A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ariflərdən
Müəllif: Məhəmməd Cavad Nurməhəmmədi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 80
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Onun bu səmimiyyəti heç vaxt tələbələrin yadından çıxmaz. Bir dünya mə`rifət və tövhidi rəngə malik olan insanın bu qədər sadə olması təəccüb doğururdu. Bütün bu mehribanlıq və gözəlliklərin əvəzini hansı yazı və ya addımla çıxmaq olar?! Belə bir insan qarşısında təvazö etməmək mümkünsüzdür. Təəccüblüdür, necə olur ki, insan bir ömür yaşayır və ətrafındakılar ondan kiçik bir günah da görmür? Daimi mücahidəsiz belə bir hal əldə etmək olarmı? Necə olur ki, şagirdləri ondan yalnız mə`buda eşq, diqqət, özü ilə hesab və göz yaşı müşahidə edir? Bəli, fəzilət və həqiqi iman budur! Əmirəl-mö`minin (ə) buyurur: “Elm bəsirət və agahlıqla onlara üz tutdu, canlarına hopdu. Onlar əmin bir ruhla həmağuş oldular.”[6] Bəli, həzrətin bu kəlamı öz təcəllasını tapır. Mübarək ramazan ayının axır ongünlüyünün duasında uyğun tövhid aramlığına işarə edilir.[7] Bəli, insan öz imanı ilə nuraniləşir və ustad belələrindən idi.

Haqq yolçuları sırasına qatılmaqda Allahın yardımından bəhrələnmiş bir dost çətinliyə düşənlərdən birinə belə söylədi: “Dükandan bir araqçın al, ver hacı Şeyx Əli Ağa Pəhləvaniyə, onun araqçınını alıb başına qoy. Bunun sənə faydası var.” Həmin şəxs nəql edir ki, ustadın göstərişinə əməl edib, dükandan bir araqçın aldım. Onu hacı Şeyx Əli Ağaya verib araqçınını istədim. Şeyx razılaşsa da mənim aldığım araqçın bir qədər kiçik oldu. Şeyx səmimiyyətlə mənim gətirdiyim araqçına dua oxuyub mənə qaytardı. Mən araqçının faydasını gördüm. Bir müddət sonra yenidən araqçın almaq üçün həmin dükana üz tutdum. Amma həmin yerdə dükandan əsər-əlamət yox idi.

Şeyxlə ünsiyyət insanı qəflətdən oyadırdı. Həftədə bir dəfə görüş növbəti görüşədək insanın qəlbini qəflətdən qoruyurdu.

Şübhəsiz ki, bütün bu bərəkətlər həzrət Peyğəmbərin (s) nurundandır. Salam ibn Müstənir belə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim. Hümran ibn Əyən oraya gəlib imama sual verdi. İmam onun suallarını cavablandırdı. Ayağa qalxıb getmək istəyəndə imama belə ərz etdi: “Allah ömrünüzü uzun etsin, sizin xidmətinizdə olanda qəlblərimiz yumşalır, dünya qəmindən qurtuluruq, aramlıq tapırıq, xalqın əlində olandan gözümüzü çəkirik. Elə ki bazara, xalq arasına çıxırıq, dünyaya rəğbətimiz artır.” İmam (ə) buyurdu: “Bu, qəlbin xasiyyətidir. Bə`zən bərkiyir, bə`zən yumşalır. Peyğəmbərin (s) yaxınları ona ərz etdilər ki, münafiq olmaqdan qorxurlar. Peyğəmbər (s) bu qorxunun səbəbini soruşdu. Dedilər: “Nə qədər ki, sizin xidmətinizdəyik, bizə nəsihət edirsiniz, bizə axirəti xatırladırsınız, Allahdan qorxur, dünyanı yaddan çıxarırıq. Sanki behişt və cəhənnəmi gözümüzlə görürük. Elə ki, sizin hüzurunuzdan qalxıb evimizə gedir, övladlarımızın qoxusunu duyuruq, halımız dəyişir, imansız adam kimi oluruq. Ya rəsuləllah, bu halda bizim münafiq olacağımızdan siz də qorxursunuz?” Həzrət buyurdu: “Heç vaxt! Bu qəlbiqaralıq şeytandandır. O sizi dünyaya yönəltmək istəyir. Əgər siz əvvəlki halda qala bilsəydiniz mələklər sizi salamlayardı, suyun üzəri ilə yeriyərdiniz...”[8]

Bəli, cənab Şeyx həzrət Peyğəmbərin (s) həyat yolunu, xarakterini izləyirdi. Onun məclisləri də çox cazibədər və tə`sirli idi.

