A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əqidəmiz nədir? 10 dərs
Müəllif: Seyyid Riyaz Əl-Həkim
Naşir: Şəhriyar
Çap tarixi: 2008
Səhifələrin sayı: 73
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Fatimə (salamullahi əleyha) cavan ağac kimi vəhy işığının kölgəsində böyüyüb, azadlıq və ədalət meyvəsi yetişdirərək Qur`anın buyurduğu kimi «Şəcəreye Təyyibə» (yaxşılar ağacının) başlanğıcı olmalı idi.

İKİNCİ İMAM: HƏSƏN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

Atası: İmam Əli (əleyhissalam).

Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin üçüncü ilində Mədinə şəhərində dünyaya gəlib. Hicrətin 50-ci ilində Əbu Süfyanın oğlu Müaviyənin hiyləsi və Əşə`sin qızı Cudənin əli ilə zəhərlənib şəhid olur. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunub.

İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) O həzrət və qardaşı imam Hüseyn (əleyhissalam) barəsində buyurur:

Həsən və Hüseyn hər ikisi imamdırlar. İstər qiyam etsinlər istər etməsinlər!”[35]

Cabir Ənsari nəql edir: İmam Həsən (əleyhissalam)-dan eşitdim buyurdu:

“Əxlaqi xüsusiyyətlər ondur: Dilin düzlüyü, günahı e`tiraf etməsi, sailə əta etmək, gözəl əxlaqlı olmaq, yaxşılığa yaxşılıq, qohum-əqraba ilə əlaqəni kəsməmək, qonşunun haqqın qorumaq, haqq sahibin tanımaq, qonağa ehtiram və onların başlıcası həyalı olmaqdır.”[36]

ÜÇÜNCÜ İMAM: HÜSEYN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

SƏKKİZİNCİ DƏRS

Atası: Əli (əleyhissalam)

Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin dördüncü ilində Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-Beyti (əleyhissalam) ilə məhərrəm ayının onuncu (aşura) günündə Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.

Birinci şəxsdir ki, Mədinədə ona xatir torpaq qızardı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in zövcəsi Ümmi Sələməyə bir qabda torpaq verib buyurur:

Cəbrail nazil olub mənə xəbər verdi ki, Ümmətindən bir dəstəsi Hüseyni qətlə yetirəcək. Bu türbəti də mənə verdi. Dedi ki: Elə ki, bu torpaq qızardı bil ki, Hüseyn şəhid olur.”

Bu türbət o vaxta qədər Ümmi Sələmənin yanında qalır ki, imam Hüseyn (əleyhissalam) Kərbəlaya yola düşür. Hər saatda torpağa baxır. Elə ki, torpaq qızarır, vay Hüseyn! Peyğəmbərin balası! - deyə fəryad çəkir. Qadınlar hər tərəfdən gəlirlər. Mədinədə görünməmiş bir şivən qopur.

İmam Hüseyn (əleyhissalam) oğlu Zeynal-Abidin (əleyhissalam)-a belə vəsiyyət edir:

“Oğlum! Allahdan başqa köməyi olmayan bir nəfərə zülm eləmə!”[37]

DÖRDÜNCÜ İMAM: ƏLİ İBNİ HÜSEYN ZEYNAL-ABİDİN (əleyhissalam)

Hicrətin 38-ci ilində şə`ban ayında cümə günü Mədinədə dünyaya gəlir. Həcrətin 99-cu ilində zəhərlənir və şəhid olur. Rəvayətdə var ki, anası fars şahlarından Yəzdigərin qızıdır.

İmam Zeynal-Abidin (əleyhissalam) on yaşında ikən Kərbəlada iştirak edib. Ağır qızdırma içində olduğuna görə o hadisədə şəhid olmur. (Bu da Allahın bir hikmətindən idi) Zöhd və ibadətinə görə məşhur idi. Ona görə də “abidlərin ziynəti” ləqəbi qoyurlar. Alnında səcdə izləri çox qalardı. Gecələr fəqirlərə təam verməkdən ötrü onların mənzillərinə gedərdi.

