A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Peyğəmbər (s) buyurdu: Allahdan başqasına səcdə etmək caiz deyildir. Öz peyğəmbərinizə bir bəşər kimi ehtiram göstərin, onun haqqını tanıyın və itaət edin.

TƏFSİR:

Ayədə kitab əhlindən bir qrupun batil fikirləri inkar və islah edilir. Xüsusilə, məsihilərə xatırladılır ki, İsa (ə) heç vaxt allahlıq iddiası etməmişdir. Göstərilən ayə də İslam Peyğəmbərinin (s) barəsində bu kimi iddiaların təkrarına çalışanlara qətiyyətlə cavab verərək buyurur: “Heç bir bəşərə layiq deyildir ki, Allah ona asimani kitab, hikmət və nübüvvət verdikdən sonra camaata «Allaha deyil, mənə sitayiş edin» - desin.”

Nə İslam Peyğəmbərinin (s), nə də digər peyğəmbərlərin belə sözlər deməyə haqqı var. Peyğəmbərlərə aid edilən bu sözlərin hamısı ilahi elmlərdən xəbərsiz, bu barədə agahlığı olmayan şəxslərin özlərindən  düzəltdiyi məsələlərdir.

Sonra buyurulur: “Əlbəttə, onların məqamına yaraşan iş budur ki, «sizə ilahi kitab verildiyi, dərs oxuduğunuz üçün ilahi insanlar olun, heç vaxt Allahdan başqasına pərəstiş etməyin» - desinlər.”

Bəli, Allahın göndərdiyi şəxslər heç vaxt bəndəlik mərhələsinin hüdudunu aşmamış, Allahın qarşısında həmişə və hər kəsdən artıq bəndəlik etmişlər.

Yuxarıdakı cümlədən məlum olur ki, peyğəmbərlərin hədəfi təkcə insanların tərbiyəsi deyil, həm də elm və imanla dolu bir mühit və cəmiyyət qurmaq üçün ilahi alimlər, islahatçı şəxsiyyətlər yetişdirmək olmuşdur.

AYƏ 80:

﴿ وَلاَ يَأْمُرَكُمْ أَن تَتَّخِذُواْ الْمَلاَئِكَةَ وَالنِّبِيِّيْنَ أَرْبَابًا أَيَأْمُرُكُم بِالْكُفْرِ بَعْدَ إِذْ أَنتُم مُّسْلِمُونَ ﴾

TƏRCÜMƏ:

«Həmçinin sizə mələkləri və peyğəmbərləri özünüzə Rəbb götürməyi əmr etməsi yaraşmaz. Məgər (hansısa bir peyğəmbər) siz haqqa təslim olduqdan sonra sizə kafir olmağı əmr edər?!»

TƏFSİR

Bu ayə əvvəldəki ayədə qeyd olunan mətləbləri təkmilləşdirərək buyurur: “Peyğəmbərlərin camaatı özlərinə pərəstiş etməyə dəvət etmələri layiqli iş olmadığı kimi, onlar camaatı mələklərə və sair peyğəmbərlərə pərəstiş etməyə də dəvət etməzlər.” Buna görə də Allah-təala buyurur: “Onların «peyğəmbərləri və mələkləri özünüzə pərvərdigar seçin» – deyə sizə göstəriş verməsi layiq deyildir.”

Bu cümlə həm mələkləri Allahın qızları hesab edərək onlar üçün ilahilik məqamı olduğuna inanan müşrik ərəblərə (halbuki, onlar özlərini İbrahimin (ə) dininin ardıcılları hesab edirdilər), həm də sabeinlərə cavab verir. Sabeinlər özlərini Həzrət Yəhyanın (ə) ardıcılları hesab edirdilər. Lakin mələklərin məqamını sitayiş və pərəstiş məqamına qədər yüksəldirdilər.

Bu ayə yəhudilərə və məsihilərə də cavab verir. Çünki yəhudilər Həzrət Üzeyiri (ə), məsihilər isə Həzrət Məsihi (ə) Alahın oğlu kimi təqdim edirdilər.

