A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əhli-Beytin (ə) məqamı
Müəllif: Əliəkbər Ocaq Nejad
Naşir: Qələm
Çap tarixi: 2005
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bütün bu müqəddimə və hədislərdən əldə olunan nəticə budur ki, bir-biri ilə döyüşən iki ordudan birinin rəhbəri İmam Hüseyn (ə)- dır, İmam Hüseynin vücudu isə Quranın vücudu deməkdir. Çünki Peyğəmbər (s) buyurmuşdur ki, Quran Əli (ə) ilə, Əli (ə) də Quranladır, digər tərəfdən də ötən səhifələrdə hədislərlə sübut etdik ki, bütün məsumlar bir şəxs kimidirlər, deməli, İmam Hüseynin (ə) vücudu elə Peyğəmbərin (s) öz vücududur. Çünkü Peyğəmbər (s) buyurur ki, Hüseyn məndən, mən də Hüseyndənəm. Bu ordunun başçısı elə bir şəxsdir ki, bütün qohum-əqrəbası (Babası Peyğəmbər (s), atası Əli (ə), anası Fatimeyi Zəhra (s), qardaşı İmam Həsən (ə), oğlanları) hamı şəhid olmuşlar. Qarşı tərəfdəki ordunun rəhbəri isə Yezid ibn Müaviyədir, Müaviyə də Əbu Süfyanın oğludur, Əbu Süfyan isə həmin şəxsdir ki, döyüşdə Peyğəmbərin (s) dişini sındırmışdır. Yezidin babası belə bir şəxs idi. Bəs nənəsi kim idi? Nənəsi Hind isə həmin qadın idi ki, Peyğəmbər (s), ölümünə nalə çəkib ağlamış Həmzənin (ə) qətlə yetirilməsinin baisi olmuş, Ühüd döyüşündə barmaqlarını Həmzənin qarnına soxaraq ciyərini çıxarıb dişləmişdir. Bu da Yezidin nənəsi. Bəs atası Müaviyə kimdir? O da həmin şəxsdir ki, iki imamla müharibə etmişdir. Tutaq ki, kimlərsə İmam Həsəni (ə) xəlifə kimi qəbul etmir, bəs Əlini (ə) necə? O ki, ən azı dördüncü xəlifə idi. Peyğəmbərin ən yaxını idi, səhabələrin ən fəzilətlisi idi. Necə olur ki, heç bir cəhətdən Əli (ə) ilə müqayisə edilməsi mümkün olmayan hansısa bir səhabənin adı kitablarda par-par parıldayır və ona nə isə pis söz deyən şəxs dinsiz adlanır, amma Əliyə (ə) qarşı müharibə edən şəxs pis olmur? Necə ola bilər ki, bu qədər haqsızlıqlara görə Müaviyəyə lənət demək günah olur? Müaviyə hansı ixtiyarla dövrün xəlifəsinə qarşı çıxırdı? Təbii ki belə bir şəxsin oğlunun da necə adam olması məlumdur. Yezid vur-tut 3 il hakimiyyətdə oldu. Hakimiyyətinin ilk ilində İmam Hüseyni (ə) qətlə yetirib, ikinci ilində Mədinəyə hücum edərək 1700 nəfər tanınmış şəxsi, 10 min nəfər də siravi müsəlmanı qətlə yetirib, üçüncü ilində isə Kəbəyə hücum etmişdir. Buda onun hakimiyyətdə olduğu 3 il. Atasının da dövründə belə olmuşdur. Müaviyənin hakimiyyətdə olduğu illərdə Peyğəmbər (s) səhabələrinin başı kəsildi, Hücr ibn Ədiyy və Mərəc Əzradənin gözü görə-görə qəbirləri qazılıb kəfən geyindirilərək başları vurulmuşdur. Əmr ibn Həmid Xəzai də Peyğəmbər (s) səhabəsi olmuşdur. Onun başını kəsərək aparıb arvadının üstünə atırlar. Arvadı Müaviyənin məmurlarına deyir ki, mənim adımdan Müaviyəyə çatdırın ki, mən neçə ildir ki, Əmrlə həyat yoldaşıyam, amma onun qarşısında gündüzlər bir dəfə də olsun süfrə açmamışam. Çünki həmişə oruc olub, gecələr isə bir dəfə də olsun onun üçün yorğan-döşək salmamışam, çünki bütün gecələri ibadətlə məşğul olub. İndi isə sən belə bir insanın qətlinə fərman verdin. Başqa bir nümunəyə nəzər salaq. Müaviyənin əmri ilə Busr ibn Ərta Şamdan Mədinəyə gələrək Əhli-beyti sevən 30 min insanı birdəfəyə qətlə yetirir Müaviyənin əmri ilə bütün xətib və natiqlər xütbələrdə Əlini (ə) söyməli idilər. Müaviyə özü bunun səbəbini belə açıqlayır ki, istəyirəm uşaqları Əlinin düşmənçiliyi ilə böyüdüb, gəncləri də Əlinin düşmənçiliyi ilə qocaldam. Bunlar hamı tarixi faktlardır, bir-iki yox, onlarla kitabda qeyd olunmuşdur. Əgər bu gün bü sözlər kimlərəsə sərf etmirsə, bunu tarixin yaddaşından silmək olmaz. Bax, budur Yezidin nəsli! İmam Hüseyni (ə) yanına çağırtdırıb Yezid üçün beyət almaq istəyən Mədinə valisi Vəlid ibn Ütbəyə İmam buyurur: «Vəlid, biz Peyğəmbər (s) ailəsiyik, İslam bizimlə başlayıb bizimlə də sona çatacaq. Məgər mən Yezidi tanımıram?! O, fasiq, şərabxor, günahsız insanların qatili, açıq-aşkar günah edən bir adamdır. Mənim kimi insan onun kimisinə beyət etməz». Fikir verin, İmam buyurmur ki, mən Yezidə beyət etmərəm. Belə desəydi, bəli, iki ərəbin mübarizəsi olardı.

