A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


«Şübhəsiz, “Allah həmin Məryəm oğlu Məsihdir (vücudu vacib olan varlıq mümkün varlığa çevrilib və ya vücudu vacib olan varlıq mümkün varlığa daxil olub)” deyən kəslər kafir oldular. Halbuki Məsihin özü “ey İsrail övladları, (həm) mənim Rəbbim və (həm də) sizin Rəbbiniz olan Allaha ibadət edin. Şübhəsiz, Allah Ona şərik qoşana Cənnəti haram edər və onun qalacağı yer oddur. Zalımlara əsla kömək edən yoxdur” demişdi

TƏFSİR:

Əvvəlki ayələrdə yəhudilərin haqq yoldan azmaları ilə əlaqədar olan bəhslərin ardınca bu və bundan sonrakı ayədə məsihilərin yoldan azmasından söhbət açılır, əvvəlcə onların ən mühüm azğınçılıqları, yəni həzrət Məsihin ilahiləşdirilməsi məsələsini irəli çəkərək buyurur: Şübhəsiz, «Allah Məryəmin oğlu Məsihdir» – deyənlər kafir oldular. Halbuki, Məsihin özü Bəni-İsrailə aşkar şəkildə demişdi ki, «Mənim və sizin Pərvərdigarınız olan yeganə Allaha pərəstiş edin.»

Həmçinin Həzrət Məsih bu mətləbə təkid etmək, hər növ yanlış fikri və anlaşılmazlığı dəf etmək üçün əlavə etdi: “Hər kəs Allaha şərik qoşsa, Allah behişti ona haram edər və onun yeri cəhənnəmdir.” Eləcə də daha artıq təkid etmək, şirkin və həddi aşmağın bir növ aşkar zülm olduğunu isbat etmək üçün onlara dedi: “Zalımların heç bir dostu və köməkçisi olmayacaqdır.”

Yuxarıdakı ayədə Həzrət Məsihin (ə) tövhid məsələsi ilə əlaqədar israrlarında duyulan mətləb məsihilərin mövcud mənbələri ilə də uyğundur.[40] Bu da Quranın əzəmətli dəlillərindən hesab edilir.

AYƏ 73:

﴿لَّقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ ثَالِثُ ثَلاَثَةٍ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ إِلَـهٌ وَاحِدٌ وَإِن لَّمْ يَنتَهُواْ عَمَّا يَقُولُونَ لَيَمَسَّنَّ الَّذِينَ كَفَرُواْ مِنْهُمْ عَذَابٌ أَلِيمٌ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, “Allah üç ilahi ünsürdən (ata, oğul və Ruhul-Qudusdan) biridir” deyənlər kafir oldular, halbuki tək olan Allahdan başqa heç bir tanrı yoxdur. Əgər dediklərindən çəkinməsələr, şübhəsiz onlardan (bu etiqadla) kafir olanlara ağrılı bir əzab yetişəcəkdir

TƏFSİR:

Diqqət yetirmək lazımdır ki, əvvəlki ayələrdə Allah barəsində həddini aşaraq İsa (ə) ilə Allahın ittihadını iddia etməkdən söhbət gedirdi, lakin bu ayədə məsihilərin nəzərindən məbudların çoxluğu, yəni tövhiddə üçlük məsələsinə işarə edilir və buyurulur: Allahın “üç allahdan” üçüncüsü olduğunu deyənlər, şübhəsiz kafir oldular.

Quran onların cavabında əvvəlcə qəti şəkildə buyurur: Yeganə Allahdan başqa heç bir məbud yoxdur. Sonda təkidli xitablarla onlara buyurur ki, əgər bu yanlış əqidədən əl çəkməsələr, onda küfrdə qalan belə şəxsləri dərdli əzablar gözləyir.

AYƏ 74:

﴿ أَفَلاَ يَتُوبُونَ إِلَى اللّهِ وَيَسْتَغْفِرُونَهُ وَاللّهُ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:

«Bəs nə üçün onlar, Allah çox bağışlayan və mehriban olduğu halda, Allaha tərəf qayıtmır və Ondan bağışlanmaq diləmirlər?»

