A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İslam dunyagörüşü Əbədi həyat
Müəllif: Ustad Mürtəza Mütəhhəri
Naşir:
Çap tarixi: 2000
Səhifələrin sayı: 35
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


ƏBƏDİ HƏYAT

MÜƏLLİF: MÜRTƏZA MÜTƏHHƏRİ

BİRİNCİ FƏSİL

MƏAD

«Məad islam dünyagörüşünün bir hissəsini təşkil edir».

İslam dünyagörüşü prinsiplərinin bir hissəsində dinə [İslam dininə] olan etiaqdın əsasını təşkil edən «əbədi həyata və ya axirət dünyasına» olan imandır. Axirət dünyasına iman gətirmək müsəlmançılığın əsas şərtlərindən biridir. Yəni axirət dünyasına iman gətirməyən şəxs müsəlman ümmətindən xaric olmuş hesab olunur.

İlahi peyğəmbərlərin hamısı təkallahlıq və tohidə dəvət etdikdən sonra təbliğ etdikləri və insanların ona iman gətirmələrini istədikləri ilk şey məhz axirət dünyası olmuşdur. Kəlam alimləri bu prinsipi dini ədəbiyyata «məad» termini kimi daxil etmişlər.

Qurani-kərimdə axirət dünyası, məhşərdə aparılan sorğu-sual, cənnət və cəhənnəm, ölülərin məhşərə necə daxil olmaları, insanların əməl dəftərləri, axirət dünyasının əbədiliyi və bu kimi digər məsələlər haqda yüzlərlə ayə ilə qarşılaşırıq. Amma on bir ayədə məhz Allaha iman gətirdikdən sonra axirət dünyasına iman gətirməyin zəruriliyinə işarə edilmişdir. Onlardan biri də «Yəvmul axir» yəni, sonuncu gündür. Qurani-kərim bu ifadə ilə bizə iki mühüm məsələni bəyan edir:

1. İnsan həyatı, başqa sözlə desək, dünyanın qət etdiyi mərhələ iki qismə bölünür və onların hər birini «gün» kimi tanımalıyıq. Onlardan biri ilk olaraq başlayır və digəri başlamazdan əvvəl sona çatır (yaşadığımız aləm). Sonrakı gün isə ikinci mərhələ olaraq başlayır, amma birincidən fərqli olaraq sona çatmayır (axirət dünyası). Qurani-kərimin bəzi ayələrində bu dünya «Ula» – yəni əvvəl, axirət dünyası isə «Axirət» – yəni son kimi ifadə olunmuşdur.

2. Digəri isə bundan ibarətdir ki, biz ilk mərhələdə bu dünyanı qət edirik və hələ ki, ikinci mərhələyə (axirət dünyasına) çatmamışıq, o bizdən gizli və pünhandır. İstər bu dünyada, isətərsə də axirət dünyasında səadətimiz «axirət dünyasına» iman gətirməkdən asılıdır. Bu dünyanın səadəti ona görə axirətə olan imandan asılıdır ki, biz bu dünyada gördüyümüz bütün işlərin əksül-əməlinə diqqət yetirməli oluruq. Belə ki, insan bu dünyada gördüyü bütün işlərin hesabını axirət günü məhşərdə verməli olacaq. Demək heç bir şey məhv olub aradan getmir. İnsanın aqibəti kimi bütün işlərin də axirətdə müəyyən hesabatı olacaqdır.

Belə isə səadətə nail olmaq üçün ilk növbədə özümüzü islah etməyə və bütün xoşa gəlməz əməl və düşüncələrdən uzaq olmağa çalışmalıyıq. Daim yaxşılığa doğru getməli və xeyirxah addımlar atmalıyıq. Axirət dünyasının səadətinin axirətə olan imanla bağlılığına gəldikdə isə, bunu bilmək kifayətdir ki, insan axirətdə, bu dünyada gördüyü işlərin müqabilində cəzalandırılıb və ya mükafatlandırılacaqdır. Bütün bunları nəzərə alaraq Quran axirət dünyasına iman gətirməyi lazım və zəruri hesab etmişdir.