«Bəni-Haşim mənimlə hökumət davası edir, yalan sözdür ki, vəhy gəlib, ayə nazil olub»- deyən Yezid kimi bir adamı müsəlman adlandırmaq olarmı? İki ərəbin hökumət üstündə bir-biri ilə mübarizə apardığını deyən Yezid və yezidçilərdir. Məsələ iki ərəbin mübarizəsindən getmir. Hüseyn (ə) Allahın, Quranın, Peyğəmbərin nümayəndəsi idi. İmam Hüseynlə (ə) Yezidin mübarizəsi Allah ordusu ilə şeytan ordusunun mübarizəsi idi, haqq ilə batil mübarizəsi idi, nurla zülmətin, ədalətlə zülmün mübarizəsi idi. Şərabxor, it və meymun oynadan fasiq bir adamı Əmirəl-möminin adlandırmaq olarmı? Gərək insan nə qədər bədbəxt olsun ki, Yezidi Əmirəl-möminin adlandırsın! İmam Hüseyni (ə) müdafiə etmək Allahı, Quranı, Peyğəmbəri müdafiə etmək deməkdir Biz də fəxr edirik ki, Yezid kimi yox, məhz Hüseyn (ə) kimi bir şəxsin ardıcılıyıq və bu gün ona əza saxlayırıq. Əsl eşq məktəbi görmək istəyən məhz Kərbəla məktəbindən xəbərdar olmalıdır. Allah taaladan da arzumuz budur ki, bizləri dünya və axirətdə İmam Hüseyn (ə)- dan ayrı salmasın.

Məhərrəm ayının 10-cu günü- Aşura günü təkcə İslam dünyasında deyil, bütün bəşəriyyət aləmində çox əlamətdar gündür. Bu günün özünəməxsus fəziləti, böyük hikməti vardır. Bu günlə əlaqədar çıxış edən hər bir şəxs borcludur ki, həmin günün tarixi, mahiyyəti və fəziləti haqda danışsın.

Öncə də qeyd etdik ki, İmam Hüseynlə (ə) Yezidin mübarizəsi iki ərəbin bir-biri ilə mübarizəsi yox, dinlə dinsizliyin, imanla imansızlığın, haqq ilə nahaqqın, ədalətlə zülmün mübarizəsidir. Bu da Allahın buyurduğunu yerinə yetirmək deməkdir. İbrahim (ə) ilə Nəmrud, Musa (ə) ilə Firon mübarizə apardığı kimi İmam Hüseyn (ə) da Yezidə qarşı mübarizə aparmışdır. «Bu iki ərəb hakimiyyət uğrunda mübarizə aparmışdır» fikrində olanlara isə indi deyəcəyim cavabı vermək lazımdır. Şeyx Abdulla Əla sünni məzhəbinin görkəmli alimlərindən biridir. O demişdir: «Tarixdə baş vermiş iki hicrət bəşəriyyətin taleyində mühüm rol oynamış, insanların həyatını büsbütün dəyişmişdir. Bunlardan birincisi Mühəmmədin (s) Məkkədən Mədinəyə hicrətidir. Bu hicrətdən məqsəd o idi ki, Peyğəmbər (s) İslamın əsasını qurmaq istəyirdi. İkinci hicrət isə Hüseyn ibn Əlinin (ə) Mədinədən Məkkəyə hicrəti olmuşdur». Gəlin Şeyx Abdulla Əlanın dediyi bu cümləni bir az araşdıraq. Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməkdə məqsədi o olmuşdur ki, İslam dininin bünövrəsini qurmaq istəyirdi. Bu, nə deməkdir? Bunun mənası odur ki, Peyğəmbər (s) Məkkədə peyğəmbərliyə seçilmiş, 13 il orada təbliğ etmiş, lakin İslamın bünövrəsi hələ də qurula bilməmişdi. İlk növbədə İslamın bünövrəsinin nə olduğunu bilmək lazımdır. Bu bünövrənin yaranması üçün İslam Peyğəmbərinin 3- əsas vəzifəsi var idi:

1) Quran və islami qayda qanunları insanlara çatdırıb və mənasını izah etmək. Məsələn «əqimus-səlatə» (namaz qılın) ayəsi nazil olmaqla İslamda namazın vacib olduğu məlum oldu. Eləcə də digər qanunlar. Yəni, camaat bu ayələr gəlməyənədək İslamın qayda-qanunlarından xəbərsiz idi, ayələr nazil olduqdan sonra isə Peyğəmbər (s) onları bu qanunlarla tanış etdi. Beləliklə, İslam dini sözlə-dildə meydana gəldi.Daha sonra bu sözlərin məna və məfhumunu camaata başa salmaqdır. Yəni, məsələn, camaat «əqimus-səlatə» ayəsini eşitdikdə «səlat» (namaz) sözünün mənasını olduğu kimi bilmirdi. Çünki İslam gəlməzdən öncə duaya «səlat» deyərdilər. Lakin Peyğəmbər (s) bildirdi ki, bu gündən etibarən «səlat» dua deyil, gün ərzində 17 rukət namazdan ibarətdir ki, onun da kefiyyətini o həzrət özü müsəlmanlara bəyan etmişdir. Beləliklə də İslamın yenicə meydana gəlmiş sözlərinin mənası da aydınlaşdı.

2) İslamda İslami şəxslərin yaranması: Yəni, məsələn, «əqimus-səlatə» (namaz qılın) ayəsi nazil olaraq namazın vacib olduğunu bildirdikdə məsələn, 10 nəfərdən beşi durub namaz qılmaqla İslami şəxsə çevrildiyi halda hələ namaz qılmayan digər 5 nəfər isə hələ ki, İslami şəxslər olmamışlar. Peyğəmbər (s) bu üç vəzifəsini Məkkədə yerinə yetirdi. Lakin İslamın ən əsas bünövrəsi indi deyəcəyim bünövrə idi ki, o, Məkkədə yox, Mədinədə meydana gəldi və İslamın bünövrəsi deyildikdə məhz o başa düşülür. Yəni, Peyğəmbər (s) Məkkədə olarkən İslamın dildə adı yaranmış, lakin hələ özü-əsl İslam yaranmamışdı. Peyğəmbər (s) gördü ki, Məkkədə əsl İslam yaratmaq mümkün deyil. Ona görə də o Həzrət Mədinəyə hicrət etdi. Şeyx Abdulla Əlanın da «Peyğəmbərin hicrət etməsindən məqsəd o idi ki, İslamın bünövrə və əsasını qurmaq istəyirdi» deməsi buna işarədir.

3) İslamda vəhdət, cəmiyyət əsası və bünövrəsi: Yəni, Peyğəmbər (s) Mədinəyə hicrət etdikdən qısa müddət sonra bütün müsəlmanları bir-biri ilə qardaş edərək İslam hökumətinin təməlini qoydu. Bax, budur İslamın əsası. Xəlvət bir yerə çəkilib gözdən uzaq yerdə namaz qılıb ibadət etmək İslamın əsası deyil. İslamın əsası odur ki, müsəlmanlar bir olsunlar. Peyğəmbərin (s) əsl vəzifəsi də məhz bu işi həyata keçirmək olmuşdur. Bunu həyata keçirmək üçün də təbii ki, təşkilata ehtiyacı var idi. Buna görə də Peyğəmbər (s) həyatda olduğu müddət ərzində şəxsən özü bu təşkilata rəhbərlik etmişdir. Lakin vəfat etmək istərkən təbii ki, bu təşkilata rəhbərlik etmək vəzifəsini kiməsə tapşırmalı idi. Bəli, Peyğəmbər (s) bu vəzifəni İmam Əliyə (ə) həvalə etdi. İmam Əli (ə) şəhid olarkən bu vəzifəni İmam Həsənə (ə), o da İmam Hüseynə və bu silsilə ilə həmin vəzifə 12-ci imama tapşırılmışdır. İmam Hüseynin (ə) dövründə şərait elə alınıb ki, kimliyini əvvəldə çox yaxşı xatırladığımız Yezid bu təşkilatı məhv etmək istəyir. Bunun da iki səbəbi var idi:

1) Təməlini Peyğəmbərin (s) qoyduğu bu təşkilatın qayda-qanunları itib-batsın, onlara daha əməl olunmasın.

