A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əli əleyihissalam kimdir?
Müəllif: Fəzlullah Kompani
Naşir: Şəhriyar
Çap tarixi: 2007
Səhifələrin sayı: 208
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Şeyx Müfid Əkrimədən, o da öz növbəsində Əlidən (ə) belə nəql edir ki, həzrət buyurmuşdur: «Ühüd savaşında həzrət Peyğəmbərin (s) ətrafındakı adamlar qaçdılar. Özümdə həmin vaxtadək hiss etmədiyim bir hal gördüm. Onun qarşısında dayanıb qılınc çalırdım. Bir dəfə geri çevriləndə onu görmədim. Öz-özümə dedim ki, Peyğəmbər (s) qaçmaz. Onu öldürülənlər arasında da tapmadım. Mənə elə gəldi ki, o bizim aramızdan səmaya qalxıb. Qılıncımın qının sındırıb özümə dedim ki, Peyğəmbərin müdafiəsi üçün bu qılıncla öldürülənədək vuruşacam. Düşmənə hücum etdim, onlar mənim qılıncımın qarşısından qaçdılar. Qarşımda açılan yolda həzrət Peyğəmbərin huşsuz halda yerə yıxıldığını gördüm. Başının üstündə dayandım. Mübarək gözlərini açdı, mənə tərəf baxıb buyurdu: «Ey Əli, camaat nə etdi?» Ərz etdim ki, ya rəsuləllah, onlar kafir oldular və düşmənə arxa çevirib səni tənha buraxdılar. Həzrət Peyğəmbər baxıb, düşmən qoşunundan bir dəstəsinin ona doğru gəldiyini gördü. Mənə buyurdu: «Ya Əli (ə), onları məndən uzaqlaşdır». Mən həmin dəstəyə hücum edib sağa-sola qılınc çaldım. Onlar qaçmağa üz tutdular. Həzrət buyurdu: «Ya Əli (ə), səmadan öz tə’rifini eşidirsənmi? Rizvan adlı mələk nida edir: «La səyfə illa Zulfuqar və la fəta illa Əli». Sevincimdən gözlərim yaşardı və bu ne’mətə görə Allaha şükr etdim.[29]

Əlinin (ə) və bir neçə nəfər başqasının sabitqədəmliyi və dözümü səbəbindən müşriklər gözlərini Mədinədən çəkib Məkkəyə döndülər. Həzrət Əli (ə) özü ağır yaralanmışdı. Bununla belə Peyğəmbəri gözdən qoymurdu. Həzrətin əlini və üzünü yumaq üçün sipərində su hazırladı. Peyğəmbər (s) əl-üzünü yuduqdan sonra buyurdu: «Öz Peyğəmbərinin üzünü qana bulaşdıran qövm Allahın qəzəbinə gəlsin».[30]

Nəhayət, müharibə qovğası yatdı. Müsəlmanlardan yetmiş nəfər həlak oldu, qalanları qaçdı. Bu döyüşdə öz misilsiz fədakarlıqlarına görə yalnız həzrət Əli (ə) qəhrəman sayıla bilərdi. Həzrətin bədənindəki sarsıdıcı zərbələrin hər biri bir qəhrəmanın qəddini sındıra bilərdi. Həzrətin bədənindəki çoxsaylı yaralar hamını heyrətə salmışdı. Qılıncların doğradığı iyirmi altı yaşlı bu gənc hələ də sağ idi. Əlbəttə ki, həzrəti diri saxlayan onun böyük ruhu və xalis imanı idi. Həzrət bu döyüşün bütün çətinliklərinə razılıqla səbr edirdi.

Həzrət Peyğəmbər (s) Mədinəyə qayıtdı. Həzrət Zəhra əlində bir qab su atasını qarşıladı. Həzrət Əli (ə) isə qolları dirsəyədək qana batmış halda gəlib çatdı. Zülfüqarı Fatiməyə verdi və buyurdu: «Bu gün məni təsdiq etmiş bu qılıncı al».

Götür bu qılıncı saxla Fatimə

Onun günahı yox, mənimsə qorxum.

Çalışdım Peyğəmbər, Allah yolunda,

Əbdud-Dar qanıdır qılıncda baxın.