TƏFSİR:

Bu mübarək ayə inhirafçı əqidələr qarşısında ayıq olmağın zəruri və lazım olduğuna dəlalət edir. Bu ayə yollarından azanları ilahi rəhmət və əfvlə müjdələyərək düzgün yola dəvət edir və buyurur ki, tövbə etdikləri təqdirdə Allah həm onları bağışlayar, həm də Öz rəhmətini onlara şamil edər.

AYƏ 75:

﴿مَّا الْمَسِيحُ ابْنُ مَرْيَمَ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ وَأُمُّهُ صِدِّيقَةٌ كَانَا يَأْكُلاَنِ الطَّعَامَ انظُرْ كَيْفَ نُبَيِّنُ لَهُمُ الآيَاتِ ثُمَّ انظُرْ أَنَّى يُؤْفَكُونَ﴾

TƏRCÜMƏ:

«Məryəm oğlu Məsih yalnız bir peyğəmbərdir ki, ondan əvvəl də peyğəmbərlər keç(ib-get)mişlər. Onun anası çox doğruçu və əməli düz bir qadın olub. Onların hər ikisi yemək yeyirdilər (dünyaya gəlməsi, peyğəmbərliyi və yemək yeməsi, bunların hər üçü İncildə var. Deməli onlar Allah olmayıblar). Gör Biz ayə və (Öz tovhidimizin və İsanın bəndə olmasının) nişanələri(ni) necə bəyan edirik, sonra (da) gör onlar necə və hara qaytarılırlar?!»

TƏFSİR:

Bu ayədə Allah-təala Həzrət Məsihin (ə)  ilahiləşdirilməsinin rədd olunmasına dair üç dəlil gətirir:

1. O, Məryəmin oğludur və anadan doğulmuşdur.

2. Onun kimi peyğəmbərlər də olmuşdur və o misilsiz deyildir.

3. O da başqaları kimi yemək yeməyə və təbii həyat üçün lazım olan şeylərə ehtiyaclıdır. O özünün fiziki qüvvəsini bir tikə çörəkdən əldə edir. Deməli, Allah olmaq üçün mütləq qüdrət sahibi deyildir. Yemək yeməyə ehtiyaclı olan bir şəxs həmin yeməyin xaliqi və yaradanı ola bilməz. Bunlar Quranın aşkar bəyanlarıdır və möcüzə kimi bəzi imtiyazlara və istisna hallara malik olmaq şəxsin ilahiləşdirilməsinə dəlil deyil. Halbuki, başqa peyğəmbərlər də möcüzə göstərirdilər. Yaxud Adəm peyğəmbər (ə) dünyaya atasız-anasız gəlmişdir. Allah nə cismdir, nə doğulmuşdur. O heç bir cəhətdən ehtiyaclı deyildir və məkana da ehtiyacı yoxdur.

Aydın olur ki, Məryəm (ə) də Allahın övliyalarındandır. Quran müqəddəs qadınları tərifləmiş, Həzrət Məryəmi (ə) Siddiqə (doğruçu) hesab etmişdir. Başqa ayələrdə Məryəmin ilahi kəlmələri təsdiq etməsi və onun abidlərdən olması buyurulur.[41]

AYƏ 76:

﴿ قُلْ أَتَعْبُدُونَ مِن دُونِ اللّهِ مَا لاَ يَمْلِكُ لَكُمْ ضَرًّا وَلاَ نَفْعًا وَاللّهُ هُوَ السَّمِيعُ الْعَلِيمُ ﴾

TƏRCÜMƏ:

«De: “Allahı qoyub (müstəqil surətdə) sizə heç bir ziyan və xeyir vermək imkan və qüdrəti olmayan şeyə ibadət edirsiniz?! Allah eşidən və biləndir!”»

