A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Ariflərdən
Müəllif: Məhəmməd Cavad Nurməhəmmədi
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 80
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


ARİFLƏRDƏN

Müəllif: Məhəmməd Cavad Nurməhəmmədi

Tərcümə edən: Əli Nur

Rəhman və Rəhim Allahın adı ilə

ALLAH ADAMLARI

Zənn – güman pərdəsin yarıb keçənlər,

Dörd bir yanda yalnız haqqı seçənlər,

Köməkçün uzanan əldən tutanlar,

İşdə sözdəki tək haqqa çatanlar!

Kimlərsə mükafat ardınca qaçdı,

Kimlərsə görüşçün qucağın açdı.

Kimlərsə işrətdə qatladı belin,

Kimlərsə həsrətdən dişlədi əlin.

Bir dəstə mizanda zəlildən-zəlil,

Bir dəstə mə`buda vermişdir könül.

Kimisi zəhmətsiz çatmış məqsədə,

Kimisi əliboş, hey cəhd etsə də.

Bu torpaq vücudun uca fəryadı

Gah boğuldu, gah da yerdə qalmadı.

Ayağa qalx, çağır Haqqı sübh çağı,

Öz eşqinlə bəzə iki otağı.

Bir olanı qoyub uyma çoxluğa,

Bu çoxluq aparar səni yoxluğa.

Qorx olanı satmaq istəyən zaman

Gətirdiklərinə olmaya baxan.

Qafil hələ başın dik tutub baxır,

Düşünmür qafillər sıradan çıxır.

Azad quşlar sezib eşqin çırağın,

Füruği, üzdülər yerdən ayağın.

Böyük arif Füruği Bistami

Dövrümüzün arif imamı, iyirminci əsr övliyalarının ağası həzrət imam Xomeyninin xatirəsinə!

MÜQƏDDİMƏ

İlahi övliyaların və dövrümüzün saleh insanlarının həyatı həmişə ibrətamiz olmuşdur. Onlar mə`rifət və paklıq nuru ilə həyat yolunu gözəl və dəyərli şəkildə keçmiş, ən adi işləri belə xüsusi bir zövqlə yerinə yetirmişlər. Bu zövq və səfa həqiqətən tə`rifəlayiq və qeyri-adidir. Doğrudan da, onların həyatı bütün yönümlərdən ibrətamizdir.

Mə`rifət nuru olan yerdə zülmət əhli üçün adi həyat tamamilə başqa görkəm alır. Allah adamlarının baxışında, dinləməsində, yuxusunda, qidalanmasında, hətta qəzəbində bir nur var. Onların dünya həyatındakı adi addımları, ləzzət və sevinc duyğuları da nuranidir. Bəli, onlar nur sahibləridir. İlahi feyz nurundan bəhrələnməyənlər isə zülmətə qərq olmuşlar.[1] Dünya bütün zər-zibası ilə, aldadıcı cilvələri ilə ilahi övliyaların və pak bəndələrin xatirəsini insanların zehnindən silib apara bilməmişdir. Dünya cilvələri nə qədər güclənsə də, mə`rifət nuru əldə etmək istəyənlərin sayı günbəgün artmaqdadır. Öz həyatını övliyaların həyatına bənzətmək istəyən gənclər və aşiqlər az deyil. Övliyaların əhval-ruhiyyəsi, tərbiyəvi, elmi və ictimai səciyyələri ilə tanış olmaq üçün onların həyatını öyrənmək lazım gəlir. Kamillik yolunu tanımaq, mə`nəviyyat və paklıqdan bəhrələnmək məqsədi ilə övliyaların həyatını mütaliə etmək, onları ideal seçmək çox faydalıdır. Bu yol Qur`anın göstərdiyi və Əhli-beytin (ə) təqdim etdiyi yoldur.

