A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əhli-Beytin (ə) məqamı
Müəllif: Əliəkbər Ocaq Nejad
Naşir: Qələm
Çap tarixi: 2005
Səhifələrin sayı: 148
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əli (ə) Fatimeyi Zəhranı (s) dəfn etdikdən sonra deyir: Ya Fatimə, mən evə getməyəcəyəm və burada oturacağam. Səndən soruşsalar ki, imamın kimdir? Deki, qəbrimin üstündə oturub ağlayır. O, mənim imamımdır.

Zəhra gözüm sataşmayacaq burda gözün nuruna.

Məmurlar gələndə suala hüzuruna.

Şirin dilin həqiqəti izhar edən zaman.

Allah ilə Peyğəmbərə iqrar edən zaman.

Növbə çatar imamına ey cani-cavidan!

Məzlum Əli idi qəbrim üstə verdi şam.

İnşaallah bizim hamımızı Allah müvəffəq etsin! Allah bizi Fatimənin (s) ardıcıllarından, ona əza saxlayanlardan qərar versin!

Yaxşı olar ki, hər bir müsəlman heç olmasa belə bir gecədə 2 rükət namaz qılıb o xanımın ruhuna hədiyyə etsin. Sonra isə o xanımın ruhuna 100 dəfə Salavat desin.

İMAM RZA (Ə)-IN ŞƏHADƏTİ

Bu gecə səfər ayının 29-u, İmam Rza (ə)- ın şəhadətinə təsadüf edir. O həzrət səfər ayının 29-u şəhid olub. Bu məclis Peyğəmbər (s), İmam Həsən (ə) və İmam Rza (ə)- ın adına təşkil olunub.

Ötən söhbətlərimizdə qeyd edildi ki, imam Hüseyn (ə) özü müqəddəs olduğu kimi hədəfi də müqəddəsdir. O, Allahın höccəti və İmam Həsəndən (ə) sonra 3-cü imamdır. Onun sözü Peyğəmbərin (s) sözü, Peyğəmbərin (s) sözü isə Allahın sözüdür. İmam Hüseyn (ə)- ın özü kimi səhabələri də müqəddəsdir. Onlar alim, ziyalı və şəxsiyyətli insanlardır.

Bəziləri belə düşünür ki, İmamın səhabələri onun qardaşları və bir neçə muzdlu işçiləri olduğundan onların heç bir fəziləti yoxdur. Lakin məsələ tamam başqa bir şeydir.

Bu səhabələr təqvaları, ağılları və öz ixtiyarları ilə İmam Hüseyn (ə)- ı seçib onu müdafiə ediblər. Özlərini Allaha qurban, Peyğəmbərə (s) fəda ediblər.

Dünən onlardan bir neçəsinin haqqında danışdıq. Bu gecə də İmamın hüzurunda şəhid olan həmin şəxsiyyətli, təqvalı səhabələrdən bir neçəsinin adını çəkmək istəyirəm.

Bu səhabələrdən biri Hürr ibni Yəzid Riyahidir. Hürr, İbni Ziyadın əmriylə İmamın yolunu kəsdiyi üçün İmam ona öz etirazını bildirdi. Hürr isə başını aşağı salıb heç bir söz demirdi. Sonralar isə o öz ağlı imanı, ixtiyarı və atasının göstərişi ilə İmama tərəf qayıtdı.

Hürr öz qəbilə adamları arasında böyük nüfuza malik, güclü bir şəxsiyyət idi. Bütün bunlara baxmayaraq o qumlar üzərində sürünə-sürünə İmamın hüzuruna gələrək tövbə etdi. İmam Hürrü qəbul etdikdən sonra o gedib meydanda şəhid oldu. Buradan belə bir sual çıxır. Allah hansı səbəbə görə Hürrü hidayət etdi ki, tövbə edərək belə bir şərəfə nail oldu? Böyük alimlər buna belə bir cavab yazırlar: Hürr imamət-vilayətin qarşısında çox ədəblə rəftar etdiyindən Allah onu bədbəxt etmək istəmədi. Bu ədəb nümunələrindən biri budur ki, Hürr İmam qoşunlarını müşayət edərkən öz dostları ilə gəlib bir yerdə mənzil saldılar. Orada Həzrət (ə) Hürrə buyurdu:

-Siz gedin orada namaz qılın, biz isə namazlarımızı burada qılacağıq.

Hürr bu sözdən çox utandı. Çünki onlar hamısı İmamı tanıyırdılar və bilirdilər ki, başqa məsələ altında, başqa adla, başqa bir iş görürlər. Hürr utandığından, xəcalətindən başını aşağı saldı. Sonra işarə ilə öz adamlarına bildirdi ki, gəlib İmamla birlikdə namaz qılsınlar. Həzrət isə ona buyurdu ki, namazlarını başqa bir yerdə qılsınlar. Hürr söylədi:

-Ağa, Sənin hüzurunda ikinci bir namaz təşkil edib imamlıq etmək mərifətsizlikdir. İcazə ver sənin arxanda namaza duraq.