TƏFSİR:

Yuxarıdakı dəlilləri təkmilləşdirmək üçün bu ayədə buyurulur: Siz bilirsiniz ki, Məsihin (ə) özü başdan-ayağa bəşəri ehtiyaclara malik idi, nəinki sizin xeyir və ziyanınız, hətta özünün belə xeyir və ziyanı öz əlində deyildi. De: “Yoxsa elə şeylərə pərəstiş edirsiniz ki, nə sizin özünüzün, nə də sizin faydanızın sahibidir?!”

Məhz buna görə də dəfələrlə düşmənlərin əlində giriftar oldu və ya dostları tərəfindən çətinliyə məruz qaldı. Əgər Allahın mərhəməti onların halına şamil olmasaydı, heç bir addım da ata bilməzdilər.

AYƏ nin axırında onlara xəbərdarlıq edilir: «Allahın sizin yaramaz sözlərinizi eşitmədiyini, yaxud sizin batini niyyətlərinizdən agah olmadığını güman etməyin; Allah həm eşidəndir, həm də biləndir!»

İNCƏ MƏTLƏBLƏR

1. Şirk yolunun batil olmasında öz əqlinizə və vicdanınıza müraciət edin.

2. Allahdan başqa digər məbudlar nəinki sizin ehtiyaclarınızı aradan qaldırmaqda, hətta, onları eşidib dərk etməkdə belə acizdirlər.

AYƏ 77:

﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لاَ تَغْلُواْ فِي دِينِكُمْ غَيْرَ الْحَقِّ وَلاَ تَتَّبِعُواْ أَهْوَاء قَوْمٍ قَدْ ضَلُّواْ مِن قَبْلُ وَأَضَلُّواْ كَثِيرًا وَضَلُّواْ عَن سَوَاء السَّبِيلِ ﴾

TƏRCÜMƏ:

«De: “Ey kitab əhli, öz dininizdə haqsız yerə ifrata varmayın (bəşər övladını Allah və ya Allahın oğlu, yaxud üç Allahdan biri hesab etməyin) və həmçinin bundan qabaq (fitrətin düz yolundan) azmış, çoxlarını azdırmış və doğru yoldan (peyğəmbərlərin şəriətlərindən) sapmış dəstənin nəfsi istəklərinə tabe olmayın”»

TƏFSİR:

Bu ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, kitab əhlinin, ilahi peyğəmbərlərin barəsində ifrata varmaqla əlaqədar yol verdikləri yanlış fikirlərini aydınlaşdırsın, bunun ardınca aydın dəlillərlə onları haqqa dəvət etsin ki, bu yoldan ciddi şəkildə qayıtsınlar. Peyğəmbərə (s) buyurulur: De: “Ey kitab əhli! Öz dininizdə həddən ziyadə təcavüz etməyin və haqdan başqa bir şey deməyin.”

Əlbəttə, məsihilərin həddini aşması tam aydındır. Lakin bu ayə «ya əhləl-kitab» xitabı ilə deyildiyinə görə yəhudilərə də şamil olur. Bəlkə də onların həddi aşmaları, Üzeyir peyğəmbər (ə) barəsində dedikləri sözlərdir. Çünki yəhudilər onu Allahın övladı hesab edirdilər.

Həddi aşma və ifratçılıq əksər hallarda yolllarını azanların nəfs istəklərinə tabe olmaqdan irəli gəldiyindən bu sözün təkmil olunması üçün buyurulur: Sizdən əvvəllər yollarını azan və çoxlarını da yoldan azdıranların həvayi-nəfsinə tabe olmayın.

Bu cümlədə məsihilərin tarixində də aşkar görünən bir mətləbə işarə olunur. Bu da Həzrət Məsih (ə) haqqında ifrat əqidəyə varıb onu ilahiləşdirmələri, üçlüyə inanmalarıdır. Bu əqidə məsihiyyətin yarandığı ilk əsrlərdə onların arasında mövcud olmamışdır. Hind bütpərəstləri və onlar kimilər bu dinə iman gətirdikdən sonra özlərinin sabiq dinlərinin təslis (üçlük) və şirkdən ibarət olan qalıqlarını məsihi dininə artırmışlar.

