A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Qeyd etmək lazımdır ki, tövbə qapısı hamının üzünə açıqdır. Müqəssirin və günahkarın tutularaq, məhkəməyə çəkilməsindən qabaq edilən bir tövbənin dəyəri vardır. Eləcə də tövbə gərək agahlıq üzündən və azad şəkildə olsun. İkrah üzündən deyil, iradə əsasında olsun. (Başqa günahlar barəsində də tövbə ölümdən qabaq faydalıdır. «Nisa» surəsi, 18)

Ümumiyyətlə, ilahi cəzalar intiqam almaq üçün deyildir. Onlar yalnız tərbiyəvi yönə malikdir, cəmiyyətin və fərdin islah olunması məqsədini daşıyır. Buna görə də günahkarların tövbə etməsi çox təsirlidir.

AYƏ 35:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ وَابْتَغُواْ إِلَيهِ الْوَسِيلَةَ وَجَاهِدُواْ فِي سَبِيلِهِ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız

Əmirəl-möminin Əli ibn Əbitalib (ə) «Nəhcül-Bəlağə»nin 110-cu xütbəsində buyurur: «Allaha yaxınlaşmaq üçün ən yaxşı vasitə Allaha və Onun Peyğəmbərinə iman gətirmək, Allahın yolunda, ixlas kəlməsini bəyan etmək yolunda cihad etmək, namazı bərqərar etmək, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, həcc və ümrəyə getmək, qohum-əqrəba ilə gediş-gəliş edərək sileyi-rəhm etmək, gizlində və aşkarda infaq etmək və yaxşı işlər görməkdir.»

Buna görə də qurtuluşa nail olmaq, nicat tapmaq üçün həm günah işlər tərk olunmalı, həm də Allaha itaət edilməlidir. Yaxşı işlər də səadətə zəmin və vasitə yaradır, bu şərtlə ki, günah vasitəsilə onları məhv edib aradan aparmayaq.

Bunu da qeyd edək ki, Əhli-Beyt (ə) Allah dərgahına yaxınlaşmaqda möhkəm vasitə və qırılmaz ipdir.[27]

AYƏ 36-37:

﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ لَوْ أَنَّ لَهُم مَّا فِي الأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لِيَفْتَدُواْ بِهِ مِنْ عَذَابِ يَوْمِ الْقِيَامَةِ مَا تُقُبِّلَ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ. يُرِيدُونَ أَن يَخْرُجُواْ مِنَ النَّارِ وَمَا هُم بِخَارِجِينَ مِنْهَا وَلَهُمْ عَذَابٌ مُّقِيمٌ ﴾

TƏRCÜMƏ:

36. «Şübhəsiz, əgər yer üzündə olanların hamısı və üstəlik bir o qədəri də kafirlərin olsa ki, onu Qiyamət gününün əzabı(ndan qurtulmaları) üçün fidyə versinlər, onlardan qəbul olunmaz. Onlar üçün ağrılı bir əzab vardır

37. «Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır[28]

TƏFSİR:

36. Möminlərə təqva, cihad və vəsilə əldə etmək barəsində göstəriş verən əvvəlki ayələrin ardınca bu ayədə imansız və pis insanların taleyinə işarə edilərək buyurulur: Kafir olanlar yer üzündəkilərinin hamısına və onun qədər əlavə mal-dövlətə malik olub Qiyamət gününün cəzasından nicat tapmaq üçün fidyə versələr, yenə də onlardan qəbul olunmayacaq və onlar dərdli əzaba düçar olacaqlar. Yalnız iman, təqva, cihad və saleh əməl sayəsində ondan xilas olmaq mümkündür.