O, burada öz ədəbini göstərdi.

Göstərdiyi ikinci ədəb nümunəsi isə budur: Karvan gəlib Mədinə və Kərbəla arasında olan yol ayrıcına çatdıqda Hürr yolu bağlayaraq dedi:

-Mədinəyə tərəf olmaz. Yalnız Kərbəlaya tərəf yol açıqdır.

İmam gördü ki, onları ölümə tərəf çəkirlər və bildi ki, Hürrün dəstəni artıq bədbəxt edərək cəhənnəmlik ediblər. Həzrət bilirdi ki, özü şəhid olub xoşbəxtliyə yetişəcək. Amma burada çox adamın əli İmamın qanına bulaşacaq. İmam onlara baxraq dedi:

-Anan matəmində otursun, nə istəyirsən? (Bu ifadəni ərəblər birinin digərinə acığı tutarkən, etiraz olaraq işlədərlər).

Hürr bu zaman çox şey edə bilərdi. Amma o heç bir reaksiya vermədən belə dedi:

-Ağa mən sənin adını xeyirdən başqa heç cürə dilimə gətirə bilmərəm, çünki, sənin anan Peyğəmbərin (s) qızı Zəhradır (s). Mən onun adını heç cürə dilimə gətirə bilmərəm.

Böyük alimlərdən biri yazır ki, Allah bu ədəbinə görə Hürrə qiymət verərək, onun bədbəxt insanlar arasında qalmasına razı olmadı. Allah onun bəsirətini açaraq hidayət etdi. Çünki həya və ədəb çox gözəl xislətdir.

Əli (ə) buyurur: «Həya və ədəb bütün xeyrlərin açarıdır».

Əgər insanda həya olsa bütün pisliklərdən uzaq olar. Ona görə də Allah Hürrə bu əcri verdi Allah Hürrə şəhadət bəxş etdi.

Yazırlar ki, Hürr şəhid olarkən İmam gəlib onun başı üzərində oturdu, üzündə ki, qanı əli ilə təmizləyərək bir ifadə işlətdi. Bu cümlə də bizə yadigar qalıb. Həzrət buyurur: «Sən hürrsən (yəni, azad insansan). Anan da adını Hürr qoyub. Sən həm dünyada hürrsən (azadsan, yəni heç bir şeyə bağlı olmadın) həm də axirətdə. Azad olduğun üçün bu həqiqətə çatmaqda heç bir şey sənə mane olmadı. Buna görə də axirətdə də hürrsən».

«Saffat» surəsinin 128-ci ayəsində Allah axirətdə azad olmanın mənasını «Qiyamət günü bütün insanları məhkəməyə çağıracaqlar. Bu məhkəməyə çağırılanlardan yalnız bir neçəsi istisna olunacaq. Onlar da axirətə azad gedən, ixlaslı, təqvalı insanlardır» belə izah edir.

Bu səbəbdən də İmam buyurur ki, sən dünya və axirətdə azadsan. Sənə heç bir sorğu-sual olmayacaq. O bir insandır ki, bu yolu məcburi seçməyib. Bir tərəfdə məqam, mənsəb, vəzifə olduğu balda digər tərəfdə ölüm var, qan var. Məhz belə bir şəraitdə o öz iradəsi və eşqiylə bu yolu seçib gedir.

İmam Hüseynin (ə) səhabələrindən ikincisi Coundur. Coun, Fəzl ibn Abbas adlı bir şəxsin qara dərili qulu idi. Əli (ə) onu pulla alıb azad etdikdən sonra onu Əbuzərə köməkçi verdi. Əbuzərr onu qəbul etdikdən sonra qalıb bir müddət Əbuzərlə işlədi. Üçüncü Xəlifənin dövründə üzə düz söz söyləməsi ucbatından onu Rəbəzəyə sürgün etdilər. Əbuzər sözü üzə deyən bir şəxs idi.

Peyğəmbər (s) buyurmuşdu: «Allah yer üzərində Əbuzər kimi düz danışan insan yaratmayıb. Bütün insanlar behiştin həvəsindədir. Amma Behiştin 4 nəfərə həvəsi var. Bunlar Əli (ə), Salman, Miqdad və Əbuzərdir».

