A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Nurul-Quran (Ali-İmran surəsinin təfsiri)
Müəllif: Ayətullah Seyyid Kamal Fəqih İmani
Naşir:
Çap tarixi: 2007
Səhifələrin sayı: 186
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


«Ühüd» müharibəsi sona çatdıqdan sonra İslam düşmənləri bir sıra zəhərli təbliğatlarla, «nəsihət» və «ürəyiyananlıq» adı ilə müsəlmanların arasına təfriqə və ikitirəlik toxumu səpir və onları qorxudurdular. Yuxarıdakı ayə nazil olaraq onları bu işdən çəkindirdi və buyurdu: Ey iman gətirənlər, əgər kafirlərə tabe olsanız, sizi əvvəlki vəziyyətinizə – İslam təbliğatı sayəsində iftixarlı maddi-mənəvi təkamül yolunu keçdikdən sonra ilkin fəsada, küfr nöqtəsinə qaytarılarsınız. Belə olan halda ən böyük ziyan və xəsarətə düçar olarsınız.

Bundan da böyük xəsarət ola bilərmi ki, insan İslamı küfrlə, səadəti bədbəxtliklə, həqiqəti batillə dəyişsin?!

AYƏ 150:

﴿ بَلِ اللّهُ مَوْلاَكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ ﴾

TƏRCÜMƏ:

«(Onlar sizə kömək edən və həmçinin itaətə layiq deyildirlər,) əksinə sizin yardımçınız Allahdır və O, kömək edənlərin ən yaxşısıdır

TƏFSİR:

Bu ayədə təkidlə buyurulur ki, Allah sizin rəhbər və himayədarınızdır. O ən yaxşı köməkçidir. Elə bir köməkçidir ki, heç vaxt məğlub edilməz, heç bir qüdrət Onun qüdrəti müqabilində dayana bilməz. Halbuki, digər köməkçilərin məğlub olmaları, yaxud məhv olmaları mümkündür.

AYƏ 151:

﴿ سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُواْ الرُّعْبَ بِمَا أَشْرَكُواْ بِاللّهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ ﴾

TƏRCÜMƏ:

«Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşmalarının cəzası olaraq qorxu və vahimə salacağıq. Onların qalacaqları yer oddur. Zalımların qalacaqları yer nə qədər də pis bir yerdir.»

TƏFSİR:

Bu ayədə müsəlmanların «Ühüd» müharibəsindən sonra möcüzəli şəkildə xilas olmalarına işarə edilərək buyurulur: Biz tezliklə kafirlərin qəlblərinə qorxu və vəhşət salarıq. «Ühüd» müharibəsinin axırlarında onların qəlblərinə qorxu saldıq, onun bariz nümunəsini də öz gözlərinizlə gördünüz.

Sonrakı cümlədə isə onların qəlblərinə qorxu və vəhşət salınmasının səbəbi bəyan olunur: Buna görə qorxu saldıq ki, onlar heç bir dəlil olmadan Allaha şərik qoşurdular.

Ayənin sonunda belə insanların taleyinə işarə edilir və buyurulur: Bu şəxslər həm özlərinə, həm də cəmiyyətlərinə zülm etmişlər, buna əsasən onların cəhənnəmdən başqa yerləri olmaz və ora necə də pis yerdir!

AYƏ 152:

﴿وَلَقَدْ صَدَقَكُمُ اللّهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُم بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الأَمْرِ وَعَصَيْتُم مِّن بَعْدِ مَا أَرَاكُم مَّا تُحِبُّونَ مِنكُم مَّن يُرِيدُ الدُّنْيَا وَمِنكُم مَّن يُرِيدُ الآخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنكُمْ وَاللّهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ﴾

TƏRCÜMƏ:

