızı evə də`vət etdim. Ona dedim ki, atanın qatili gəlib, peşimandır, bağışlanmasını istəyir. Qız dərhal razılaşdı...

Yuxarıdakı əhvalat Şeyx Haşim Qəzvininin ilahi məqamından danışır. Həmin qatilin qızı ilə danışığından sonra çətin bir məsələ həll olunur. Qız atasının diyəsini alıb razılaşır. Bu əhvalatı Mirzəcavad ağa Tehrani nəql etmişdi.

SEYYÜDÜŞ-ŞÜHƏDA TÜRBƏTİNİN ŞƏFASI

Ötən il İmam Musa ibn Cə`fərin (ə) şəhadət gecəsi beyin iflici keçirdim. Məni xəstəxanaya gətirdilər. Bir müddət müalicə olundum. Xəstə olduğum vaxt Ayətullah Behcət vəziyyətimdən xəbər tutmuşdu. Bir gün oğlu Əliağa evimizə zəng vurub buyurdu: “Ağam sizin halınızdan nigarandır. Deyir ki, bir qədər Kərbəla türbətini zəm-zəm suyuna qatıb içsin.” Biz Ayətullah Behcətin göstərişini yerinə yetirdik və halım düzəldi.

Xəstəliyim bir qədər yaxşılaşandan sonra Quma getmək istədim. Qardaşım da öz oğlu ilə mənə qoşuldu. Quma gəlib Əliağa ilə görüşdük. Ayətullah Behcətlə görüş üçün vaxt aldıq. Görüşdüyümüz vaxt dedim: “Ağa, tövsiyəniz tə`sirli oldu. Bu tə`sirdən minbərdə də danışdım.” Ayətullah Behcət təəccüblə buyurdu: “Minbərdən camaata dedin?” Dedim ki, bəli. Ağa buyurdu: “Belə sözləri əhlinə demək olar.” Dedim ki, minbərə gələnlər hal əhlidir.

Bir gün məclisdə olduğum vaxt Xürrəmşəhrdə yaralananlardan biri yanıma gəlib dedi: “Ailəm Məkkədə xəstələnib, heç vəchlə öskürəyi dayanmır. Mən Ayətullah Behcətin məsləhətini ona çatdırdım. Bir müddət sonra onunla görüşdüm və söhbət əsnasında dedim ki, həmin göstərişi başqalarına deməsin. O e`tiraz edib belə bir əhvalat danışdı: Oğlum Amol unversitetində oxuyur. Xəbər gəldi ki, kor bağırsağı iltihab olub. Həkim dərhal cərrahiyyə əməliyyatı aparılmasını zəruri sayıb. Biz oraya getdik. Cərrahiyyə əməliyyatı səhərsi günə tə`yin olunmuşdu. Zəm-zəm suyuna bir qədər türbət töküb ona verdik. Səhəri gün həkim müayinəsindən mə`lum oldu ki, oğlum tam sağlamdır.

HACI QAFURUN HEKAYƏTİ

Əsil türbət tapmağın da hekayəti var. Bir dəfə və`d vermişdik ki, məhərrəmin ikinci ongünlüyünü Zərrəbxanə məscidində söhbət edək. Biz on birinci gecə rövzəyə getdik. Həmin gecə insanlar çox qəmgin olur. Minbərə qalxdıq və xalqın göz yaşlarından bizdə də bir hal yarandı. Minbərdən düşəndə hacı Qafur adlı bir qoca kişi yaxınlaşıb dedi: “Kərbəlaya getmisən?” Dedim ki, yox, hələ ki qismət olmayıb.” Səddamın hakimiyyət dövrü idi. Hacı Qafur dedi: “Sabah xəbəri sənə çatar.” Səhəri gün sübh vaxtı mənə bildirdilər ki, əgər vəsiqən hazır olsa Kərbəlaya viza hazırlamaq olar. Səhəri gün minbərdən sonra həmin kişiyə dedim: “Ağa, siz dünən nə dediniz?” O dinmədi. Bir də sualımı təkrarladım. O başqa mövzuda söhbət saldı. Mən də mövzunu dəyişib ondan soruşdum: “Siz əvvəllər harada olmusunuz?” Dedi: “Mən Nəvvab mədrəsəsində xidmətçi idim. Mərhum Mirzə Mehdi İsfahani arabir hücrəmə gəlib çay istəyərdi.” Biz Mirzə Mehdi İsfahani haqqında eşitmişdik. O, Ayətullah Vəhid Xorasani və ustad Ayətullah Şeyx Haşim Qəzvininin müəllimi olmuşdur. Başa düşdüm ki, bir şəxsin ki yanında Mirzə Mehdi İsfahani çay içib, demək, o, hal əhlidir. Sonra buyurdu: “Otuz beş yaşım olanda (qırx beş il bundan öncə) Kərbəlaya getmişdim. Həmin vaxt İmam Hüseynin (ə) zərihinin aşağı hissəsi dağılmışdı və oranı tə`mir edirdilər. Zərih tə`mir üçün qaldırıldığı vaxt mən oradan bir qab torpaq götürdüm. Ondan bir qədəri qalıb, sizə vermək istəyirəm.” Çox həvəslə türbəti aldıq, şəfa üçün ondan istifadə etdik.

