A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


«De: Sizə bunlardan da xeyirlisini xəbər verimmi? Təqvalılar üçün Rəbbi yanında (evlərinin və ağaclarının) altından çaylar axan cənnətlər vardır ki, orada əbədidirlər. Həmçinin (orada cismi və ruhi çirkinliklərdən) pak olan zövcələr və Allah tərəfindən razılıq vardır. Allah Öz bəndələrini görəndir»

TƏFSİR:

Allah-təala əvvəlki ayədə dünyanı dəyərsiz hesab edir, insanları dünyaya məftun olmaqdan çəkindirir. Bu ayədə isə axirət aləminin çox yüksək və qiymətli olduğunu bəyan edir və insanları bu yola təşviq edir.

Müfəssirlər «əunəbbiukum» sözü ilə başlanan sual cümləsində «ində Rəbbihim» kəlməsini onun sonu hesab edir və deyirlər ki, cavab olaraq xəbər verilən şey «cənnatun təcri» kəlməsindən başlayır.

Buna əsasən ayənin mənası belə olur: Sizə əvvəldə qeyd olunanlardan, yəni dünya şəhvətlərindən, ləzzətlərdən və onun cilvələrindən daha yaxşı olan bir şeyi xəbər verimmi?!

«Lilləziynəttəqəv» – o kəslər üçün ki, haram işlərdən çəkinər, təqvalı olarlar.

«İndə Rəbbihim» – Pərvərdigarın yanında “Cənnətun təcri min təhtihəl-ənhar” − ağaclarının altından çaylar axan bağlar vardır.

«Xalidinə fiha» – onlar behiştdə həmişəlik olaraq qalacaqlar.

«Əzvacun mutəhhərəh» - yəni hər növ zahiri aludəliklərdən və batini çirkinliklərdən, xoşagəlməz əxlaq, sifət və rəftarlardan pak olan zövcələr vardır.

«Rizvanun minəllah» - bu behiştdən əlavə, onlar üçün Allahın razılığı da vardır.

«Vəllahu bəsirun bil-ibad» - Allah-təala bəndələrin bütün rəftar və əməllərinə agahdır.

AYƏ 16-17:

﴿ الَّذِينَ يَقُولُونَ رَبَّنَا إِنَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَقِنَا عَذَابَ النَّارِ. الصَّابِرِينَ وَالصَّادِقِينَ وَالْقَانِتِينَ وَالْمُنفِقِينَ وَالْمُسْتَغْفِرِينَ بِالأَسْحَارِ ﴾

TƏRCÜMƏ:

16. « Ey Rəbbimiz, həqiqətən biz iman gətirdik, belə isə günahlarımızı bağışla və bizi odun əzabından qoru» deyən kəslər

17. «Həmin səbrlilər, etiqad, danışıq və əməldə düz olanlar, itaət edənlər, (mallarını) Allah yolunda xərcləyənlər və səhərlər bağışlanma diləyənlərdirlər.»

TƏFSİR:

Bu ayələrdə, əvvəldəki ayədə qeyd olunan pərhizkar və təqvalı insanların bəzi səciyyəvi xüsusiyyətləri belə bəyan edilir: “Pərhizkar və təqvalı şəxslər onlardır ki, «Pərvərdigara, biz Sənə və Sənin Rəsuluna iman gətirdik. Bizim günahlarımızı əfv edib ört və bağışla. Bizi cəhənnəm odunun əzabından qoru»”-deyərlər.

Sonra Allah-təala onların digər gözəl xüsusiyyətlərini və ilahi bəndəyə məxsus olan insani keyfiyyətlərini də qeyd edərək onları tərifləyir və buyurur: “Pərhizkar insanlar – səbr edənlər, doğru danışanlar, təvazökarlıq göstərənlər, infaq edənlər və səhər vaxtları istiğfar edib Allahdan bağışlanmaq diləyənlərdir.” Başqa sözlə, onlar aşağıdakı xüsusiyyətlərə malikdirlər:

1. Dünya çətinlikləri və haram işlər müqabilində, eləcə də ibadətin çətinliyinə səbr edərlər.

2. Danışıqda və əməldə sədaqətlidirlər.

3. Heç bir qürur hissi keçirmədən, özünü yüksək tutmadan Allah dərgahında həqiqi mənada bəndəlik edərlər.

4. Allahın onlara ruzi olaraq verdiyi hər şeydən ehtiyaclılara, yoxsullara, fəqirlərə infaq edərlər.

5. Səhər çağları Allah-təaladan bağışlanmaq diləyərək Onunla raz-niyaz, münacat edərlər.

«Vəl-munfiqinə», yəni öz mal-dövlətlərini yaxşı işlərdə xərcləyən, həm vacib, həm də müstəhəb zəkatı verənlərdir.

«Vəl-mustəğfirinə bil-əshar» cümləsinin hansı məna ifadə etməsi barədə dörd nəzər irəli sürülmüşdür:

1. Səhər vaxtı namaz qılanlar (Qütadədən nəql olunur).

Bu mənanı İmam Rza (ə) öz atasından (ə), o da İmam Sadiqdən (ə) nəql etmişdir.[2]

2. Səhər çağı Allahdan bağışlanmaq istəyənlər (Ənəsin nəzəri).

3. Sübh namazını camaat namazı şəklində qılanlar (Zeyd ibn Əsləmin nəzəri).

4. Sübh açılana qədər namaz qılıb, sonra Allahdan bağışlanmaq istəyənlər (Həsənin nəzəri).

İmam Cəfər Sadiqdən (ə) nəql olunur ki, hər kəs səhər çağı yetmiş dəfə istiğfar etsə, bu ayə ona da şamil olar.[3]

Ənəs ibn Malik Peyğəmbəri-Əkrəmdən (s) nəql edir: “Allah-təala buyurur: «Mən yer əhlinə (günah əməllərinə görə) əzab nazil etmək istəyirəm, lakin məscid tikənləri, gecəni səhərə kimi ibadətlə keçirənləri və səhər çağı istiğfar edənləri nəzərə alıb əzabı onlardan dəf edirəm.»

Bəzi rəvayətlərdə qeyd olunur ki, insan bir il müddətində müntəzəm olaraq Vətr namazının qunutunda yetmiş dəfə «əstəğfirullahə Rəbbi və ətubu iləyh» desə, bu ayə onun halına şamil olar.

Rəsuli-Əkrəmdən (s) nəql olunur: “Allah-təala buyurur: «Mən yer əhlinə əzab nazil etməyi iradə edirəm, lakin məscid abad edənlərə, Mənim yolumda bir-biri ilə dostluq edənlərə və səhər çağı istiğfar edənlərə baxanda bəlanı onlardan dəf edirəm.»

AYƏ 18:

﴿ شَهِدَ اللّهُ أَنَّهُ لاَ إِلَـهَ إِلاَّ هُوَ وَالْمَلاَئِكَةُ وَأُوْلُواْ الْعِلْمِ قَآئِمَاً بِالْقِسْطِ لاَ إِلَـهَ إِلاَّ هُوَ الْعَزِيزُ الْحَكِيمُ ﴾

TƏRCÜMƏ:

«Allah (əzəldən Öz elmi ilə, dünyanı yaratdıqdan sonra Öz yaradılış qüdrəti ilə və daha sonra peyğəmbərlərin, ağılın və səmavi kitabların dili ilə) ədalətə əsaslanaraq (və işlərini ədalət üzərində möhkəmləndirərək) Ondan başqa bir məbudun olmamasına şəhadət verdi. Həmçinin mələklər və elm sahibləri (də şəhadət verdilər). (Bəli) Ondan başqa bir məbud yoxdur. Yenilməz qüdrət və (xilqət və şəriətdə) möhkəm yaradılış sahibidir.»