«Şübhəsiz, Allah (Ühüd müharibəsində) Onun əmri ilə onları (müşrikləri) əzib-tökdüyünüz zaman Öz vədini sizin üçün gerçəkləşdirdi, o vaxta kimi ki, süstləşdiniz, (sizə əmr olunmuş) işdə (yəni düşmənin qəflətən hücum edə biləcəyi mövqeyin qorunmasında) ixtilafa düşdünüz və sevdiyiniz şey (düşmən üzərində qələbə) sizə göstərildikdən sonra itaətsizlik etdiniz. Sizlərdən bəzisi dünyanı (döyüş qənimətlərini), bəziləriniz isə axirəti istəyirdi. Sonra sizi sınamaq üçün onlardan (onlara qalib gəlməkdən) yayındırdı. Əlbəttə sizi əfv etdi və Allah möminlərə qarşı (böyük) mərhəmət sahibidir.»

TƏFSİR:

QƏLƏBƏDƏN SONRA MƏĞLUBİYYƏT

«Ühüd» müharibəsi ilə əlaqədar hadisələrdə qeyd etdik ki, müsəlmanlar müharibənin əvvəllərində xüsusi ittihad, rəşadət və şücaətlə vuruşurdular. Nəticədə qısa vaxt ərzində qələbə çaldılar. Lakin öz səngərlərini boşaldan oxatanların bir qrupunun itaətsizlik edib müharibə qənimətlərini yığmağa məşğul olmaları ucbatından bu döyüşün müvazinəti tamamilə əksinə dəyişdi: İslam qoşunu ağır məğlubiyyətlə üzləşdi. Müsəlmanlar ağır tələfat verdikdən və xəsarətə düçar olduqdan sonra Mədinəyə qayıdanda yolda bir-birlərinə deyirdilər ki, «məgər Allah bizə qələbə və fəth vədəsi verməyibmi?! Onda nə üçün məğlub olduq?!»

Bu ayədə Quran onlara cavab verir və məğlubiyyətin səbəblərini izah edərək buyurur: Allahın sizə qələbə barəsindəki verdiyi vədə tamamilə düzgün idi. Buna görə də müharibənin əvvəlində qələbə çaldınız və Allahın fərmanı ilə düşmənləri qətlə yetirdiniz. Bu vədə də Peyğəmbərin (s) əmrlərinə itaət etdiyiniz, müqavimət ruhiyyəsini əldən vermədiyiniz vaxta qədər davam etdi. Məğlubiyyət o zamandan başladı ki, sizdə süstlük və itaətsizlik ruhiyyəsi yarandı.

Yəni əgər qələbə vədəsinin heç bir qeydi-şərti olmadığını güman edirsinizsə böyük səhvə düçar olmuşsunuz və yanılırsınız. Bütün qələbə vədələri Allahın fərmanına itaət etməklə şərtlənir.

Sonra buyurulur: Siz öz istədiyiniz və nəzərə çarpacaq dərəcədə böyük qələbəni müşahidə etdikdən sonra itaətsizlik yolunu tutdunuz və səngərləri boşaltmaqla bir-birinizlə çəkişməyə başladınız.

Sonra buyurulur: Bu zaman sizdən bir dəstə dünyanı istəyir və müharibə qənimətlərini toplayırdı, halbuki, başqa bir dəstə öz yollarında sabitqədəm dayanıb axirəti və ilahi mükafatları istəyirdi.

Bu zaman müharibənin vəziyyəti tam əksinə dəyişdi, dönüş nöqtəsi yarandı və Allah sizin qələbənizi məğlubiyyətə döndərdi ki, imtahana çəkib tənbeh etsin və sizi tərbiyələndirsin. Sonra Allah cəzalandırılmağa layiq olduğunuz halda sizin etdiyiniz bu qədər itaətsizlik və günahları bağışladı, çünki Allah heç bir neməti möminlərə əsirgəməz.

