A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


5. Allahın istədiyi bir şəxs hətta uşaqlıq çağlarında belə ilahi xəbərləri insanlara çatdıra bilər. Buna görə də imamlarımızdan bəziləri, o cümlədən, İmam Cavad (ə), İmam Əliyyən Nəqi (ə) və İmam Zaman (ə) uşaqlıq çağlarında imamət məqamına çatmışlar.

AYƏ 47:

﴿ قَالَتْ رَبِّ أَنَّى يَكُونُ لِي وَلَدٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ قَالَ كَذَلِكِ اللّهُ يَخْلُقُ مَا يَشَاء إِذَا قَضَى أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ ﴾

TƏRCÜMƏ:

«(Məryəm) dedi: Ey Rəbbim, mənə heç bir bəşərin toxunmadığı halda mənim necə övladım ola bilər?! Dedi: Elədir. Allah istədiyini yaradır, bir şeyin olmasını qəti şəkildə istəyəndə ona yalnız «ol» deyir, beləliklə (də həmin şey) dərhal olur

TƏFSİR:

Allahın iradəsi varlıqların yaranma səbəbidir və O, maddi və təbii amillər, vasitələr və səbəblər olmadan da hər hansı bir şeyi yarada bilər. Səbəbləri yaratmaq və səbəblərin təsirini aradan aparmaq Allahın əlindədir. Bəzən müəyyən şeylərin mövcud təsirini ondan alır, bəzən isə müəyyən şeylərə (onların malik olmadıqları halda) təsir bağışlayır. Varlıqların yaranması, onların həyatının davam etməsi, varlığın əsər-əlamətləri, əsərlərin miqdarı, növü və zamanı və s. bütün bunların hamısı Allahın iradəsinə tabedir. Quranda Zəkəriyyanın (ə) cavabında «yəfəlu ma yəşau» (istədiyi işi yerinə yetirir), Məryəmin (ə) cavabında isə «yəxluqu ma yəşau» (istədiyini xəlq edir) deyə buyurulmasının səbəbi bu ola bilər ki, ərsiz, bakirə qızın övlad dünyaya gətirməsi qoca kişinin övlad sahibi olmasından daha da təəccüblüdür.

Daha sonra bu mətləb təkmilləşdirilərək buyurulur: «Bir şeyi iradə və müqəddər etdiyi (və onun vücuda gəlməsinin hökmünü verdiyi) zaman ona «ol!» deyər, o da dərhal vücuda gələr.»

İNCƏ MƏTLƏBLƏR

1. Allahın hansısa bir şeyi yaratmaqda iradəsi qeyri-məhduddur. Onun xəlq etməsi – istər təbii, istərsə də qeyri təbii yollarla olsun, eyni səviyyədədir.

2. Allahın hər hansı bir varlığı qeyri adi yollarla yaratması yeni bir məsələ deyil. Əvvəllər də belə bir hadisə baş vermişdir.

3. Sual və təəccübün mənşəyi inkar və inadkarlıq olmazsa, heç bir eybi yoxdur.

AYƏ 48:

﴿ وَيُعَلِّمُهُ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالإِنجِيلَ ﴾

TƏRCÜMƏ:

«Və ona (bütün peyğəmbərlərin səmavi) kitab(larını), şəriət hökmləri və əqli elmləri, həmçinin Tövrat və İncili öyrədəcək

TƏFSİR:

Şiə və sünni alimlərinin təfsir kitablarında qeyd olunur ki, «kitab təlimi» dedikdə məqsəd xətt və yazı, «hikmət təlimi» dedikdə isə məqsəd əşyaların faydaları, təsirləri, məsləhət və ziyanları, eləcə də işlər, əxlaq və etiqad nəzərdə tutulur. İstər dünyaya aid olsun, istərsə də axirətə.

İNCƏ MƏTLƏBLƏR

1. Rəhbərliyin şərait və prinsiplərindən biri kimi əsas şey elm, hikmət və səmavi kitabların möhtəvasından lazımi qədər agahlığa malik olmaqdır.

