A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Maidə surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 133
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


Nurul-Quran

BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

«MAİDƏ» SURƏSİ

Bu surə Peyğəmbəri-Əkrəmin (s) vəfatından bir-iki ay qabaq nazil olmuş və onun ayələrindən heç biri nəsx edilməmişdir (yəni hökmü dəyişdirilməmiş və qüvvədən salınmamışdır).

Bu surənin 114-cü ayəsində qeyd olunduğu kimi, Həzrət İsanın (ə) öz dostlarına səmavi süfrə nazil olması barədə dua etdiyi üçün «Maidə» («Süfrə») adlandırılmışdır («Maidə» içinə yemək qoyulmuş tabağa deyilir).

Bu surə 120 ayədən ibarətdir və onun əksər xitabı «ya əyyuhəlləzinə amənu» (“Ey iman gətirənlər”) olub bütün surələrdən daha çox təkrar olunmuşdur. Məsələn, bu xitab «Bəqərə» surəsində 11 dəfə gəldiyi halda, «Maidə» surəsində 16 dəfə gəlmişdir.

Bu surə özündə ümmətdə vilayət və rəhbərlik, məsihilərin üçlük əqidəsinin rədd olunması, əhdə vəfalı qalmaq, ədalət əsasında şahidlik etmək, qətlin haram edilməsi, yeyiləcək şeylərin hökmləri, dəstəmaz və təyəmmüm, eləcə də ictimai ədələt və sair məsələləri əhatə edir.

Bu, nazil olan axırıncı surə olduğundan əvvəlində bütün əhd-peymanlara əməl edilməsinə tövsiyə edilir.

﴿ بسم الله الرحمن الرحيم ﴾

AYƏ 1:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَوْفُواْ بِالْعُقُودِ أُحِلَّتْ لَكُم بَهِيمَةُ الأَنْعَامِ إِلاَّ مَا يُتْلَى عَلَيْكُمْ غَيْرَ مُحِلِّي الصَّيْدِ وَأَنتُمْ حُرُمٌ إِنَّ اللّهَ يَحْكُمُ مَا يُرِيدُ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, əhd-peymanlarınıza (nəzr, əhd və and içmək kimi özünüzlə olan peymanlara, müqavilə və digər sazişlər kimi camaatla bağladığınız peymanlara və dinin hökmlərinə riayət etməyi boyuna götürmək kimi Allahla olan peymanlara ki, bəzi şeylərin halallığına və haramlığına riayət etmək də bu qəbildəndir) vəfa edin. Dördayaqlı heyvanlar(ın ətləri və kəsilərkən analarının qarınlarından ölü halda çıxan balaları) sizə oxunan istisna olmaqla, ehram halında ov etməyi halal hesab etməyən sizlərə halal edildi. Həqiqətən Allah istədiyini hökm edir

TƏFSİR:

Müsəlmanlar bütün əhd-peymanlara, müqavilələrə, hansı növdən, eləcə də hər hansı qrup və şəxs tərəfindən olmasına baxmayaraq vəfalı qalmalıdırlar. İstər şifahi, istər yazılı, istərsə də əməli şəkildə bağlanan əhd-peymanlar, eləcə də istər siyasi müqavilələr olsun, istərsə iqtisadi, ictimai və ailəvi, istər zəif şəxslərlə bağlanmış olsun, istərsə də güclü şəxslərlə, istər dostla, istərsə düşmənlə,[1] istər Allahla (nəzir və əhd kimi), istərsə də camaatla, istər bir şəxslə, istərsə də cəmiyyətlə, istər kiçik adamla, istərəsə də böyük adamla, istər məntəqədaxili, istərsə də beynəlxalq səviyyəli müqavilələr olsun, heç bir fərqi yoxdur. Əhd-peymanı pozmaq və zülm etmək bütün məhrumiyyətlərin mənşəyi olduğu kimi,[2] əhd-peymana vəfalı qalmaq da insanın bütün nemətlərdən bəhrələnməsinə səbəb olur. Bunu da qeyd etmək lazımdır ki, səmavi kitablar da Allahın bəndələr üzərində olan əhdidir, buna görə də onlara vəfalı qalmaq vacibdir: Əhdi-qədim (qədim əhd − Tövrat), Əhdi-cədid (yeni əhd − İncil) və Əhdi-əxir (axırıncı əhd − Quran). İmam Sadiq (ə) bir hədisdə buyurur: «Quran Allahın bəndələrlə bağladığı əhd-peymandır.»[3]

Ümumiyyətlə, imanın əsası əhd-peymana əməl etməkdən ibarətdir. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: «Əhd-peymana vəfalı olmayan bir kimsənin dindən bəhrəsi yoxdur.»

