A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əhli-Beytin (ə) məqamı
Müəllif: Əliəkbər Ocaq Nejad
Naşir: Qələm
Çap tarixi: 2005
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Adına səkkiz qapı var bir qapısı Babi-şəhid

Varid ordan olacaq zümreyi-əhbabi-şəhid

Yığacaq başə öz aşiqlərin ərbabi-şəhid

Eşq pərvanələri dövri-Hüseyni alacaq

Şəm tək Fatimənin oğlu vəsətdə qalacaq

Qeybidən səs gələcək yarı sevənlər gəlsin

Yar təxt üstə çıxıb qanlı kəfənlər gəlsin

Bir münadi də deyər qarə geyənlər gəlsin.

Bax, məhz o anda İmam Hüseyn (ə) öz əzadarlarına şəfaət edər. Şəfaətə nail olmağın şərti budur ki, əzadar olasan. Yuxarıda deyilən Babi-şəhiddən (Şəhid qapısından) keçmək üçün məhz əzadar olmaq lazımdır. Əzadar olmadan həmin qapıdan keçmək qeyri-mümkündür.

Mərhum Füzuli deyir:

Mahi məhərrəm oldi məsərrət haramdür

Matəm bu gün şəriətə bir ehtiramdür

Təcdidi matəmi şühəda nəfsiz deyil

Qəflətsərayi dəhridə tənbihi amdür

Qovğayi Kərbəla xəbərin səhl sanma ki,

Nəqsi vəfayi dəhrə dəlili tamamdür

Hər dürri əşki ki tökülür zikri Al ilə

Səyyareyi sepəhri ülüvvi məqamdür

Hər məddi ah ki çəkilir Əhli-beyt üçün

Miftahi babi rövzeyi darüs-Salamdür

Şad olmasın bu vaqiədən şad olan könül

Bir dəm məlalü qüssədən azad olan könül

Ərdəbil şairlərindən biri deyir:

Hüseyn, məcalisüvə qəlbdə yara gedərəm

Mühəqqər aşiqinəm məhfili yara gedərəm

Xuda nəkərdə məni qovsan astanindən,

Üzüm-gözüm qapına öyrəşib, hara gedərəm?

Mən bir məsələ haqqında danışmaq istəyirəm. Bu məsələ bir çoxlarının zehnində formalaşmış sualdan ibarətdir. Əlbəttə, bu mövzu haqda müxtəlif kitablar yazılmış, moizə və çıxışlar olmuşdur. Lakin buna baxmayaraq pak olmayan bir çox qəlblərdə (pak qəlblərdə əlbəttə ki, belə şübhə yarana bilməz) yenə də bu sual və şübhə özünə yer etmişdir. Son vaxtlarda isə bu sual tez-tez müzakirə obyektinə çevrilir. Mən də öz növbəmdə İmam Hüseynə (ə) həsr olunmuş bu kitabçada bu sualın cavabına aydınlıq gətirməyə çalışacaq və kitabçanın əsas mövzüsü bu sualın cavabı və şübhənin aradan qaldırılması olacaqdır. Sual bundan ibarətdir:

Hicri-qəməri tarixi ilə 61-ci ilin məhərrəm ayının 10-da iki ərəb bir-birilə vuruşmuş, biri zahirən qələbə çalmış, digəri isə öz yar-yoldaşı, oğul-uşağı, qohum-əqrəbası ilə qətlə yetirilmiş, sağ qalanları isə əsir götürülmüşdür. Ümumiyyətlə, tarix bu kimi hadisələrlə doludur. Belə olan halda nəyə görə biz öldürülmüş tərəfin əzasını saxlayıb matəm keçirməliyik, özü də bir dəfə, iki dəfə deyil, hər il bütün məhərrəm və səfər aylarını əza saxlayırıq. Nəyə görə belə olmalıdır?

Öldürdü birin səltənət üstündə ərəblər

Sən qarə geyib köhnəpərəst olma, bəradər!