Həzrət Peyğəmbər (s) Fatiməyə buyurdu: «Ey Fatimə, götür qılıncı, ərin öz borcunu əda etdi. Allah-təala onun qılıncı vasitəsi ilə Qüreyş böyüklərini məğlubiyyətə uğratdı».[31] Bu döyüşdə müsəlmanların məğlubiyyətinin səbəbi kiçik bir intizamsızlıq, həzrət Peyğəmbərin (s) göstərişinə diqqətsizlik oldu. Amma böyük və acı bir təcrübə əldə olunmuşdu. Gələcək üçün bu təcrübə böyük bir ibrət idi. Qur’anda da bu məsələyə işarə olunur: «Siz onları Allahın izni ilə qırdığınız zaman Allah sizə verdiyi və’dinə sadiq çıxdı. Lakin o sevdiyiniz şeyi sizə göstərdiyi vaxt zəiflik büruzə verdiniz və əmr haqqında bir-birinizlə mübahisə edərək Peyğəmbərə qarşı çıxdınız. İçərinizdən bə’ziləri dünyanı, bə’ziləri isə axirəti istəyirdi. Sonra Allah sizi sınamaq üçün geri döndərdi. Əlbəttə, o sizi əfv etdi. Çünki Allah mö’minlərə qarşı mərhəmətlidir».[32]

Ühüd döyüşü başa çatdıqdan sonra Mədinə əhlinin bəni-Nəzir və bəni-Qurəyzə kimi bə’zi qrupları bu hadisədən xoşhal oldular. Bə’ziləri isə həzrət Peyğəmbərlə dostluq peymanı bağladıqları halda bu peymanları pozdular.

Demək, Qüreyşlə döyüşdən qabaq Mədinədə əmin-amanlığı və nüfuzu bərpa etmək lazım idi. Yalnız bundan sonra Qüreyşlə mübarizəyə başlamaq olardı. Bu səbəbdən də hicri dördüncü ildə bəni-Nəzirlə döyüşə hazır müsəlmanlar rəbiül-əvvəl ayında Mədinədən bayıra çıxdılar.

E’zam olunmuş qoşunun komandanı həzrət Əli (ə) idi. Həzrət öz rəşadət və şücaəti ilə onları təslim olmağa vadar etdi. Belə bir peyman bağlandı ki, həzrət Peyğəmbər (s) onların qanından keçir, onlar isə Mədinədən çıxaraq Şama gedirlər.[33]

Həzrət Peyğəmbər bu şərti qəbul edib göstəriş verdi ki, hər üç nəfər bir dəvə və bu bir dəvənin götürəcəyi qədər yük apara bilər. Bəni-Nəzir Mədinədən çıxdıqdan sonra onların qalan yükləri müsəlmanlara nəsib oldu.

Ühüd döyüşündən sonra baş vermiş bu hadisə müsəlmanların mövqelərinin möhkəmlənməsi üçün çox münasib oldu. Həzrət Peyğəmbər (s) itirilmiş nüfuzu böyük məharətlə geri qaytara bildi. Müsəlmanlar daha da qüdrətləndi, din düşmənləri isə zəlalətə düçar oldu.

ƏHZAB (XƏNDƏK) DÖYÜŞÜ

Bəni-Nəzir və bəni-Qurəyzə kimi yəhudi qəbilələrinin Mədinə ətrafından çıxarılması onların müsəlmanlara, xüsusi ilə də həzrət Peyğəmbərə olan kinini daha da artırdı. Həmin qəbilələrin başçılarından neçə nəfəri Məkkəyə gedib Qüreyşlə görüşdü və Peyğəmbərə qarşı hazırlıqlarını bildirdilər. Qüreyş başçıları bu fürsətdən istifadə edib, onların təkliflərini həvəslə qarşıladılar. Beləcə, bütün bütpərəst Məkkə qəbilələri yəhudilərlə əl-ələ verərək hicri 5-ci ildə ümumi səfərbərlik keçirdilər və on min nəfərə yaxın döyüşçünü Əbu-Süfyanın başçılığı altında Mədinə üzərinə göndərdilər. Bu xəbər həzrət Peyğəmbərə çatan kimi o müsəlmanları bir yerə topladı və müdafiə olunmaq haqqında müzakirələr başladı. Salman Farsi təklif etdi ki, Mədinə ətrafında xəndək qazılsın. Bu təklifə əsasən düşmən qarşısında onların hərəkətinin qarşısını alası sün’i maneələr düzəldilməli idi. Həzrət Peyğəmbər Salmanın təklifini qəbul etdi. Göstəriş verildi ki, dərhal xəndək qazılmasına başlanılsın. Müsəlmanlar xəndək qazmağa başladılar. Həzrət özü də digər müsəlmanlarla çiyin-çiyinə bu işlə məşğul idi. Düşmən qoşunu çatmamışdan qabaq xəndək qazılıb hazırlandı. Müşriklər xəndəyə yaxınlaşdıqları vaxt təəccübdən yerlərində donub qaldılar. Çünki ərəbistanda həmin vaxtadək bu sayaq müdafiə sistemi görünməmişdi. Qüreyş başçıları qarşılarında açılmış səhnəni müşahidə edib dedilər: «And olsun Allaha, bu ərəb hiyləsi deyil».[34]

Sayı üç minə çatan müsəlmanlar xəndək ətrafında mövqe tutmuşdular. Qoşunlar bir neçə gün xəndək ətrafında üzbəüz dayandılar. Bə’zən bir-birlərinə daş və ox atırdılar. Nəhayət, Qüreyş cəngavərlərindən olan Əmr ibn Əbdüvəd və bir neçə başqa döyüşçü xəndəyin dar hissəsindən adlayıb keçə bildilər.