2) Hakimiyyət Əbu Süfyan nəslinin əlindən çıxmasın. Hansı ki, onlar bu hakimiyyətə qəsbi yolla, heç nədən gəlib çatmışdılar və Peyğəmbərin (s) xəlifəsi adı ilə rəhbərlik etmək fikrindəydilər. Bax, budur İmam Hüseynin (ə) qiyamının əsl mahiyyəti! Həmin dövrdə nəyə görə İmam Hüseyn (ə) başqa hökmdarlara (məsələn, heç müsəlman da olmayan Roma imperiyasına) qarşı qiyam etmədi? Çünki onların İslamla düşmənçiliyi məlum idi və müsəlmanlar müvəqqəti də olsa, onlarla sülh şəraitində yaşayırdılar. Yezid isə müsəlman və Peyğəmbərin canişini adı ilə İslamı aradan aparmaq istəyirdi. Məlum məsələdir ki, bu iş mümkünsüz idi. Bütün günahları edə-edə məgər Peyğəmbər canişini olmaq mümükündür? Bunun əsl səbəbkarı isə Yezidin atası Müaviyə olmuşdur. Çünki oğlu Yezidi hakimiyyət başına gətirən məhz o olmuşdur. İmam Hüseyn (ə) də təbii ki, Yezid kimi bir şəxsə beyət edib boyun əyməyi heç cür qəbul edə bilməzdi. Belə olmasaydı, İmam Hüseyn (ə) «heyhat minnəz-zillət» (heyhat, alçaqlıq bizdən uzaqdır) deməzdi.

Damənim gərdi məzəmmət be hiç ünvan görməz

Bütün bunları nəzərə alaraq İmam Hüseyn (ə) Mədinədən Məkkəyə doğru hicrət edir. Şeyx Abdulla Əlanın fikri də məhz budur. Yezid hakimiyyətə qəsbi yolla gəlmişdisə, İmam Hüseynin (ə) Allah tərəfindən təyin olunmuş haqqı idi ki, hakimiyyətə gəlsin. Bunu şəxsən Müaviyənin özü də bilirdi. İmam Həsənlə (ə) sülh bağlayan Müaviyə sülh qətnaməsinin bəndlərindən birində özündən sonra İmam Həsənin (ə), əgər o, həyata olmazsa, onda qardaşı İmam Hüseynin (ə) hakimiyyətə gələcəyini qəbul edərək şəxsən imzalamışdı. Lakin sonradan həmin sülh qətnaməsini camaatın gözü qarşısında minbərdə ayağı altına ataraq daha onun qüvvədə olmadığını bildirir. Bunu tarix təsdiqləyir, tarixi isə danmaq və ya təhrif etmək qeyri-mümkündür. Öncə qeyd etdiyimiz kimi Əlinin (ə) adının çəkilməsi belə qadağan edilmişdi. Əgər Müaviyənin imkanı olsaydı, Peyğəmbərin (s) də adının çəkilməsini qadağan edərdi.