2. Hər bir zamanda rəhbərlik keçmişdəki hadisə və qanunlara agahlıqla yanaşı olmalıdır (Allah İsaya (ə) Musanın (ə) Tövratını öyrətmişdi).

AYƏ 49:

﴿وَرَسُولاً إِلَى بَنِي إِسْرَائِيلَ أَنِّي قَدْ جِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ أَنِّي أَخْلُقُ لَكُم مِّنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ فَأَنفُخُ فِيهِ فَيَكُونُ طَيْرًا بِإِذْنِ اللّهِ وَأُبْرِىءُ الأكْمَهَ والأَبْرَصَ وَأُحْيِـي الْمَوْتَى بِإِذْنِ اللّهِ وَأُنَبِّئُكُم بِمَا تَأْكُلُونَ وَمَا تَدَّخِرُونَ فِي بُيُوتِكُمْ إِنَّ فِي ذَلِكَ لآيَةً لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ﴾

TƏRCÜMƏ:

«Və bir peyğəmbər olaraq İsrail övladlarına (göndərəcək və o, onlara deyəcək) ki: «Mən sizə Rəbbiniz tərəfindən bir nişanə gətirmişəm; mən sizin üçün gildən quş surətində bir şey düzəldər, sonra ona üfürərəm, Allahın izni ilə quş olar; Allahın izni ilə anadangəlmə koru və cüzamı sağaldar, ölüləri dirildərəm və sizə evlərinizdə yediyiniz və yığıb saxladığınız şeylərdən xəbər verərəm. Həqiqətən əgər mömin olsanız sizin üçün bunda (Allahın tovhidinə, elm və qüdrətinə, eləcə də mənim peyğəmbərliyimə dəlalət edən) nişanə vardır

TƏFSİR:

Bu ayədə Həzrət İsanın (ə) möcüzələrindən söhbət açılaraq buyurulur ki, Allah-təala onu peyğəmbər olaraq Bəni-İsrail qövmünə göndərdi. Ona əmr olunmuşdu ki, Bəni-İsrail qövmünə belə desin: “Mən Pərvərdigarınız tərəfindən sizin üçün nişanə gətirmişəm. Təkcə bir nişanə deyil, çoxlu nişanələr gətirmişəm! Mən palçıqdan quş şəkilli bir şey düzəldib, sonra ona üfürürəm, Allahın izni ilə quşa çevrilir.”

Sonra onun ikinci möcüzəsinə, yəni çox çətin müalicə olunan və ya ümumiyyətlə, əlacsız xəstəlikləri sağaltmasına işarə edilir. O buyurur: “Mən anadangəlmə korları və xora xəstəliyinə tutulanları müalicə edirəm.”

Şübhəsiz bu məsələ, xüsusilə o dövrün həkim və alimləri üçün inkaredilməz bir möcüzə sayılırdı. Üçüncü mərhələdə isə Həzrətin (ə) digər bir möcüzəsinə işarə edilərək onun dilindən buyurulur: «Mən ölüləri Allahın izni ilə dirildirəm.»

Bütün zamanlarda bu iş möcüzə və xariquladə işlərdən sayılıb.

«Məcməül-bəyan» təfsirində deyilir: Həzrət İsa (ə) çox ölüləri diriltmişdi. O cümlədən, bir nəfərin tabuta qoyularaq dəfn olunmaq üçün qəbristanlığa tərəf aparıldığını görüb dua edir və o dirilir. Sonra tabutdan çıxıb, paltar geyinir və evlərinə qayıdır. Daha sonra çoxlu övlad sahibi olur.

Digər bir möcüzəsi də on yaşlı qızı diriltməsidir. Belə ki, İsa (ə) onu ölümündən bir gün sonra diriltdi və o öz evlərinə qayıtdı. Bir müddətdən sonra ailə qurdu və övlad sahibi oldu.