TƏFSİR:

Allah-təala varlıq aləmində yeganə və vahid sistem yaratmaqla Öz Zatının yeganəliyinə şəhadət verir. Yəni yaradılış aləmində mövcud olan qanunauyğunluqlar, nizam-intizam və s. hamısı varlıq aləminə yeganə qüdrətin hakim olmasından söhbət açır. Başqa sözlə desək, Allah-təala yaradılışın qəribəlik axarlarında həyatın şahidləri olan hikmətli ixtiraları ilə Özünün yeganə olmasından xəbər verir, Öz məxluqlarının yaranmasını Özünün yeganəliyinə şahid gətirir. Eyni zamanda insanlara başa salır ki, Onun yaratdığı varlıqların oxşarını yaratmağa belə bir kəsin qüdrəti yoxdur. Mələklər də mövcud elm və qüdrəti, yaradılışın qəribəliklərini görməklə Allahın yeganə olmasına şəhadət verirlər. Elm sahibləri və alimlər də yaradılış aləmində elmi təcrübələrlə sübuta yetirib dərk etdikləri qəribəlikləri görməklə bunları yarada biləcək qüdrətin Allahdan başqa heç bir varlıqda olmadığını anlayır və məhz buna görə də Allahın yeganə olmasına şəhadət verirlər. «Elm sahibi» kəlməsinin bütün alimlərə aid edilməsinə baxmayaraq, rəvayətlərə əsasən məqsəd peyğəmbərlər və imamlardır.

«Qaimən bil-qist» – mələklər şəhadət verirlər ki, ədaləti bərqərar edən Allahdan başqa heç bir məbud yoxdur. O, yeganədir, Ondan başqa heç bir məbud yoxdur, ruzi verən, bəndələri ilə ədalət əsasında rəftar edən və heç bir işdə zülmə yol verməyən də məhz Odur.

AYƏ 19:

﴿إِنَّ الدِّينَ عِندَ اللّهِ الإِسْلاَمُ وَمَا اخْتَلَفَ الَّذِينَ أُوْتُواْ الْكِتَابَ إِلاَّ مِن بَعْدِ مَا جَاءهُمُ الْعِلْمُ بَغْيًا بَيْنَهُمْ وَمَن يَكْفُرْ بِآيَاتِ اللّهِ فَإِنَّ اللّهِ سَرِيعُ الْحِسَابِ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz (peyğəmbərlərin gətirdikləri və şəriət şəklində bəşəriyyətə təqdim etdikləri həqiqi) din Allah yanında həmin İslamdır. (Yəhudi və xaçpərəstlər kimi) (səma) kitab(ı) verilmiş kəslər yalnız, onlara (işin həqiqəti barəsində) elm gəldikdən sonra, (özü də) həsəd və təkəbbür ucbatından (öz dinlərində) ixtilafa düşdülər. Kim Allahın ayələrinə kafir olsa, (bilsin ki,) Allah tez hesab çəkəndir.»

TƏFSİR:

DİNİN MƏĞZİ HAQQIN QARŞISINDA MÜTLƏQ ŞƏKİLDƏ TƏSLİM OLMAQDIR.

Allahın yeganəliyi bəyan olunduqdan sonra ilahi dinin də vahid olması haqda belə buyurulur: «Allah yanında din yalnız İslam dinidir.» Yəni, Allah dərgahında həqiqi din məhz Allahın əmr və fərmanları qarşısında qeyd-şərtsiz təslim olmaqdan ibarətdir. Həqiqətdə dinin ruhu hər bir əsr və zamanda haqqın qarşısında təslim olmaqdan başqa bir şey olmamış və olmayacaqdır da.

Kitab əhli olanlara gəldikdə isə, (məqsəd yəhudilər və məsihilərdir) onlara elm verildikdən sonra ixtilafa düşdülər. Onlar İslamın haqq olduğunu bildikdən sonra bu dindən üz döndərdilər. Həzrət Məsihin (ə) ardıcılları üç Rəbbə (ata, oğul və Ruhul-Qüdsə), yəhudilər isə Üzeyirin Allahın oğlu olduğuna inandıqları üçün hər iki dəstə Həzrət Məhəmmədin (s) nübüvvətində ixtilafa düçar oldular. Halbuki, öz dini kitabları olan Tövrat və İncildə Peyğəmbəri-Əkrəmin (s) bütün xüsusiyyətlərini müfəssəl şəkildə oxumuşdular və bu barədə tam məlumata malik idilər. Onlar Həzrət Məhəmmədin (s) Allah tərəfindən göndərilən ilahi bir peyğəmbər olduğunu dəqiq şəkildə bilirdilər.