İMAM HÜSEYNƏ AĞLAMAĞIN MAHİYYƏTİ

Qeyd etmək yerinə düşər ki, hədislərdə İmam Hüseynin (ə) faciəsinə bütün yer-göyün, mələklərin, hətta o həzrət dünyaya gəlməzdən qabaq əziz Peyğəmbərimiz (s) və bütün peyğəmbərlərin ağladığı göstərilir. İndi gəlin görək həqiqətən də belə olub, ya yox? Əgər belə olubsa, bəs onda bunun səbəbi nədir? Bu kiçik kitabçada qısa olaraq belə cavab verə bilərik. Allah taala Quranda neçə dəfə buyurmuşdur ki, bütün yaratdıqlarını insana görə xəlq etmişdir. Məsələn, «Bəqərə» surəsinin 29-cu ayəsində buyurur: «Yer üzündə nə varsa, hamısını sizin üçün yaradan Odur (Allahdır)!» «Loğman» surəsinin 20-ci ayəsində isə buyurur: «Görmürsünüzmü ki, Allah göylərdə və yerdə olanların hamısını sizlər üçün ram etmişdir?» Deməli, Allah taala göylərdə və yerdə nə varsa, insana xatir yaratmışdır. İndi onlardan istifadə etmə tərzi insanın özündən asılıdır. İnsan bunlardan yaxşı işlər üçün də istifadə edə bilər, həm də pis işlər üçün də. O qalıb insanın ağıl və iradəsinə. Bunu da bilirik ki, peyğəmbərlər arasında ən üstün şəxs həzrət Mühəmməd (s) peyğəmbərdir. Allah taala da ona müqəddəs bir din əta etmiş, İmam Hüseyn (ə) də həmin dinin yolunda şəhid olmuşdur. Yəni, İslamı gətirən Peyğəmbər (s), onu (təbii ki, Allahın vasitəsilə) qoruyub saxlayan isə İmam Hüseyn (ə) olmuşdur. Buna görə də özünü İslam dininə mənsub bilən hər bir şəxs İmam Hüseynə (ə) borcludur. Hətta Peyğəmbər (s) da özünü İmam Hüseynə (ə) borclu bilir. Peyğəmbərin (s) «Hüseyn məndən, mən də Hüseyndənəm»- deyə buyurduğu hədisin mənası da məhz budur. Belə olduğu halda indiki Peyğəmbərimiz (s) özü İmam Hüseyn (ə) -a ağlayır, nəyə görə bizlər ağlamayaq? Burada ağlamağın nə qəbahəti var? Malını, canını, oğul-uşağını, əhl-əyalını, əlində olan nə vardısa hamısını İslam yolunda qurban verən bir şəxsin şəninə məclis qurmağın nəyi pisdir? Bir halda ki, bütün kainatın ixtiyarını Allah taala Peyğəmbərə (s) veribsə və o həzrət İmam Hüseynə (ə) ağlayırsa, nəyə görə də yer-göy ağlamamalıdır? Bunu hədislərdə də görə bilərik. İmam Sadiq (ə), səhabəsi Zürarəyə buyurur: «Ey Zürarə, asiman Hüseynin şəhadətinə qırx gün qan ağladı». Başqa bir hədisdə deyilir: «Hüseyn şəhid olanda yeddi qat göy, yeddi qat yer və onların arasında olanlar, bütün məxluqat, Cənnət və Cəhənnəm, gözə görünən və görünməyənlərin hamısı ağladı».

Əlbəttə, bu hədislərin Əhli-Beytdən olması bizlərə kifayət edər və onların digər məzhəblərin mötəbər kitablarında olub ya olmamasının lüzumu yoxdur. Hansısa bir hədisin Əhli-Beytdən yetişməsini yəqin etsək, həmin hədisi Quran ayəsini qəbul etdiyimiz kimi qəbul edərik. Başqa bir hədisdə isə deyilir: «Allah taala Hüseynin qəbri üstündə 4000 mələk təyin etmişdir ki, onlar Qiyamətədək çox üzgün halda ona ağlayarlar».

İmam Hüseynə (ə) ağlamaq hələ insanlar xəlq olunmazdan qabaq da olmuşdur. Bu, iki dəfə baş vermişdir. Biri Allah taala insanların taleyini təyin edərkən baş vermişdir. İnsanların taleyi yazıla-yazıla növbə İmam Hüseynə (ə) çatdıqda lövhi-məhfuz və qələm o həzrət üçün ağlamışdır. Mərhum Dilriş və Şəhriyar da məhz buna işarə edərək demişlər:

Hüseynə yerlər ağlar, göylər ağlar,

Bətulo, Murtəza, Peyğəmbər ağlar

Kor olmuş gözlərin qan tutdu Şimrin,

Ki görsün öz əlində xəncər ağlar.

Atanda Hərmələ ox Kərbəladə

Görəydin düşmən ağlar, leşkər ağlar.

Yazanda Ali-Taha nohəsin mən,

Qələm gördüm sızıldar, dəftər ağlar.

İkincisi isə Allah taala mələklərə «mən yer üzündə Özümə xəlifə təyin edəcəyəm» («Bəqərə» surəsi, 30-cu ayə) deyə buyurarkən mələklər «orada fitnə-fəsad törədib qan axıdacaq şəxsimi təyin edirsən?»- deyə sual verərkən baş vermişdir. Hədisdə, həmin ayənin təfsirində deyilir ki, hələ Adəm (ə) yaranmamışdan əvvəl Allah taala İmam Hüseynin (ə) müsibətini mələklərə göstərmiş, onlar da o həzrətin halına ağlamışlar. Allaha sual verərkən də məhz İmamı öldürmüş şəxslərin fitnə-fəsad törədib qan axıdacaqlarını nəzərdə tutmuşlar.

İnsanlar arasında da hələ İmam Hüseyn (ə) dünyaya gəlməzdən qabaq dəfələrlə o həzrət üçün göz yaşları axıdılmışdır. Onlardan biri Cənnətdə olmuşdur. Peyğəmbər (s) meraca gedərkən Cənnətdə biri yaşıl, biri də qırmızı rəngli iki bina görür. Cəbraildən (ə) bu binalar haqda soruşduqda Cəbrail (ə) cavab verir ki, onlar sənin nəvələrinindir. Yaşıl bina Həsənin, qırmızı bina isə Hüseynindir. Yaşıl binanın mənası odur ki, onu zəhərlə öldürəcəklər, qırmızı binanın mənası isə odur ki, onu qanına qəltan edəcəklər. Sonra Cəbrail (ə) Kərbəla hadisəsini hələ baş verməzdən qabaq Peyğəmbərə (s) danışır, o həzrət də İmam Hüseynə (ə) ağlayır.

