A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bunu da qeyd edək ki, sələm bir neçə mərhələdə, tədrici surətdə haram və qadağan edilmişdir. Birinci mərhələdə yəhudilərin sələmçiliyi tənqid atəşinə tutulur. Çünki qadağan olunduğu halda onlar riba alırdılar. Bu ayə bir neçə qat artıq alınan sələmi qadağan edir. Lakin tədriclə hətta bir dirhəm belə, sələm almaq Allahla müharibə kimi təqdim edilmişdir.

İNCƏ MƏTLƏBLƏR

1. Ribanın özü qadağan olunmamışdan qabaq onun çirkin və aşkar nümunələri bəyan olunur.

2. İqtisadi məsələlərdə təqvaya riayət edilməsi son dərəcə zəruri məsələlərdəndir. Sağlam iqtisadiyyat da təqva əlamətidir.

3. Qurtuluş və xilaskarlıq mal-dövlətlə, sələmçiliklə deyil, təqva yolu ilə hasil olur.

4. Sələm alan şəxs təqvasızdır. Təqvasız şəxs də qurtuluşa, nicata nail ola bilməz. Sələm yeyən şəxs nə dünyada qurtuluşa nail olar (ona görə ki, cəmiyyətdə sinfi ixtilafları şiddətləndirir, insanlar arasında təfriqə, kin-küdurət yaradır, məhrum təbəqələrə ruhi sıxıntı gətirir və cəmiyyəti partlayışa doğru aparır, digər tərəfdən isə pullarını sələmə verənlərdə əyyaşlıq, harınlıq, hərislik və s. kimi xüsusiyyətləri gücləndirir), nə də axirətdə qurtuluşa nail ola bilərlər. Çünki onlar Allahın qəhr əzabına düçar olmuşlar.

AYƏ 131:

﴿ وَاتَّقُواْ النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:

«Kafirlər üçün hazırlanmış oddan çəkinin

TƏFSİR:

Bu ayədə bir daha təqvaya təkid olunur və buyurulur ki, özünüzü kafirlər üçün hazırlanmış oddan qoruyun.

«Kafirlər» təbiri gətirilməsindən məlum olur ki, ümumiyyətlə, sələmçilik iman ruhu ilə bir yerə sığmaz və sələm yeyənlər kafirləri gözləyən cəhənnəm oduna düçar olacaqlar.

AYƏ 132:

﴿ وَأَطِيعُواْ اللّهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ ﴾

TƏRCÜMƏ:

«Allaha və Onun peyğəmbərinə itaət edin, bəlkə rəhm olunasınız

TƏFSİR:

«Ühüd» müharibəsində müsəlmanların məğlub olmalarının səbəbi onların Peyğəmbəri-Əkrəmin (s)  göstərişləri qarşısında itaətsizlik etmələri idi. Çünki Həzrət (s) buyurmuşdu ki, «Ühüd» dağının dərələri arasında yerləşən xüsusi bir məntəqəni qorusunlar və oranı heç vaxt tərk etməsinlər. Lakin Peyğəmbərin (s) təkidli göstərişlərinə baxmayaraq, mühafizəçilər qənimətlərə tamah salaraq həmin məntəqəni tərk etdilər. Düşmən də məhz keşiksiz qalmış həmin yerdən müsəlmanlara ağır zərbə endirdi.

İNCƏ MƏTLƏBLƏR

1. Rəsuli-Əkrəmin (s) istər hökumət məsələləri ilə, istərsə də ibadətlə əlaqədar göstəriş və fərmanları Allahın fərmanlarına itaət etmək kimi vacibdir.

2. Hər kəs Allahın və Peyğəmbərin (s) göstərişlərinə itaət edərək sələmçilikdən əl çəksə və insanlara rəhm etsə, Allahın rəhmətinə nail olacaqdır (bu, əvvəlki ayələrə diqqət yetirilməklə başa düşülür).