Əbuzər belə şəxsiyyət idi. Haqq tərəfdarı olduğuna görə də onu sürgün etdilər. Hətta sürgün edərkən «haradan acığın gəlir?» - deyə soruşdular (bilirdilər ki, düz deyəcək). O, Rəbəzədən zəhləsi getdiyini bildirdi. Məhz buna görə onu Rəbəzəyə sürgün etdilər. Bir müddətdən sonra Coun geri qayıtdı, sonra Əli (ə) -in yanına gəlib dedi: Əbuzər ölüb, icazə ver sənə xidmət edim. Beləliklə Coun, Əli (ə)-a, sonra İmam Həsən (ə)-a, daha sonra isə İmam Hüseyn (ə)-a xidmət etdi. Aşura günü İmam Hüseyn (ə) -ın yanına gəlib meydana getmək üçün ondan izn istədi. İmam isə bildirdi:

-Sənin iznin artıq öz əlindədir. Bir vaxt sənin rahatlığın bizimlə idi. İndi ki, biz giriftar olmuşuq, daha sən də bizə görə giriftar olma. Sən artıq azadsan. Coun İmamın cavabında dedi:

-Mən, sizin xoş vaxtınızda süfrənizin başında oturub qarnımı doyururdum, amma indi ki, iş belə gətirib mən səni necə qoyub gedə bilərəm?! Ey Peyğəmbər balası, bilirsən ki, mən zənciyəm, bədənimdən xoşagəlməz iy gəlir, heç fəxr etməyədə şərafətli atam-babam yoxdur. Olar ki, mən də sənin hüzurynda şəhid olub bu şərafətə nail olum? Sən mənə lütf et, qoy bədənimdəki xoşagəlməz qoxu getsin, gözəlləşim və rəngim ağarsın. Mənim qara qanım sənin qanına qarışmayınca səndən ayrılmayacağam. Sonra ərəb dilində şer oxumağa başladı. Qılıncı götürüb meydana getdi və dediyinə əməl etdi. Ömrünün son saatlarında yerə yıxılmış halda İmam onun başının üstündə əyləşərək Counun istəkləri üçün Allaha belə dua edir: «İlahi, bunun qara rəngini ağart, bədəninin qoxusunu xoş ətirli et! Onu ən gözəl insanlarınla məşhur et və onu Peyğəmbər və Ali peyğəmbərdən ayırma!».

Tarixdə var ki, on gündən sonra onun cənazəsini tapırlar. Bu zamana qədər şəhidlərin bədənlərini bəzi tayfalar gəlib dəfn etmişdirlər.

İmam Bagir (ə) nəql edir: «Counun bədəni tapılarkən ağappaq idi və bədənindənə gələn xoş ətir ətrafı bürümüşdü. Coun İmaməti dərk edərək əbədi səadətə qovuşdu.»

İmamın səhabələrindən biri də Hənzələ ibni Səd Şəbanidir. Kufədə Həmdam adlı bir yerdə yaşayan üç qəbilədən biri Şəbandır. Hənzələ bu qəbilədən olan çox şəxsiyyətli, qariye-Quran və cəsarətli bir adam idi. İmamın yola düşdüyünü eşitdikdə gəlib ona qoşuldu. O, bu səfərdə İmama çox kömək oldu. Ömər Sədlə müzakirələrdə İmam Əbəlfəzl ağa ilə yanaşı onu da göndərirdi. Aşura günü o da İmamdan izn istədi. Əvvəl gedib qarşı tərəfin qoşununu moizə etdi. Sonra isə İmamın yanına gələrək dedi:

-Yəbnə Rəsulillah, indi icazə verirsən Allahın hüzuruna köçüb orada öz qardaşlarıma qoşulum? Həzrət buyurdu:

-Get! Sənin bu yolun dünya və dünyadakı hər bir yoldan yaxşı və xeyirlidir. Get əbədi olan səltənətə. (Yəni Kərbəlada şəhid olmaq əbədi və sonu olmayan səltənətə qovuşmaqdır.)

Hənzələ ağlaya-ağlaya xudahafizləşib ayrılaraq gedib şəhid oldu. Beləliklə o da öz iradəsi ilə ağadan icazə alıb, öz yolunu seçdi və gedib şəhid oldu.

Kərbəlada bu şərəfə nail olanlardan biri də İmamın Azərbaycanlı qulamibır. Yazırlar ki, türk dilli olan bu qül müsəlmanlar arasında şərafətli bir adam idi. Burada dahi şəxsiyyət Füzulinin «Hədiqətüs-süəda» kitabında bu şəxs haqqında yazdıqlarını qeyd etmək yerinə düşərdi. Füzuli yazır: «Kərbəla şəhidlərindən birinin adı Müslümdür. Bu Müslüm Azərbaycanlıdır. Müslüm meydanda bir qədər vuruşduqdan sonra atdan yıxıldı. Bu zaman İmam Hüseyn (ə) və Həbib ibn Məzahir onun başı üzərinə gəldilər. Müslüm gözünü açıb Həzrətə baxdı. İmam buyurdu:

-Mənim salamımı cənnət əhlinə çatdır və deki, mən də yaxın anlarda onlara qovuşacağam.» Füzuli burada bir beyt şer yazıb. Yazır ki:

Ey xoş ol saat ki, sərfe rahe-canan ola.