Əmr xəndəyi keçən kimi döyüşmək üçün mübariz istədi. Əmrin qorxunc nərəsi fəzada yayılan kimi ürəklərə titrətmə düşdü, rənglər bəyazıdı. Nə üçün?

Çünki Əmri hamı tanıyırdı. Bu şəxs ərəbin adlı-sanlı qəhrəmanlarından idi. Bütün Ərəbistanda onun qarşısına çıxan yoxdu. Əmr təklikdə min döyüşçüyə bərabər sayılırdı.

Əmrin mübariz çağırışı ikinci dəfə müsəlmanların qulağında uğuldadı. Bu məqamda Mədinə qoşununa qorxu dolu bir sükut hakim olmuşdu. Kimsə səsini çıxarmağa cür’ət etmirdi. Əmr deyirdi: «Deyirsiniz ki, sizlərdən kim öldürülsə behiştə gedəcək. Məgər aranızda behiştə getmək istəyən yoxdurmu?»

Nəhayət, həzrət Peyğəmbər (s) sükutu pozdu və buyurdu: «Bu bütpərəstin şərini İslam ümmətinin üzərindən kim götürə bilər?» Hamı nəfəsini içinə çəkib durmuşdu. Kimsədən səs çıxmırdı. Bu vaxt həzrət Əli (ə) ayağa qalxdı və ərz etdi: «Mən, ya rəsuləllah!» Peyğəmbər (s) buyurdu: «Səbr et, olsun ki, başqa bir könüllü də tapıla. Amma kimsə bu ərəb qəhrəmanı ilə üzbəüz gəlmək istəmirdi. Həzrət Peyğəmbər (s) öz sualını bir daha təkrar etdi. Yenə də onun çağırışına yalnız həzrət Əli (ə) cavab verdi. Peyğəmbər (s) buyurdu: «Ya Əli, bu şəxs Əmr ibn Əbdüvəddir». Həzrət Əli (ə) ərz etdi: «Mən də Əli ibn Əbu-Talibəm». Həzrət Peyğəmbər (s) Əlinin (ə) başına əmmamə qoydu, kəmərinə qılınc bağladı və buyurdu: «Get Allah səni qorusun». Sonra başını qaldırıb riqqətlə dedi: «Pərvərdigara, bu döyüş meydanında əmim oğlunu tənha qoyma».

Əmr rəcəz oxuyaraq müsəlmanları döyüşə çağırırdı. Bu vaxt həzrət Əli (ə) pusqudan ovunun üstünə sıçrayan qəzəbli şir tək sür’ətlə Əmrə doğru hərəkət etdi. Həzrət düşmənin rəcəzinə ədəblə cavab verdi.

Özünü adlı-sanlı ərəb qəhrəmanı sayan Əmr həzrət Əliyə (ə) həqarətlə baxdı və dedi: «Məgər səndən başqa behişt istəyən yoxdur? Mən sənin atan Əbu-Taliblə dost idim. Səni əlimdə qanadları qırılmış quş tək çırpınan görmək istəmirəm. Məgər bilmirsənmi ki, mən Əmr ibn Əbdüvəd, böyük ərəb qəhrəmanıyam?!»

Həzrət Əli (ə) buyurdu: «Mən səni əvvəlcə tövhid və İslama də’vət edirəm. Əgər bunu qəbul etmirsənsə, gəldiyin yolla da qayıt, Peyğəmbərlə döyüşdən çəkin».

Əmr dedi: «Mən öz ata-babamın yolundan (bütpərəstlikdən) əl götürmərəm. Əgər döyüşsüz geri qayıtsam, Qüreyş qadınları mənə istehza edər». Həzrət Əli (ə) buyurdu: «Onda atdan düş, vuruşaq. Mən səni Allah yolunda öldürmək istəyindəyəm».