Hazırkı əsrin misilsiz arifi həzrət Ayətullah-üzma Behcət (Allah hifz etsin) İslam alimlərinin həyatını mütaliə edib araşdırmağın dəyəri haqqında faydalı qeydlər etmişdir. Onlardan bə`zilərini nəzərdən keçiririk. Arif buyurur: “Qədim alimlərin həyatının mütaliəsi əxlaq kitabları kimi mö`təbərdir. İnsan bu zümrənin əhval-ruhiyyəsi və həyatını nəzərdən keçirdikdə sanki düzgün və mö`təbər bir əxlaq kitabı oxuyur. Onlar dünya həyatını necə sadə yaşamış, nə qədər aram olmuş, öz ömürlərindən necə faydalanmışlar!”[2] Böyük arif başqa bir məqamda ötən nəsillə indiki nəsil arasında yaranmış uçuruma işarə edir, keçmiş alimlərin dindarlıq, elm və mə`rifətini yada salır. O buyurur: “Nüfuzlu iman və kamillik, uca məqam sahibi olan alimlər görmüşəm. Onlar imanda sabitqədəm olmuşlar. Onların məqamı bizlərlə müqayisə olunası deyil. İndiki nəsil həmin alimlər haqqında deyilənlərə çətin inana. Doğrudan da, onların dərəcəsi, kamilliyi uca məqamı vəsfə gələsi deyil. İnsan bu fəzilətləri dilə gətirməyə xəcalət çəkir.”[3] Bu kitabı hazırlamaqda məqsədimiz insanları onlar üçün nümunə olası fəzilətlərdən xəbərdar etmək, gənclərimizə ilahi övliyalar və şiə ariflərinin məqamından danışmaqdır. Bizdən əvvəl yaşamış Allah aşiqlərinin həyatı ilə tanışlıq çox faydalıdır. Ayətullah Behcət buyurur: “Keçmiş alimlərin həyatını nəzərdən keçirərkən öz vəziyyətimizdən xəcalət çəkirik. Görürük ki, bu insanlar çox gənc ikən uca məqamlara çatmışlar. Bu məqamı vəsf etmək çətindir. Bunun əsas səbəbi onların elm və əməl baxımından fövqəl`adə ucalıqda olmasıdır. Haraya getdi bu insanlar?! Onlardan bircəciyini tapmaq mümkünsüz!”[4]

Keçmiş alimlərin və övliyaların həyatının öyrənilməsi, onların həyatı ilə tanışlıq istiqamətində axtarışlar aparılmasında Ayətullah Behcətin misilsiz köməyi var. Onun söhbətlərini dinlədikdə əmin olursan ki, müasirimiz olan bu arif keçmiş alimlərin həyatını diqqətlə mütaliə etmişdir və İslam cəmiyyətinin təkamülündə bu nümunələrlə tanışlığı faydalı sayır. Onun başqa bir buyuruğunu nəzərdən keçirək: “Böyük kəramət sahibi olan keçmiş alimlərlə bizim aramızdakı fərqin bir bu qədər böyük olmasının səbəbi nədir? Bunun kökünü tapmaq lazımdır. Onlar da bizim məşğul olduğumuz işlərlə məşğul olmuşlar. Dərs oxumuş, mübahisəyə qatılmış , tədris etmiş, yazı yazmışlar. Görən səbəb nədir, onların müstəhəb əməlləri yerinə yetirməsidirmi? Elə düşünürəm ki, araşdırma aparsaq uyğun fərqi tapa bilərik. Hansı ki, həmin alimlərin imkanları bizdən çox az olmuşdur. İmkanları az, hərəkətləri isə çox! Onlar böyük nəticələr əldə etmişlər. Onların yaşadığı cəmiyyət necə olmuşdur, alimlər onlara necə tə`sir göstərmişdir?

İstənilən bir vəziyyətdə bizi qədim alimlərdən fərqləndirən səbəbi tapmalıyıq. Onlardan bə`ziləri rüku və səcdədə sadəcə üç dəfə “sübhanəllah” demişlər. Biz bu qədər artıq zikr dediyimiz halda nə üçün nəticə əldə etmirik? Nə üçün? Hər şeyi nəzərə almalı, müəyyənləşdirməliyik ki, bizimlə onlar arasındakı fərqin səbəbi nədir? Onların əksəri kəramət sahibi olmuşlar. Təhsildə də sə`yləri artıq olmuşdur. Bu qədər böyük fərqin səbəbi nə? Onlardan bə`ziləri iddia etmişlər ki, bütün fiqh və üsul kitabları yandırılarsa, onlar həmin kitabları yenidən tərtib edə bilərlər. Bu iddianın arxasında həqiqət var. Mərhum Şeyx Ənsari daim tədris, söhbət, yazı-pozu ilə məşğul olduğu halda hər gün “Aşura ziyarəti”, “Cameə ziyarəti” oxuyar, Qur`andan bir cüz tilavət edərmiş. Belə görünür ki, bizim geriliyimizin səbəbi müstəhəb əməlləri tərk etməyimizdir. Qədim alimlər bu yönümə çox diqqət yetirmişlər. Onlar ziyarətlərə, dualara, Qur`ana, namazı əvvəl vaxtında qılmağa çox diqqət yetirmişlər. Onlar iki tülu arasında (azandan gün doğanadək) yatmaq kimi məkruh əməllərdən çəkinmişlər. Elm və əməldə onların öncüllüyü və bizim geri qalmağımız əsaslı bir fərqdir. Biz bir çox işlərdə onlardan geri qalmışıq. Onların getdiyi yoldan xəbərsiz qalmağımız çox təhlükəlidir. Allah bizə bəsirət versin, hidayət etsin, öz geriliyimizin səbəbini bilək. Əgər elm və əməl əhli olub axtarış aparsaq, hökmən bunu öyrənərik.”[5]