Şagirdlərindən biri bazar ertəsi günü yuxuda görür ki, insanlar ustadın evinə axışır və gələnlərin hər birinin çiynində iki meymun var. Onlar ustadın qapısına çatdıqda meymunlar düşür və onlar içəri daxil olurlar. Həmin adamlar şeyxin mənzilindən çıxanda meymunlar yenidən onların çiyninə qalxır. O öz yuxusunu danışdıqda Şeyx belə cavab verir: “Onlar şeytanlardır. Onların bizim mənzilə daxil olmağa haqqı yoxdur.”

Bəli, haqq yolçusu Me`rac hədisində buyurulan xüsusiyyətlərə malik olmalıdır. Arifdə elə bir nur olmalıdır ki, onun araqçını da aşiqlərinin müşkülünə tə`sir göstərsin. Cənab Şeyx mə`rifət və tövhid zirvəsində olmasına baxmayaraq nəsihətlərində özünü qarşı tərəfdən ayırmaz və deyərdi: “Hər birimizin müşkülü var, əməllərimizə diqqətli olmalıyıq.” Şagirdlərinə də tapşırardı ki, söhbətlərində özlərini xalqdan ayırmasınlar.[9]

Şeyxin həyatı ibadət, dua, göz yaşları ilə keçərdi. Məclislərində isə daim inqilabi əhval-ruhiyyə olardı. Həyatı başdan-başa paklıq və nəcabət, iffət və həya idi. Çöhrəsində ilahi bir nuraniyyət vardı. Məclislərdə müşahidə edirdim ki, dostlar ustadın göz yaşlarına baxıb ağlayırlar. Dəfələrlə mənim kimi qəflətdə olanlara deyərdi: “Diqqətli olun, bu ne`mət həmişəlik deyil, bir gün süfrə yığışacaq.”

Hicri-qəməri 1374-cü ildə onun hüzurunda olduğum vaxt buyurdu: “Ərəb arifləri öz məclislərini İbn Farizin şe`rləri ilə hərarətə gətirirlər. Onlar xəlvətdə öz mə’budları ilə İbn Farizin dili ilə danışırlar. Əllamə Qazi, İmam Xomeyni kimi böyük şəxsiyyətlər də onu sevmiş, şe`rlərini oxuyub bəhrələnmişlər.

Mən də həmin şe`rlərə maraq göstərir, onları oxuyuram. Ustad buyururdu: “Höccətiyyə mədrəsəsində olduğum vaxt həmin şairin dörd yüz beytini şərh etdim. Təklikdə şe`rləri oxuyur ağlayırdım.” Ustad buyurur ki, həmin vaxtlar uyğun şe`rləri elmi baxımdan daha yaxşı şərh edən bir qələm sahibi gördüm. Həmin şəxs əməli baxımdan diqqəti cəlb etməsə də, şərhi gözəl idi. Buna görə öz şərhlərimi dayandırdım.”

Bir dəfə onun şagirdlərindən biri ilə görüşdüm. Ustadın haqqında deyirdi: “Böyük ustadımız Şeyx Əli Ağa Pəhləvani bir gün buyurdu: “Bir gün yuxuda gördüm ki, hamamdayam və hamamın xəzinəsində yuyunmaq istəyirəm. Xəzinənin suyu bir qədər bulaşıq idi. Yuxudan oyanıb bütün işlərimi nəzərdən keçirdim. Yadıma düşdü ki, həmin gün əsirlikdən qayıtmış qonşuya dəyməyə gedəndə o ehtiyac olmayan qədər işıq yandırmışdı. Mənim getməyim bir növ bu işin təsdiqi idi. Bulaşıq suda yuyunmaq istəməyimə başqa izah tapa bilmədim.” Şeyxin bu sayağı yuxuları onun özünə diqqətli olmasından danışır. O bütün əməllərinə, düşüncələrinə beləcə qayğılı idi. Görüşündə olduğum vaxt boş yerə əlini tərpətməz, pisliyə danışmaz, kiməsə münasibətdə bədgüman olmazdı. O, qəlbinə nəzarət edirdi. Oddan və ya torpaqdan yaranmış kimsə onun qəlbinə yol tapa bilməzdi.

Mə`budun eşqinə yer olsun deyə

Qəlbimdən çıx dedim iki dünyaya.

Əhli-beytin (ə) nurani məqamını düzgün dərk etməklə onları uca tutur, onların ziyarətində misilsiz bir ədəb göstərirdi. Mə`nəviyyat dostlarından biri belə söyləyir: “Hicri-qəməri 1382-ci il cəmadiüs-sani ayının on yeddisində cənab Şeyxin görüşündə oldum. Ərz etdim ki, Məşhədə getmək istəyirəm, mənə bir tövsiyə verin. O buyurdu: “Qədim vaxtlar səhhətim yaxşı olanda imam Rizanın (ə) ziyarətinə gedib əllərimi qapı və divarlara qoyar, “Kəhf” surəsinin 18-ci ayəsini oxuyardım. (Ayədə buyurulur ki, Kəhf əshabının iti pəncələrini mağaranın qapısına qoymuşdu.)”