AYƏ 133:

﴿ وَسَارِعُواْ إِلَى مَغْفِرَةٍ مِّن رَّبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَاوَاتُ وَالأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:

«Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsi

TƏFSİR:

SƏADƏT YOLUNDA MÜSABİQƏ

Bəd əməl sahiblərini təhdid edərək onlara cəhənnəm əzabını vədə verən ayələrin ardınca bu ayədə yaxşı əməl sahiblərinə ilahi rəhmət vədəsi verilərək onlar təşviq olunur, yaxşı əməl sahiblərinin səy və fəaliyyətləri bir növ mənəvi müsabiqəyə bənzədilir ki, onun da yekun hədəfi Allahın bağışlamağı, behişt kimi əbədi nemətlərə nail olmaqdan ibarətdir. Allah-təala buyurur: «İlahi məğfirətə (bağışlanmağa) nail olmaq yolunda bir-birinizlə yarışın.»

Mənəvi məqamlara nail olmaq günahlardan təmizlənmədən və bağışlanmadan mümkün deyildir, buna görə də bu mənəvi müsabiqədə əsas hədəf ilk növbədə Allahın məğfirəti, ikinci mərhələdə isə genişliyi asimanlar və yer qədər olan behişt qərar verilmişdir.

Ayənin axırında bir daha təkidlə buyurulur: «Belə bir əzəmətdə olan behişt pəhrizkarlar və təqva sahibləri üçün nəzərdə tutulmuşdur.»

AYƏ 134:

﴿ الَّذِينَ يُنفِقُونَ فِي السَّرَّاء وَالضَّرَّاء وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴾

TƏRCÜMƏ:

«(Təqvalılar) həmin o kəslər(dirlər) ki, mallarını rifah və şadlıqda, mallarında və hallarında (maddi və mənəvi) yoxsulluqda xərcləyirlər, qəzəblərini udan və camaat(ın xətaların)dan keçənlərdirlər. Allah yaxşılıq edənləri sevir

TƏFSİR:

TƏQVA SAHİBLƏRİNİN SİMASI

Pəhrizkar və təqvalı insanlara əbədi behişt vədəsi verilməsinin ardınca bu ayədə onların kim olduğu bəyan edilir. Onlar üçün beş ali-insani səciyyə və xususiyyət bəyan edilir:

1. Onlar hər bir halda – istər rahatlıq, firavanlıq və vüsət halında, istərsə də pərişanlıq, yoxsulluq və məhrumiyyət halında Allah yolunda infaq edərlər.

Diqqət yetirilməlidir ki, əvvəlcə pəhrizkarların infaq kimi bariz xüsusiyyətləri bəyan edilir. Çünki bu, yuxarıdakı ayədə sələmçilərin və istismarçı xüsusiyyətlərin düz qarşısında dayanır. Bundan əlavə, həm firavanlıq və həm də yoxsulluq dövründə öz mal-dövlətlərindən keçərək onu ehsan etmələri təqva məqamının ən aydın əlamətidir.

2. Onlar qəzəblərini cilovlayaraq öz ixtiyarlarında saxlayır və onlara hakim kəsilir.

3. Onlar camaatın xətalarını güzəştə gedirlər.

Qəzəbi udmaq çox gözəldir, lakin bu, təklikdə kifayət deyildir. Çünki kin-küdurət, ədavət insanın qəlbindən tamamilə silinməyə bilər, bu halda ədavətə son qoyulması üçün qəzəbin udulmasından sonra ehsan və yaxşılıq da olmalıdır.

4. «Onlar yaxşı əməl sahibləridir və Allah da yaxşı əməl sahiblərini sevir.»

Burada əfvin ən ali mərhələsinə işarə olunmuşdur. Belə ki insan pislik qarşısında yaxşılıq edəndə (özü də layiq olan hallarda) düşmənçilik köklərini qəlbindən tamamilə kəsir və qarşı tərəfin qəlbini özünə qarşı mehriban edir.