Əgər əhd-peymanlara əməl olunmazsa, cəmiyyətin əsası olan qarşılıqlı etimad aradan gedər və hərc-mərclik yaranar.

Əhd-peymana vəfalı qalmaqla bağlı göstərişdən sonra ardıcıl olaraq bir neçə İslam hökmü bəyan edilir. Əvvəlcə buyurulur ki, bəzi heyvanların əti sizin üçün halal oldu.

Bu hökmdən yalnız iki hal istisna edilir: Haram olması sizin üçün tezliklə bəyan olunacaq heyvanların əti və ehram halında olduğunuz zaman ov etmək sizə halal deyildir. Allah istədiyi hökmü verir. Çünki O hər şeydən agah və hər şeyə malikdir. Yəni bəndələrin mənafeyinə və məsləhətinə olan, eləcə də hikmətin tələb etdiyi hökmləri qanun şəklinə salır.[4]

AYƏ 2:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُحِلُّواْ شَعَآئِرَ اللّهِ وَلاَ الشَّهْرَ الْحَرَامَ وَلاَ الْهَدْيَ وَلاَ الْقَلآئِدَ وَلا آمِّينَ الْبَيْتَ الْحَرَامَ يَبْتَغُونَ فَضْلاً مِّن رَّبِّهِمْ وَرِضْوَانًا وَإِذَا حَلَلْتُمْ فَاصْطَادُواْ وَلاَ يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ أَن صَدُّوكُمْ عَنِ الْمَسْجِدِ الْحَرَامِ أَن تَعْتَدُواْ وَتَعَاوَنُواْ عَلَى الْبرِّ وَالتَّقْوَى وَلاَ تَعَاوَنُواْ عَلَى الإِثْمِ وَالْعُدْوَانِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ شَدِيدُ الْعِقَابِ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, Allahın (həcc və ümrə əməlləri və o ibadətlərin məkanları kimi tovhid və pərəstiş) nişanələrinə, haram aylara (Rəcəb, Zilqədə, Zilhiccə və Məhərrəm aylarına), nişansız qurbanlığa və boynunda boyunluq olan qurbanlığa və Rəbblərindən lütf və razılıq diləyən Beytül-Həram zəvvarlarına hörmətsizlik etməyin. Ehramdan çıxdıqdan sonra ov ovlaya bilərsiniz. Məscidül-Hərama girməyinizə mane olmuş bir dəstənin ədavəti sizi (onlara qarşı) həddi aşmağa vadar etməsin. Bütün xeyir iş(lərdə) və təqvada bir-birinizə kömək edin və günah və həddi aşmaqda bir-birinizlə köməkləşməyin. Allahdan qorxun ki, həqiqətən Allah ağır cəzalandırandır

TƏFSİR:

BİR AYƏDƏ SƏKKİZ İLAHİ HÖKM

Bu ayədə Peyğəmbəri-Əkrəmə (s) nazil olan ilahi hökmlərdən və mühüm İslam göstərişlərindən bir neçəsi bəyan olunmuşdur. Onların hamısı, yaxud əksəriyyəti həcc və Allah evinin ziyarəti ilə əlaqədardır:

1. Əvvəlcə imanlı şəxslərə xitabən buyurulur: Ey iman gətirənlər! İlahi şüarları pozmayın və onların hədd-hüdudunu (pozmağı) halal hesab etməyin.

2. Haram ayların hörmətini saxlayın, bu aylarda müharibə etməyin.

3. Həcc üçün gətirdiyiniz qurbanlıqları – istər əlamətsiz (hədy) olsunlar, istərsə də əlamətli (qəlaid), halal saymayın. Qoyun qurbangaha gətirilib orada kəsilsin.