Şeyx bu sözləri deyəndə bərk ağlayırdı. Gözlərindən sel tək yaş axıdır, sözünü davam etdirə bilmirdi. Bir qədər keçdikdən sonra sakitləşib buyurdu: “Çalışın, imam Mehdi (ə) tərəfindən də ziyarət edin.”

Cənab Şeyxin Qum elmi hövzəsinin əxlaq ustadlarından olan bir şagirdi belə nəql edir: “Ustad həzrət Mə`sumənin qəbrini ziyarət etmək istədikdə xəcalət duyar və buyurardı: “Məndə onun nurani hərəmini ziyarət etmək ləyaqəti yoxdur.” Sonra arif şair mərhum Fəxrəddin İraqinin şe`rini oxuyardı:

Təvafa getmişdim, dedilər olmaz,

Sən kimilər burdan yolunu salmaz.

OTUZ İL ƏLLAMƏ TƏBATƏBAİNİN HÜZURUNDA

Cənab hacı Şeyx Əli Ağa Əllamə Təbatəbainin hüzurunda ciddi təlaşlar göstərmiş, onun tövhid maarifi nurundan bəhrələnmişdir. Ustad hacı ağa Eydi Xürrəmabadi Səadətpərvərin dilindən belə nəql edir: “Otuz il Əllamənin hüzurunda oldum. İki dəfə dərsində iştirak edə bilmədim. Bir dəfə qızlarımdan birinin toyu idi, bir dəfə də dərsə gedərkən yolda evinin üstünü təmizləyən seyidə kömək etmək qərarım mane oldu. Həmin vaxt düşündüm ki, ustad bu qocaya kömək etməyimi dərsdən üstün tutar.

AYƏTULLAH HACI ŞEYX ƏLİ ƏKBƏR BÜRHAN

Allah-taalanın lütf əli öz övliyalarının üzərinə kölgə salır. Bu diqqət sayəsində insanlar tərbiyələnir. Allahın diqqəti hacı Əli Ağa Pəhləvaninin həyatında da özünü göstərirdi. Bu böyük insan Tehranın ən üstün və pak şəxsiyyətlərindən bəhrələnmişdi.

Söhbətin bu məqamında ustadın özündən və şagirdlərindən eşitdiyim bə`zi nöqtələri qeyd edirəm.

Ustadın hörmətlə yada saldığı şəxslərdən biri mərhum hacı Şeyx Əli Əkbər Bürhan idi. Ustad bu şəxslə görüşü ilahi tövfiq sayırdı. Hicri-qəməri 1374-cü ildə xidmətində olduğumuz vaxt mərhum Bürhanın adı çəkildi. Həmin vaxt ustad buyurdu: “Həqiqətən, o bizim ikinci ustadımız sayılır. Əllamə Təbatəbaidən sonra onun zəhmət və haqqı birincidir.”

1374-cü ildəki görüşlərdən birində belə buyurdu: “Tehranda Bürhan adlı bir şəxs vardı. O pak alimlərdən, ilahi insanlardan, Əllamə Qazinin şagirdlərindən idi. O, Tehranın məqama çatmış insanlarından idi və şagirdlərini də mənzilə yönəldə bilirdi. Hər il İraqa mə`sumların ziyarətinə və Əllamə Qazinin görüşünə gedirdi. Kə`bə ziyarətinə getdiyi vaxt dünyasını dəyişdi və həmin müqəddəs məkanda dəfn olundu. Tehrandakı Lorzadə məscidi onun zəhməti ilə tikilib.

MİRSEYYİDƏLİ MÜFƏSSİR

Cənab ustadın faydalandığı nurani şəxsiyyətlərdən biri də Ayətullah Mirseyyidəli Müfəssirdir. 1379-cu ilə təsadüf edən məclislərdən birində buyurdu: “Mirseyyidəli Müfəssir insan tərbiyə etmiş alimlərdən idi. Onun tərbiyə etdiyi şəxslər cəmiyyətin salehlərindən idi. Gənclik yaşlarımda onun xidmətində olmuşdum.”

Mərhum Şeyx Məhəmməd Hüseyn Zahid onun şagirdlərindən olub. Mirseyyidəli Müfəssir bə`zən ağır ictimai durumdan, xalqın ağır vəziyyətdə olmasından tə`sirlənib bu şe`ri oxuyardı:

Elə ki, hökm olur məstlər tutula,

Tutulur hər kim ki, küçədə ola.