AYƏ 153:

﴿إِذْ تُصْعِدُونَ وَلاَ تَلْوُونَ عَلَى أحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غُمَّاً بِغَمٍّ لِّكَيْلاَ تَحْزَنُواْ عَلَى مَا فَاتَكُمْ وَلاَ مَا أَصَابَكُمْ وَاللّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ﴾

TƏRCÜMƏ:

«O zaman uzaqlara qaçırdınız, heç kəsə baxmırdınız və Allahın Peyğəmbəri qoşununuzun arxasında sizi çağırırdı. Beləliklə (Allah) sizi qəminizin üstünə qəm qoymaqla (əmrdən boyun qaçırmaq və müharibədə məğlubiyyət qəmi ilə) cəzalandırdı ki, (imanınız möhkəmlənsin və) heç vaxt əlinizdən çıxana və düçar olduğunuz şeyə (müsibət və zərər-ziyanlara görə) kədərlənməyəsiniz. Allah etdiklərinizdən xəbərdardır

TƏFSİR:

Bu ayədə «Ühüd» müharibəsinin son hadisələri müsəlmanlara xatırladılır və buyurulur: Yada salın o zamanı ki, pərakəndə vəziyyətə düşərək müharibə meydanından qaçırdınız. Heç kəs öz arxasına baxmır və öz müsəlman qardaşlarının nə halda olduğuna əhəmiyyət vermirdi. Halbuki, Peyğəmbər (s) sizi arxadan səsləyirdi.

O, fəryad edib deyirdi ki, «ey Allahın bəndələri, mənə doğru qayıdın, mənə doğru qayıdın, mən Allahın Rəsuluyam!»

Lakin sizlərdən heç biri onun sözlərinə əhəmiyyət vermirdi, bu zaman hər tərəfdən qəm-qüssə sizə nazil oldu, qəm-qüssə seli sizə tərəf axmağa başladı. Səbəbi də bu idi ki, müharibə qənimətlərini əldən verdiyinizə görə qəmgin, müharibə meydanlarında qələbə naminə aldığınız yaralardan nigaran olmayasınız. Allah sizin işlərinizdən agahdır.

AYƏ 154:

﴿ثُمَّ أَنزَلَ عَلَيْكُم مِّن بَعْدِ الْغَمِّ أَمَنَةً نُّعَاسًا يَغْشَى طَآئِفَةً مِّنكُمْ وَطَآئِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنفُسُهُمْ يَظُنُّونَ بِاللّهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَل لَّنَا مِنَ الأَمْرِ مِن شَيْءٍ قُلْ إِنَّ الأَمْرَ كُلَّهُ لِلَّهِ يُخْفُونَ فِي أَنفُسِهِم مَّا لاَ يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الأَمْرِ شَيْءٌ مَّا قُتِلْنَا هَاهُنَا قُل لَّوْ كُنتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللّهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحَّصَ مَا فِي قُلُوبِكُمْ وَاللّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ﴾

TƏRCÜMƏ:

«Sonra, bu qəm-qüssənin ardınca, sizə xəfif bir yuxu şəklində rahatlıq nazil etdi. O, sizdən bir dəstəni bürüdü. Başqa bir dəstə isə yalnız öz canının hayında idi, Allah barəsində nahaq gümana-cahiliyyət dövrünə xas zənnə qapılırdılar. (Üzdə sənə) «görəsən, bu işdən (qələbədən) bizə də bir şey düşür?» deyirdilər. De: «Şübhəsiz, işlərin hamısı Allaha aiddir.» Onlar qəlblərində sənə aşkar etmədikləri bir şeyi gizlədirlər. (Ürəklərində və ya öz aralarında) deyirlər: «Əgər (verilən vədələr doğru olsaydı və) bu işdən (qələbədən) bizə də bir şey düşsəydi, biz burada öldürülməzdik!» De: «Əgər siz hətta öz evlərinizdə belə olsaydınız, şübhəsiz, (Lövhi-məhfuzda) barələrində öldürülmək yazılmış, qərara alınmış kəslər (döyüş meydanındakı) yataqlarına tərəf hərəkət edərdilər (ki, Allahın qəza-qədəri gerçəkləşsin) və Allah sizin sinələrinizdə olanı (niyyətlərinizi) yoxlasın və qəlblərinizdə olanı (imanınızı) xalisləşdirsin. Allah ürəklərdə olanı (sizin niyyətlərinizi) biləndir