4. Allah evi ziyarətçilərinin hamısı bu böyük İslam mərasimində tam azadlıqdan bəhrələnməlidirlər. Bu zaman onların arasında qəbilə, irq, dil və s. baxımından heç bir fərq yoxdur. Buna əsasən, Pərvərdigarın razılığını cəlb etmək üçün, hətta ticarət yolu ilə mənfəət əldə etmək məqsədi ilə olsa belə, Allah evinə doğru hərəkət edənlərə də maneçilik törətməyin – istər sizinlə dost olsunlar, istərsə də düşmən. Onlar sadəcə müsəlman olub Allah evinin ziyarətinə gəldikləri üçün toxunulmazdır.

5. Ov etmək yalnız hacının ehram halında olduğu müddətdə haramdır. Buna əsasən, həcc və ya ümrə ehramından çıxdığı zaman onun ov etməsinə icazə verilir.

6. Əgər bütpərəstlərdən bir qrupu cahiliyyət dövründə («Hüdeybiyyə» hadisəsində) sizin Allah evini ziyarət etməyinizə mane olmuşlarsa da bu iş onların İslamı qəbul etdiklərindən sonra sizdə onlara qarşı kin-küdurət yaratmamalıdır. Siz onların Allah evini ziyarət etmələrinə mane olmamalısınız.

Bu cümlədə külli və ümumi bir qanun bəyan edilir: müsəlmanlar heç vaxt kin-küdurət bəsləməməli, keçmişdə baş verən hadisələrlə əlaqədar intiqamçılıq ruhiyyəsində olmamalıdırlar.

7. Bu bəhslərin təkmilləşdirilməsi üçün buyurulur: Siz bir-birinizlə əlbir olub dünən düşmən, bu gün isə dost olanlardan intiqam almaq əvəzinə, yaxşılıq və təqva yolunda bir-birinizə köməklik göstərib müttəhid olun.[5]

8. Ayənin axırında, yuxarıda qeyd olunan hökmləri bir daha möhkəmləndirmək məqsədi ilə buyurulur: Təqvalı olun və Allahın fərmanları ilə müxalifətçilik etməkdən çəkinin, çünki Allahın cəzaları şiddətlidir.

Bizə tövsiyə edilmişdir ki, hətta məscid tikmək kimi savab işdə belə zalıma kömək etməyək.[6]

Biz şərab istehsal edənlərə üzüm satmamalı, zalıma silah verməməli, tağuta, hətta Məkkəyə getmək üçün olsa belə, nəqliyyat vasitəsi verməməli, tutumu az olanlara sirr verməməli, günahkar adamlara təbəssüm etməməliyik.

AYƏ 3:

﴿حُرِّمَتْ عَلَيْكُمُ الْمَيْتَةُ وَالْدَّمُ وَلَحْمُ الْخِنْزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللّهِ بِهِ وَالْمُنْخَنِقَةُ وَالْمَوْقُوذَةُ وَالْمُتَرَدِّيَةُ وَالنَّطِيحَةُ وَمَا أَكَلَ السَّبُعُ إِلاَّ مَا ذَكَّيْتُمْ وَمَا ذُبِحَ عَلَى النُّصُبِ وَأَن تَسْتَقْسِمُواْ بِالأَزْلاَمِ ذَلِكُمْ فِسْقٌ الْيَوْمَ يَئِسَ الَّذِينَ كَفَرُواْ مِن دِينِكُمْ فَلاَ تَخْشَوْهُمْ وَاخْشَوْنِ الْيَوْمَ أَكْمَلْتُ لَكُمْ دِينَكُمْ وَأَتْمَمْتُ عَلَيْكُمْ نِعْمَتِي وَرَضِيتُ لَكُمُ الإِسْلاَمَ دِينًا فَمَنِ اضْطُرَّ فِي مَخْمَصَةٍ غَيْرَ مُتَجَانِفٍ لِّإِثْمٍ فَإِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ﴾

TƏRCÜMƏ:

«Ölü (kəsilmədən murdar olmuş) heyvan, qan, donuz əti, (kəsilən zaman başı üzərində) Allahdan qeyrisinin adı çəkilmiş, boğulmuş, vurmaqla öldürülmüş, hündürlükdən yıxılaraq ölmüş, başqa bir heyvanın buynuzu vasitəsilə ölmüş və yırtıcı heyvanın öldürərək yediyi heyvan – (yuxarıda qeyd edilən heyvanların əti halal olanlarından canı çıxmamış) şəriət qanunu ilə kəsə bildikləriniz istisna olmaqla – (bunları yemək,) həmçinin, müqəddəs daşın üzərində (ya bütlər üçün) kəsilmiş heyvan(ın ətini yemək) və eləcə də (heyvanın ətini) qumar oxları ilə bölmək sizə haram oldu. Bu əməllərin hamısı Allaha qarşı itaətsizlikdir. Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun. Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım və (möhkəm və sabit) bir din kimi sizin üçün İslamı qəbul etdim. Beləliklə əgər kimsə qəhətlik və şiddətli aclıq halında günaha meyli olmadan (həmin haram şeylərin bəzilərindən yeməyə) məcbur olsa, Allah çox bağışlayan və mehribandır

TƏFSİR:

Bu surənin əvvəlində, sonradan qeyd olunacaq hallar istisna olmaqla, heyvanların ətinin halal olması bəyan edilirdi. Bu ayədə isə həqiqətdə vədə verilmiş istisnalar bəyan olunur. On bir şey haram edilmişdir:

1. Özü ölmüş heyvan, həmçinin qan, donuz əti, cahiliyyət dövrünün adətlərinə uyğun olaraq bütlərin və ümumiyyətlə, Allahdan başqasının adına kəsilən heyvanlar, boğulub ölən heyvanlar haramdır.

2. İstər öz-özünə ölmüş olsun, istərsə tələyə düşməklə, yaxud insan tərəfindən bu cür (qeyri-şəri yolla) öldürülən heyvanlar. Belə ki, cahiliyyət dövründə mövcud olan adətlərə görə, bəzən heyvanı iki ağacın, yaxud bir ağacın iki budağı arasında ölənə qədər sıxırdılar ki, onun ətindən istifadə etsinlər.

3. Döyülməklə, yaxud işgəncə verilməklə, yaxud xəstəlik nəticəsində ölən heyvanlar. Qurtubinin təfsirində qeyd olunur ki, ərəblər bütlərin xatirinə bəzi heyvanları ölüncəyə qədər döyür və bunu da bir növ ibadət hesab edirdilər!

4. Yırtıcıların həmləsi nəticəsində ölən heyvanlar da haramdır.

Yuxarıda haram edilən halların ardınca buyurulur: Əgər yırtıcıların həmlə etdiyi heyvanlar can verməmişdən qabaq ona çatıb başlarını İslama uyğun qaydada kəssəniz və onlardan kifayət qədər qan çıxsa, əti halal olacaqdır.

Cahiliyyət dövrünün bütpərəstləri Kəbənin ətrafında həmişə xüsusi şəkildə olan bütlərdən fərqli olaraq, heç bir xüsusi forması olmayan müxtəlif daşlar qoymuşdular və onları «nüsub» adlandırırdılar. Bütpərəstlər heyvanları onların müqabilində qurbanlıq edir, qanını onların üstünə yaxırdılar. Qeyd olunan ayədə bu cür ətlər haram edilir və buyurulur: Bütlərin üstündə, yaxud qarşısında kəsilən heyvanların hamısı sizə haramdır. Bu cür ətlər maddi və cismani cəhətdən deyil, əsas etibarı ilə mənəvi və əxlaqi yöndən haram sayılır.

AYƏ də haram olunan heyvanlardan biri də bəxt yoxlamaq məqsədi ilə kəsilərək bölüşdürülən heyvan ətləridir. Belə ki, on nəfər bir-biri ilə şərtləşib bir heyvan alır və onu kəsirdilər. Sonra, ucu itilənmiş olan və «əzlam» adlandırılan on dənə çubuğun yeddisinin üstünə «udmaq», üçünün üstünə isə «uduzmaq» yazılır, sonra bir kisəyə tökülür və onları püşk şəklində bir-bir çıxarırdılar. Yeddi uduş çubuğu hər kəsin adına çıxsaydı, ətdən müəyyən qədərini götürür və əvəzində heç nə vermirdi. Lakin uduzan çubuqlar kimin adına çıxsaydı, hər biri heyvanın pulunun üçdə birini ödəməli idilər, ətdən də onlara heç bir şey düşmürdü. İslamda belə ətlərin yeyilməsi ətin özünə görə deyil, qumar və bəxt yoxlamaq məqsədilə olduğuna görə haram edilmişdir.