37. Sonra bu cəzanın davam etməsinə işarə edilərək buyurulur: Onlar cəhənnəm odundan həmişə çıxmaq istəyərlər, lakin ona qüdrətləri çatmaz, onların cəzaları sabit və bərqərardır. Hər bir halda, bütün qurtuluş yolları kafirlərin üzünə bağlanar. Onlar nə ilahi rəhmətdən bəhrələnəcəklər (çünki rəhmət təqva əhlinə məxsusdur), nə də şəfaətdən (çünki şəfaət yalnız Allahın razı olduğu şəxslərə məxsusdur). Ölümdən də bir xəbər yoxdur, onlar həmişə cəhənnəm odunda diridirlər və onların ölüm istəkləri qəbul olunmayacaqdır.

Bu dünyada mövcud olan çoxlu açıq-aşkar dəlil və yolgöstərmələrə baxmayaraq, şirk və cəhalət zülmətlərindən bir an belə kənara çıxmayan şəxslər axirətdə də cəhənnəm odundan çıxmayacaqlar.

AYƏ 38:

﴿ وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُواْ أَيْدِيَهُمَا جَزَاء بِمَا كَسَبَا نَكَالاً مِّنَ اللّهِ وَاللّهُ عَزِيزٌ حَكِيمٌ ﴾

TƏRCÜMƏ:

«(Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir

TƏFSİR:

Bu ayədə əvvəlcə oğru kişinin, sonra isə oğru qadının adı qeyd olunur. Lakin «Nur» surəsinin 2-ci ayəsində zinakarların hökmü bəyan olunarkən əvvəlcə zinakar qadının (zaniyə), sonra isə zinakar kişinin (zani) adı çəkilir. Bunun səbəbi bəlkə də bu ola bilər ki, oğurluqda kişinin, zinada isə qadının rolu daha artıqdır.

1000 il bundan qabaq yaşamış böyük İslam alimi mərhum Seyyid Mürtəza Ələmul-Hudadan soruşdular: «Nə üçün beş yüz misqal qızıl dəyərində olan bir əl bir misqalın dörddə-biri qədər qızıl oğurladıqda kəsilməlidir?» Cavab verdi: «Əmanət əlin dəyərini yüksəldir, xəyanət isə azaldır.»

Rəvayətlərə əsasən oğru əlin kəsilməli olan miqdarı dörd barmaqdır, baş barmaqla əlin içi qalmalıdır. Buna görə də onun əlinin kəsilməsinə səbəb olan malın miqdarı da aşağısı dinarın (qızıl misqalın) dörddə-biri qədər olmalıdır.

Oğurlanan mal da mühafizə olunan yerdə olmalı, karvansara, hamam, məscid və sair ümumi məkanlar kimi açıq-aşkar yerlərdə olmamalı, hökm icra olunduqdan sonra mal sahibinə qaytarılmalıdır. Oğru da əlin kəsilməsi qanunundan xəbərdar olmalıdır, əks halda onun əli kəsilməz. Həmçinin əgər oğru öz şərikinin malını oğurlasa, yaxud qəhətlik illərində zərurət üzündən yeyinti məhsullarını oğurlasa, onun əli kəsilməyəcəkdir. Eləcə də əgər ata öz övladının, yaxud qul öz ağasının malını oğurlasa, həmçinin, həddi-büluğa çatmayan, dəli, yaxud malı aparmağa haqlı olduğunu təsəvvür edən şəxs üçün bu işlər əlinin kəsilməsinə səbəb olmaz. Əlbəttə, əlin kəsilmədiyi halların hamısında başqa cəzalar verilir.

Peyğəmbəri-Əkrəm (s) bir hədisdə ən pis oğurluq kimi namazın oğurlanması, yəni onun rüku və səcdələrinin kamil şəkildə yerinə yetirilməməsini buyurub.[29]

Bəzi dini şəxsiyyətlər öz kəlamlarında buyururlar ki, nə üçün müsəlmanlardan bəziləri «Həmd» surəsini tilavət edərkən «Bismillahir-rəhmanir-rəhim»i oğurlayırlar?