Hacı Qafur çox yaxşı kişi idi. Biz Kərbəlaya gedib gələndən sonra dedilər ki, hacı Qafur vəfat edib. Onun bir kürəkəni məddah idi. Sübhlər Zərrəbxanə məscidində azan verərdi. Bir gün sübh namazı vaxtı gəlir və oğruların bir maşını qaçırmaq istədiyini görür. Oğrularla yaxalaşır, onu qətlə yetirirlər.

AYƏTULLAH KƏŞMİRİNİN VƏFATI VƏ DƏFNİ

Ramazan ayı idi. Ayətullah Kəşmiri buyurdu: “Biz Quma getmək istəyirik” Onu Quma aparmaq üçün hazırlıq gördük. Həmin gün Tehranda ağa Kaziminin atasının əzadarlıq məclisinə də`vət olunmuşdum. Dostlardan birindən xahiş etdim ki, məclisdə söhbətim qurtaranadək Ayətullah Kəşmirini evdən götürsünlər və birlikdə Quma yola düşək. Ayətullah Kəşmirinin kürəkəni Ayətullah Firuzabadinin oğlu idi. Ayətullah Kəşmirini onun evindən götürüb məscidə gətirdilər. Mən söhbətimi tamamlayıb günorta azanından sonra onlarla birlikdə yola düşdük.

Biz ağanı Quma çatdırıb geri qayıtmaq istədikdə buyurdu: “Quma nə vaxt gələcəksiniz?” Dedim ki, inşallah cümə axşamı sizin xidmətinizdəyəm. Amma axşama Tehrana qayıdacağam. O buyurdu: “Çətin bir də görüşək!” Həmin gün Tehrana gəldim. Üstündən bir neçə gün ötmüş hacı ağa Cə`fər Nasiri zəng vurub bildirdi ki, Ayətullah Kəşmiri beyin iflici olub və onu Tehrana gətiriblər. Gecə xəstəxanaya getdik. Ayətullah Kəşmirinin oğlanları, doktor Laricani, qardaşı ağa Baqir də orada idilər. Ayətullah Kəşmiri vəsiyyətinin yerinə yetirilməsi üçün məni nümayəndə seçmişdi. Məni kənara çəkib bildirdilər ki, artıq ağanın yaşaması mümkün deyil. Dəfn üçün tədarük görülməlidir. Bu barədə rəhbərə mə`lumat verilməsini məsləhət gördülər. Mən rəhbərin yanına gedib Ayətullah Kəşmirinin vəziyyəti və vəsiyyətnaməsi barədə mə`lumat verdim. O çox narahat oldu. Buyurdu ki, əvvəla onun üçün dua edək, yox əgər vəziyyət dediyiniz kimi olsa, göstəriş verərəm ki, xanım Mə`sumənin başı üzərində ona yer versinlər.

Mən Ayətullah Kəşmirinin vəsiyyətinin yerinə yetdiyindən arxayın olub yola düşdüm. Ağa rəhmətə getdi, Tehranda kiçik bir dəfn mərasimi quruldu. Sonra cənazəsi Quma gətirildi və vəsiyyət etdiyi yerdə dəfn olundu.

