A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


2. Allah istəyirsə Kəbənin daşlarını mübarək (bərəkətli) və insanlar üçün hidayət vasitəsi qərar verir. Ona baxış ibadət sayılır, İbrahim və İsmail onun xidmətçisi olur.

3. Quran, Rəsul, Kəbə azaddır və Allaha məxsusdur. Nə Quran bir kəs tərəfindən yaradılıb, nə Rəsul bir kəsin beyətini öz öhdəsinə götürüb və nə də Kəbə bir kəsin şəxsi mülküdür.

4. Kəbə yer kürəsinin ilk nöqtəsidir.

5. Kəbə camaatın ibadət və raz-niyazı üçün tikilmiş ilk evdir.

6. Kəbənin xeyir-bərəkəti təkcə möminlər üçün deyil, hamı üçündür.

AYƏ 97:

﴿فِيهِ آيَاتٌ بَيِّـنَاتٌ مَّقَامُ إِبْرَاهِيمَ وَمَن دَخَلَهُ كَانَ آمِنًا وَلِلّهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلاً وَمَن كَفَرَ فَإِنَّ الله غَنِيٌّ عَنِ الْعَالَمِينَ﴾

TƏRCÜMƏ:

«Onda (Allahın tovhid, hikmət və rəhmətindən) aşkar nişanələr (və həmçinin o nişanələrdən biri olan) İbrahimin məqamı vardır. Kim ora daxil olsa amandadır (amanda olmalıdır). Allahın insanların – əlbəttə ora getmək imkanı olan kəsin – boynuna düşən haqqı budur ki, o evə gedərək oranın Həcc əməllərini yerinə yetirsinlər. Kim nankorluq etsə, (bilsin ki,) həqiqətən, Allahın aləmdəkilərə ehtiyacı yoxdur.»

TƏFSİR:

Məkkə və Kəbə ilahi qüdrət və nişanələrin cilvəgahıdır. Onun tarixində acılı-şirinli hadisələr vardır ki, onlara nəzər salmaq insana ibrət dərsi verir. Onun tikilişində İbrahim (ə) kimi bir peyğəmbər bənnalıq, İsmail (ə) kimi bir şəxs fəhləlik etmişdir. Əbrəhənin başçılıq etdiyi fil ordusu oranı dağıtmaq üçün gəldikdə Allah-təala əbabil quşlarının vasitəsi ilə bütün ordunu məhv etdi. Həzrət Əlinin (ə) təvəllüdü zamanı onun divarı yarılaraq anası Fatimə binti Əsədin üzünə açıldı ki, Əli (ə) onun daxilində dünyaya gəlsin və bir neçə ildən sonra həmin evin daxilindəki bütləri sındırsın. Həmçinin, bu elə bir evdir ki, həbəşistanlı zənci qul  Bilal Məkkənin əyan-əşrafının qəzəb və heyrətdən bərəlmiş gözləri önündə onun üstünə çıxaraq azan dedi. Bir gün də gələcək ki, Allahın axırıncı Höccəti (ə) onun divarına söykənərək bütün insanların nicat nidası olan «kəlimətullah hiyəl-ulya» şüarını verəcək və bütün insanları İslama dəvət edəcəkdir.

Bəli, Məkkə ilahi əminamanlıq diyarıdır. Hər kəs oraya daxil olsa, əminamanlıqda olar. Kim Məscidül-Hərama daxil olsa, hətta bir adamı öldürüb oraya girmiş olsa belə, ona toxunmaq olmaz. Yalnız onu təzyiqə məruz qoymaq olar ki, məcburi olaraq oranı tərk etsin.