Əmr qəzəbləndi və atdan düşdü. Əli ilə üzbəüz dayananda həzrət Peyğəmbər buyurdu: «İman və küfr tam halda mübarizəyə qalxmışdır». Doğrudan da, belə idi. Həzrət Əli (ə) imanın özü, bəlkə bütünlüklə iman idi. Əgər həmin gün həzrət Əli (ə) olmasaydı, İslamdan ad qalmazdı. Əmr də şirk və küfrün nümayəndəsi, Qüreyşin gözünün işığı sayılırdı.

Nəhayət, bu iki mübariz bir-birinə elə hücum etdi ki, toz-duman havaya qalxdı. Ətrafdakılar onları aydın görə bilmirdi. Əmrin zərbəsi həzrət Əlinin (ə) sipərini ikiyə böldü. Həzrətin başı da yaralanmışdı. Amma Əlinin (ə) cavab zərbəsi Əmrin həyatına son qoydu. Həzrətin təkbir səsi göyə ucaldı. Əlinin təkbir sədasından mə’lum oldu ki, Əmr öldürülmüşdür. Əmrin ölümü isə Qüreyşin qəti məğlubiyyəti demək idi. Əmr ibn Əbdüvədin bacısı bu döyüş haqqında belə bir şe’r oxumuşdur:

İki şir döyüşdü, hər biri taysız,

Sanki buludlardan zərbə yağırdı.

Ey Əli, beləsin yendirməmişdin,

Əlbət ki, bu uğur başqa uğurdu.

Qüreyş öz qəhrəmanının məğlubiyyətindən sonra xar oldu. Bu məğlubiyyət onları rüsvay etdi. Həzrət Əli (ə) Əmrin başını Peyğəmbərin hüzuruna gətirdiyi vaxt Peyğəmbər (s) buyurdu: «Xəndək günü Əlinin (ə) zərbəsi səqələynin ibadətindən əfzəldir». Bə’ziləri isə Peyğəmbərin belə buyurduğunu nəql edirlər: «Xəndək günü Əlinin Əmrə vurduğu qılıncın mükafatı cin və insin ibadət mükafatından üstündür».

Bəli, düşmənin ən e’tibarlı sütununu Əlinin (ə) qılıncı qırdı. Beləcə, növrəstə İslam müşriklərin şərindən xilas oldu. Həmin gün həzrət Əli (ə) olmasaydı, bütün müsəlmanları pərən-pərən salmaq üçün təkcə Əmr kifayət edərdi. O özü deyirdi ki, İslamı tarixin səhifəsindən çıxarasıdır. Bəli, qiyamət gününədək İslamın mövcudluğu xəndəyi adlamış Əmr və onun yoldaşlarını dizə çökürən zərbənin girovundadır. Əmrin və onun yoldaşlarının qətlə yetirilməsi ilə müşriklərin döyüş ruhiyyəsi qırıldı və aralarında qorxu hakim oldu. Bundan əlavə, Allahın əmri ilə güclü bir tufan qopdu və dəhşətə düşmüş Qüreyş Əbu-Süfyanın əmri ilə yubanmadan Mədinəni tərk edib Məkkəyə üz tutdu.

Xəndək döyüşündən sonra həzrət Peyğəmbər əhdi sındırıb müşriklərlə həmkarlıq etmiş bəni-Qürəyzə tayfasını tənbeh etmək qərarına gəldi. Bu tayfa zahirdə müsəlmanlarla peyman bağlayır, əslində isə Qüreyşlə həmkarlıq edirdi. Həzrət Peyğəmbər (s) onlarla döyüşə Əlini (ə) göndərdi. İyirmi beş günlük mühasirə və vuruşdan sonra bəni-Qürəyzə tayfasının fitnəkarlığına son qoyuldu. Müsəlmanlar Mədinə ətrafındakı yəhudilərin şərindən xilas oldular.

XEYBƏR DÖYÜŞÜ

Xeybər kəlməsi qala, möhkəm hasar deməkdir. Mədinədən 120 kilometr şimalda yəhudilərin sakin olduğu bir məntəqə vardı. Buranın sakinləri bir neçə möhkəm qalada yaşayırdılar. Ona görə də bu yer Xeybər adlandırılırdı. Onların əkin sahələri, xurma bağları, çeşmələri və yeddi möhkəm qalaları vardı. Bu qalaların hər birinin öz adı vardı. Bu yeddi qüllədən ən məşhuru «Naim» və «Qəmus» idi.

Tarixçilərin bildirdiyinə görə Xeybər əhalisinin sayı dörd minlə iyirmi min arasında olmuşdur. Bir şey qətidir ki, yəhudilər müsəlmanlardan bir neçə dəfə artıq olmuşlar. Çünki həmin dövrdə müsəlmanların sayı min altı yüzü keçmirdi.