AXİRƏT DÜNYASINA İMANIN MƏNBƏ VƏ MƏNŞƏYİ

Axirət dünyasına olan imanın mənbə və mənşəyini hər şeydən əvvəl peyğəmbərlər tərəfindən bəşəriyyətə çatdırılan vəhydə görmək lazımdır.

Bəşər, Allahı tanıdıqdan sonra peyğəmbərlərin sədaqətinə iman gətirdi və bu həqiqəti dərk etdi ki, onlara Allah tərəfindən nazil olan vəhy məhz, həqiqətdir. Onlar Allahın vəhdaniyyətini bəyan etdikdən sonra bəşəriyyətə çatdıracağı ilk şey məhz axirət dünyası və öldükdən sonra yenidən dirilib məhşərə qayıtmaq – yəni «məad» olmuşdur. Bu səbəbdən də hər bir şəxsin axirət dünyasına iman gətirməsi (yəni, axirət dünyasına olan imanının az və ya çox olması) peyğəmbərlərə iman gətirmələri və onların sədaqəti ilə sıx əlaqəlidir. Digər tərəfdən də insanın ümumi dünyagörüşü və axirət dünyası haqda olan təsəvvürü mühüm amillərdən biri hesab olunur. Belə ki, insan axirət dünyası haqda düşünərkən bir çoxlarının düçar olduqları səhv tərz təfəkkürə və cəhalətə qatılmamalıdır.

Peyğəmbərlərin bəşəriyyətə çatdırmalı olduqları vəhy ilə yanaşı məada olan iman və etiqadın digər yolları da vardır. Belə ki, bəşəriyyətin əqli, fikri və elmi səyləri nəticəsində yaranmış ideya və məntiq peyğəmbərlərin məad haqda söylədiklərini təsdiq edir.

Və bu yollar:

1. Allahı tanımaqdan;

2. Dünyanı tanımaqdan;

3. İnsan ruh və nəfsini tanımaqdan ibarətdir.

Biz hələlik fəlsəfi və elmi bəhslərlə əlaqəli olan yollar haqda söhbət açamaq istəmirik və yalnız vəhy və nübuvvət (peyğəmbərlik) ilə mətləbi açıqlamaq istəyirik. Amma Quranın bu yollarla işarə etdiyini nəzərə alıb, bir qədər sonra «Quranın axirət dünyası haqda dəlilləri» adlı bir mövzu haqda söhbət açacağıq.

Haqqında söhbət açılması zəruri olan məsələ isə, islamın əbədi həyat və ya axirət dünyası haqda olan baxışı və ona olan münasibətidir. Və bunun özü bir neçə hissədən ibarətdir:

1. ölümün mahiyyəti;

2. ölümdən sonrakı həyat;

3. Bərzəx (dünya ilə axirət arasındakı mərhələ) aləmi;

4. Böyük qiyamət;

5. Dünyəvi həyat ilə ölümdən sonrakı həyatın əlaqə və rabitəsi;

6. İnsanın gördüyü işlərin təcəssümü, əbədiliyi və onun təsiri;

7. Bu dünyanın, axirət dünyası ilə oxşar və fərqli xüsusiyyətləri;

8. Quranın axirət dünyası haqda gətirdiyi dəlil və sübutlar;

İKİNCİ FƏSİL

ÖLÜMÜN MAHİYYƏTİ

ölüm nədir? ölüm fəna və yoxluq deməkdir, ya dəyişkənlik və bir aləmdən başqa bir aləmə köçmək?

Bu sual daim bəşəriyyətin diqqət mərkəzində olmuş və olmaqdadır və hər bir şəxs bu sualın cavabını birbaşa tapmağa və ya verilmiş cavablara iman gətirməyə meyl edir.

Biz müsəlmanlar Qurana iman gətirdiyimiz üçün bu sualın cavabını məhz buradan əldə edirik və orada deyilənlərə iman gətiririk.

Quran ayələrində ölüm özünəməxsus ifadə ilə «təvəffa» adlandırılmışdır. «Təvəffa»«istiyfa» sözlərinin hər ikisinin kökü «vəfa» kəlməsindəndir. Hər hansı bir şeyi nöqsansız olaraq əldə etdikdə ərəblər «istifa» felindən istifadə edirlər. Məsələn, «təvəffəytul malə» yəni «malı (hər hansısa bir şeyi) heç bir nöqsanı olmadan qəbul etdim.»