TƏFSİR:

«Ühüd» müharibəsindən sonrakı gecə çox kədərli və iztirablı bir gecə idi. Müsəlmanlar qələbə çalmış Qüreyş əsgərlərinin yenidən Mədinəyə qayıdacaqlarına ehtimal verirdilər. Bu zaman həqiqi və tövbə edən mücahidlər, yəni «Ühüd»dən qaçdıqlarına görə peşman olanlar Allahın lütf və mərhəmətinə arxayın olmuş və Peyğəmbərin verdiyi vədələrlə ürəklərini isitmişdilər. Bu ayə həmin gecə baş verən hadisələri şərh edərək buyurur: Bu qəm-qüssələrdən sonra Allah sizin qəlblərinizə xatircəmlik nazil etdi. Bu xatircəmlik yüngül bir yuxudan ibarət idi ki, sizlərdən bir dəstəni əhatə etdi. Amma yalnız öz canlarının hayında olan başqa bir dəstə xilas olmaqdan başqa bir şey fikirləşmirdi. Buna görə də aramlıq və asudəliklərini tamamilə əldən vermişdilər.

Sonra münafiqlərin, eləcə də həmin gecədə oyaq qalan süst imanlı şəxslərin fikirlərinə, onların aralarında baş verən söz-söhbətlərə işarə edərək buyurulur: Onlar Allah barəsində İslamdan əvvəlki cahiliyyət dövrünə məxsus olan nadürüst, yersiz gümanlar edir və qəlblərində Peyğəmbərin (s) verdiyi vədlərin yalan olmasına ehtimal verirdilər.

Onlar bir-birinə və öz aralarında şəkk ilə deyirdilər: “Necə mümkün ola bilər ki, gördüyümüz bu qədər narahatedici və ürək yandıran vəziyyətlə bizə qələbə nəsib olsun?!”

Onlar bu işin baş verməsini çox çətin və qeyri-mümkün hesab edirdilər. Quran onların cavabında buyurur: De: «Qələbə Allahın əlindədir, əgər istəsə və sizin də ləyaqətli olduğunuzu görsə, qələbəni sizə nəsib edəcəkdir. Onlar öz qəlblərində sənə aşkar etmədikləri şeyləri gizlədir və sanki belə təsəvvür edirdilər ki, «Ühüd»dəki məğlubiyyət İslam dininin düzgün olmaması əlamətidir.» Buna görə də deyirdilər ki, əgər biz haqq yolda olsaydıq və qələbə bizə nəsib olsaydı, burada heç kəs öldürülməzdi.

Quran onların cavabında iki mətləbə işarə edərək buyurur: De: “Əgər öz evlərinizdə də olsaydınız şübhəsiz, öldürülmək əmri müqəddər olunan şəxslər evlərindən çıxıb gələr və qətlə yetirilərdilər.”

Digəri isə bundan ibarətdir ki, bu hadisələrin baş verməsi labüd idi ki, Allah qəlblərinizdə olanları sınağa çəksin və həqiqi möminlər münafiqlərdən ayrılsın; bundan əlavə, insanlar tədriclə kamala doğru inkişaf etsin, onların niyyətləri xalis, imanları möhkəm və qəlbləri də pak olsun.

Ayənin axırında buyurulur: Allah sizin qəlblərinizdə olanları bilir.

Buna görə də camaatın təkcə əməllərinə deyil, həm də onların qəlblərinə nəzər yetirir, onları sınağa çəkir, hər növ aludəlikdən, şirk, nifaq və şəkk-şübhədən paklayır.