Kəbənin kənarında İbrahimin (ə) məqamı yerləşir. Rəvayətlərə əsasən, İbrahim (ə) məqamı bir daşdır ki, İbrahim (ə) Kəbəni tikib onun divarlarını qaldırarkən o daşı ayaqları altına qoymuşdu. Onun üzərində Həzrət İbrahimin (ə) ayaq izləri mövcuddur. Bu daş və onun həmişəlik əsəri əsrlər boyu baş vermiş dəyişikliklərlə yanaşı, Kəbə və onun ətrafında həmlələrdən, sellərdən, dağıntılardan amanda qalmış ilahi qüdrət nişanələrindəndir. Allah-təala da insanları bu evin ziyarəti – həcci üçün çağırır.

“Həcc” lüğətdə hərəkətlə yanaşı olan qəsd mənasındadır. Bu sözlə eyni köklü olan «məhəccət» sözü insanı məqsədə çatdıran «düzgün yol» mənasını verir. Lakin İslam dinində Həcc “Allah evinə getmək və onunla əlaqədər əməlləri yerinə yetirmək məqsədi” mənasını daşıyır.

Bəli, Kəbə ilahi qüdrət nişanələrinin cilvəgahı, dünya müvəhhidlərinin bir yerə yığışdığı yer və tövhid aşiqlərinin daşlı-çınqıllı, otsuz-ələfsiz dağların ətəyində «ləbbeyk» dedikləri yerdir.

İNCƏ MƏTLƏBLƏR

1. Allah evində aydın nişanələr vardır: o, müqəddəslik, mənəviyyat və mənəvi cazibələr nişanəsidir, Adəmdən Xatəmə qədər olan peyğəmbərlərin xatirələrini dirçəldən yerdir və bütün namaz qılanların qibləgahıdır.

2. İslamın imtiyazlarından biri də budur ki, tarix boyu məzlumların fəryad çəkdiyi bir yer olsun deyə, yer kürəsinin müəyyən bir məntəqəsini əminamanlıq yeri təyin etmişdir.

3. Təklif və vəzifə insanın bacarığı miqdarındadır (istər maddi, istər fiziki, istərsə də əminamanlıq baxımından). Maddi imkan da həccin şərtidir.

4. Həccin inkar olunması və onu tərk etmək küfr (kafirlik) sayılır. «Mən la yəhzuruhul-fəqih» kitabının 4-cü cildinin 368-ci səhifəsində qeyd olunur ki, Peyğəmbər (s) Əliyə (ə) buyurdu: «Maddi imkanı olan halda həcci tərk edən şəxs kafirdir. Hər kəs «bu gün-sabah» deyərək həcci təxirə salıb ölsə, yəhudi və məsihi kimi dünyadan getmiş olur.»

5. Həccə getmək Həzrəti İbrahimin (ə) dəvətini qəbul edərək ona «ləbbeyk» deməkdən ibarətdir. Çünki o, Allahın fərmanı ilə belə fəryad etmişdir. Allah evinin ziyarətçilərinin ilk əməli libasları dəyişməklə yanaşı, «ləbbeyk», yəni «Pərvərdigara, Sənin dəvətini qəbul edib gəldim»  deməkdir.

6. İlahi əmr, fərman və göstərişlərə əməl edilməsinin faydası insanın özünə qayıdır. Çünki Allah hər bir şeydən ehtiyacsızdır.

7. Bu ayə həccin imkanı olanlara vacib olmasını göstərən yeganə ayədir. Yəni maddi və fiziki qüdrətə, imkana malik olan şəxslərə həcc əməllərini yerinə yetirmək vacibdir. Həccin digər hökmləri «Mənasik və Həcc əməlləri» kitabında bəyan edilmişdir.

8. Maddi cəhətdən imkanlı olan şəxslərin üzərinə daha artıq məsuliyyət gəlir.

9. Allah dəvət edir, lakin minnət qəbul etmir.

10. Vacib əməllərin yerinə yetirilməsi insanın üzərində olan bir məsuliyyət və əhddir.

11. Allah-təala mütləq şəkildə ehtiyacsızdır.

AYƏ 98:

﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَاللّهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:

«De: “Ey kitab əhli, nə üçün Allah etdiyiniz əməllərə şahid olduğu halda Allahın ayələrinə və nişanələrinə küfr edirsiniz?!”»