Qurani-kərimdə on dörd yerdə bu ibarət «ölüm» mənasında işlənmişdir. Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, ölüm Quran nöqteyi-nəzərindən təhvil almaq mənasını daşıyır. Yəni insan ölüm ayağında tamam vücudu ilə Allah məmurlarının [can alan mələklərin] ixtiyarında olur və onlar dünyasını dəyişən insanı [başqa bir aləmə] təhvil alırlar. Quranın bu ibarətindən bir neçə mətləb əldə etmək olur.

1. ölüm fəna və yoxluq deyildir, insan bir aləmdən başqa bir aləmə köçür və öz həyatını bir qədər fərqli olaraq davam etdirir.

2. İnsanın bədən üzvləri müəyyən müddət keçdikdən sonra təhvil alınmadan bu dünyada məhv olub aradan gedir. Onun şəxsiyyətinin mahiyyətini təşkil edən həqiqət [onun mənliyi] isə, əbədi olaraq qalır. Quran bu həqiqəti «nəfs» bəzən də «ruh» adlandırmışdır.

3. İnsan şəxsiyyətinin mahiyyətini təşkil edən və ona əbədilik bəxş edən nəfs və ya ruh məqam və dərəcə baxımından maddiyatdan daha üstün məqamda qərar tutmuşdur.

Ruh və ya nəfs təbiətin cövhəri təkamülünün məhsulu olsa da, təbiət ruh və ya nəfsə çevrildiyi cövhəri təkamülün nəticəsində vücudunun mahiyyəti və həqiqi məqam və dərəcəsi dəyişilərək bir qədər yüksək mərhələdə qərar tutmağa başlayır. Yəni başqa bir aləmin – metafizika aləminin varlığına çevrilir. İnsan öldükdə onun vücudunun bir hissəsini təşkil edən və maddiyyatdan fövqəladə üstün olan ruh və nəfsi ondan təhvil alınır.

Qurani-kərimin bəzi ayələrində elə bir mövzuya toxunulmuşdur ki, onu nə məada, nə də axirət dünyasına aid etmək olar. Allah-taala bu ayətlərin birində insan vücudunun su və gildən daha üstün bir həqiqətdən ibarət olduğuna işarə edir. Məsələn, Adəm (ə)-ın yaradılışını bəyan edərkən buyurur:

(Mən ona öz ruhumda üfürdüm). (Hicr-29).

İslam maarifinin əsas hissəsini təşkil edən məsələlərdən biri də, ruhun insan dünyasını dəyişdikdən sonra əbədi olaraq qalmasıdır. Quran ruhu bədəndən müstəqil və həqiqi bir varlıq hesab edir. Belə ki, bir çox ayələrdə ruhun, bədən məhv olub aradan getdikdən sonra axirət dünyasında öz fəaliyyətinə davam edəcəyinə işarə edilmişdir.

Bəziləri belə güman edirlər ki, Quran ruh və nəfsə heç bir əhəmiyyət verməyir. İnsan dünyasını dəyişdikdən sonra hər şey sona çatır. Yəni öldükdən sonra qiyamət gününədək idrak və şüur, əzab-əziyyət və ilahi nemətlərdən bəhrələnmək heç bir məna kəsb etməyir.

Amma axirət dünyasını bəyan edən bir çox ayələr bu nəzəriyyələri qətiyyətlə rədd edir.

Onlar «İsra» surəsinin 85-ci ayəsinə istinad edərək

«[Ya Məhəmməd!] Səndən ruh [ruhun keyfiyyəti və mahiyyəti] haqqında soruşarlar. De ki: «Ruh Rəbbimin əmrindəndir».

Quranda dəfələrlə ruha işarə edilmişdir, amma ayədən göründüyü kimi məqsəd tam başqa bir şeydir.

Onlar bunu bilməlidirlər ki, nəzərdə tutduqları mətləb Quranın iyirmiyə yaxın digər ayələridir. Əlavə olaraq qeyd etmək lazımdır ki, ruh həmən ayənin bəzilərində yalnız (ruh) bəzilərində isə «ruhəna» – ruhumuz, «ruhul-qudus» – müqəddəs ruh, «ruhi» - ruhum, «ruhən minəmrina» – ruh bizim və sair) formalarda gəlmişdir. O cümlədən insan haqda deyilir:

(Mən ona öz ruhumdan üfürdüm).

