A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi səadət yolu
Müəllif: İmam Ruhullah Musəvi Xomeyni
Naşir: Şəhriyar
Çap tarixi: 2009
Səhifələrin sayı: 100
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Əgər dünyaya məhəbbət varınızdırsa, onu kəsməyə çalışın. Dünya, bütün bu zər-zivərləri, zahiri cilvələri ilə yenə sevilməyə layiq deyil. Onda ki, qala insan, bu zahiri yaşayışdan da məhrum ola. Sizin dünyadan nəyiniz vardır ki, ona da ürək bağlayasınız? Sizsiniz, bir də bu məscid, mehrab, mədrəsə, ya da evin küncü. Məscid və mehrab üstündə bir-birinizlə çəkişib, ixtilaf yaradıb, cəmiyyəti fəsada çəkməyiniz düzdürmü? Bundan əlavə, dünya əhli kimi asayiş və rifahla yaşayışınız olsa və ömrünüzü eyş-işrətdə keçirsəniz belə, ömür başa çatdıqda bunların şirin bir yuxu kimi ötüb keçdiyini, bütün aqibət və mə’suliyyətlərin isə həmişə sizin üzərinizdə qaldığını görəcəksiniz. Zahiri şirinliyi ilə tez ötüb keçən bu həyatın, nəhayəti olmayan əzabın qarşısında, nə dəyəri vardır? Dünya əhlinin əzabı bə’zən sonsuzdur. Bundan əlavə, dünya əhli, dünyaya əl tapıb, onun bütün dad və mənfəətlərindən bəhrələndiklərini xəyal edirlər. Amma belə deyil, onlar qəflətə və səhvə düçar olublar. Hər kəs dünyaya öz yaşadığı mühit və məhəldən baxır, xəyal edir, dünya elə budur ki, var! Bu cismlər dünyası, bəşərin onu tanıdığını, onu kəşf və seyr etdiyini təsəvvür etdiyindən çox-çox genişdir. Bu dünya, bütün alət və vəsaitləri ilə, rəvayətdə gəlib: "ما نظر اليها نظررحمة" "(Allah dünyanı yaratdığı vaxtdan) ona rəhmət nəzəri ilə baxmayıb."[47] Ona görə də gərək görəsən ki, Allah Təbarək və Təalanın rəhmət nəzəri ilə baxdığı başqa aləm necədir? Allahın, insanı ona dəvət etdiyi “əzəmət mə’dəni” nədir və necədir? Bəşər, “əzəmət mə’dəninin” nə olduğunu başa düşməkdən çox kiçikdir.

Siz öz niyyətinizi xalis, əməllərinizi saleh etsəniz, xudxahlıq və dünya məhəbbətini ürəyinizdən çıxartsanız, ali məqamlar, üstün dərəcələr sizin üçün hazırlanar. Dünya və onun zahiri cilvələrinin, Allahın saleh bəndələri üçün nəzərdə tutulmuş məqam müqabilində, bir qara qəpik qədər də dəyəri yoxdur. Belə bir ilahi məqama çatmağa çalışın. Özünüzü islah edə bilsəniz və irəli gəlsəniz, bu ali məqama və uca dərəcəyə də e’tinasız olun və Allaha bu məqama çatmaq üçün ibadət etməyin, bəlkə ibadətə layiq olduğu üçün, ibadət edin və onu çağırın! Onun qarşısında səcdə edib, üzünüzü torpağa sürtün. O vaxt siz, “nur pərdələrini” keçib, “əzəmət mə’dəninə” qovuşmağa yol taparsınız. Siz, hal-hazırda olan bu əməl və davranışınızla,  getdiyiniz yolla belə bir məqama çata bilərsinizmi? İlahi keçidlərdən nicat və qorxulu aqibətlərdən, cəhənnəm atəşindən qaçmaq, asanlıqla mümkün olacaqmı? Siz pak imamların (ə) ağlamaqlarını və imam Səccadın (ə) nalələrini, tə’limdən və başqalarına öyrətməkdən ötrü olduğunu fikirləşirsiniz? (Heç də belə deyil.) Onlar bütün mə’nəviyyat və uca məqamları ilə Allah xovfundan ağlayırdılar. Qarşıda olan yolu getməyin nə qədər çətin və qorxulu olduğunu bilirdilər. Ağır çətinliklərdən, Siratdan keçməyin eniş-yoxuşundan xəbərləri var idi. Qəbr, Bərzəx, Qiyamət aləmindən və qorxulu keçidlərdən agah idilər. Ona görə də heç vaxt aramları olmayıb, həmişə axirətin şiddətli aqibətlərindən Allaha sığınıblar.