Böyük və pak insanları ən azı görmək ləyaqəti əldə etmiş şəxs belə düşünür. Aydın olur ki, nə üçün İslamda alimin çöhrəsinə baxmaq ibadət sayılmışdır. Onların simasına baxdıqda sədaqət, paklıq, təqva, xeyirxahlıqdan başqa şey görmək mümkünsüzdür. Onların vücudunda misilsiz bir nəcabət ləpələnir. Mən özüm, Allah güzəşt etsin, həmin insanların nurundan bəhrələnməsəm də, onlarla maraqlananlara hansısa mə`lumatlar vermək istədim. Qoy əziz oxucular onların tövhid maarifindən və əxlaqından xəbərdar olsunlar.

Əlinizdəki yazı uzun bir müddətə ərsəyə gəlmişdir. Sə`y göstərilmişdir ki, söhbətlərin qayəsinə, əsas mövzulara lazımınca diqqət göstərilsin. Ən əsası, çalışmışıq ki, vücudlarında həmin tövhid dəryasından nəsə olanların sorağınca gedək. Həmin insanlar ən azı yalnız həqiqəti danışan şəxslərdir.

Bu müqəddimədə həqiqi ustad addımlarını izləyən aşiq gənclər üçün faydalı bir nəsihəti yada salmaq yaxşı olar. Bizim dövrümüzdə riyakarlıq göstərərək mə`rifət libası geymiş fırıldaqçılar da var. Övliya və ariflərin həyatına maraq göstərən bir şəxs kimi Tehranda, Qumda, İsfahanda, Şirazda və Məşhəddə bir çox nümunələrlə rastlaşmışam. Həqiqi ariflərlə yanaşı özünü arif göstərərək pak və sədaqətli gənclərin mə`nəviyyatını zəhərləyən riyakarlar da var. Şeyx Məhəmməd Hafiz Şirazi demişkən:

Əfv elə yetmiş iki milləti ki, başqa halı,

Haqq nədi bilmədilər, seçdilər əfsanə yolu.

Deyirlər ki, filan ustadı görmək istəyəndə yatıb yuxuda görürəm. Bu iddia haqqında həmin böyük insanın oğlundan soruşdum. Buyurdu: “Yoxsa atamın axirət aləmində başqa işi yoxdur?! Gözləyir ki, onunla işi olan yatsın və o həmin adamın yuxusuna girsin!” Bir başqası mənə deyirdi: “Mənim aşkar gördüyümə inamım yoxdur. Mö`min nə görmək istəyirsə, yatıb yuxuda görsün.” Üçüncü bir şəxs fırıldaq və ovsunla azdırıb Şeyxana doğru çəkir. Onlar da gözləyirlər ki, imam Şeyxana gələn zaman onu görəcəklər. Aldadılmış insanlar imamı görə bilmədiklərini dedikdə, yalançı mürşid üzünə-başına vurub haray çəkir ki, necə oldu ki ağa gəldi, siz onu görmədiniz?!

Fırıldaqçı bir şəxs zövcəsi ilə problemi olan gənc bir mö`minə deyir ki, həyat yoldaşının mənim yanımda çadra örtməsinə ehtiyac yoxdur. Mən elə bir məqama çatmışam ki, bu qəbil işlərə marağım yoxdur.” Başqa bir fırıldaqçı onun rəqibi haqqında xoş söz söyləyən qonaqları evdən qovur. Amma heç bir müsbət cəhəti olmayan axmağın birini gülər üzlə qəbul edir.

Bu qəbil fırıldaqçılar Allah bəndələrinin ilahi hərəkəti qarşısında ciddi bir maneədirlər. Kamillik yolçusu və aşiqi olan fərd bu qəbil insanlardan qaçmalıdır. Onlar vəhşi heyvan kimi təhlükəlidirlər. Belələrinin zahiri aramlıq və əxlaqına aldanmaq olmaz.