Sonra buyurulur: Həmçinin, ucları yonulmuş xüsusi bəxt yoxlama çubuqları vasitəsi ilə bölüşdürülən ətlər də sizə haram edildi.

Aydındır ki, qumar və sair şeylərin haram edilməsi təkcə heyvan ətləri ilə əlaqədar deyildir. Onlar başqa şeylərlə oynanılsa da qadağandır. Ümumiyyətlə ictimai cəhətdən hesaba alınmayan faliyyətlərin ziyanları və ondakı xurafatçı proqramların hamısı qadağandır.

AYƏ nin axırında onların haram edilməsi ilə əlaqədar bir daha buyurulur: Bu əməllərin hamısı fisq-fücur və Allahın itaətindən çıxmaqdır.

ƏTDƏN İSTİFADƏ ETMƏKDƏ MÖTƏDİL YOL

Yuxarıdakı bəhslərin məcmusundan, eləcə də rəvayətlərdən aydın olur ki, İslam dini özünün digər göstərişlərində olduğu kimi, ətlərdən bəhrələnmək barəsində də tamamilə mötədil bir yol seçmişdir. Cahiliyyət dövründə kərtənkələ, ölü heyvan, qan və sair kimi iyrənc şeylər yeyilirdi, müasir dövrdə də qərb ölkələrində hətta xərçəngin və müxtəlif növ həşəratların yeyilməsinə belə icazə verilir, hindistanlılar isə ətin yeyilməsini ümumiyyətlə qadağan edir. Amma bunların əksinə olaraq, müqəddəs İslam dini tərkibində pak qidası olan, insanda nifrət yaratmayan ətləri halal buyurmuş, bununla da qeyd olunan ifratçı və ya təfritçi üslubların əsassız olduğunu isbat etmiş, ətdən istifadə edilməsində də müəyyən şərtlər qoymuşdur.

Yuxarıdakı hökmlər bəyan olunduqdan sonra iki dolğun mənalı cümlə ilə rastlaşırıq. Əvvələcə buyurulur: Bu gün kafirlər sizin dininizdən məyus oldular, buna görə də onlardan deyil, yalnız Məndən (Mənim əmr və fərmanlarımla müxalifət etməkdən) qorxun.

Sonra buyurulur: Bu gün sizin dininizi kamil etdim, Öz nemətlərimi sizə tamamladım və bir din kimi İslamı sizin üçün bəyəndim.

DİN HANSI GÜN KAMİL OLMUŞDUR?

Bütün şiə müfəssirlərinin öz kitablarında qeyd etdiyi, məşhur şiə və sünni raviləri tərəfindən nəql olunan çoxlu rəvayətlərin təsdiq etdiyi və ayənin məzmunu ilə tamamilə uyğun gəldiyinə əsasən, yuxarıdakı iki cümlədə təkrar olunan «əl-yəum» (bu gün) kəlməsində məqsəd “Qədir-Xum” günüdür ki, həmin gündə Peyğəmbəri-Əkrəm (s) Həzrət Əlini (ə) rəsmi olaraq özünün ümmət arasındakı canişini təyin etdi. Məhz belə bir gündə İslam özünün kamil mərhələsinə çatdı. Kafirlər isə məyusluq və ümidsizlik tufanında qərq oldular. Onlar belə təsəvvür edirdilər ki, İslam dini bir şəxsə – Peyğəmbərə (s) bağlıdır və onun vəfat etməsilə vəziyyət tam əksinə dəyişəcək, İslam tədricən məhv olub aradan gedəcəkdir. Amma Peyğəmbərdən (s) sonra ümmət arasında elm, təqva, qüdrət və ədalət baxımından misilsiz olan bir insanın canişin seçildiyini, habelə camaatın ona beyət etməsini gördükdə onlarda İslamın gələcəyi barədə ümidsizlik yarandı və İslam dininin köklü və əbədi bir din olduğunu başa düşdülər.