TƏFSİR:

Tənbehlə yanaşı olan sual çox ədəbli tərzdə olduqda təbliğin ən yaxşı yolu hesab olunur. Bunu da qeyd edək ki, əgər bir şəxs Allahı nəzərə alıb Onu özünün bütün əməllərinə şahid görsə, kafirlikdən mütləq əl çəkər.

AYƏ 99:

﴿ قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَن سَبِيلِ اللّهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنتُمْ شُهَدَاء وَمَا اللّهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ﴾

TƏRCÜMƏ:

«De: “Ey kitab əhli, nə üçün Allahın yolunu özünüz (onun haqq olmasına) şahid olduğunuz halda əymək istəyərək iman gətirən şəxsi Allahın yolundan saxlayırsınız?! Allah etdiyiniz əməllərdən əsla qafil deyildir.”»

TƏFSİR:

Əvvəlki ayədə əhli-kitabın kafirliklərindən söhbət gedirdi. Bu ayədə isə onların keçmiş əməl və rəftarları tənqid olunmaqla yanaşı, soruşulur ki, sizin özünüz iman gətirmir və Allah ayələrinə qarşı kafir olursunuzsa, hansı səbəblərə görə başqalarının da Allah yoluna yönəlməsinə mane olursunuz? Bilin ki, Allah heç vaxt sizin əməllərinizdən qafil deyildir.

İNCƏ MƏTLƏBLƏR

1. Düşmənləriniz hər an sizi azdırmaq üçün səy göstərirlər.

2. Onlar sizin haqq yolda olmağınızdan agah və bu işə şahiddirlər.

3. Düşmənlər bilməlidirlər ki, Allah onların əməllərindən agahdır və onları izləyir.

4. Əgər Allah-təalanın bizim əməl və rəftarlarımızdan bir an belə qafil olmadığını bilsək, yaramaz işlərdən əl çəkərik.

AYƏ 100:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُوَاْ إِن تُطِيعُواْ فَرِيقًا مِّنَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ يَرُدُّوكُم بَعْدَ إِيمَانِكُمْ كَافِرِينَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, əgər (səmavi) kitab verilmiş kəslərdən bir dəstəyə itaət etsəniz, (onlar) sizi imanınızdan sonra küfrə qaytararlar

TƏFSİR:

Müxtəlif təfsirlərdə qeyd olunur ki,[18] yəhudilərdən Şas ibn Qeys adlı bir nəfər Mədinə müsəlmanlarının, xüsusilə, Ovs və Xəzrəc qəbilələri arasındakı səfa-səmimiyyəti və qardaşlığı görəndə çox narahat oldu. Fikirləşdi ki, bu qəbilələr keçmişdə bir-birinə qarşı uzunmüddətli müharibə aparmışlar, amma hazırda Həzrət Məhəmmədin (s) düzgün idarəçiliyi və rəhbərliyi sayəsində sülh, qardaşlıq və səfa-səmimiyyətdə yaşayırlar. Bu rəhbərlik davam edərsə, yəhudilik ciddi bir təhlükə ilə qarşılaşacaqdır. O xüsusi tədbirlə bir qrupu yoldan çıxarıb özü ilə həmfikir etdi. Cavan bir müsəlmana göstəriş verdi ki, bu iki qəbilənin arasında baş vermiş köhnə müharibələri və müharibənin baş verdiyi yeri xatırladaraq onları yeni davaya təhrik etsin. Cavan bu işi gördü: müharibə odu şölələnmək ərəfəsində olduqda Rəsuli-Əkrəm (s) özünün xatircəmlik bağışlayan sözlərilə xəbərdarlıq verib onları bu məkirli hiylə və onun acınacaqlı nəticələrindən agah etdi. Onlar qəflət yuxusundan oyanaraq silahı yerə qoyub bir-birini qucaqladılar, ağlaşdılar və əməllərindən peşman oldular. Təfsirçilərin nəzərinə görə, bu ayə və ondan əvvəlki iki ayə həmin hadisə ilə əlaqədar nazil oldu və kitab əhlini danlayıb müsəlmanlara xəbərdarlıq verdi.

