A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Beləliklə də mübahilə fikrindən dönüb Peyğəmbərlə (s) razılaşdılar ki, hər biri qırx dirhəm qiymətində olan iki min hilləni müsəlmanlara versinlər.

Bu hadisə şiə təfsir kitablarından əlavə, mötəbər sünni kitablarında da qeyd olunmuşdur.[5]

2. Bəzi rəvayətlərə əsasən mübahilə Zil-hiccə ayının 24-də, yaxud 25-də, o zaman Mədinə şəhərinin kənarında yerləşən Peyğəmbər məscidində baş vermişdir ki, hazırda şəhərin içərisində yerləşir. Həmin yerdə «Məscidül-icabə» adlı bir məscid də tikmişlər. Bu məscidlə Məscidün-Nəbinin və Peyğəmbərin (s) qəbrinin arası təqribən iki kilometrdir. İlahi, bizə onun ziyarəti və şəfaətini nəsib et!

3. Mübahilə məsələsi həmin dövrlə bitmir; bəzi rəvayətlərdə qeyd olunur ki, siz də istədiyiniz şəxslə mübahilə edə bilərsiniz. «Nurus-səqəleyn» təfsirinin 1-ci cildinin 351-ci səhifəsində bu məsələ ilə əlaqədar imam Sadiqdən (ə) bir hədis nəql olunmuşdur. Həzrət (ə) bu barədə müəyyən göstərişlər vermişdir.

«Üsuli-kafi» kitabının 2-ci cilidinin «mübahilə» adlı bölməsində beş hədis qeyd olunmuşdur. Orada bəyan edilir ki, siz də 3 gün özünüzü islah edib oruc tutduqdan sonra müxaliflərinizlə mübahilə edə bilərsiniz. Mübahilə belə edilməlidir: Sübh açılan vaxtla gün çıxan vaxt arasında sağ əlinizin barmaqlarını qarşı tərəfin barmaqlarının üstünə qoyacaqsınız. Bu zaman xüsusi dua oxunmalıdır.

İNCƏ MƏTLƏBLƏR

1. Əli ibn Əbu Talib (ə) Rəsuli-Əkrəmin (s) canıdır.

2. Hər kəs məntiq, dəlil və möcüzə yolu ilə haqqın qarşısında təslim olmazsa, onu qəbul etməzsə, onu məhv olmaqla təhdid etmək lazımdır.

3. Möminin ən axırıncı vasitəsi və ən kəsərli silahı duadır.

4. Əgər siz möhkəm dayansanız, düşmənləriniz batil olduğuna görə geri çəkiləcəklər.

5. Allah və Onun Rəsulu (s) bu əməllə bizim hamımıza anlatmaq istəyir ki, adları qeyd olunan şəxslər Rəsuli-Əkrəmin (s) haqq dəvətindəki köməkçiləri və onun hədəfinin aparıcılarıdır. Buna görə də bu hadisə zamanı onunla gələrək hər növ təhlükəni qəbul etməklə onun başladığı hərəkəti davam etdirmişlər.

AYƏ 62:

﴿ إِنَّ هَـذَا لَهُوَ الْقَصَصُ الْحَقُّ وَمَا مِنْ إِلَـهٍ إِلاَّ اللّهُ وَإِنَّ اللّهَ لَهُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, (həzrət Məsihin) haqq olan hekayəti budur. Allahdan başqa bir məbud yoxdur və əlbəttə ki, Allahdır yenilməz qüdrət və hikmət sahibi!»

TƏFSİR:

Həzrət İsanın (ə) həyatı qısa şəkildə bəyan olunduqdan sonra daha artıq təkidlə buyurulur: Bunlar Həzrət İsanın (ə) həqiqi sərgüzəştləridir; onu Allah, yaxud Allahın övladı olmaq kimi bir ilahilik məqamına qaldıran puç iddialar deyil.

Nə onun Allah olmasını iddia edənlər, nə də (nəuzu billah) Allahın qanunsuz övladı olmasını deyənlər əsla düz söz deyirlər. Haqq söz sənin gətirdiyindir: «O, Allahın bəndəsi və peyğəmbəridir və bir möcüzə ilə atasız olaraq pak bir anadan dünyaya gəlmişdir.»