AYƏ 135:

﴿وَالَّذِينَ إِذَا فَعَلُواْ فَاحِشَةً أَوْ ظَلَمُواْ أَنْفُسَهُمْ ذَكَرُواْ اللّهَ فَاسْتَغْفَرُواْ لِذُنُوبِهِمْ وَمَن يَغْفِرُ الذُّنُوبَ إِلاَّ اللّهُ وَلَمْ يُصِرُّواْ عَلَى مَا فَعَلُواْ وَهُمْ يَعْلَمُونَ﴾

TƏRCÜMƏ:

«Və o kəslər ki, çirkin bir iş (böyük günah) gördükdə və ya (kiçik bir günahla) özlərinə zülm etdikdə, Allahı yada salar və günahları üçün bağışlanmaq istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Və onlar etdikləri işdə bilərəkdən israr etməzlər

TƏFSİR:

Təqvalılar çirkin bir əmələ mürtəkib olduğu zaman, yaxud özlərinə zülm edərkən Allahı xatırlayar və öz günahlarının bağışlanmasını Ondan istəyərlər.

Yuxarıdakı ayədən məlum olur ki, insan Allahı xatırladığı vaxta qədər günah əmələ mürtəkib olmaz. Bəzi hallarda insan Allahı unudur, amma pəhrizkar insanlarda bu unutqanlıq və qəflət çox çəkmir, tez bir zamanda Allahı xatırlayır və öz keçmiş əməllərini bərpa edirlər. Allahdan başqa günahları kim bağışlaya bilər?!

Ayənin axırında təkid üçün buyurulur: Onlar heç vaxt elm və agahlıq üzündən öz günahlarını davam etdirməzlər.

AYƏ 136:

﴿ أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ ﴾

TƏRCÜMƏ:

«Onların mükafatları öz Rəbbi tərəfindən bağışlanmaq və (ev və ağaclarının) altından çaylar axan cənnətlərdir. Orada əbədi qalacaqlar. Bu əməl sahiblərinin mükafatı necə də gözəldir!»

TƏFSİR:

Üç ayədə ardıcıl olaraq «muttəqin», «muhsinin» və «amilin» kəlmələrinin təkrar olunması göstərir ki, təqva təkcə şəxsi bir məsələ və insanın ruhu ilə əlaqədər deyil, həm də cəmiyyət səhnəsində əməl və ehsanla yanaşı olan bir xüsusiyyətdir.

İNCƏ MƏTLƏBLƏR

1. İnsan günahdan pak olmayınca behiştə daxil olmaq ləyaqətini əldə edə bilmir.

2. Təkcə arzularla Allahın mərhəmətinə nail olmaq olmaz, iş və əməl də lazımdır.

AYƏ 137:

﴿ قَدْ خَلَتْ مِن قَبْلِكُمْ سُنَنٌ فَسِيرُواْ فِي الأَرْضِ فَانْظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذَّبِينَ ﴾

TƏRCÜMƏ:

«Əlbəttə, sizdən öncə ilahi ənənəyə (Allahın dəyişməz ənənəvi qanunlarına) əsasən (kütləvi məhv etmələr kimi) bir sıra hadisələr ötüb keçmişdir. Odur ki, yer üzündə gəzib-dolanın və təkzib edənlərin aqibətinin necə olmasına baxın

TƏFSİR:

Keçmiş qövmlərdə mövcud olan sünnələr aşağıdakılardır:

1. Onların haqqı qəbul edərək nicata çatmaları.

2. Onların haqqı təkzib edərək həlak olmaları.

3. Onlar üçün ilahi imtahanlar.

4. Qeybi yardımlar.

5. Zalımlara fürsət və möhlət verilməsi.

6. Allah bəndələrinin, ilahi şəxsiyyətlərin müqavimət göstərərək hədəflərinə çatmaları.

7. Kafirlərin məkirli planları və bu planların Allah tərəfindən ifşa edilməsi.

İNCƏ MƏTLƏBLƏR

1. Keçmiş ümmətlərin tarixinin öyrənilməsi gələcək nəsillərin həyatı üçün bir çırağa bənzəyir. (İnsanların tarixi bir-birilə mədəni və ideoloji bağlılığa malikdir. Dünənin dəyişiklikləri bu gündə və bu günün dəyişiklikləri gələcək nəsillərdə təsirlidir.)