Bəli, gündə bir iddiada olan, imam Mehdidən (ə) xəbərlər gətirən, başqalarının tənqidinə dözə bilməyən, hərəyə bir nöqsan tutan şəxs hara, şiə məktəbində ariflik hara?! Bəli, bə`ziləri dualarının qəbul olunduğunu iddia edib aşkar şəkildə deyir: “Mən istədiyimi Allahdan alıram.” Belələrinə nə deyəsən?!

Allah-təala pak və fəqih Seyid Hacı Ağa Musa Zəncanini hifz etsin. Bir dəfə ondan müəmmalı bir şəxs haqqında soruşdum. Buyurdu ki, bilmirəm. Amma onun dilindən özüm eşitmişdim ki, deyirdi: “İranın hər yerindən insanlar üç məqsədlə Quma gəlir: Xanım Mə`sumənin ziyarəti, Cəmkəran məscidinin ziyarəti, sonra filankəs və mənimlə görüşmək üçün”. Axı necə ola bilər ki, mə`rifət sahibi olan insan belə bir iddia ilə cəmiyyət qarşısında çıxış etsin?!

Bütün bunları nəzərə alaraq bir neçə nöqtəni qeyd etmək lazım gəlir:

1.Həqiqi və sədaqətli övliyaları yalnız onlarla ünsiyyətdən tanımaq olar. Bu qəbil insanların həyatı ilə dərindən tanış olduqda onların kimliyini anlayırsan. Özünü mə`rifət sahibi kimi göstərən riyakarlara yaxınlaşdıqda isə onların iç üzü açılır. Arif insanın həyatı Əhli-beyt (ə) buyuruqları əsasında qurulmuşdur. Allaha yaxınlaşmaq üçün din övliyalarının göstərişlərinə əməl etməkdən savayı yol yoxdur.

2. Kəramət və xariqül`adə işlər yox, ilahi fəzilətlər me`yar olmalıdır. Çünki bir çoxları şeytanların yardımları ilə qeyri-adi işlərə yol tapır. Onlar ətrafdakıları təəccübləndirəcək məharət əldə edirlər. Bu səbəbdən də həqiqi arifdən kəramət yox, ilahi fəzilət ummaq lazımdır. Həqiqi ariflər özlərini göstərmək üçün yox, ətrafdakıların imanını gücləndirmək, Allahın izni ilə bir sıra problemləri həll etmək üçün kəramət göstərirlər.

Şirin dilli arif Vəhdət Kirmanşahi öz dəyərli şe`rində buyurur:

Başqa ölçüsü var eşq bazarının,

Min kəşf haqqı deyil bircə qarının.

Arif Seyid Kamal Musəvi Şirazinin övladından eşitmişdim ki, atası öz şəxsi otağından bir qəzəl asıbmış. Belə görünür ki, arif həmin qəzəldəki maarifə e`tiqadlı imiş. Həmin qəzəldə kəşf -kəramətə, qeyri-adi işlərə əhəmiyyət verilməməsi tövsiyə olunur:

Mehrindən feyz alıb, keçdik hər nədən,

Gördüklərimizə baxdıq yenidən.

Nişanən deyilmi görünən hər nə?

Hüzuruna doğru götürdük qədəm.

Kəşf-kəramətdən danışmaq yetər,

Kəramət önündə durmuşuq hər dəm.

Məqam nə, baxış nə, görüş nə, hal nə?

Onsuz da eşqimiz gəlməyəsi kəm.

Yuxu, xəyal bildik bütün bunları,

Yuxu, xəyal puçdu aşiqə hökmən.

Kəramət-mö`cüzə eşqin bəlası,

Min şükür, bəlaya verməmişik tən.

Hər bir insanı olduğu kimi görək. İnsanlardan büt yaratmayaq. Yersiz tə`riflərimizlə həqiqətdən uzaqlaşıb, biganələrin hücumlarına yol açmayaq.

Müqəddimənin sonunda əziz oxuculardan xahiş edirik ki, Allahın övliyaları haqqında bildiklərini bizimlə bölüşsünlər. Biz silsilə yazılarımızda həmin mə`lumatları oxuculara təqdim edərik.

Başqa bir xahişimiz budur ki, diqqətli dinləyicilərin hər hansı qeydləri və tənqidləri olarsa, bu barədə bizi mə`lumatlandırsınlar və növbəti nəşrlərimizdə yerli iradları nəzərə alaq. Səmimi diqqətinizə görə öncədən sizə təşəkkür edirik.