Yenə də daha artıq təkidlə əlavə edilir: “Yeganə Allahdan başqa heç bir məbud yoxdur. O, qüdrət və hikmət sahibidir.” Onun qüdrəti müqabilində atası olmadan övlad dünyaya gəlməsi çox da mühüm məsələ deyildir. Bəli, məhz belə bir Allah pərəstişə layiqdir və Ondan qeyrilərinin belə bir haqqı yoxdur.

AYƏ 63:

﴿ فَإِن تَوَلَّوْاْ فَإِنَّ اللّهَ عَلِيمٌ بِالْمُفْسِدِينَ ﴾

TƏRCÜMƏ:

«Buna görə də əgər üz döndərsələr, şübhəsiz, Allah fəsad törədənləri (onların halını) biləndir.»

Bu ayədə həqiqətləri qəbul etməkdən boyun qaçıranlar təhdid olunaraq buyurulur: “Əgər bu qədər açıq-aydın dəlil və şahidlərlə belə, yenə də haqdan üz döndərsələr (bil ki, onlar haqq axtaran deyil, əksinə, yer üzündə fəsad törədənlərdir, çünki) Allah fəsad əhlindən agahdır.”

AYƏ 64:

﴿قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ﴾

TƏRCÜMƏ:

«De: Ey kitab əhli, gəlin bizimlə sizin aranızda bir olan kəlmə (barəsində peyğəmbərlərin və səmavi kitabların yekdil olduqları söz) ətrafında toplanaq (və o budur ki): Allahdan başqasına ibadət etməyək, heç bir şeyi Ona şərik qoşmayaq və bəzilərimiz Allahın yerinə bəzilərimizi tanrılar qəbul etməsin. Beləliklə, əgər (bu təklifdən) üz döndərsələr deyin: Şahid olun ki, həqiqətən, biz müsəlmanlarıq.

TƏFSİR:

VƏHDƏTƏ DOĞRU DƏVƏT

Keçən ayələrdə bütün xüsusiyyətləri ilə yanaşı, İslami dəvətdən söhbət açılırdı. Bu ayədə isə İslamla kitab əhlinin ayinləri arasında müştərək olan bir məsələ barədə söhbət açılır, Peyğəmbərə (s) xitabən buyurulur: “De, ey kitab əhli! Gəlin bizimlə sizin aranızda olan müştərək bir sözə doğru − Yeganə Allahdan başqa heç nəyə pərəstiş etməyək. Heç nəyi Ona şərik qoşmayaq və bizim bəzimiz bəzilərini yeganə Allahın yerinə ərbab kimi qəbul etməsin.”

Bu məntiq bizə aydınlaşdırır ki, əgər bəziləri müqəddəs hədəflərin hamısında sizinlə həmkarlıq etməyə razı olmasalar, heç olmazsa müştərək olan mühüm hədəflərdə onları cəlb etməyə çalışın ki, bundan müqəddəs hədəfinizi irəli aparmaqda istifadə edəsiniz.

Sonra ayənin axırında buyurulur: Əgər onlar müştərək tövhid nöqtəsinə məntiqi dəvətdən sonra yenə də boyun qaçırıb üz döndərsələr, deyin: şahid olun ki, biz müsəlmanıq, haqqın qarşısında təslim oluruq. Siz isə təslim olmursunuz. Sizin haqdan uzaqlaşmağınız bizim ruhiyyəmizdə azacıq belə təsir qoymayacaq və biz əvvəldə olduğu kimi öz yolumuzu, yəni İslam yolunu davam etdirəcəyik. Biz yalnız Allaha ibadət edir, yalnız Onun qanunlarını rəsmi şəkildə qəbul edirik. Hər formada olursa-olsun, bəşərə sitayiş məsələsi bizim aramızda heç vaxt olmayacaqdır.

AYƏ 65:

﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تُحَآجُّونَ فِي إِبْرَاهِيمَ وَمَا أُنزِلَتِ التَّورَاةُ وَالإنجِيلُ إِلاَّ مِن بَعْدِهِ أَفَلاَ تَعْقِلُونَ ﴾

TƏRCÜMƏ:

«Ey kitab əhli, nə üçün İbrahim barəsində mübahisə edirsiniz? (Sizlərdən hər biriniz deyir ki, o bizim dinimizdə olub) halbuki Tövrat da, İncil də yalnız ondan sonra nazil olmuşdur! Heç düşünmürsünüz?!»