AYƏ 101:

﴿ وَكَيْفَ تَكْفُرُونَ وَأَنتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللّهِ وَفِيكُمْ رَسُولُهُ وَمَن يَعْتَصِم بِاللّهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾

TƏRCÜMƏ:

«Allahın ayələri sizə oxunduğu halda və Onun Rəsulu sizin aranızda ola-ola necə küfr edirsiniz?! Kim Allaha sığınsa, doğrudan da, doğru yola hidayət olunmuşdur

TƏFSİR:

İnhiraf və küfr ya düz yolun, ya da düzgün rəhbərin olmamasından irəli gəlir. Amma kitab, sünnə, ilahi qanun və rəhbərlərin mövcud olması ilə, artıq inhirafa, düz yoldan azmağa yer qalmır.

Allaha arxalanmaq, Ona təvəkkül etmək, hər bir işdə Ondan kömək diləmək bütün inhiraf və vəsvəsələlərdən amanda qalmağa səbəb olur.

İNCƏ MƏTLƏBLƏR

1. Allaha sarılmaq yolu hər kəsin üzünə açıqdır.[19]

2. Qanun təklikdə küfr, azğınlıq və inhirafın qarşısını almağa kifayət etmir; düzgün rəhbər də lazımdır.

3. Allahdan başqa hər kəsə və hər bir məqama üz döndərmək inhiraf, azğınlıq sayılır.

4. Hərəkətdən öncə ən mühüm məsələ düzgün yolu tapmaq və onun əsasında hərəkət etməkdir.

5. Allaha sarılmağın hökmən müsbət nəticəsi vardır.

6. Allaha sarılmaq agahlıq nəticəsində olan seçmə ilə yanaşı bir hərəkətdir və bu da Allah övliyaları ilə birlikdə Onun yolunda hərəkət etməkdən ibarətdir.

AYƏ 102:

﴿ يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ اتَّقُواْ اللّهَ حَقَّ تُقَاتِهِ وَلاَ تَمُوتُنَّ إِلاَّ وَأَنتُم مُّسْلِمُونَ ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, Allahdan Ona layiq olan tərzdə qorxun və yalnız müsəlman olaraq ölün

TƏFSİR:

İman, elm və təqvada olduğu kimi, hər hansı bir kamalın da müxtəlif mərhələləri – ilkin və ən yüksək mərhələsi vardır ki, mütləq kamala qədər gedib çatır. Məsələn, Quranda Peyğəmbərin (s) dilindən deyilir: «Rəbbi zidni elmən» – yəni, Pərvərdigara, mənim elmimi artır.»[20] «Məkarimul-əxlaq» duasında isə oxuyuruq: «Bəlliğ bi imani əkmələl-iman» – yəni Pərvərdigara, mənim imanımı kamal həddinə çatdır. Bu ayədə də buyurulur ki, «Allah qarşısında ən yüksək səviyyədə təqvalı olun.» İmam Sadiq (ə) buyurur: «Təqvanın haqqı budur ki, Allaha itaət edəsən.» Deməli, təqvanın da müxtəlif mərhələ və mərtəbələri vardır.

İNCƏ MƏTLƏBLƏR

1. Hər gün daha yüksək mərhələlərə nail olmaq lazımdır.

2. İman gətirməyin özü təklikdə kifayət deyildir, əsas şərt imanlı qalmaqdır. Hər hansı bir işin əvvəli çox da mühüm deyil. Onun axırı daha yüksək əhəmiyyət kəsb edir.