“ONA DE Kİ, HƏMİN MAŞINLA GƏLMƏSİN.”

Cənab Şeyx Əli Ağa Səadətpərvər Pəhləvani elə bir insan idi ki, onu tanımaq üçün illər uzunu hüzurunda əyləşməli idin. Onun ilahi nəfəsi insanlar üçün böyük bərəkətə malik idi. Kimsəni incitməz, istənilən bir şəkildə insanlara xidmət etməyə çalışardı.

Birbaşa kömək etmək imkanında olmadığı şəxslərə mə`nəvi baxımdan xeyir verməyə sə`y göstərərdi.

Ustadın şagirdlərindən biri belə nəql edirdi: Ustadın ömrünün son ilində təbliğ üçün məntəqələrdən birinə getmişdim. Ramazan ayı tamam oldu. Geri qayıdarkən bir maşın tapıldı və Quma gəlmək üçün müəyyən adamlar toplaşdı. Yola çıxmaq istəyərkən dostlardan biri cib telefonuma zəng vurub dedi: “Yuxuda qoca bir kişi gördüm. Söylədi ki, həmin maşınla yola çıxmasın. Çox məcbur olsa istixarə etsin.” İstixarə etdim, pis gəldi. Nəzir etdim ki, Şiraza çatan kimi Yeddi tən qəbrinin kənarında həzrət Əbülfəzl rövzəsi oxuyacağam. Bundan sonra istixarə etdim, yaxşı gəldi. Biz maşına minib sağ-salamat Quma çatdıq.

Bir neçə ay sonra ustad dünyasını dəyişdi. Mənə zəng vurub yuxusunu danışan şəxs ustadın şəkilini görüb söylədi: “Bu həmin yuxuda gördüyüm şəxsdir. Mə`lum oldu ki, ustad bizi nə qədər sevirmiş.”

Bir dəfə Məşhədə getmək istəyirdik. Ağa buyurdu ki, nəzərdə tutduğunuz maşınla getməyin. Biz də ona qulaq asıb getmədik. Sonradan bildik ki, Məşhədə yola düşən həmin maşın qəzaya uğrayıb və bütün müsafirlər Quma qayıdıblar.

“ƏŞHƏDÜ ƏNNƏ ƏLİYYƏN VƏLİYULLAH” KƏLMƏLƏRİNİN TƏSİRİ

Hicri-şəmsi 1374-cü ilin aban ayında ustadın şagirdlərindən birinin xidmətində idim. Hacı Şeyx Ağa Əli Pəhləvanidən söz düşdü. Ustadın şagirdi buyurdu: “Ustad öz müşahidələrindən biri haqqında belə danışırdı: “Bir gün azançı azan verərkən “Əşhədü ənnə Əliyyən vəliyyullah” kəlmələrini deyəndə halım dəyişdi, özümü Kərbəlada gördüm. Seyyüdüş-şühədanın (ə) qəbri öncə bir çökəkdə yerləşirdi və pillələri vardı. Mən yuxarıdan baxırdım. Qəbir olan yerdən bir nur qalxdı. Bir biganə də gəlib boylandı. Qəfildən nur arasından bir od çıxıb onu kənara atdı. Həmin müşahidəm zamanı mənə tövhid maarifi əta olunmuşdu. Orada gördüklərim adi həyatda bir ay çəkərdi. Özümə gələndə hələ azançı "Əşhədu ənnə Əliyyən vəliyyullah" kəlmələrini bitirməmişdi.”

XANIM FATİMƏDƏN BİR MÜŞAHİDƏ

Hicri-qəməri 1425-ci ilin ramazan ayı ötmüşdü. Şeyx buyurdu: “Ramazan ayının iyirmi dördüncü gecəsi yarıdan ötmüş gözümə xanım Fatimə (s) göründü. Əyninə sarı libas geyinmişdi. Bə`zi nöqtələri açıqladı. Anladım ki, onun övladlarına qarşı hörmətsizlik özünə qarşı hörmətsizlik kimidir. Əgər bir şəxs bir seyyidə xanımı vurarsa, xanım Fatiməyə (ə) əl qaldırmış kimidir. Həmin haldan sonra bir saat özümə gələ bilmədim. Dayanmadan ağlayırdım." Ustad bu sözləri danışanda ağlayırdı. O buyurdu: “Bilmirəm xanım bu sözləri mənə nə üçün dedi? Olsun ki, dostlarım arasında elə birisi var ki, seyyidə xanımını və ya seyyid övladlarını incidir. Bu işdən uzaq olun. Anası seyid olan da seyyid hökmündədir. Onlara da hörmətsizlik etməyin, onları da vurmayın.” Ustad bütün bu sözləri deyərkən ağlayır, həyəcanlanırdı.