AYƏ 78:

﴿ لُعِنَ الَّذِينَ كَفَرُواْ مِن بَنِي إِسْرَائِيلَ عَلَى لِسَانِ دَاوُودَ وَعِيسَى ابْنِ مَرْيَمَ ذَلِكَ بِمَا عَصَوا وَّكَانُواْ يَعْتَدُونَ ﴾

TƏRCÜMƏ:

«Bəni-İsraildən kafir olanlar Davudun və İsa ibn Məryəmin dili ilə lənət olundular. (Peyğəmbərlərin bu nifrin və lənəti) onların mürtəkib olduqları təcavüzkarlıq və günahların cəzası idi.»

TƏFSİR:

Həzrət Davud (ə) Bəni-İsraili şənbə günlərinin tətili barəsində olan göstərişdən boyun qaçırdıqlarına görə lənətləmişdi. Həzrət İsa (ə) isə Bəni-İsrailin qəlbi aramlıq tapmaları üçün səmavi süfrənin nazil olmasını istəmişdi. Onun duası ilə bu süfrə nazil olduqdan və yeyib-içdikdən sonra küfr etdiklərinə görə İsa (ə) onları lənətlədi. Buna görə də onlar ilahi qəzəbə və əzaba düçar oldular.

AYƏ 79:

﴿ كَانُواْ لاَ يَتَنَاهَوْنَ عَن مُّنكَرٍ فَعَلُوهُ لَبِئْسَ مَا كَانُواْ يَفْعَلُونَ ﴾

TƏRCÜMƏ:

«Onlar etdikləri heç bir çirkin işdən əl çəkmir (və bir-birlərini çəkindirmir)dilər. Doğrudan da onların gördükləri iş çox pis idi.»

TƏFSİR:

İmam Sadiq (ə) buyurur: «Bəni-İsrailin yaxşı adamları günah yığıncaqlarına daxil olmurdular, lakin günahkarlarla gülərüzlülüklə, mehribanlıqla davranırdılar.»[42]

Buna görə də fəsad işlər və eybəcərliklər müqabilində laqeydlik göstərənlər peyğəmbərlər tərəfindən lənət olunur. İnsanları pisliklərdən və çirkin əməllərdən çəkindirmək təkcə İslama məxsus deyil, bu vacib hökm bütün dinlərdə mövcud olmuşdur. Bəni-İsrail cəmiyyətində və yəhudilər içərisində fəsada rəvac verildiyinə görə də Allah və Rəsul (s) tərəfindən lənətə düçar oldular.

AYƏ 80:

﴿ تَرَى كَثِيرًا مِّنْهُمْ يَتَوَلَّوْنَ الَّذِينَ كَفَرُواْ لَبِئْسَ مَا قَدَّمَتْ لَهُمْ أَنفُسُهُمْ أَن سَخِطَ اللّهُ عَلَيْهِمْ وَفِي الْعَذَابِ هُمْ خَالِدُونَ ﴾

TƏRCÜMƏ:

«Onların çoxunu kafirlərlə (müşriklərlə) dostluq edən görürsən. Doğrudan da nəfsi istəklərinin onlar üçün qarşıya çıxardığı şey pisdir ki, Allah onlara qəzəb etmiş və onlar ilahi əzabda həmişəlikdirlər

TƏFSİR:

Bu ayədə onların lənətə düçar olmalarına səbəb olan əməllərinin digər biri bəyan olunmuşdur. Bu da Bəni-İsrailin kafirlərlə dostluq və vilayət yaratmalarıdır. Deməli, kafirlərin vilayətini qəbul etmək Allahın qəzəbinə səbəb olur.