Bu, elə də sadəliklə cavab veriləcək bir sual deyil. Əvvəla biz elə fikiləşməməliyik ki, onlar sadəcə iki ərəb olmuşlar. İkincisi də elə başa düşülməməlidir ki, bu iki nəfərin mübarizəsində öldürülən tərəf məğlub, öldürən tərəf isə qalib gəlmişdir. Ümumiyyətlə, bu suala ətraflı cavab vermək lazımdır və buna görə də mən bunun cavabı üçün bir-iki müqəddimə qeyd etmək məcburiyyətindəyəm. Suala elmi baxımdan, həm də faktlarla cavab vermək istədiyimdən əziz möminlərdən də bir az diqqətli olmağı xahiş edirəm. İndi isə gəlin birinci müqəddiməyə nəzər salaq:

İNSANLARIN YARADILIŞINDAN MƏQSƏD VƏ PEYĞƏMBƏRLƏRİN VƏZİFƏSİ

Allah taala «Zariyat» surəsinin 56-cı ayəsində buyurur: «Biz insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdıq». Deməli, insanların yaradılmasından məqsəd budur ki, Allah taalaya ibadət etsinlər, Onun əmrlərinə tabe olsunlar. Bir müddət yaşayıb ömrü başa vurduqdan sonra isə yeni bir aləmə köçürlər. Bu yeni aləmə köçmək-ölüm «yox» olmaq mənasına deyil. İndi bütün dünya bunu qəbul edir ki, insan ölməklə yox olmur, sadəcə olaraq bir həyatdan digərinə köçür, bir haldan başqa hala çevrilir. İndi ki, insanların yaradılmasından məqsəd Allah taalaya ibadət edib Ona yaxınlaşmaqdır, bəs onda bu işdə onlara kim yol göstərməlidir?

Bu iş üçün Allah taala müəyyən şəxslər göndərmişdir. Düzdür, Allah taala şəxsən Özü də insanlardan vəd alaraq yalnız Ona ibadət edəcəkləri haqda əhd-peyman bağlamışdır. Bu, hələ insan dünyaya gəlməzdən qabaq ruhlar aləmində bağlanan bir əhd-peymandırdır. Quran da buna işarə edir: «(Ey Peyğəmbərim!) Xatırla ki, bir zaman Rəbbin Adəm oğullarının bellərindən (gələcək) nəsillərini çıxardıb onları özlərinə (bir-birinə) şahid tutaraq: «Mən sizin Rəbbiniz deyiləmmi?»- deyə soruşmuş, onlar da: «Bəli, Rəbbimizsən!»- deyə cavab vermişdilər...» («Əraf» surəsi, 172-ayə.)

Bəli, Allah taala Özü insanlarla əhd-peyman bağlamış, lakin sonradan insanlar bunu unutmuşlar. Buna görə də peyğəmbərlər Allah tərəfindən göndərilmişlər ki, bu əhd-peymanı bir daha insanlara xatırlatsınlar və onları düz yola yönəltsinlər. Peyğəmbərlərin də vəzifəsi məhz bundan ibarətdir ki, insanların Allahla bağlayıb unutduğu bu əhd-peymanı onların yadına salsınlar. Yox, əgər bu peyğəmbərlər göndərilməsəydilər, onda insanlar bəhanə edərək Allaha şikayətlənərdilər ki, bir nəfər göndərsəydin, bunu bizim yadımıza salardı. Peyğəmbərlərin gəlişi isə bu bəhanənin də üstündən xətt çəkir. «Nisa» surəsinin 165-ci ayəsində deyilir: «(Biz) peyğəmbərləri möminlərə müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüdrət və hikmət sahibidir». Yəni, peyğəmbərlərin gəlişindən sonra Allah yoluna gəlməyən şəxsin heç bir bəhanəsi ola bilməz. Çünki Allah hər bir işi hikmət üzündən görür. Kimsə özlüyündə bəhanə axtarıb tapsa, bu üzürlü qəbul edilməyəcək. Daha sonra isə peyğəmbərlərin öz vəzifələrini Allahın kitabı və qanunlarına əsasən yerinə yetirdikləri söylənilir. Onlar da məhz bu kitaba əsasən hərəkət edirdilər. «Nəhl» surəsinin 89-cu ayəsində deyilir: «...Biz Quranı sənə hər şeyi (dini hökmləri, halal-haramı, savab-günahı) izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik!» «Hədid» surəsinin 25-ci ayəsində deyilir: «And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzlərlə) göndərdik. Biz onlarla birlikdə (səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər...» Qiyamət günü də insanlar məhz bu kitab əsasında mühakimə olunub sorğu-suala çəkiləcəklər.

Deməli, əvvəldə deyilən sualın cavabı üçün birinci müqəddimə o oldu ki, Allah taala insanları yalnız Ona ibadət etmək üçün yaradıb və bu işdə peyğəmbərləri insanlara yol göstərən-bələdçi göndərmiş, onlar da Allahın kitabına əsasən hərəkət etmişlər.