Hicri yeddinci ildə həzrət Peyğəmbərin (s) göstərişi ilə müsəlmanlar Xeybərə doğru hərəkət etdilər. İki-üç gün yol getdikdən sonra Xeybər ərazisinə çatdılar. Qala kənarında düşərgə qurub, düşmənlə danışığa başladılar. Səhəri gün yuxudan oyanan qala sakinləri müsəlmanları Xeybər ətrafında gördülər. Onlar müsəlman qoşunun qorxusundan qalaların qapılarını bağladılar. Həzrət Peyğəmbər iyirmi beş gün müddətində qalanı mühasirədə saxladı. Həzrət qalanın qapısının açılması üçün birinci dəfə bayrağı Əbu-Bəkrə, ikinci dəfə isə Ömərə verdi. Amma onlar yəhudilərlə döyüşə tab gətirməyib geri çəkildilər».[35]

İbn Əbil-Hədid Əbu-Bəkr və Ömərin meydandan qaçması haqqında belə deyir:

Hər nəyi unutsam, unutmaram mən,

Qaçmaq günah ikən qaçdız səhnədən.

Xeybər qalasının fəthi üçün başqa cəngavərlər də göndərildi. Amma yəhudi döyüşçüləri ilə kimsə bacara bilmədi. Belə uğursuzluqlar nəticəsində müsəlmanların ruhdan düşdüyünü görən Peyğəmbər buyurdu: «Sabah bayrağı bir şəxsə verəcəyəm ki, Allah və Peyğəmbəri (s) onu dost tutur, o da Allah və Onun Peyğəmbərini dost bilir. O bir kəsdir ki, həmişə hücum etmişdir və Allah onun əli ilə açılış etməyincə döyüş meydanından qaçmamışdır». Həzrət Peyğəmbərin bu sözləri hamını təəccübləndirdi. Görən sabah qələbə çalacaq kəs kim idi?

Əlinin (ə) misilsiz qəhrəmanlığı hamıya mə’lum olduğu halda, əfsus ki, çoxları özü haqqında danışıldığını güman edirdi. Amma bir nöqtəni də qeyd etmək lazım gəlir ki, həmin vaxt həzrət Əlinin (ə) gözləri ağır xəstəliyə yoluxduğundan onun bu döyüşdə meydana çıxacağı ehtimal olunmurdu. Bu baxımdan Peyğəmbərin həzrət Əli (ə) haqqında danışdığını anlamayanları üzürlü hesab etmək olar.

Nəhayət, və’d olunmuş gün gəlib çatdı. Həzrət Peyğəmbər (s) buyurdu: «Əli haradadır?» Ərz etdilər ki, Əlinin (ə) gözləri ağrıyır. Həzrət buyurdu: «Onu buraya gətirin». Müsəlmanlar Əlinin (ə) çadırına gedib, Peyğəmbərin əmrini ona çatdırdılar.

Həzrət Əli (ə) dərhal yerindən qalxdı və həzrətin xidmətinə tələsdi. Həzrət Peyğəmbər (s) Əlidən (ə) halını soruşdu. Əli (ə) bildirdi ki, başım və gözlərim ağrıyır. Həzrət Peyğəmbər onu qucaqladı və ağzının mübarək suyundan Əlinin (ə) gözlərinə çəkdi. Həzrət Əli (ə) özündə dərhal bir yüngüllük hiss etdi və ömrünün sonunadək başağrısı və gözağrısı görmədi. Həzrət Peyğəmbər (s) buyurdu: «Ya Əli, bizim komandanların əlindən bir iş gəlmədi. Hələ də Xeybər qalası fəth olunmamışdır. Bu iş yalnız sənin əlinlə həyata keçəsidir». Həzrət Əli (ə) yəhudilərlə nə vaxtadək döyüşmək lazım gəldiyi barədə soruşdu. Peyğəmbər (s) buyurdu: «Allahın birliyini və mənim peyğəmbərliyimi təsdiq edənədək vuruş».

Həzrət Əli (ə) ovuna qarşı arxayınlıqla hərəkət edən şir tək Xeybər qalasının divarlarına yaxınlaşdı. Bayrağı yerə sancdı. Öz adamlarını divarların fəthi üçün hazırladı. Bu vaxt Xeybərin şücaətli döyüşçülərindən bir qrupu çıxıb həzrət Əli (ə) və onun dəstəsinin üzərinə hücum etdi. Şiddətli döyüş başladı. Həzrət bir neçə hücumla yəhudiləri qaçmağa məcbur etdi. Düşmən döyüşçüləri özlərini qalaya çatdırıb qapıları bağladılar. Şücaəti ilə tanınan qala rəisi Haris Əlinin (ə) qalaya daxil olmasının qarşısını almaq istədi. Amma həzrət bir zərbə ilə onun həyatına son qoydu. Bu vaxt Harisin qardaşı, qalanın ən adlı-sanlı döyüşçüsü Mərhəb Xeybəri qardaşının qanını almaq üçün meydana atıldı.