Bu möcüzələr Peyğəmbəri-Əkrəm (s), Əmirəl-möminin Əli (ə), sair Əhli-beyt imamlarından (ə) da baş vermişdir. Məsələn, Kufə əhalisindən biri Xorasanda İmam Rzanın (ə) hüzuruna gəlib dedi: “Ey peyğəmbər övladı, Kufə camaatı cəddiniz Əmirəl-möminin Əlidən (ə) çoxlu möcüzələr nəql edir. Siz də bir möcüzə göstərin, mən onu Kufə camaatı üçün hədiyyə aparım.”

İmam Rza (ə) buyurdu: “Nə etməyimi istəyirsən?”

Dedi: “Anam ölmüşdür, sizdən xahiş edirəm ki, Allahdan istəyin, onu diriltsin.”

İmam (ə) dua etdikdən sonra onun anası dirildi. Həmin şəxs camaata elan edib bildirdi ki, bu, imam Rzanın (ə) möcüzəsidir. Dirilən şəxs bir neçə il yaşadıqdan sonra yenidən dünyadan getdi.

Həzrət İsanın (ə) möcüzələrinin nə üçün məhz bu xüsusda olması barədə danışarkən qeyd etmək lazımdır ki, onun zəmanəsində tibb elmi çox sürətlə inkişaf edib özünün ən yüksək zirvəsinə çatmışdı. Allah-təala onun möcüzəsini də zəmanəsinin elminə uyğun qərar verdi ki, dövrün alimlərinə qalib gəlsin. Bununla da nübüvvətinin haqq olması sübuta yetsin.

Musa ibn İmranın (ə) dövründə sehrkarlıq çox geniş yayılmışdı. Allah-təala da onun əsasını möcüzə kimi ona əta etdi ki, həmin şəxslərin sehrlərini batil etsin və onlar belə bir möcüzə gətirməkdə aciz olsunlar.

Bizim Peyğəmbərimiz Həzrət Məhəmmədin (s) dövründə fəsahət, bəlağət və söz ustalığı özünün son dərəcəsinə çatmışdı. Buna görə də Allah-təala o Həzrətə Qurani-Kərim kimi bir möcüzəni əta etdi. Bu da öz növbəsində söz ustalığı və bəyan üslubunun ən gözəl və xariquladə nümunələrindən biridir.

Yuxarıdakı ayədə möcüzəli işlərin dördüncü mərhələsində camaatın gizli sirlərindən xəbər vermək irəli çəkilir. Çünki hər kəsin həyatında adətən, elə sirləri vardır ki, başqaları ondan agah deyildir. Həzrət İsa (ə) buyurur: «Mən sizin yediyiniz və evlərinizdə ehtiyat etdiyiniz şeylərdən xəbər verərəm.»

Axırda bu dörd möcüzənin hamısına işarə edilərək buyurulur: «Şübhəsiz, əgər imanlı və həqiqətaxtaran olsanız, bunlarda sizin üçün nişanələr vardır.»

Bu və buna oxşar ayələrdən məlum olur ki, Allahın göndərdiyi peyğəmbərlər və ilahi övliyalar lazım olan vaxtlarda Onun izni ilə təkvin və yaradılış aləmində təsərrüf edir, təbii qayda-qanun və adətlərin əksinə olaraq müəyyən hadisələr yaradırlar. Bu da camaata rəhbərlikdən ibarət olan təşrii vilayətdən çox yüksəkdə olub «təkvini vilayət» adlanır.

AYƏ 50:

﴿ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيَّ مِنَ التَّوْرَاةِ وَلِأُحِلَّ لَكُم بَعْضَ الَّذِي حُرِّمَ عَلَيْكُمْ وَجِئْتُكُم بِآيَةٍ مِّن رَّبِّكُمْ فَاتَّقُواْ اللّهَ وَأَطِيعُونِ ﴾

TƏRCÜMƏ:

«Özümdən əvvəlki Tövratı təsdiq edirəm və sizə haram olmuş şeylərin bəzisini (şənbə günü balıq ovlamağı, dəvə ətini, dördayaqlıların bədənlərinin yağını) halal etmək üçün (gəlmişəm). Və sizin üçün Rəbbiniz tərəfindən (öz peyğəmbərliyimə dair) nişanə gətirmişəm. Odur ki, Allahdan qorxun və mənə itaət edin.»