Siz bu qorxulu, insanın bütün gücünü alan, keçidlər barəsində nə fikirləşib, hansı çarə yolunı tapmısınız? Nə vaxt özünüzü islah etməyə və saflaşdırmağa başlayacaqsınız? Siz, indi cavanlıq qüvvəsi olduğu və öz qüvvənizə qalib olduğunuz, cisminizin zəifliyi sizə üz gətirməmiş, cavan vaxtınızda da özünüzü saflaşdırmaq, islah etmək fikrində olmasanız, zəiflik, süstlük, soyuqluq sizin cism və canınıza düşdükdən sonra, öz qəsd və müqavimətinizi əldən verdiyiniz, günah yükü ilə qəlbinizi qaraltdığınız qocalıq vaxtı, necə özünüzü islah edib, saflaşdıra bilərsiniz? Hər nəfəs çəkdikcə, hər addım atdıqca, ömrünüzdən hər an keçdikcə islah etmək də çətinləşir. Zülmət pərdələrinin daha da çoxalması mümkündür. Yaş artdıqca bu işlərin səadətlə ziddiyyəti artır və qüdrət azalır. Beləliklə, qoca vaxtınızda özünüzü saflaşdırmağınıza, fəzilət və təqva qazanmağınıza müvəffəq olmağınız daha çətinləşir. Tövbə edə bilməyəcəksiniz. Çünki, tövbə, “tövbə edirəm” deməklə, həqiqətə çevrilmir. Bəlkə, peşimançılıq və günahı tərk etməyi qəsd etmək lazımdır.[48] Peşimanlıq və günahın tərkinə qəsd etmək, əlli il, ya yetmiş il qeybət və yalana mürtəkib olub, saqqalını günahda ağardanlar üçün hasil olmaz. Belə şəxslər ömürlərinin sonuna kimi, mübtəladırlar.

Cavanlar! Qocalıq tozunun sizin saç-saqqalınızı ağartmasını oturub gözləməyin (Biz qocalmışıq və onun müsibət və çətinliklərinə vaqifik). Nə qədər ki, cavansınız, bir iş görə bilərsiniz, nə qədər ki, cavanlıq gücü və iradəsi vardır, nəfsi istəklərdən, dünya arzularından, heyvani istəklərdən özünüzü uzaqlaşdırın. Amma cavanlıqda özünüzü düzəltmək və islah etmək fikrində olmasanız, qocalanda daha iş-işdən keçmiş olacaq.

Cavanın ürəyi lətif və mələkutidir. Fəsada səbəb olan amillər onda zəifdir. Lakin ömür uzandıqca günahın kökləri ürəkdə bərkiyir və möhkəmlənir. Belə ki, onu qoparmaq mümkün olmur. Necə ki, rəvayətdə var: "İnsanın ürəyi əvvəl saf və nurani bir güzgü kimidir. İnsandan baş verən hər günah, qara bir nöqtə onun üzərinə artırır"[49], günah o qədər qəlbi qaraldır ki, Allaha qarşı günah etmədiyi bir gün olmur. Qocaldıqdan da sonra, ürəyi əvvəlki hala qaytarmaq çətindir. Siz özünüzü paklamasanız və qaralmış ürəklə, günaha bulaşmış göz, qulaq və dillərlə dünyadan getsəniz, Allahla necə görüşəcəksiniz? Sizə pak olaraq verilmiş bu ilahi əmanətləri, günaha və rəzilətə bulaşmış halda, necə qaytaracaqsınız? Sizin ixtiyarınızda olan bu göz və qulaq, sizin əmriniz altında olan bu əl və dil, onlarla yaşadığınız bu bədən əzalarınız, sizə pak olaraq tapşırılmış, Mütəal Allahın əmanətləridirlər. Bunları harama bulaşdırsanız, rəzilələşərlər və əmanəti qaytararkən sizdən: "Əmanətdarlığın qayda-qanunu budurmu? Biz bu əmanətləri sizə belə vermişdikmi? Sizə verdiyimiz ürək belə idimi? Sizə tapşırdığımız göz belə idimi? İxtiyarınızda qoyduğumuz o biri bədən üzvləri bu cür aludə idimi?" soruşulması mümkündür. Bu sualların qarşısında nə edəcəksiniz? Öz Allahınızla, Onun əmanətlərinə etdiyiniz bu qədər xəyanətlə necə görüşəcəksiniz?