AYƏ 81:

﴿ وَلَوْ كَانُوا يُؤْمِنُونَ بِالله والنَّبِيِّ وَمَا أُنزِلَ إِلَيْهِ مَا اتَّخَذُوهُمْ أَوْلِيَاء وَلَـكِنَّ كَثِيرًا مِّنْهُمْ فَاسِقُونَ ﴾

TƏRCÜMƏ:

«Əgər onların Allaha və Peyğəmbərə və ona nazil olana imanları olsaydı, onları (müşrikləri) dost tutmazdılar. Lakin onların çoxu itaətsizdirlər

TƏFSİR:

Bu ayə bir neçə məna verə bilər. O cümlədən:

1. «Əgər yəhudilər Musaya (ə) və onun Tövratına həqiqi mənada iman gətirsəydilər, heç vaxt müşrikləri özlərinə vəli qərar verməzdilər.»[43]

2. «Əgər kafirlər və müşriklər müsəlman olsaydılar, yəhudilər onlarla həmkarlıq etməzdilər». («Əl-mizan» təfsiri)

3. Əgər kitab əhli, yaxud müsəlmanlar Allaha həqiqi iman gətirsəydilər kafirləri özlərinə vəli seçməzdilər. Çünki iman kafirlərin vilayətini qəbul etməklə uyğun gəlmir və bu iş fisq və imansızlıqdır ki, kafirlərlə əlaqədar onların hakimiyyət və istilasının qəbul edilməsinə səbəb olur.

Ümumiyyətlə, hər kəs haqqın mehvərindən xaric olsa, tağutların və kafirlərin şikarı olar.

AYƏ 82:

﴿لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِّلَّذِينَ آمَنُواْ الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُواْ وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَّوَدَّةً لِّلَّذِينَ آمَنُواْ الَّذِينَ قَالُوَاْ إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لاَ يَسْتَكْبِرُونَ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar

TƏFSİR:

Bu ayə Həbəşistanın müsəlmanlarla gözəl rəftar edən məsihi padşahı ilə əlaqədar nazil olmuşdur. Belə ki, besətin beşinci ilində mühacir müsəlmanlar Cəfər ibn Əbu Talibin rəhbərliyi ilə Məkkədən köçərək oraya getdilər və Nəcaşinin himayəsi altında və sığınacağında olub Qüreyş başçıları tərəfindən Həbəşistana göndərilənlərin və müşrik başçılarının əzabından amanda qaldılar. Yəhudilər bu qədər möcüzələri, eləcə də Peyğəmbərin (s) gözəl əxlaqını görməklə ona iman gətirmədilər və müsəlmanların əleyhinə tökülən məkrli tədbirlərdə iştirak edib, əhd-peymanı pozur, fitnə-fəsad törədirdilər. Lakin Həbəşistandakı məsihi ruhanilər «Məryəm» surəsinin ayələrini eşidib ağladılar və müsəlmanları himayə etdilər.

Buna əsasən, yəhudilər İslamın və müsəlmanların ən inadkar və ən qatı düşmənləridir. Onların bu düşmənçiliklərinin dərin tarixi kökləri vardır. Lakin məsihilərin haqq yoldan azmalarına, təslisə – üçlüyə etiqad bəsləməklərinə baxmayaraq nisbətən sağlam ruhiyyəyə malik olduqlarına görə haqqı qəbul etmək üçün daha artıq hazırlığa malikdirlər. Onlar, xüsusilə onların ruhaniləri, məkr və hiylə əhli deyil.

AYƏ 83:

﴿ وَإِذَا سَمِعُواْ مَا أُنزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُواْ مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ﴾

TƏRCÜMƏ:

«Onlar Peyğəmbərə nazil olanı eşidən zaman haqqı tanıdıqları üçün gözlərindən yaş axdığını görərsən. Onlar deyərlər: “Ey Rəbbimiz, iman gətirdik, odur ki, bizi (daim Sənin hüzurunda) şahid olanlardan (və axirət aləminin şahidlərindən) et!”»