TƏFSİR:

Bu sözlər Həzrət İsanın (ə) kəlamının davamıdır. Həqiqətdə o bu sözlərlə öz besətinin hədəflərindən bir qismini izah edərək buyurur: “Mən gəlmişəm ki, Tövratı təsdiq edəm, onun əsasını möhkəmləndirəm, həmçinin etdiyiniz zülm və günahlarınız səbəbilə haram olunan bəzi şeyləri (dəvə ətini, heyvanların bəzi yağlı yerlərini, eləcə də bəzi quş və balıqları) sizə halal edəm.”

Sonra əlavə edir: «Mən Pərvərdigarınız tərəfindən sizin üçün bir ayə və nişanə gətirmişəm.»

Ayənin axırında belə nəticə alınır: «Buna əsasən Allahın əmr və fərmanları ilə müxalifətçilik etməkdən qorxun və mənə itaət edin.»

AYƏ 51:

﴿ إِنَّ اللّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ هَـذَا صِرَاطٌ مُّسْتَقِيمٌ ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, Allah mənim Rəbbim və sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Budur doğru yol!»

TƏFSİR:

Bu ayədə Həzrət İsanın (ə) dilindən hər növ səhvin aradan qaldırılması, müəmmanın həll edilməsi və istisna xüsusiyyətlərini əsas tutaraq onun ilahiləşdirilməsi məsələsini aradan qaldırmaq üçün deyilir: “Şübhəsiz, Allah mənim və sizin Pərvərdigarınızdır, belə isə yalnız Ona pərəstiş edin; Nə mənə, nə də başqalarına yox. Bu, düzgün yoldur.” Tövhid  şirk, ikiliyə, bir neçə məbuda pərəstiş etmək yolu deyil, yeganəpərəstlik yoludur.”

Quranın başqa ayələrində də təkrar oxuyuruq ki, Həzrət İsa (ə) özünün Allah dərgahında bəndəlik məsələsinə çox təkid edirdi. Hazırkı təhrif olunmuş incillərin əksinə olaraq (onlar əksər hallarda Həzrət İsanın (ə) dilindən Allahı «ata» kəlməsi ilə ifadə edirlər), Qurani-Məcid onun dilindən Rəbb (Pərvərdigar) və sair kimi sözləri nəql edir. Bu da o Həzrətin (ə) şirklə mübarizə apardığı vaxtlar, yaxud sonradan ilahiyyat məqamına yüksəldiləcəyinə diqqət yetirdiyini göstərir. Buna görə də Həzrət İsa (ə) camaatın arasında olduğu vaxtlarda heç kəs onu Allah kimi tanıtdırmağa cürət etməmişdir. Əksər məsihi tədqiqatçılarının etiraf etdiyi kimi, təslisə (üçlüyə) sitayiş miladın üçüncü əsrində yaranmışdır.

AYƏ 52:

﴿ فَلَمَّا أَحَسَّ عِيسَى مِنْهُمُ الْكُفْرَ قَالَ مَنْ أَنصَارِي إِلَى اللّهِ قَالَ الْحَوَارِيُّونَ نَحْنُ أَنصَارُ اللّهِ آمَنَّا بِاللّهِ وَاشْهَدْ بِأَنَّا مُسْلِمُونَ ﴾

TƏRCÜMƏ:

«Beləliklə, elə ki, İsa onlardan küfr hiss etdi (onların hamısının iman gətirməyəcəyini bildi, din üçün bir mərkəz müəyyənləşdirmək və onun sütunlarını, qoruyucularını möhkəmləndirmək məqsədi ilə) dedi: Kimlərdir Allaha doğru (hərəkətdə) mənim köməkçilərim? Həvarilər (onun ağ geyimli və nurani qəlbli xas dostları) dedilər: Biz Allahın köməkçiləriyik; Allaha iman gətirdik və şəhadət ver ki, biz təslim olanlarıq

TƏFSİR:

«Həvariyyun» kəlməsi yolu dəyişmək mənasına olan «həvari» kəlməsinin cəm formasıdır. Həvariyyun o kəslərə deyilir ki, camaatın azğın yolunu boşlayıb haqq yola yönəlmiş olsunlar.

