A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالأَنصَابُ وَالأَزْلاَمُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, həqiqətən şərab, qumar və asılmış bütlər(ə ibadət etmək, onlar üçün qurban kəsmək və həmin qurbanın ətindən yemək) və qumardakı püşk oxları nəcis və murdardır və Şeytanın ixtiralarındandır. Buna görə də onlardan çəkinin, bəlkə nicat tapasınız.»

TƏFSİR:

Ərəblərin şerə, şəraba və müharibəyə çox maraqları var idi. Ona görə də şərab tədricən, mərhələ-mərhələ qadağan olundu. Əvvəlcə «Nəhl» surəsinin 67-ci ayəsi nazil oldu və buyurdu ki, xurmadan və üzümdən həm ruzi hazırlanır, həm də məstedicidir.

Sonra isə, «Bəqərə» surəsinin 219-cu ayəsində qumar və şərabın zahiri mənfəətlərinə işarə edilir və onun günahlarının daha çox olduğu qeyd olunur. Daha sonra isə «Nisa» surəsinin 43-cü ayəsində məst halda namaz qılmaq qadağan edildi.

Daha sonra yuxarıdakı ayə nazil olub bu işin çirkin, şeytani əməl və haram olduğunu göstərdi.[50]

«Xəmr» örtmək, gizlətmək mənasına olan «xumur»la eyni kökdən alınmışdır, qadınların başına bağladıqları şeyə «ximar» deyilir (cəm forması «xumur»). Çünki bu qadınların saçlarını örtdüyü kimi, şərab da insanın əqlini örtür, pərdələyir.

«Məysir» asanlıq mənasına olan «yusr» kökündən alınmışdır. Çünki qumarda şəxslər zəhmət çəkmədən çoxlu pul əldə edirlər. «Əzlam» da bir püşk atma növüdür ki, cahiliyyət dövründə yayılan çubuq vasitəsilə edilirdi.

İNCƏ MƏTLƏBLƏR

1. İmanla şərab içmək bir-biri ilə uyğun gəlmir.

2. Şərab və qumar bütpərəstliklə eyni səviyyədədir.

(Hədisdə qeyd olunur ki, «şərab içən bütpərəst kimidir».)

3. İslamın əmr etdiyi və qadağan buyurduğu heç bir şey hikmətsiz və dəlilsiz deyildir.

4. Mömin şəxs şərab içməməkdən əlavə şərab qoyulan süfrəyə belə yaxın düşməməlidir. Çünki insanların səadətində sağlam qidanın çox təsiri vardır.[51]

Buna əsasən, şərabdan çəkinməlisiniz ki, düz yola hidayət olunub qurtuluşa nail olasınız.

AYƏ 91:

﴿ إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاء فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَن ذِكْرِ اللّهِ وَعَنِ الصَّلاَةِ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən Şeytan şərab və qumarla (sizi onlara aludə edib onların düşkünü etməklə) aranızda düşmənçilik və kin salmaq və sizi Allahın zikrindən və namazdan saxlamaq istəyir. Belə isə əl çəkəcəksinizmi?»

TƏFSİR:

Mövcud faktlara əsasən qətl, qəza hadisələri, təlaq (boşanma) halları, ruhi və böyrək xəstəlikləri və s.-nin çoxu şərabdan yaranır. Buna baxmayaraq, Qurani-Kərim onun haram edilməsinin fəlsəfəsi kimi iki əsas məsələni irəli çəkir: biri ictimai zərər (insanların bir-birinə ədavət bəsləməsi), digəri isə mənəvi zərərdir (namazdan və Allahı yad etməkdən qafil olmaq).

İNCƏ MƏTLƏBLƏR

1. Hökmlərin fəlsəfəsinin bəyan edilməsi sözün təsir qoyması amillərindən biridir.

2. Kin-küdurət yaradan bütün amillərlə mübarizə aparmaq lazımdır.

3. Camaat arasında ədavət və kin-küdurətin yaranmasına səbəb olan hər kəs və hər bir hərəkət şeytani hərəkətdir.

4. Namazdan və Allahı yad etməkdən qafil olmağa, əqlin aradan getməsinə səbəb olan hər bir iş  qumar və şərab kimi  bəyənilməzdir.