Namazını cənab Ayətullah Behcət qıldı. Dəfn mərasimində xeyli adam vardı. Cənazəni çox çətinliklə qəbirə yaxınlaşdıra bildik. Ağa Əllamə Təbatəbai ilə Ayətullah-üzma Seyid Əhməd Xansarinin məzarları arasında dəfn olundu. Cənab Ayətullah Hairi Şirazi oraya gəldi. Dəfn zamanı qəbirə düşmək istədiyini bildirdi. Qəbirə düşüb Ayətullah Kəşmiri ilə vidalaşdı. Bütün libasını onun qəbirinə sürtdü. Hətta əmmaməsini qəbirin sarı torpağına bulaşdırdı. Sonra qəbirdən çıxdı. Qəbiri torpaqlamaq istəyəndə Əllamə Həsənzadə Amoli gəldi. O da qəbirə düşüb Ayətullah Kəşmiri ilə vidalaşdı. Ayətullah Hairi kimi libas və əmmaməsini qəbirin torpağına sürtdü. Sonra qəbiri torpaqladıq.

İLAHİ İNSAN MƏRHUM HİŞMƏTPUR HAQQINDA XATİRƏ

Böyük insan hacı ağa Hişmətpur dövrünün arif insanlarından olmuşdur. Maraqlıdır ki, müasirləri onun məqamından xəbərsiz qalmışlar. Öncə Tehranda yaşayan ruhani sonralar müqəddəs Məşhəd şəhərinə köçmüşdür. Alim buyurur: “Məşhəddə Gövhərşad məscidinin eyvanında xəlvət bir yerdə namaz qılırdım. Bir gecə namaza başlamaq üçün “Allahu-əkbər” deyəndə hiss etdim ki, arxamda kimsə təkbir deyib iqtida edir. Mən namazımı saxlayıb ona e`tiraz edə bilməzdim. Amma qəlbən bu işə razı deyildim. Namazı qılıb geri dönəndə Əllamə Təbatəbaini gördüm. Dedim ki, sizin mənə iqtida etməyiniz ürəyimdən deyil. Buyurdu: “Məgər imamın razılığı camaat namazı üçün şərtdirmi?!” Dedim mən gizli gəlirəm ki, kimsə başa düşməsin. Əllamə buyurdu ki, sizin gizli gəldiyinizi bildiyimdən burada gizlənmişdim.” Ağa Əllamə Təbatəbainin dostlarından idi. O çox insanlarla tanış idi. Amma ağa Fəyyazi adlı bir həmədanlı ilə daha yaxın idi. Bir dəfə mərhum Hişmətpur belə nəql etdi: Həmədanda ağa Fəyyazinin dərsi olardı. Bir dəfə dərs zamanı başındakı əmmaməni çıxarıb isti sobaya qoydu. Dərsini qurtardıqdan sonra sobanın ağzını açıb əmmaməsini qoyduğu vəziyyətdə götürdü. Bu hadisə bizi çox heyrətə gətirdi. Başa düşdük ki, bu insan adi insan deyil.

Ayətullah Haşimi Şahrudi Məşhədə birlikdə getdiyimiz vaxt deyərdi: “Zəng vuraq, ağadan vaxt alaq, bir gecə onun görüşünə gedək. Ağa Hişmətpurun bir baxışına cənab Şahrudi də şahiddir. Bir dəfə onun yanında olduğumuz vaxt mə`lum oldu ki, hacı ağa Hişmətpur iyirmi iki il onun evində olan gəlininin çöhrəsini görməyib. Ayətullah Şahrudi dedi: “Ağa məgər qaynatanın gəlinin üzünü görməsi eybdirmi?” Ağa buyurdu: “Məgər gəlinin üzünü görmək vacibdirmi?!”