«Səfinətul-bihar» kitabında imam Rzadan (ə) belə nəql olunur: «Onlar həm özlərini paklaşdırıb nurani etmişdilər, həm də başqalarının pak olması üçün çalışırdılar.»

«Kafi» kitabında imam Sadiqdən (ə) belə nəql olunur: «Həzrət İsa peyğəmbərin şagirdləri əməl məqamında ondan ayrıldılar, lakin bizim həvarilər canlarını müxtəlif bəlalar qarşısında sipər etdilər və bizə itaət etməkdən əl çəkmədilər...»

Həzrət Musanın (ə) öncədən xəbər verdiyi kimi, yəhudilər İsanın (ə) gəlişindən qabaq onun zühurunu gözləyirdilər. Lakin o, zahir olduqda Bəni-İsrailin yoldan çıxmış şəxslərindən olan bir qrupun qanunsuz mənafeyi təhlükəyə düşdükdə yalnız azsaylı bir dəstə İsanın (ə) ətrafına yığışdı. Ayədə buyurulur: «İsa (ə) onların küfr və müxalifətlərini hiss etdikdə dedi: “Allah dininin təbliğ olunması yolunda kim mənim köməkçim olar?»

Burada yalnız bir neçə adam onun çağırışına müsbət cavab verir. Quran bu kimi şəxsləri pak və həvariyyun adlandıraraq buyurmuşdur: «Həzrət İsanın (ə) xüsusi şagirdləri olan həvarilər dedilər: “Biz Allah dininin köməkçiləriyik, buna iman gətirmişik. Sən də şahid ol ki, biz İslamı qəbul edərək haqq dininə təslim oluruq.”»

Həvarilər öz ixlas və sədaqətlərini isbat etmək üçün cavabda «biz sənə kömək edəcəyik» deyil, «Biz Allahın köməkçiləriyik və Onun dininə kömək edəcəyik» dedilər.

AYƏ 53:

﴿ رَبَّنَا آمَنَّا بِمَا أَنزَلَتْ وَاتَّبَعْنَا الرَّسُولَ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ ﴾

TƏRCÜMƏ:

«Ey Rəbbimiz, nazil etdiyinə iman gətirdik və bu Peyğəmbərinə tabe olduq. Odur ki, bizi(m adımızı dünyada tovhidin və əqidənin əsaslarına, axirətdə isə peyğəmbərlərin risaləti çatdırmalarına) şahid olanların zümrəsində yaz.»

TƏFSİR:

Bu ayə barədə bəzi mətləblər nəql olunmuşdur ki, onlar həvarilərin ixlasının və tövhidin son dərəcəsində olmasını göstərir. Onlar Allah dərgahında öz imanlarını belə bəyan edirlər: “Pərvərdigara, biz Sənin nazil etdiklərinə iman gətirdik və Sənin göndərdiyin peyğəmbər olan Həzrət İsaya (ə) tabe olduq. Belə isə bizi şahidlərin cərgəsində yaz.”

AYƏ 54:

﴿ وَمَكَرُواْ وَمَكَرَ اللّهُ وَاللّهُ خَيْرُ الْمَاكِرِينَ ﴾

TƏRCÜMƏ:

«Və onlar (Bəni-İsrail kafirləri İsanı öldürmək və onun dinini məhv etmək üçün) hiylə işlətdilər və Allah da onların hiylələrinin cavabını verdi. Allah hiyləyə cavab verənlərin ən yaxşısıdır. (İsa əleyhissəlamın qətl planını cızanı onun, yəni həzrət İsanın surətinə saldı və dostları İsanın əvəzinə onu dara çəkdilər. Və Allah sonra İsanın dininə rəvac verdi.)»