Siz cavansınız; öz cavanlığınızı bu yolda qoymusunuz. Bir halda ki, dünyəvi baxışların sizin üçün heç bir xeyri yoxdur. Bu qiymətli vaxtınızı və cavanlıq baharını Allah yolunda, müqəddəs hədəflərə sərf etsəniz zərər etməzsiniz. Bəlkə sizin dünya və axirətiniz də tə’min olar. Amma indiki bu müşahidə olunan hal ilə getsəniz, öz cavanlığınızı məhv edib, ömrünüzü hədər etmiş olursunuz. O biri dünyada da cavab verməli olacaqsınız. Bu fəsad gətirən əməl və davranışlarınızın cəzası təkcə o dünya ilə məhdudlaşmır, bu dünyada da yenə çətinlik, müsibət, ağır sıxıntıda olub, bəla və bədbəxtlik burulğanına düşəcəksiniz.

Başqa bir xəbərdarlıq

Sizin gələcəyiniz qaranlıq görünür. Çoxlu düşmənlər hər tərəfdən və hər təbəqədən sizin ətrafınızı dövrələyiblər. Sizi, elmi hövzə və mərkəzləri məhv etmək üçün, təhlükəli planlar çəkiblər. İstismar əlləri sizin üçün, İslam və tamam müsəlmanlar üçün ağır yuxular görüblər. İslam adı ilə sizə qorxulu planlar çəkiblər. Siz təkcə saflaşmaq, düzgün nəzm və tərbiyə sayəsində bu fəsad və çətinlikləri öz yolunuzdan qaldıra bilərsiniz, onların planlarını məhv edə bilərsiniz. Mən, indi ömrümün axır günlərini yaşayıram. Tez, ya gec sizin aranızdan gedəcəyəm. Amma sizin üçün qarşıda qara günlər görürəm. Özünüzü islah etməsəniz, dərs və yaşayışınızın nəzm və inzibatınızı tənzimləyə bilməsəniz, gələcəkdə məhvə məhkum olacaqsınız.

Fürsət əlinizdən getməmiş, düşmən sizin dini və elmi işlərinizin hər tərəfinə əl tapmamış, bir çarə axtarın. Ayıq olun, ayağa qalxın! İlk mərhələdə nəfsi saflaşdırmaq, paklamaq və islah etmək yolunda addım atın. Elmi mərkəzlərdə nəzm və inzibat yaradın. Yadların gəlib, sizin elmi hövzələrinizi tənzimləməsinə yol verməyin. Düşmənlərin: "layiq deyil, əllərindən iş gəlmir, bir dəstə işsiz hövzəyə yığışıb", bəhanələri ilə hövzələrə əl atmağına icazə verməyin. Nəzm və islahat adı altında hövzələri fasid etməklərinə, sizi öz hökmləri altında saxlamaqlarına icazə verməyin. Siz münəzzəm və pak olsanız, hər tərəfli ədəb və tərbiyəniz olsa, başqaları sizə tamah etməzlər. Elmi hövzələrə və ruhaniyyət aləminə nüfuz etməyə yolları olmaz. Siz özünüzü saflaşdırın və qarşıdan gəlmək istəyən fəsadların qarşısını almağa hazır olun. Öz elmi hövzələrinizi qarşıdakı hadisələr qarşısında müqavimətə hazır edin.

Qarşıda sizin (Allah eləməsin) qara günləriniz vardır. İstismarçı əllər İslamın bütün heysiyyətini aradan aparmaq istəyirlər. Siz, onların qarşısında müqavimət göstərməli, dayanmalısınız. Özünü sevməklə, dünyaya məhəbbətlə, təkəbbür və qürurla müqavimət etmək olmaz. Pis alim, dünyagir alim, öz kürsü və rəyasətini qorumaq fikrində olan alim, İslam düşmənləri ilə mübarizə edə bilməz. Onun vurduğu zərər başqalarınkından da çoxdur. Addımlarınızı ilahiləşdirin, dünya məhəbbətini ürəyinizdən çıxarın. Belə etsəniz mübarizə edə bilərsiniz. İndidən bu nöqtəni ürəyinizdə bəsləyin və tərbiyə edin ki, mən gərək bir silahlı əsgər və islamçı olam, İslama fəda olam. Mən gərək İslama bir iş görəm sonra öləm. Özünüz üçün bəhanələr düzəltməyin ki, “bu günün istəyi bu deyil və bu məndən istənilməyib”.