Göstərib aşiq vəfa məşuqinə qurban ola.

Deyir: Müslüm Həzrətə baxıb bu sözləri dedi. Gülümsündü və sonra şəhid oldu.

Füzuli qeyd edir ki, İmam sözünü qurtardıqdan sonra Həbib gəlib Müslümün başı üzərində dayanaraq dedi:

-Əgər mənim səndən sonra şəhid olacağını bilməsəydim xahiş edərdim ki, vəsiyyətini mənə edəsən. Amma mən tez bir zamanda səndən sonra şəhid olacağam. Müslüm Həbibə baxıb dedi:

-Yox, mənim sənə sözüm var. Əgər özünü zamanın imamına qurban verməsən orada sənə xeyri yoxdur. Vəsiyyətim budur ki, canını imama qurban ver, onu sənə tapşırıram. Həbib, məbada sağ qaldığın halda gözün önündə onu öldürsünlər. Bunları deyib gülümsəyərək şəhid oldu. İnsanın dünyadan gülə-gülə getməsi böyük şərafətdir. Bu hər adama nəsib olmur. Müslümün başı üzərində imamın gözü yaşardı və ağladı.

Kərbəlada İmam 4 yerdə ağlayıb. Onun ikisi Əbəlfəzl üçündür. Biri Əbəlfəzl döyüş üçün icazə istəyəndə digəri isə Əbəlfəzl ağanın başı üzərində. Üçüncüsü oğlu Əli-Əkbər icazə istəyərkən, dördüncüsü isə azərbaycanlı qulamın başı üzərində.

Kərbəlada nə ağın, nə qaranın, nə ərəbin, nə də əcəmin heç bir fərqi yox idi. Orada hamı eşqlə Allahı, Peyğəmbəri (s), Quranı və Əhli-beyti özünə hədəf seçmişdi. Əhli-beyt bayrağı altında döyüşənlər üçün milliyət, şəxsiyyət meyar deyildi. Burada meyar eşq və onun mənası idi.

Burada iki nəfər də Bəni-haşimidən qeyd edək. Bəni haşimdən olan Əbəlfəzl digərlərindən fərqlənmirdi. O, İmamdan izn istəyərkən onun ətəyindən yapışıb icazə istədi.

Yapışıb daməne mövlaye vəfadarımdan.

Elə bil hacı tutub Kəbənin astanından.

Şəbnəmi xiclət axır naleyi rüxsarından

Yusif heyrətdə qalıb qərmiye bazarından

Harda Yusif bu qədər qərmiye bazar eləyib.

Yazırlar ki, İmam çox şiddətlə ağlayaraq buyurdu:

-Qardaş axı sən ələmdarsan. Sən getsən, qoşun pərakəndə düşəcək. Əbəlfəzl ağa söylədi:

-Yəbnə Rəsulillah, ürəyim darıxır, qala bilmirəm. Xahiş edirəm mənə icazə ver. Bu həyatdan doymuşam. Bu həyatı istəmirəm. Qoy bu münafiqlərlə savaşıb onlardan şəhidlərin intiqamını alım, onları görən gözüm yoxdur.

Ağa ona su gətirməyə icazə verdi. Sudan qayıdarkən onu mühasirəyə aldılar. Qoşunla üzbə-üz dayanan Əbəlfəzl ağa bu şeri oxudu: «Məni ölümlə qorxudursunuz. Mən ölümdən qorxmuram, çünki, bu ölüm, izzətdir, ucalıqdır. Mənim canım Peyğəmbər və Ali peyğəmbərin qalxanıdır». Orada vurub bir qolunu kəsdilər. Ələmi o biri əli ilə tutdu. Sonra buyurdu: «Siz mənim əlimi kəssəniz də mən öz dinimdən, Peyğəmbər (s) və onun balalarından əl çəkməyəcəyəm. Son nəfəsimə qədər onları müdafiə edəcəyəm». Sol əlini də vurub kəsdikdən sonra öz-özünə xitab edərək dedi: «Ey mənim nəfsim, bu kafirlərdən qorxmursan. Mən sənə muştuluq verirəm ki, Allahın rəhməti sənə nazil olacaq. Bunlar öz zülmləri ilə mənim əllərimi kəsiblər. Pərvərdigara bunları cəhənnəmlik et. Mən öz imamımı axıra qədər himayə edəcəyəm.» Bunları deyib atdan yerə yıxıldı. Bu məqamda İmam onun başı üzərinə gəldi. İmam orada bir ifadəi işlətdi. Halbu ki, heç bir yerdə və heç bir kəsin başı üzərində onu deməyib. İmam ağlayaraq şerlər oxudu və əlini belinə qoyaraq dedi: «İndi hiss edirəm ki, mənim belim sındı.» İmam Əbəlfəzl ağanın cənazəsini götürüb xeymələrə tərəf apardı.