Bütün bunlar bir daha bu həqiqəti sübuta yetirir ki, Quran «ruh» adlı müqəddəs bir varlığı insan və mələklərdən daha üstün tutur. İnsan və mələklər ilahi feyzdən ruhlanırlar. «Hicr» surəsinin 21-ci və ruhu bəyan edən ayələrdən belə məlum olur ki, ruh maddi olmayan və müqəddəs bir varlıqdır. İndi isə dünyasını dəyişdikdən sonra insanın başqa bir aləmə köçəcəyini bəyan edən on dörd ayədən üçünə işarə etmək istəyirik.

(Mələklər öz nəfslərinə zülm edənlərin [Məkkədə kafirlər içərisində qalıb hicrət etməyənlərin] canlarını alarkən [onlara] deyəcəklər. «Siz [hicrət zamanı] nə vəziyyətdə idiniz?» Onlar söyləyəcəklər: «Biz yer üzərində zəif [aciz] kəslər idik!». [Mələklər də onlara]: «Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz?»-deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!) (Nisa-97).

Bu ayə fitnə-fəsad baş alıb getdiyi bir şəraitdə yaşayan kəslər barəsində nazil olmuşdur. Onlar özlərinə bəraət qazandırmaq üçün üzürxahlıq gətirərək deyirdilər: «Biz fitnə-fəsadın baş alıb getdiyi bir yerdə yaşayırdıq və əlimizdən heç bir şey gəlməzdi». Bir halda ki, yaşadıqları mühiti islah etməli, dəyişməli, bu iş mümkün olmadıqda isə oranı tərk etməli, mənəviyyatlarını qoruyub saxlamalı idilər. Dünyaları dəyişdirdikləri zaman mələklər ruhlarını təhvil alar və sonra onlardan sorğu-sual apararlar. Onlardan bu cavabı eşitdikdə onu əhəmiyyətsiz hesab edərlər çünki, islah apara bilməsəydilər də, heç olmasa oradan mühacirət edə bilərdilər. Mələklər onlara deyərlər: Düçar olduğunuz fəlakətlərin və günahların səbəbkarı siz özünüzsünüz və artıq üzürxahlıq yeri deyildir.

Ayədən məlum olur ki, çarəsizlik üzündən zülm və fəsada boyun əyməyi, azad yaradılmış insan üçün üzr hesab etmək olmaz. Heç olmasa yaşadığı yeri tərk edib ictimai ədalətə riayət olunan digər məntəqələrə hicrət etməlidirlər.

Göründüyü kimi, burada ölüm və fəna (təvəffa – təhvil almaq) mənasında işlədilmişdir. Bununla yanaşı ayədə mələklərin, insan dünyasını dəyişdikdən sonra onunla apardıqları sorğu-suala və dəlil gətirməsinin tələb olunmasına işarə edilmişdir. Təbii ki, əgər dünyasını dəyişdikdən sonra quru bir cəsədə çevrilib, müəyyən müddət keçdikdən sonra məhv olub aradan gedəcəkdirsə, onunla sorğu-sual aparmaq heç bir məna kəsb etməzdi. Demək insan dünyasını dəyişdikdən sonra axirət dünyasında başqa bir göz, qulaq, dil və sair bədən üzvləri ilə adi gözlə görünməyən mələklərlə təmasda olacaqdır.

«[Axirətə inanmayanlar] dedilər: «Məgər biz torpağa qarışıb yox olandan sonra yenidənmi yaradılacığıq?». Bəli, onlar Rəbbi ilə qarşılaşacaqlarını [qiyamət günü dirilib haqq-hesab üçün Allahın hüzurunda duracaqlarını] inkar edən kəslərdir.

[Ya Məhəmməd!] De ki: «Sizə müvəkkil olan ölüm mələyi [Əzrail canınızı alacaqdır. Sonar da [qiyamət günü] Rəbbinizin hüzuruna qaytaracaqsınız.»

(Səcdə 10-11).

Bu ayədə məad və axirət dünyasını inkar edən şəxslərə işarə olunmuşdur.

Onlar deyərlər: öldükdən sonra bədənlərimiz çürüyüb torpağa qarışdıqdan sonra yenidən necə dirilə bilərik?