AYƏ 155:

﴿ إِنَّ الَّذِينَ تَوَلَّوْاْ مِنكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُواْ وَلَقَدْ عَفَا اللّهُ عَنْهُمْ إِنَّ اللّهَ غَفُورٌ حَلِيمٌ ﴾

TƏRCÜMƏ:

«Əlbəttə, doğrudan da iki dəstənin qarşılaşdığı gün (Ühüd döyüşündə) sizlərdən düşmənə arxa çevirən kəsləri qazandıqları bəzi günahlara görə Şeytan büdrətdi və əlbəttə, Allah onları əfv etdi. Çünki Allah çox-çox bağışlayan və həlimdir

TƏFSİR:

Bu ayə müsəlmanların «Ühüd» müharibəsində meydandan qaçması ilə əlaqədar nazil olmuşdur. Təfsirlərdə qeyd olunduğu kimi «Ühüd» müharibəsində beş nəfəri mühacirdən, səkkiz nəfəri isə ənsardan olmaqla on üç nəfərdən başqa hamı qaçmağa üz qoymuşdu. Bu on üç nəfərin – Əli (ə) istisna olmaqla – hamısının adı və kim olmasında ixtilaf vardır.

«Ühüd» müharibəsində müsəlmanlar dörd qrupa bölünmüşdü: 1. Şəhidlər. 2. Səbr edənlər. 3. Sonradan əfv edilən fərarilər. 4. Münafiqlər.

İNCƏ MƏTLƏBLƏR

1. Günahlar şeytan vəsvəsəsi üçün meydan açır.

2. Müharibədən qaçmağın əsas amillərindən biri də günahdır. Günah təqvanı aradan aparır, insanın ruhiyyəsini zəiflədir və şeytanın ona nüfuz etməsi üçün şərait hazırlayır.

3. İnsanların əməlləri onların ruhiyyələrinə də təsir qoyur.

4. Döyüşçülər müharibəyə başlamazdan əvvəl tövbə və istiğfar etməli, ruhlarını paklamalıdırlar.

AYƏ 156:

﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تَكُونُواْ كَالَّذِينَ كَفَرُواْ وَقَالُواْ لإِخْوَانِهِمْ إِذَا ضَرَبُواْ فِي الأَرْضِ أَوْ كَانُواْ غُزًّى لَّوْ كَانُواْ عِندَنَا مَا مَاتُواْ وَمَا قُتِلُواْ لِيَجْعَلَ اللّهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللّهُ يُحْيِـي وَيُمِيتُ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ﴾

TƏRCÜMƏ:

«Ey iman gətirənlər, kafir olan və səfərə çıxmış (və səfərdə ölmüş) və ya döyüşçü (olub şəhid) olmuş qardaşları barəsində «əgər bizim yanımızda qalsaydılar, ölməzdilər və öldürülməzdilər!» deyən kəslər kimi olmayın. (Qoyun) Allah bunu (bu əqidəni və sözü) onların qəlblərində bir həsrət etsin. Dirildən də öldürən də Allahdır. Allah etdiklərinizi görəndir

TƏFSİR:

İnsanı hədəfdən yayındıran, onu zəiflədib süstləşdirən, ruhunu sarsıdan təbliğat və təlqinlərin qarşısında dayanmaq və şayiələri təkrar etməmək lazımdır. Diqqət yetirmək lazımdır ki, həm ölüm, həm də həyat Allahın müqəddər etdiyi işlərdəndir. Bu iş əsla müharibə, səfər və s. kimi işlərlə əlaqədar deyil. Düşmən ürəyiyananlıq göstərmək, həsrət çəkmək və təəssüflənməklə sizin aranızda zəhərli təbliğat aparır. Siz də bilin ki, Allah hər şeydən agahdır; buna görə də öz əməl, rəftar və halınızın qeydinə qalın.