Həzrət Əli Əkbər ağa da belə idi. Əgər bir insanda iman olmasa heç vaxt deyə bilməz ki, mən ölümdən qorxmuram. Ölümdən qorxmamaq iki cürdür. Bir dəstə ölümü heç başa düşmür. Deyir ki, mən qorxmuram. Bir dəstə isə çox abid və zahid insanlardır. Bilirlər ki, o dünya bu dünyadan gözəldir. Ona görə də deyirlər ki, biz olümdən qorxmuruq. Həzrət Əli (ə) buyurur: «Uşaq anasının südünü yemək üçün axtardığı kimi mən ölümü axtarıram!» Camaata deyirdi: «Əgər bilsəniz öləndən sonra onlar nə görür, (qüssədən) heçnə yeməzdiniz» Əli (ə) bilirdi ki orada nə var. Odur ki, başına qılınc zərbəsi dəyərkən söylədi: «And olsun Kəbənin Allahına, dincəldim.»

Əbəlfəzl ağa deyəndəki mən ölümdən qorxmuram bilirdi nə deyir. Çünki İmam Tasua gecəsi onların hamısının cənnətdəki məqamlarını göstərmişdi. Bunlar bəsirət və elm üzündən deyirlər ki, biz ölümdən qorxmuruq.

Əli Əkbər ağa da Əbəlfəzl kimi idi. O necə danışıb, bu da elə danışıb. Hələ yolda İmam Əli Əkbərə dedi: «Belə bir yuxu gördüm. Gördüm ki biz gedirik. Ölüm də bizim arxamızca gəlir. Əli Əkbər soruşdu:

-Ağa haqq bizimlədir? İmam dedi:

-Haqq bizimlə, biz də haqqlayıq! Əli Əkbər dedi:

-Onda nə qorxusu var. Çünki, biz haqqla birik. İmam sevinclə buyurdu:

-Allahın sənə ən gözəl xeyir və savab əta etsin, ey oğul!»

Əli-Əkbər Aşura günü icazə üçün İmamın yanına gəldi. İmam ağlayaraq dedi:

-Sənin ayrılığın mənim üçün çətindir. Əli Əkbər söylədi:

-Ağa qoy qılınclar mənə doğrasın, amma islam və Əhli-beyt yolu aradan getməsin. Mənim canım sizin qalxanınızdır». Eynilə Əbəlfəzlin sözlərini təkrar etdi. İmam üzünü göyə tutub dedi: «İlahi, meydana bir cavan gedir ki, həm surətdə, həm əxldaqda, həm də danışıqda Peyğəmbərə (s) oxşayır. Biz Peyğəmbər üçün darıxanda Əli Əkbərin surətinə baxardıq.»

Əli Əkbərin meydanda atdan salındığını görən İmam meydana gələrək onun başı üzərində dayandı. Əli Əkbər üzünü İmama tutub dedi:

Ata, cəddim Peyğəmbər bir qabda mənə su verdi. Bundan sonra mən daha susuz olmayacağam. Sənin üçün də əlində bir qab su saxlayıb. Bunları deyib şəhid oldu. İmam əyilərək üzünü onun üzünə qoyub buyurdu: «Allah səni öldürənləri öldürsün! Nə səbəb oldu ki, bunlar Peyğəmğbərə və Əhli-beytə hörmətsizlik etdilər. Oğul səndən sonra kül olsun dünyanın başına».

Eynilə Əbəlfəzl dediklərini Əli Əkbər söylədi. Bu şəxslər hamısı canlarını Əhli-beytə qurban veriblər. Onlar bu yolu öz bəsirətləri və ağılları ilə seçiblər. Bu yola kor-koranə gəlməyiblər.

Bu gecə İmam Rza (ə)- ın şəhadət gecəsidir. Ümüdvarıq ki, İmam son nəfəslərində öz səhabələrinin başı üzərinə gəldiyi kimi, ölən zaman bizi də yaddan çıxarmaycaq. İmam Rzadan (ə) bir rəvayət nəql edib bəhsi tamamlayıram.