Burada diqqət yetirilməli və maraqlı məsələlərdən biri də budur ki, «Nur» surəsinin 55-ci ayəsində buyurulur: “Allah sizdən iman gətirib saleh əməl görənlərə vəd vermişdir ki, onlardan qabaqkıları yer üzünün varisləri və xəlifələri qərar verdiyi kimi, onları da yer üzünün xəlifələri qərar versin. Həmçinin vəd vermişdir ki, onlar üçün bəyənilən bir din müəyyən edib möhkəmləndirsin, onlara, qorxularından sonra aramlıq, xatircəmlik bağışlasın.”

Bu ayədə isə buyurulur: «Onlar üçün bəyənilmiş dini yer üzündə möhkəmləndirəcəkdir.» «Nur» surəsinin «Maidə» surəsindən qabaq nazil olduğunu, eləcə də qeyd olunan ayədə Həzrət Əlinin (ə) vilayəti ilə əlaqədar nazil olan «və rəziytu ləkumul-İslamə dinən»  (və sizə din olaraq İslamı bəyəndim) cümləsini nəzərə almaqla belə nəticə alınır ki, İslam dini yalnız vilayətlə yanaşı olduqda yer üzündə möhkəmlənib kök atacaqdır. Çünki Allahın bəyəndiyi və yer üzündə möhkəmlənəcəyinə dair vəd verdiyi İslam məhz bu İslamdır. Başqa sözlə, İslam o zaman dünya səviyyəsində yayılacaqdır ki, Əhli-Beytin (ə) vilayətindən ayrı düşməsin.

Digər məsələ də budur ki, «Nur» surəsinin 55-ci ayəsinə hazırda bəhs olunan ayə ilə birlikdə nəzər yetirilməlidir. «Nur» surəsinin həmin ayəsində imanlı şəxslərə üç vəd verilmişdir: Birincisi yer üzündə xilafət, ikincisi, Pərvərdigara pərəstiş etmək üçün əmin-amanlıq və ruhi asudəlik, üçüncüsü isə, Allahın bəyənib razı olduğu dinin yer üzündə möhkəmlənməsi.

Bu üç vəd Qədir-Xum günündə «əl-yəvmə əkməltu ləkum dinəkum» ayəsinin nazil olması ilə əməli olaraq gerçəkləşdi, çünki imanlı və əməlisaleh şəxsin kamil nümunəsi olan Əli (ə), Peyğəmbərin (s) canişinliyinə təyin edildi və «əl-yəumə yəisəlləzinə kəfəru min dinikum» (bu gün kafirlər sizin dininizdən məyus oldular) cümləsinin məzmununa əsasən, müsəlmanlar orada nisbi əminamanlıq və aramlıqda oldular. Eləcə də «və rəziytu ləkumul-İslamə dinən» (sizə din olaraq İslamı bəyəndim) ayəsinin məzmununa əsasən də Allahın razı olduğu din müsəlmanların arasında qərarlaşdı.[7]

AYƏ nin axırında bir daha ayənin əvvəlindəki mətləblə əlaqədar məsələlərə qayıdır, insanın çıxılmaz vəziyyətə düşdüyü zamandakı hökm bəyan edilir və buyurulur: Aclıq zamanında haram ət yemək məcburiyyətində qalan şəxslərə, onun yeyilməsi günaha meyl etmədikləri halda halaldır. Çünki Allah bağışlayan və mehribandır, çıxılmaz vəziyyətdə bəndələrini çətinliyə salmır və onları cəzalandırmır.

İNCƏ MƏTLƏBLƏR

1. Bir məktəb və ideologiyanın davamlı olması onun rəhbərinə bağlıdır: kafirlər başqa şeylə yox, yalnız rəhbərin varlığı ilə məyus olurlar.

2. Əgər cəmiyyətdə rəhbərlik (və vilayət) təyin olunarsa, müsəlmanların heç nədən qorxusu olmamalıdır.