5. Hər yerdə kin-küdurət və ədavət olsa, yaxşı olar ki, onun maddi mənfəətlərindən imtina edilsin. (Şərabda və qumarda mənfəət də vardır, lakin qoyduğu pis təsirlərə görə haram edilir.)

6. Ruhi və mənəvi zərərlər maddi və fiziki zərərlərdən daha ağırdır (halbuki şərabın cismi zərəri də vardır. Lakin bu məsələdə ədavət və qəflətlə əlaqədar təkid edilir).

Buna əsasən, şərab içmək və qumar oynamaq  insanların həm axirətdəki, həm də dünyadakı xeyir və məsləhətlərinə görə qadağan edilmişdir. İbn Abbas deyir: “Bu ayədə məqsəd Səd ibn Əbi Vəqqas və ənsardan olan bir kişidir. Onlar bir-biri ilə əhd bağlamışdılar. Ənsardan olan kişi Sədi qonaqlığa çağırdı və təam süfrəsində şərab qoydu, məst oluncaya qədər yeyib-içdilər. Bu zaman hər biri digərinə öyünməyə başladı, iş onların arasında dava-dalaşa gətirib çıxartdı. Ənsardan olan kişi yekə bir sümük parçasını götürüb Sədin burnuna elə çırpdı ki, burnu sındı. Mütəal Allah bu ayəni onların barəsində nazil etdi və buyurdu ki, şeytan sizi aldadaraq əqlin cilovunu əlinizdən almaq, şərab içməyə  və bununla da adi halda yerinə yetirmədiyiniz işlərə vadar etmək istəyir.”

Qütadə deyir: “Bəziləri mal-dövlətlərini və hətta həyat yoldaşını belə qumara qoyur, nəhayət bunları uduzaraq qəm-qüssə çəkirdilər və rəqiblərindən intiqam almaq üçün tədbir tökürdülər.”

Beləliklə, qumarın kin-küdurət və ədavətdən başqa heç bir nəticəsi olmur. Şeytan bu yolla sizi Allahı yad etməkdən yayındırmaq istəyir ki, Onun nemətlərinin şükrünü yerinə yetirməyəsiniz. O sizi dinin möhkəm sütunu olan namazdan qafil edir, belə isə Allaha itaət edin və Onun qadağanlarını görməməzliyə vurmayın.

AYƏ 92:

﴿ وَأَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَاحْذَرُواْ فَإِن تَوَلَّيْتُمْ فَاعْلَمُواْ أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلاَغُ الْمُبِينُ ﴾

TƏRCÜMƏ:

«Allaha itaət edin, Onun peyğəmbərinə tabe olun və (onunla müxalifət etməkdən) çəkinin. Beləliklə, əgər üz döndərsəniz, bilin ki, Bizim peyğəmbərimizin vəzifəsi yalnız (ona tapşırılanı) aydın şəkildə çatdırmaqdır (onun icrası peyğəmbərin vəzifəsi deyildir. İcra imamətin vəzifələrindəndir və həmçinin peyğəmbərin vəzifəsi cəzalandırmaq da deyil, çünki bu, Allahın istək və iradəsindən asılıdır)

TƏFSİR:

Peyğəmbəri-Əkrəmin (s) hakimiyyət, idarəçilik və siyasətlə əlaqədar olan fərmanları eynilə ilahi fərmanlar kimidir: onlara itaət etmək vacibdir. Əgər Allahın fərmanlarına itaət etməkdən imtina etsəniz, ilahi cəzalara düçar olacaqsınız. Çünki Peyğəmbərin (s) vəzifəsi aşkar təbliğ etməkdən başqa bir şey deyildir.