2. Hədəfli və məqsədyönlü olan səyahət və gəzinti, həmçinin təfəkkürlə yanaşı olduqda zalımların əsərləri barəsində düşünülməsi insanların ən yaxşı tərbiyəçisi, müəllimi və ibrət dərsi ola bilər.

3. Siz digər ümmətlərdən əsla fərqlənmirsiniz. Hər kəsin inkişaf və tərəqqisinin, yaxud süquta və tənəzzülə uğramasının amilləri eynidir.

4. İnsanlar inkişaf etdikdən, istedadları çiçəkləndikdən sonra qocalığa doğru getdiyi kimi, onlardan təşkil olunmuş cəmiyyətlər də inkşaf edərək tərəqqiyə çatır, çiçəklənir və ya suquta uğrayır.

5. Tarixin mütaliə olunub araşdırılmasında əsas məsələ ondakı mühüm hadisələr deyil, işin necə sona çatmasıdır.

AYƏ 138:

﴿ هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:

«Bu (Quran), insanlar üçün (həqiqətlərə) aydınlıq gətirən və təqvalılar üçün başdan-başa hidayət və nəsihətdir

İNCƏ MƏTLƏBLƏR

1. Quranın bütün iinsanlar üçün nazil olmasına baxmayaraq, ondan yalnız pəhrizkar və müttəqi şəxslər ibrət alırlar.

2. İlahi ayələrdən nə dərəcədə istifadə edib faydalanmaqda insanların ruhiyyəsi təsirlidir.

AYƏ 139:

﴿ وَلاَ تَهِنُوا وَلاَ تَحْزَنُوا وَأَنتُمُ الأَعْلَوْنَ إِن كُنتُم مُّؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«Heç vaxt (düşmən qarşısında) süstləşməyin və (düçar olduğunuz bəlalara görə) kədərlənməyin ki, əgər (həqiqi) mömin olsanız siz üstünsünüz

TƏFSİR:

«Ühüd» müharibəsində rəhbərə itaət edilməməsi nəticəsində İslam qoşunu məğlubiyyətə düçar oldu və bu hadisədən sonra müsəlmanlar sarsılıb öz əhval-ruhiyyələrini əldən verdilər. Yuxarıdakı ayə nazil olaraq onlara göstəriş verdi ki, məğlubiyyətdən sonra özünüzü itirməyin, imanınızı gücləndirin, çünki üstünlük sizinlədir. Allah-təala Musaya (ə) buyurur: «Həqiqətən sən üstünsən, amma camaata de ki, əgər mömin olsanız, üstünlük sizinlədir.»

İNCƏ MƏTLƏBLƏR

1. Müvəqqəti məğlubiyyət son məğlubiyyətin əlaməti deyildir (ayənin nazil olması səbəbinə əsasən).

2. Əgər iman ruhunu əldən verməsəydiniz, Peyğəmbərin (s) göstərişlərini görməməzliyə vurmasaydınız, məğlubiyyətə uğramazdınız (ayənin nazil olması səbəbinə əsasən).

AYƏ 140:

﴿إِن يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِّثْلُهُ وَتِلْكَ الأيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَتَّخِذَ مِنكُمْ شُهَدَاء وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ﴾

TƏRCÜMƏ:

«Əgər (Ühüd döyüşündə) sizə yara və zərər-ziyan dəydisə (Bədr döyüşündə də) o biri dəstəyə onun kimi yara və zərər-ziyan dəydi. Biz bu (qələbə və məğlubiyyət) günləri(ni daha kamil bir quruluşun xeyiri,) Allahın iman gətirənləri üzə çıxarması (və Onun əzəli elminin xarici aləmdə gerçəkləşməsi) üçün, həmçinin sizin aranızdan (axirətdə insanların əməllərinə şahid durmaq üçün) şahidlər götürmək üçün insanların arasında növbə ilə dolandırırıq. Allah zalımları sevmir.»