Arif hacı Şeyx Əli Ağa Pəhləvani buyururdu: “İmam Xomeyninin (r) ustadı Ayətullah Şahabadi övladlarına deyirdi: “Oğlum, gecələr yatan vaxt Ayətəl-kürsi oxu, sonra yat.” Oğlan da Ayətəl-kürsinin birinci ayəsini oxuyub yatarmış. Bir gecə yuxuda xanım Fatiməni görür. Xanım ona buyurur: “Oğlum, Ayətəl-kürsi “fi ha xalidun” ifadəsinə qədər üç ayədir.” Oğlan yuxudan oyanıb yuxusunu atasına danışır. Atası buyurur: “İki çətinliyim həll oldu. Biri Ayətəl-kürsinin üç ayə olması, ikinci anası seyid olanın seyid olması.” Ayətullah Şahabadinin xanımı seyyidə idi. Alim xanım Fatimənin (ə) onun övladına “oğlum” deməsindən belə bir qənaətə gəlmişdi.

SABAH HESAB GÜNÜDÜR

Höccətül-İslam hacı Seyid Mustafa Hərəndi buyururdu: “Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin hüzurunda idim. O buyurdu: “Nəql olunur ki, Əmirəl-mö`minin (ə) buyurmuşdur: “Bu gün əməl günüdür və hesab yoxdur. Sabah hesab günüdür, əməl yoxdur.” Bu hədisdən sonra buyurardı: “Səhhətim imkan verdiyi vaxtlar və cümə axşamları qəbiristanlığa gedərdim. Bir gün orada halım dəyişdi, qəbirlərin açıldığını gördüm. Qəbirdəkilər çox yorğun vəziyyətdə, həyəcan içində idilər. Anladım ki, bu dünyadan köçəndən sonra əməlin faydası yoxdur. Əməl yeri bu dünyadır və hesab yoxdur. Sabah isə hesab olacaq, əməl olmayacaq."

XƏRABAT

Ustadın şagirdlərindən biri belə nəql edir: Bir müddət belə qənaətə gəlmişdim ki, ustadın hüzurundan lazımınca istifadə edə bilmirəm. Bu xəyallarla onun maarif dərsinə getməmək qərarına gəldim. Bir gün sübh namazından sonra Əllamə Təbatəbai gözümə göründü. Belə bir şe`r oxudu:

Əlin əlindəsə, buraxma gəl sən,

Əlin çıxsa özün çıxarsan əldən.

Bu əhvalatı hacı ağa Səadətpərvərə danışdım. Buyurdu: “Əllamənin bizə tövsiyələri olub. Amma haradadır eşidən qulaq?!" Ərz etdim ki, bu şe`r kimdəndir? Buyurdular: “Xərabatdan.”

RƏCƏBİYYƏ GÖRÜNTÜLƏRİ

Hicri-qəməri 1385-ci ilin xordad ayında hacı ağa Mücahidi ilə söhbət zamanı eşitdim ki, arif Şeyx məclislərindən birində buyurub: “Rəcəb ayının son gecələrindən birində gecə yarı məni oyatdılar. Hiss etdim ki, kimsə qapını döyür. Durub qapını açdım. Kimsə yox idi. Anladım ki, burada bir məqsəd var. Dəstəmaz alıb ibadətə başladım. Həmin gecə mənə lütf olundu.” Cənab ustad buyurur: “Mənə “Həyy” və “qəyyum” adlarını dərk etdirdilər. Bu rəcəb ayının hədiyyəsi idi. Allah-taalanın “Həyy” və “qəyyum” adları özündə bir çox sifətləri toplayan adlardandır. Həzrət Peyğəmbər (s) buyurmuşdur ki, Ayətəl-kürsi ayələrin seyididir. Bunun səbəbi həmin ayələrdəki “Həyy” və “qəyyum” adları ola bilər. Allah-taala buyurur: “Allahu la ilahə illa huvəl həyyul qəyyum...”[10]

HURUL-EYİNLƏR ARASINDA

Ustadın qədim şagirdlərindən biri nəql edir ki, məclislərdən birində buyurmuşdur: “Bir gecə yuxuda hurul-eynlər gördüm. Məni əhatəyə almışdılar. Gözəllikdə misilləri yox idi. Mən dünya həyatındakı adətimə uyğun olaraq başımı aşağı salıb onlara baxmaq istəmədim. Amma onlar məni buraxmırdılar. Bu vaxt onlardan biri gözəl səslə dedi: “Bizi tanımırsan? Biz sənin dünən gecəki əməllərinik.” Yuxudan oyandıqdan sonra nə qədər düşündümsə hansı əməllərimdən söhbət getdiyini anlamadım. Bəli, gözəl əməl bu sayağı cazibəli cilvələnir. Bə`zən qəflət yuxusundan oyanmağımız üçün belə görüntülər olur.”[11]

SEVDİYİNİZ ŞEYLƏRİ BURAYA GƏTİRMƏYİN!