3. Kafirlərin ən böyük ümidləri müsəlmanların rəhbərinin vəfat etməsi idi ki, Əmirəl-möminin Əlinin (ə) rəhbərliyə təyin olunması ilə həmin ümid qapıları birdəfəlik bağlandı. Ümumiyyətlə, heç bir din rəhbərsiz kamil ola bilməz.

4. Kafirlər rəhbər təyin olmamışdan öncə müəyyən qədər ümidvar idilər, Qədir-Xumda rəhbərin təyin olunması ilə məyus və naümid oldular. Deməli, Əli ibn Əbutalib (ə) təklikdə bütün kafirləri ümidsiz etmişdir.

AYƏ 4:

﴿يَسْأَلُونَكَ مَاذَا أُحِلَّ لَهُمْ قُلْ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَمَا عَلَّمْتُم مِّنَ الْجَوَارِحِ مُكَلِّبِينَ تُعَلِّمُونَهُنَّ مِمَّا عَلَّمَكُمُ اللّهُ فَكُلُواْ مِمَّا أَمْسَكْنَ عَلَيْكُمْ وَاذْكُرُواْ اسْمَ اللّهِ عَلَيْهِ وَاتَّقُواْ اللّهَ إِنَّ اللّهَ سَرِيعُ الْحِسَابِ﴾

TƏRCÜMƏ:

«Səndən onlara nəyin halal edildiyini soruşurlar. De: «Bütün pak şeylər (ağılın qəbul etdiyi və insan təbiətinin meyl göstərdiyi ərzaq, geyim və digər yaşayış vasitələri) sizə halal edildi. (Həmçinin) Allahın sizə öyrətdiklərindən onlara öyrədərək təlim keçib əhliləşdirdiyiniz ov heyvanlarının (ovladıqları sizə halaldır). (Beləliklə) sizin üçün tutub saxladıqları hər bir heyvandan yeyin və (onları ov üzərinə göndərərkən) onun üçün Allahın adını çəkin. Allahdan qorxun. Şübhəsiz Allah tez hesab çəkəndir

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Bu ayənin nazilolma səbəbi ilə bağlı bir neçə hadisə qeyd etmişlər ki, onların hamısından münasibi aşağıdakı hadisədir:

Peyğəmbərin (s) səhabələrindən olan Zeydul-Xeyir və Ədi ibn Hatəm o Həzrətin (s) hüzuruna gəlib dedilər: “Biz itlərlə və tazılarla ov edirik. Onlar əti halal olan vəhşi heyvanları tutub bəzilərini bizim əlimizə diri çatdırırlar. Biz də onların başını kəsirik. Bəzilərini isə öldürürlər. Onların başını kəsməyə fürsət olmur. Halbuki murdar olmuş heyvan ətinin haram edildiyini bilirik. Biz nə etməliyik?” Yuxarıdakı ayə nazil olaraq onlara cavab verdi.

TƏFSİR:

HALAL OV

Haram və halal ətlər barədə nazil olan əvvəlki ayədəki hökmlərin ardınca, bu ayədə də onların bir qisminə işarə olunur və bu barədə olunan suala cavab olaraq belə buyurulur: Səndən halal şeylər barəsində soruşurlar, onlara de ki, pakizə olan hər şey sizin üçün halaldır. Yəni İslamın qadağan etdiyi bütün şeylər natəmizliklər, napaklıqlar və çirkinliklərdir. İlahi qanunlar təbii olaraq insanın istifadəsi üçün yaradılan pak şeyləri heç vaxt qadağan etmir.

Sonra ov barəsində buyurulur: Sizin təlim verdiyiniz, yəni Allahın sizə təlim verdiyi şeyləri öyrətdiyiniz ov itlərinin və sair ov heyvanlarının etdiyi ov sizin üçün halaldır. İtlərin ovladıqları heyvanlar sizin əlinizə diri halda çatsa, onun başı İslam qaydalarına uyğun olaraq kəsilməlidir. Amma əgər insan ona çatmazdan qabaq can verərsə, hətta başı kəsilməsə belə, halaldır.