Quran onların inadkarlıq üzündən gətirdikləri bəhanəni qətiyyətlə rədd edir və bu həqiqətin mələklər vasitəsilə baş verəcəyini bəyan edir. «Siz bütün vücudunuzla mələklərə təhvil veriləcək və onların ixtiyarında olacaqsınız.

O ki, qalıb çürəyərək məhv olub aradan gedən bədən üzvlərinə, bunu bilmək lazımdır ki, bədənlərin yox olub aradan getməsini biz belə düşünürük və onların bir daha bir yerə yığılması bizim nəzərimizdə çətin və bəlk də qeyri mümkündür? Elm və qüdrət hər şeyi əhatən edən aləmlərin Rəbbi üçün isə bunun qeyri-mümkünlüyü heç bir məna kəsb etməyir».

Məadı inkar edən şəxslərin irəli sürdükləri iddialardan biri də budur ki, çürüyüb aradan getmiş, pərakəndə şəkildə ətrafa səpələnmiş bədən üzvləri bir daha bir-birləri ilə necə birləşə biləcəkdir? Bir insan kimi həqiqi şəxsiyyət və mahiyyətimiz məhv olub aradan getməyirmi?

Quran onlara birbaşa cavab olaraq deyir: Güman etdiyiniz əksinə olaraq sizin insani şəxsiyyətiniz dünyanızı dəyişdirdiyiniz ilk andan mələklərin ixtiyarına geçir və heç vaxt məhv olmayır. Və belə olduğu bir halda bir daha onları tapıb bir yerə yığmağa ehtiyac duyulmayır.

«Allah [əcəli çatan şəxslərin] canlarını onlar öldüyü zaman, ölməyənlərin [hələ əcəli çatmayanların] canlarını isə yuxuda alar [çünki yuxu da ölüm kimi bir şeydir, yuxu zamanı ruhun bədənlə əlaqəsi kəsilir]. ölümünə hökm olunmuş şəxslərin canlarını [ruhlar aləmində] saxlayar [onların ruhu bir daha bədənlərinə qayıtmaz, beləliklə də, bədən ölüb gedər]. Digər [ölümünə hökm olunmamış] şəxslərin canlarını isə müəyyən bir müddətədək [əcəlləri gəlib çatıncaya qədər yuxudan oyandıqda bədənlərinə] qaytarar. Həqiqətən bunda düşünən bir qövm üçün [Allahın hər şeyə qadir olmasına, qiyamət günü ölülərin diriləcəyinə dəlalət edən] əlamətlər vardır.» (Zumər-42).

Bu ayədə yuxu ilə ölümün oyanış ilə sonucu besətin (insanların qəbrlərdən çıxarılması) oxşarlığına işarə olunmuşdur. Yuxu – ölümün zəif və kiçik, ölüm isə yuxunun böyük və güclü formasıdır. Hər iki halda ruh bədəndən ayrılıb başqa bir aləmə qovuşur. Fərq yalnız bundan ibarətdir ki, insan yatarkən heç nəyin fərqinə varmayır və oyandığı zaman kiçik səfərdən qayıtdığını dərk etməyir. Dünyasını dəyişdikdə isə artıq hər şey ona məlum olur.

İşarə etdiyimiz bu üç ayədən məlum olur ki, Quran ölümü heç də fəna və yoxluq hesab etməyir. ölüm burada insanın bir aləmdən başqa bir aləmə köçməsinə bənzədilmişdir. Bununla yanaşı yuxu haqda da dəyərli məlumat verilir. Məlum oldu ki, yuxu ilk baxışda təbiətin müvəqqəti sükut və dayanşışına bənzəsə də, ruhi nöqteyi-nəzərdən batinə və ilahi aləmə edilən bir növ müvəqqəti müraciətdir. Yuxu da ölüm kimi elmin kəşf edə bilmədiyi sirlərdən biridir. Elmə məlum olan yalnız bədəndə baş verən bəzi cərəyan və dəyişikliklərdir.