3. İslam dini insana təkcə necə yaşamağı deyil, həm də dünyadan necə getməyi öyrədir.

4. Təqva insanın axır-aqibətinin gözəl nəticələnməsinin əsas meyarıdır.

AYƏ 103:

﴿وَاعْتَصِمُواْ بِحَبْلِ اللّهِ جَمِيعًا وَلاَ تَفَرَّقُواْ وَاذْكُرُواْ نِعْمَةَ اللّهِ عَلَيْكُمْ إِذْ كُنتُمْ أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنتُمْ عَلَىَ شَفَا حُفْرَةٍ مِّنَ النَّارِ فَأَنقَذَكُم مِّنْهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ﴾

TƏRCÜMƏ:

«Və hamılıqla Allahın ipindən (dindən, kitabdan və vəhyi gətirənlərdən) möhkəm yapışın və parçalanmayın. Allahın sizin barənizdə bir-birinizlə düşmən ikən qəlbləriniz arasında ülfət yaratdığı zamandakı nemətini xatırlayın ki, Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Həmçinin siz od uçurumunun astanasında idiniz, sizi ondan xilas etdi. Allah Öz (tovhid, qüdrət və hikmət) nişanələrini sizin üçün bu cür bəyan edir ki, bəlkə hidayət olasınız.»

TƏFSİR:

İTTİHADA DƏVƏT

Bu ayədə cəmiyyətin ittihadda olub hər növ təfriqə və ikitirəlikdən uzaq olmasından ibarət olan yekun bəhs irəli çəkilir və buyurulur: “Hamılıqla Allah ipindən yapışın və pərakəndəlikdən uzaq olun.”

Bu ayədəki «həblillah» (Allah ipi) kəlməsi barəsində təfsir alimləri müxtəlif ehtimallar irəli sürmüşlər. İslam rəvayətlərində də bu məsələ ilə bağlı müxtəlif təbirlər gözə deyir. Lakin onların bir-birilə heç bir əsaslı ixtilafı yoxdur. Çünki «Allah ipi» dedikdə bəndələrlə Allah arasında olan hər növ rabitə və vasitə nəzərdə tutulur, bu vasitə istər Quran olsun, istər Peyğəmbər (s), istərsə də onun Əhli-beyti (ə).

Sonra Quran böyük bir nemət olan ittihad və qardaşlığa işarə edərək müsəlmanları, özlərinin qəm-qüssəli və rüsvayçı keçmişləri barəsində fikirləşməyə, pərakəndəlik və təfriqə ilə vəhdəti müqayisə etməyə dəvət edir və buyurur: “Allahın sizə əta etdiyi neməti yada salın: siz bir-birinizlə düşmən olduğunuz zaman qəlbləriniz arasında ülfət və mehribanlıq yaratdı və Onun verdiyi nemət səbəbi ilə qardaş oldunuz.”

Burada möminlərin qəlbləri arasında ülfət və mehribanlıq yaratmaq məsələsi Allahın Özünə mənsub edilmişdir: «Allah sizin qəlbləriniz arasında ülfət yaratdı.» Bu təbir İslamın böyük bir ictimai möcüzəsinə işarə edir. Çünki ərəblərin arasında qədimdən mövcud olan düşmənçilik və ədavət məsələlərini düzgün araşdırdıqda məlum olur ki, onlar çox kiçik, əhəmiyyətsiz və sadə bir məsələ üstündə yüz illərlə müharibə aparırdılar. Bu da sübut edir ki, belə bir pərakəndə, nadan və bixəbər milləti adi yollarla vahid bayraq altında birləşdirmək və aralarında qardaşlıq yaratmaq heç vaxt mümkün olmazdı.