İslamın gələcəyi üçün dərdə dəyən olmağa çalışın. Xülasə, bir insan olun. İstismarçılar insandan qorxurlar, adamdan qorxurlar. Onlar, bizim hər şeyimizi yağmalamaq istəyirlər. Onlar, bizim elmi və dini universitetlərimizdə adam tərbiyə olmağının qarşısını almaq istəyirlər. Çünki adamdan qorxurlar. Əgər ölkədə bir adam tapılsa, onların işinə mane olar və mənafelərini məhv edər.

Siz özünüzü islah etməyə və İslam düşmənlərinin acı planları qarşısında dayanmağa vəzifəlisiniz. Əgər hər tərəfli hazırlıqlı olmasanız və hər gün İslam peykərinə dəyən zərbələrə qarşı müqavimət və mübarizəyə qalxmasanız onda, həm özünüzü, həm də İslamın hökm və qanunlarını məhv edəcəksiniz. Bu işlərinizə görə də cavab verməli olacaqsınız. Siz alimlər, elm əhli və siz müsəlmanlar, mə’suliyyət daşıyırsınız. Başda alim və tələbələrin, sonra da başqa müsəlmanların öhdəsində mə’suliyyət vardır:

"کلّهم راع و کلّهم مسئول عن رعییته"  Siz cavanlar, hər bir zülm və haqsızlığın qarşısında dayana bilmək üçün, gərək öz iradənizi qüvvətləndirəsiniz. Bundan başqa çarəniz yoxdur. Özünüzün, İslamın, İslam məmləkətlərinin abır və heysiyyəti sizin duruş və müqavimətinizə bağlıdır.

Mütəal Allah İslamı, müsəlmanları və İslam ölkələrini əcnəbilərin şərindən qorusun. İstismarçıların və xainlərin əlini İslam ölkələrindən və elmi hövzələrdən üzsün. İslam alimlərini, böyük müctəhidləri Qür’ani Kərimin müqəddəs qanunlarını müdafiə etməkdə və İslamın müqəddəs prinsiplərini irəli aparmaqda müvəffəq etsin. İslam ruhanilərinə indiki əsrdə öz ağır vəzifələrini və mə’suliyyətlərini tanıtdırıb, onları agah etsin. Elm ocaqlarını, ruhaniyyət mərkəzlərini İslam düşmənlərinin nüfuzundan və ona əl tapmağından qorusun. Cavan ruhani nəslinə, universitetlərə və bütün müsəlmanlara, özünü islah etməkdə, saflaşdırmaqda və nəfslərini paklamaqda müvəffəqiyyət inayət etsin. İslam millətini qəflət yuxusundan, e’tinasızlıq, süstlük və fikirlərinin dayanmasından, buza dönməsindən azad etsin ki, ilhamla Qür’anın insanı dəyişdirən və nurani tə’limləri ilə özlərinə gəlsinlər, ayağa qalxsınlar, birlik sayəsində istismarçı, zorakı və İslamın qədimdən üzü bəri olan düşmənlərinin əllərini, İslam ölkələrindən kəssinlər. Öz əldən çıxmış azadlıq, istiqlal və əzmətinə nail olsunlar.

ربنا افرغ علينا صبرا و ثبّت اقدامنا وانصرنا علي القوم الکافرين

Ey Rəbbimiz, bizə səbr və dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və kafirlərə qalib olmaqda bizə kömək et.[50]

Ey bizim Rəbbimiz, dualarımızı qəbul et!