«Bəğyən bəynəhum» kəlməsində məqsəd budur ki, onların Peyğəmbəri (s) inkar edib ixtilafa düçar olmaları İslamın haqq olması barəsində şübhəyə düşmələri üzündən deyildi. Çünki onlar bu barədə əsla şəkk etmirdilər. Bu iş onların həsəd və məqampərəstlik kimi rəzil xüsusiyyətlərindən irəli gəlirdi.

«Və mən yəkfur biayatillah...» - (yəni hər kəs Allahın ayələrinə qarşı kafir olsa, onları inkar etsə...). Allahın ayələri dedikdə Quran, Tövrat, İncil və onlarda Peyğəmbərin (s) qeyd olunan xüsusiyyətləri nəzərdə tutulur.

«Fə innəllahə səriul-hisab» - Allah-təala hesabları çox sürətlə aparır və camaatın əməl dəftərində heç nə Onun üçün gizli deyil.

AYƏ 20:

﴿فَإنْ حَآجُّوكَ فَقُلْ أَسْلَمْتُ وَجْهِيَ لِلّهِ وَمَنِ اتَّبَعَنِ وَقُل لِّلَّذِينَ أُوْتُواْ الْكِتَابَ وَالأُمِّيِّينَ أَأَسْلَمْتُمْ فَإِنْ أَسْلَمُواْ فَقَدِ اهْتَدَواْ وَّإِن تَوَلَّوْاْ فَإِنَّمَا عَلَيْكَ الْبَلاَغُ وَاللّهُ بَصِيرٌ بِالْعِبَادِ﴾

TƏRCÜMƏ:

«Odur ki, əgər səninlə mübahisə edərək höcətləşsələr de: «Mən vücudumu Allaha təslim etmişəm və həmçinin, mənə tabe olanlar (da özlərini təslim ediblər)!» Və (səmavi) kitab verilmiş kəslərə və savadsızlara (kitabsız müşriklərə) de: «İslamı qəbul etmisiniz?» Beləliklə, əgər İslamı qəbul etsələr mütləq hidayət olunublar və əgər arxa çevirsələr, onda sənin vəzifən (öz vaxtı olan vuruşma və ya Allaha aid olan cəzalandırma deyil) yalnız (peyğəmbərliyi və ondan doğan vəzifələri) çatdırmaqdır. Allah Öz bəndələrini görəndir.»

TƏFSİR:

Bu ayədə buyurulur: “Ey Peyğəmbər, yəhudilər və məsihilər din barəsində səninlə höcətləşsələr, de: Mən bütün varlığımı yeganə Allah üçün xalis etmişəm, Ona heç bir şərik qoşmuram və Ondan başqa heç bir məbuda pərəstiş etmirəm.” Məqsəd budur ki, Peyğəmbərin (s) dini tövhid və yeganəpərəstlikdir. Bu da bütün mükəlləf şəxslərin əməl və iqrar etməli olduğu prinsipdir.

Sonra buyurulur: “Yəhudilərə, məsihilərə və səmavi kitab nazil olmayan ərəb müşriklərinə de: “Sizin yanınızda olan dəlil və əlamətlərə əsasən İslamı qəbul edirsiniz, yoxsa yenə də küfrdə qalırsınız?”

Əgər İslamı qəbul etsələr, bu onların öz xeyirlərinə tamam olacaq, azğınlıq və zəlalətdən haqq yola hidayət olunaraq əbədi səadətə nail olacaqlar.

Amma arxa çevirsələr və İslamı qəbul etməsələr sənə heç bir ziyan çatdıra bilməzlər. Sən Allah tərəfindən göndərilmişsən. Sənin vəzifən yalnız haqq yolunu təbliğ etmək, onları düz yola çağırmaqdır.

AYƏ 21-22:

﴿ إِنَّ الَّذِينَ يَكْفُرُونَ بِآيَاتِ اللّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ حَقٍّ وَيَقْتُلُونَ الِّذِينَ يَأْمُرُونَ بِالْقِسْطِ مِنَ النَّاسِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍ. أُولَـئِكَ الَّذِينَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالآخِرَةِ وَمَا لَهُم مِّن نَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:

21. «Həqiqətən, Allahın ayələrini inkar edənləri, peyğəmbərləri nahaq yerə öldürənləri və camaat içərisindən ədalətə dəvət edənləri qətlə yetirənləri ağrılı bir əzabla müjdələ.»