TƏFSİR:

Bu ayə müsəlmanlara təskinlik verməklə yanaşı, həqiqəti bəyan edir və buyurur ki, əgər siz haqq məqsəd və ilahi hədəflər yolunda, aydın gələcək naminə fiziki cəhətdən zərərə düçar olmuşsunuzsa, narahat olmayın, sizin düşmənləriniz də öldürülüb-yaralanmışlar. Siz bu gün «Ühüd»də qələbə qazanmamışsınızsa, sizin düşmənləriniz də dünən «Bədr» döyüşündə məğlubiyyətə uğramışlar. Deməli, imtahan və sınaqlarda səbirli, müqavimətli olmaq lazımdır.

İNCƏ MƏTLƏBLƏR

1. Siz müsəlmanlar səbir və müqavimətdə kafirlərdən geri qalmamalısınız.

2. Həyatın acılı-şirinli hadisələri həmişəlik deyildir.

3. Müharibələrdə, həyatın enişli-yoxuşlu yollarında həqiqi iman sahibləri iman iddiaçılarından seçilib ayrılırlar.

4. Allah-təala acınacaqlı «Ühüd» müharibəsində sizin özünüzdən şahidlər tutdu ki, rəhbərə itaət etməkdən boyun qaçırmağın məğlubiyyətə necə səbəb olduğunu görəsiniz.

5. Kafirlərin müvəqqəti qələbələri onların Allah yanında sevimli olmalarına dəlil ola bilməz.

AYƏ 141:

﴿ وَلِيُمَحِّصَ اللّهُ الَّذِينَ آمَنُواْ وَيَمْحَقَ الْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:

«Və həmçinin iman gətirənləri xalis etmək və saflaşdırmaq, kafirləri tədriclə məhv etmək üçün!»

TƏFSİR:

Bu ayədəki «təmhis» kəlməsi hər növ eybdən paklanmaq, «məhq» isə tədrici olaraq azalıb yox olmaq deməkdir. Sanki Allah-təala «Ühüd» müharibəsindəki məğlubiyyətlə müsəlmanların zəif cəhətlərini göstərmək istəyirdi ki, onlar bu nöqsanlı halları aradan qaldırıb özlərini islah etmək fikrinə düşsünlər və sonrakı hərəkətlər üçün kifayət qədər hazırlığa malik olsunlar. Bəzən baş verən məğlubiyyətlər insanı yuxudan oyadır və onun həyatında həlledici rol oynayır. Bu da insanı qəflətə daldıran qələbələrdən daha yaxşıdır.

AYƏ 142:

﴿ أَمْ حَسِبْتُمْ أَن تَدْخُلُواْ الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللّهُ الَّذِينَ جَاهَدُواْ مِنكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ ﴾

TƏRCÜMƏ:

«Yoxsa Allah aranızdan cihad edənləri və səbirliləri məlum etməmiş (üzə çıxarmamış və Onun əzəli elmi xaricdə gerçəkləşməmiş) Cənnətə daxil olacağınızı güman edirsiniz?!»

TƏFSİR:

Bu ayədə möminlərin cihad, səbr və müqavimət ruhiyyələrinə işarə olunur. Çünki behişt yolu elə səbr və cihad yolundan ibarətdir. Quranda buyurulur: «Səlamun əleykum bima səbərtum!” [Ey behişt əhli, səbr və müqavimət etdiyinizə görə sizə salam olsun!] Belə bir təbir gətirilməsində incə işarələr vardır. Ayədə «sizin həccə gedib, oruc tutmağınız, xüms-zəkat verməyinizə görə salam olsun» – deyə buyurulmur, çünki hər bir əməlin yerinə yetirilməsi səbr və müqavimət tələb edir.