Səadət

İnsan təbiət aləminin və hərəkətdə olan, dünya övladıdır. Yaranışının əvvəlindən təbiətin qoynunda tərbiyə olur. Ruhaniyyət və fitrət də elə bu pərdədə daxil olur. Sonra isə təbiət hökmləri onu əhatə edir və təbiət aləmində nə qədər qalıb böyüsə, təbiət hökmləri də bir o qədər ona üz tutur və qalib olur. Tüfeyliyyət mərtəbəsinə çatdıqda isə üç qüvvə ilə rastlaşacaq: şeytənət, qəzəb və şəhvət qüvvəsi. İnsan hər nə qədər həyat sürsə, bu üç qüvvə də onda artıb, kamilləşir; təbiət hökmləri və heyvaniyyət ona qalib olur. Bu hicablar, zülmətlər və tutqunluqlar nəfsə yönəlir, ona qalib olur. Bir kəsin öz-özünə bu pərdələrdən çıxa bilməsi və mütləq kamala, cəmala, nura, mütləq cəlala çatması çox az olar. Allah Təbarək və Təala, böyük peyğəmbərləri (ə) bəşərin tərbiyəsi üçün göndərdi və səmavi kitabları nazil etdi ki, onlar xaricdən daxili fitrətə kömək etsinlər və nəfsə bu səhv yoldan nicat versinlər. Buna görə də səmavi hökmlər, ilahi aşkar ayələr, böyük peyğəmbərlərin göstərişləri, övliyaların kəramətləri, insan fitrətini, mütləq kamal olan Həqqə və Onun zatına, sifət və fe’llərinə tərəf yönəltmək üçündür. Çünki, yaranışa, Məada, səmavi kitablara, Allaha, peyğəmbərlərə, mələklərə, axirət gününə imandan olan rübubiyyət məqsədləri, ən mühüm və ümdə olan nəfsani seyr mərtəbələri, hökmlərin şaxələrinin çoxu; namaz, oruc, həcc və s. bu məqsədə bağlıdır. İstər vasitə ilə olsun ya vəsitəsiz.[51]

Elə bir həsrətlər vardır ki, sonu yoxdur, peşimançılıqlar vardır ki, onun üçün minnət yoxdur.

Bəli bir kəsə ki, Allah Təbarək və Təala bütün tərəqqi, mə’nəvi təkamül və səadətə çatmaq vasitələrini onun üçün geniş şəkildə hazırlayıb – istər ağıl, seçki qüvvəsi, nəhayətə yetişmək iste’dadı, kamillik və kamala olan fitri eşq kimi batini vasitələr olsun, istərsə də ömür, vaxt, münasib mühit, sağlam bədən üzvləri və lap ümdə olan hidayət yolunun hidayətçiləri, səmavi kitablar, ilahi göstərişlər və onun təfsirçiləri kimi, zahiri vasitələr olsun – bütün bu vəsflərlə əgər o şəxs, bu nəhayəti olmayan ilahi ne’mətlərə küfr edib, bəlkə, ilahi əmanətlərə xəyanət edib, ağıl və şəriətə tabe olmaqdan boyun qaçırıb, nəfsi istəklərə, ins və cindən olan şeytanlara tabeçilik etməyi, bütün ne’mətlərin sahibi olan, Həqqə tabe olmaqdan üstün bilsə, təbiət aləminin ağır yuxusundan, sonsuz qəflətdən, məstlik və huşsuzluqdan, bütün fürsətləri əldən verdikdən, bütün ilahi ne’mətlər əlindən çıxdıqdan, əbədi bədbəxtliklər qazandıqdan sonra özünə gələcək.

Habelə, bir biçarəni təsəvvür et! Öz yoldaşlarının, həmnövlərinin və həmvətənlərinin səadətə və son kamala çatdığını, özünün isə kamillər qafiləsindən geri qaldığını, naqislərə, bədbəxtlərə qoşulduğunu, öz nöqsanlarını aradan qaldırmağa heç bir çarə və qayıdış yolunun olmadığını görəndə necə həsrətlər çəkir.[52]

Nəfsimizi islah və ruhumuzun xəstəliklərinə əlac etməyin vaxtı çatmayıbmı? Cavanlıq sərmayəsini hədər yerə əldən verdik. Hər iki cahanın sərmayəsini hazırlamaq üçün olan cavanlığımızı, nəfsi və şeytani qürurla əldən çıxardıq. Bununla belə yenə də islahımız üçün çalışmırıq və həyatımızın sərmayəsi əlimizdən gedir, tam ziyan və bədbəxtliklə dünyadan köçürük.