22. «Onlar (xeyir) əməlləri dünyada və axirətdə puça çıxmış və heç olmuş kəslərdir (onların xeyir əməllərinin dünyada yaxşı bir izi, axirətdə də savabı yoxdur). Onların (axirətdə şəfaət edəcək) bir kömək edənləri də olmayacaqdır.»

TƏFSİR:

Bunlar kitab əhlidir ki, onların ata-babaları peyğəmbərləri və onların Bəni-İsrail abidlərindən olan ardıcıllarını qətlə yetirirdilər. Allah-təala Quranın nazil olduğu zamandakı yəhudilərə məhz buna görə şiddətli əzab vədəsi verir ki, onlar ata-babalarının çirkin və yaramaz əməllərinə razı olmuşdular. Bundan əlavə, onlar həmişə Peyğəmbəri-Əkrəmi (s) və möminləri qətlə yetirməyə çalışırdılar. Əgər Allahın qeybi yardımları olmasaydı, onlar öz çirkin və məkrli tədbirlərini mütləq həyata keçirəcəkdilər.

«Biğəyri həqq» (nahaq yerə) dedikdə, peyğəmbərləri haqq yerə öldürməyə icazə verilməsi təsəvvür olunmamalıdır. Əksinə, məqsəd budur ki, peyğəmbərlərin qətlə yetirilməsi həmişə nahaq yerə, zülm üzündən olmuşdur.

Onların əməllərinin «dünyada batil və puç olması» dedikdə məqsəd budur ki, onların Tövrata əməl etməsinə baxmayaraq, mal-dövlətləri və canları toxunulmaz qalmadı, tərifə və təqdirə layiq görülmədi. Axirətdə də ona görə əməlləri batil olur ki, sanki heç bir əməlləri yoxmuş kimi savaba layiq deyillər. Bu da əməllərin məhv olmasının həqiqi mənasıdır.

AYƏ 23:

﴿ أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوْتُواْ نَصِيبًا مِّنَ الْكِتَابِ يُدْعَوْنَ إِلَى كِتَابِ اللّهِ لِيَحْكُمَ بَيْنَهُمْ ثُمَّ يَتَوَلَّى فَرِيقٌ مِّنْهُمْ وَهُم مُّعْرِضُونَ ﴾

TƏRCÜMƏ:

«(Səmavi) kitabdan (Tövrat və İncildən) bir pay verilmiş şəxsləri görmədinmi ki, aralarında (Həzrət Muhəmmədin-səlləllahu əleyhi və alihi və səlləm-peyğəmbərliyi, yaxud «daşqalaq» hökmü barəsində) hökm çıxarmaq üçün Allahın kitabına (Qurana və ya Tövrata) dəvət olunurlar, sonra onların bir qismi (haqdan) üz döndərmək olan adətləri üzrə üz çevirirlər?!»

TƏFSİR:

Sünni və şiə təfsirlərində qeyd olunur ki, yəhudi qadınla bir kişi evli ola-ola zina əməlinə mürtəkib olmuşdular. Onlar Tövratın qanunlarına uyğun olaraq daş-qalaq edilməli idilər. Amma əyan-əşrafdan olduqlarından, yəhudilər Tövratın göstərişlərini icra etməməyə çalışırdılar. Onlar İslam Peyğəmbərinin (s) yanına gəldilər ki, hökm çıxarsın. O Həzrət (s) də daşqalaq olunması fərmanını verib buyurdu ki, İslamda da hökm Tövratda olduğu kimidir. Bu zaman onlar Tövratın hökmünü inkar etdilər. Yəhudi alimlərindən olan İbn Suriya Tövratı oxumaq üçün Fədək kəndindən Mədinəyə çağrıldı. O, hadisədən xəbərdar olduqda Tövratın ayələrini oxuyur, əlini bəzi cümlələrin üzərinə qoyurdu ki, daşqalaq hökmünü göstərən ayələr görünməsin. Digər yəhudi alimi olan Əbdüllah İbn Salam orada iştirak edirdi. O, hadisəni müşahidə etdikdə onun əməlini ifşa etdi.