İNCƏ MƏTLƏBLƏR

1. Sadəcə iman gətirmək kifayət deyildir, əməl, fəaliyyət, işgüzarlıq da lazımdır. (Behişti dəyərə görə verirlər, bəhanəyə görə yox.)

2. Behiştin açarı səbr və cihaddır (qəm-qüssələr, şadlıqlar, günahlar, itaətlər və bir sözlə, böyük və kiçik cihad müqabilində səbr etmək).

3. Cihadla yanaşı, səbr və müqavimət də lazımdır. Çünki müharibənin başlanması və davam etdirilməsi müəyyən tələfatlara səbəb olur, müharibədən sonra da baş verən çatışmazlıqların aradan qaldırılmasında səbr və təmkinə ehtiyac vardır.

4. Puç, batil, xam xəyallardan və yersiz təvəqqelərdən əl çəkin.

AYƏ 143:

﴿ وَلَقَدْ كُنتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِن قَبْلِ أَن تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنتُمْ تَنظُرُونَ ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, siz ölümlə qarşılaşmamışdan qabaq onu arzulayırdınız (möminlər Ühüd müharibəsindən qabaq şəhid olmağı arzulayırdılar). Beləliklə, həqiqətən (Ühüd müharibəsində) ona baxdığınız halda gördünüz onu! (Bəs onda sarsıntı və döyüşdən qaçmaq nə üçündür?)»

TƏFSİR:

Bu ayənin nazilolma səbəbində qeydə olunur ki, «Bədr» müharibəsində müsəlmanlar qələbə çaldılar və onlardan bəziləri şahadət dərəcəsinə nail oldu. Bu zaman bəziləri arzu edib deyirdilər ki, kaş biz də «Bədr» müharibəsində iştirak edib Allah yolunda şəhadətə çataydıq. Lakin sonrakı il baş verən «Ühüd» müharibəsində elə həmin şəxslər döyüş meydanından qaçdılar. Bu ayə nazil olub onları tənqid atəşinə tutdu.

İNCƏ MƏTLƏBLƏR

1. Özünüzün uzun-uzadı arzularınıza aldanmayın, hər şüara və hər şüar verənə xatircəm olmayın.

2. Böyük şəxsiyyətlər təcrübə və əməl meydanında sınaqdan keçirilir:

Sözün əməldə isbat olunması gələn zaman

Rüsvay olar “mən-mən” deyən dil pəhləvanı olan.

Kərbəla şəhidlərinin ziyarətində oxuyuruq: «Kaş biz də sizinlə olaydıq və şəhadətə çataydıq.» Doğrusu, heç fikirləşmişik ki, əmələ gəldikdə nə edirik?

AYƏ 144:

﴿وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَن يَنقَلِبْ عَلَىَ عَقِبَيْهِ فَلَن يَضُرَّ اللّهَ شَيْئًا وَسَيَجْزِي اللّهُ الشَّاكِرِينَ﴾

TƏRCÜMƏ:

«Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) yalnız bir peyğəmbərdir ki, ondan öncə (də) peyğəmbərlər gəlib getmişlər. Buna görə də əgər o ölsə və ya öldürülsə, siz öz keçmişinizə qayıdacaqsınız (əqidələrinizdən əl çəkəcəksiniz)?! Öz keçmişinə qayıdan şəxs Allaha heç bir ziyan vurmaz. Allah tezliklə şükr edənləri mükafatlandıracaqdır.»

TƏFSİR:

Müxtəlif sünni və şiə təfsirlərində qeyd olunur ki, «Ühüd» müharibəsində kafirlər tərəfindən atılan bir daş Peyğəmbərin (s) mübarək dişlərinə dəydi, onun ağzından qan axmağa başladı. Bu zaman uca səslə dedilər ki, «Məhəmməd öldürüldü!» Bəziləri də Müsəbin şəhid olması ilə Peyğəmbərin (s) şəhid olmasını güman etdilər. Bu şayiə nəticəsində kafirlər sevindilər və ruhiyyələri yüksəldi, bəzi müsəlmanlar isə süstləşərək müharibə meydanından qaçmağa başladılar, hətta bəziləri kafirlərin başçısı Əbu Süfyandan aman almaq fikrinə düşmüşdü. Bunların müqabilində bir dəstə müsəlman da uca səslə deyirdi: «Əgər Məhəmməd də olmasa Məhəmmədin yolu və Məhəmmədin Allahı həmişəlikdir, meydandan qaçmayın!»