AYƏ 93:

﴿لَيْسَ عَلَى الَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُواْ إِذَا مَا اتَّقَواْ وَّآمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ ثُمَّ اتَّقَواْ وَّآمَنُواْ ثُمَّ اتَّقَواْ وَّأَحْسَنُواْ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ﴾

TƏRCÜMƏ:

«İman gətirib yaxşı işlər görən kəslərə (haram olmamışdan qabaq şərabdan, murdardan və qumarla əldə edilən məhsuldan) daddıqlarında (həmin şeylər haram olduqdan sonra isə) təqvalı olaraq (dinin əslinə ümumi şəkildə) iman gətirib yaxşı işlər gördükləri, sonra təqvalı olub (dinin hökmlərinə müfəssəl surətdə) iman gətirdikləri və yenə də təqvalı olub yaxşı iş gördükləri (din hökmlərini kamil və gözəl surətdə yerinə yetirdikləri) təqdirdə bir günah yoxdur. Allah yaxşıları və yaxşı iş görənləri sevir

TƏFSİR:

Bu ayə, şərabı və qumarı qadağan edən yuxarıdakı ayənin nazil olmasından qabaq şərab içənlərin, yaxud uzaq məntəqələrdə yaşadıqlarına görə hələ bu hökmdən xəbərsiz olanların vəziyyətləri barəsində sual edənlərin cavabında buyurur: İman gətirib gözəl işlər görən və bu hökmün çatmadığı şəxslər, əgər şərab içsələr, yaxud qumardan əldə etdikləri qazancdan yesələr onlara günah yoxdur.

Sonra bu hökmü belə bir şərtlə əlaqələndirir ki, onlar təqvalı olub iman gətirsinlər və saleh əməllər yerinə yetirsinlər. Bir daha bu mövzunu təkrar edərək buyurur: Sonra təqvalı olub iman gətirsinlər. Üçüncü dəfə də azacıq təfavütlə həmin məsələni təkrar edərək buyurur: Təqvalı olub yaxşı iş görsünlər. Ayənin axırında isə buyurulur: Allah yaxşı əməl sahiblərini sevir.

Qeyd olunan bu tövsiyənin hər biri məsuliyyət və təqvalılıq hissinin bir mərhələsinə işarə edir.

Böyük şiə-sünni müfəssirləri bu şərif ayənin, xüsusilə «fi ma təimu» kəlməsinin təfsirində, «təqva» sözünün üç dəfə təkrar olunması ilə əlaqədar çox dərin araşdırmalar aparmışlar ki, biz ixtisara riayət edilsin deyə, onları qeyd etmirik. Maraqlananlar sünni və şiələrin böyük və məşhur təfsir kitablarına müraciət edə bilərlər:

Şiə təfsirlərindən: Əli ibn İbrahimin təfsiri, «Əl-mizan», «Kaşif», «Məcməül-bəyan», «Tibyan», «Ətyəbül-bəyan», «Minhacus-Sadiqin», «Safi» və «Nurus-səqəleyn» təfsirləri, Əbul Fütuh Razinin, Molla Sədranın, Şübbərin, Loğmanın, Əyyaşinin, İbn Abbasın, Fərat Kufinin, İmam Həsən Əskərinin (ə) təfsiri, «Camiul-cəvami» təfsiri və s.

Sünni təfsirlərindən isə Məhəmməd ibn Cərir Təbərinin yazdığı «Təfsiri camiul-bəyan», 5-ci cild, səh.36-37, «Zadul-məsir fi elmit-təfsir» (İbn Covzi), 2-ci cild, səh. 419, İbn Kəsirin təfsiri, 2-ci cild, səh. 91. 92, Fəxr Razinin «Əl-kəbir» təfsiri, 11-12-ci cüz, səh. 883.