İNCƏ MƏTLƏBLƏR

1. Dindar şəxslərin öz dini kitablarına etinasızlığı bütün müsibətlərin başlanğıcıdır.

2. Allahın hökmləri bütün insanların barəsində bərabər şəkildə icra olunmalıdır.

3. İmanın göstəricisi puç iddialar deyil. İman ilahi fərman və hökm verildikdə məlum olur.

4. Bu ayə müsəlmanlara da xəbərdarlıq edib buyurur ki, yəhudilər kimi hərəkət etməsinlər, Quran qanunlarının icrasında ilahi ayələrin hökmündən heç vaxt boyun qaçırmasınlar.

AYƏ 24:

﴿ ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُواْ يَفْتَرُونَ ﴾

TƏRCÜMƏ:

«Bu onların «(axirətdə Cəhənnəm) od(u) bizə bir neçə gündən artıq əsla dəyməz» demələrinə görədir. (Onların yəhudilərin cəhənnəmdə babalarının buzova sitayiş etdikləri günlərin sayı qədər qalacağı barəsində) uydurduqları iftira onları dinlərində aldatmışdır.»

TƏFSİR:

Quranda yəhudilərin batil xəyallarından və puç şüarlarından dəfələrlə söz açılmışdır. Onlar iddia edib deyirlər ki, üstün bir irqdən olduqlarına görə Allah onları sevir. Qiyamətdə əcdadları buzova pərəstiş etdiyi qırx gündən başqa onlara əzab verilməyəcəkdir. Bu puç xəyal və batil fikirlər onların məğrur olub yollarını azmasına səbəb oldu. Bugünkü qəsbkar İsrail dövləti də özünün başqa millətlərdən üstün olduğuna inanır və bu üstünlüyə çatmaq yolunda heç bir zülmü əsirgəmir.

AYƏ 25:

﴿ فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ ﴾

TƏRCÜMƏ:

«Belə isə, barəsində heç bir şəkk-şübhə olmayan bir gündə onları topladığımız və hər kəsə kəsb etdiyinin əvəzi (və ya əməlin zahiri təcəssümü) tam və kamil şəkildə – onlara zülm olunmadan, mükafatlarından kəsilmədən və cəzaları artırılmadan verilən zaman halları necə olacaq?»

TƏFSİR:

Bu ayə həqiqətdə yəhudilərin puç fikirlərini və xam xəyallarını ifşa edərək onları təhdid edir və buyurur ki, ilahi ədalət məhkəməsi təşkil olunan zaman heç kəsə zülm olunmayacaqdır. Bütün insanlar ilahi ədalət qarşısında bərabərdir. Mükafat və ya cəza da iman, əməl və təqva əsasında veriləcək. Heç bir təəssübkeş qövm və qəbilə bağlılıqlarına yol verilməyəcəkdir. Heç bir əməl məhv olunmayacaq, bütün əməllər sahibinə qaytarılacaqdır.

AYƏ 26:

﴿ قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَن تَشَاء وَتَنزِعُ الْمُلْكَ مِمَّن تَشَاء وَتُعِزُّ مَن تَشَاء وَتُذِلُّ مَن تَشَاء بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ ﴾

TƏRCÜMƏ:

«De: Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyirin (həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»

TƏFSİR:

«Məcməul-bəyan» təfsirində, eləcə də Fəxri Razinin «Təfsiri kəbir»ində oxuyuruq ki, Peyğəmbəri-Əkrəm (s) Məkkəni fəth etdikdən sonra İran və Romanın da fəth olunacağını müsəlmanlara müjdə verdikdə münafiqlər çox təəccüblə bir-birinə baxırdılar. Bu zaman yuxarıdakı ayə nazil oldu.