Əlin kəsilməsi oğurluğun birinci mərhələsindədir. İkinci dəfə sol ayağı dabanın altından kəsilir. Üçüncü dəfə əbədi olaraq həbsə məhkum edilir, dördüncü dəfə isə edam olunur.[30]

İNCƏ MƏTLƏBLƏR

1. Əlin kəsilməsi oğurluğun qarşısını almaq üçün yeganə ağır cəza və cərimədir.

2. İlahi cəza qanunlarının icra olunması zamanı insani duyğulara qapılmaq olmaz.

3. Oğru, əli kəsilməkdən əlavə, oğurladığı mala da zamindir.

4. Bu hökmlərin icra olunmasında hökumət, qüdrət və təşkilata ehtiyac duyulur. Deməli, İslam hökumət və siyasət dinidir.

5. Bir kəsin «yoxsulluqdan oğurluq etməyə məcbur idim» – deməsi əsas sayılmır.

(İslam dini əlin kəsilməsindən öncə fəqirlərin məişət xərclərini və ehtiyaclarını beytül-maldan təmin etməklə, qohum-əqrəbasının köməkliyi ilə, faizsiz borc verməklə, qarşılıqlı kömək, həmkarlıq və sair kimi yollarla təmin olunmasına kömək etməklə iş və fəaliyyətin zərurətinə və əhəmiyyətinə diqqət yetirir.[31]

6. İlahi cəzalar intiqam deyildir, onlar insanı pis əməllərdən çəkindirir.

AYƏ 39:

﴿ فَمَن تَابَ مِن بَعْدِ ظُلْمِهِ وَأَصْلَحَ فَإِنَّ اللّهَ يَتُوبُ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ:

«(Kim etdiyi zülmündən sonra tövbə etsə və (əqidə və əməlini) düzəltməyə başlasa, şübhəsiz, Allah ona nəzər salar və tövbəsini qəbul edər. Həqiqətən Allah çox bağışlayan və mehribandır

TƏFSİR:

İslamda ilahi cəza qanunları insanların haqqa dəvət və tərbiyə olunması, onlara yol göstərilməsi ilə yanaşıdır. Əvvəlki ayədə oğrunun cəzası bəyan olunurdu. Burada isə tövbə edərək bağışlayan və mehriban Allah dərgahına qayıtmağa, öz pis əməllərini islah etməyə dəvət edilir ki, bu da Allahın Öz mərhəmətinin yenidən bəndəyə şamil olmasına səbəb olur.

Öz çirkin və yaramaz əməllərindən qayıdıb özünü islah etmək yolu – tövbə qapısı xətakar insanlar üçün həmişə açıqdır. Tövbə sadəcə olaraq batini peşmançılıqdan ibarət deyil, əksinə, keçmiş nalayiq əməllərin islah edilməsi ilə yanaşı olmalıdır.

Əgər oğru tutulub məhkəməyə verilməzdən qabaq tövbə etsə və malı geri qaytarsa, həm dünyada, həm də axirətdə bağışlanacaq, amma tutulandan sonra ilahi cəza qanunu icra olunmalıdır, tövbə isə yalnız Qiyamətdə faydalı olacaqdır.

AYƏ 40:

﴿ أَلَمْ تَعْلَمْ أَنَّ اللّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ يُعَذِّبُ مَن يَشَاء وَيَغْفِرُ لِمَن يَشَاء وَاللّهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

TƏRCÜMƏ:

«Məgər göylərin və yerin həqiqi səltənət və mülkiyyətinin Allaha məxsus olmasını bilmirsən?! (Çünki yaratmaq, qorumaq, işlərin nizama salınması və yox etmək, bunların hamısı Onun iradə və istəyinin təsiri altındadır.) İstədiyinə (ədalət və hikmətə uyğun olaraq) əzab verər və istədiyini (rəhmət əsasında) bağışlayar. Allah hər şeyə qadirdir

TƏFSİR:

Allahın bəndələrin tövbəsinə heç bir ehtiyacı yoxdur. Çünki bütün varlıq aləmi Ona məxsusdur. Günah əhli də bilməlidir ki, heç bir qaçış yolu yoxdur, yalnız Allaha tərəf qayıtmalıdır.