Ustad bir gecə məclisdə buyurdu: “Kəşf aləmində (ruhani aləmdə) gördüm ki, hamınız ayaqqabılarınızı otağın içindəki taxçaya düzmüsünüz və onlar par-par parıldayır. Ağalar, bunlar sizin sevdiyiniz şeylərdir, onları özünüzlə buraya gətirməyin.”

USTADIN HÜZURU

Hacı Şeyx Əli Ağanın hüzuru mələklərin və ilahi insanların toplandığı nurani bir hüzur idi. Ustadın hüzurunun başqa bir dadı, başqa bir zövqü vardı. Ustadın və onun şagirdlərinin simasında iman və mə`rifət nuru bərq vururdu. Bu məclislərdə Allahın övliyaları yada salınır, onların ilahi səciyyələri zikr olunurdu. Həmin məclislərə zinət verən bə`zi nöqtələri yada salaq.

MİRZƏ ƏLİ AĞA ŞİRAZİ

Ustad hacı Şeyx Məhəmməd Əli Mücahidi Nəcəfabadi hicri-qəməri 1426-cı il, Qurban bayramı günü Nəcəfabadda söhbəti zamanı buyurdu: “Bir cümə günü hacı Mirzə Əli Ağa Şirazi qoltuğunda hamam boxçası sür`ətlə gedirdi. Ömrünün axır günlərində beli bükülmüşdü. Amma inqilabi bir əhval-ruhiyyədə idi. Daim gözləri yaşlı olardı. Özümü ona çatdırıb boxçasını aldım və hamamadək ötürdüm.”

TƏBLİĞ, YOXSA TƏRBİYƏ?

Hicri-şəmsi 1376-cı ilin mehr ayında onun hüzurunda olduğum vaxt təbliğdən söz düşdü. Ustad buyurdu: “Bir müddət təbliğə gedəndən sonra vəzifəmlə bağlı tərəddüdə düşdüm. Mənə elə gəldi ki, vəzifəm hövzədə qalıb tələbələrin əxlaqı ilə məşğul olmaqdır. Buna görə də bir daha təbliğə getmədim. Otuz beş ildir ki, tələbələrlə məşğulam. Təlaş göstərin. Bu şərait həmişə olası deyil. Bir vaxt bu çıraq sönər və həsrət çəkərsiniz.”

MOLLA ƏLİ KƏNİNİN BUYURUĞUNUN TƏ`SİRİ

Hicri-şəmsi 1376-cı il məclislərin birində sözünün sonunda buyurdu: “İnsan olun, özünüzü islah edin ki, sizi eşitsinlər, xidmət edə biləsiz.” Sonra buyurdu: “Qacar sarayında xidmət göstərənlərdən biri nəql edirdi ki, bir gün taxçaları təmizləyəndə bir kağız tapdım. Kağızda bir dükançının əhvalatı yazılmışdı. Tehranda yol genişləndirilərkən bu kişinin dükanını sökmək lazım gəlir. Fəthəli Şah Qacar molla Əli Kənidən soruşur ki, bu işi görə bilər, yoxsa yox? Qacara cavab olaraq molla Əli Kəni yalnız bir cümlə yazır: “Ələm tərə kəyfə fəələ Rəbbukə bi əshabil-fil.” Ustad bu ayəni Qacarın nəzərinə çatdırmaqla dükanı sökməyin zülm olduğunu bildirir. Fəthəli Şah Qacar molla Əli Kəninin sözü ilə fikirindən daşınır.” Ustad həmin dükanın ünvanını da söylədi.

YAZILARIN SUYA ATILMASI

Hicri-qəməri 1427-ci ilin şə`ban ayında onun görüşündə idim. Buyurdu ki, bir dəfə bütün yazılarını çaya atıb. Əllamə Təbatəbainin də Nəcəfdən qayıtdığı vaxt bütün yazılarını çaya atdığı söylənilir.