Ayənin axırında daha artıq təkid üçün buyurulur: “O sizi, müsəlman olduqdan və Allahın fərmanları qarşısında tam təslim olduqdan sonra küfrə dəvət edərmi?!”

Yəni necə mümkün ola bilər ki, bir peyğəmbər əvvəlcə camaatı imana və tövhidə dəvət etsin, sonra isə onları şirkə yönəltsin?!

Bu ayə həm də bütün peyğəmbərlərin hər növ xəta və günahlardan məsum olduğunu, Allahın fərmanlarını yerinə yetirməkdə azğınlığa düşməmələrini çatdırır.

AYƏ 81:

﴿وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ النَّبِيِّيْنَ لَمَا آتَيْتُكُم مِّن كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءكُمْ رَسُولٌ مُّصَدِّقٌ لِّمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُواْ أَقْرَرْنَا قَالَ فَاشْهَدُواْ وَأَنَاْ مَعَكُم مِّنَ الشَّاهِدِينَ﴾

TƏRCÜMƏ:

«Və (yada salın) o zaman(ı) ki, Allah peyğəmbərlərin (hər birindən və onların ümmətlərindən) əhd-peyman aldı ki, sizə kitab və hikmət verdiyim zaman, sonradan (gələcəkdə) sizə sizinlə olanı təsdiqləyən bir peyğəmbər gəlsə, ona mütləq iman gətirin və kömək edin. (Allah sonra) buyurdu: «Təsdiq etdinizmi və bu (məsələ) barədə Mənim təkid olunmuş əhd-peymanımı qəbul etdinizmi?» Dedilər: «Təsdiq etdik.» Buyurdu: Belə isə, (bu əhd-peyman mübadiləsinə) şahid olun və Mən də sizinlə birgə şahidlərdənəm.»

TƏFSİR:

MÜQƏDDƏS PEYMAN

Əvvəlki ayələrdə İslam Peyğəmbərinin (s) əvvəlki peyğəmbərlərin kitablarında gələn aydın əlamətlərinin bəyan edilməsinin ardınca bu ayədə həmin məsələ ilə əlaqədər ümumi bir mövzuya toxunulur və buyurulur: “Yada sal o zamanı ki, Allah-təala peyğəmbərlərdən və onların ardıcıllarından təkidlə əhd-peyman alıb buyurdu ki, hər vaxt sizə kitab və elm əta etdimsə, sonra sizə doğru bir peyğəmbər gəlib sizdə olanları təsdiqləsə, onun nişanələri və əlamətləri sizdə olanlarla müvafiq gəlsə, hökmən ona iman gətirib kömək edin.”

Quran ayələrində ilahi peyğəmbərlərin hədəflərinin vəhdətinə təkrar işarələr olunmuşdur. Bu ayə də həmin məsələnin aşkar nümunələrindən biridir.

Sonra təkidlə buyurulur: “Allah onlara buyurdu: “Bu məsələyə dair iqrar edirsinizmi? Mənim ona dair təkidli peymanımı alırsınızmı?” Dedilər: “Bəli, iqrar edirik.” Allah buyurdu: “Bu peyman üçün şahid olun, Mən də sizinlə şahidəm.”

AYƏ 82:

﴿ فَمَن تَوَلَّى بَعْدَ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الْفَاسِقُونَ ﴾

TƏRCÜMƏ:

«Buna görə də kim bundan (bu əhd-peymandan) sonra üz döndərsə, məhz onlar itaətsizdirlər!»

TƏFSİR:

Bu ayədə Qurani-məcid əhd-peyman pozanları məzəmmət edərək təhdidlə buyurur: “Hər kəs bütün bu təkid və möhkəm əhd-peymanlardan sonra inadkarlıq etsə və haqdan üz döndərsə, əvvəlki kitablarda əlamət və zühur nişanələri gəldiyi halda İslam Peyğəmbərinə (s) iman gətirməsə fasiqdir və Allahın vilayət dairəsindən xaric olunmuşdur.”