AYƏ 41:

﴿يَا أَيُّهَا الرَّسُولُ لاَ يَحْزُنكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ مِنَ الَّذِينَ قَالُواْ آمَنَّا بِأَفْوَاهِهِمْ وَلَمْ تُؤْمِن قُلُوبُهُمْ وَمِنَ الَّذِينَ هِادُواْ سَمَّاعُونَ لِلْكَذِبِ سَمَّاعُونَ لِقَوْمٍ آخَرِينَ لَمْ يَأْتُوكَ يُحَرِّفُونَ الْكَلِمَ مِن بَعْدِ مَوَاضِعِهِ يَقُولُونَ إِنْ أُوتِيتُمْ هَـذَا فَخُذُوهُ وَإِن لَّمْ تُؤْتَوْهُ فَاحْذَرُواْ وَمَن يُرِدِ اللّهُ فِتْنَتَهُ فَلَن تَمْلِكَ لَهُ مِنَ اللّهِ شَيْئًا أُوْلَـئِكَ الَّذِينَ لَمْ يُرِدِ اللّهُ أَن يُطَهِّرَ قُلُوبَهُمْ لَهُمْ فِي الدُّنْيَا خِزْيٌ وَلَهُمْ فِي الآخِرَةِ عَذَابٌ عَظِيمٌ﴾

TƏRCÜMƏ:

«Ey Peyğəmbər, küfrdə (ona meyl göstərməkdə və kömək etməkdə) tələsən kəslər – istər dilləri “iman gətirdik” deyib qəlbləri iman gətirməmiş kəslər (münafiqlər), istərsə də yəhudilər səni kədərləndirməsinlər. Onlar çox yalan eşidən və sənin yanına gəlməyən dəstənin (alimlərinin) əmrlərinə çox qulaq asan (tabe olan)lardır. (Onların alimləri) o kəslər(dir) ki, (Tövratın) kəlmələri (və hökmlərini) öz yerlərində qərar tutduqdan sonra təhrif edirlər (və avamlarına) «əgər bunu (bu hökmü) sizə versələr, götürün və əgər onu verməsələr (ondan başqasını versələr) çəkinin» deyirlər. Sən Allahın əzab(a düçar) və xar olmasını istədiyi kəsdən Allah(ın əzabın)dan əsla bir şeyi dəf edə bilməzsən. Onlar Allahın qəlblərini pak etmək istəmədiyi kəslərdir. Onlar üçün dünyada xarlıq, axirətdə isə böyük bir əzab olacaqdır

TƏFSİR:

Peyğəmbərlər günahkar bəndələrə ürək yandırırlar.

Münafiqlər yəhudilərlə əl-ələ verərək bir hədəfi izləyirlər. Bu da başqalarını dindən azdırmaqdır. Kafirlər həmişə müsəlmanların arasına casus göndərirlər. Buna görə də dini təbliğatçılar bütün dinləyiciləri xoşniyyətli hesab etməməlidirlər.

Bunu da qeyd edək ki, münafiqlər dünyada bədbəxtdirlər (çünki dini casusluq, təhrif, qazanc əldə etmək kimi məqsədlərlə istəyirlər), Qiyamətdə də onları böyük əzab gözləyir.

Hər bir halda biz Allahın əmr və fərmanlarına qeydsiz-şərtsiz təslim olmalı, dini hökmləri öz istəklərimizə uyğunlaşdırmağa çalışmamalıyıq.