TƏFSİR:

Həzrət İsanın (ə) dövründə bəziləri onun haqq dəvətini məhv etmək üçün müəyyən məkirli planlar hazırlayır və tədbirlər görürdülər. Hətta, onu tutub həbs etmək üçün mükafatlar təyin etmiş, onun edam olunması üçün zəmin hazırlamışdılar. Amma Allah-təala onların məkirli planlarını ifşa etdi və ona ən gözəl şəkildə nicat verdi.

İNCƏ MƏTLƏBLƏR

1. Allah-təalanın tədbir və iradəsi başqalarının tərəfindən olan hər növ səy, hərəkət və tədbirdən çox-çox yüksəkdədir.

2. Allah-təala Öz dostlarının himayəçisidir.

3. İnsanların hərəkət və tədbirləri Allah-təalanın qəzəb və ya mərhəmətinin müqəddiməsidir.

AYƏ 55:

﴿إِذْ قَالَ اللّهُ يَا عِيسَى إِنِّي مُتَوَفِّيكَ وَرَافِعُكَ إِلَيَّ وَمُطَهِّرُكَ مِنَ الَّذِينَ كَفَرُواْ وَجَاعِلُ الَّذِينَ اتَّبَعُوكَ فَوْقَ الَّذِينَ كَفَرُواْ إِلَى يَوْمِ الْقِيَامَةِ ثُمَّ إِلَيَّ مَرْجِعُكُمْ فَأَحْكُمُ بَيْنَكُمْ فِيمَا كُنتُمْ فِيهِ تَخْتَلِفُونَ﴾

TƏRCÜMƏ:

«(Yada sal) o zaman(ı) ki, Allah dedi: «Ey İsa, həqiqətən, Mən səni (camaatın arasından) götürəcək, Özümə tərəf qaldıracaq, küfr edən kəslərdən (onların cəmiyyətlərinin çirkinliklərin-dən) paklaşdıracaq və Qiyamətə kimi sənə tabe olanları (son ilahi islahatçının zühurunadək xristianları, ondan sonra isə müsəlmanları) kafirlərdən (yəhudilərdən) üstün edəcəyəm. Sonra isə sizin qayıdışınız (axirətdə) Mənə tərəfdir. Beləliklə, sizin aranızda haqqında ixtilafda olduğunuz şey barəsində hökm çıxaracağam.»

TƏFSİR:

Bu ayədə Həzrət İsanın (ə) həyatı ilə bağlı əhvalatların davamı bəyan edilir. İslam təfsirçiləri arasında məşhur olan nəzəriyyəyə əsasən, «Nisa» surəsinin 157-ci ayəsinə istinadən buyurulur ki, Həzrət Məsih heç vaxt öldürülmədi, Allah-təala onu göylərə apardı. Sözü gedən ayə də həmin məsələni bəyan edir və buyurur: “Yada sal o zamanı ki, Allah-təala İsaya Dedi: “Mən səni alıb Öz dərgahıma, göylərə doğru aparacağam, səni kafir olanlardan paklayacağam.”

Burada paklıq dedikdə məqsəd ya onun imansız və iyrənc sifətli insanların caynağından xilas edilməsi, ya ona vurulan yersiz ittihamlardan paklaşdırılması, yaxud namərdcəsinə edilən məkr və hiyləgərlik planlarından xilas edilməsidir. Bu da onun dininin qələbəsi sayəsində müyəssər olur.

Sonra əlavə edilir: “Biz sənin ardıcıllarını Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyik.”

Bu ayə Quranın ən böyük möcüzələrindən və öncədən verdiyi qeybi xəbərlərdən biridir. Çünki buyurulur ki, Həzrət Məsihin (ə) ardıcılları həmişə onunla müxalifətçilik edən yəhudilərdən üstün olacaqlar.