Bildiyimiz kimi, Allah-təala bu cür inadkar və təəssübkeş fasiqləri heç vaxt hidayət etməz. Bu məsələ «Tövbə» surəsinin 80-ci ayəsində qeyd olunmuşdur: «Hər kəs ilahi hidayətə nail olmasa, onun yeri cəhənnəm və orada şiddətli əzabdır.»

AYƏ 83:

﴿ أَفَغَيْرَ دِينِ اللّهِ يَبْغُونَ وَلَهُ أَسْلَمَ مَن فِي السَّمَاوَاتِ وَالأَرْضِ طَوْعًا وَكَرْهًا وَإِلَيْهِ يُرْجَعُونَ ﴾

TƏRCÜMƏ:

«Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır.) Hamı Ona tərəf qaytarılacaqdır.»

TƏFSİR:

Göylərdə və yerdə olan varlıqların hamısı Allah-təalaya təslimdir. Adi halda bu təslimçilik və bəndəlik ruhiyyəsini gizlətsələr də, ciddi təhlükə hiss edən zaman çarəsizlikdən qəlbdə Ona sığınırlar. Bəziləri isə adi halda öz rəğbət və meyilləri ilə təslimdirlər. Lakin bütün varlıqlar təhlükə hiss edən zaman Allaha təslim olmağa məcbur olurlar. Aləmin bütün zərrələri – hər bir atom, hər bir hüceyrə istisnasız olaraq, Allahın onlara hakim kəsdiyi qanunlara tabedir. Allah-təala hər an istəsə, onları dəyişə bilər.

İNCƏ MƏTLƏBLƏR

1. Bütün varlıq aləmi Allaha təslimdirsə, onda nə üçün biz təslim olmayaq?! Əgər bütün varlıqlar Allahın qarşısında təzim edirlərsə, niyə biz təzim etməyək?!

2. İşlərin axırında ona doğru qayıdacağıqsa, onda nəyə görə üzümüzü əvvəldən Ona çevirməyək?!

AYƏ 84:

﴿قُلْ آمَنَّا بِاللّهِ وَمَا أُنزِلَ عَلَيْنَا وَمَا أُنزِلَ عَلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَقَ وَيَعْقُوبَ وَالأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَالنَّبِيُّونَ مِن رَّبِّهِمْ لاَ نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِّنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ﴾

TƏRCÜMƏ:

«De: “Biz Allaha, bizə nazil olana, həmçinin İbrahimə, İsmailə, İshaqa, Yəquba və Əsbata (Yəqubun nəslindən olan peyğəmbərlərə) nazil olana, eləcə də Musaya, İsaya və (digər) peyğəmbərlərə, onların Rəbbi tərəfindən verilənə iman gətirdik (və onların peyğəmbərliklərinə və bir Allah tərəfindən göndərilmələrinə etiqad baxımından) onların heç birisinin arasında fərq qoymuruq və biz yalnız Ona təslimik.”»

TƏFSİR:

«Bəqərə» surəsinin 136-cı ayəsində də qeyd olunduğu kimi, Allah-təala sonrakı peyğəmbərə iman gətirmələri barədə əvvəlki peyğəmbərlərdən əhd-peyman almışdır ki, onların hər biri sonrakı peyğəmbəri öz ümmətlərinə tanıtdırmaqla ona kömək etsinlər. Sonrakı peyğəmbər də öz növbəsində bütün əvvəlki peyğəmbərləri və onların səmavi kitablarını qəbul edirdi.

«Əsbat» Bəni-İsrailin arasından çoxlu peyğəmbərlər seçilmiş olan bir qəbilədir.

İNCƏ MƏTLƏBLƏR

1. Başqalarının xidmətlərini görməməzliyə vurmayın.

2. Bütün peyğəmbərlərin vahid hədəfi olmuşdur.

3. İlahi hidayət və din həmişə bəşər həyatı ilə yanaşı olmuşdur. Peyğəmbərlər də sanki müxtəlif siniflərin müəllimləri olmuş, biri digərindən sonra insanlara yol göstərmişdir.