Bəziləri də bu ayənin «Xəndək» müharibəsində xəndəyin qazıldığı zaman nazil olduğunu demişlər. Belə ki, Peyğəmbər (s) külüngü bərk bir daşa vurduqda ondan qığılcım çıxdı. Həzrət (s) buyurdu: «Mən bu qığılcımlarda Mədain və Yəmən saraylarının fəth olunmasını Cəbraildən eşitdim.» Münafiqlər bu sözü eşitdikdə istehza ilə gülümsədilər. Bu zaman yuxarıdakı ayə nazil oldu.

Qeyd olunmalıdır ki, bu ayədə qeyd olunduğu kimi, izzət və zillətin məhz Allah tərəfindən əta olunması ilahi qanunlar əsasındadır. Çünki Allah-təala heç kəsə bir səbəb olmadan, əbəs yerə izzət, başıucalıq bağışlamaz və ya kimisə səbəbsiz olaraq zillətə düçar etməz. Məsələn, rəvayətdə oxuyuruq ki, hər kəs Allah xatirinə təvazökarlıq etsə, Allah-təala onu izzətli edər, hər kəs təkəbbür göstərsə, Allah onu zəlil edər. Buna əsasən başıucalıq və izzət, eləcə də zillət və xarlıq nəticə etibarı ilə Allah tərəfindən verilir. Lakin onun yaranma şəraitləri bizim əlimizdədir.

Bu ayə ayrı-ayrı şəxslərin ləyaqətləri və insanların marağı nəticəsində yaranan qüdrət və hökumətlərə nəzər yetirir. Amma zorakılıq, təhdid, rüşvət, daxili və xarici ünsürlərin köməyi nəticəsində əldə olunan hakimiyyətə əsla qiymət vermir.

İNCƏ MƏTLƏBLƏR

1. Bütün hökumətlərin həqiqi maliki Allahdır. Allahdan qeyrisinin mülkü isə müvəqqəti və məhduddur.

2. Allah-təala ləyaqəti olan hər kəsə hökumət bağışlayır. Necə ki, Süleymana, Yusifə, Talut və Zülqərneynə əta etmişdir.

3. Dua və ibadət məqamında tövhid zəruri bir məsələdir. Məsum İmamlardan (ə) nəql olunan «Şəbaniyyə» münacatında deyilir: «Pərvərdigara, mənim artmağım da, azalmağım da Sənin əlindədir, Səndən başqasının yox.»

4. Əgər həqiqi malik Odursa, deməli, başqasının malı və mülkiyyəti bir növ əmanət sayılır. Ondan əsil malikinin razılığına uyğun olaraq istifadə edilməlidir.

5. Allahın əlində olan şeylər (mülkün verilməsi və alınması) bütünlüklə xeyirdir. Amma biz özümüzün tələm-tələsik mühakimələrimizdə onun səbəb və fəlsəfəsini bilmirik.

6. İzzət də, zillət də Allahın əlindədir. Deməli, gərək başqasından izzət təvəqqe olunmasın.

7. Əgər insan heç bir bir mülkün həqiqi maliki deyilsə, onda nə üçün ona malik olduqda məğrur, əlindən getdikdə isə məyus olur?!

AYƏ 27:

﴿ تُولِجُ اللَّيْلَ فِي الْنَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الَمَيَّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَن تَشَاء بِغَيْرِ حِسَابٍ ﴾

TƏRCÜMƏ:

«Gecəni gündüzə və gündüzü gecəyə qatırsan (qışın əvvəlindən yayın əvvəlinə kimi gecənin bir hissəsini tədricən gündüzə daxil edir və yayın əvvəlindən qışın əvvəlinə kimi həmin miqdarı gecəyə daxil edirsən) və ölüdən diri və diridən ölü çıxarırsan (cansız təbiətdən bitki, nütfədən heyvan, kafirdən mömin və ya əksinə mömindən kafir çıxarırsan). Və istədiyinə hesabsız (saysız miqdarda, layiq olmasa belə və əvəzsiz olaraq) ruzi verirsən

TƏFSİR:

Bu və bundan əvvəlki ayədə insanlarda tövhid ruhunu çiçəkləndirmək üçün Allahın qüdrətindən on iki dəfə söz açılmışdır. Bu ayədə əvvəlcə müxtəlif fəsillərdə gecə və gündüzün saatlarının azalıb-artmasından söhbət açılır. Əlbəttə, bunun günün tədrici olaraq çıxıb batmasını da göstərməsi mümkündür. Amma əvvəldə qeyd edilən məna daha aşkardır. Sonra isə Allahın ölünü diridən, dirini də ölüdən çıxartması (vücuda gətirməsi) kimi qüdrət nişanələrinə işarə edilmişdir. Buna misal olaraq Allahın canlı hüceyrələrin cansız təbii və kimyəvi maddələrdən yaratmasını, eləcə də dirilərin ruhunu almaqla onları öldürməsini nümunə göstərmək olar. Digər bir baxımdan isə Allah bəzən ölmüş qəlblərə malik olan kafirlərdən qəlbi sağlam olan imanlı övladlar, bəzən isə ürəyi sağlam olan möminlərdən kafir və ölü qəlbli övladlar meydana gətirir.

İNCƏ MƏTLƏBLƏR

1. Yaradılışdan əlavə, kainatda olan hər bir dəyişiklik və tədbir də Allahın hikmətli əli ilə baş verir.

2. Allahın qüdrəti məhdud deyildir; ölüdən diri, diridən də ölü xəlq edir.

3. Bütün insanların ruzisi Allahın hikmətli iradəsi əsasında verilir.

4. Gecə-gündüzün dəyişməsi, fəsillərin bir-birini əvəz etməsi və iqlim şəraitinin dəyişilməsi Allahın bərəkət və mərhəmətlərindən biridir.

5. «Hesabsız ruzi» dedikdə məqsəd onun hesabının Allahın əlindən xaric olması deyil, çoxlu nemətlər verməsi nəzərdə tutulur.

AYƏ 28:

﴿لاَّ يَتَّخِذِ الْمُؤْمِنُونَ الْكَافِرِينَ أَوْلِيَاء مِن دُوْنِ الْمُؤْمِنِينَ وَمَن يَفْعَلْ ذَلِكَ فَلَيْسَ مِنَ اللّهِ فِي شَيْءٍ إِلاَّ أَن تَتَّقُواْ مِنْهُمْ تُقَاةً وَيُحَذِّرُكُمُ اللّهُ نَفْسَهُ وَإِلَى اللّهِ الْمَصِيرُ﴾

TƏRCÜMƏ:

«Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir

TƏFSİR:

Bu ayədə İslam ölkələrinin xarici siyasəti, kafirlərlə rəftar tərzi, eləcə də kafirlər tərəfindən olan vilayət və rəhbərliyin qəbul edilməsinin Allahın vilayətinin əldən verilməsinə gətirib çıxarması qeyd olunur. Zərurət halında baş verən təqiyyənin şərtləri və təqiyyədən sui-istifadə olunmasının qarşısını almaq məsələsi irəli çəkilmişdir.

İNCƏ MƏTLƏBLƏR

1. Möminlər üçün kafirlərin vilayətini qəbul etmək qadağandır. Əgər bütün dünya müsəlmanları yalnız bu ayənin hökmünə əməl etsəydilər, hazırda İslam ölkələrinin vəziyyəti belə rüsvayçı və acınacaqlı olmazdı.

2. Kafirlərin rəhbərliyini qəbul etmək, onların kafirliklərini təsdiq etmək və işlərinə razı olmaq haramdır.

3. Daha yüksək məqsəd və məramlara çatmaq naminə müəyyən hallarda kafirlərlə zahirdə əlaqə bərqərar etmək caizdir.

4. Siyasi əlaqələr kafirlərin müsəlmanların qəlbinə (əqidəsinə) hökmranlıq etməsi ilə nəticələnməməlidir.

5. Təqiyyə yalnız dinin, imanın qorunması üçündür. Heç kəs təqiyyəni bəhanə edərək kafirlərə cəzb olunmamalı və təqiyyənin adından sui-istifadə etməməlidir.

6. Dinin özünün (əslinin) təhlükəyə düşdüyü bəzi hallarda hər bir şeyi Allah yolunda fəda edib yalnız Ondan qorxmaq lazımdır.



Geri   İrəli
Go to TOP