Mərhəb qəribə bir pəhləvan idi. O iki zireh geyinər və bir neçə əmmamənin üzərindən polad dəbilqə qoyardı. Dəbilqədə dəyirman daşına oxşar daşı yerləşdirdiyindən qılınc zərbələri onun başına tə’sir etməzdi.

Bu şəxs ilə Əli arasındakı döyüşdə İslam qəhrəmanının onun başına enən zərbəsi bütün zirehləri yarıb başını ikiyə böldü. Mərhəb yerə yıxılıb qanına qəltan oldu. Müsəlmanların təkbir sədası göyə ucaldı. Yəhudilər qəti məğlubiyyətə uğrayıb qəm dəryasında batdılar. Mərhəb qətlə yetirildikdən sonra qaladan başqa bir döyüşçü çıxdı. Bu şəxs əvvəl öldürülənlərin üçüncü qardaşı Yasər idi. O da şücaətdə qardaşlarından geri qalmazdı. Yasər yubanmadan Əliyə hücum etdi. Amma həzrətin bir zərbəsi ilə yerə yıxılıb canını tapşırdı. Yəhudilər bu dəfə qalanın qapılarını bağlamağa məcbur oldular.

Həzrət Əli (ə) öz fövqəl’adə qüvvəsi ilə qalanın qapılarını tərpədib kənara atdı. Beləliklə, Xeybərin ən möhkəm iki qalası fəth edildi. Şeyx Müfid Əbdüllah Cədəlidən belə nəql edir. Əmirəl-mö’minin (ə) deyirdi: «Xeybərin qapısını çıxardıqdan sonra onu özümə sipər edib yəhudilərlə döyüşdüm. Onları məğlub etdikdən sonra qapını qala ətrafında qazılmış xəndəyin üzərinə qoyub onun üzərindən keçdim. Müsəlmanlar da xəndəyi adladılar. Geri qayıdan zaman həmin qapını yetmiş müsəlman güclə qaldırdı. Şair bu barədə yazır:

Yəhudla amansız savaş zamanı

Qaldırdı Xeybərin ağır qapısın.

Qapını qaytaran yetmiş kişinin

Hamı aşkar gördü işdə cəfasın.

Xeybər döyüşündə həzrətin savaşı, qalaların fəthi, adlı-sanlı yəhudi döyüşçülərinin məğlub edilməsi, xüsusi ilə qala darvazasının həzrət tərəfindən çıxarılıb atılması bir daha sübut edir ki, kimsədə belə bir hünər görünməmişdir. Uyğun hadisə haqqında bir çox qəsidələr qoşulmuşdur. İbn Əbil-Hədid bir qəsidədə deyir:

Qırx dörd əlin aça bilmədiyini

Ey qoparıb atan qəhrəman Əli.

Xeybər döyüşü başa çatdıqdan sonra həzrət Peyğəmbər yəhudilərin istəyi ilə onlarla sülh bağladı. Fədək müsəlmanlara verildi və orada sakin olan yəhudilər öz var-dövlətlərinin yarısını Peyğəmbərə göndərdilər. Fədək yalnız sülh bağlandığı vaxt heç bir tələb olmadan yəhudilərin razılığı ilə həzrət Peyğəmbərə bağışlandı. Ona görə də Fədək Peyğəmbərin özünə, qalan bütün qənimətlər isə müsəlmanlara çatdı. Xeybərdən geri dönərkən itaətsizlik göstərən bə’zi yəhudi qəbilələri də tənbeh olundu. Onlar da müsəlmanlara boyun əyməyə məcbur oldular. Beləcə, müsəlmanlar yəhudilərin fitnələrindən xilas oldular və Mədinə şəhərində əmin-amanlıq bərpa edildi.

MƏKKƏNİN FƏTHİ

İslam ordusu müxtəlif kiçik və böyük döyüşlərdə sınaqdan keçdikdən, say baxımından böyüdükdən sonra hicri səkkizinci ildə həzrət Peyğəmbər Məkkəyə doğru hərəkət edib, anadan olduğu və Qüreyşin işgəncələri ilə hicrətə məcbur edildiyi şəhəri tabe etmək qərarına gəldi.