Başqa bir nümunəyə nəzər salaq: Həzrət Adəm (ə) Ərəfatda olarkən göyə baxıb Peyğəmbər (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseynin (ə) adını görür. Bağışlanması üçün Cəbrailin (ə) göstərişi ilə Allahı həmin şəxslərə and verir və Allah da onu əfv edir. Adəm (ə) sonuncu şəxsin adını çəkərkən ürəyi narahat olur. Cəbraildən (ə) bunun səbəbini soruşduqda o buyurur ki, həmin şəxs sonuncu Peyğəmbərin nəvəsidir, onu Kərbəlada məzlumcasına şəhid edəcəklər. Ona görə sənin ürəyin narahat oldu. Sonra da Cəbrail (ə) həmin müsibəti Adəm Peyğəmbərə (ə) danışır, o da İmam Hüseynə (ə) ağlayır.

Nuh (ə) peyğəmbər də İmam Hüseynə ağlamışdır. Nuh (ə) və tərəfdarları gəmidə olarkən bir yerdə gəmi təlatümə düşüb ləngər verməyə başlayır. Cəbrail (ə) gəlib həmin yerin Kərbəla olduğunu və sonuncu Peyğəmbərin nəvəsinin orada şəhid olacağını Nuh (ə) peyğəmbərə danışır. Nuh (ə)- da bu müsibətə göz yaşı tökür. İbrahim Peyğəmbər də, Süleyman peyğəmbər də, Musa peyğəmbər də, digər peyğəmbərlər də İmam Hüseynə (ə) ağlamışlar. Musa (ə) peyğəmbər Allahla söhbətə gedərkən yolda bir nəfər ona deyir ki, Allahdan mənim də bağışlanmağımı istə. Musa (ə) onun istəyini Allah taalaya buyurduqda Allah taala belə cavab verir: «Ey Musa, Hüseynin qatillərindən başqa kim məndən bağışlanmaq diləsə, Mən onu əfv edərəm. Kim də Hüseynin haqqını tanıyaraq ona ağlayıb əza saxlasa, Cəhənnəmi ona haram edərəm». Sonra da İmam Hüseynin (ə) başına gələcək hadisəni Musaya (ə) danışır, o həzrət də İmam üçün göz yaşı tökür.

İmam Hüseyn (ə) dünyaya gələndən sonra, lakin hələ Kərbəla faciəsi baş verməzdən əvvəl, qabaq da o həzrət üçün göz yaşları tökülmüşdür. Məsələn Peyğəmbər (s) İmam Hüseyn (ə) hələ təzəcə dünyaya gələrkən onu qucağına alıb ağlamış, səbəbini o həzrətdən soruşduqda isə İmam Hüseynin başına gələcək hadisəyə ağladığını bildirmişdir. Həmçinin Əli (ə) da, Fatimə (s) də, İmam Həsən (ə) da, Peyğəmbərin (s) xanımı Ümmi-Sələmə də, habelə bir çox səhabələr də İmam Hüseynin başına gələcək hadisəyə ağlamışlar.

Mərhum Fizuli deyir:

Min cigər oldu qan bu vaqiədən.

Tirə oldu cahan bu vaqiədən.

Həm yeddi əxtər eylədi əfqan,

Həm doqquz asiman bu vaqiədən.

Gəldi fəryadə yer də, göylər də

Mələku insü can bu vaqiədən.

Kərbəla dəştində şahi Kərbəlanın halinə

İttifaqi am olub məcmuyi aləm ağladi,

Cəbrail ərşi-müəlladə tökübdür göz yaşın,

Rövzeyi-Rizvanda ruhi Nuho Adəm ağladi.

Öncə də qeyd etdiyimiz kimi İmam Hüseynin (ə) faciəsinə bütün məxluqat- yer, göy, insanlar, heyvanlar, mələklər göz yaşı tökmüşdür. Əhli-beytdən (ə) yetişmiş hədislərdə də qeyd olunur ki, həzrət Peyğəmbərdən (ə) tutmuş on dördüncü məsumadək-hamı İmam Hüseynə (ə) ağlamış və möminlərə də o həzrət üçün ağlamağı tövsiyə etmişlər. Həzrət Məhdi (ə.f.) İmam Hüseynə (ə) xitabən buyurmuşdur: «Ey cəddim, nə qədər göz yaşım var, sənə ağlayaram, göz yaşım qurtarsa, onda qan ağlayaram».Həzrət Peyğəmbər (s) buyurmuşdur: «Hüseynin məhəbbəti qəlblərdən qiyamətədək çıxmayacaq.» İmam Sadiq (ə) buyurur: «Şükr olsun o Allaha ki, bizi Öz yaratdıqlarından fəzilətli etdi, biz Əhli-beyti mərhəmətə məxsus etdi. Kim səmimi qəlbdən bizə ağlayarsa, hələ göz yaşı gözündən çıxmamış Allah taala onu bağışlayar. Elə ki, göz yaşı yanaqlarına axdı, həmin göz yaşının bir damlası Cəhənnəmə düşərsə, oranın odunu söndürər, daha onun hərarəti qalmaz.»