İNCƏ MƏTLƏBLƏR

1. İslam cəmiyyəti o qədər möhkəm və mütəşəkkil olmalıdır ki, hətta onun rəhbərinin aradan getməsi ilə də cəmiyyətə zərbə dəyməməlidir.

2. İslam Peyğəmbəri (s) ilahi sünnəyə tabedir. Ölüm və həyat kimi təbii qanun və şəraitlər onun barəsində də cərəyan edir.

3. Məgər əvvəlki peyğəmbərlərin ölməsi ilə ardıcılları onların dinindən dönürdülərmi?!

4. Şayiə yaymaq düşmənin hiyləgərlik planlarından birdir (bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur).

5. İnsanların kafir və ya mömin olmasının Allah üçün heç bir zərəri və ya faydası yoxdur (dindən dönmək, yaxud kafir olmağın nəticəsi insanların özlərinə aid olur.)

6. Haqq yolunda müqavimət göstərmək əməllə edilən ən yaxşı şükür növüdür ki, onun da mükafatı Allah tərəfindən verilir.

AYƏ 145:

﴿ وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلاَّ بِإِذْنِ الله كِتَابًا مُّؤَجَّلاً وَمَن يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَن يُرِدْ ثَوَابَ الآخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ ﴾

TƏRCÜMƏ:

«Heç kəsin Allahın əzəli istək və əmri olmadan ölməsi mümkün deyildir. (Hər bir canlının ölümü) müəyyən olunmuş, vaxtlı bir yazıdır. Kim (öz səylərindən) dünya mükafatı istəsə, ondan ona verərik və kim axirət mükafatı istəsə, ona ondan verərik. Şükr edənləri tezliklə mükafatlandıracağıq.»

TƏFSİR:

Qeyd olunduğu kimi, Peyğəmbərin (s) «Ühüd» müharibəsində şəhid edilməsi ilə əlaqədər yayılan əsassız şayiələr müsəlmanların çoxunun qəlbinə vəhşət və qorxu saldı, hətta onlardan bəziləri müharibə meydanından qaçmışdı, bəziləri də İslam dinindən çıxaraq əvvəlki vəziyyətə dönmək fikrinə düşmüşdü. Bu kimi insanları tənbeh edib qəflətdən ayıltmaq üçün buyurulur: Ölüm yalnız Allahın əlindədir və Allahın əmri ilədir. Hər kəs üçün əvvəldən təyin olunmuş bir əcəl vardır ki, ondan qaçıb xilas ola bilməz.

Deməli əgər Peyğəmbəri-Əkrəm (s) bu döyüş meydanında şəhadət şərbətini içsəydi, ilahi sünnədən başqa bir iş baş verməyəcəkdi. Digər tərəfdən də müharibə meydanından qaçmaq əcəli təxirə sala bilməz. Eləcə də cihad meydanlarında iştirak etmək insanın əcəlini tezləşdirməz.

Ayənin axırında buyurulur: İnsanın işgüzarlığı və fəaliyyəti heç vaxt zay edilməz. Əgər bir kəsin hədəfi və məqsədi yalnız maddi və dünyəvi nəticələr almaq olsa («Ühüd» döyüşündə iştirak edən bəzi döyüşçülər kimi. Onlar yalnız qənimət əldə etmək üçün döyüşürdülər), nəhayət ondan müəyyən qədər bəhrə əldə edər. Amma hədəf daha yüksək olarsa, insanların səy və fəaliyyətləri əbədi həyat, ali-insani fəzilətlər kəsb etmək üçün sərf olunsa, yenə də öz hədəflərinə nail olacaqlar. Əgər dünya və axirət səadətinə çatmağın hər ikisi insanın müsbət fəaliyyətinə bağlıdırsa, onda nə üçün insan öz varlıq və vücud sərmayəsini ikinci yolda, yəni daha yüksək məram və davamlı yolda işlətməməlidir?