TƏFSİR:

Məsihilərin haqqı dinlədikdə sevincdən göz yaşı axıtmalarına iki nümunə göstərmək olar. Onlardan biri Cəfər ibn Əbu Talibin «Məryəm» surəsinin ayələrini Həbəşistanda Nəcaşi üçün oxuduğu zaman, digəri isə məsihilərdən bir qrupunun Cəfərlə birlikdə Mədinəyə gəlib «Yasin» surəsinin ayələrini eşitdikləri zaman baş vermişdi.

Deməli, qəlblərində haqqı qəbul etməyə hazırlığı olanlar haqq kəlmələrini eşitməklə ruhən dəyişilirlər. Lakin buna ləyaqəti olmayanlar ilahi möcüzələri görməklə də təsirlənmirlər.

İnsan  ruhən və fitrətən həqiqət aşiqidir. O öz məşuqu ilə vüsala çatdığı zaman sevinc yaşları axıdır. Əlbəttə, iman və təsdiq mərifət və bəsirət əsasında olmalıdır ki, insan yüz illik yolu bir anlığa qət edə bilsin. Hər bir halda iman əhli öz aqibətinin gözəl sona çatması və imanının davam etməsi üçün daim dua etməlidir.

AYƏ 84-86:

﴿ وَمَا لَنَا لاَ نُؤْمِنُ بِاللّهِ وَمَا جَاءنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَن يُدْخِلَنَا رَبَّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ. فَأَثَابَهُمُ اللّهُ بِمَا قَالُواْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاء الْمُحْسِنِين. وَالَّذِينَ كَفَرُواْ وَكَذَّبُواْ بِآيَاتِنَا أُوْلَـئِكَ أَصْحَابُ الْجَحِيمِ َ ﴾

TƏRCÜMƏ:

84. «Rəbbimizin bizi salehlərin dəstəsinə daxil və onlarla birgə etməsinə göz tikdiyimiz halda bizə nə olub ki, Allaha və haqdan bizə gələnə iman gətirməyək?»

85. «Beləliklə, Allah bu sözlərinin müqabilində onları (ev və ağaclarının) altından çaylar axan Cənnətlərlə mükafatlandırdı ki, orada əbədi qalacaqlar. Budur yaxşı işlər görənlərin mükafatı

86. «Kafir olub ayələrimizi və nişanələrimizi inkar və təkzib edən kəslər isə Cəhənnəmin yoldaşlarıdır

TƏFSİR:

Haqqı dərk etdikdən sonra onu tam aşkar şəkildə, sədaqət və şücaətlə  iqrar edənlər, özlərinin sabiq din yoldaşlarının yaratdığı irticaçı fəzadan qorxmayanlar ən yaxşı əməl sahiblərindəndir. Çünki həm özləri yaxşılıq edərək cəhənnəm əzabından xilas olur, həm də öz etirafları ilə başqaları üçün yolu açırlar. Buna əsasən imanın mükafatı behişt, küfr və təkzibin cəzası isə cəhənnəmdir.

Yuxarıdakı şərif ayədə «haqq» dedikdə məqsəd Quran, İslam və Peyğəmbərin (s) müqəddəs vücududur.

AYƏ 87:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحَرِّمُواْ طَيِّبَاتِ مَا أَحَلَّ اللّهُ لَكُمْ وَلاَ تَعْتَدُواْ إِنَّ اللّهَ لاَ يُحِبُّ الْمُعْتَدِينَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, Allahın sizə halal etdiyi pak şeyləri (haram edilməmiş müxtəlif yaşayış vasitələrini) özünüzə haram etməyin və həddi aşmayın (halalın hədlərini aşaraq harama da keçməyin) ki, həqiqətən Allah həddi aşanları sevmir

TƏFSİR:

Bir gün Rəsuli-Əkrəm (s) Qiyamətdən və məhşər səhnələrindən danışırdı. Camaat həddindən artıq təəssüflənib ağlayırdı. Bundan sonra bəziləri qərara aldı ki, bir daha yaxşı yemək yeməsin, rahatlığı özünə haram etsin, daim oruc tutsun, həyat yoldaşlarını tərk etsinlər və gecələr az yatsınlar. Daha sonra buna əməl edəcəklərinə dair and içdilər.