4. Peyğəmbərlərin bəzilərinin digərlərindən üstün olması ümumi halda onlara iman gətirilməsinə mane olmamalıdır.

AYƏ 85:

﴿ وَمَن يَبْتَغِ غَيْرَ الإِسْلاَمِ دِينًا فَلَن يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الآخِرَةِ مِنَ الْخَاسِرِينَ ﴾

TƏRCÜMƏ:

«Kim İslamdan başqa bir din axtarışında olsa, əsla ondan qəbul olunmayacaqdır və o, axirətdə ziyana düşənlərdəndir

TƏFSİR:

Əvvəlki ayələrdə İslam məktəbi və İslam rəhbərliyinin siması ümumi şəkildə bəyan olunmuşdur. Onun ümumi prinsipləri aşağıdakılardan ibarətdir:

1. Bütün əvvəlki peyğəmbərlərdən sonrakı peyğəmbərlərə iman gətirmələri barədə əhd-peyman alınması.

2. Bütün varlıq aləminin Allahın əmrinə tabe olması və ilahi dindən başqasını qəbul edilməsinin rəva olmaması.

3. İslam ardıcıllarının bütün peyğəmbərlərə və onların səmavi kitablarına inanması.

Bunlar İslam məktəbinin siması və onun etiqadlarıdır. Quran da aşkar şəkildə bəyan edir ki, hər kəs bu dindən başqasını seçsə, heç vaxt ondan qəbul olunmayacaq.

AYƏ 86:

﴿ كَيْفَ يَهْدِي اللّهُ قَوْمًا كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ وَشَهِدُواْ أَنَّ الرَّسُولَ حَقٌّ وَجَاءهُمُ الْبَيِّنَاتُ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ ﴾

TƏRCÜMƏ:

«İman gətirərək elçimizin haqq olmasına şəhadət verdikdən və aşkar dəlillər gəldikdən sonra kafir olan dəstəni Allah necə hidayət etsin?! (Kitab əhlinin bəzisi İslam peyğəmbərinin peyğəmbərliyə göndərilməsindən qabaq öz kitablarına əsasən iman sahibi idilər. Onun göndərilməsindən sonra isə İslamdan dönən mürtədlər kimi inkar etdilər.) Allah zalım dəstəni hidayət etmə.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Mədinə müsəlmanlarından – ənsardan bir nəfər günahsız bir şəxsi nahaq yerə öldürdü və cəzalandırılacağından qorxaraq İslamdan dönüb Məkkəyə qayıtdı. Onun İslamı qəbul etmiş ardıcıllarından da on bir nəfər mürtəd oldu (dindən döndülər). Məkkəyə daxil olduqdan sonra öz işlərindən ciddi şəkildə peşman oldular. Bir nəfəri Mədinəyə göndərdilər ki, Peyğəmbərdən (s) onlar üçün bir qayıdış yolu olub-olmadığını soruşsun. Yuxarıdakı ayə nazil olaraq onların tövbəsinin qəbul olunmasını xüsusi şərtlərlə əlaqələndirdi.

TƏFSİR:

Keçən ayələrdə Allah dərgahında qəbul olunan yeganə dindən – İslamdan söhbət açıldı. Burada da İslamı qəbul etdikdən sonra dindən çıxaraq mürtəd olan şəxslər barəsində söhbət açılır. Əvvəldə buyurulur: “İman gətirib Rəsuli-Əkrəmin (s) haqq olmasına şəhadət verdikdən, eləcə də açıq-aydın əlamətlər gəldikdən sonra kafir olanları Allah necə hidayət edər? Allah zalım insanları hidayət etməz.”

Allah onları nə üçün hidayət etməz? Səbəbi aydındır. Çünki onlar Peyğəmbəri (s) bütün aydın nişanələrlə tanımış, onun risalətinə şəhadət vermişdilər. İslamdan qayıtmaq da həqiqətdə zülm və sitəmkarlıqdır. Agahlıq üzündən zülm edən bir şəxs ilahi hidayətə layiq deyildir. Belə bir şəxs öz vücudunda hidayət zəminlərini öz əli ilə məhv edib aradan aparmış olur.