Əziz oxucular! Görəsən Əhli-beytə (ə), xüsusilə də İmam Hüseynə (ə) ağlamağın nəyə görə bu qədər savabı vardır? Bu suala cavab vermək üçün mütləq ağlamağın məna və mahiyyətini bilməliyik. Bu kiçik kitabçada bu barədə ətraflı danışmaq mümkün olmadığına görə mən qısaca olaraq həmin mövzuya toxunuram. Ağlamağın aşağıdakı mənaları vardır:

1) Bəzən insan İmam Əli (ə) kimi Allah taalanın əzəmətindən qorxub ağlayır. Əli (ə) o qədər ağlayardı ki, göz yaşları bütün saqqalını isladardı. Əlbəttə, bunun üçün insan gərək Allah taalanın əzəmətini başa düşsün. Buna dair Quranda da bir çox ayələr vardır. Məsələn, «Məryəm» surəsinin 58-ci ayəsində deyilir: «Onlara Allahın ayələri oxunduqda ağlayaraq səcdəyə qapanarlar». Hədislər də bu məsələyə toxunmuşlar. Hədisdə deyilir: «Allah qorxusundan ağlamaq qəlbi nurani edər və bu, Allah mərhəmətinin açarıdır:

2) Bəzən insan öz halına acıyıb ağlayır.

3) Bəzən insan sevincindən ağlayır. Məsələn, neçə illərdən bəri görmədiyi övladını görən ana sevindiyindən ağlayır.

4) Bəzən də insan nəyəsə qəlbən bağlı olduğuna görə ağlayır. Bunun da müxtəlif formaları olur. Məsələn: hər iki valideynini itirib himayəsiz qalmış bir yetimə baxdıqda insan narahat olub özünü saxlaya bilmir.

5) Bəzən insan ağlamaqla nəyisə təbliğ edir. İmam Səccad (ə) məhz bundan istifadə edirdi. Çünki o dövrdə hakim dairə elə şərait yaratmışdı ki, həqiqətin üzərinə pərdə çəkilmişdi. Hətta iş o yerə çatmışdı ki, İmam Hüseynlə (ə) mübarizəyə girişmiş Kufə ordusunun içərisində bəziləri Allah xatirinə İmama qarşı çıxmışdı ki, savab qazansın. Yəni, İmam Hüseyni (ə) dinsiz bir şəxs kimi tanıtdırmışdılar. İmam Səccad (ə) isə ağlamaqla camaata həqiqəti başa salıb təbliğat aparırdı. Xanım Fatimeyi Zəhra (s) da Peyğəmbərdən (s) sonra Mədinə kənarında «Beytül-əhzan» (qəmlər evi) adlı bir yer tikdirib həmişə orada ağlayar və Peyğəmbərdən (s) sonra nələr baş verdiyini öz ağlamağı ilə hamıya başa salardı.

6) Bəzən də insan ağlamaqla kimisə, nəyisə müdafiə edir və özünü müdafiə olunan tərəfə nisbət verir. Məsələn: iki nəfər bir-biri ilə mübahisə edərək vuruşur, üçüncü bir şəxs də onlardan hər hansı birinin halına acıyıb ağlamaqla onu müdafiə etdiyini, əks tərəfə isə öz etirazını bildirmiş olur. İmam Hüseynə (ə) ağlamaq da məhz bu növdəndir. Yəni, o həzrətə ağlayanlar öz ağlamağı ilə İmam Hüseynin (ə) mövqeyini müdafiə etmiş olurlar.

Qeyd olunası başqa bir məsələ də odur ki, hədislərdə Əhli-beyt (ə) yolunda ehsanlar verilməsi çox tövsiyə edilmişdir. Kimin imkanı nəyə çatırsa, bu yolda xeyriyyəçiliklə məşğul olmalı, ehsan verməlidir. Gəlin bu barədə bir hədisə diqqət yetirək. İmam Sadiq (ə) buyurur: «Ali-Mühəmməd yolunda malınızı xərcləməkdən çəkinməyin. Kim imkanlıdırsa, öz imkanı həcmində, kim də kasıbdırsa, o da öz imkanı daxilində (bu işi görsün). Nər kim istəsə ki, Allah onun ən mühüm istəklərini həyata keçirsin, onda öz malının ən yaxşısından Ali-Mühəmməd və onların tərəfdarları üçün xərcləsin.»