Ayənin axırında buyurulur: «Sonra sizin hamınızın qayıdacaq yeri Mənə doğrudur və Mən də sizin ixtilafda olduğunuz məsələ barəsində aranızda mühakimə edəcəyəm.»

Yəni, qeyd olunan qələbələr bu dünya ilə əlaqədardır. Yekun mühakimə və əməllərin nəticəsinin alınması isə axirətdə baş verəcəkdir.

AYƏ 56:

﴿ فَأَمَّا الَّذِينَ كَفَرُواْ فَأُعَذِّبُهُمْ عَذَابًا شَدِيدًا فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:

«Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır.»

TƏFSİR:

Bu və bundan sonrakı ayədə Həzrət İsaya (ə) xitab edilir. Əvvəldə buyurulur: İnsanlar Allah dərgahına qayıtdıqdan sonra Allah onların arasında mühakimə edəcək, cərgələr bir-birindən ayrılacaqdır; kafir olanları, haqqı tanıdıqdan sonra inkar edənləri dünya və axirətdə şiddətli cəzalar gözləyir və onlar üçün heç bir köməkçi olmayacaqdır.

AYƏ 57:

﴿ وَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُواْ الصَّالِحَاتِ فَيُوَفِّيهِمْ أُجُورَهُمْ وَاللّهُ لاَ يُحِبُّ الظَّالِمِينَ ﴾

TƏRCÜMƏ:

«İman gətirib yaxşı işlər görənlərə gəldikdə isə, (Allah) onların mükafatlarını kamil şəkildə verəcəkdir. Allah zalımları sevmir.»

TƏFSİR:

Sonra ikinci dəstəyə işarə edilərək buyurulur: «İman gətirib saleh əməllər görənlərin mükafatını isə Allah kamil şəkildə verəcək.» Sonra təkidlə buyurulur: “Allah heç vaxt zalımları sevməz.”

Deməli, zalımları sevməyən Allah bəndələrinə heç vaxt zülm etməyəcək, onların mükafatlarını kamil surətdə verəcəkdir.

AYƏ 58:

﴿ ذَلِكَ نَتْلُوهُ عَلَيْكَ مِنَ الآيَاتِ وَالذِّكْرِ الْحَكِيمِ ﴾

TƏRCÜMƏ:

«Sənə oxuduğumuz bu (hekayət), (sənin peyğəmbərliyinin doğruluğuna dəlalət edən) nişanə və ayələrdən, həmçinin bu yada salan və hikmətli kitabdandır

TƏFSİR:

Həzrət Məsihin (ə) əhvalatı şərh olunduqdan sonra bu ayədə İslam Peyğəmbərinə (s) xitab edilərək buyurulur: “Sənə oxuduğumuz bu şeylər sənin haqq olmağının nişanələri və hikmətli bir xatırlatmadır ki, Quran ayələri şəklində sənə nazil olunur. Eyni zamanda, bunlar hər növ batil mətləbdən və xurafatdan da pakdır. Halbuki, başqaları bu böyük ilahi Peyğəmbərin sərgüzəştini minlərlə yalan, əfsanə, xurafat və bidətlə qarışdırmışlar.

AYƏ 59:

﴿ إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ ﴾

TƏRCÜMƏ:

«Həqiqətən, Allah yanında İsanın hekayəti, (yaradılışının necəliyi baxımından) Adəmin hekayəti kimidir. Allah onu torpaqdan yaratdı, sonra ona «(canlı insan) ol!» dedi, o da oldu. (Sanki sən onun olmasını görürdün. Əlbəttə Adəmin cüssəsi çöldə, İsanınkı isə ana bətnində yaradıldı və onların hər ikisi Allahın əzəli əmri ilə, atasız insan oldular. Əgər belə bir iş allahlığa dəlalət edirsə, onda gərək onların hər ikisi allah ol