ÜÇÜNCÜ FƏSİL

ÖLÜMDƏN SONRAKI HƏYAT

İnsan, dünyasını dəyişdikdən sonra fasiləsiz olaraq axirət dünyasına qovuşur, yoxsa müəyyən mərhələ keçdikdən və qiyamət baş verdikdən sonra buna nail olur? (Sözsüz ki, qiyamətin nə vaxt baş verəcəyi yalnız Allaha məlumdur. Bu haqda hətta peyğəmbərlərin belə, məlumatı olmamışdır). Bu barədə nazil olmuş bir çox Quran ayələrindən, peyğəmbər və imamlardan nəql olunmuş mütəvatir hədislərdə dünya ilə qiyamət arasındakı aləmə (bərzəx aləminə) işarə olunmuşdur. Qiyamət günü təbiətdə bəzi dəyişikliklər baş verəcəkdir. Hər şey dəyişiləcək və heç bir varlıq olduğu kimi qalmayacaqdır. Qiyamət günü dünyaya gəlmiş ilk və son varlıq bir yerə toplanacaqdır. Biz aləmin vahid nizam üzrə hərəkət etdiyini və hərəkəti öz axarı ilə davam etdiyinin şahidi oluruq. Bəlkə də bundan sonra da yer üzünə milyonlarla insan gələcək və bizlər kimi müəyyən müddət ərizində yaşayıb qiyamət günündən əvvəlki dünyalarını dəyişəcəkdir. Quran ayələrindən belə məlum olur ki, insan dünyasını dəyişdikdən sonra qiyamət gününədək özünü boşluqda hiss etməyəcəkdir. Heç də belə düşünmək olmaz ki, insan dünyasını dəyişdikdən sonra heç bir şey hiss etməyəcək. O, nə sevinclə qarşılaşacaq, nə kədərlə və nə də əzabla. Xeyr! Bu bir həqiqətdir ki, dünyasını dəyişmiş hər bir şəxs başqa bir aləmdə saxlanılacaq və orada dünyada gördüyü işlərə müvafiq olaraq ilahi nemətlərlə mükafatlanacaq və ya əksinə olaraq əzab və əziyyətə (kədər və qüssəyə) düçar olacaqdır. Bu mərhələ qiyamət gününədək davam edəcəkdir. O gün yer və göylərdə olan bütün varlıqlar öz nizamından çıxacaq və bir an içində böyük dəyişikliklər baş verəcəkdir. Bu mərhələ hamı üçün dünya ilə axirət arasında olan orta mərhələ hesab olunur.

Demək Quran insanın bu dünyadan sonrakı həyatını iki mərhələyə bölür. Başqa sözlə desək, insan dünyasını dəyişdikdən sonra iki mərhələ qət etməli olacaqdır. Biri bu aləm kimi sonu olan «bərzəx» aləmi, digəri isə sonu olmayan «axirət» dünyasıdır.

BƏRZƏX ALƏMİ

İki şeyin arasındakı maneə və ya fasiləyə bərzəx deyilir. Qurani-kərim bu dünya ilə qiyamət gününədək olan fasiləni bərzəx adlandırmışdır. «Muminun» surəsinin 100-cü ayəsində deyilir:

«Bəlkə [indiyə qədər] zay etdiyiniz ömrün müqabilində yaxşı bir iş görüm! [Yaxud bu günə qədər tərk etdiyim imanı qayıdıb saleh bir əməl edim!] Xeyr, bu, onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib [haqq-hesab üçün Allah hüzurunda] duracaqları günə [qiyamət gününə] qədər maneə [öldükdən sonra qiyamətədək qalacaqları bərzəx aləmi] vardır.»

Bu dünya ilə qiyamət arasında olan fasiləni (bərzəx aləmini) bəyan edən bir neçə Quran ayəsi vardır. Bu ayələrə istinad edərək islam alimləri belə bir nəticəyə gəlmişlər ki, dünya ilə qiyamət arasında başqa bir aləm vardır və onun adı «bərzəx aləmidir».

Ayənin məzmunundan belə məlum olur ki, insanlardan bəziləri dünyalarını dəyişdikdən sonra dünyada gördükləri nalayiq işlərə görə peşimançılıq çəkər və yenidən dünyaya qayıtmaq istərlər, amma onların istəkləri qəbul olunmayıb rədd cavabı alarlar. Qurani-kərimdə bərzəx aləmi və oranın sakinlərinin vəziyyətini bəyan edən on beş ayə mövcuddur və bu ayələr bir neçə qismə bölünür.