AYƏ 94:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لَيَبْلُوَنَّكُمُ اللّهُ بِشَيْءٍ مِّنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللّهُ مَن يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, Allah gizlində Ondan qorxanları aşkar etmək (əzəli elminin xaricdə gerçəkləşməsi) üçün sizi mütləq əliniz və nizəniz çatan ovdan bir şeylə (ehram halında olan zaman quru heyvanlarını ovlamağı qadağan etməklə) imtahan edəcəkdir (ki, həmin heyvanlar sizdən hürkməsinlər və sizə yaxınlaşsınlar). Beləliklə, bundan sonra kim (müəyyənləşdirilmiş) həddi aşsa, onun üçün ağrılı bir əzab olacaqdır

TƏFSİR:

Həcc mövsümündə və ehram halında həccə gedən şəxsin şikar etməyə haqqı yoxdur. Həmin dövrlərdə ov bəzən insanın lap yaxınlığına gəlir və adam bir qədər cəld hərəkətlə onu tuta bilər. Lakin Allah-təala insanları imtahan edərək buyurur ki, şikara əl vurmayın. Əgər şikar etsəniz sizə ilahi əzab nazil olar. Şikarın özünün dərdli əzabı yoxdur. Əksinə, əzab qanunu pozmağa görədir. Belə bir müqəddəs məkanda İbrahim İsmaildən keçdiyi üçün siz də şikardan keçin.

AYƏ 95:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَقْتُلُواْ الصَّيْدَ وَأَنتُمْ حُرُمٌ وَمَن قَتَلَهُ مِنكُم مُّتَعَمِّدًا فَجَزَاء مِّثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِّنكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَو عَدْلُ ذَلِكَ صِيَامًا لِّيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللّهُ عَمَّا سَلَف وَمَنْ عَادَ فَيَنتَقِمُ اللّهُ مِنْهُ وَاللّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, ehram halında olarkən ov öldürməyin. Sizdən kim bilərəkdən onu öldürsə, boynuna (əhliləşdirilmiş) dördayaqlılar cinsindən, öldürdüyünün bənzəri olan bir kəffarə düşür (məsələn, dəvəquşunun kəffarəsi dəvə, dağ keçisinin kəffarəsi inək və ceyranın kəffarəsi qoyundur). Sizdən iki nəfər adil (adam) bu bənzərliyə şəhadət versin və o, qurbanlıq kimi Kəbəyə (Kəbənin ətrafındakı qurbanlıq yerinə) çatsın. Yaxud kəffarə (o bənzər heyvanın qiyməti qədər) fəqirlərə yemək vermək və ya onun qədər oruc tutmaqdır (onun qiymətinin bərabəri qədər hər fəqirə bir mudd yəni yeddi yüz əlli qram yemək verməlidir, yaxud müdlərin sayı qədər oruc tutmalıdır) ki, öz işinin cəzasını dadsın. Allah keçənlərə göz yumdu (birinci dəfəni kəffarə ilə bağışladı). Kim yenidən qayıtsa (yenidən Hərəmdə ov etsə , daha bunun kəffarəsi yoxdur, lakin) Allah ondan intiqam alacaqdır və Allah yenilməz qüdrət və intiqam sahibidir

TƏFSİR:

Bu ayədə tam qətiyyətlə və aşkar şəkildə, ehram halında ovun haram edilməsinin hökmü ümumi halda verilir və buyurulur: Ey iman gətirənlər! Ehram halında şikar etməyin.

Sonra ehram halında ov etməyin kəffarəsi barədə buyurulur: Bir kəs qəsdən bir ovu qətlə yetirsə, gərək həmin heyvanın misli olan bir kəffarə versin, yəni qurbanlıq edərək onun ətini fəqirlərə versin.

Burada «misl» dedikdə məqsəd heyvanın görkəm və çəkisindəki oxşarlıqdır, yəni misal üçün, əgər bir şəxs dəvəquşu kimi böyük bir vəhşi heyvanı ovlasa, onun əvəzi olaraq dəvə versin, yaxud əgər ahu şikar edibsə gərək təqribən onun əndazəsində olan qoyun qurbanlıq etsin.

Bu ovun oxşarlıq məsələsi bəzilərində şəkk-şübhə yarada biləcəyindən Quran bu barədə göstəriş verib buyurur ki, bu məsələ iki adil və agah şəxsin nəzarəti altında baş verməlidir.