İkinci müqəddimə isə bundan ibarətdir: Peyğəmbərlərin üç vəzifəsi vardır:

1 Risalət vəzifəsi.

Yəni, peyğəmbərlər insanları tövhid və təkallahlığa dəvət etməlidirlər. Peyğəmbərin bu vəzifəsi, risalət məqamı adlanır. «Nəhl» surəsinin 36-cı ayəsində deyillir: «Biz hər ümmətə: «Allaha ibadət edin, tağutdan çəkinin!»- deyə peyğəmbər göndərmişdik...» Allahdan qeyrisinə ibadət etmək, qarşısında baş əymək isə təbii ki, qadağandır. Səcdə yalnız Allaha məxsusdur.

Risalətin bir mənası da xəbər çatdırmaqdır. Peyğəmbərlərin risalət vəzifəsindən məqsəd də odur ki, onlar Allah tərəfindən insanlara xəbər çatdırmışlar. Peyğəmbər sözünün (fars sözüdür) mənası da məhz «xəbər aparan» deməkdir. «Ali-İmran» surəsinin 20-ci ayəsində deyilir: «(Ya Mühəmməd!) Kitab verilmiş şəxslərə və savadsızlara (ərəb müşriklərinə) de: «Siz də müsəlman (haqqa təslim) oldunuzmu?» Əgər islamı qəbul edərlərsə, doğru yola yönəlmiş olarlar, yox əgər üz döndərərlərsə, (sənə bunun zərəri gəlməz), sənin vəzifən ancaq (İslamı) təbliğ etməkdir. Allah şübhəsiz ki, bəndələrini görəndir». «Maidə» surəsinin 92-ci ayəsində isə deyilir: «...Bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq-aşkar təbliğ etməkdir». Əlbəttə, peyğəmbərlərin təbliği mütləq aydın şəkildə olmalıdır. Yox əgər hansısa bir peyğəmbər öz vəzifəsini, dəvətini camaatın başa düşmədiyi tərzdə həyata keçirərsə, təbii ki, bu, məqbul sayılmaz.

Risalətin üçüncü mənası odur ki, Allahın buyurduğu qayda-qanunlarda insanların başa düşmədiyi şeyləri onlara açıqlasınlar. Bu da peyğəmbərlərin vəzifəsidir. Qurana şərh verib açıqlamağa, təfsir etməyə yalnız Peyğəmbərin və onun icazə verdiyi şəxslərin səlahiyyəti çatır. Yoxsa elə belə deyil ki, ürəyi istəyən şəxs gəlib Qurana şərh versin. Hədisdə deyilir ki, Qiyamət günü Allah taala Quranı öz şəxsi fikrinə əsaslanıb təfsir edən şəxsin ağzına oddan qıfıl vuracaq. Axı kimin haqqı çatır ki, Allahın fikrini öz şəxsi fikrinə əsasən aydınlaşdırsın. Bunu yalnız Allahın Öz nümayəndələri deyə bilər. Və Allahın nümayəndələrinin də işi məhz bundan ibarətdir. Quran da buna şəhadət verir: «...Biz Quranı sənə nazil etdik ki, (onu) camaata (sən) başa salasan...». «Nəhl» surəsinin 64-cü ayəsində belə deyilir: «Biz Quranı sənə (şübhəli məsələləri sən) onlara açıqlayasan deyə nazil etdik».

2 İmamət vəzifəsi.