Həzrət hədislərindən birində buyurur:

“Tənbəllik və əzəyyət verməkdən uzaq ol! Bu iki sifət bütün şərr işlərin açırıdır. Çünki, əgər tənbəl olsan haqqı qaytarmazsan. Əziyyət verən də olsan, haqq sözə səbr etməzsən”


BEŞİNCİ İMAM: MÜHƏMMƏD İBNİ ƏLİ ƏL-BAQİR (əleyhissalam)

Hicrətin 57-ci ilində Mədinədə dünyaya gəlmiş və 114-cü ilində zəhərlənərək şəhadətə yetmişdir. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunmuşdur.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) səhabələrindən biri Cabir ibni Ənsaridən imam Baqir (əleyhissalam) belə rəvayət edir: Mən hələ balaca idim. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bir gün Sizə salam göndərdəi. Soruşdular ki: Bu necə oldu? Cavab verir: Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) yanında oturmuşdum. İmam Hüseyn (əleyhissalam) da orda idi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) mənə xitabən buyurdu:

“Ya Cabir! Bu balamın bir övladı olacaq. Adı da Əli olacaq. Qiyamət günündə nida edən çağrıcaq: Abidlərin ağası dursun! Bu zaman Hüseynin bu oğlu duracaq. Sonra Onun da (Zeynal-Abidinin) oğlu olacaq. Adı Mühəmməd olar. Sən onu görəcəksən. Onu görəndə məndən də ona salam de!”[38]

Başqa bir rəvayətdə isə belə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Cabirə buyurur:

“Sən o qədər yaşayarsan ki, balam Hüseynin övladından birini görərsən. Onun adı Mühəmməd olar. Elmləri, o cümlədən din elmini yaran və çox bilən olar. Elə ki, onu gördün məndən ona salam söylə!”[39]

İmam Mühəmməd Baqir (əleyhissalam) İslam elmlərini ən çox yayan olub və çoxlu şagirdləri olub. İmam hədislərdən birində buyurur:

“İnsanlarla, sizin başqalarının sizə ən yaxşı münasibəti və davranışı olmasını istədiyiniz kimi davranın! Allah-taala möminlərə söyüş verənə, təhqir edənə və əziyyət edənə qəzəb edər!”[40]

ALTINCI İMAM: CƏ`FƏR İBNİ MÜHƏMMƏD ƏS-SADİQ (əleyhissalam)

Hicrətin 80-cı ilində doğulub və 148-ci ildə Mədinədə vəfat edib. Bəqi qəbrəstanlığında dəfn olunub. İslam və dünyəvi elmləri çox tə`lim etmişdir. Vəşşa adlı ravi belə nəql edir: Mən kufə məscidində oldum. 700 nəfər alimlə görüşdüm ki, hamısı deyirdi: Cə`fər ibni Mühəmməddən (əleyhissalam) nəql edirəm. Yə`ni, O mənə deyib. Həzrətin şagirdlərindən, Zürarə ibni Ə`yən, Mühəmməd ibni Müslim əs-Səqəfi və tanınmış kimya alimi Cabir ibni Həyyanın adını çəkmək olar.

İmam Sadiq (əleyhissalam)-ın dövrü elmi və mədəni inkişaf çox qabaqa getmişdi. Bu sahədə Əhli-Beyt (əleyhimussalam)-a və bu məktəbə münasib vaxt gəldi ki, bütün dünyaya yayılsın. Həzrət o qədər Əhli-Beyt (əleyhimussalam) məktəbinin şagirdlərini hazırlayır ki, şiə məzhəbinin adı O həzrətin adı ilə bağlıdır. (Cə`fəri məzhəbi)