Kəffarə olaraq qurban kəsilməli olan heyvanın harada kəsilməsinə gəldikdə isə göstəriş verilir ki, qurbanlıq – hədy, Kəbəyə gətirilib, oraya çatdıqdan sonra elə orada zibh edilməlidir.

Sonra əlavə olaraq buyurulur ki, kəffarənin mütləq qurbanlıq şəklində olması vacib deyil. Əksinə, digər iki şey də onu əvəz edə bilər: ya onun dəyəri miqdarında pul ilə təam alınaraq miskinlərə verilməli, ya da onun əvəzində oruc tutulmalıdır.

Bu kəffarələrin səbəbi budur ki, öz qanunsuz əməlinizin cəzasını görəsiniz.

Amma heç bir hökm, adətən,  verildiyindən əvvəlki dövrlərə aid olmadığı üçün buyurulur ki, bu barədə əvvəllər əncam verdiyiniz qanunsuz işləri Allah əfv edir.

Hərgah bir şəxs bu kimi təkrar xəbərdarlıqlara və kəffarə hökmünə etina etmədən yenidən ehram halında ov edərsə, Allah belə şəxslərdən intiqam alacaq. Allah qüdrətlidir və lazım olan zaman intiqam alır.

AYƏ 96:

﴿ أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَّكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ إِلَيْهِ تُحْشَرُونَ ﴾

TƏRCÜMƏ:

«Sizin və müsafirlər üçün bəhrələnmək vasitəsi olsun deyə, sizə (ehram halında olarkən) dənizdən ov ovlamaq və ondan yemək halal edildi. Nə qədər ki, ehramdasınız sizə qurudan ov ovlamaq haramdır. Qorxun o Allahdan ki, Onun hüzuruna toplanılacaqsınız

TƏFSİR:

Bu ayədə dəniz heyvanlarının ovlanması ilə bağlı söhbət açılaraq buyurulur: «Dəniz heyvanlarını ovlamaq və onu yemək sizin üçün ehram halında haram deyildir.»

«Təam» dedikdə məqsəd ovlanmış balıq ətindən yeməkdir. Çünki ayə iki şeyə icazə vermək istəyir: biri ovlamağın özünə, digəri isə ovlanmış balıqdan hazırlanan yeməyə. Sonra bu hökmün fəlsəfəsi bəyan edilərək buyurulur: Bunun səbəbi də odur ki, siz və səfərdə olanlar ondan bəhrələnə biləsiniz. Yəni ehram halında yemək tapmaq üçün əzab-əziyyətə, məşəqqətə düşməməyiniz və bir növ ovdan istifadə edə bilməyiniz üçün dəniz heyvanlarını ov etmək icazəsi verilir. Əvvəldəki hökmü bir daha təkidləndirmək üçün buyurulur: Nə qədər ki, ehram halındasınız, çöl heyvanlarını ovlamaq sizin üçün haramdır.

AYƏ nin axırında qeyd olunan bütün hökmlərə təkid etmək üçün buyurulur: Qiyamət günü hüzuruna qayıdacağınız Allah qarşısında təqvalı olun, Onun əmrləri ilə müxalifətçilik etməyin.

EHRAM HALINDA OVUN QADAĞAN EDİLMƏSİNİN SƏBƏBİ

Bildiyimiz kimi, həcc və ümrə elə ibadətlərdəndir ki, insanı maddi aləmdən ayıraraq mənəviyyatla dolu bir mühitə aparır. Belə bir mühitdə – həcc və ümrə mərasimində maddi həyatın nemətləri, müharibə, mübahisə, çəkişmə, düşmənçilik, cinsi ehtiras, maddi ləzzətlər ümumiyyətlə tərk olunmalıdır. İnsan burada bir növ ilahi qanun əsasında riyazət çəkir. Belə nəzərə çarpır ki, ehram halında ov etmək məhz bu məqsədlə qadağan olunmuşdur.