Peyğəmbər (s) bundan xəbər tutan kimi camaatı məscidə toplayıb buyurdu: «Mən yemək yeyirəm, gecələr yatıram, həyat yoldaşlarımı tərk etmirəm. Bizim dinimiz röhbaniyyət (guşənişinlik, rahiblik) dini deyildir. Hər kəs mənim sünnəmdən üz döndərsə, müsəlman deyildir.»

Bəziləri dedilər: “Bəs and içdiyimiz şeylərlə nə edək?”

Sonrakı ayə nazil oldu və belə buyurdu: «Allah sizi, (qəlbinizlə deyil, dilinizdə olan) əbəs andlar müqabilində cəzalandırmayacaq.»

İNCƏ MƏTLƏBLƏR

1. İslam fitrət dinidir. Bu dində guşənişinlik, rahiblik, ifrat və təfrit qadağandır.

2. Müsəlman şəxs ilahi fərmanlara qeydsiz-şərtsiz təslimdir; o nə halalı haram edir, nə də haramı halal.

Peyğəmbəri-Əkrəm (s) buyurur: «Camaat! Mənim halal etdiklərim Qiyamətə qədər halal, haram etdiklərim də Qiyamətə qədər haramdır.»[44]

3. Bütün halal ləzzətlər, yeməlilər və içməlilər insan üçün yaradılmışdır.

4. Halal nemətlərdən bəhrələnən zaman israf etmək və həddi aşmaq olmaz.

5. Quranın aşkar nəhyi (qadağası) müqabilində olan nəzir, əhd və andların heç bir dəyər və etibarı yoxdur.

AYƏ 88:

﴿ وَكُلُواْ مِمَّا رَزَقَكُمُ اللّهُ حَلاَلاً طَيِّبًا وَاتَّقُواْ اللّهَ الَّذِيَ أَنتُم بِهِ مُؤْمِنُونَ ﴾

TƏRCÜMƏ:

«Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun

TƏFSİR:

Keçən ayədə halal şeylərin haram edilməsi qadağan olunurdu. Bu ayədə isə ilahi nemətlərdən qanuni şəkildə bəhrələnməyə dair əmr edilərək buyurulur: «Allahın sizin üçün halal və pak-pakizə qərar verdiyi ruzilərdən yeyin.»

Peyğəmbəri-Əkrəm (s) buyurur: «Halal ruzi axtarmaq (qazanmaq) hər bir müsəlman qadın və kişiyə vacibdir.»[45]

Yenə buyurur: «İbadət yetmiş qismdir. Onun ən yaxşısı halal ruzi axtarmaqdır (qazanmaqdır).»[46]

Başqa bir hədisdə buyurur: «Halal ruzi axtarmaq Allah yolunda cihaddır.»[47]

Yenə buyurur: «Halal ruzi kəsb etmək vacib namazlardan sonra gələn ən lazımlı  vacibi əməldir.»[48]

Yenə buyurur: «Halal yol ilə ticarətlə məşğul olub qazanc əldə etmək əməllərin ən üstünüdür.»[49]

Yeganə şərt budur ki, iman gətirdiyiniz Allah ilə müxalifətçilik etməkdən çəkinəsiniz. Yəni sizin Allaha iman gətirməyiniz Onun bütün əmr və göstərişlərini möhtərəm sayamağınızı, həm də ilahi nemətlərdən bəhrələnməkdə etidal və təqva yoluna riayət etməyinizi tələb edir.