Əbu Cə`fər Mənsur, imam Sadiq (əleyhissalam)-a bir nəfərdən sifariş göndərir ki: Nəyə görə başqa camaat kimi siz də bizə qoşulmursunuz? Həzrət (əleyhissalam) cavabında yazır:

“Biz dünya malına vurulmamışıq ki səndən qorxub sənə müraciət edək və sənin də yanında axirətdən bir şey də yoxdur ki, ona görə sənin yanına gələk!”[41]

İmam Sadiq (əleyhissalam)-dan nəql olunur:

Zalimin öz zülmünə dəlillərindən biri budur ki, Allah-taala zülm olunan şəxsi ona müsəllət edər. Əgər çağırsa ona cavab verməz.”

YEDDİNCİ İMAM: MUSA İBNİ CƏ`FƏR ƏL-KAZİM (əleyhissalam)

DOQQUZUNCU DƏRS

Hicrətin 128-ci ilində dünyaya gəlmiş, 183-cü ildə Bağdadda Harun Ər-Rəşidin zindanında zəhərlənib şəhid olmuşdur. Bağdadın ətrafında dəfn olunur və həmin münasibətlə o yerə Kazimiyyə deyiblər. Zalim hakimlərin zülm və əziyyətləri müqabilində çox səbrli, həlim və dözümlü olduğuna görə ona Kazim ləqəbi verilib. Xüsusilə, O həzrətə (əlyehissalam) Harun Rəşid çox zülm etmiş, zindana salmış və dəfələrlə əziyyətə salmışdır. Mühəmməd ibni Təlhə Şafi imam Kazim (əlyehissalam) barəsində yazır:

“Çox əzəmətli və məqamlı imam idi. Şə`n və şöhrəti müsəlmanlar arasında mə`lum idi. Din yolunda ən çox bilən və çalışan və ən çox ibadətdə məşhur olan idi. Çoxlu kəramətləri olub və itaətdə olardı. Gecəni səcdə və qiyam halında keçirir, gündüzlər oruc tutur və sədəqə verirdi. Çox həmlələrə və zülmlərə dözdüyünə görə həzrətə Kazim (səbrli) ləqəbi deyilib.” [42]

İmam (əleyhissalam) Hişam ibni Həkəmə belə vəsiyyət edir:

“Həqiqətən, Allahın insanlar üzərində iki höccəti var. Birinci zahiri höccət, ikinci batini höccət. Zahiri höccət, peyğəmbər, rəsullar və imamlardır. Amma batini höccət isə ağıldır... Ya Hişam! Ağıllı adamdan az əməl çoxluqla qəbul olar. Amma cahil və nəfsinə tabe olandan baş verən çox əməl rədd olunar!”

SƏKKİZİNCİ İMAM: ƏLİ İBNİ MUSA ƏR-RİZA (əleyhissalam)

Hicrətin 148-ci ilində dünyaya gəlmiş 203-cü ildə Xorasan vila yətinin Tus məntəqəsində zəhərlənərək şəhid olur. Müsəlmanlar arasında o qədər fəzilət, kəramət və hikməti ilə tanınır ki, hakim dövran Mə`mun Abbasi Həzrətdən istəyir ki onun canişini olsun. Zorla da olsa İmama (əleyhissalam) bu məsuliyyəti qəbul etdirirlər və İmam (əleyhissalam) şərt qoyur ki, heç bir dövlət məsuliyyətini və hökmünü öhdəsinə almayacaq.

İmam Riza (əleyhissalam) bir çox münhəriflərlə o cümlədən, zənadiqlərlə elmi münazirə aparmış və onları tutarlı dəlillə rədd etmişdir. Bu yolda qarşı tərəf düşmənçilik etmək əvəzinə İmamı (əleyhissalam) dost tutmuş və Ona iman gətirmişdir.

İmam Riza (əleyhissalam) hədislərdən birində buyurur:

“Hər bir insanın dostu onun ağlı, düşməni isə cəhalətidir.”

Həzrət başqa bir hədisdə buyurur:

“Təmizliyə riayət etmək peyğəmbərlərin əxlaqlarındandır!”