Bir-birinə dərin kin-küdurət və amansız düşmənçilik bəsləyən ərəb qəbilələri arasında vəhdət və qardaşlıq yaradılması qeyri-müsəlman tarixçiləri və alimlərinin də nəzərindən qaçmamışdır. Onların hamısı bu məsələni son dərəcə təəccüblə qeyd etmişlər.

Quran sonra buyurur: “Siz keçmişdə od ilə dolu olan bir uçurumun kənarında idiniz, hər an oraya düşməyiniz və hamılıqla yanıb külə dönməyiniz mümkün idi. Amma Allah-təala sizi bu oddan xilas etdi, sizi bu uçurumdan əminamanlıq, qardaşlıq və məhəbbət diyarına yönəltdi.”

Yuxarıdakı ayədə qeyd olunan «nar» (od) cahiliyyət dövründə kiçik və əhəmiyyətsiz şeylər üstündə qəbilələr arasında şölələnən müharibə oduna və çəkişmələrə işarədir.

Ayənin axırında daha artıq təkid üçün buyurulur: Allah Öz ayələrini sizin üçün belə aydınlaşdırır ki, bəlkə hidayəti qəbul edəsiniz.

Deməli, əsas və yekun hədəf sizin düz yola hidayət olunub nicat tapmağınızdır, belə isə qeyd olunanlara ciddi əhəmiyyət verin.

AYƏ 104:

﴿ وَلْتَكُن مِّنكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُوْلَـئِكَ هُمُ الْمُفْلِحُونَ ﴾

TƏRCÜMƏ:

«Gərək sizdən (aranızda) (insanları) xeyir işə dəvət edən, yaxşı işə buyuran və pisliklərdən çəkindirən bir dəstə olsun. Məhz onlardır nicat tapanlar!»

TƏFSİR:

Əmr be məruf və nəhy əz münkər kimi vacib əməl ilə əlaqədar nazil olan ayənin ittihad və vəhdətə dəvət edən iki ayənin arasında yerləşdirilməsinin səbəbi bəlkə də bu ola bilər ki, təfriqəyə düçar olmuş hər hansı bir ictimai sistemdə ya xeyir işlərə dəvətetmə qüdrəti yoxdur, yaxud da bu dəvətlər heç bir müsbət təsirə malik deyildir.

Əmr be məruf və nəhy əz münkər iki yolla yerinə yetirilir:

1. Ümumi vəzifə olaraq hər kəs bu işi öz bacardığı qədər yerinə yetirməlidir.

2. Hər hansı bir qrup və ya təşkilat öhdəsinə aldığı vəzifə olaraq bu işi tam qüdrətlə yerinə yetirir. (Bu, bir sürücüyə bənzəyir ki, əgər maşın yolunda yol-hərəkət qaydalarının əksinə hərəkət edərsə, həm başqa sürücülər ona etiraz edər, həm də yol polisi onun törətdiyi pozuntuların qarşısını almaq üçün ciddi tədbir görər.)

Əmr be məruf və nəhy əz münkər barəsində çoxlu rəvayətlər nəql olunmuşdur. Təkcə Həzrət Əlinin (ə) buyurduğu aşağıdakı kəlamı qeyd etmək kifayətdir: «Əgər əmr be məruf və nəhy əz münkər olmasa, yaxşı işlər tərk edilər, pis işlər cəmiyyətə hakim olar. Bu zaman dua etsəniz də qəbul olunmaz.»[21]

İNCƏ MƏTLƏBLƏR

1. İslam cəmiyyətində dövlət tərəfindən dəstəklənən bir qrup – yoxlanış qrupu olmalıdır ki, insanların davranış, hərəkət və rəftarlarına və ümumiyyətlə, cəmiyyətin vəziyyətinə nəzarət etsin.

2. Cəmiyyəti xeyir işlərə dəvət etmək əmr-bemərufdan öndədir.

3. Cəmiyyətin islah olunması, fəsadın və fəsad əhlinin qarşısının alınması müəyyən şəkildə məsul işçinin və qüvvənin olmadığı halda mümkün deyildir.