SEYİD MÜSLİHƏDDİN MƏHDƏVİ HAQQINDA ON DÖRD HEKAYƏT

Dəyərli müəllim mərhum Seyid Müslihəddin Məhdəvi İsfahanın ilahi insanlarından hesab olunmuşdur. Bu şəxs tarix və rical mövzusunda yazdığı kitablarla İslam mədəniyyətinə böyük töhfə vermişdir. “İsfahanın böyük alimləri”, “İsfahanın elmi-ictimai tarixi”, “Bəyanul-məfaxir”, “Əllamə Məclisinin həyatı”, “İsfahanın müasir şairləri”, “İsfahan töhfələri”, “Şeyxül-İslam ailəsi” və bir çox başqa kitablar mərhum Seyidin tanınmış əsərləridir.

Bu ixlaslı və zəhmətkeş tarixçinin çap olunmamış yazıları da az deyil. Onun bu yazılarını mütaliə etdiyimiz vaxt maraqlı hekayətlərlə rastlaşdıq. Onlardan bə`zilərini nəzərinizə çatdırırıq.

1-Cİ HEKAYƏT

Mərhum Seyid Müslihəddin Məhdəvi belə nəql edir:

Bu əhvalatı mənə mərhum ağa Seyid Məhəmməd Hüseyn Məşhədi nəql etmişdir. Bu şəxs müqəddəs Məşhədin böyük alimlərindən və fəqihlərindən olmuşdur. Bu şəxs Kirmanşahda İmam Mehdi (ə) ilə görüşmək şərəfinə nail olmuşdur. Özü belə danışır: Məşhədə gəlməmiş Kirmanşahda yaşayırdım. Orada yaşadığım mənzil müsafirlər üçün də dayanacaq idi. Bir dəfə Rəştdən olan təqvalı bir seyid bir müddət yanımda qaldı. Kirmanşahlı alimlər mənə bildirdilər ki, bu şəxsin kəramətləri var. Onun peşəsi ətirsatan idi. Birinci dəfə bu barədə soruşanda inkar etdi. Bir qədər yaxınlaşdıqdan sonra onun övliya olduğuna şübhəm qalmadı. O kimsənin bilmədiyi məsələlərdən xəbərdar idi. Bir dəfə etiraf etdi ki, alimlərin və böyük insanların ruhu ilə əlaqəm var. Xüsusi ilə ağa Sədr və mərhum hacı Seyid İsmaillə. Bir dəfə ağa Seyid Məhəmməd Hüseyn xahiş etdi ki, oxuduğu rövzələrin qəbul olub-olmaması ilə bağlı bir şey öyrənsin. Seyid əttar bu barədə ona xoş xəbər verdi və bildirdi ki, məhərrəmin doqquz və onuncu günləri İmam Mehdi (ə) məclisdə olacaq. Kirmanşahda məclis çox əzəmətlə keçərdi. Günəş tülu edən vaxtdan məclis başlayardı və günortadan iki saat sonrayadək davam edərdi. Əlli iki nəfər vaiz Əhli-beytin (ə) müsibətlərindən danışardı. Ağa Seyid Məhəmməd Hüseyn özü günün əvvəlindən sonunadək qapıda dayanıb gələnləri qarşılayardı. Seyid əttar onun rövzələrinin qəbul olması xəbərini verir və imamın da bu məclislərdə iştirakını qeyd edir. Doqquzuncu gün hər biri otuz-qırx yaş arasında, Kirmanşah libasında bir qrup insan məclisə daxil olur. Onların gəlişi hamını həyacanlandırır. Onlar məclisin kənarında dairəvi əyləşirlər. Onlara xidmət təklif olunanda "gedin başqalarına xidmət edin, bu bizim öz məclisimizdir" deyirlər. Seyid Məhəmməd Hüseyn deyir ki, əttar necə demişdisə elə də oldu.