DOQQUZUNCU İMAM: MÜHƏMMƏD İBNİ ƏLİ ƏL-CAVAD (əleyhissalam)

Hicrətin 195-ci ildə dünyaya gəlmiş və 220-ci ildə Mö`təsim Abbasinin hiyləsi ilə zəhərlənib şəhid olub Kazimeyn şəhərində imam Kazim (əleyhissalam)-ın yanında dəfn olunub.

Az yaşında imamətə gəlməsinə baxmayaraq çox elmli və hikmətli bir insan olub. Həzrəti öz nəzarətində saxlamaqdan ötrü Mə`mun öz qızını Ona verir. İmam Cavad (əleyhissalam)-ın az yaşında imamətə gəlib belə bir elmə, fəzilətə və savada malik olması dəlalət edir ki, Əhli-Beyt (əlyehimussalam)-ın elmi xüsusi elmdir və bu elmi almaqdan ötrü müəllimə ehtiyac yoxdur. Onların elmi bir başa Allahdandır.

İmam (əleyhissalam) hədislərdə buyurur:

“Əgər cahil sakit olsa, insanlar ixtilaf etməz!”

İmam (əleyhissalam) başqa hadisdə buyurur:

“Mö`min şəxs bir neçə şeyə möhtacdır: Allahdan ona tofiq verilsin, nəfsi tərəfindən özü-özünü moizə etsin və onu nəsihət edəni qəbul etsin!”

ONUNCU İMAM: ƏLİ İBNİ MÜHƏMMƏD ƏL-HADİ (əleyhissalam)

Hicrətin 212-ci ilində dünyaya gəlmiş 254-cü ildə Samerrada zəhərlənib və orada dəfn olunub.

İmam Hadi (əleyhissalam) elə bir hakim və xəlifələrin dövründə yaşayıb ki, Əhli-Beytə qarşı (əleyhimussalam) şiddətlə qəzəb və düşmənçilikləri olub. Onlardan Mütəvəkkil Abbasini qeyd etmək olar. Bu həmin hakimdir ki, göstəriş verir ki, imam Hüsyen (əleyhissalam)-ın qəbrini şumlatdırıb yerində buğda əkdirir. Mütəvəkkil Yəhya ibni Hərsəməti Mədinəyə göndərir ki, imam Hadi (əleyhissalam)-ı İraqa gətirsin. Yəhya nəql edir: Mədinəyə yola düşdüm. Elə ki, şəhərə daxil oldum əhalidən elə yanıqlı bir fəryad eşitdim hələ indiyə qədər heç kimdən elə bir yanıqlı səslər eşitməmişdim. Onlar mənim gəlişimlə imam Hadi (əleyhissalam)-ın canına xətər olduğunu hiss edib fəryad edirdilər. Sanki, bütün dünya ayağa durdu. Ona görə ki, hamı o Həzrəti çox sevir və onların yanında qalmasını istəyirdilər. Əhali bilirdi ki, İmamın (əleyhissalam) dünyaya heç bir meyli yoxdur. Yəhya nəql edir: mən orda bir müddət qaldım və onlara and içdim ki, mən imama heç bir hiylə qurmaqdan ötrü gəlməmişəm. Bizim ona heç bir iradımız yoxdur. Sonra İmamın (əleyhissalam) mənzilinə yola düşdüm. Həzrətin evində elmi kitablar və Allah-taala ilə munacat dualarından başqa bir şey tapmadım. Bununla da Həzrət mənim gözümdə əzəmətli oldu.....”[43]

İmam (əleyhissalam) hədislərdən birində buyurur:

“Hər kəsə nəfsi üstün gəlsə, onun şərrindən amanda qalmaq olmaz!”