Musa ibni Səyyar nəql edir ki, İmam Rza (ə)- la Xorasana gəlirdik. Şəhərin divarları hələ görünmürdü. Gördük şəhərdən ağlaşma səsi gəlir. Yaxınlaşdıqda bir neçə nəfərin yığılıb birinin cənazəsi üzərində ağladığının şahidi olduq. İmam ilk dəfə idi ki, Xorasana gəlirdi. O yaxınlaşıb ölən şəxsin kürəyindən tutaraq onu sinəsinə tərəf yaxınlaşdırdı və yenidən yerə qoydu. Sonra üzünü mənə tutub dedi:

-Musa ibni Səyyar, bizim dostlardan dünyasını dəyişən hər hansı bir şəxsin cənazəsini biz müşayət etsək, Allah onun bütün günahlarını bağışlayar. Elə bil ki, dünyaya təzə gəlib. Qəbrin kənarında da İmam əlini cənazənin üstünə qoyaraq «ey filankəs, Allah sənə rəhmət etsin. Daha bundan sonra sənin vəhşətin və qorxun olmayacaq. Get Allahın cənnətnə daxil ol» -deyə söylədi:

Musa ibni Səyyar deyir ki, soruşdum:

-Ağa siz bu şəxsi haradan tanıyırsınız? İmam buyurdu:

-Bəs bilmirsən ki, şiələrimizin əməl dəftərini həftədə iki dəfə gətirirlər, Biz də oxuyuruq? Günah edənlər üçün kədərlənir, Allahdan onlara əfv diləyirik. Günah etməyənlər üçün sevinib onlara dua edirik. Mən, dəfələrlə əməl dəftərini oxuduğum bu şəxsi necə tanıya bilməyim?

İmam Bizim də istək və diləyimiz budur ki, axır saatlarımızda Əhli-beyt (ə) bizi yaddan çıxarmasın!

Hüseyn (ə) məclisində iştirak etmək böyük fəzilətə malikdir. Hədislərdə iki yerdə möminlərin aldığı nəfəslərin də ibadət olduğu göstərilir. Biri mübarək Ramazan ayı, digəri də Əhli-beyt, xüsusilə İmam Hüseyn (ə) əzasında iştirak edənlərin aldığı nəfəs. Digər bir rəvayətdə deyilir: «Bizim üçün (Əhli-beyt üçün əza məclisində) kədərlənən şəxsin çəkdiyi ah zikr, hər hansı bir səyi isə ibadətdir». Kimisi malı, kimisi canı, kimisi elmi və qələmi və kimisi də digər vasitələrlə bu yolda səy göstərir. Bütün bunlar əlbəttə ki, ibadətdir və heç biri unudulmaz, hamısı insanın nameyi-əmalında qeyd olunur. Qiyamətdə də buna görə bir çoxları peşman olacaq ki, nəyə görə bu kimi ibadətlərdən az yerinə yetirmişdir. İmam Rza (ə) buyurur: «Bizim haqqımız dirçəldilən məclisdə iştirak edən şəxsin qəlbi, bütün qəlblər ölən gün (qiyamətdə) sağ qalacaq»

Peyğəmbər (s), qızı Fatimeyi Zəhraya (s) buyurur: «Ey Fatimə, Hüseynə ağlayan gözlərdən başqa Qiyamət günü bütün gözlər ağlayacaq. Hüseynə ağlayan gözlər isə güləcək və onlar Cənnətlə mükafatlanacaqlar».

İmam Hüseynə (ə) heç bir səbəb olmadan ağlamaq, əza saxlamaq, qara geymək əlbəttə ki, mənasızdır. Lakin Peyğəmbər (s), İmam Əli (ə), xanım Zəhra (s) və digər imamlar o həzrətə əza saxlamağı lazım bilirsə, sözsüz ki, bu, həyata keçməlidir. Əhli-beytin paklığına Allah taala və Qurani-Kərim şəhadət verirsə və Əhli-beyt (ə) da İmam Hüseynə əza saxlamağı lazım bilirsə, artıq burada əzadarlığın mənasız olduğundan söhbət gedə bilməz. Belə olan halda İmam Hüseynə (ə) ağlamaq şərəfdir, səadətdir:

Hüseynin aşiqiyəm eşq izzətimdi mənim

Şüai-tələti şəmi-hidayətimdi mənim

Hüseynə ağlamasam, neylirəm bu gözləri mən

Bu şor göz yaşı şirindi, şərbətimdi mənim

Buna görə də dünya.nın istənilən yerində möminlər yığışıb İmam Hüseynə (ə) şerlər, mərsiyələr yazır, əza saxlayırlar. Bu, kiçik məsələ deyil. İmam Sadiq (ə) buyurur: «Kim Hüseyn haqda bir şer yazıb ağlaya və ya (kimisə) ağladsa, Allah taala cənnəti həmin şəxsə vacib edər və onun günahını bağışlayar». İmam Hüseynə (ə) əza saxlamağı Əhli-beytin özü istəmişdir. Əhli-beyt isə heç də adi şəxslər deyil. Hüseynə (ə) kor-koranə əza saxlamaq əlbəttə ki, bəyənliməz bir işdir. Lakin ağıllı insan bu yolda həqiqəti tapmalı və əzadarlığın kor-koranə deyil, məhz Peyğəmbər və Əhli-beytin istəyi ilə həyata keçdiyini bilməlidir. Əhli-beytin də paklığına Quran şahiddir və əgər onlar pak və müqəddəs şəxslərdirlərsə, deməli, heç vaxt səhv etməzlər və istəkləri də eynilə Allahın istəyidir. Yəni, onlar Allahın buyruqlarını layiqincə yerinə yetirmiş, bütün günahlardan uzaq olmuşlar. Əgər bu cür şəxslər İmam Hüseynə (ə) əzadarlıq etməyi lazım bilirsə, onda biz hansı əsasla əzanın yalnış və əbəs iş olduğunu deyə bilərik? Hədisdə deyilir ki, kim bir şəxsi şad edərsə, qəbir evində bu işin nəticəsi bir nur kimi cilvələnər. Ayətullah mərhum Şuştəri «Xəsaisul-Hüseyn» adlı kitabında deyir: «Bir nəfər adi mömin bir şəxsi sevindirdikdə Allah taala ona bu cür savab əta edirsə, gör xanım Zəhranı (s) sevindirən şəxsə Allah hansı savabı əta edər?! Hüseynə əza saxlayan şəxs də məhz xanım Zəhranı (s) sevindirir. Axı Hüseyn (ə) Zəhranın (s) balasıdır». Bax, möminlərin əza saxlamasının fəlsəfəsi də məhz budur. Hüseynə (ə) əza saxlayanlar heç də səhv etmirlər, əksinə, onlara irad tutanlar səhvə yol verirlər. Hüseyn (ə) əzadarı nə etdiyini çox yaxşı bilir. Belə məclislərdə iştirak etmək böyük qənimətdir. Allah taalanın da istəyi budur ki, möminlər hansısa bir işi görərkən bir yerə toplaşsınlar. İmama evdə də əza saxlamaq olar. Lakin hər bir işi dəstəcəm halda yerinə yetirmək tövsiyə edilir. Peyğəmbər (s) buyurur: «Ey insanlar, həmişə bir yerdə olun və heç vaxt parçalanmayın». Duanın da məhz cəm halda müstəcab olması hədislərdə vurğulanmışdır. İmam Sadiq (ə) buyurur: «Dörd nəfər bir yerə yığışıb Allaha dua edərsə, bir-birindən ayrılmamış Allah onların duasını qəbul edər. Ayrılıqda dua etdikdə isə belə olmaz». Budur vəhdətin mənası. O həzrət digər hədisdə buyurur: «Atam (İmam Baqir (ə)) hansısa çətinliklə qarşılaşdıqda, evdəkiləri bir yerə toplayıb dua edər, onlar da amin deyərdilər».

Behiştin yolu məhz İmam Hüseyn (ə) əzasından keçib gedir. İmam Hüseyn (ə) məclisi Cənnətin qapısıdır. Bunu sübut etmək üçün heç başqa məzhəblərin kitabına da baxmaq lazım deyil. Bizə bu barədə Peyğəmbərimiz (s), İmamlarımız və Əhli-beytdən yetişmiş hədislər kifayət edər. Bəzən hansısa müddəanı sübut etmək üçün digər məzhəblərin mötəbər kitablarından istifadə olunsa da, bu məsələdə buna heç bir ehtiyac yoxdur. Bir çox rəvayətlərdə qeyd olunur ki, hər bir şəxs əvvəla Quran oxuyub əməl etməli, sonra da Hüseynə əza saxlamalıdır! Başqa bir hədisdə isə deyilir: «Bizim tərəfdarlarımızdan kimsə Quran öyrənməsə, (təbii ki, bu işdə səhlənkarlıq etməmək şərti ilə) ona qəbirdə Quran öyrədilər». Bəli, Allahın göndərdiyi mələklər həmin şəxsə Quran öyrədərlər. Çünki Quran bilmədən kimsə Cənnətə daxil ola bilməz. Hədisin davamında deyilir ki, kimsə gözəl Quran oxuya bilə, lakin qəlbində Əhli-beyt məhəbbəti olmaya (təbii ki, burada da inadkarlıq və səhlənkralıq olmadan) həmin şəxsi də Bərzəx aləmində saxlayarlar və yalnız Əhli-beyt, xüsusilə Əmirəl-möminin Əlinin (ə) məhəbbəti qəlbinə yol tapdıqdan sonra onu Cənnətə buraxarlar. Çünki qəlbində Əli (ə) və Əhli-beyt (ə) sevgisi olmayan şəxsin Cənnətə daxil olması qeyri-mümkündür. Peyğəmbər buna and içmişdir.