Məhəmməd Cavad Nurməhəmmədi

(Hicri-qəməri 1427-ci il, Fatimiyyə günləri, Nəcəfabad elmi hövzəsi)

BÖYÜK ARİF AYƏTULLAH HACI ŞEYX ƏLİ AĞA SƏADƏTPƏRVƏRİN (PƏHLƏVANİ TEHRANİ) ŞƏXSİYYƏTİ VƏ HƏYATI HAQQINDA

TÖVHİD BADƏSİNİN SAQİSİ

Mə`rifət şe`rinin şah beytin, inan

Köksündə gəzdirir o arif insan.

Onda birləşmişdir zöhd ilə ürfan,

Tövhid badəsini tutmuş o insan.

Əli yolun getmiş, Əliyə oxşar,

Tövhid əhli üçün onda işıq var.

Bir eşq yolçusudur, səbri rizası,

Yaşamış qorxu ilə ümid arası.

Bir eşq şərbətidir, varlığı sirli,

Bağlı xəzinədir, ağzı möhürlü.

Cisim qəfəsindən qurtulan o quş

Yerlərdən göylərə xəbər aparmış.

Dodağından kövsər qaynayar hər an,

Susuzlar təşnəsin yatırar ondan.

Yuxarıdakı şe`ri arif şeyxin aşiqlərindən biri yazmışdır.

İmam Xomeyninin (r) qələmindən:

Torpaq övladında bu nə gözəllik!

Yox, torpaqdan deyil, cənnət quşudur.

Dodaqlardan soruş suyun dəyərin,

O, ərşin bizimçün yaranmışıdır!

Ey mə`nəviyyat və mə`rifət səfiri! Ey ərş yolun ötüb-keçmiş! Səfərə çıxdın və yüzlərlə könül karvanını özünlə apardın. Bizi görüşünə həsrət qoydun. Sən özündən öncəki mə`rifət aşiqlərinin meyvəsi idin. Qədim və kamil ariflərin məharətini ən gözəl şəkildə tövhid yolçularına təqdim etdin. Şiə cəmiyyətinin mə`nəvi fəzasında fəzilətli gənclərin qəlbini tövhidə yönəldib, onlardan böyük insanlar yetirə bildin. Keçmiş övliyaların nurani səmərəsini növbəti nəsilə ötürməyi bacardın.

Kim sənin mə`rifət nurunda təqdim etdiklərini dana bilər?! Sənin şəxsiyyət və əqidəni nəzərdən keçirdikdə zehnimdə hikmətli bir sözün canlanır: “Hünər fe`lin tutumudur və fe`lin tutumu tövhiddədir.” (Bu sözləri Ayətullah Cavadi Amilinin təfsir dərsində eşitmişəm). Günəşin nurunu inkar edənlər həmişə olub və var. Sənin fəzilət və gözəlliklərini inkar edən olsa, özünün yarpaqsız və səmərəsiz bir ağac olduğunu göstərir. Onlardan nə düşüncə gözləyəsən?!

Ləyaqətsiz aşiqin olan bu bəndə sənin dünyadan köçünü öz atasının dünyadan köçündən daha ağır gördü. O səni özünə ruhani ata sayırdı. Mə`nəvi atanın cismani atadan şərafətli olması Əhli-beytin buyuruğudur. Mən bu münasibət və əqidəni səni sevən insanlarda, mə`nəviyyat şagirdlərində aşkar görmüşəm.

Nəzərinizə çatdırılacaq nöqtələr ariflər şeyxi, mə`rifət vadisinin məşhuru, pak nəfs sahibi Hacı Şeyx Əli Pəhləvaninin xüsusiyyətlərindən bir qismi idi. Bu yazı naqis və dəyərsiz bir xidmətdir. Arzu edirəm ki, böyük arifin həyatı haqqında inşallah ətraflı və gözəl bir kitab yazılıb, mə`rifət aşiqlərinə təqdim edilsin!

Ümid edirəm ki, böyük arif məni bu cəsarətimə görə əfv edər. Eşq və bağlılıq insana şücaət verir. O cənabın bütün şagirdlərindən acizanə şəkildə xahiş edirəm ki, bu kitabdakı nöqsanları öz böyüklükləri ilə bağışlayıb, qeydlərini müəllifə çatdırsınlar. Həmən qeydləri nəzərə alıb növbəti işlərdə nöqsanları aradan qaldırmağa çalışaram.