AYƏ 42:

﴿سَمَّاعُونَ لِلْكَذِبِ أَكَّالُونَ لِلسُّحْتِ فَإِن جَآؤُوكَ فَاحْكُم بَيْنَهُم أَوْ أَعْرِضْ عَنْهُمْ وَإِن تُعْرِضْ عَنْهُمْ فَلَن يَضُرُّوكَ شَيْئًا وَإِنْ حَكَمْتَ فَاحْكُم بَيْنَهُمْ بِالْقِسْطِ إِنَّ اللّهَ يُحِبُّ الْمُقْسِطِينَ﴾

TƏRCÜMƏ:

«Onlar yalana çox qulaq asaraq onu qəbul edən və haram yeyənlərdir (onlar öz alimlərindən yalan qəbul edirlər və alimləri camaatdan rüşvət alırlar). Buna görə də əgər sənin yanına gəlsələr, istəsən onların arasında hökm et, yaxud onlardan üz döndər. Əgər üz döndərsən, sənə əsla bir ziyan vura bilməzlər. Əgər hökm etsən, aralarında haqq-ədalətlə hökm et, çünki Allah ədalətliləri sevir

TƏFSİR:

Möhsinə zina edən yəhudilərdən bəziləri yəhudi dinində də mövcud olan daşqalaq cəzasından amanda qalmaq üçün[32] Peyğəmbərin (s) yanına gəldilər ki, o Həzrət (s) onların barəsində mühakimə yürütsün. Halbuki, İslamda da zinakarın daşqalaq olunması hökmündən qafil idilər. İslamda da hökmün məhz belə olduğunu gördükdə onu qəbul etməyə hazır olmadılar.

Rəvayətlərə əsasən, «süht» müəyyən bir işi yerinə yetirmək üçün verilən hədiyyə və rüşvətə aid edilir, mənası da həlakət, yaxud həlakətə səbəb olan bir şeydir.

AYƏ 43:

﴿ وَكَيْفَ يُحَكِّمُونَكَ وَعِندَهُمُ التَّوْرَاةُ فِيهَا حُكْمُ اللّهِ ثُمَّ يَتَوَلَّوْنَ مِن بَعْدِ ذَلِكَ وَمَا أُوْلَـئِكَ بِالْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«Allahın hökmü içərisində olan Tövrat onların yanlarında ola-ola səni necə hakim təyin edir, sonra onun (sənin çıxardığın hökmün) ardınca (çıxarılmış hökmün kitabları ilə üst-üstə düşməsinə baxmayaraq) üz döndərirlər?! Onların (öz kitablarına da) imanları yoxdur

TƏFSİR:

Bu ayə yəhudilərin, Peyğəmbərdən (s) onların arasında hakim olmaq istəyini bəyan edərək təəccüblə buyurur: Bunlar sənin onların arasında hakim olmağını necə istəyirlər, halbuki Tövrat onların yanındadır?! Allahın hökmü orada mövcuddur və ona imanları vardır.

Bilmək lazımdır ki, yuxarıdakı hökm – möhsinə zina edən kişi və qadının daşqalaq edilməsi hazırkı Tövratın təsniyə sifrinin 22-ci fəslində də gəlmişdir.

AYƏ 44:

﴿إِنَّا أَنزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُواْ لِلَّذِينَ هَادُواْ وَالرَّبَّانِيُّونَ وَالأَحْبَارُ بِمَا اسْتُحْفِظُواْ مِن كِتَابِ اللّهِ وَكَانُواْ عَلَيْهِ شُهَدَاء فَلاَ تَخْشَوُاْ النَّاسَ وَاخْشَوْنِ وَلاَ تَشْتَرُواْ بِآيَاتِي ثَمَنًا قَلِيلاً وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْكَافِرُونَ﴾

TƏRCÜMƏ:

«Həqiqətən Biz onda hidayət və nur olan Tövratı nazil etdik. (Musanın zamanından İsanın zamanına qədər Musanın dininə) təslim olan peyğəmbərlər onun əsasında yəhudilər üçün hökm çıxarırdılar. Həmçinin rəbbani (Allahpərəst) alimlər və (Tövratşünas) bilik sahibləri onlardan Allahın kitabının qorunması istənildiyi və onlar onun (qalması və toxunulmazlığına) şahid olduqları üçün (onun əsasında hökm çıxarırdılar). Odur ki, (ey yəhudi alimləri,) insanlardan qorxmayın, Məndən qorxun və Mənim ayələrim(i təhrif etmək) vasitəsilə az bir qazanc əldə etməyin! Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır kafirlər!»