Bundan əlavə, əgər Allah evinin ziyarətçilərinə ov etmək icazəsi verilsəydi və bu, qanuni bir iş olsaydı, bu müqəddəs məkana illik gediş-gəlişin çoxluğunu nəzərə alaraq orada yaşayan heyvanların çoxunun nəsli kəsilərdi. Xüsusilə, ehram halından başqa vaxtlarda da hərəmdə ov etməyin, ağacları və bitkiləri çıxartmağın haram olmasına diqqət yetirdikdə aydın olur ki, bu göstəriş canlı mühitin mühafizəsi, heyvanların və bitkilərin qorunub saxlanması ilə çox münasibdir.

Buna əsasən,  ilahi hökmlərin fəlsəfəsi həmişə zati deyildir. Bəzən zaman və məkanın, bəzən də tarix və coğrafi şəraitin tələbinə uyğun olaraq dəyişilə bilər. Buna görə də cəmiyyətin izdihamı və ibadi-siyasi mərasimin yerinə yetirilməsi heyvanların nəslinin kəsilməsinə, yaxud ağacların kökündən qoparılmasına və sairəyə səbəb olmamalıdır.

AYƏ 97:

﴿جَعَلَ اللّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِّلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلاَئِدَ ذَلِكَ لِتَعْلَمُواْ أَنَّ اللّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الأَرْضِ وَأَنَّ اللّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ﴾

TƏRCÜMƏ:

«Allah Kəbəni – o möhtərəm və təhlükəsiz evi, haram ayı (Həcc ayını və ya dörd haram ayı), nişanəsiz qurbanlığı və nişanəli qurbanları insanların (din və dünyasının) dayaq və bərqərarlıq vasitəsi etdi. Bu (böyük və hikmətli qanunvericilik) ona görədir ki, siz biləsiniz (ki): Şübhəsiz, Allah göylərdə olanı və yerdə olanı bilir və Allah hər bir şeyi biləndir

TƏFSİR:

«Qiyam» xeymənin sütunu kimi möhkəmlik vasitəsidir.[52]

İmam Sadiq (ə) buyurur: «Beytül-həram ona görə belə adlandırılıb ki, kafirlərin oraya daxil olması haramdır.»[53]

İşlərin qaydaya salınması və onlara qivam verilməsi bir neçə şeyi tələb edir: 1. Mərkəziyyət. 2. Əminamanlıq. 3. Yemək. Allah bu üç vasitənin hər birini Kəbədə və Beytül-həramda qərar vermişdir. Çünki ora həm mərkəzdir, heç kəsin orada münaqişə etməyə haqqı yoxdur, həm də qurbanlıqlar müsəlmanların işlərinin sahmana salınması və onların yeməklə təmin olunması səbəbidir.

«Hədy» nişansız qurbanlıq, «qəlaid» isə nişanlanmış qurbanlıqdır.

Haram aylar aşağıdakılardan ibarətdir: Rəcəb, Zil-qədə, Məhərrəm. Bu aylarda müharibə qadağandır.

Belə bir müqəddəs məkanda milyonlarla insanın bir yerə yığılması, həm əməldə, həm də danışıqda heç bir münaqişə və mübahisəyə yol verilməməsi İslamın imtiyazlarından biridir. Əgər həccin bərəkətlərinə, o cümlədən, Həccə gedərkən başqalarından halallıq istəmək, qohum-əqrəba ilə görüşmək, Həcdə ticarətin rövnəqlənməsi, xüms-zəkatın verilməsi, ümmətlərin İslam maarifi ilə tanışlığı, ən qədim tövhid mərkəzində qərar tutmaq, hər növ təm-təraq və təşrifatı ləğv etmək, hamının eyni ahənglə Allah dərgahına üz gətirib ah-nalə etməsi, peyğəmbərlərin ayaq izlərinə ayaq qoymaq, «Ərəfat» səhrasında tövbə edib Qiyamətin səhnələrini xatırlamaq, kafirlərdən bezarlıq və onlara qarşı nifrət mərasimi kimi siyasi hərəkatın təşkil edilməsi və s. nəzərə aldıqda anlamaq olar ki, həccin bu tədbirləri Allahın sonsuz elmindən qaynaqlanır. Belə ki, O bütün varlıqların hamısından agahdır və məhdud elm belə bir maraqlı tədbirlərə dair göstəriş verməyə qadir deyil.