İmamət vəzifəsi peyğəmbərlərin hamısında olmamışdır. Peyğəmbərlərin əksəriyyəti yalnız risalət vəzifəsini daşımışdır. Lakin peyğəmbərlərdən beşi risalət vəzifəsilə yanaşı imamət vəzifəsinə də təyin edilmişdilər. Onlar Nuh (ə), İbrahim (ə), Mussa (ə), İsa (ə) və Mühəmməd (s) olmuşlar. İmamət vəzifəsinin mənası isə odur ki, peyğəmbər öz gətirdiyi qayda-qanunları camaat arasında icra etdirsin və təkcə sözlə, deməklə kifayətlənməsin. Adını çəkdiyimiz bu beş peyğəmbər «Ulul-əzm» peyğəmbərlər olmuşlar. Ulul-əzmin mənası da o deməkdir ki, onların risalət və imamət vəzifəsindən əlavə ümumdünya peyğəmbərləri olmuşlar. Buna «Əhzab» surəsinin 7-ci ayəsində işarə edilir: «(Ey Mühəmməd) Xatırla ki, biz peyğəmbərlərdən əhd almışdıq. Səndən də, Nuhdan da, İbrahimdən də, Musadan da, Məryəm oğlu İsadan da möhkəm bir əhd almışdıq». Məlum məsələdir ki, kimsə Öz nümayəndəsini bir yerə gndərərkən ona bəzi göstərişlər verir. Və təbii ki, Allah taala da əhd almaqla bu göstərişləri öz nümayəndələrinə-peyğəmbərlərə vermişdir. Yeri gəlmişkən həzrət Mühəmməd (s) buyurur: «Rəbbim mənə 40 il təlim-tərbiyə keçdi və sonra buyurdu ki, sən nə gözəl əxlaqa maliksən!». Bundan əlavə o həzrəti meraca aparmaqla da Allah taala Öz göstərişlərini Peyğəmbərə çatdırmışdır. Ayədə adı çəkilən beş peyğəmbərdən digər peyğəmbərlərlə müqayisədə daha möhkəm əhd alınması onların daha böyük məsuliyyət daşımasından xəbər verir. «Möhkəm əhd» ifadəsi onların imamət vəzifəsinə işarədir. Bunu Quranın özü də təsdiqləyir. «Bəqərə» surəsinin 124-cü ayəsində İbrahim Peyğəmbər (s)- in imamət vəzifəsi daşıması açıq-aşkar göstərilir: «İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi sınaqlarla) imtahana çəkdiyi zaman o, (bunları) tamamilə yerinə yetirdi. (Allah ona) «Səni insanlara imam təyin edəcəyəm»- dedi...» Baxın, imamət rütbəsi peyğəmbərlik vəzifəsindən daha çətin olduğuna görə Allah taala həmin beş peyğəmbərdən daha möhkəm əhd almışdır. Peyğəmbər yalnız Allahın qanunlarını çatdırır və camaatın ona əməl edib-etməyəcəyi onun işi deyil. İmamətdə isə məsələ tamam başqa cürdür. 124 min peyğəmbərdən beşi istisna olmaqla qalanları bu cür olmuşlar. Peyğəmbər olmaqla yanaşı həm də imam olmuş bu beş peyğəmbərin işi isə həddindən artıq ağır olmuşdur. Onlar təkcə Allahın qanunlarını camaata çatdırmaqla kifayətlənmirdilər. Camaatın hidayət olunması üçün onlar əllərindən gələni etməli idilər və etmişlər də. İndi isə gəlin nəzərə alaq ki, həzrət Mühəmməd (s) sonuncu peyğəmbər olmuş və daha ondan sonra peyğəmbər gəlməyəcəkdi. Belə olan halda Peyğəmbər vəfat etdikdən sonra bəs camaatı düz yola yönəltmək vəzifəsi kimin öhdəsinə düşməlidir?

Bunun üçün Allah taala çıxış yolu təyin etmişdir. Həzrət Mühəmmədin (s) vəfatından sonra ümmətə rəhbərlik məsələsi Allahın göstərişinə əsasən müəyyən şəxslərə həvalə edilmişdir. Əgər belə olmazsa, bəs onda Peyğəmbərin (s) 23 illik zəhməti puçmu olmalıdır? Əgər Peyğəmbər özündən sonranı fikirləşmirsə, nəyə görə camaatı İslam yolunda cihada çağırırdı? Bunları təkcə öz dövrü üçünmü edirdi, yoxsa, Qiyamətədək yaşayacaq İslam ümməti naminə? Təkcə öz dövrü üçün edirdisə, 23 ildən ötrü bu qədər əzab-əziyyət çəkməyə dəyərdimi? Xeyr, Peyğəmbər özündən sonranı çox yaxşı fikirləşmişdi və ümmətə rəhbərlik edəcək şəxsi də müəyyənləşdirmişdi. Ondan başqa heç kəsin buna səlahiyyəti çatmır və 5-10 nəfərin yığışıb nəsə qərar çıxarması peyğəmbərin vəzifəsi ilə uyğun gəlmir.

Necə ola bilər ki, Peyğəmbər (s) qısamüddətli hansısa bir səfərə gedərkən öz yerinə canişin təyin edir, amma bu dünyadan əbədi köçmək istərkən İslam ümmətini başsız qoyur? Bu, ağlasığanmı işdir?

Ümumiyyətlə, rəhbərlik məsələsi bilavasitə Allahın ixtiyarında olan bir işdir və yalnız Ona məxsusdur. Əgər Allah kiməsə bu ixtiyarı veribsə, deməli, bu iş Onun Öz razılığı ilə olub və başqa heç kəsin bu vəzifəyə sahib çıxmağa haqqı yoxdur. Əgər Peyğəmbərdən sonra müsəlmanlara rəhbərlik edəcək şəxsi bir necə nəfərdən ibarət şura müəyyənləşdirməlidirsə, bəs onda nəyə görə Peyğəmbər (s) həccətül-vidada (son həcc ziyarətindən qayıdarkən) müsəlmanlara rəhbər təyin edirdi? Nəyə görə Peyğəmbərin rəhbər təyin etdiyi bu şəxsi hamıdan qabaq həmin şuraya başçılıq edənlər təbrik edirdi?