ON BİRİNCİ İMAM: İMAM ƏL-HƏSƏN ƏSGƏRİ (əleyhissalam)

Hicrətin 232-ci ilində doğulmuş 260-cı ildə Samerra şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Mühəmməd ibni Əbdül-Əzizi Bəlxi nəql edir: Bir gün sübh tezdən çöldə qoyunların yanında oturmuşdum. Birdən gördüm ki, imam Həsən Əsgəri (əleyhissalam)-ı mənzilindən çıxarıb saraya tərəf aparırlar. Öz-özümə fikirləşdim görəsən nə olar ki, fəryad çəkim ay camaat! Bu kişi Allahın yer üzündə höccətidir. Bunu hamınız tanıyın! – deyim. Sonra qoy məni öldürsünlər.

Elə ki, İmam (əleyhissalam) mənim yanımdan keçdi, barmağını ağzına tutub mənə sakit olmağımı işarə etdi. Həmin gecə Həzrəti yenə gördüm, buyurdu: “Sən orda ya gizlətməli idin ya da ölməli idin. Allah buyurur ki, özünüzü qoruyun!”[44]

Dövranının zalim hakimi dəfələrlə Həzrəti zindana salmışdır. Həzrət (əleyhissalam) Abbasilərin zindanında olanda zindan başı Saleh ibni Vəsifə tapşırırlar ki, Həzrəti sıxıntıda saxlasın. Saleh onlara cavab verir: Mən onunla nə edə bilərəm? Ona iki keşikçi qoymuşam ki, ən şərr adamlardır. O, bu iki şərr adamı ibadət və namaza tərəf gətirmişdir. Bu böyük bir işdir. Hakim göstəriş verir ki, o iki nəfəri çağırsınlır. Onlardan soruşur: Ar olsun sizə! Bu kişi sizə nə edib? Cavab verirlər: Biz, gündüzləri oruc tutub gecələri ibadətdə olan bir şəxs barəsində nə deyə bilərik. İbadətdən başqa bir şey danışmır və məşğul olmur. Elə ki, bizə baxırdı biz Onun yanındı xəcalət çəkirdik. Abbasi zalimləri bu sözləri eşitdikdə xəcalətlərindən başlarını aşağı saldılar.[45]

İmam Həsən Əsgəri (əleyhissalam) hədislərindən birində buyurur:

“Təvazökarlıqdan biri də budur ki, müsəlman hər yanından ötənə salam versin və məclisdə aşağı tərəfdə otursun!”

Başqa hədisdə buyurur:

“Övladın uşaq vaxtı atasına cür`ət etməsi böyüyəndə onun ağ valideyn olmasına işarədir.”

ON İKİNCİ İMAM: MÜHƏMMƏD İBNİ ƏL-HƏSƏN ƏL-MƏHDİ (əleyhissalam)

ONUNCU DƏRS

Hicrətin 255-ci ilində Samerrada dünyaya gəlir. Bu vaxta qədər sağdır və Allah-taalanın izni ilə zühur edəcək.

Ravi ibni Həcər nəql edir: Atasının yanında beş yaşına kimi olur. Beş yaşında atası dünyadan gedir. Allah-taala Öz hikməti ilə Onu qeybə çəkdi.[46]

İslam Peyğəmbərindən (əleyhissalam) çoxlu hədislər nəql olunur ki, zəmanət var ki, müəyyən vaxtda zühuru baş verər. Həzrət İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) və Mə`sum İmamlardan (əleyhissalam) İmamın (əleyhissalam) adının dəqiqliyi ilə qeyd etmişlər. Onlardan:

Birinci: Həzrət Əli (əleyhissalam)-dan nəql olunur, buyurur: “Əl-Məhdi (əleyhissalam) Biz Əhli-Beytdəndir. Allah-taala gecənin birində Onu zühurunu bərqərar edər!”