AYƏ 89:

﴿لاَ يُؤَاخِذُكُمُ اللّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَـكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يَجِدْ فَصِيَامُ ثَلاَثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُواْ أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ﴾

TƏRCÜMƏ:

«Allah sizi bihudə və niyyətində olmadığınız andlar(ı pozmağınız)a görə cəzalandırmaz, lakin sizi ciddi iradə ilə içdiyiniz andlar(ı pozmağınız)a görə cəzalandırar. Buna görə də onu (pozmağı)n kəffarəsi öz ailənizə yedirtdiyiniz orta hesabla on fəqirə yemək vermək, yaxud onları geyindirmək və ya bir qul azad etməkdir. Beləliklə, əgər kimsə (bunları) tapmasa (onun kəffarəsi) üç gün oruc tutmaqdır. Budur and içdiyiniz (və onu pozduğunuz) zaman sizin andlarınızın kəffarəsi! Gərək öz andlarınızı qoruyasınız (və pozmayasınız). Allah Öz ayələrini sizin üçün bu cür açıqlayır (ki), bəlkə şükr edəsiniz

TƏFSİR:

Bu ayədə halal şeylərin haram edilməsi və s. kimi şeylərlə əlaqədar and içmək barəsində ümumi şəkildə söhbət açılır və andlar iki qismə bölünür. Əvvəlcə buyurulur: Allah sizi əbəs andlarınız müqabilində cəzalandırmaz.

Təfsirçilərin və fəqihlərin nəzərinə görə «əbəs yerə and içmək» dedikdə müəyyən bir hədəfi olmayan, iradə və qəti qərar üzündən baş verməyən, möhtəvası bəzən şəriətə zidd, bəzən də ilahi göstərişlərin əksinə olan andlar nəzərdə tutulur.

İkinci qismi isə iradə və qəti qərar üzündən, ciddi olaraq içilən andlardır. Bu cür andlar barəsində ayənin davamında buyurulur: Allah sizi möhkəmləndirdiyiniz andlar müqabilində cəzalandırar və sizi ona əməl etməyə vəzifəli edər.

Əlbəttə, andın təkcə ciddi olması onun səhih olması üçün kifayət deyil. Andın möhtəvası da heç olmazsa mübah bir iş olmalıdır. Bunu da bilmək lazımdır ki, Allahın müqəddəs adından başqa şeyə içilən and mötəbər deyil.

Deməli, əgər bir şəxs Allahın adına and içsə, onun öz andına əməl etməsi vacibdir. Əgər onu pozarsa kəffarə verməlidir. Kəffarəsi də üç şeydən biridir: İlk növbədə, on miskinə təam verməlidir.

Amma bəzilərinin bu hökmün ümumi şəkildə deyilməsindən hər növ dəyərsiz və yararsız yeməyin kəffarə ünvanı ilə verilməsinin caiz olmasını təsəvvür etməməsi üçün aşkar şəkildə buyurulur ki, bu yeməklər heç olmazsa, sizin adətən öz ailənizdə yediyiniz orta səviyyəli təamlardan olmalıdır.

İkincisi, on nəfər ehtiyaclını  libasla təmin etmək.

Əlbəttə, ayənin zahiri mənasından başa düşülür ki, bu adətən bədəni örtən libas olmalıdır ki, fəsillərin, məkanların və zamanların dəyişməsi ilə dəyişir.

Keyfiyyət baxımından ən aşağı səviyyədə olmasının kifayət olub-olmaması, yaxud burada da normal həddə riayət edilməsi məsələsinə gəldikdə isə, ayənin ümumi şəkildə bəyan edilməsinə əsasən hər növ libas kifayətdir.

Üçüncüsü, bir qul azad etmək.

Amma bəzən bir kəs üçün bu üç şeydən heç birinin müyəssər ola bilməməsi mümkün olduğuna görə, bu göstərişdən sonra bilavasitə buyurulur ki, bunların heç birini əldə edə bilməyənlər üç gün oruc tutmalıdırlar.

Sonra daha təkid üçün buyurulur: Sizin içdiyiniz andların kəffarəsi qeyd olunanlardır. Lakin bəziləri kəffarə verməklə səhih andları pozmağın haram olmamasını təsəvvür etməsinlər deyə, buyurulur ki, öz andlarınızı qoruyub hifz edin. Yəni andı pozmaqla günaha düçar olmayın.



Geri   İrəli
Go to TOP