YUXUNUN BİZƏ ÇATMAMIŞ ZİKİRLƏRİ VAR

Hicri-şəmsi 1375-ci ildə ustadın xidmətində olduğum vaxt Allahın “həyy” sifətindən söz düşdü. Ustad buyurdu: “Allahın “həyy” sifətində bir çox adlar toplanmışdır. Allahı “həyy” adı ilə çağırmaq Onun bir çox adlarını dilə gətirməkdir. Bir dəfə mənə yuxuda dedilər ki, axund Hüseynqulu Həmədani kitablarda yazılmış göstərişlərdən əlavə göstəriş və zikirlər bilir. Mən yuxumu yazıb Əllamə Təbatəbainin yanına gəldim. Həmin məktub uzun müddət onun yanında qaldı və sonda itdi. Mərhum Təbatəbai məktub əhvalatını qardaşına danışmışdı. Bir gün mənzilində onunla görüşdüm. Qardaşı ağa seyid Məhəmməd Həsən İlahi Təbrizi orada idi. Ustad ağa İlahiyə dedi ki, haqqında danışılan məktub ona aiddir və Allahın adlarından bildiklərini söyləsin. Ağa seyyid Məhəmməd Həsən İlahi buyurdu: “Qoy “ya həyy” desin." Mərhum Əllamə buyurdu: “Ya” hissəsinə ehtiyac yoxdur, qoy “Həyy” söyləsin” Bəli, mənim ustadım o idi, halımı daha yaxşı bilirdi. Bir sözlə, ağa seyid Məhəmməd Həsən İlahi də inanırdı ki, “həyy” adında bir çox adlar toplanıb. Mərhum ağa Əllamənin təfsirinin birinci cildində və “Vəsaili-səb`ə”də yazılanlardan da mə`lum olur ki, “həyy” sifətində bir çox vəsflər var.

TANINMAMIŞ QALSAM DAHA YAXŞIDIR

Hicri-şəmsi 1375-ci ildə ustadın son təhsil yığıncağı idi. Dostlardan biri Şeyx Əli Ağaya ərz etdi ki, sizinlə birlikdə şəkil çəkdirmək istəyirik. Ustad buyurdu: “Mənim üçün tanınmamaq daha yaxşıdır. Əllamə Təbatəbai nəql edirdi ki, mərhum Qazi şəkil çəkdirməyi bir təsvir nümunəsi kimi haram sayırdı. Bu səbəbdən də heç vaxt şəkil çəkdirməzmiş. Bir gün ağa pula ehtiyacı olduğundan torpağını satmaq istəyir. Ona deyirlər ki, bu işin həyata keçməsi üçün vəsiqənizdə şəkliniz olmalıdır. Bir sözlə, ustad şəkil çəkdirməyə məcbur olur. Onun müşayiət edən dostlardan biri şəkilçiyə deyir ki, ustadın gözəl bir şəkilini çək, istəyən çoxdur. Belə ki, ustad bir neçə şəkil çəkdirir. Şagirdlər şəkili bir-birlərinin əlindən alır, şuluğ salırlar. Ağa buyurur: “Sizin ağlınız yoxdur. Mən özüm burada oturmuşam, siz mənim şəkilimə görə dava edirsiniz.” Əllamə Təbatəbai buyurur ki, həmin məclisdə şəkil almaq istəyənlərin biri də mən idim.

HƏZRƏT SALMANIN MƏZARINDAKI İBRƏTAMİZ YAZI

Bir dəfə məclisin sonunda ustad ölümü yada salmağın əhəmiyyətindən və o biri dünyanın çətinliklərindən danışdı. Onun bu mövzuya müraciəti bir növ əsas dərsin tamamlanması idi. Ustad buyurdu: “Cənab Salman dünyasını dəyişəndə onu Əmirəl-mö`minin (ə) dəfn etdi. Qəbrinin üzərinə su səpib barmağı ilə qəbirin üzərinə Salmanın dilindən iki beyt şe`r yazdı. Şe`rdə yalnız xeyir əməl və pak qəlbin axirət azuqəsi olduğu bildirilirdi. Bəli, Əmirəl-mö`minin həzrət Salmanın məqamından xəbərdar idi. Bu səbəbdən də şe`ri Salmanın dilindən yazmışdı. Kamillik və səadət yolunun çətinlikləri var və insan bu istiqamətdə çox çalışmalıdır. Salmanın qəbri üzərində yazılmış sözlər bir ibrətdir.

ƏLLAMƏ TƏBATƏBAİNİN ADINI DƏYİŞMƏSİ

Ustad məclislərindən birində buyurdu: “Mərhum Əllamə Təbatəbai Qazi adı ilə tanınırdı. Ona yazılmış məktub səhvən Ayətullah Seyid Hüseyn Qaziyə getdiyindən mərhum Əllamə bu adı dəyişib Təbatəbai adını götürmüşdür. Qardaşı Ayətullah Seyid Məhəmməd Həsən İlahi də səhv düşməsin deyə İlahi soyadını götürmüşdür.

HƏYAT YOLDAŞINA TƏŞƏKKÜR

Ustad hacı ağa Pəhləvani həyat yoldaşına ehtiramla bağlı buyururdu: “Onlara təşəkkür edin. Bişirdikləri yemək şor və ya pis olsa belə onlara "sağ ol" deyin. Siz yeməkdən razılıq etdikdə həyat yoldaşlarınız xoşhal olur. Onların xoşhallığı sizin mə`nəvi təkamülünüzə səbəb olur. Bir dəfə gənclik vaxtımda ailəmlə sərt davrandım. Mə`na aləmində mənə dedilər: “İyirmi illik əməllərin hədər oldu.”