Həzrət Peyğəmbər (s) Məkkədə olduğu on üç il ərzində Qüreyş müşriklərini tövhid və allahpərəstliyə də’vət etdi. Nəinki bu də’vətlərdən müsbət nəticə hasil olmadı, hətta doğru yola də’vət edilənlər həzrət Peyğəmbərə (s) olmazın əziyyətlərini verdilər. Həzrət Peyğəmbərin hicrətdə olduğu bütün dövr ərzində Məkkə müşrikləri müsəlmanlarla qarşıdurma vəziyyətində oldular. Bir vaxt Məkkədən qorxu içində çıxmış mühacir müsəlmanlar indi qüdrət və əzəmətlə Məkkəyə doğru hərəkət edirdilər. Artıq həzrət Peyğəmbərin arxasınca qalib vəziyyətdə Məkkəyə daxil olmaq vaxtı çatmışdı.

Bə’zi müsəlmanlar dərin fikrə gedib işin sonundan qorxsalar da, həzrət Peyğəmbər (s) onları qələbə ilə müjdələyirdi. Çünki Allah-təala Peyğəmbərinə göndərdiyi ayədə qələbə və’d etmişdi: «And olsun ki, Allah-təala öz Peyğəmbərinin rö’yasının çin olduğunu təsdiq etdi. Siz, inşaallah, əmin-amanlıq içində, başınızı qırxdırmış, saçınızı qısaltmış halda və qorxmadan Məscidül-hərama daxil olacaqsınız. Allah sizin bimədiklərinizi bilir. O bundan əlavə, tezliklə bir qələbə də bəxş edəcəkdir».[36] Məkkənin fəthindən qabaq nazil olmuş «Nəsr» surəsində də Məkkənin fəthi və həmin şəhər əhlinin müsəlman olması haqqında mə’lumat verilir.

Həzrət Peyğəmbərin (s) əsil məqsədi bu idi ki, Məkkənin fəthi Allah evinə hörmət əlaməti olaraq döyüşsüz və qansız həyata keçsin. Ona görə də Həzrət (s) hərəkət vaxtını hamıdan gizli saxlayırdı. O bu işdə yalnız həzrət Əli (ə) ilə məsləhətləşmişdi. Çünki Qüreyş bu işdən xəbər tutsaydı, işin gedişi başqa cür ola bilərdi. Bir qədər sonra səhabələrdən də bir neçəsi məsələdən xəbər tutdu. Hatəb adlı mühacir Məkkədə qohum-əqrəbası olduğundan Peyğəmbərin məqsədi haqqında Qüreyş müşriklərinə məktubla mə’lumat vermək istədi. O bu məktubu bir qadın vasitəsi ilə Məkkəyə göndərdi.

Allah-təala öz Peyğəmbərini bu məsələdən xəbərdar etdi. Həzrət Peyğəmbər (s) həzrət Əli (ə) və Zübeyri qadının arxasınca göndərdi. Onlar qadına çatıb məktubu ondan aldılar.[37]

Həzrət Peyğəmbər hicri səkkizinci il, ramazan ayının əvvəllərində mühacir və ənsardan təşkil olunmuş on iki min nəfərlik ordusu ilə Mədinədən çıxdı. Peyğəmbər öz qoşunu ilə Məkkə yaxınlığına çatdığı vaxt Abbas ibn Əbdül-Müttəlib Qüreyşləri İslam ordusunun çoxluğu və təchizatı ilə qorxutmaq üçün Məkkəyə tələsdi. Məkkə əhalisi Peyğəmbərin gəlişindən qismən də olsa xəbərdar idi. Bu səbəbdən də Əbu-Süfyan daha çox mə’lumat toplamaq üçün Məkkədən çıxdı və yolda Abbasla rastlaşdı.

Abbas ibn Əbdül-Müttəlib müsəlmanların çoxluğunu və yüksək döyüş əzmini Əbu-Süfyana nəql etdi. Abbas bu işin acı nəticəsini Əbu-Süfyanın nəzərinə çatdırıb onu təslim olmağa razı saldı.

Əbu-Süfyan çarəsizlik ucbatından bu təkliflə razılaşdı və Abbasın himayəsində əzəmətli İslam qoşununun arasından keçib Peyğəmbərin xidmətinə getdi. Bir qədər söhbətdən sonra Əbu-Süfyan İslamı qəbul etdi.

Əbu-Süfyan iyirmi bir il müddətində Qüreyş kafirlərini Peyğəmbərə qarşı təhrik etmişdi. İndi isə İslamın əzəməti qarşısında təslim olurdu. O nizamlı və qüdrətli İslam ordusunu heyranlıqla seyr edirdi. O öz keçmişinə görə bağışlanacağı intizarında idi.