AYƏ 157:

﴿ وَلَئِن قُتِلْتُمْ فِي سَبِيلِ اللّهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِّنَ اللّهِ وَرَحْمَةٌ خَيْرٌ مِّمَّا يَجْمَعُونَ ﴾

TƏRCÜMƏ:

«Əgər Allah yolunda öldürülsəniz, yaxud ölsəniz, şübhəsiz ki, Allah tərəfindən olan bağışlanmaq və rəhmət onların yığdıqlarından (dünya sərvətindən) daha yaxşı

TƏFSİR:

İlahi dünyagörüşdə və dini nəzəriyyələrdə Allah yolunda öldürülmək və şəhadətə çatmaq bütün dünya və onda olan şeylərdən daha yaxşıdır. İlahi rəhmət və məğfirətin nəticəsi əbədidir, lakin mal-dövlət və sərvətin təsirləri müvəqqətidir. Əsas məsələ insanın Allah yolunda ölməsidir – istər şəhid olmaqla, istərsə də öz əcəli ilə.

AYƏ 158:

﴿ وَلَئِن مُّتُّمْ أَوْ قُتِلْتُمْ لإِلَى الله تُحْشَرُونَ ﴾

TƏRCÜMƏ:

«Ölsəniz də öldürülsəniz də şübhəsiz, Allaha tərəf toplanılacaqsınız

TƏFSİR:

İnsanların qarşısında birdən artıq yol yoxdur; o da Allah dərgahına qayıtmaqdır. Onda nə üçün bu səmtə doğru hərəkətdə ən yaxşı vasitədən istifadə etməyək və Allahın razılığına nail olmayaq?!

Əgər ölüm və şəhadət Allah dərgahına qaydışdırsa, onda nə üçün nigaran olmalıyıq? İmam Hüseyn (ə) buyurur: «Əgər bədənlər ölüm üçün yaradılıbsa, onda insanın Allah yolunda qılıncla öldürülməsi daha yaxşıdır.»[23]

AYƏ 159:

﴿فَبِمَا رَحْمَةٍ مِّنَ اللّهِ لِنتَ لَهُمْ وَلَوْ كُنتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لاَنفَضُّواْ مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللّهِ إِنَّ اللّهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ﴾

TƏRCÜMƏ:

«Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar. Belə isə, onları əfv et, onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş və qəti qərara gəldikdən sonra Allaha təvəkkül et ki, şübhəsiz, Allah təvəkkül edənləri sevir

TƏFSİR:

Bu ayənin məzmununun ümumi göstərişlərdən ibarət olmasına baxmayaraq «Ühüd» müharibəsi ilə əlaqədar nazil olmuşdur. Çünki «Ühüd» müharibəsində fərarilik edən və nəticədə məğlubiyyətə uğrayan müsəlmanlar həsrət və peşmançılıq odunda yanırdılar. Onlar Peyğəmbərin (s) ətrafına yığışmışdılar və üzürxahlıq edirdilər. Allah bu ayədə Peyğəmbərə (s), onları ümumi şəkildə bağışlamaq göstərişini verir.

İNCƏ MƏTLƏBLƏR

1. Yumşaq davranış, mülayim rəftar ilahi bir hədiyyədir.

2. Daşürəkli, həddindən artıq ciddiyyətli və tələbkar olan insanlar cəmiyyəti idarə edə bilməzlər.

3. Düzgün rəhbərlik və idarəçilik cəzb və atifələrlə yanaşı olmalıdır.

4. Müharibədə məğlubiyyətə düçar olan və xəcalət çəkən günahkarlar cəzb olunmalıdır.

5. Məşvərətdə istedadların çiçəklənməsi, dostla düşmənin bir-birindən ayrılıb seçilməsi, ən yaxşı rəyin əldə edilməsi, qarşılıqlı məhəbbət yaradılması, başqalarına əməli bir dərs və s. kimi məsələlər gizlənmişdir.[24]

6. Sənə zülm edənləri əfv et, onlar üçün Allah qarşısında düçar olduqları günahdan bağışlanmaq istə, ictimai-siyasi hadisələrdə məşvərət etməklə onları səhnədə saxla.

7. Fikir və məşvərətdə Allaha təvəkkül məsələsi unudulmamalıdır.

8. Məşvərət və təvəkkül Allahın sevdiyi işlərdəndir, istər nəticə əldə olunsun, istərsə də olunmasın.

9. İdarəçilikdə bəzən mülayim (bu ayədə qeyd olunduğu kimi), bəzən isə çox ciddi olmaq lazım gəlir (“vəğlüz əleyhim” (onlarla qəzəblə davran) ayəsi kimi).