1. Mələklərin, [dünyalarını dəyişdikdən dərhal sonra] əməli-saleh və fasid, günahkar insanlarla apardıqları söhbətlər bu qəbildən olan ayələrə Quranda çox rast gəlmək olur. Bir qədər əvvəl işarə etdiyimiz «Nisa» surəsinin 97-ci və «Muminun» surəsinin 100-cü ayəsi həmən ayələrə dəlalət edir.

2. Mələklərin əməli-saleh insanlara verdikləri müúdələr haqda nazil olmuş ayələr. Yəni əməli-saleh insanlar bərzəx aləminə daxil olduqdan sonra mələklər onlara ilahi nemətlərlə (cənnət) bəhrələnəcəklərini və qiyamət intizarında olmayacaqlarını xəbər verərlər. Bu məzmunda iki ayə nazil olmuşdur.

«O kəslər ki, mələklər onların canlarını pak olduqları halda alıb: «Sizə salam olsun! Etdiyiniz [gözəl] əməllərə görə Cənnətə daxil olun! - deyərlər.»

(Nəhl-32).

«[Antakiyalılar bu sözü eşidən kimi Həbib Nəccarı daşqalaq edib öldürdülər]. Ona [şəhid olduğu üçün Allah dərgahından] «Cənnətə daxil ol!» - deyildi. [Həbib Nəccar Cənnətə daxil olub oradakı nemətləri, hörmət-izzəti gördükdən sonra] dedi: «Kaş qövmüm biləydi ki, Rəbbim məni niyə bağışladı və nəyə görə hörmət sahiblərindən etdi.»

(Yasin 26-27).

Bundan əvvəlki ayələrdə mömin və əməli-saleh bir şəxsin Antakiya şəhərində yaşayan yerlilərinin haqq yola gəlmələrini və peyğəmbərə iman gətirmələrini istəməsi bəyan olunur. Amma onun sözünə kimsə əhəmiyyət verməyir və amansızcasına qətlə yetirilir. Şəhadətə nail olduqdan sonra ilahi nemətlərlə bəhrələndiyini görüb həsrətlə öz xoşbəxt həyatında agah olmalarını və eyni zamanda bunu onlara da arzu edir. Məlum olduğu kimi, bütün bunlar qiyamət günündən əvvəl baş verəcəkdir və o gün dünyaya gəlmiş ilk və sonuncu şəxs [məhşərdə] bir yerə toplanacaq və yer üzündə kimsə qalmayacaqdır.

Bu məsələyə diqqət yetirmək lazımdır ki, əməli-saleh mömin insanlara nəsib olacaq cənnət deyil – cənnətlərdir. Belə ki, axirət dünyasında cənnətin bir neçə təbəqəsi vardır və oranın hər birində iman baxımından bir-biri ilə fərqlənən möminlər, əməli-saleh insanlar, xeyirxah işlər görənlər, alim və şəhidlər və sair sakinlər olar. Bundan əlavə Əhli-beyt (ə)-dan nəql olunmuş hədislərdən bizə belə məlum olur ki, cənnətin bəzi təbəqələri axirət aləminə deyil, bərzəx aləminə aiddir. Bütün bunları nəzərə alaraq, yuxarıda qeyd olunan ayələrdəki cənnət kəlməsini axirət dünyasının cənnətləri ilə əlaqələndirmək olmaz.

3. Üçüncü qismə bölünən ayələrdə artıq mələklərlə insanlar arasında baş verən söhbətlərə toxunulmayır. Burada bir-başa əməli-saleh və günahkar (fasid) insanların aqibəti bəyan olunur.

«Allah yolunda öldürülənlərin [şəhid olanları heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub, ruzi [cənnət ruzisi] yeyirlər.»

«Onlar Allahın öz mərhəmətindən onlara bəxş etdiyi nemətə [şəhidlik rütbəsinə] sevinir, aralarınca gəlib hələ özlərinə çatmamış [şəhidlik səadətinə hələ nail olmamış] kəslərin [axirətdə] heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.»

(Ali-imran 169-170).

«Sonra Musanı və qardaşı Harunu ayələrimizlə və [vəhdaniyyətimizi sübut edən] açıq-aşkar bir dəlillə göndərdik.