TƏFSİR:

Tövrat və İncilin təhrif olunmasını etiraf etməklə yanaşı, səmavi kitabın əslini təqdirəlayiq bilməliyik. Tövratın Musaya (ə), İncilin İsaya (ə) nazil olmasına baxmayaraq, onlardan sonrakı bütün peyğəmbər və alimlərin tərəfindən qəbul olunurdu və onlar da məhz onun hökmləri əsasında əməl edirdilər. Peyğəmbərlər özlərindən heç bir hökm vermir, əksinə, Allahın hökmünə tabe idilər. Əgər peyğəmbərlər Allahın hökmünə təslimdirsə, onda biz nə üçün təslim olmamalıyıq? İslam bütün insanların dinidir. Bəni-İsrail peyğəmbərləri də yəhudiyyət və nəsraniyyətlə deyil, «əsləmu» cümləsi ilə vəsf edilmişlər.

Ümumiyyətlə, hər ümmətin alimləri ilahi hökmlərin məhz onların arasında icra olunmasına cavabdehdir. Vilayəti-fəqih məsələsi bütün dinlərdə mövcud olmuşdur.

İNCƏ MƏTLƏBLƏR

«Rəbbani» kəlməsi «tərbiyə edən» mənasında olan bir kəlmədir (rəbban – ətşan vəznindədir). Bəzilərinin nəzərinə əsasən, rəbbani o kəsə deyilir ki, Rəbbul-aləminlə əlaqəsi olsun, Ondan başqası ilə aramlıq tapmasın, elm və əməli ilə ilahi bir insan olsun və digər insanların tərbiyəsini də öhdəsinə alsın.

«Hibr» yaxşı əsər mənasınadır. Cəmiyyətdə olan alimlər yaxşı əsərin mənşəyi olduğundan onlara hibr və əhbar deyilir (əhbar – hibrin cəm formasıdır).[33]

AYƏ 45:

﴿وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَا أَنَّ النَّفْسَ بِالنَّفْسِ وَالْعَيْنَ بِالْعَيْنِ وَالأَنفَ بِالأَنفِ وَالأُذُنَ بِالأُذُنِ وَالسِّنَّ بِالسِّنِّ وَالْجُرُوحَ قِصَاصٌ فَمَن تَصَدَّقَ بِهِ فَهُوَ كَفَّارَةٌ لَّهُ وَمَن لَّمْ يَحْكُم بِمَا أنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ﴾

TƏRCÜMƏ:

«Biz o kitabda onlar üçün (belə) qərara aldıq ki, canın müqabilində can, gözün müqabilində göz, burunun müqabilində burun, qulağın müqabilində qulaq və dişin müqabilində dişdir (və bunların hər birinin qisası alınır). Yaraların da qisası vardır. Kim qisas alınmasına boyun qoysa bu, (onun həmin günahı üçün) bir kəffarədir. Kim qisas almaqdan keçsə, bu, (onun günahları üçün) bir kəffarədir. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır zalımlar!»

TƏFSİR:

QİSAS VƏ GÜZƏŞT

Bu ayə Tövratın ilahi cəza qanunları və cinayət hökmlərinin bir qismini şərh edərək buyurur: Biz Tövratda qisas qanununu belə qərara aldıq ki, əgər bir kəs qəsdən günahsız bir insanı qətlə yetirsə, öldürülən şəxsin vəliləri qatildən qisas alaraq (onun əməli müqabilində) edam edə bilərlər.

Əgər bir kəs başqasının gözünə xəsarət yetirib onu kor etsə, o da həmin şəxsin (xəsarət vuranın) gözünü çıxarıb kor edə bilər. Həmçinin biri başqasının burnunu kəsərsə, onun burnunu kəsməsi, qulağını kəssə, qulaq kəsənin də qulağını kəsməsi caizdir. Əgər bir kəs başqasının dişini sındırsa, caninin dişini sındıra bilər. Ümumiyyətlə, hər kəs başqasına bir yara (xəsarət) vursa, onun müqabilində həmin şəxsdən qisas alına bilər.

