A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi səadət yolu
Müəllif: İmam Ruhullah Musəvi Xomeyni
Naşir: Şəhriyar
Çap tarixi: 2009
Səhifələrin sayı: 100
Çap növbəsi: Birinci
Tirajı: 3000
  İrəli


ƏBƏDİ SƏADƏT YOLU

RUHULLAH MUSƏVİ XOMEYNİ


Kitabın adı:.................................................................... Əbədi səadət  yolu

Müəllif:........................................................... Ruhullah Musəvi Xomeyni

Nəşr edən:..................................................................................................... «»

Çap növbəsçi:..................................................................................... Birinci

Çap tarixi:............................................................................................... 2008

Tiraj:........................................................................................................ 3000


Müqəddimə

Bağışlayan və Mehriban Allahın adı ilə.

İslam tarixini səhifələyərkən bir sıra şəxsiyyətlərlə rastlaşırıq ki, onlar tarixin gedişini dəyişdirmiş və onda dərin iz qoymuşlar. O dahi şəxsiyyətlərdən biri də öz əsrimizdə yaşamış, imam Xomeynidir.

O həzrət, zülm caynaqları hər tərəfdən İslam dininə hücum edib, onu məhv etmək üzrə olarkən və müsəlmanlar zülm əlində köləyə çevrildikləri bir zaman meydana girdi.

Diktatorlar, qəsbkarlar, zorakılar bütün bacardığı vasitələr: xalqı parçalamaq, fikirləri yayındırmaq və ən yeni texniki silahlarla İslama öz ağır zərbələrini endirib, onu son nəfəslərini çəkməyə vadar etdikləri bir vaxt, imam Xomeyni başdan-ayağadək iman, təqva ilə silahlanıb, Allaha təslim olaraq, öz qılıncını zülmün başına endirdi, İslam və müsəlmanlara zülmün əlindən nicat verdi,  göləlik buxovlarından azad etdi.

O, təkcə müsəlmanlara yox, bəlkə zülm əlində inləyən bütün bəşəriyyətin azad olması üçün bir yol açdı və onlara azad olmağın, zülm ilə mübarizənin yolunu öyrətdi.

Bəs o yol hansı yoldur?

İmam Xomeyni, o yolu insanın öz nəfsini saflaşdırmasında və Allaha təslim etməsində görür.

Bəli, insan öz daxilində inqilab yaratmayınca, özünü İslamın təqva, iman və təslim kimi silahları ilə silahlandırmayınca zülm və istismarın onun dininə, əqidəsinə, mədəniyyətinə, varına, namusuna və... uzanmış xain əllərini kəsə bilməz, öz vəzifəsini layiqincə yerinə yetirməyə müvəffəq olmaz. Nəticədə isə bu dünyada zillət, axirətdə isə ağır hesabla üzləşəcək.

Bəs nəfsi saflaşdırmaq, onu Allaha təslim etmək necə ələ gəlir və bu yolda hansı addımları atmaq lazımdır?

"Mühəmmədin (s) maarifi işığında" qrupu, bu suala cavab vermək üçün,  imam Xomeyninin camaata və tələbələrə etdiyi nəsihətlərindən və o həzrətin "Şərhi çehel hədis", "Şərhi hədisi cünudi əql və cəhl" və s. kimi kitablarından istifadə etməklə, səadətə çatmaq üçün "nəfsi saflaşdırmaq" yolunda etdiyi tövsiyələrini bir yerə toplamış və "Əbədi səadət yolu" ünvanı altında sizə təqdim edir.


NAMAZIN İLKİN VAXTINA

ƏHƏMİYYƏT

Tez get namazını qıl

Bir gün imam həyətdə gedirdi. Mən, gəlib onun yanından keçmək istəyirdim. İmam məni yanına çağırıb dedi: Zöhr və əsr namazını qılmısan? Dedim: Xeyr.

Buyurdu: Tez get namazını qıl, savabı azalmasın. Namazı vaxtın əvvəlində qılmağın çoxlu savabı var.

Mühəmməd Təqi İşraqi.

Uşaqlar yeddi yaşından namaz qılsınlar

İmam övladlarının dini tərbiyəsinə 7 yaşlarından diqqət edirdi və deyirdi: Uşaqlar yeddi yaşından namaz qılsınlar, belə ki, doqquz yaşında artıq adət etmiş olsunlar. İmam özü, övladlarının namaz qılmasına çox əhəmiyyət verirdi və onlardan namaz qılıb-qılmamalarını soruşurdu. Amma uşaqlar: "namaz qılmışam" desəydilər, qəbul edirdi.