AYƏ 160:

﴿ إِن يَنصُرْكُمُ اللّهُ فَلاَ غَالِبَ لَكُمْ وَإِن يَخْذُلْكُمْ فَمَن ذَا الَّذِي يَنصُرُكُم مِّن بَعْدِهِ وَعَلَى اللّهِ فَلْيَتَوَكِّلِ الْمُؤْمِنُونَ﴾

TƏRCÜMƏ:

«Əgər Allah sizə kömək etsə, sizə heç kəs qalib gələ bilməz və əgər sizi köməksiz qoysa, onda sizə Ondan sonra kim kömək edər?! Möminlər gərək yalnız Allaha təvəkkül etsinlər

TƏFSİR:

Əvvəlki ayədə təvəkkül tövsiyə olunurdu, bu ayədə isə Allaha təvəkkül etməyin səbəbləri aydınlaşdırılır. Çünki, izzət və zillət yalnız Allahın əli ilə baş verir. Hədisdə qeyd olunur ki, Rəsuli-Əkrəm (s) Cəbraildən soruşdu: «Allaha təvəkkül etmək nə deməkdir?» Cəbrail dedi: «Biləsən ki, məxluqlar özlərinin ziyan və xeyri ilə sənə heç bir bəxşiş və mənfəət çatdırmırlar. Allahdan qeyrisindən tamamilə məyus olasan. Əgər insan imanın bu dərəcəsinə çatarsa, Allahdan başqası üçün əməl etməz, Allahdan başqa heç nədən qorxmaz, Allahdan başqa heç nəyə ümidvar olmaz. Bu, təvəkkülün həqiqətidir.»[25]

İNCƏ MƏTLƏBLƏR

1. Düşmənə qələbə çalmaq, yaxud onları məğlub etmək Allahın iradəsi ilədir.

2. Təbii qələbə və fəthlər digər amillərin təsiri altına düşə bilir, amma ilahi yardımlar heç bir şeyin təsiri altına düşmür.

AYƏ 161:

﴿ وَمَا كَانَ لِنَبِيٍّ أَن يَغُلَّ وَمَن يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ ﴾

TƏRCÜMƏ:

«(Həm səmavi şəriətlər və həm də sağlam ağıl baxımından) heç bir peyğəmbərə (qənimətlə əldə edilmiş mallarda və sairədə öz ümmətinə) xəyanət etmək yaraşmaz. Xəyanət edən hər bir kəs Qiyamət günü xəyanət etdiyi şeylə birlikdə gələcəkdir. Sonra hər bir şəxsə əldə etdiyi şeyin müqabilində tam və kamil əvəz veriləcəkdir. Onlara zülm edilməyəcək, haqlarından kəsilməyəcəkdir

TƏFSİR:

Bəlkə də bu ayə qənimət əldə etmək məqsədi ilə «Ühüd»dəki keşikçi postlarını qoyub gedənlərə xitab edilir; onlar qənimətdən məhrum olacaqlarını güman edərək rəhbərlərinin «sizin payınız qorunur və Rəsuli-Əkrəmin (s) tərəfindən veriləcəkdir» – deyə verdiyi xəbərdarlıqları görməməzliyə vurmuşdular.

İNCƏ MƏTLƏBLƏR

1. Peyğəmbərlər əmanətdar şəxslərdir. Hər kəs əmanətdar insan tərbiyə etmək istəsə, onun özü xəyanətçi olmamalıdır (çox təəssüflə, Allah tərəfindən təyin olunmayan rəhbərlər arasında xəyanət edənlər çox da az deyildir).

2. Peyğəmbərin (s) səhabələrinin heç də hamısının kifayət qədər imanı yox idi. Hətta onların bəziləri Rəsuli-Əkrəmin (s) xəyanət etməsinə ehtimal verirdilər!!!