Peyğəmbərdən sonra rəhbər olacaq şəxsi müəyyənləşdirməyin iki yolu vardır:

1.Allahın göstərişi ilə Peyğəmbər (s) şəxsən özü ondan sonra rəhbərlik edəcək şəxslərin bir-bir adını çəkməlidir.

2.Allahın göstərişi ilə Peyğəmbər (s) ondan bilavasitə sonra rəhbərlik edəcək şəxsi təyin edir və ondan sonrakı rəhbəri də təyin etmə səlahiyyətini özü təyin etdiyi şəxsin ixtiyarına qoyur. Peyğəmbər (s) bu iki yolun ikisindən də istifadə etmişdir. O həzrət buyurur: «Nə qədər ki, məndən sonra 12 xəlifə var, İslam həmişə yaşayacaq». Bu hədis «Səhihi Müslim»- də 3-cü cild, səh: 1453; «Səhihi Buxari»- də 9-cu cild, səh: 81, «Babül-istixlaf» və digər mötəbər kitablarda rəvayət olunmuşdur. İndi gəlin görək bu on iki xəlifə kimlərdir? Baxıb görürük ki, nə Raşidi xəlifələri, nə Bəni-Üməyyə xəlifələri, nə də Bəni-Abbas xəlifələri 12 nəfər olmamışlar. Yalnız Ali-Mühəmməddən (s) olan imamlardırlar ki, sayı bu rəqəmlə üst-üstə düşür. Başqa bir hədisdə isə Peyğəmbər (s) onların on ikisinin də bir-bir adını çəkir. Cabir ibn Abdullah Ənsari deyir: «Bir gün Peyğəmbərlə (s) bir yerdə oturmuşduq. Elə bu vaxt Cündəb ibn Cünadə ibn Cüneyd adlı yəhudi bizə tərəf gəlib Peyğəmbərə dedi ki, icazə ver səndən bir neçə söz soruşum. Peyğəmbər ona icazə verdikdən sonra onun suallarını dinləyib cavabını verdi. Həmin şəxs elə oradaca İslam dinini qəbul etdi. Müsəlman olduqdan sonra Peyğəmbərə dedi: Ya Rəsuləllah, səndən sonra sənin canişinin olub ümmətə rəhbərlik edəcək bir şəxs varmı? Peyğəmbər buyurdu ki, bəli, var. Həmin şəxs onun kim olduğunu soruşduqda Peyğəmbər (s) buyurdu ki, onlar 12 nəfərdirlər. Cündəb dedi ki, ya Rəsuləllah, onda yaxşı olar ki, sən onların adını mənə deyəsən, mən də tanış olub imkan daxilində onlara kömək edəm. Peyğəmbər (s) onların bir-bir adını çəkdi. On ikincinin də adını çəkdikdən sonra buyurdu: O, qeybə çəkiləcək, uzun müddətdən sonra zühur edib yer üzündə zülm və haqsızlıq baş alıb getdiyi kimi dünyanı haqq-ədalətlə dolduracaq. Və xoş o insanların halına ki, o, qeybdə olan müddət ərzində onun varlığına inanıb onu qəbul edəcək, bu yolda səbirli olacaqlar. Sonra isə Peyğəmbər (s) «Bu, heç bir şəkk-şübhə olmayan və müttəqilərə doğru yol göstərən kitabdır. O kəslər ki, qeybə inanar, namaz qılar və onlara verdiyimiz ruzilərdən infaq edərlər» ayələrini oxuyaraq bu ayələrin həmin şəxslər haqda olduğunu bildirdi».