Qur’ni-Kərimin bildirdiyi kimi həzrət Peyğəmbər (s) böyük mərhəmət sahibi idi. Həzrət (s) Əbu-Süfyanı Məkkəyə göndərdi və bildirdi ki, İslamı qəbul edənlər amanda qalacaq.

Peyğəmbər (s) əvvəlcə bayrağı Sə’d ibn İbadəyə vermişdi. Amma sonradan Sə’din Məkkə əhli ilə sərt davranacağını nəzərə alaraq bayrağı ondan alıb Əliyə (ə) verdi. Müsəlman qoşunu böyük əzəmət içində Məkkəyə daxil oldu. Həzrət Peyğəmbər (s) Məkkənin qapısı qarşısında dayandı və dedi: «La ilahə İlləllah, Vəhdəhu Vəhdəh, Sədəqə və’dəhu və Nəsərə Əbdəhu». Bu tövhid, allahpərəstlik şüarlarının Məkkədə aşkar səsləndiyi ilk gün idi. Həmin gün Bilalın azan nidası Kə’bənin üstündən Məkkə fəzasını bürüdü. Müsəlmanlar həzrət Peyğəmbərə iqtida edib namaz qıldılar. Sonra həzrət cəza və intiqam gözləyən Məkkə əhlinə üz tutaraq buyurdu: «Özünüz haqqında nə deyirsiniz və nə güman edirsiniz?» Dedilər: «Sözümüz yaxşılığadır, yaxşılıq ümidindəyik. Kərimin qardaşı və Kərimin qardaşı oğlusan. Bizim üzərimizdə qüdrətə çatmısan». Həzrət Peyğəmbər onların bu sözlərindən riqqətə gələrək buyurdu: «Mən qardaşım Yusifin dediyini deyirəm». Sonra əlavə etdi: «Gedin, hamınız azadsınız».[38]

Bu ümumi əfv Məkkə əhlinin ruhiyyəsində yaxşı tə’sir qoydu. Qəlblərdə ixtiyarsız olaraq həzrətə məhəbbət yarandı. Sonra Peyğəmbər bütün bütlərin qırılması haqqında göstəriş verdi. Əli ilə birlikdə Kə’bəyə daxil oldu. Bütün bütlər və bütpərəstlik əlamətləri məhv edildi. Qırılmış bütlər Kə’bədən bayıra töküldü.

Həzrət Əlinin (ə) sifətlərindən biri də bütsındıran olmasıdır. O, xalq arasında bütpərəstlik əlamətlərini müşahidə etməyə dözümsüz idi. Həzrət Peyğəmbərin (s) göstərişi ilə həzrət Əli (ə) Hobəl kimi böyük bütləri aşırıb, müqəddəs Kə’bə məkanını bütpərəstlik çirkabından təmizlədi.

HÜNEYN VƏ TAİF DÖYÜŞLƏRİ

Məkkənin fəthindən sonra şəhər əhli dəstə-dəstə İslamı qəbul edirdi. İslamı yenicə qəbul edənlər Peyğəmbərə bey’ət edirdilər. Həzrət bir müddət Məkkədə qalıb şəhərin işlərini nizama saldı. Şəhərdə əmin-amanlıq bərqərar olduqdan sonra öz qalib ordusu ilə Mədinəyə döndü. Məkkənin İslamı yeni qəbul etmiş əhalisindən iki min  nəfəri də İslam ordusuna qatıldı. Beləcə, İslam ordusu daha da əzəmətləndi. Bu qüdrəti müşahidə edən Əbu-Bəkr dedi: «Biz bu qədər döyüşçü ilə heç vaxt məğlub  olmayacağıq». Amma onlar bilmirdilər ki, döyüşçülərin çoxluğu bir o qədər də mühüm deyil. Ən əsası Allaha təvəkkül və Allahdan yardım istənilməsidir. Axı Ühüd döyüşündə müsəlmanlar çoxsaylı  olmalarına baxmayaraq, meydandan qaçdılar. Əbu-Bəkrdə qaçanların arasında idi. Bəni-Haşimdən yalnız doqquz nəfər və başqa qəbilədən bir nəfər Peyğəmbərin ətrafında qalmışdı. Yalnız Allahın kiçik dəstəyə yardımından sonra qaçanlar geri dönüb düşmənə yenidən həmlə etdilər və  qalib gəldilər. Bu barədə Allah-təala Qur’ani-Kərimdə buyurur: «Allah sizə bir çox yerlərdə, eləcə də, Hüneyn günündə kömək etdi. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı. Gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız».[39]



Geri   İrəli
Go to TOP