TƏRBİYƏ ÜSULU VƏ İLAHİ TƏKAMÜL YOLU

Ariflər şeyxi həzrət Şeyx Əli Pəhləvani xüsusi tərbiyə üsuluna, ilahi təkamül yoluna sahib olmuşdur. İllər uzunu Əllamə Təbatəbainin dəyərli hüzurundan bəhrələnmiş, onun ürfani incəliklərinə varmışdır. O, şiə ariflərinin yolunu izləmiş, böyük arif Ayətullah-üzma axund molla Hüseynqulu Həmədanidən bəhrələnmişdir. Onların Qur`an, Peyğəmbər (s) və Əhli – beyt (ə) göstərən yola dərin e`tiqadı olmuşdur. Ustad öz nurani həyatı boyunca bu böyük məktəbin tanınmış yetirmələri ilə görüşmüş, onların düşüncə və həyatı ilə tanış olmuşdur.

Amma onun özünün də çox gözəl və nurani əməl üslubu olmuşdur. Ustad özündən əvvəlki ariflərin düşüncələrini ümumi şəkildə özündə əks etdirmiş, onların mə`rifət nurundan öz ilahi təkamülündə yetərincə faydalanmışdır.

Ustad onunla görüşə gələnlərin həqiqətən ilahi yol keçmək arzusunda olduğunu gördükdə onları hərarətlə qarşılamış, öz ağuşunu açmışdır. Orta yaşlarda olduğu vaxt yanına gələnləri xüsusi bir şövqlə qarşılamış, özü onlar üçün çay hazırlamış, onlara xidmət göstərmişdir. Şagirdlərdən biri onun ölümünə təəssüflənib ağlayaraq deyirdi: “Hətta almanı doğrayar, öz əli ilə şagirdlərinə yedirərdi”. O öz şagirdlərinin tərbiyəsi ilə can-dildən məşğul idi. Əgər şagirdlərdən biri öz təkamülünə maraq göstərsəydi, verilən tapşırıqları yerinə yetirsəydi, onu tövhid maarifi dərsinə də`vət edərdi.

Ustad adətən Allah aşiqləri üçün məğrib və işa namazlarından sonra məclis qurardı. Hansı məclisdə kimlərin iştirak edəcəyini xüsusi bir qayda ilə tə`yin edərdi. Bu seçimdə hər bir kəsin ilahi tərbiyədə keçdiyi mərhələ nəzərə alınardı. Bu yığıncaqlardan bə`ziləri iyirmi ilədək davam etmişdi.

Bu qəbil məclislərdə adətən şagirdləri tövhid maarifi ilə tanış edəcək məsələlər açıqlanardı. Səy göstərilərdi ki, iştirak edənlər göstərişləri yerinə yetirməkdə daha çox çalışıb, daha çox agahlıq əldə etsinlər. Eşitdiyim və ya bildiyim şeylərdən biri də budur ki, onların məclislərində Seyid ibn Tavusun “İqbalul- ə`mal” kitabından dualar oxunardı. Hafizin divanındakı qəzəlləri ustad özü şərh edərdi. Mə`rifət əhli buyuruqlarının şərhi onun böyük və dəyərli əsərlərindəndir.

Əllamə Təbatəbainin mə`rifət dərslərindən ibarət olan “Ləbbül-bab” risaləsi, Seyid Bəhrül-ülumiyə məxsus mə`rifət kitabı, Saib Təbrizinin seçilmiş tövhidi şe`rləri məclisdə mütaliə olunan mənbələr idi.

Rəcəb və şə`ban aylarında bu iki aya məxsus dualar oxunar və araşdırılardı. Ramazan ayında bütün məclisləri dayandırar, öz mə`budu ilə xəlvətə çəkilər, gecə-gündüz raz-niyaza məşğul olardı.