Beləliklə də Peyğəmbər (s) ondan sonra ümmətə rəhbərlik edəcək şəxsləri hər iki yolla, həm hamının adını bir-bir çəkməklə, həm də yalnız özündən bilavasitə sonrakının adını çəkib sonrakıları müəyyənləşdirməyi isə ardıcıl olaraq həmin şəxslərin öz öhdəsinə buraxmaqla tanıtdırmışdır. Bilavasitə özündən sonrakı xəlifəni isə həccətül-vidada təyin etmişdir ki, bunu 110 səhabə, 84 tabe (tabe Peyğəmbəri görməyən, lakin Peyğəmbəri görmüş şəxsi görən adama deyilir) hədislərdə söyləmiş və 360 mötəbər kitabda da qeyd olunmuşdur. Bu gün necə olur ki, gündəlik namazların 17 rükət olduğunu gəstərən bir neçə hədisi qəbul edirik, amma 110 səhabə və 84 tabeinin söylədiyi, 360 mötəbər kitabın da qeyd etdiyi və Əlinin (ə) imamətini sübut edən hədisi qəbul etmirik? Qəbul ediriksə, gərək hər ikisini qəbul edək. Birini qəbul edib, digərini qəbul etməməyimizin səbəbi nədir?

Mərhum Fizuli deyir:

Düşdükcə yadimə ələmi dəşti Kərbəla

Könlüm fəqanü nalədə biixtiyar olur.

Gəldikcə yadimə ləbi xoşki şəhidi eşq

Bi ixtiyar çeşmi tərim əşkbar olur.

Əhli-beytin yad edib hər ləhzə abi-didəsin

Zaye olmaz əşk tökmək dideyi-xunbaridən.

Bu müsibət əşkinin hər qətrəsinə ruzi Həşr

Əcrdir min bəhri rəhmət İzədi Cəbbardən

İndi isə peyğəmbərlərin üçüncü vəzifəsini qeyd etmək istəyirəm. Lakin bundan əvvəl bir məsələyə diqqət etməliyik.

Alimlər hamı yekdilliklə qəbul edirlər ki, insanlardan heç birinin insanlıq baxımından başqasına üstünlük və ağalıq etmə hüququ yoxdur və hamı bərabərdir. Necə ki, bir çəllək su ilə bir stəkan suyun sulu olmaq baxımından heç bir fərqi yoxdur. Düzdür, müxtəlif cəhətlərə görə insanlardan biri digərindən üstün ola bilər, insanlıq baxımından isə hamı bərabərdir. Bu üstünlük və ağalıq Allaha məxsus olan bir cəhətdir. Allah taala da bunu Öz peyğəmbərinə vermiş, nəticədə digər cəhətlərdə olduğu kimi həzrət Mühəmməd (s) insanlıq baxımından da başqalarından üstün olmuşdur. Bunu Quran da təsdiqləyir: «Peyğəmbər möminlərə özlərindən daha yaxındır». («Əhzab» surəsi, 6-cı ayə.) Onu da qeyd etdik ki, Peyğəmbər (s) həm risalət, həm də imamət vəzifələrinə malik olduğu halda dünyadan gedərkən risalət qapısı əbədi olaraq insanların üzünə bağlanmış, imamət vəzifəsini isə İmam Əliyə (ə), o da ardıcıl olaraq növbəti imamlara həvalə etmişdir. Deməli, həzrət Əli (ə)- dan tutmuş 12-ci imama qədər heç biri imamət vəzifəsi baxımından Peyğəmbər (s) ilə fərqlənməmişlər. İndi isə gəlin peyğəmbərlərin üçüncü vəzifəsi ilə tanış olaq. Lakin bu mövzunun nisbətən elmi və bir az çətin olduğunu nəzərə alıb əziz oxuculardan diqqətli olmağı xahiş edirəm.