Buna əsasən, qisas hökmü ədalətli şəkildə, irqi, ictimai və sinfi təbəqə, tayfa və şəxsiyyət baxımından heç bir fərq qoyulmadan icra olunur. Lakin Allah-təalanın bu kimi hallarda qisas alaraq xəsarətin əvəzini çıxmağı vacib etməsi düşünülməsin deyə, bu hökmün ardınca buyurulur: Əgər bir kəs öz haqqından keçərək qisas almayıb güzəştə gedərsə, onun günahlarının kəffarəsi hesab olunar. O nə qədər güzəştə getsə, Allah da onun günahlarından güzəştə gedər.

AYƏ nin axırında buyurulur: Hər kəs Allahın hökmü əsasında hökm etməzsə, zalımdır. Bundan da böyük zülm ola bilərmi ki, biz yalançı duyğulara, hissiyyata qapılaraq qatildən «qanı qanla yumaq olmaz» – deyə birdəfəlik göz yumaq?!

AYƏ 46:

﴿وَقَفَّيْنَا عَلَى آثَارِهِم بِعَيسَى ابْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَآتَيْنَاهُ الإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ التَّوْرَاةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ﴾

TƏRCÜMƏ:

«Onların (qabaqkı peyğəmbərlərin) ardınca Məryəm oğlu İsanı göndərdik ki, o, özündən əvvəlki Tövratı təsdiqləyirdi. Və ona içində hidayət və nur olan, özündən əvvəlki Tövratı təsdiq edən və pəhrizkarlar üçün hidayət və nəsihət olan İncil verdik

TƏFSİR:

Tövratla əlaqədar nazil edilən ayələrin ardınca bu ayədə İncilin vəziyyətinə işarə edilir və buyurulur: Əvvəlki peyğəmbərlərdən və ilahi rəhbərlərdən sonra Məsihi (ə) məbus elədik. Halbuki, o, Tövratın haqq olmasını təsdiq edirdi. Onun nişanələri Tövratda gələn nişanələrlə tamamilə uyğun idi.

Sonra buyurulur: İncili onun ixtiyarında qoyduq, halbuki, onda hidayət və nur var idi. Bu iki kitaba «nur» deyildikdə əsl İncil və Tövrat nəzərdə tutulur.

Bir daha təkid ünvanı ilə bu mətləbi çatdırır ki, təkcə İsa ibn Məryəm (ə) Tövratı təsdiq etmirdi, onun səmavi kitabı olan İncil də Tövratın düzlüyünə şahid idi. Ayənin axırında buyurulur: Bu səmavi kitab təqvalılar üçün mövizə, öyüd-nəsihət və hidayət mənbəyi idi.

AYƏ 47:

﴿ وَلْيَحْكُمْ أَهْلُ الإِنجِيلِ بِمَا أَنزَلَ اللّهُ فِيهِ وَمَن لَّمْ يَحْكُم بِمَا أَنزَلَ اللّهُ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾

TƏRCÜMƏ:

«Gərək İncil əhli Allahın onda nazil etdiyinin əsasında hökm etsin. Allahın nazil etdiyinin əsasında hökm etməyənlər – məhz onlardır fasiqlər!»

TƏFSİR:

ALLAHIN QANUNU ƏSASINDA HÖKM ETMƏYƏNLƏR

Keçən ayələrdə İncilin nazil olmasına işarə edildikdən sonra bu ayədə buyurulur: Biz İncil əhlinə göstəriş verdik ki, Allahın onda nazil etdiyi əsasda hökm etsinlər. Yəni Biz İncili İsaya (ə) nazil etdikdən sonra onun ardıcıllarına göstəriş verdik ki, ona əməl edib onun əsasında mühakimə yürütsünlər.