İlin bütün günlərini Qumda olardı. Dostlarına mə`rifət yönümündə məsləhətlər verərdi. Əlbəttə ki, gündüzlər günortayadək elmi araşdırmalara məşğul olardı. Günortadan sonra axşam azanınadək bütün vaxtını şagirdlərə sərf edərdi. Tələbələrinin mə`rifətlə bağlı məktublarına cavab verərdi. Bu məktubların hər biri çox dəyərlidir. Şagirdlər həmin məktubları iftixarla əzizləyir. Bu məktublar bir yerə toplanıb çap olunarsa, həmin ilahi insandan böyük töhvə olar. Həmin məktublar əsasında onun tərbiyə üsulu ilə dəqiq tanış olmaq mümkündür. Bundan əlavə tələbələri, mə`rifət yolçusu olan dostlarını qəbul edər, onların problemlərinin həlli üçün bacardığını edərdi. İlahi yol yolçularına göstərişlər verərdi. Son illərdə pillələrlə qalxıb-enmək çətin olduğundan günortadan sonralar gələrdi. Girişə yaxın pillədə əyləşib sualları cavablandırardı. Bə`zən bu sorğu-suallar beş saat uzanardı. Məğrib və işa namazlarından sonra da daim məclisləri olurdu. Ətrafındakıların əxlaqi tərbiyəsinə xüsusi diqqət yetirirdi.

Tarixini unutmuşam, bir gün onun hüzurunda söhbətlərindən feyz alırdıq. O buyurdu: “Əllamə Təbatəbaidən ilahi yol, mə`rifət səfəri ilə bağlı göstərişləri aldıqdan sonra, əksər yetirmələrinin iş ardınca getdiyi bir vaxt hiss etdim ki, Əllamə mə`nəvi təkamülü ilə bağlı nailiyyətlərini açıqlamaqdan çəkinir. Çalışırdım ki, onu bir yolla danışdırım. Hər gün suallar hazırlayır, onun xidmətinə gedib danışdırmağa sə`y göstərirdim. Dediklərini qəlbən qəbul edir, sonra bütün söylədiklərini yazırdım. Onun buyurduqlarını mə`rifət əhlinin buyuruqları ilə tutuşdururdum. Əllamə mə`rifət əhlinin işlətdiyi terminlərdən istifadə etməzdi. Şeyx Əli Ağa Pəhləvani bildirir ki, Əllamə Təbatəbai çox qapalı bir adam idi və soruşulmayan bir şey haqqında danışmazdı. Onun nəzərincə, Əllamənin özü ilə apardığı tövhid sirləri açıqladığı sirlərdən qat-qat artıq olmuşdur.

Şeyx Əli Ağa Pəhləvani Əllamənin həyatı dövründə onun dəyərli xəzinəsi vasitəsi ilə şagirdlər tərbiyə etməyə başlamışdır.

O, ilahi mə`rifət yolunda çox aram idi. Addımları sabit bu insan lətif, sıxıntısız göstərişlər verərdi. Çox çalışardı ki, şagird bir mərhələni tam başa vurmamış o birinə keçməsin. İlkin mərhələlərdə büdrəyənlər çox olur. Ustad mə`rifət yolçusunu ağır yükləməz, onun agahlıqla hərəkət etməsinə çalışardı. Şagirdlərin yuxuda və ayıq vaxtı rastlaşdıqları ruhiyyə ustadın dərslərinin məhsulu idi. Şeyx Əli Ağa Pəhləvani hər bir şagirdə diqqətlə nəzarət edirdi. Onların hər əməldə sabitqədəm olmasına çalışırdı. Xarakter, ruh və cisim baxımından yolçunun sağlamlığı mühüm sayılırdı. Qədim tibbdən mə`lumatlı olan ustad şagirdlərinə bu yönümdə də məsləhətlər verirdi. O sağlam orqanizmi ilahi mə`rifət yolçusu üçün e`tibarlı minik sayırdı. Daim tapşırırdı ki, şagirdlər sağlamlıqlarını qorusunlar. Bildirirdi ki, belə olmasa yaşa dolanda ibadət çətinlik törədər.

Çox sadə göstərişlər verirdi. Zahirən sadə olan bu tapşırıqların batinində böyük tə`sir vardı.

Bir gecə buyurdu: “Dostlardan birinin (şagirdləri haqqında danışanda həmişə belə deyərdi) yaxın qohumu ayaqlarının revmatizmindən əziyyət çəkirdi. Məndən dərman istədilər. Dedim ki, ayaqyoluna gedəndə özünü pakladıqdan sonra hökmən parça ilə qurutsun. Bu rütubət ayaqlara pis tə`sir göstərir. Cavanlıqda da olmasa, qocalıqda insan ayaq ağrılarından əziyyət çəkir. Tövsiyəni xəstəyə çatdırdılar. Bir müddət sonra həmin şəxsin sağaldığını bildirdilər."