Sonra bir daha təkidlə buyurulur: «Biz şükr edənlərin mükafatını tezliklə verəcəyik.»

AYƏ 146:

﴿ وَكَأَيِّن مِّن نَّبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُواْ لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللّهِ وَمَا ضَعُفُواْ وَمَا اسْتَكَانُواْ وَاللّهُ يُحِبُّ الصَّابِرِينَ ﴾

TƏRCÜMƏ:

«Nə çox peyğəmbərlər ki, onlarla birlikdə çoxlu ilahi şəxsiyyətlər vuruşmuşlar. Beləliklə onlar Allah yolunda düçar olduqları şey müqabilində süstləşərək zəifləmədilər və əyilərək təslim olmadılar. Allah səbirliləri sevir.»

TƏFSİR:

SABİQ MÜCAHİDLƏR

«Ühüd» müharibəsi ilə əlaqədar baş verən hadisələrin ardınca keçmiş peyğəmbərlərin köməkçilərinin və mücahidlərin şücaət, iman və müqavimətlərinə işarə edilir, müsəlmanları şücaət, rəşadət, fədakarlıq və dözümlülüyə təşviq edir. Bununla yanaşı «Ühüd» döyüş meydanından qaçanları məzəmmət edərək buyurur: Çoxlu peyğəmbərlər olmuşdur ki, Allaha pərəstiş edən mübarizlər onların köməkçiləri cərgəsində olmuşdur, onlar heç vaxt Allah yolunda onlara vurulan ağır yara və dəyən xəsarətlərdən süstləşməmiş, zəiflik göstərməmiş, kafirlər qarşısında təslim olmamışlar.

Aydındır ki, Allah da belə şəxsləri sevir. Çünki onlar müqavimətdən əl çəkmirdilər.

AYƏ 147:

﴿ وَمَا كَانَ قَوْلَهُمْ إِلاَّ أَن قَالُواْ ربَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وانصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ ﴾

TƏRCÜMƏ:

«(Döyüşün şiddətli anlarında) onların dedikləri söz yalnız bu idi ki: “Ey Rəbbimiz! Bizim günahlarımızı və işimizdəki israfçılığımızı bağışla, qədəmlərimizi möhkəmləndir və bizə kafir dəstəyə qarşı kömək et.”»

TƏFSİR:

Onlar düşmən qarşısında ehtimal verilən bəzi hallarda səhvə, süstlüyə, yaxud satqınlığa düçar olduqları zaman meydandan qaçmaq, yaxud kafirlərə təslim olmaq, yaxud da dindən çıxıb kafirliyə yönəlmək fikrinə düşmək əvəzinə, Allah dərgahına üz gətirib deyirdilər: «Pərvərdigara, bizim günahlarımızı bağışla, işlərimizdə etdiyimiz israflarmızı güzəştə get, bizim addımlarımızı möhkəmləndir və bizi kafirlərə qalib et.»

AYƏ 148:

﴿ فَآتَاهُمُ اللّهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الآخِرَةِ وَاللّهُ يُحِبُّ الْمُحْسِنِينَ ﴾

TƏRCÜMƏ:

«Beləliklə, Allah onlara bu dünyanın mükafatını və axirətin gözəl mükafatını əta etdi. Allah yaxşılıq edənləri sevir.»

TƏFSİR:

Ayənin axırında onlar yaxşı əməl sahiblərindən hesab edilərək buyurulur: Allah ehsan sahiblərini, yaxşı əməl edənləri sevir.

AYƏ 149:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ الَّذِينَ كَفَرُواْ يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنقَلِبُواْ خَاسِرِينَ ﴾