AYƏ 87-88:

﴿ أُوْلَـئِكَ جَزَآؤُهُمْ أَنَّ عَلَيْهِمْ لَعْنَةَ اللّهِ وَالْمَلآئِكَةِ وَالنَّاسِ أَجْمَعِينَ. خَالِدِينَ فِيهَا لاَ يُخَفَّفُ عَنْهُمُ الْعَذَابُ وَلاَ هُمْ يُنظَرُونَ ﴾

87. «Onların cəzası Allahın, mələklərin və bütün insanların lənətinin onlara olmasıdır

88. «O lənətdə həmişəlikdirlər. Onların əzabı yüngülləşdirilməyəcək, onlara (rəhmət və ehsan) nəzər(i) salınmayacaq və qərara alınmış əzablarının təxirə düşməsi üçün onlara möhlət verilməyəcəkdir

AYƏ 89:

﴿ إِلاَّ الَّذِينَ تَابُواْ مِن بَعْدِ ذَلِكَ وَأَصْلَحُواْ فَإِنَّ الله غَفُورٌ رَّحِيمٌ ﴾

TƏRCÜMƏ VƏ TƏFSİR:

Bu ayədə belə şəxslərin Allah dərgahına qayıdış yolu bəyan olunur, onlara tövbə etmək icazəsi verilir. Çünki Quranın əsas hədəfi bütün insanları islah və tərbiyə etməkdir.

Buna görə də buyurulur:

«Ondan sonra tövbə edən və ləyaqət taparaq öz işlərini islah etməyə başlayan kəslər istisna olmaqla! Allah çox bağışlayan və mehribandır

AYƏ 90:

﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بَعْدَ إِيمَانِهِمْ ثُمَّ ازْدَادُواْ كُفْرًا لَّن تُقْبَلَ تَوْبَتُهُمْ وَأُوْلَـئِكَ هُمُ الضَّآلُّونَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən imanlarından sonra kafir olan, sonra öz küfrlərini artıran kəslərin tövbələri əsla qəbul olunmaz. (Çünki onların tövbəsi ya nifaq üzündəndir, ya da ki, ölümü müşahidə edən zamandır.) Onlardır doğru yoldan azanlar.»

AYƏNİN NAZİLOLMA SƏBƏBİ

Bəziləri demişlər ki, bu ayə Peyğəmbərin (s) besətindən qabaq ona iman gətirən, besətdən sonra isə kafir olan şəxslər haqqında nazil olmuşdur.

TƏFSİR:

FAYDASIZ TÖVBƏ

Əvvəlki ayələrdə yollarını azdıqdan sonra peşman olmuş və həqiqi tövbə etmiş şəxslərdən söhbət gedirdi. Buna görə də onların tövbəsi qəbul olunur. Lakin bu ayədə o şəxslərdən söhbət gedir ki, onların tövbələri heç vaxt qəbul olunmur. Ayədə buyurulur: «İman gətirdikdən sonra kafir olan və öz küfrlərini artıranların (küfr yolunda israr edənlərin) tövbələri heç vaxt qəbul olunmaz. Çünki onlar tövbə etsələr də, çarəsizlik üzündən tövbə etmiş olurlar və onlar yollarını azanlardır. Çünki onlar həm Allah yolunu, həm də tövbə yolunu itirmişlər.

Onların tövbələri də zahiri tövbədir. Çünki haqq tərəfdarlarının qəti qələbəsini gördükdə naçarlıq üzündən peşmançılıq izhar edir və tövbə edirlər. Təbiidir ki, belə bir tövbə də qəbul olunası deyil.

AYƏ 91:

﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ وَمَاتُواْ وَهُمْ كُفَّارٌ فَلَن يُقْبَلَ مِنْ أَحَدِهِم مِّلْءُ الأرْضِ ذَهَبًا وَلَوِ افْتَدَى بِهِ أُوْلَـئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən kafir olub küfr halında (kafir olaraq) ölmüş kəslərin heç birindən öz canlarının qurtulması üçün hətta yer üzünün tutumu qədər qızıl versələr belə qəbul olunmayacaqdır. Onlar üçün ağrılı bir əzab vardır və onlara bir kömək edən (də) olmayacaqdır

TƏFSİR:

Əvvəlki ayədə faydasız tövbə barədə söhbət edildiyi kimi, bu ayədə də onların əbəs infaqlarından söhbət açılır və buyurulur: “Kafir olub küfr halında ölənlər öz çirkin əməllərinin kəffarəsi olsun deyə bütün yer üzü qədər qızılı fidyə versələr də, onlardan heç vaxt qəbul olunmayacaqdır.”