İmam Xomeyninin həyat yoldaşı.

Vəssəlamu ələykum və rəhmətullah

Şah qaçan gün dünya informasiya nümayəndələrindən bir qrupunun Nofəl Loştuda həzrət imamla müsahibə proqramları var idi. Təqribən 150 televiziya kanalı dünyanın hər tərəfində bu proqramı canlı halda yayımlayırdılar. Çünki, tarixdə böyük dəyişiklik yaradan bir inqilab olmuşdu. Hamı imamın nəzər və fikrini bilmək istəyirdi. O həzrət neçə dəqiqə söhbət etdi. Sonra məndən günortanın olmasını soruşdu. Elə indicə günortanın olduğunu dedim. İmam buyurdu: "Vəssəlamu ələykum və rəhmətullah." O, həmin an belə bir əhəmiyyətli mövzunu, namazı vaxtın əvvəlində qılmağa xatir buraxdı. Bir halda ki, xarici jurnalistlər öz milyonlarla tamaşaçıları üçün bu xəbər və müsahibəni yayımlayırdılar. İmam vaxtın əvvəlində namaz qılmağı, müsahibəni davam etdirməkdən üstün tutdu.

İmamın yadigarı əsərlərinin külliyyatından seçmələr:2-ci cild, səh.686

Əvvəl namaz qılın

İmam həmişə buyururdu: Namaz barəsində səhlənkarlıq etməyin. Sizin dediyiniz: "əvvəl bu işi görüm, sonra namaz qılaram" səhvdir. Bu sözü deməyin. Namazınızı vaxtın əvvəlində qılmağa əhəmiyyət verin. Ağa namazı çox sifariş edirdi.

İmam Xomeyninin davranışından seçmələr: 3-cü cild, səh. 70.

Namazı bu məscidin imam camaatı ilə qılaq

Nəcəfdən Küveyt sərhədlərinə tərəf hərəkət etdik. Bəsrədə əhli-sünnə qardaşlarına bağlı olan bir məscidə daxil olduq. İmam dəstəmaz aldıqdan sonra buyurdu: Əgər burada qalmalı olsaq, gərək namazı buranın imam camaatı ilə qılaq və hamılıqla buranın imam camaatına iqtida edək. Amma namaz vaxtı olmadığı üçün Küveyt sərhədlərinə tərəf getdik.

Höccətül islam vəl müslimin Mühəmməd Səccadi

İmamın mənəvi halları

İmamın vəfatından qabaqkı ilin Ramazan ayı yaxşı yadımdadır. Bə’zi vaxtlar hər nə üçün yanına getsəydim və onunla namaz qılmaq səadətinə nail olsaydım, otağına daxil olarkən onun halını tamamilə dəyişmiş görürdüm. O, elə göz yaşı tökürdü ki, cib dəsmalı onu qurutmağa bəs etmədiyi üçün, əl-üz dəsmalından istifadə edirdi. İmamın gecələr bu halları var idi və bu onun Allaha bağladığı həqiqi eşqdən idi.

Fatimə Təbətəbai

Gecə namazı heç vaxt tərk olmurdu

Elə bir gecə olmadı ki, onunla olam və qısaca bir yuxu aldıqdan sonra onun yuxudan qalxmasını, Allah dərgahına istiğasə və duasını eşitməyəm. Allah şahiddir ki, elə bir gecə olmadı ki, onun gecə namazı tərk olsun.

Zəhra Mustəfəvi

Əli Əkbərin (ə) adı

Mərhum Hacı Ağa Mustafanın (imamın oğlu) şəhadətindən sonra Nəcəfə getdim. Dostlarım dedilər ki, yaxşı vaxtında gəlmisən. Tez imamı gör. Biz hər nə qədər çalışdıqsa, Mustafanın müsibətində ağlasın, öhdəsindən gələ bilmədik. Bəlkə sən bir iş görəsən. Mən, imamın xidmətinə getdim və müsibət zikr etmək üçün icazə istədim. İmam icazə verdi. Onun halını dəyişdirib, oğlunun əzasında ağlaması üçün, nə qədər Hacı Ağa Mustafanın adını həzin səslə çəkdimsə də, halı dəyişmədi. Eləcə aram və sakit idi. Amma elə ki, Əli Əkbərin (ə) adını çəkdim, həngamə qopdu. İmam elə ağlayırdı ki, vəsf etməli deyil.