Nəfsi islah edib, saflaşdırmaq üçün cavanlıq dövrü daha münasib və layiqlidir. Çünki o vaxt həm iradə güclüdür, həm nəfsi sıxıntı, zülmətlər azdır və fitrətə çox yaxınıq, həm də geri qayıtmağı çətinləşdirən günah yükü o qədər çoxalmayıb. Cavanlar, öz cavanlıq dövrünün qədrini bilsinlər və bu böyük ne’məti qəflətdə keçirməsinlər. Çünki qocalıq dövründə nəfsi islah etmək çox çətindir. Qocalıq çağında çoxlu çətinliklər vardır ki, bunlar cavanlıq çağında yoxdur. Lakin şeytan və nəfsi əmmarə, insanı məğrur edir, onu cavanlıq vaxtı islah olmağa qoymurlar. Bundan sonra isə insan, qocalığın zəiflik və süstlüyünə düçar olur, günaha düşür, nəfsi sıxıntılar çoxalır. Bu vaxt da yenə bu gün-sabaha, sonraya saxlamaqla, hələ tezdir deyərək, özünü aldatmaqla əsil sərmayə olan cavanlığı əldən verir, ziyan və xəsarətlə intiqam evinə (axirətə) varid olur:

"والعصر• انّ الانسان لفي خسر"

Yəni, "And olsun Əsrə. Şübhəsiz, insan ziyandadır."[53]

Əbədi səadət sərmayəsini, əbədi bədbəxtlikdə sərf etməkdən, xərcləməkdən, həyat və nicat mayasını öz həlakət və məhvin üçün işlətməkdən, ömrünün sonuna qədər qəflət və məstlikdən özünə gəlməməkdən böyük, hansı ziyan ola bilər?[54]

Səadətə çatmağın yolu

Nəfslə mübarizə

İnsan təəccüblü bir varlıqdır və iki aləmi vardır: dünyəvi və mələkuti.

Dünyəvi aləm onun bədənidir. Mələkuti aləm isə başqa bir dünyadır. Mələkuti və qeyb aləmindən olan insan nəfsinin, məqam və dərəcələri vardır. Bütün bu məqam və dərəcələr üçün də rəhmani və əqlani qoşunlar, köməkçilər vardır ki, onu uca mələkut aləminə cəzb edir, səadətə də’vət edirlər. Nəfsin, bunların qarşısında olan, şeytani və cəhlani qoşunları da vardır ki, onu uçuruma və bədbəxtliyə çağırırlar. Bu iki qoşun arasında həmişə dava və çəkişmə vardır. İnsan, bu iki tayfanın döyüş meydanıdır: rəhmani qoşunlar qalib olsalar, insan səadət və rəhmət əhlindən olacaq, amma şeytani qoşunlar və cəhlin dəstəsi qalib olsa, insan bədbəxtlərdən və qəzəb olunmuşlardan olacaq.

Nəfslə necə mübarizə etmək lazımdır?

Nəfsin birinci məqamı "Mülk" mənzili, zahir və onun dünyasıdır. Böyük cihad və Həqq Təala yolunda öldürülməkdən üstün sayılan nəfslə mübarizə, bu birinci məqamda, insanın öz zahiri qüvvələrinə qalib olmasından, onları Böyuk Yaradanın əmrinə tabe etməkdən və məmləkəti (nəfs məmləkətini) Şeytan və onun qoşununun aldadıcı qüvvəsindən boşaltmaqdır.

Nəfslə mübarizənin və Həqq Təalaya tərəf hərəkətin birinci şərti, təfəkkürdür. Bu məqamda təfəkkür, insanın hər gün bir qədər (az da olsa) öz sahibi barəsində fikirləşməsindən ibarətdir. Fikirləşmək lazımdır ki, onu bu dünyaya gətirən, bütün asayiş və rahatlıq vəsaitlərini onun üçün hazırlayan, hər biri mənfəətli olaraq, ağılları heyran qoyan sağlam bədəni və qüvvəni inayət edən, bütün bu ne’mət büsatlarını verən, rəhm edən, başqa bir tərəfdən isə bu qədər peyğəmbərlər, hidayətçilər göndərən, kitablar nazil edən, və də’vətlər edən Padşahlar Padşahı olan bir sahibin qarşısında onun vəzifəsi nədir? Bütün bu verilənlər, heyvanların hamısı ilə şərik olduğumuz, heyvani həyat və şəhvəti idarə etmək üçündür, ya başqa bir məqsəd vardır? Bütün kəramətli peyğəmbərlər və əzəmətli övliyalar, böyük hikmət sahibləri, hər bir millətin alimləri camaatı ağıl və şəriət qanunlarına dəvət edirdilər, onları heyvani şəhvətlərdən və bu fani dünyadan çəkindirirdilər; onlarla düşmənçilikləri var idi, ya biz biçarə və şəhvətə qurşanmışların islah yolunu bizim kimi bilmirdilər?