Aydındır ki, küfr insanın bütün yaxşı əməllərini puça çıxarır. Əgər onların bütün yer üzü qədər qızılları olsa və Allah yolunda infaq etsələr, yenə də onlardan qəbul olunmaz.

Ayənin axırında digər bir məsələyə işarə edilir və buyurulur: “Onlar həmin kəslərdir ki, onlar üçün dərdli əzab vardır və heç bir köməkçiləri olmaz.”

Yəni infaq və fidyənin onların halına heç bir faydası olmamasından əlavə, şəfaət edənlərin şəfaəti də onlara çatmaz. Çünki şəfaətin xüsusi şərtləri vardır. Onların da ən mühümü Allaha iman gətirməkdir. Ümumiyyətlə, şəfaət Allahın izni ilə baş verir.

AYƏ 92:

﴿ لَن تَنَالُواْ الْبِرَّ حَتَّى تُنفِقُواْ مِمَّا تُحِبُّونَ وَمَا تُنفِقُواْ مِن شَيْءٍ فَإِنَّ اللّهَ بِهِ عَلِيمٌ ﴾

TƏRCÜMƏ:

«Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla (kamil) yaxşılığa nail ola bilməzsiniz. Allah şübhəsiz ki, (Onun yolunda) xərclədiyiniz hər şeyi biləndir

TƏFSİR:

Bu ayədə imanın əlamətlərindən birinə işarə edilərək buyurulur: “Siz yaxşılığın həqiqətinə yalnız o vaxt çatarsınız ki, istədiyiniz şeylərdən Allah yolunda infaq edəsiniz.”

«Birr» kəlməsinin geniş mənası vardır ki, bütün yaxşılıqlara − həm imana, həm də gözəl əmələ şamildir. «Bəqərə» surəsinin 177-ci ayəsindən məlum olur ki, Allaha, Qiyamətə və peyğəmbərlərə iman gətirmək, möhtaclara kömək etmək, namaz qılıb oruc tutmaq, əhdə vəfa etmək, ağır və çətin hadisələr qarşısında müqavimət göstərmək kimi işlərin hamısı «birr» kəlməsinin nümunələrindən hesab olunur.

Deməli, həqiqi mənada yaxşılıq edənlərin məqamına çatmağın çoxlu şərtləri vardır. Onlardan biri də insanın öz sevdiyi mallardan infaq etməsidir. Bu kimi infaqlar insanın iman və şəxsiyyətinin meyarıdır.

Ayənin axırında infaq edənlərin diqqətini cəlb etmək üçün buyurulur: “Allah yolunda infaq etdiyinizin (istər az, istərsə çox, istər ürəyiniz istədiyi, istərsə istəmədiyi mallardan) hamısından Allah agahdır.”

MÖMİNLƏRİN İNFAQINDAN NÜMUNƏLƏR

1. Mədinədə ən çox xurma ağacı Əbu Təlhə Ənsariyə məxsus idi. Xurma bağı onun üçün çox mühüm və sevimli bir şey idi. Bu bağ Peyğəmbər (s) məscidi ilə üzbəüz salınmışdı. Çox yaxşı suyu var idi. Peyğəmbəri-Əkrəm (s) bəzən o bağa daxil olur və çeşmənin suyundan içirdi. Bağ o qədər gözəl və gəlirli idi ki, dillər əzbəri olmuşdu. Yuxarıdakı ayə nazil olanda Əbu Təlhə Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Mənim üçün ən sevimli şey bu bağdır. Onu Allah yolunda infaq etmək istəyirəm.” Peyğəmbər (s) buyurdu: “Çox gözəl ticarətdir, əhsən sənə! Sənə məsləhət görürəm ki, bağı öz qohum-əqrəbandan olan yoxsullara verəsən.” O qəbul etdi və bağı onların arasında bölüşdürdü.[7]