Mərhum höccətül islam Kövsəri

Məfatehin bütün düalarını oxuyubdur

İmamın əxlaq dərslərində diqqət və təkid etdiyi məsələlərdən biri də tələbələrin düa və ziyarətləri oxumaları idi. İmam özü də Allahla münacat etməyi çox sevirdi və buna aşiq idi. Bəlkə demək olar ki, "Məfateh"in bütün düalarını oxumuşdu.

İmam Xomeyninin davranışlarından seçmələr: 3-cü cild, səh.106.

İMAMIN KƏRAMƏTLƏRİ

Aram ol

Yaşım çox deyildi. Ağır xəstəliyə tutulmuşdum. Həzrət imam sürgündən sonra müqəddəs Qum şəhərinə qayıtmışdı. Anam və bəzi qohumlarımızla imamın görüşünə getmişdik. Mən uşaq olduğum üçün onları incidirdim. İmamın yanına getdim. O, əlini mənim üzümə çəkib, buyurdu: Aram ol! Ərz etdim: Ağa halım yaxşı deyil, düa edin. Həzrət imam təzədən əlini başıma çəkdi. Səhəri gün sübh yuxudan ayıldım, sağlamlıq hiss etdim və o xəstəlikdən məndə heç bir əsər-əlamət qalmamışdı.

Seyyid Möhsün Zəhrayi

İMAM VƏ CAMAAT

Xalqa eşq

İmam, Allaha və övliyalara eşq və məhəbbətdən sonra, ən çox xalqa eşq və məhəbbəti var idi və həmişə buyururdu: Bizim düşmənlərimiz iki şeyi tanımayıblar: biri islam və o birisi bizim camaatımız.

Ayətullah Haşimi Rəfsəncani

Bu camaatın xidmətində olun

İmamla görüşümdə qoşunların döyüşdə, daxili cəbhədə və ölkənin hər tərəfində əksinqilabçılara qarşı fəaliyyətindən imamın xidmətinə ərz etdim. İmam buyurdu: Ordu xalq arasında məhbubiyyət qazanıb. Bu sevgini hər gün artırmaq lazımdır. Siz həmişə xalqın xidmətində olun və çalışın ki, xalq həmişə sizinlə olsun.

Qoşun başçısı: Möhsün Rizayi

Allahdan istəyin ki, xalqa kömək etsin

İmam, namazı vaxtın əvvəlində qılmağı bizə çox sifariş edirdi və bizə deyirdi:

(Namaz qurtardıqdan sonra) həmişə fəqirlər və kasıblar üçün düa edin, Mütəal Allahdan xalqa kömək etməsini istəyin.

Mühəmməd Təqi İşraqi

 İcazə verin gəlsin...

Bir gecə bir fəqir, öz hacətini ərz etmək üçün imamın xidmətinə getmək istəyirdi. O, dəfələrlə gəldiyi üçün, mane olmaq istədilər. İmam uzaqdan bunu görüb, bizim yanımıza gəlib, dedi: Bu necə rəftar etməkdir? Onun hər gün gəldiyini dedilər. İmam buyurdu: Qoyun gəlsin, möhtacdır, istəyi var. Onu bura gəlməyə ehtiyacı məcbur edib. Gərək onun hacətini ödəyək və ya başqa bəyanla razı edək. Camaatı incitməyin.

Ayətullah Kərimi

İmam və ruhaniyyət

Ailəli tələbələrə sifariş

Hacı Ağa Şəhid Məhəllati, bizə nəql edirdi ki, bir gün həzrət imam dərs əsnasında bizə buyurdu:

Ailəli tələbələr gecə mütaliə etməsinlər. Bəlkə gecəni ev işlərinə yetişməklə, həyat yoldaşına və övladlarının işlərinə kömək etməklə keçirib, səhərlər isə mütaliə etsinlər.

Şəhid Məhəllatinin həyat yoldaşı

Biz hamımız tələbəyik

İmam Feyziyyə mədrəsəsində dərs verdiyi zaman, tələbələr onun dərsinə gəlirdilər. Bir gün imamın dərs zamanı gördük ki, o dərs otağına daxil oldu və dərhal geri qayıtdı. Biz imamın dərs deməməsinə təəccüb etdik. Sonradan məlum oldu ki, o dərs otağına daxil olarkən, neçə tələbənin orada dərs və bəhsə məşğul olduğunu görüb. Biz o həzrətdən dərs deməyib, qayıtmağının səbəbini soruşanda, buyurdu: Bizim onlarla nə fərqimiz var? Biz hamımız tələbəyik. Biz istəyirdik dərs deyək, onlar bizdən qabaq gəliblər. Bu gün orada dərs və bəhsə məşğul olmaq onların haqqıdır. Biz sabah gələrik. Əgər onlar yenə də orada olsalar dərs deməyəcəyik.