AYƏ nin axırında bir daha təkid olaraq buyurulur: Allahın hökmü əsasında mühakimə yürütməyənlər fasiqdirlər.

AYƏ 48:

﴿وَأَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُم بَيْنَهُم بِمَا أَنزَلَ اللّهُ وَلاَ تَتَّبِعْ أَهْوَاءهُمْ عَمَّا جَاءكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاء اللّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَـكِن لِّيَبْلُوَكُمْ فِي مَآ آتَاكُم فَاسْتَبِقُوا الخَيْرَاتِ إِلَى الله مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

TƏRCÜMƏ:

«Biz bu kitabı sənə haqq və doğru olaraq özündən əvvəlki (səmavi) kitabları təsdiq edən və onlara hakim, nəzarətçi, qoruyan və şahid kimi nazil etdik. Buna görə də onların arasında Allahın (sənə) nazil etdiyinin əsasında hökm et və heç vaxt sənə gəlmiş haqdan dönərək onların (nəfsi) istəklərinə tabe olma. Siz (ümmətlər)in hər biriniz üçün aydın bir şəriət və yol qoyduq. Əgər Allah (Öz qəti iradəsi ilə) istəsəydi, şübhəsiz, sizin hamınızı (bütün ümmətləri) bir ümmət edərdi (tarix boyu bütün bəşəriyyətə eyni durğun zehni istedad verər və hamını bir şəriətə möhtac edərdi). Lakin sizi, sizə verdiyi şeylə imtahan etmək istədi (buna görə də insanlara kamilləşməsi mümkün olan müxtəlif istedadlar verdi və onun təkamülünə uyğun olaraq şəriətlər nazil etdi). Buna görə də xeyir işlərə doğru bir-birinizi qabaqlayın. Hamınızın qayıdışı Allaha tərəfdir. O sizi, barəsində ixtilafda olduğunuz şeydən xəbərdar edəcəkdir

TƏFSİR:

Əvvəlki peyğəmbərlərin səmavi kitabı zikr edildikdən sonra bu ayədə Quranın mövqeyinə işarə edilir. Əvvəlcə buyurulur: Biz bu səmavi kitabı haqq olaraq sənə nazil etdik. O əvvəlki kitabları təsdiq edir və onun nişanələri əvvəlki kitablarda gələnlərlə tam müvafiqdir və Quran onların keşikçisi, qoruqçusudur.

Ümumiyyətlə, bütün səmavi kitablar əsl məsələlərdə bir-birləri ilə uyğundur və onlar vahid bir hədəfi, yəni insanın təkamül və tərbiyəsi məsələsini izləyirlər. Sonra göstəriş verilir ki, buna görə də onların arasında sənə nazil olan hökm əsasında mühakimə yürüt. Daha sonra əlavə edilir: İlahi hökmləri öz istəklərinə uyğunlaşdırmaq istəyənlərin nəfs istəklərinə tabe olma, sənə haqq olaraq nazil olanlardan üz çevirmə. Bu bəhsin təkmilləşdirilməsi üçün buyurulur: Sizlərdən hər biri üçün aydın yol, şəriət və ayin qərar verdik. Sonra buyurulur: Allah insanların hamısını vahid bir ümmət qərar verib, hamını bir dinin ardıcılı edə bilərdi. Lakin O sizə əta etdiyi şeylərlə sizi imtahana çəkmək, nəticədə müxtəlif qabiliyyət və istedadlarınızı çiçəkləndirmək istəyir.

Nəhayət, bütün millət və qövmlərə xitab edərək buyurur ki, öz qüvvələrinizi ixtilaflara sərf etmək əvəzinə, yaxşı işlərdə yarışıb bir-birinizdən qabağa keçin. Çünki, hamınızın qayıdacaq yeri Allaha tərəfdir, O sizi Qiyamət günü ixtilaflı olduğunuz məsələlərdən agah edəcəkdir.

İNCƏ MƏTLƏBLƏR



Geri   İrəli
Go to TOP