2. Fatimeyi-Zəhra (ə) toy gecəsi bəxt evinə gedəndə dilənçi onun köhnə köynəyini istəyir. Fatimeyi-Zəhra (s) həmin ayəni yad edərək özünün gəlinlik paltarını ona hədiyyə verir.[8]

3. Bir neçə nəfər Əbuzərin evinə qonaq gəlmişdi. Əbuzər onlara dedi: “Mənim işim çoxdur, özünüz dəvələrimdən birini kəsib yemək hazırlayın və yeyin.” Onlar arıq bir dəvəni seçirlər. Əbuzər narahat olur və soruşur: “Nə üçün kök dəvəni seçmədiniz?” Dedilər: “Onu sənin gələcək ehtiyacların üçün saxladıq.” Əbuzər deyir: “Mənim ehtiyac günüm qəbir günümdür.”

4. Əbdüllah İbn Cəfər bir bağa getdi. Bir qara qulam orada fəhləlik edirdi. Qulama yemək gətirilən vaxt bir it divarın üstündən tullanıb qulamın qarşısına gəldi. Qulam ona bir tikə verdi. İt yenə də yalvarışlı baxışla qulama baxırdı. Qulam yeməyinin hamısını tikə-tikə ona verib qurtardı. Ondan soruşdular: Bəs sən nə yeyəcəksən? Dedi: Bu gün mənim artıq payım yoxdur. Soruşdular: “Nə üçün bu işi gördün?” Dedi: “Bu it bu məhəllənin itlərindən deyildi. Özü də çox ac idi.”

Əbdüllah qulamın səxavətinə təəccüb etdi. Bağı da, qulamı da aldı, sonra qulamı azad etdi, bağı da ona bağışladı.[9]

AYƏ 93:

﴿كُلُّ الطَّعَامِ كَانَ حِـلاًّ لِّبَنِي إِسْرَائِيلَ إِلاَّ مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِن قَبْلِ أَن تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُواْ بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِن كُنتُمْ صَادِقِينَ﴾

TƏRCÜMƏ:

«Tövrat nazil olmamışdan qabaq İsrailin (Yəqubun xəstəliyə və ya etdiyi nəzrə görə) özünə haram etdiyi şeylərdən (dəvə əti və südündən) başqa bütün yeməklər İsrail övladlarına halal idi. (Deməli pak olan şeylərdən bəzilərinin Tövratda haram edilməsinin səbəbi onların keçmiş şəriətdən qalmaları deyil, İsrail övladlarının günahlarıdır.) De: “Əgər doğru deyirsinizsə (belə deyilsə) onda Tövratı gətirin və onu oxuyun (ki, Tövratda haram edilən yeməklərin cəza xarakterli hökmlər olması sübuta yetsin).”»

TƏFSİR:

Təfsirlərdə qeyd olunur ki, Bəni-İsrail Peyğəmbəri-Əkrəmə (s) irad tutub deyirdilər ki, əgər sənin təlimlərin əvvəlki peyğəmbərlərin, o cümlədən, Həzrət İbrahim (ə), Musa (ə), İsanın (ə) təlimləri ilə müvafiqdirsə, onda nə üçün dəvə ətini haram etməyibdir? Bu ayə onların cavabına nazil olaraq buyurdu ki, bütün yeyiləcək Bəni-İsrailə halal idi. Yeməklərdən bəzilərini özünə haram edən məhz Bəni-İsrailin özü olmuşdur. Bu harametmənin də səbəbi, bəzi təfsirlərdə qeyd olunduğu kimi, Həzrət Yəquba (ə) dəvə ətinin zərərli olması idi. O da həmin yeməkdən çəkinirdi. Bəni-İsrail isə güman edirdi ki, bu, bir növ əbədi haram olan şəriət qanunudur.[10]

«Təam» o şeyə deyilir ki, insanın dadbilmə üzvündə tamı olsun. «Hill» kəlməsi də «əqd» kəlməsinin müqabilində olub azadlıq deməkdir. «Halal təam» icazə verilən yeməklərə deyilir.