AYƏ 98-99:

﴿ اعْلَمُواْ أَنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ. مَّا عَلَى الرَّسُولِ إِلاَّ الْبَلاَغُ وَاللّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ ﴾

TƏRCÜMƏ:

98. «Bilin ki, Allah (həm) ağır cəzalandırandır və (həm də) Allah çox bağışlayan və mehribandır

99. «Bizim peyğəmbərimizin vəzifəsi yalnız (dinin hökmlərini) çatdırmaqdır (və həmin hökmlərin cəmiyyətdə əməli surətdə icrası imamətin vəzifələrindən, savab və cəza vermək isə rübubiyyətə aid işlərdəndir). Allah aşkar etdiklərinizi də, gizlətdiklərinizi də bilir

TƏFSİR:

TƏŞVİQLƏ TƏHDİD HƏMİŞƏ YANAŞI OLMALIDIR.

Siz öz işlərinizə cavabdehlik daşıyırsınız və Peyğəmbər (s) sizi heç bir şeyə məcbur etməməlidir. Onun vəzifəsi yalnız dinin hökmlərini çatdırmaqdır.

Allahın elmi hər şeyi tam əhatə etdiyindən sizin həm aşkar etdiyiniz, həm də gizlətdiyiniz şeylər Onun nəzərində eyni səviyyədədir. Sizin bu hökmləri gülərüzlüklə qəbul, yaxud ona etiraz etməyiniz Peyğəmbərdə (s) heç bir nöqsan icad etmir.

AYƏ 100:

﴿ قُل لاَّ يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُواْ اللّهَ يَا أُوْلِي الأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:

«De: “Murdarların çoxluğu səni təəccübləndirsə də, murdarla pak (istər insanın ruhiyyəsində olsun, istərsə də onun əqidə, əxlaq və əməlində) əsla bir deyildir.” Odur ki, ey ağıl sahibləri, Allahdan qorxun, bəlkə nicat tapdınız.»

TƏFSİR:

«Təyyib» (pak-pakizə) və «xəbis» (çirkin, yaramaz) həm insanlara, həm rəftarlara, həm mal-dövlətə, həm qazanclara, həm yeməyə, həm də əşyalara aid edilir. Burada meyar çoxluq və azlıq deyil, haqq və batildir. Buna əsasən ehtiyatlı olun ki, çoxluq sizi aldadaraq günaha tərəf çəkməsin. Əql sahibləri haqqın mehvərinə dolanır, çoxluğun mehvərinə yox. «Palaza bürün, el ilə sürün» məntiqi Quranın məntiqi deyildir.

Təqvasızlıq ağılsızlığın nişanəsidir.

AYƏ 101-102:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَسْأَلُواْ عَنْ أَشْيَاء إِن تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِن تَسْأَلُواْ عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآنُ تُبْدَ لَكُمْ عَفَا اللّهُ عَنْهَا وَاللّهُ غَفُورٌ حَلِيم. قَدْ سَأَلَهَا قَوْمٌ مِّن قَبْلِكُمْ ثُمَّ أَصْبَحُواْ بِهَا كَافِرِينَ ٌ﴾

TƏRCÜMƏ:

101. «Ey iman gətirənlər, (ömrün müddəti, dostların ölümü, var-dövlətin əldən çıxması və yaradılış aləminin hikmətinə və kamil quruluşuna uyğun olaraq gizli qalan məsələlər kimi) sizə aşkar olacağı təqdirdə sizi narahat və qəmgin edəcək şeylər barəsində (Peyğəmbərdən) soruşmayın. Əgər Quran nazil (və vəhy mələyi hazır) olan zaman onların barəsində soruşsanız, sizin üçün aşkar olar. Allah onlardan (keçmişdə verilmiş yersiz suallardan) keçdi (onları əfv etdi). Allah çox bağışlayan və həlimdir

102. «Əlbəttə, sizdən qabaq bir dəstə bu şeyləri soruşdu, sonra isə ona kafir oldu

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Bu və bundan sonrakı ayənin nazil olması barəsində Əli ibn Əbu Talibin (ə) belə buyurduğu nəql olunur: “Bir gün Peyğəmbər (s) xütbə oxudu və həcc barəsində Allahın göstərişini bəyan etdi. Ükaşə (başqa rəvayətə görə Süraqə) adlı bir şəxs dedi:

−Bu göstəriş hər il üçündürmü və həcc əməli hər il yerinə yetrilməlidirmi?