TƏFSİR:

Həm yəhudilər, həm də məsihilər İbrahimi özlərindən hesab edirdilər. Bu məsələ o qədər qızğın şəkil almışdı ki, Quran onların barəsində buyurur: «İbrahim nə yəhudi, nə də məsihi idi.»

Bu ayə onların iddialarının puç olmasını bəyan edərək buyurur: “Necə olur ki, siz İbrahimi özünüzdən hesab edirsiniz, halbuki o, Tövrat və İncildən qabaq yaşamışdır. İbrahim onlara necə tabe ola bilər? Məgər o hələ nazil olmamış kitablara tabe olurmu? Heç olmasa sözləriniz tarixlə uyğun olsun deyə bu qədər də fikirləşə bilmirsiniz?!

AYƏ 66:

﴿ هَاأَنتُمْ هَؤُلاء حَاجَجْتُمْ فِيمَا لَكُم بِهِ عِلمٌ فَلِمَ تُحَآجُّونَ فِيمَا لَيْسَ لَكُم بِهِ عِلْمٌ وَاللّهُ يَعْلَمُ وَأَنتُمْ لاَ تَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:

«Budur, siz ki, (hələ) elminiz olan şey barəsində bir-birinizlə mübahisə edirdiniz (məsələn yəhudilər xristianlarla İsanın Allah olmaması və «üç üqnuma» nəzəriyyəsinin puç olması barəsində, həmçinin xristianların yəhudilərlə İsanın peyğəmbərliyə göndərilməsi və peyğəmbərliyi barəsində mübahisə edirdilər), bəs nə üçün bir-birinizlə (İbrahimin yəhudi, yaxud xristian olması kimi) elminiz olmayan şey barəsində mübahisə edirsiniz?! Allah bilir, siz isə bilmirsiniz.»

TƏFSİR:

Bu ayə kitab əhlinə bir növ xəbərdarlıq edib buyurur ki, siz elm və agahlığınız olduğu şeylərdə maneçilik yaradır və yersiz suallar verirsiniz. Məsələn, siz Həzrət İsanın (ə) təbii həyatını, onun maddi ehtiyaclarını, yeməyə, məskənə və paltara olan tələbatını əyani şəkildə gözlərinizlə gördünüz, amma yenə də onun barəsində münaqişə yaradırsınız. Bəziləriniz onu yalançı, bəziləriniz isə Allahın oğlu hesab edir! Yaxud nişanə və əlamətləri Tövrat və İncildə gələn Həzrəti Məhəmməd (s) haqqında (sizə tanıtdırıldığı halda) yersiz söhbətlər edirsiniz.

Siz yalnız məlumatınız olan məsələlərlə bağlı mübahisə aparır və heç nə ilə razılaşmırsınız. Bəs onda niyə elminiz olmadığı məsələlər barədə mübahisə edirsiniz? Məsələn, siz nə üçün Həzrət İbrahimin (ə) hansı yolda, hansı məzhəbdə olmasını müzakirə edirsiniz? Allah hər şeyi bilir, siz isə bilmirsiniz. Siz bilmədiyiniz şeyləri Peyğəmbərdən (s), onun kitabından öyrənməlisiniz.

AYƏ 67:

﴿ مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ ﴾

TƏRCÜMƏ:

«İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi

TƏFSİR:

Haqqa meyletmə mənasına olan «hə-nə-fə» kəlməsi batilə meyl etmə mənasına olan «cə-nə-fə» kəlməsinin antonimidir. Hənif o kəslərə deyilir ki, haqq yolunda olsunlar. Mənası təhrif olunan sözlərdən biri də məhz müşriklərin və bütpərəstlərin özlərinə aid etdikləri «hünəfa» (haqqa meyl edənlər) kəlməsidir. Bu ayədə «müslimən» kəlməsinin «hənifən» kəlməsi ilə yanaşı qeyd edilməsi həm İbrahimi (ə) şirkdən təmizləmək, həm də bu müqəddəs kəlməni paklamaq məqsədi daşıyır.