Ağıllı insan bir an fikirləşsə başa düşər ki, bizim üçün sərilmiş bu ne’mət süfrəsindən məqsəd, başqa bir şeydir. Yaradılış aləmindən gözlənilən şey çox-çox böyük məqsəddir. Bu heyvani həyat, həmin məqsəd deyil.

Ağıllı insan, gərək özünə çarə fikirləşsin və öz çarəsizliyinə rəhm eləsin, özünə xitab etsin: "Ey bədbəxt nəfs, uzun illər boyu ömrünü şəhvət ardınca keçirdin, həsrətdən başqa bir şey nəsib olmadı. Yaxşı olar ki, bir az da öz halına rəhm edəsən, Padşahlar Padşahından həya edəsən, bir qədər də həmişəlik həyata və səadətə səbəb olacaq, əsil məqsəd yolunda addım atasan. Var gücünlə çalışsan da ələ gəlməyən, neçə günlük fani şəhvətə, həmişəlik səadəti satma. Qədimdən indiyə qədər gördüyün, bildiyin dünya əhli barədə bir az fikirləş. Bax gör, onların zəhmətləri, çəkdikləri əziyyətlər, rahatlıqları qarşısında nə qədər çoxdur. Bir halda ki, hər insan üçün də rahatlıq və xoşluq tapılmır. İnsan surətində olub, amma həqiqətdə, şeytanın qoşunundan olan və onun tərəfindən göndərilərək, səni şəhvətə və maddi həyatını tə’min etməyə dəvət edənin, bir qədər də özü barəsində təhəmmül et, fikirləş, onu danışdır, gör onun özü, öz vəziyyətindən razıdırmı? Ya özü də mübtəladır və başqa bir biçarəni də özü kimi mübtəla etmək istəyir?

Hər halda öz Rəbbindən acizanə və ağlar halda təmənna et ki, səni öz vəzifənlə tanış etsin. Gərək bu səninlə Onun arasında olsun. Nəfsi əmmarə və şeytanla mübarizə qəsdi ilə etdiyin bu təfəkkürün, sənin üçün ayrı bir yol göstərməsinə və mübarizənin başqa bir mənzil və mərhələsinə müvəffəq olmağına ümid vardır.

Nəfslə mübarizənin, təfəkkürdən sonrakı məqam və mənzili "əzm", yə’ni, iradə və qəsddir. Əzm, insanın günahları tərk etməsinə və vacibləri yerinə yetirməsinə və yerinə yetirmədiyi üçün qəzaya getmiş əməlləri həyatda olarkən əmələ gətirəcəyinə qəsd etməsindən ibarətdir. Nəhayət, əzm budur ki, insan öz zahirini əqli və şər’i etsin. Belə ki, şəriət və ağıl onun zahirinə xatir hökm etsin ki, bu şəxs insandır. Şər’i insan, o kəsə deyirlər ki, şəriətin istəyinə uyğun rəftar etsin, onun zahiri, Rəsuli-Əkrəmin (s) zahiri kimi olsun və bütün davranışlarında, etdiyi əməllərdə, tərk etədiyi işlərdə o həzrətin davamçısı olsun. Bu olduqca mümkün olan bir işdir. Çünki, öz zahirini o həzrətə bənzətməyə, Allah bəndələrinin hər biri qadirdir.

İnsan, şəriət ədəbləri ilə ədəblənməyincə, heç bir gözəl əxlaqla sifətlənməyincə, Allahın mərifət nurunun onun qəlbində cilvələnməsi, batin elminin və şəriət sirlərinin onun üçün açılması mümkün deyil.

Ey əziz! Əzm sahibi və iradəli olmağa çalış. Çünki əzmsiz dünyadan köçsən, beyinsiz insan surətindəsən və o biri aləmdə insan surətində məşhur olmayacaqsan. Çünki o dünya, batinlərin və sirlərin açılacağı bir yerdir.

Günaha cür’ət etmək, yavaş-yavaş insanı əzmsiz və iradəsiz edir və bu da şərəfli cövhəri insandan alır.