İkinci: Səid ibni Müsəyyəd nəql edir: İslam Peyğəmbərinin zövcəsi (səlləllahu əleyhi və alehi və səlləm) Ümmü Sələmənin yanında idik. Həzrəti Məhdini (əleyhissalam)-ı bizim yadımıza saldı və dedi: İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) eşitdim buyurdu: Məhdi Fatimənin övladlarındandır.”[47]

Üçüncü: Əbdullahdan nəql olunur: İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) buyurdu: Qiyamət qopmaz o vaxta kimi ki, bir nəfər Biz Əhli-Beytdən zühur edib dünyanı ədalətlə doldurar. Onun adı mənim adımdır.”[48]

Dördüncü: Başqa bir hədisdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur: “Mənim Əhli-Beytimdən bir nəfər gələr hamı ona tabe olar. Adı mənim adımdır.”[49]

Beşinci: Yenə başqa bir hədisdə İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) nəql olunur: “Dünya həyatından hətta bir gün belə qalsa Allah-taala o günü uzadar və mənim Əhli-Beytimdən bir nəfər zühur edər, dünya zülmlə dolduqdan sonra onu ədalətlə dolu edər.”[50]

Altıncı: Də`bəl Xazai nəql edir: İmam Riza (əleyhissalam)-a uzun bir qəsidə dedim. Sonunda belə gəlir:

İmamın zühur etməsi zəruridir,

Allahın-adı ilə bərəkətli olar.

Gəlişilə haqqı batildən ayırar,

Gəlişilə ne`mətlər və rəhmət çoxalar.

İmam Riza (əleyhissalam) ağladı və başını qaldırıb mənə buyurdu: “Həqiqətən, Ruhul-Qüds səninlə bu iki beytdə danışıb.”[51]

Allah-taala imam Məhdini (əleyhissalam) Öz hikməti ilə qeybə çəkib cahanda müəyyən şərait yaranan kimi Allah-taalanın hökmlərinin hər yerdə icra etməkdən ötrü zühur edəcək. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) çoxlu rəvayətlərdə nəql olunur ki, həzrət zəmanət verir ki, imamın zühuru axır-zamanda baş verəcək. Bu rəvayətlərin heç birində deyilmir ki, axır zamanda doğulacaq. Bu da şiələrin e`tiqadı ilə tamamilə uyğun gəlir ki, İmam (əleyhissalam) uzun qeybdən sonra zühur edəcək.[52]

İmam Zamanın (əleyhissalam) qeybə çəkilməsinin iki mərhələsi var:

Birinci mərhələ: Qeybəti-suğra (kiçik qeyb) adlınır. Bu dövran hicrətin 330-cu ilinə qədər davam edir. Bu vaxta qədər İmamın (əleyhissalam) müsəlmanlar arasında xüsusi nümayəndələri var idi. İmamın (əleyhissalam) müsəlmanlar arasında olan nümayəndələri dörd nəfər idilər. Onlar Bağdadda müsəlmanlar arasında yaşamış, orda dəfn olunmuş və orda da qəbrləri məşhurdur. Onlar bunlardır:

Birinci: Osman ibni Səid Ömri. İmam Zamanın (əleyhissalam) və imam Həsən Əsgəri (əleyhissalam)-ın xüsusi və ən e`timadlı vəkillərindən olmuşdur. Hicrətin 280-cı ilində vəfat etmişdir.

İkinci: Mühəmməd ibni Osman ibni Səid Ömri. Hicrətin 304 və ya 305-ci ilində vəfat edib.

Üçüncü: Həsən ibni Ruh Nubəxti. Hicrətin 320-ci ilində vəfat edib.

Dördüncü: Əli ibni Mühəmməd Səməri. Hicrətin 328-ci və ya 329-cu ildə vəfat etdi.

Səmərinin vəfatı ilə İmamın (əleyhissalam) müsəlmanlarla xüsusi səfirləri qurtarır. Bununla da “qeybəti-Suğra” vaxtı sona yetir və “qeybəti-Kubra” başlanır. Bu da Allah-taalanın İmamın (əleyhissalam) zühurunu məsləhət bildiyi vaxta qədər yaşayacaq. Ona görə də bu dövrdə hər kim iddia etsə ki, İmamın (əleyhissalam) vəkili və səfiriyəm, yalançı sayılır.