Ayətullah Fazil Lənkərani

İMAMIN TƏVAZÖKARLIĞI

Mən necə sığınacaqdan istifadə edim bir halda ki...

Tehran bomba yağışına tutulan zaman, həkimlər və imamın dostları hər nə qədər israr etsələr də imam, bir ləhzə də olsun belə evi tərk edib, sığınacağa getmədi. İş o yerə çatdı ki, mərhum Hacı Əhməd imamın otağına daxil oldu. O, əsəbli idi və otaqda gəzişirdi. İmam oğlunu görən kimi buyurdu: Mən buradan heç yerə gedən deyiləm. Qonşumun evi mənə görə viran, post keşikçisi mənə xatir tikə-tikə olan halda, mən necə sığınacaqdan istifadə edim? Heç vaxt bu, ya o, yoruldum. Axı mən necə sığınacağa gedim?

Ondan sonra imam bir az sakitləşdi və dedi: Mən hamıya demişəm ki, buranı tərk edin. Mənim vəzifəm başqalarının vəzifəsindən fərqlidir.

Doktor Seyid Əbdül Hüseyn Təbatəbai

İmamın tərifdən xoşu gəlmirdi

İmam Xomeyni "15 xordad" qiyamından və Nəcəfi-Əşrəfə sürgün edilməzdən qabaq, əhli beytin (ə) şəhadətləri kimi müxtəlif münasibətlərlə əlaqədar olaraq, öz evində rövzə məclisləri təşkil edir və Qumun tanınmış vaizləri bu məclislərdə moizə edirdilər, rövzə oxuyurdular.

Tanınmış vaizlərdən biri nəql edirdi:

İmamın evində neçə məclis söhbət etdim. O vaxtın adətinə uyğun olaraq, imam paketin içində mənə bir məbləğ pul verdi. Bir-iki gün sonra pula ehtiyacım olarkən paketi açdım, gördüm, onun içindəki məbləğ çox azdır. Təəccüb etdim ki, olmaya bu pul başqa şəxsə veriləsi imiş və səhv olaraq mənə verilib..!

Bu macaradan bir müddət keçmişdi. Bir gün imamın oğlu, mərhum Mustafa ilə (onunla dost idik) söhbət edirdik. Fürsətdə bu məsələyə də işarə etdim. Əlbəttə, o vaxtlar məclislərdən verilən pula mənim ehtiyacım yox idi və bu məsələ mənim üçün mühüm deyildi. Təkcə macaranın həqiqətini bilmək istəyirdim.

Mərhum Hacı Ağa Mustafa, paketin içindəki məbləği soruşdu və mən ona pulun miqdarını (...) dedim. O da təəccüb edib dedi: Ağadan soruşaram, görüm macara nə imiş?! Ondan xahiş etdim ki, macaranı elə soruşsun ki, imam mənim pulun azlığına e’tiraz etdiyimi təsəvvür etməsin. O da mənim üçün pis olmasın deyə, macaranı məharətlə soruşacağına söz verdi.

Bir müddətdən sonra Mustafa mənə dedi: Paket macarasını ağadan soruşdum və ona dedim: Ağacan! Filankəsə rövzə məclislərində minbərə getdiyi üçün verdiyin pul, elə bil səhv verilib, çünki, miqdarı çox azdır. Ola bilsin başqasına verəcəyin paketlə səhv düşüb. Ağa buyurdu:

Xeyr, heç bir səhv olmayıb. Biz onu Xomeynini tərif etməyə yox, imamlar və məsumlar (ə) barədə söhbət etməyə dəvət etmişdik. Xomeynidən tərif olunan minbərin bundan artıq dəyəri yoxdur!

Ə. Varəstə. "Cümhuriyi islam" qəzeti, 29 aban 1384 (h.ş) səh.10.

Ədalət

Vəzifəniz deyil

İmam buyurdu: Siz hətta narkotik maddələri tapmaq üçün birinin evinə girsəniz, onun albomuna baxmağa, soyuducusunu axtarmağa vəzifəli deyilsiniz və hətta əgər bir günah etmiş olsa onu tutub, ifşa etməyə vəzifəli deyilsiniz.

Höccətül islam Natiq Nuri

Bütün tələbələrə ev verərkən

Nəcəfi-əşrəfdə bəzi ticarətçilər imamın evinə gəlirdilər və deyirdilər: Vücuhatdan (xums və zəkatdan) yox, bəlkə özümüzdən sizə və Mustafaya ev almaq istəyirik. İmam cavablarında buyururdu:

Bütün tələbələrə ev verilərkən, bir mənzil Mustafaya, bir mənzil də mənə veriləcək.