3. Heç kəs camaatın sui-zənnindən amanda deyildir.

4. Bu gün (bu dünyada) camaatın malının aparılması və onun başqa bir gündə (Qiyamət günündə) yenidən gətirilməsi çox ağır cəza növüdür; çünki belə bir şəxs Qiyamətdə peyğəmbərlərin, şəhidlərin və ümumiyyətlə bütün insanların hüzurunda xəyanət etdiyi malla birlikdə gətiriləcəkdir. Ğəşş (satışda mala başqa şey qatmaq), saxtakarlıq, xəyanət və s. bunların hamısı ayədə qeyd olunan «ğəllin» (xəyanətin) nümunələrindəndir.

5. Qiyamətin yad edilib xatırladılması xəyanətin qarşısını alan amillərdəndir.

6. Allah ədalətlidir; həm mükafatı kamil şəkildə verir, həm də bu barədə zərrə qədər belə ifrata varmır.

7. Pak insanları və ilahi övliyaları həmişə müdafiə etmək lazımdır.

8. Bir tərəfdən imanın zəifliyi, digər tərəfdən də dünya malına məhəbbət insanı Peyğəmbərə (s) qarşı sui-zənn etməyə vadar edir.

9. Qiyamət elə bir səhnədir ki, yaxşı əməl sahibləri öz yaxşı işləri ilə, xəyanətkarlar da öz xəyanət etdikləri şeylərlə birlikdə məhşərə gətiriləcəklər.

AYƏ 162:

﴿ أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللّهِ كَمَن بَاء بِسَخْطٍ مِّنَ اللّهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ ﴾

TƏRCÜMƏ:

«Belə isə, heç Allahın razılığına tabe olan şəxs, (haqqa) Allahın qəzəbi ilə qayıtmış və yeri Cəhənnəm olan şəxs kimidir?! Ora çox pis bir dönüş yeridir.»

TƏFSİR:

Bu ayənin təfsirində şiə və sünnilərin təfsir kitablarında qeyd olunur ki, Rəsuli-Əkrəm (s) «Ühüd» müharibəsinə doğru hərəkət etmək haqqında əmr verəndə müxaliflər müharibənin baş verəcəyinə əmin olmadıqlarını bəhanə edərək Mədinədə qaldılar. İmanları zəif olan bəzi müsəlmanlar da onlara qoşulub cəbhədə iştirak etmədilər. Bu ayə onların batinini təcəssüm etdirir. Əvvəldəki bir neçə ayədə (155-ci ayədə) oxuduq ki, Allah-təala cəbhədən qaçan, daha sonra peşman olan insanları bağışlayır. Amma ayənin nazilolma səbəbinə diqqət yetirdikdə məlum olur ki, Allah-təala yersiz bəhanələr gətirən münafiqləri heç vaxt bağışlamır.

İNCƏ MƏTLƏBLƏR

1. İslam cəmiyyətində cihadda iştirak edən mücahidlərlə cihaddan boyun qaçıranlar arasında fərq qoyulmalıdır. (Bu, ayənin nazilolma səbəbinə diqqət yetirməklə məlum olur.)

2. Həqiqi mücahidlərin əsas məqsədi Allahın razılığını qazanmaqdır.

3. Cihad meydanından qaçmaq Allahın qəzəbinə səbəb olan işlərdəndir.

AYƏ 163:

﴿ هُمْ دَرَجَاتٌ عِندَ اللّهِ واللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ ﴾

TƏRCÜMƏ:

«Onlar (möminlər və kafirlər) Allah yanında təbəqələrdir (bu iki dəstənin hər biri digərinə nisbətdə, həmçinin hər bir dəstə də öz fərdlərinə nisbətdə dərəcələrə bölünmüşdür) və Allah onların etdiklərini görəndir

TƏFSİR:

Bəzi ayələrdə qeyd olunur ki, Allah yanında bəzi insanlar üçün müəyyən dərəcələr vardır: «Onlar üçün Rəbləri yanında dərəcələr vardır.» «Ənf