2-Cİ HEKAYƏT

Mərhum Seyid böyük alim və tədqiqatçı Seyid Məhəmməd Həsən Sədr Kazimeyninin dilindən belə nəql edir: Samirrada ağam Mirzə Məhəmməd Həsən Şirazinin hüzurunda olduğum vaxt onun tələbələr üçün tikdiyi binada qalırdım. Böyük alim hacı molla Əli ibn Mirza Xəlil Tehrani ziyarət məqsədi ilə Samirraya gəlmişdi. Ondan xahiş etdim ki, mənim hücrəmdə qalsın. Hacı molla Əli məğrib və işa namazlarını qılandan sonra yatdı. Mən mütaliəyə başladım. Mütaliəmi başa vurduqdan sonra mən də yatdım. Çox keçməmiş hacı ayağa qalxdı. Məni də oyatdı ki, gecə namazına durum. Mən ona bildirdim ki, dərs və mütaliəyə çox məşğul olduğumdan namaz və dua üçün gücüm yoxdur. O yenə israr etdi. Belə ki mən məcbur olub ayağa qalxdım. Həvəssiz halda gecə namazını qıldım. Vitr namazını başa vurduqdan sonra hacı buyurdu ki, qalx ayağa ziyarətə gedək. Çarəm yox idi, itaət etdim. O qabaqda gedirdi, mən arxasınca. Hərəmin həyəti açıq idi; daxil olub müxtəsər salam verdi və pak sərdabəyə yaxınlaşdı. Hava çox qaranlıq idi. Göz-gözü seçmirdi. Qabaqda hacı, arxasınca mən sərdabəyə enməyə başladıq. Qəfildən qarşımızda bir nur göründü. Mən əmin idim ki, orada kimsə var. Molla Əli buyurdu: “Seyyid Həsən, görürsənmi?” Dedim ki, görürəm. Bəli, hacı molla Əlinin sayəsində İmam Mehdinin (ə) mübarək nurunu görə bildim.

3-CÜ HEKAYƏT

Arif başqa bir məşhur şəxs, Mirseyidəli Sədəhi İsfəhaninin dilindən belə nəql edir: Bir dəfə Məşhəd səfərində xəstələnib yatağa düşdüm. Bir müddət sonra sağaldım. Amma geriyə dönəndə də halım yaxşı deyildi. Bir bağda mənzil tutub orada istirahət etmək qərarına gəldim. Xidmətçilərə tapşırdım ki, qapını bağlasınlar. Yataqda ağrılarım şiddətləndi. Hiss etdim ki, otağa kimsə daxil oldu. Amma mən onu görmədim. Başımın üzərində dayanıb halımı soruşdu. Boylandım. Amma yenə bir adam görmədim. Başımın üzərindən gələn səs çox xoş idi. O mənə sağalacağımı dedi. Sonra səs kəsildi və hiss etdim ki, otaqda kimsə yoxdur. Xidmətçiləri çağırıb otağa daxil olan şəxsin kimliyini soruşdum. Onlar dedilər ki, qapı bağlı idi və otağa kimsə daxil olmayıb.

4-CÜ HEKAYƏT

Ustad böyük alim, Carçı ləqəbi ilə tanınan Məhəmməd Cavad Xorasaninin dilindən belə nəql edirdi: Salehabadda atamdan qalmış bir mülk vardı. Zillus-soltanın bacısı İftixarud-dövlə bu mülkü səhvən özününkü bilib ona sahib durmaq istədi. Nə qədər çalışdımsa, bir iş görə bilmədim. Mərhum ağa hacı Şeyx Məhəmməd Təqi Nəcəfi buyurdu ki, bu İftixarud-dövlə ilə üz-üzə gəlmək bu işin pis tərəfidir. Hər yerdən əlimi üzüb Allahdan çarə istədim. Cümə günü İmam Mehdiyə (əc.) ərizə yazıb öz müşkülümü açıqladım. Həmin məktubu çaya atdım. Sonra bir xarabaya çakilib Nüdbə duası oxumağa başladım. Dərdimi İmam Mehdiyə (əc.) bəyan etdim. Nüdbə duasını başa vurmamış at ayaqlarının səsini eşitdim. Ərəb libasında bir süvari görünürdü. Bu şəxs mənə yaxınlaşıb məhəbbətlə nəzər saldı. Onun baxışı qəlbimə güc verdi. Əmin oldum ki, o İmam Mehdidir. Həmin həftə mənim mülk məsələm həll oldu. Bu işin həlli üçün iki vasitəyə əl atdım: İmama ərizə yazdım və Nüdbə duası oxudum.

5-Cİ HEKAYƏT



Geri   İrəli
Go to TOP