AYƏ 68:

﴿ إِنَّ أَوْلَى النَّاسِ بِإِبْرَاهِيمَ لَلَّذِينَ اتَّبَعُوهُ وَهَـذَا النَّبِيُّ وَالَّذِينَ آمَنُواْ وَاللّهُ وَلِيُّ الْمُؤْمِنِينَ ﴾

TƏRCÜMƏ:

«Əlbəttə insanların (şəriətin əsasları və qolları baxımından) İbrahimə ən yaxını (onun şəriətinin hakim olduğu zamanda) ona tabe olanlar və həmçinin, bu Peyğəmbər (Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm) və (ona) iman gətirən kəslərdir. Allah möminlərin yardımçısı və başçısıdır.»

TƏFSİR:

Bu ayədən aydın olur ki, iman əsasında qurulan əlaqələr qohum-əqrəba və millət əlaqələrindən daha möhkəmdir. Eyni fikrə və ideologiyaya malik olub, eyni xətdə qərar tutanların hədəfləri eyni olduqda zahirdəki etiqad və fikir baxımından bir-biri ilə ayrı olmasına baxmayaraq, yaxın qohumluq əlaqələrinə görə bir-birinə daha yaxındırlar. Hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) Ömər ibn Yəzidin oğluna buyurdu: «Allaha and olsun ki, siz Ali-Məhəmməddənsiniz.» Sonra yuxarıdakı ayəni oxudu.

Rəsuli-Əkrəm (s) Səlmani Farsi barəsində buyurur: «Səlmanu minna Əhləl-beyt» – yəni Salman biz Əhli-beytdəndir.

İNCƏ MƏTLƏBLƏR

1. İnsanlarla onların rəhbərləri arasında əsas rabitə ideoloji əlaqədir, qəbilə, dil, məntəqə, irq rabitələri deyil.

2. Peyğəmbərlərə yaxınlığın meyarı onlara itaət etməkdir.

3. Peyğəmbəri-Əkrəm (s) və müsəlmanlar Həzrət İbrahimin (ə) xəttində olub onunla eyni hədəfə malikdirlər.

4. «Məcməül-bəyan» təfsirində belə bir rəvayət nəql olunmuşdur: «Həzrət Məhəmmədin (s) dostu və tərəfdarı qohumluq cəhətindən ondan uzaq olsalar belə, Allaha itaət edənlərdir. Peyğəmbərin (s) düşməni Allaha qarşı üsyankarlıq edənlərdir, hətta Peyğəmbərlə yaxın qohum olsalar belə.»

AYƏ 69:

﴿ وَدَّت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يُضِلُّونَكُمْ وَمَا يُضِلُّونَ إِلاَّ أَنفُسَهُمْ وَمَا يَشْعُرُونَ ﴾

TƏRCÜMƏ:

«Kitab əhlinin bir dəstəsi sizi azdırmaq istəyir, halbuki onlar özlərindən başqa heç kimi azdırmırlar və (bunu) dərk (də) etmirlər (çünki, bu qəlbi və ya əməli istəyin günahı onların özlərini yaxalayacaqdır)

TƏFSİR:

«Taifə» sözünün kökü «təvaf»dır. Yırtıcı heyvanların, qarətçilərin təhlükəsindən amanda qalmaq və həyatlarını davam etdirmək üçün yay-qış mövsümlərində kütləvi şəkildə bir yerdən digər yerə köçən camaata və dəstəyə “taifə” deyilir.

Bu ayədə və bundan sonrakı üç ayədə yadellilərin mədəni hücumları və onların ideoloji hiylələri bəyan olunur. Əvvəlcə bu ayədə onların ideoloji cəhətdən kinli olması bəyan edilir. Sonrakı ayələrdə isə onların inadkarlıq və küfrlərindən, yetmiş birinci ayədə haqqı bilə-bilə gizlətmək, haqqı öldürmək, yetmiş ikinci ayədə isə onların mədəni hücumunda bir mədəni taktikanın mövcudluğundan söhbət gedir. Bu da onların qaranlıq batinlərindən, inkarçılıq ruhiyyəsindən, haqqı gizlətmək üslublarından söz açır.

İNCƏ MƏTLƏBLƏR

1. Düşmən tərəfindən ehtimal verilən zərər və xəsarətlərdən amanda qalmaq üçün düşməni və onun istəklərini tanımaq lazımdır.

2. Başqalarını zəlalətə və azğınlığa çəkmək istəyənlər hiyləgərlik, nifaq, ikiüzlülük, kin-küdurət, töhmət və s. kimi günahlara mürtəkib olurlar.