Firon və onun əyan-əşrafının yanına. Onlar iman gətirməyi təkəbbürlərinə sığışdırmayıb özlərini yuxarı tutan camaat olaraq qaldılar [yaxud Misirdə hakim olduqları İsrail oğullarına əzab-əziyyət verməkdə davam etdilər].»

(Muminun 45-46).

Ayə Fironun iki növ əzaba düçar olacağını bəyan edir. Onlardan biri «suul-əzab» – yəni ağır və dözülməz əzab adlandırılmışdır. Belə ki, hər gün iki dəfə cəhənnəm odunun qarşısına gətirilər, bir qədər qorxudulduqdan sonra oraya daxil olmadan geri qaytarılar. Düçar olacağı ikinci növ əzab isə qiyamət gününə aiddir. Quran bu əzabı «əşəddül əzab» – yəni şiddətli əzab adlandırır. Qiyamət gününün hökmü verildikdən sonra onlar Allahın əmri ilə cəhənnəm oduna daxil edilərlər. Birinci növdə, ikinci əzabın əksinə olaraq səhər-axşam əzab yad olunar. Əli (ə) ayənin təfsirində buyurur: «Birinci növ əzab bərzəx aləminə aiddir. Belə ki, orada da gecə və gündüz, həftə, ay və il vardır. İkinci növ əzab isə axirət dünyasına dəlalət edir və orada gecə və gündüz, həftə, ay və il dövranı baş verməyir».

Peyğəmbər (s) və digər İmamlardan (ə) nəql olunmuş hədislərdə bərzəx sakinlərinin aqibətinə dəfələrlə işarə olunmuşdur. Müsəlmanlar Bədr döyüşündə qalib gəldikdən sonra Qüreyş sərkərdələrinin cəsədlərini döyüş meydanındakı xəndəklərdən birinə tökdülər. Peyğəmbər (s) üzünü cəsədlərə tutub soruşdu: «Biz Allahın bizə vədə verdiklərinin şahidi olduq. Sizdəmi Allahın vədələrini dərk etdiniz?» Əshabdan bəziləri Peyğəmbərdən (s) soruşdu: Ya Rəsulullah! ölülərləmi danışırsınız? Məgər onlar sizin söylədiklərinizi dərk edirlərmi? Buyurdu: «İndi onlar sizdən yaxşı eşidirlər».

Bu məzmunda nəql olunmuş bir çox hədislərdən belə məlum olur ki, insana dünyasını dəyişərkən can ilə bədən arasında ayrılıq düşsə də, ruh illər boyu birgə olduğu bədəni tamamilə tərk etməyir.

İmam Hüseyn (ə) Məhərrəmin onuncu günü sübh namazını əshabı ilə birlikdə qıldıqdan sonra onlar üçün kiçik bir xütbə oxudu. Xütbədə deyilir: «Azacıq səbr edib müqavimət göstərin. ölüm sizi əzab-əziyyətdən xoşbəxtlik sahilinə çatdıran bir körpüdür. O, sizi gen və əzəmətli cənnətlərdən keçirəcəkdir».

Başqa bir hədisdə deyilir: «İnsanlar bu dünyada qəflət yuxusundadırlar. Dünyalarını dəyişərkən oyanarlar».

Hədisin məzmunu bundan ibarətdir ki, axirət həyatı bu dünyada dərəcə baxımdan daha üstün və daha kamildir. Belə ki, insan yatarkən hissiyyatı ən zəif dərəcəyə enir. O, yarı ölü, yarı diri bir varlığa çevrilir. Oyanarkən onun fəaliyyəti daha da kamilləşir. İnsanın dünyəvi həyatı da axirət dünyası ilə müqayisə etdikdə olduqca zəif hesab olunur. Bərzəx aləminə köçdükdə isə, onun həyatı bir daha kamilləşir. Burada iki mühüm məsələyə diqqət yetirmək lazımdır.

1. Nəql olunmuş hədis və rəvayətlərdən belə məlum olur ki, bərzəx aləmində yalnız insandan iman gətirməsi lazım olan məsələlər soruşulacaq. Digər məsələlər isə qiyamət gününə saxlanılacaqdır.



  İrəli
Go to TOP