Həsən ibni Əhməd Mükəttəbdən hədis nəql olunur ki: Bağdadda idim. O il İmamın (əleyhissalam) sonuncu səfiri Səməri (r) vəfat etmişdi. Mən o səfirin ölməsindən bir neçə gün əvvəl ora yetişdim. Bir gün müsəlmanları başına yığıb İmam Zamandan (əleyhissalam) müsəlmanlara müraciət olaraq belə bir məktub oxudu:

Bismillahir rəhmanir rəhim!

Ya Mühəmməd ibni Səməri! Allah sənə müsəlmanlar arasında xüsusi mükafat versin! Sən altı gün içində dünyadan gedəcəksən. İşlərini cəm et! Sənin ölümündən sonra heç kim mənimlə müsəlmanlar arasında xüsusi səfir vəsiyyət etmə. Bununla da tam qeyğbət yetişdi. Allah-taala izin veməyənə qədər zühurdan xəbər yoxdur. Bu zühur uzun müddətdən, qəlblərin kin bağlamasından və yer üzünün zülmlə dolmasından sonra olar. Şiələrimdən bir dəstəsi iddia edər ki, məni görür. Onlar yalançıdırlar. Böyük və uca Allahın güc və qüdrətindən başqa heç bir güc-qüdrət yoxdur!”

Bu məktubu hamı yadında saxladı. Biz ondan ayrıldıq. Yeddinci günü yenə onun yanına getdik. Can üstə idi. Ondan soruşuldu ki, səndən sonra İmamla (əleyhissalam) kim danışacaq? Cavab verdi: “Bu Allaha aid olan işdir. İmamla rabitə kəsildi. Allah özü hökm edəndir.” Bu söz ondan eşidilən sonuncu söz idi. Allah ondan razı olsun![53]

İmam Zamanın (əleyhissalam) uzun müddətli qeybi dövründə müsəlmanların vəzifəsidir ki, şəriət məsələlərində böyük və savadlı alimlər sayılan adil müctəhidlərə müraciət etsinlər. Bu sifarişi də İmam Zaman (əleyhissalam) özü sifariş etmişdir. Hədislərdən birində İmam (əleyhissalam) buyurur:

“Məndən sonra müsəlmanlar şəriət məsələlərində bizdən səhih hədis nəql edənlərə (adil alimlərə) müraciət etsinlər. Onlar mənim sizə onlan höccətlərim və mən də hamıya Allah tarafindən höccətəm.!”[54]

BEŞİNCİ ƏSAS: QİYAMƏT

Qiyamətin mə`nası budur ki, Allah-taala bütün insanları həyatda yaşayıb öldükdən sonra yenə də təzədən dirildəcək və onların əməllərinin hesab-kitabı olacaqdır. Hər kəs özü mükafatını alacıq. Bir dəstə Cənnətdə olub ne`mətlərdən bəhrələnər və bir dəstə də əməllərinin üzəndən Cəhənnəmə düşüb əzaba düçar olarlar.

Qur`ani-Kərimdə çox yerdə ayələrdə bu mətləbə tə`kidlə işarələr olmuşdur. Allah-taala buyurur:

وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَن فِي السَّمَاوَاتِ وَمَن فِي الْأَرْضِ إِلَّا مَن شَاء اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُم قِيَامٌ يَنظُرُونَ

“Sur (birinci dəfə) çalınacaq, Allahın göylərdə və yerdə olan istədiyi kimsələrdən başqa, dərhal hamı yıxılıb öləcək. Sonra bir daha çalınan kimi onlar (qəbirlərindən) qalxıb (Allahın əmrinə) müntəzir olacaqlar!» [55]