3. İslam düşmənlərinin mənfur məqsədlərindən biri də müsəlmanlar arasında əxlaqi və ideoloji azğınlıqlar yaratmaq üçün məkirli planlar icra etməkdir.

4. Mühakimə yürüdərkən insafa riayət edilməlidir.

5. İdeoloji və mədəni hücumların vuracağı xəsarət ən böyük xətər və ən ağır təhlükədir; buna görə də ciddi xəbərdarlıq edilməlidir.

6. Müxaliflərin riyakarcasına izhar etdikləri fikirlərə, söylədikləri yağlı vədələrə etimad edilməməlidir. Çünki onlar həmişə sizin azğınlığa düşməyinizi istəyirlər.

AYƏ 70:

﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَأَنتُمْ تَشْهَدُونَ ﴾

TƏRCÜMƏ:

«Ey kitab əhli, nə üçün Allahın (Tövrat və İncildə Muhəmməd-səlləllahu əleyhi və alihi və səlləm-barəsində olan) ayələrinə kafir olursunuz, halbuki, özünüz şahidsiniz (bilirsiniz ki, həmin ayələr Allah tərəfindəndir)?!»

TƏFSİR:

Bu ayə bəlkə də Tövrat və İncildə kitab əhlinə Həzrət Məhəmmədin (s) məziyyətlərinə dair verilən müjdələri göstərir. Belə ki, kitab əhli o Həzrəti (s) öz övladlarını tanıdıqları kimi tanıyırdılar. Lakin özlərinin ictimai mövqelərini qoruyub-saxlamaq, maddi mənfətlərinə dəyə biləcək xəsarətin qarşısını almaq üçün bu ilahi nişanələrin hamısını görməməzliyə vurdular və inkar etdilər.

AYƏ 71:

﴿ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَلْبِسُونَ الْحَقَّ بِالْبَاطِلِ وَتَكْتُمُونَ الْحَقَّ وَأَنتُمْ تَعْلَمُونَ ﴾

TƏRCÜMƏ:

«Ey kitab əhli, nə üçün (həqiqətin nə olduğunu) bilə-bilə haqqı batilə qatışdıraraq onu şübhəli hala salır və haqqı gizlədirsiniz (həqiqətin gizlin qalması üçün Tövrat və İncilin ayələrini təhrif edərək onlara daxil edirsiniz)?!»

TƏFSİR:

Azğınlıq və təhrif yaradanların əksəriyyəti «İslamşünas», «şərqşünas», «tarixçi», «səyyah» və sair kimi adlarla müxtəlif məkan, zaman və kitablarda, bir sözlə, insanların düşüncəsində təsərrüf edir, enskilopediyalarda «mühəqqih» və «təhqiqatçı» adı ilə İslam barəsində maraqlanıb məlumat əldə etmək istəyənlərin fikrini qarışdırır, İslamı elə cilvələndirmək istəyirlər ki, oxucular ona iman gətirmək fikrinə belə düşməsinlər.

AYƏ 72:

﴿ وَقَالَت طَّآئِفَةٌ مِّنْ أَهْلِ الْكِتَابِ آمِنُواْ بِالَّذِيَ أُنزِلَ عَلَى الَّذِينَ آمَنُواْ وَجْهَ النَّهَارِ وَاكْفُرُواْ آخِرَهُ لَعَلَّهُمْ يَرْجِعُونَ﴾

TƏRCÜMƏ:

«Və kitab əhlinin bir dəstəsi (onların alimləri, öz ardıcıllarına) dedilər: İman gətirənlərə nazil olan şeylərə (Quran ayələrinə) günün əvvəlində iman gətirin, axırında ona kafir olun, bəlkə (öz dinlərindən) qayıdalar (çünki onlar sizi dindən agah və xəbərdar adamlar kimi tanıyırlar və sizin tərəddüd etməyinizlə onlar da tərəddüd edəcək, şəkk-şübhəyə düşəcəklər)

TƏFSİR:

Bu mübarək ayənin nazilolma səbəbində qeyd olunur ki, yəhudi alimlərindən on iki nəfəri qərara aldı ki, möminlərin qəlbində şəkk-şübhə yaratmaq və imanlarını sarsıtmaq üçün sübh çağı Həzrət Məhəmmədin (s) yanına gəlib iman gətirdiklərini desinlər. Lakin günün axırında İslamdan dönüb desinlər ki, biz Məhəmmədi (s) gördük, o, Tövrat və İncildə gələn xüsusiyyətlərlə uyğun gəlmir. Onlar bu hiyləgərliklə avam camaata təlqin etmək istəyirdilər ki, əgər İslam dini yaxşı bir məktəbdirsə və sabit dinlər tərəfindən qəbul olunursa, elm və kitab əhli ondan heç vaxt dönməz. Onlar bu işləri ilə müsəlmanların əqidəsində şəkk-şübhə yaradır və digər yəhudilərin İslamı qəbul edib müsəlman olmağına mane olurdular. Allah-təala yuxarıdakı ayəni nazil edərək onların məkirli planlarını ifşa etdi.

İNCƏ MƏTLƏBLƏR

1. Mümkündür ki, müəyyən bir qrup İslam adı ilə müsəlmanların cərgəsinə nüfuz edib arxadan zərbə endirsin. Buna görə də həmişə ayıq olmaq lazımdır.

2. Müsəlmanlar sadəlövh və tezinanan olmamalıdırlar.

3. İmanın elə bir mərhələsinə çatmaq lazımdır ki, müəyyən qrupların dindən çıxması qəlbimizə azacıq belə təsir qoymasın.

4. Çoxlarının xarici siyasətdə əsas məqsədi bir çox ölkələrlə siyasi rabitə bərqərar etməklə, yaxud əlaqələri kəsməklə ölkə daxilində və ya xaricdə müəyyən fəza yaratmaqdır.

5. Allah-təala həssas mərhələlərdə düşmənlərin məxfi və məkirli planlarını ifşa edir.

AYƏ 73:

﴿وَلاَ تُؤْمِنُواْ إِلاَّ لِمَن تَبِعَ دِينَكُمْ قُلْ إِنَّ الْهُدَى هُدَى اللّهِ أَن يُؤْتَى أَحَدٌ مِّثْلَ مَا أُوتِيتُمْ أَوْ يُحَآجُّوكُمْ عِندَ رَبِّكُمْ قُلْ إِنَّ الْفَضْلَ بِيَدِ اللّهِ يُؤْتِيهِ مَن يَشَاء وَاللّهُ وَاسِعٌ عَلِيمٌ﴾

TƏRCÜMƏ:

«(Həmçinin dedilər): Və sizin dininizə tabe olandan başqasına inanmayın (həqiqəti açıb deməyin) - de: «Əlbəttə hidayət, Allahın hidayətidir» - ki, məbadə sizə verilən(in) kiməsə veril(mə)sin(in mümkünlüyü məlum olsun) və yaxud onlar Rəbbinizin yanında sizinlə mübahisə etsinlər (edə bilsinlər. Bir sözlə, müsəlmanların da sizin kimi qiblə, din və haqq olan kitaba malik olmalarını və Qiyamətdə sizinlə mübahisə edəcəklərini etiraf etməyin).» De: Fəzilət və rəhmət Allahın əlindədir, onu istədiyinə verir (və sizin hiylələriniz Allahın hidayət etdiyi şəxsin imanına mane ola bilməz). Allah (zat və sifət baxımından) geniş və (hər şeyi) biləndir.»

İNCƏ MƏTLƏBLƏR

1. İslam düşmənləri öz məkirli planlarında gizli iş görməyi üstün tutur və özlərindən başqasına etimad etmirlər.

2. Allahın mərhəmət və lütfü hansısa qrupa məxsus deyildir.

3. Təəssübkeşlik qadağandır.

AYƏ 74:

﴿ يَخْتَصُّ بِرَحْمَتِهِ مَن يَشَاء وَاللّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ ﴾

TƏRCÜMƏ:

«İstədiyi kəsi Öz rəhmətinə məxsus edər. Allah böyük əta və bəxşiş sahibidir

TƏFSİR:

Allahın heç bir qövmə yəhudilər kimi Öz lütf və mərhəmətini şamil etməyəcəyini təsəvvür etmək xam xəyaldan başqa bir şey deyildir. Allah-təala Öz risalətini hansı qövmün öhdəsinə qoyacağını daha yaxşı bilir. O Öz bəndələri arasında ən yaxşı fərdi seçərək Öz mərhəmətini onun halına şamil edir. Allahın həm lütf və mərhəməti genişdir, həm də bir kəsi hikmət əsasında seçir.