4. Cəmiyyətin inkişafı və islah olunması üçün ürək yandıranlar həqiqi nicat tapanlardır. (Tənbəllərin və bu kimi işlərə laqeyd yanaşanların qurtuluşdan payları yoxdur.)

5. Xeyir işlərə dəvət etmək, əmr be məruf və nəhy əz münkər işi cəmiyyətdə daimi şəkildə olmalıdır, heç də müvəqqəti və müəyyən mövsümlərlə bitməməlidir. (Bu işlərin indiki zaman formasında gətirilməsi davamiyyəti göstərir.)

6. Qurtuluş yalnız insanın özünün nicatı ilə bitmir, başqalarına da nicat verilib inkişafa doğru sövq etdirilməsi qurtuluşun şərtlərindəndir.

7. Xeyrə dəvət edən şəxs həm İslamı, həm camaatı, həm də bu işin yerinə yetirilməsi yollarını tanımalıdır. Ona görə də buyurulur ki, ümmətin hamısı deyil, bəzi şəxsləri bu işi yerinə yetirməlidir.

8. Yaxşı işlərə dəvət etmək pis işlərdən çəkindirməkdən öncə gəlir. (Əgər yaxşı işlərin yolu açılsa, pis işlərə yaranan şərait azalacaqdır.)

AYƏ 105:

﴿ وَلاَ تَكُونُواْ كَالَّذِينَ تَفَرَّقُواْ وَاخْتَلَفُواْ مِن بَعْدِ مَا جَاءهُمُ الْبَيِّنَاتُ وَأُوْلَـئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ ﴾

TƏRCÜMƏ:

«(Yəhudi və xristianların) parçalanan və aşkar dəlillər gəldikdən sonra ixtilafa düçar olan kəslər(i) kimi olmayın. Onlar üçün böyük bir əzab vardır

TƏFSİR:

Keçmiş dövrlərdə insanların ixtilafa düşmələrinin acınacaqlı təsirlərindən ibrət almalı və bilməliyik ki, bütün ixtilafların mənşəyi həmişə cəhalət deyil. İnsanın nəfs istəkləri də ixtilaf yaradır. İxtilaflar və təfriqələr təkcə sizin dünyadakı qüdrətinizi sarsıtmır, həm də Qiyamətdə cəhənnəm əzabına düçar olmağınızdan ötrü zəmin yaradır.

AYƏ 106:

﴿ يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكْفَرْتُم بَعْدَ إِيمَانِكُمْ فَذُوقُواْ الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ ﴾

TƏRCÜMƏ:

«Bəzi üzlərin ağ və bəzi üzlərin qara olacağı gündə! Üzləri qara olanlara gəldikdə (onlara deyiləcək): “İman gətirdikdən sonra kafir oldunuz?! Elə isə küfr etdiyiniz şeyin müqabilində dadın bu əzabı!”»

TƏFSİR:

Bəlkə də Qiyamətdə üzlərin ağ və ya qara olması insanların bu dünyada olan ruhani halətlərinin təcəssüm etməsi ilə əlaqədardır. Dünyada Allahın vilayət və hakimiyyətini qəbul edənləri Allah zülmətdən çıxarıb nura doğru aparar, Qiyamət günündə də onların üzləri nurani olar. Lakin tağutun, tüğyançıların vilayətini qəbul edənləri tağutlar nurdan zülmətə, nəfs istəklərinə, təfriqəyə, şirkə, cəhalətə doğru sövq etdiyindən onlar Qiyamət günündə qaranlıq simalarla zahir olarlar.

“Küfr” sözü Quranda 16 dəfə imandan sonra, 2 dəfə İslamdan sonra, 3 dəfə Allaha iman gətirdikdən sonra, buzova pərəstiş edənlərə işarə edilən zaman, 27 dəf