AYƏ 94:

﴿ فَمَنِ افْتَرَىَ عَلَى اللّهِ الْكَذِبَ مِن بَعْدِ ذَلِكَ فَأُوْلَـئِكَ هُمُ الظَّالِمُونَ ﴾

TƏRCÜMƏ:

«Buna görə də kim bundan sonra Allaha yalan nisbət versə (və Tövratın haram etdiyi şeylərin keçmiş şəriətdən qalmasını desə), məhz onlardır zalımlar!

TƏFSİR:

Bu ayədə buyurulur: “Tövratı gətirib oxumağa razı deyilsinizsə və Allahın adından yalan danışmağınız inkarolunmaz bir məsələdirsə, onda bilin ki, bundan sonra Allahın adından yalan danışanlar zalımlardır. Çünki bu işi bilərəkdən görürlər.

AYƏ 95:

﴿ قُلْ صَدَقَ اللّهُ فَاتَّبِعُواْ مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ ﴾

TƏRCÜMƏ:

«De: Allah doğru buyurdu (ki, Tövratın haram etdiyi şeylər əvvəlki şəriətlərdə və İbrahimin dinində halal olub). Buna görə də haqpərəst olan və müşriklərdən olmayan İbrahimin dininə tabe olun

TƏFSİR:

Bu ayədə Peyğəmbərə (s) xitab olunaraq buyurulur: “De: “Allah doğru demişdir. Onlar İbrahimin pak dinində deyildilər. Buna əsasən İbrahimin dininə tabe olun. Çünki o haqqa yönəlmişdi və müşriklərdən də deyildi. İndi mənim öz dəvətimdə sadiq və doğruçu olduğumu gördükdə nə üçün İbrahimin hər bir şirk və yanlışlıqdan pak olan ayininə tabe olmursunuz? Halbuki, o heç vaxt müşriklərdən olmadı.”

 Deməli, ərəb müşriklərinin özlərini İbrahimin ayininə mənsub etmələri də tam mənasızdır. Bütə pərəstiş etmək hara, büt sındırmaq hara!

AYƏ 96:

﴿ إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِّلْعَالَمِينَ ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir.»[11]

TƏFSİR:

Bəni-İsrailin İslam dini ilə əlaqədar müsəlmanlara tutduqları iradlardan biri də bu idi ki, Beytül-Müqəddəsin qədim tarixə malik olduğunu, miladdan min beş yüz il əvvəl həzrət Süleyman (ə) tərəfindən tikildiyinə baxmayaraq, niyə müsəlmanlar onu qoyub Kəbəni özlərinə qiblə seçmişlər? Bu ayə onlara cavab verərək bəyan edir ki, Kəbə yer üzündə tikilən ilk evdir və onun tarixi cəhətdən qədimliyi hər bir yerin tarixindən daha qədimdir.

«Əl-Mizan» təfsirində qeyd olunur ki, «Dəhvəl-ərz» barəsində rəvayət çoxdur[12] və ona zidd olan heç bir elmi dəlil yoxdur. Bunun Quranla da ziddiyyəti yoxdur.

Həzrət Əlinin (ə) «Nəhcül-Bəlağə»nin 192-ci xütbəsində buyurduğu «Allah bütün insanları – Adəmdən axırıncı insanlara qədər Kəbə daşları ilə imtahana çəkir» cümləsindən aydın olur ki, Kəbə elə Həzrət Adəmin (ə) dövründən mövcud olmuşdur və o, yer üzündə mövcud olan binalar içərisində ən qədim keçmişə malik bir yerdir. Quranda və Əhli-Beyt (ə) rəvayətlərində Kəbədən çoxlu təbirlər olunmuşdur. Onlardan bəzilərini qeyd edirik:

1. Kəbə ilk evdir.[13]

2. Kəbə camaatın qiyam və müqavimət yeridir.[14]

3. Azad olunmuş evdir.[15]

4. Camaatın yığışdığı və əminamanlıq yeridir.[16]

5. İslamın nişanəsidir.[17]

İNCƏ MƏTLƏBLƏR



Geri   İrəli
Go to TOP