Peyğəmbər (s) onun sualına cavab vermədi. Lakin o tərslik edərək sualını yenidən iki-üç dəfə təkrar etdi. Peyğəmbər (s) buyurdu:

−«Vay olsun sənə! Nə üçün bu qədər israr edirsən? Əgər sənin cavabında «bəli» desəm, həcc bütün illərdə sizin hamınıza vacib olacaqdır. Əgər hər il vacib olsa, onu yerinə yetirməyə qadir olmayacaqsınız, müxalifət də etsəniz, günahkar olacaqsınız. Buna görə də nə qədər ki, sizə bir söz deməmişəm onun üzərində israr etməyin.»

Bu ayə də nazil olaraq onları bu işdən çəkindirdi.

TƏFSİR:

YERSİZ SUALLAR

Şübhəsiz, sual edib soruşmaq həqiqətlərin dərk olunmasının açarıdır. Quran ayələrində və İslam rəvayətlərində müsəlmanlara təkidlə göstərişlər verilir ki, bilmədikləri şeyləri soruşub öyrənsinlər. Amma hər bir qanunun müəyyən istisna halları olduğundan bu təlim-tərbiyə metodunda da istisna halları vardır. O da bundan ibarətdir ki, bəzi hallarda müəyyən məsələlərin aşkar edilməməsi cəmiyyətdə ictimai müvazinətin qorunub-saxlanması və ayrı-ayrı fərdlərin məsləhətinin təmin olunması üçün daha yaxşıdır. Bu cür hallarda həqiqətin aşkar olması üçün müntəzəm şəkildə axtarış aparmaq və cidd-cəhdlə soruşmaq fəzilət deyil, üstəlik xoşagəlməz və məzəmmət olunan bir işdir.

Quran yuxarıdakı ayədə bu məsələni qeyd edərək aşkar şəkildə buyurur: Ey iman gətirənlər, o işlər ki, onların aşkar edilməsi sizin narahat olmağınıza və çətinliyə düşməyinizə səbəb olacaqdır, onlar barəsində sual etməyin. Lakin ayrı-ayrı şəxslərin tərəfindən ardıcıl suallar verilməsi və bunların cavabsız qalması başqaları üçün şəkk-şübhə yaradaraq daha artıq fəsad gətirəcəyindən bu kimi hallarda çox israr etsəniz, Quran vasitəsilə sizə açıqlanacaq və nəticədə əziyyətə düşəcəksiniz.

Sonra əlavə edilir: Allah-təala bəzi məsələləri bəyan etmirsə, əsla Onun qafil qaldığını təsəvvür etməyin. Əksinə, Allah istəmişdir ki, sizi genişlikdə, asudəlikdə qərar versin və bağışlasın. Allah bağışlayan və helm sahibidir.

Həzrət Əlidən (ə) nəql olunan bir hədisdə buyurulur: «Allah sizin üçün müəyyən vaciblər qərar vermişdir. Onları zay etməyin, müəyyən hədd-hüdud və sərhəd də qoymuşdur. Onları keçməyin. Sizi müəyyən işlərdən çəkindirmişdir ki, onların qarşısında (israr edərək) pərdələri yırtmayın. Müəyyən işlər barəsində sükut etmiş, məsləhəti onun örtülü qalmasında görmüşdür və bunun örtülü qalması unutqanlıq üzərindən deyildir. Bu kimi işlərin aşkar olunmasına israr etməyin.»



Geri   İrəli
Go to TOP