Bu yolda nə xərclənərsə, hamısı insanın əməl dəftərində qeyd olunur. Qurani-Kərim də bunu təsdiqləyir: «Kim zərrə qədər xeyir iş görərsə, onu (savabını) görər.» («Zilzal» surəsi, 7-ci ayə.)

İMAM HÜSEYNİ (Ə) ZİYARƏT ETMƏYİN FƏZİLƏTİ

Başqa bir məsələ də İmam Hüseynin (ə) ziyarətidir. Hədislərdə bu məsələyə çox təkid edilmişdir. Kimin Kərbəlaya getməyə imkanı varsa, bunu etməlidir. İmam Baqir (ə) buyurur: «Ey tərəfdarlarımız, gedin Hüseynin qəbrini ziyarət edin!» Başqa bir hədisdə isə deyilir: «Hüseynin qəbrinin ziyarətinə getməyən (əlbəttə ki, imkan daxilində) şəxs özünü bizim tərəfdarlarımızdan hesab etsə də əslində o, bizim tərəfdarlarımızdan deyil. Öldükdən sonra Cənnətə getsə də orada yalnız qonaq qalar». Başqa bir hədisdə isə İmam Sadiq (ə) buyurur: «Sizlərdən kimsə 1000 dəfə həcci ziyarət edə, lakin Hüseyni (ə) ziyarət etməyə, Allahın haqqını verməmiş olar». Bir nəfər soruşur ki, ağa, nəyə görə? İmam buyurur: «Çünki Hüseynin hamının boynunda haqqı vardır». Bəli, həqiqətən də belədir. Bu gün dünyada kim namaz qılırsa, kim «la İlahə illəllah» deyirsə, onun boynunda İmam Hüseynin (ə) haqqı vardır. Çünki Yezidin tamamilə aradan aparmaq istədiyi İslamı məhz İmam Hüseyn (ə) yaşatdı. Avropa alimlərindən biri deyirdi: «Gərək biz Avropanın hər bir yerində Müaviyənin heykəlini ucaldaq. Çünki o olmasaydı, indi bütün dünya müsəlman olardı.»

İmam Hüseynin (ə) ziyarəti təkcə insanlara xas olan bir məsələ deyil. Hədislərdə göstərilir ki, o həzrətin qəbrini mələklər, peyğəmbərlər, hətta Allah taala Özü də ziyarət edir. İmam Sadiq (ə) səhabəsi Səffan Cəmmala deyir: «Heç Hüseyni ziyarət edirsən?» Səffan həmin sualı İmamın özün qaytararaq deyir: «Siz özünüz də ziyarət edirsiniz?» İmam Sadiq (ə) ona belə cavab verir: «Axı necə ziyarət etməyim? Halbuki Allah da hər cümə axşamı onu ziyarət edir! Hələ mələklər və peyğəmbərlər də onu ziyarət edirlər».

Səs xəlq olundu canibi-Pərvərdigaridən

Əl çəkmərəm Hüseyn, mən Özüm yaruvəm

sənin.

Bu qəmsərayi-eşqidə qəmxarünəm sənin

Hüseyn, qoymurlar gər ziyarətüvə Əhli-beytini

Ərvahi-ənbiya ilə zəvvarinəm sənin

Eşqin bir olsun, at nəzərindən Rüqəyyəni

Mən saxlaram o tiflüvi, nigəhdarinəm sənin.

Hədislərdə deyilir ki, İmam Hüseynin qəbri daima mələklər və peyğəmbərlərin ziyarətgahıdır.Belə ki, bir anda olsun belə ora mələk və peyğəmbərsiz qalmır.

İmam Hüseynin (ə) zəvvarını mələklər, Peyğəmbər (s), xanım Zəhra (s) və eləcə də bütün imamlar dua edirlər. Həmin şəxs ziyarət məqsədilə evindən çıxıb evinə qayıdanadək Allahın nəzarəti altında olar. İmam Sadiq (ə) İbn Vəhəbə deyir: «Məbada qorxub Hüseynin ziyarətinə getməyəsən. Əgər belə eləsən, qiyamətdə getməməyinə görə həsrət çəkəcəksən. Allahın səni Peyğəmbər, Fatimə, Əli və bütün imamların dua etdiyi şəxslərin sırasında görməsini istəmirsən?» O həzrət başqa bir hədisdə buyurur: «Mühəmməd qızı Fatimə Hüseyni ziyarət etməyə gəlmiş şəxsin yanında hazır olub onun üçün Allahdan bağışlanmasını diləyər».



Geri   İrəli
Go to TOP