Həmişə tapşırardı ki, dəstəmaz aldıqdan sonra yaş əllə libasın qollarını aşağı salmasınlar. Bu işin bədən üçün zərərli olduğunu bildirirdi. Deyirdi ki, dəstəmaz suyu ilə islanmış paltar bədənin istisi ilə quruduqda mənfi tə`sir göstərir. Onun nəzərincə, bir çox sümük və əzələ ağrılarının səbəbi bu idi.

SƏMAVİ HAL VƏ FƏZİLƏTLƏR

Şeyx Əli Ağa Pəhləvaninin mə`nəvi kamillikləri və ürfani halı ilə bağlı mə`lumat azdır. O daim diqqəti cəlb etməməyə çalışardı. Hətta ən yaxın şagirdlərinə də yalnız zəruri sözləri deyərdi. Təsadüfi hallarda öz halından danışardı. Bə`zən qarşı tərəfi oyatmaq üçün müəyyən nöqtələri açıqlayardı. Buyururdu ki, hansısa halları əldə etməyə yox, bəndə olmağa çalışmaq lazımdır. Sirli müşahidələrini gizləyə bilməyən insan, ustadın nəzərincə, məqsədə çətin çatar. Övliyaların dilindən nəql edərdi ki, ariflər üçün kəramət qadın üçün aylıq adət kimidir. Yə`ni ariflər öz kəramətlərini bildirməyi ayıb sayır, imkan həddində bu nöqtələri gizləyirlər. Həzrət axund molla Hüseynqulu Həmədani uca mə`rifət məqamına çatdıqdan sonra bildirir ki, arif öz müşahidələrini açıqlamaqdan çəkinməlidir. O öz kamilliklərini bir tərəfə qoyub Allahın sonsuz nuraniyyətinə qərq olmalıdır.

Bəli, cənab Şeyx, heç şübhəsiz, axund molla Hüseynqulu Həmədaninin sadiq ardıcıllarından olmuşdur. Onun üslubu ilə tanış olanlar şeyxi öz dövrlərinin molla Hüseynqulusu saymışlar. Hətta bu mövzuda bir lətifə də danışılır: Şeyxin hüzurunda olmuş bir şəxs belə nəql edir: Mən mə`nəvi məsələlərə könül verib ustad arxasınca gəzdiyim vaxt hər kəsə əmin ola bilmirdim. Əmin deyildim ki, onlar məni mə`rifət yoluna sövq edə bilər. Həmin vaxtlar axund molla Hüseynqulu Həmədanidən kömək istədim. İstəyimin nəticəsi bu oldu ki, Qumda Şeyx Əli adlı birinin ünvanını verdi. Ünvan əsasında Qumun qədim küçələrini dolaşa-dolaşa deyilən yeri tapdım. Qapını döydüm, çox keçməmiş nurani çöhrəli bir qoca çıxdı. Şeyx Əlinin mənzilini soruşdum. O, Şeyx Əli olduğunu bildirib istəyimi soruşdu. Ondan mə`rifət yolu üçün göstəriş istədim. Həmin vaxtdan başlayaraq Şeyxin tapşırıqlarından bəhrələndim. Təəccüb edirdim ki, ustad axtardığım halda belə bir şəxsi necə tanımamışam!

Dövrünün tanınmışlarından və Əllamə Təbatəbainin ilk şagirdlərindən olan mərhum Hacı Şeyx Mahmud Təhriri nəql edir ki, yuxuda mənə dedilər: “Cənab Şeyx Əli Ağa Pəhləvani bizim dövrümüzün axund molla Hüseynqulusudur.”

Doğrusu, Allah-taala bizim dövrümüzdə öz aşiqlərini heyrətdən, qeyri-müəyyənlikdən və qəflətdən qurtarmaq üçün bu nəfis və ilahi insanı hədiyyə etmişdi. O canıyanan bir ata, şəfqətli təbib kimi qapısını aşiq tələbələrin üzünə açmış, bütün ömrünü bu yolda sərf etmişdi. O öz varlığını mə`rifət təmənnasında olanlara qurban vermişdi. Bu yolda çox çətinliklər çəkmişdi. İnsanları Allah yoluna yönəltmək vəzifəsini öhdəsinə götürmüş bir şəxs, təbii ki, onların ziddiyyətli xarakterlərinə, cəhalətlərinə, hörmətsizliklərinə, itaətsizliklərinə dözməlidir. Ustad bu yönümdə böyük səbir və dözüm göstərirdi. Onun üçün ən əsası müraciət edənlərin dərdinə şərik olmaq, öz lətif ruhu ilə haqq yolçularına əl tutmaq idi.



  İrəli
Go to TOP