İslam dünyasında fəlsəfi nöqteyi-nəzərdən Qurana yazılmış təfsirlər arasında avanqard olan «Əl-Mizan» təfsirinin müəllifi, Qərb dünyasının böyük filosofları daima qarşısında baş əyərək hüzurunda məktəb uşağı kimi oturan (mən şəxsən bunun şahidi olmuşam) dahi şəxsiyyət mərhum Əllamə Təbatəbai deyirdi: «Kərbəlada seyyid Cavad adlı bir natiq var idi. Onu moizə etmək üçün müxtəlif bölgələrə, hətta uzaq yerlərə də dəvət edərdilər. Günlərin birində onu Kərbəladan 10-15 kilometr aralıda yerləşən bir qəsəbəyə dəvət edirlər. Orada qaldığı bir neçə günü seyyid Cavad camaata moizə edir. Bir gün o, çox nurani bir qoca ilə dostlaşır. Bir az söhbətdən sonra bilir ki, həmin qoca başqa məzhəbdəndir. Bir gün ondan soruşur ki, ağa, sizin şeyxiniz –başçınız kimdir? O, şeyxlərinin kim və necə şəxs olduğunu tam təfərrüatı ilə seyyid Cavada deyir. Bir az keçdikdən sonra o da soruşur ki, seyyid, bəs sizin şeyxiniz kimdir? Seyyid Cavad cavab verir ki, bizim şeyximiz elə bir şəxsdir ki, harada çətinliyə düşdükdə onu çağırsan, dərhal köməyə çatar. Qoca soruşur ki, adı nədir şeyxinizin? Seyyid Cavad cavab verir ki, şeyximizin adi Şeyx Əlidir. Sonra seyyid Cavad həmin qəsəbədən gedir və daha qocadan xəbəri olmur. Bu hadisədən bir müddət keçdikdən sonra seyyid Cavad qoca dostunu görmək üçün həmin qəsəbəyə gəlir. Qocanın evinə gəlib qapını döyür. Qapıya gənc bir oğlan çıxır. Seyyid Cavad qocanın evdə olduğunu soruşduqda həmin gənc özünün qocanın oğlu olduğunu, atasının isə vəfat etdiyini bildirir. Seyyid Cavad da öz növbəsində özünü ona tanıtdırır. Seyyid Cavad sağollaşıb getmək istədikdə oğlan onu buraxmır və deyir ki, bu gecəni bizdə qonaq qal, sabah gedərsən. Seyyid Cavad razılaşıb gecəni orada qalır. Gecə yuxuda görür ki, qaranlıq bir dalandadır, dalanın bir başında isə gözəl bir bağ var. Özünü bağa yetirib görür ki, bir nəfər ayaq üstə dayanıb, iki nəfər isə əyləşmişdir. Ayaq üstə dayananın həmin qoca dostu olduğunu gördükdə soruşur ki, bura haradır və sən burada nə edirsən? Qoca cavab verir ki, bura mənim Bərzəximdir. Seyyid Cavad soruşur ki, nəyə görə irəli getmirsən? Qoca cavab verir: «Bu iki nəfər mənə icazə vermir. Mən öldükdən sonra mələklər məndən sorğu-suala başladılar. Cavab verə-verə gəlib «kimdir imamın?» sualına çatdım. Buna cavab verə bilmədikdə sənin «bizim Şeyx Əli hər bir yerdə köməyimizə çatar» sözün yadıma düşdü. Dərhal «Şeyx Əli, Şeyx Əli» deyə onu köməyə çağırdım. Elə bu an onun başımın üstündə hazır olduğunu gördüm. Məndən soruşdu ki, nə istəyirsən? Vəziyyətimi ona deyib bildirdim ki, səni mənə seyyid Cavad adlı bir şəxs tanıtdırmışdır. Bundan sonra o, həmin mələklərin əlindən tutub harasa apardı və onların əvəzinə bu iki nəfəri bura gətirdi. İndi bunlar Əlinin məhəbbətini mənə qəbul etdirmək üçün burada oturublar». Sonra üzünü seyyid Cavada tutub deyir: «Seyyid Cavad, düzdür, sən mənə dedin ki, şeyxinizin adı Əlidir, amma onun Əli ibn Əbutalib olduğunu axı mənə demədin».



Geri   İrəli
Go to TOP