Məclislərində təkrar-təkrar buyurardı: “Mə`nəvi və ictimai məsələlərdə özünüzə qarşı ciddi olun. Amma ailənizlə xoş davranın. Öz əqidənizi həyat yoldaşınıza məcburi olaraq qəbul etdirməyin. Əgər onlar televizora baxmaq istəyirlərsə, mane olmayın. Televizorun pisliyi sizə mə`lumdursa, özünüz baxmayın.

VƏHDƏT KİRMANŞAHİNİN ŞE`RLƏRİ

Bir gün hacı Şeyx Əli Ağa Pəhləvaninin xidmətində olduğumuz vaxt ariflərdən söz düşdü. Vəhdət Kirmanşahinin şe`rləri oxundu. Ustad bu şe`rləri təriflədi, onun tövhidi şe`rlərini xüsusi qeyd etdi. Böyük şövqlə həmin şe`rlərdən oxudu. Ustad şiə ürfanı ilə bağlı şe`rləri, xüsusi ilə axund molla Hüseynqulu Həmədani haqqındakı şe`rləri fərəhlə oxuyurdu. Şe`rləri oxuyub qurtardıqdan sonra buyurdu: “Vəhdət necə də gözəl şe`r yazır!”

İSTƏYİRƏM İMAM HÜSEYNƏ AĞLAYA – AĞLAYA YUXULAYAM

Bir gün Ayətullah hacı Şeyx Abbas Tehranidən söz düşdü. Ustad bu arif insanı Höccətiyyə mədrəsəsinə gətirdi və “Nüdbə” duası oxundu. Sonradan ustad danışırdı ki, mərhum Şeyx Abbas Tehrani hacı Seyid Sadiq Şəmsdən rövzə istəyib demişdi: "İstəyirəm yatanda dinləyim və Hüseynə ağlaya-ağlaya yuxulayım.”

AYƏTULLAH BEHCƏTİN NAMAZINA XÜSUSİ DİQQƏT

Ustad hacı Şeyx Əli Ağa Pəhləvani Ayətullah-üzma Behcətin namazına çox diqqət göstərirdi. Şagirdlərinə tapşırırdı ki, bu böyük arifin məscidinə gedib namazında iştirak etsinlər. Ustad həmin namazın ilahi ab-havasını duyurdu.

İman dostlarından biri belə deyirdi: “Hicri-qəməri 1424-ci ilin zil-hiccə ayında ustadla görüşdüm. Ustad buyurdu: “Bu gün Ayətullah Behcətin namazında olmusanmı?” Ərz etdim ki, xeyr. Ustad buyurdu: “Çox şey itirmisən. Bu məsciddə namazda iştirak etsək yaxşıdır.”

Bir dəfə də ustadın hüzurunda olduğumuz vaxt həzrət Ayətullah Behcətin namazından söz düşdü. Ustad buyurdu: “Bu şəxsin namazında iştirak edin. O, Rəbbani alimlərdəndir. Onun namazında bərəkət var, bu bərəkəti əldən buraxmayın.”

Ustadın şagirdlərindən biri belə xatırlayır: “Ustadın tərbiyə etdiyi şagirdlər Ayətullah Behcətin namazında olurdular. Onlar bu böyük arifin mə`nəvi xəzinəsindən faydalanırdılar.”

İSFAHAN BÖYÜKLƏRİNDƏN BİRİ İLƏ GÖRÜŞ

Hicri-qəməri 1426-cı ilin cəmadiüs-sani ayının on birində günortadan sonra İsfahan böyüklərindən birinin görüşündə olduq və onun hüzurundan feyz aldıq. Bu görüşdə çox dəyərli nöqtələr açıqlandı. Biz ilahi yol aşiqlərinə ibrət, Əhli-beyt maarifinə bağlı insanlara bəhrə olsun deyə həmin nöqtələrdən bə`zilərini zikr edirik. Bu böyük insan bizimlə şərt kəsdi və buyurdu ki, əgər nəsə yazacaqsınızsa şərtim budur ki, ad çəkilməsin. Dedi ki, qorxuram adımı çəkəsiniz, xalq elə düşünə ki, "Əliabad da bir kənddir." Onun bu şərtinə əməl edib adını çəkmirik. Sizdən buna görə üzr istəyirik.

SEYYİD BƏHRÜL-ÜLUMUN RUHİ TƏLATÜMİ



Geri   İrəli
Go to TOP