3 Nuraniyyət məqamı.

Ümumiyyətələ, nuraniyyət məqamı Allah taalanın mütləq vilayəti və rəhbərliyi deməkdir. Peyğəmbərlərin imamət məqamında da Allahın ağalıq və vilayətini qeyd etdik, lakin orada Allah Öz vilayətini Peyğəmbərin ixtiyarına, o da imamların ixtiyarına verir. Burada isə yalnız və sırf Allahın vilayətindən söhbət gedir. Bu, «vilayəti mütləqeyi-İlahi» (Allahın tam vilayəti) adlanır. Bunun mənası o deməkdir ki, Allah taala Öz vilayətini hər bir şeydə biruzə verib və məxluqatı tam ehtiva edir. İstər bu dünyada olsun, istərsə də axirət aləmində. «Hədid» surəsinin 4-cü ayəsində deyilir: «...Siz harada olsanız, O (Allah) sizinlədir...» Bu, Allahın insanları ehtiva etdiyini göstərir. Başqa bir ayədə isə bütün məxluqata olan ehtivadan danışılır: «(Ey Peyğəmbər!) Bil ki, həqiqətən O, (Allah) hər bir şeyi ehtiva edəndir» («Fussilət» surəsi, 54-cü ayə.) Lakin bunu da bilməliyik ki, bu ehtiva maddi bir şeyin digər bir şeyi ehtiva etməsi kimi deyil. Bunun üçün ümumiyyətlə heç bir, misal delə yoxdur. Lakin bunu nisbətən asanlaşdırmaq üçün bir-iki misal qeyd etmək olar. Ruh bütün bədəni ehtiva edir və bədənin harasına, məsələn, iynə batırılarsa, ağrıyar. Çünki oranı ruh ehtiva edir. Yaxud pambığı suya saldıqda zərrə qədər də olsa, onun quru yeri qalmayacaq. Çünki su pambığı tam əhatə edir. Lakin Allah taalanın məxluqatı ehtiva etməsi bundan da zərifdir. İndi deyəcəyim misal isə ilk iki misala nisbətən daha dəqiqdir. Dənizin sahilə yaxın dalğalarına dənizin öz ehtivası var. Yəni, dəniz suyu həmin dalğaları da ehtiva edir. Buna baxmayaraq həmin dalğalar dənizin özündəndir və dənizdən ayrı təsəvvür edilə bilməz. Əvvəlki misalda pambığın yaşlığı özündən deyildi və yalnız suya salındıqdan sonra su pambığı tamamilə ehtiva etdi. Burada isə dalğalar dənizin özündən olduğu halda yenə də dəniz həmin dalğaları ehtiva edir. Bu misal ilk iki misala nisbətən dəqiq olsa da amma Allahın məxluqata olan ehtivası kimi dəqiq deyil. Allahın məxluqatı ehtiva etməsi bundan qat-qat kamil və incədir. Quranda, hədislərdə, dualarda buna dəfələrlə işarə edilmşidir. «Kumeyl» duasında deyilir: «İlahi, Sənin nurun hər bir şeyi ehtiva edir». Dəniz olmadan dalğanı təsəvvür etmək qeyri-mümkün olduğu kimi, Allahın da nuru olmadan heç bir şeyin vücudunu təsəvvür etmək mümkün deyil. Yəni, bütün məxluqat Allahın Özündəndir və Allah onları tam əhatə edir. Əli (ə) xütbələrinin birində bu məsələyə toxunaraq buyurur: «Allah hər şeyin əvvəlidir, Ondan qabaq heç nə yoxdur. Hər şeyin sonu Odur, Onun isə sonu yoxdur». Əlbəttə, İmam Əlinin (ə) bu cümlə ilə nə demək istədiyini və bizlərin bunu başa düşməsi üçün gərək o həzrətin özü bunu izah edəki, bəlkə biz nəsə başa düşək. Əlbəttə, onda da başa düşəcəyimiz hələ zəmanət yoxdur.

İndi gəlin bu dediklərimizdən nəticə çıxaraq. Hər bir şeyin (və ya şəxsin) nuraniyyət məqamını tanısaq, deməli, Allahı tanıyacağıq. Allahı da tanısaq, deməli, hər bir şeyin nuraniyyət məqamını tanıyacağıq. Bu iki şey bir-birindən ayrıla bilməz və birini digərsiz təsəvvür etmək mümkün deyil. Necə ki, dalğanı dənizsiz təsəvvür etmək qeyri-mümkündür. Digər bir məsələ budur ki, hər bir şəxsin nuraniyyət məqamı həmin adamın qabiliyyət və ləyaqətindən asılıdır. Qabiliyyət və ləyaqəti nə qədər çox olarsa, nuraniyyət məqamı da bir o qədər çox olar. Nə qədər az olarsa, nuraniyyət məqamı da bir o qədər az olar. Buna Quranda da işarə olunmuşdur. «Hicr» surəsinin 21-ci ayəsində deyilir: «(Yerdə və göydə) olan şeylərin hamısının xəzinəsi Bizim yanımızdadır. Lakin Biz ondan ancaq müəyyən qədər endiririk». Bu ayəyə diqqət yetirdikdə öncə dediyimiz sözün həqiqət olduğunu görərik. Yəni, hər bir şəxsin nuraniyyət məqamı onun layiq olduğu qədərdir. Peyğəmbərlər, imamlar və övliyaların ləyaqət və şəxsiyyəti hamıdan çox və yüksək olduğundan, deməli, onların nuraniyyət məqamı da hamıdan böyükdür. Bu isə Quran və hədislərdə «xalis din» (təmiz din) adlanır. Gəlin bu rəvayətə nəzər salaq:

«Bir gün Salman Farsi ilə Əbuzər bir-biri ilə söhbət edirdilər. Əbuzər Salmandan soruşur: «Əlinin (ə) nuraniyyət məqamını necə başa düşürsən?». Salman onunla birlikdə Əlinin (ə) yanına gedib bu sualı onun özündən soruşmağı məsləhət görür. İkisi də Əlinin (ə) yanına gəlirlər. Əli (ə) onları gördükdə nə üçün gəldiklərini soruşur. Onlar da cavab verirlər ki, biz sənin nuraniyyət məqamının nə dərəcədə olduğunu soruşmağa gəlmişik. Əli (ə) onların bu işini bəyənib buyurur: «And olsun canıma, bunu bilmək bütün mömin kişi və qadınlara vacibdir. Kim imanının kamil omlasını istəyirsə, onda mütləq mənim nuraniyyət məqamımı olduğu kimi başa düşməlidir. Elə ki mənim nuraniyyət məqamımı layiqincə başa düşdü, onda Allah onun imanını yoxlamaq üçün qəlbini imtahana çəkər və qəlbini İslamı (həqiqəti) qəbul etmək üçün genişləndirər. Sonra həmin şəxs bəsirətli arif olar.»

Məlum məsələdir ki, məşuq öz aşiqini sınaqlara məruz qoyur. Əgər aşiq sınaqlardan üzüağ çıxarsa, onda Allah taala da həmin şəxsin qəlbini İslamı olduğu kimi başa düşmək üçün genişləndirər və onun şəxsiyyətini ucaldar. Hədisin davamında Əli (ə) buyurur: «Mənim nuraniyyətimi başa düşən şəxs Allahı tanıyar, Allahı tanıyan isə mənim nuraniyyət məqamımı dərk edər. Xalis din də məhz budur. Hansı ki, Allah taala buyurur: «Onlara yalnız öz dinlərində Allaha ixlasla ibadət və bəndəçilik etmək əmr olunmuşdur.»» («Bəyyinə» surəsi, 5-ci ayə.) Bu hədisdən belə nəticəyə gəlirik ki, dinin həqiqətini başa düşən şəxs Əli (ə)- ın nuraniyyət məqamını dərk edər. Əli (ə)- ın da nuraniyyət məqamını dərk edən şəxs dinin həqiqətini başa düşər. Digər bir məsələ də odur ki, Əli (ə) ilə Peyğəmbər (s)- in və eləcə də Əli (ə) ilə digər imamların heç bir fərqi yoxdur. Əli (ə) haqda deyilənlərin hamısı digər imamlara da aiddir. Onların bir-birindən əsla fərqi yoxdur. Həmçinin xanım Zəhra (s) və bütün peyğəmbərlər. Əlbəttə, bunu biz özümüzdən demirik. Həzrət Əli (ə) özü bunu hədisin davamında buyurur: «Ya Salman, ya Cündəb (Cündəb Əbuzərin əsl adıdır), Mən Mühəmməddənəm (s), Mühəmməd (s) də məndəndir. Ya Salman, ya Cündəb, mən öldürürəm, mən dirildirəm, amma Allahımın izni ilə. Mən sizə nə yediyinizi, evdə nələr yığıb saxladığınızı deyə bilərəm, lakin yenə də Allahın izni ilə. Mən qəlbinizdən keçənləri də sizə xəbər verə bilərəm. Mənim (nəslimdən olan) imamlar da belədir. Onlar da istədikləri vaxt bütün bunları yerinə yetirə bilərlər. Ey Salman, ey Cündəb, axı biz hamımız bir şeyik, əvvəlimiz də Mühəmməddir (s), ortancılımız da Mühəmməddir (s), sonuncumuz da Mühəmməddir (s) və siz bizdə heç bir fərq qoymayın. Ey Salman, ey Cündəb, budur mənim nuraniyyət məqamım! Elə isə ondan möhkəm yapışın! Çünki şiələrimizdən kimsə bizim bu nuraniyyət məqamımızı başa düşməsə, deməli, onun gözü hələ açılmayıb. Amma məni (nuraniyyət məqamımı) olduğu kimi başa düşsə, onda o, əsl bəsirətli arif olar. Ey Salman, ey Cündəb, mənimlə Mühəmməd (s) Allah taalanın nurundan bir hissə idik. Allah həmin hissəyə iki yerə bölünməyi əmr etdi. (İkiyə bölündükdən sonra) Allah bir hissəsinə buyurdu ki, Mühəmməd (s) ol, digər hissəsinə də buyurdu ki, Əli ol! Peyğəmbər (s) da buna görə buyurub ki, Əli məndən, mən də Əlidənəm».



Geri   İrəli
Go to TOP