İnsanların ölümdən sonra təzədən dirilməsində heç bir-şəkk şübhə yoxdur. Allah-taala Qur`anda bu barədə təkəbbürlü kafirlərə işarə etmişdir ki, necə ki, əvvəldə Allah-taala heç nədən insanı yaratdı öldükdən sonra da təzədən dirildəcək. Qur`an buyurur:

وَضَرَبَ لَنَا مَثَلاً وَنَسِيَ خَلْقَهُ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ (78) قُلْ يُحْيِيهَا الَّذِي أَنشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ

“Öz yaradılışını unudub: "Çürümüş sümükləri kim dirildə bilər?!" - deyə, hələ Bizə bir məsəl də çəkdi.

79. (Ya Peyğəmbər!) De: "Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu (yaradılışından əvvəl də, sonra da) çox gözəl tanıyandır!”[56]

Hər bir müsəlmana vacibdir ki, öz həyatında xeyir əməllərdən bəhrələnsin və Allahın itaətində olub günahdan çəkinsin. Bununla da Allah-taalanın razılığını və mərhəmətini ələ gətirsin.

رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِياً يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ (193) رَبَّنَا وَآتِنَا مَا وَعَدتَّنَا عَلَى رُسُلِكَ وَلاَ تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لاَ تُخْلِفُ الْمِيعَادَ

“Ey Rəbbimiz! Həqiqətən, biz: "Rəbbinizə inanın!" - deyə imana tərəf çağıran bir kimsənin çağırışını eşidib Sənə iman gətirdik. Ey Rəbbimiz! İndi günahlarımızı bizə bağışla, təqsirlərimizdən keç (böyük günahlarımızı bağışla, kiçik günahlarımızın üstünü ört) və canımızı yaxşı əməl sahibləri ilə bir yerdə al ! (194) Ey Rəbbimiz! Öz peyğəmbərlərin vasitəsilə bizə və’d etdiklərini ver və qiyamət günündə bizi rüsvay etmə! Əlbəttə, Sən Öz və’dinə xilaf çıxmazsan!"[57]

Bütün bunlar (beş əsas) dinimizin əsasları (Üsuliddin) adlanır. Bundan başqa dinin bir çox zəruri məsələləri vardır ki, onlara dadaha ətraflı yazılmış kitablara müraciət etmək lazımdır.

Bununla da bizim əqidə barəsindəki bəhsimiz sona yetir. Allah-taaladan arzu edirəm ki, müsəlman bacı və qardaşlar, xüsusilə cavanlar bu əlyazmadan lazımınca bəhrələnsinlər. Allah-taala hamının pak əməllərin qəbul etsin və Qiyamətin günündə xətalarımızdan keçsin! Allah-taala mərhəmətlilərin mərhəmətlisidir!

Hicri ilə 1424-cü il rəcəb ayı.

Riyaz Əl-Həkim

SUALLAR

1. İmamət nədir?

2. Nəyə görə imam Peyğəmbər (səlləllahu əleyhi və alehi və səlləm) tərəfindən tə`yin olunmalıdır?

3. Əhli-Beytin (əleyhissalam) imamətinə dəlalət edən iki hədis nəql et?

4. On iki imam kimlərdir?

5. Əli (əleyhissalam)-ın oğlu Həzrəti Abbas (əleyhissalam) imam sayılır ya yox?

6. Həzrət Əli (əleyhissalam)-ın imamətinə dəlalət edən iki dəlil zikr edin?

7. Həzrət Əli (əleyhissalam)-dan bir hədis zikr edin?

8. İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) imam Həsən və imam Hüseyn (əleyhissalam) barəsində bir hədis nəql edin?

9. Hər bir imamdan bir hədis nəql edin?

10. İmam Zaman (əleyhissalam) haqqında İslam Peyğəmbərindən (səlləllahu əleyhi və alehi və səlləm) hədis nəql edin?

11. İmam Zamanın (əleyhissalam) dörd naibinin adını deyin?



Geri   İrəli
Go to TOP