Sonra ayə əsnasında belə ovların halalolma şərtlərindən digər ikisi qeyd edilir: Şikarçı itlərin sizin üçün saxladığı ovlardan yeyin. Deməli, əgər ov itləri özlərinin ovladıqları heyvanın bir hissəsini yemək, qalanını isə saxlamağa adət etmiş olsa, belə ovlar halal deyildir və həqiqətdə belə itlər təlim görmüş sayılmır. Onların öz sahibi üçün saxladığına «ələykum» (sizin üçün) deyilmir. Əksinə, həmin heyvanı özü üçün ovlamış olur. Digər məsələ budur ki, ov itini ovun dalınca göndərdiyiniz zaman gərək Allahın adını çəkəsiniz.

AYƏ nin sonunda bütün bu göstərişlərə riayət olunsun deyə, buyurulur: Allah qarşısında təqvalı olun. Həqiqətən, Allah hesablara çox sürətlə yetişəndir.

AYƏ 5:

﴿الْيَوْمَ أُحِلَّ لَكُمُ الطَّيِّبَاتُ وَطَعَامُ الَّذِينَ أُوتُواْ الْكِتَابَ حِلٌّ لَّكُمْ وَطَعَامُكُمْ حِلُّ لَّهُمْ وَالْمُحْصَنَاتُ مِنَ الْمُؤْمِنَاتِ وَالْمُحْصَنَاتُ مِنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ مِن قَبْلِكُمْ إِذَا آتَيْتُمُوهُنَّ أُجُورَهُنَّ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ وَلاَ مُتَّخِذِي أَخْدَانٍ وَمَن يَكْفُرْ بِالإِيمَانِ فَقَدْ حَبِطَ عَمَلُهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ﴾

TƏRCÜMƏ:

«Bu gün, pak olan şeylər sizə halal oldu. (Səmavi) kitab verilmiş kəslərin yeməyi sizə halal, sizin yeməyiniz onlara halaldır. (Həmçinin) zina əhli olmadan və gizlində qeyri-qanuni aşna saxlamadan, ismətli olub mehriyyələrini ödəyəcəyiniz təqdirdə möminələrdən olan azad və ismətli qadınlar(la), eləcə də sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən olan azad və ismətli qadınlar(la evlənmək sizə halaldır). Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır

TƏFSİR:

KİTAB ƏHLİNİN YEMƏYİNDƏN YEMƏK VƏ ONLARLA EVLƏNMƏK

Əvvəlki ayələrin təkmilləşdiricisi olan bu ayədə əvvəlcə buyurulur: Bu gün pakizə olan şeylər sizin üçün halal oldu. Habelə, kitab əhlinin yeməkləri sizin üçün, sizin yeməkləriniz də onlar üçün halaldır. «Kitab əhlinin təamı» dedikdə məqsəd onların əli ilə kəsilən heyvan ətləri nəzərdə tutulmur.

Bu ayənin təfsirində İmam Sadiq (ə) belə buyurur: «Kitab əhlinin təamı dedikdə onların kəsdikləri heyvanlar deyil, meyvələr və dənli yeməklər nəzərdə tutulur. Çünki onlar heyvanın başını kəsərkən Allahın adını zikr etmirlər.»

QEYRİ-MÜSƏLMAN QADINLARLA EVLƏNMƏK

Kitab əhlinin təamının halal olması bəyan edildikdən sonra bu ayədə həm müsəlmanlardan, həm də kitab əhlindən olan pak və iffətli qadınlarla evlənmə məsələsini irəli çəkərək buyurur: Müsəlmanlardan və kitab əhlindən olan pak-pakizə qadınlar sizin üçün halaldır. Yəni onlarla evlənə də bilərsiniz. Bu şərtlə ki, onların mehriyyələrini vermiş olasınız.

Digər bir şərti budur ki, bu evlilik açıq-aşkarda olan zina, yaxud gizli dost seçmə yolu ilə deyil, qanuni evlənmə yolu ilə olmalıdır.

Həqiqətdə ayənin bu hissəsi müsəlmanların qeyri-müsəlmanlarla evlənməsində mövcud olan məhdudiyyətləri azaldır və onların kitab əhlindən olan qadınlarla evlənməsinə müəyyən şərtlərlə icazə verir. Bu barədə əlavə məlumatlar fiqhi kitablarda qeyd olunmuşdur.



  İrəli
Go to TOP