Bəs ey qardaş, günahdan qaç və Allaha tərəf üz tutmağı əzm et. Zahirini insan zahiri et, özünü şəriət sahiblərinin yoluna daxil et. Xəlvətdə Allah Təbarək və Təaladan istə ki, sənə bu məqsədində yar olsun, kömək etsin, Rəsuli-Əkrəmi (s) və əhli-beyti (ə) sənin üçün şəfaətçi qərar versin, sənə müvəffəqiyyət inayət etsin, qarşıdakı uçurumlara yuvarlanmamağın üçün sənin əlindən tutsun. Çünki insan həyatında uçurumlar vardır ki, bir anda o həlakət uçurumuna elə düşmək olar ki, insan bir daha özünə çarə edə bilməsin. Bəlkə, çarə axtara da bilməsin, bəlkə şəfaətçilərin şəfaəti də onun halına şamil olmasın.

Nəfsi ilə mübarizə edənlərə müşaritə, müraqibə və mühasibə işləri də lazımdır.

"Müşaritə" odur ki, insan günün əvvəlində məsələn, özü ilə şərtləşsin ki, bu gün Allah Təbarək və Təalanın əmrinə zidd olan bir əməl etməsin. Bu mətləbi iradə etsin. İnsanın bir gün günah əməl etməməyinin asan bir iş olduğu mə’lumdur. İnsan, onun öhdəsindən asanlıqla gələ bilər. Sən əzm et, şərt bağla və təcrübə et, gör nə qədər asandır. Şeytanın və o məl’unun qoşunlarının bu işi sənə böyük göstərmələri də mümkündür. Onlar, səni bağladığın şərtdən saxlamaq və ona əməl etməməyini istəyirlər. Onlara lə’nət göndər və onların şərindən Allaha pənah apar, Ona sığın, batil xəyalları ürəyindən çıxart və şeytana de: mən bu gün, Allah Təalanın əmrinə qarşı çıxmamağı özümlə şərt etmişəm. Mənim Ne’mət Sahibim illər boyudur ki, mənə ne’mət verib, səhhət, sağlamlıq və əmniyyət verib. Elə mərhəmətlər edibdir ki, əbədi olaraq Ona xidmət etsəm belə, heç onların birinin öhdəsindən gələ bilmərəm. Bir kiçik şərtə əməl etməməyim yaxşı iş deyil. Bundan sonra Allahın istəyi ilə şeytanın geri dönüb, qayıtması və Rəhman qoşunları qələbə etməsinə ümid var.

"Müraqibə"nin sənin işlərinin; qazanc, səfər, təhsil və s. heç biri ilə ziddiyyət və münafatı yoxdur.

Bu hal ilə qal, ta gecə "mühasibə" vaxtıdır.

Mühasibə odur ki, insan öz Allahı ilə etdiyi şərtdə nəfsini hesaba çəksin ki, bağladığı şərtə əməl etdimi və Ne’mət Sahibinə bu kiçik müamilədə xəyanət etmədimi? Əgər düz vəfa etmisənsə, onda bu müvəffəqiyyətə görə Allaha şükür et və bil ki, bir addım irəliləmisən, Allah sənə nəzər edibdir. Allah səni dünya və axirət işlərinin irəli getməsində hidayət edər. Sabahın işi bir az da asanlaşacaq. Bir neçə vaxt bu əməllərini qoru. Bunun səndə adətə çevrilməsinə və bu işlərin daha sənə çox asan gəlməsinə ümid vardır. Bəlkə o vaxt, bu dünyada Allah əmrinə itaət və günahları tərk etməyin ləzzətini bələrsən.

Bil ki, Allah Təbarək və Təala sənə çətin təkliflər etməyib. Sənin öhdəndən xaric və taqət gətirə bilməyəcəyin şeyləri sənə əmr etməyib. Lakin şeytan və onun qoşunu, işi sənə çətin cilvələndirir. Mühasibə vaxtı öz etdiyin şərtdə, süst və sönük olduğunu görsən, Allah Təaladan üzr istə. Söz ver ki, sabah bu işin öhdəsindən mərdliklə gələcəksən. Bu hal ilə qal ki, Allah Təala tofiq və səadət qapılarını sənin üzünə açsın, səni insanlığın düz yoluna hidayət etsin.

İnsana nəfs və şeytanla mübarizə etməkdə kamil köməklik edən işlərdən biri də "təzəkkür"dür.

Təzəkkür, Allah Təalanın insana mərhəmət etdiyi ne’mətləri yada salmaqdır.



Geri   İrəli
Go to TOP