AYƏ 75:

﴿وَمِنْ أَهْلِ الْكِتَابِ مَنْ إِن تَأْمَنْهُ بِقِنطَارٍ يُؤَدِّهِ إِلَيْكَ وَمِنْهُم مَّنْ إِن تَأْمَنْهُ بِدِينَارٍ لاَّ يُؤَدِّهِ إِلَيْكَ إِلاَّ مَا دُمْتَ عَلَيْهِ قَآئِمًا ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَيْسَ عَلَيْنَا فِي الأُمِّيِّينَ سَبِيلٌ وَيَقُولُونَ عَلَى اللّهِ الْكَذِبَ وَهُمْ يَعْلَمُونَ﴾

TƏRCÜMƏ:

«Kitab əhlindən eləsi var ki, əgər ona çoxlu malı əmanət tapşırsan, onu sənə qaytarar. Həmçinin onlardan eləsi (də) vardır ki, əgər ona bircə dinarı tapşırsan, daim başı üstündə dayanmayınca (və öz malını ondan tələb etməyincə), onu sənə qaytarmaz! Bu onların «savadsızların (yəhudi olmayanların) bizə bir yolu (bizdən bir şey tələb etmək hüquqları) yoxdur» demələrinə (bu əqidədə olmalarına) görədir. Onlar (öz sözlərinin puç olmasını) bilə-bilə Allaha yalan nisbət verirlər.»

TƏFSİR:

Əxlaqi dəyərlər və insani keyfiyyətlər həmişə sabitdir: əmanət həmişə yaxşı iş, xəyanət həmişə və hər kəsə qarşı pisdir. Günahdan da böyük və xoşagəlməz iş günaha bəraət qazandırmaqdır. Onlar camaatın mal-dövlətini nahaq yerə yeyir və deyirlər ki, Allah bizim bu işlərimizlə razıdır.

AYƏ 76:

﴿ بَلَى مَنْ أَوْفَى بِعَهْدِهِ وَاتَّقَى فَإِنَّ اللّهَ يُحِبُّ الْمُتَّقِينَ ﴾

TƏRCÜMƏ:

«Xeyr, (müsəlmanların sizin üzərinizdə haqları var, çünki) kim öz(ünün dinə sadiq qalmaq barəsindəki) əhdinə vəfa etsə və təqvalı olsa, şübhəsiz, Allah da təqvalıları sevir (və Allahın dostunun başqaları üzərində haqqı vardır)

TƏFSİR:

Yanlış təfəkkürlər müqabilində düzgün mövqe seçmək lazımdır. Öz əhdinə vəfalı qalmaq və təqvalı olmaq insanın sevilmə meyarıdır, bunda meyar kitab əhli olmaq, yaxud şüar vermək deyildir.

AYƏ 77:

﴿إِنَّ الَّذِينَ يَشْتَرُونَ بِعَهْدِ اللّهِ وَأَيْمَانِهِمْ ثَمَنًا قَلِيلاً أُوْلَـئِكَ لاَ خَلاَقَ لَهُمْ فِي الآخِرَةِ وَلاَ يُكَلِّمُهُمُ اللّهُ وَلاَ يَنظُرُ إِلَيْهِمْ يَوْمَ الْقِيَامَةِ وَلاَ يُزَكِّيهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ﴾

TƏRCÜMƏ:

«Həqiqətən, öz əhd-peymanları və andları(nı - dini qəbul etmək barəsində olan əhd-peymanlarını və haqqa kömək üçün olan andlarını pozmaq) müqabilində ucuz bir qazanc (vəzifə və mal) əldə edən kəslərin axirətdə bir payları yoxdur. Həmçinin Allah onlarla danışmayacaq, Qiyamət günü onlara (rəhmət) nəzər(i) salmayacaq, onları paklaşdırmayacaq və onlar üçün ağrılı bir əzab olacaqdır

TƏFSİR:

Əlbəttə Allah-təala əhd-peyman pozanları beş şeylə təhdid etmişdir:

1. Axirətdə hər bir şeydən məhrum olmaq.

2. Allahın onlarla danışmasından məhrum olmaq.

3. İlahi lütf və mərhəmət nəzə