Höccətül islam Fəqihi

İmam aİlədə

Həyat yoldaşına iş deməzdi

İmam ömrünün axırına qədər heç vaxt həyat yoldaşına: "bir stəkan su ver" belə, demədi. Amma özü bu işi onun üçün edirdi. Məsələn, bə’zən bilirdi ki,  o, dərmanlardan istifadə etməyi yaddan çıxarıb, onun yadına salırdı.

Fəridə Təbatəbai

Ananızın yanına gedin

Bir dəfə həm imam, həm də həyat yoldaşı xəstələnmişdilər. Biz adətən iki-üç nəfər olurduq. Əgər bizlərdən biri imamın yanında qalsaydıq, dərhal deyirdi: Mənə bir kəs lazım deyil, gedin ananızın yanına.

Bizi beləcə öz otağından çıxarırdı ki, xanım tək qalmasın.

Fəridə Mustəfəvi

Gecəni bölürdü

İmamın həyat yoldaşı deyirdi ki, uşaqlar gecələr çox ağladıqları və səhərə qədər oyaq qaldıqları üçün, imam gecəni bölmüşdü; yəni, iki saat özü uşaqları saxlayırdı, mən yatırdım və iki saat özü yatırdı, mən uşaqları saxlayırdım. Gündüzlər dərs qurtardıqdan sonra imam, uşaqların tərbiyəsinə kömək etmək üçün, vaxtının bir qədərini onlarla məşğul olmağa həsr edirdi.

İmam Xomeyninin davranışlarından seçmələr.

BÖYÜK CİHAD YA NƏFSLƏ MÜBARİZƏ

Ömrümüzdən bir il də keçdi. Siz cavanlar qocalığa doğru, biz qocalar isə qarşıda olan ölümə doğru gedirik. Bu bir illik təhsildə siz, öz təhsilatınızın hədlərinə və qazandığınız elmə vaqifsiniz; bilirsiniz ki, nə qədər təhsil alıb və nə qədər öz elminizin bünövrəsini möhkəmləndirmisiniz. Lakin, əxlaqın paklığı, şər’i qaydaların təhsili və ilahi maarif barəsində nə etmisiniz? Hansı müsbət addımı atmısınız? Heç öz paklıq və islahınız barədə düşünmüsünüz? Bu barədə bir proqramınız olubmu? Deməliyəm ki, çox təəssüflər olsun ki, gözə dəyən bir iş görməmisiniz, öz islahınız və paklığınız üçün böyük addımlar atmamısınız.

Elm ocaqlarına sifariş

Elm ocaqları, elmi məsələləri əhatə etməklə yanaşı, əxlaq məsələlərini və mənəvi elimləri də öyrənib-öyrətməlidirlər. Onlara əxlaq ustadları, ruhani tərbiyəçiləri və öyüd-nəsihət məclisləri lazımdır .

Peyğəmbərin (s) məb’us olunmasında əsas məqsəd olan əxlaq və islah proqramları, tərbiyə və paklıq dərsləri, ilahi maarifi öyrənmək, gərək elmi mərkəzlərdə genişlərək, qanuni olsun.

Təəssüflər olsun ki, elmi mərkəzlərdə belə lazımlı və zəruri məsələlərə az diqqət olunur, mə’nəvi və ruhani elmlər azlığa doğru gedir. Qorxu burasındadır ki, elm ocaqları gələcəkdə əxlaq alimləri, paklıq və saflıq mürəbbiləri, ilahi şəxsiyyətlər yetişdirə bilməsinlər. Müqəddimə məsələlərində olan bəhs və təhqiq, Qür’ani Kərim, Peyğəmbəri Ə’zəm (s) və başqa peyğəmbər və övliyaların (ə) inayət yeri olan əsil məsələlər üçün macal verməsin.

Elm ocaqlarının diqqət mərkəzində olan böyük fəqihlərin, yüksək məqamlı ustadların, dərs və bəhs əsnasında tələbələrin tərbiyə və paklığı üçün hümmət edib, mənəvi və əxlaqi məsələlərə çox yer ayırmaları yaxşı olardı.

Elm ocaqlarının islahatçılarına da fəzilətli adətlər qazanmaqda, nəfsi paklaşdırmağa sə’y edib, öz üzərlərində olan mühüm vəzifələrə və ağır mə’suliyyətlərə əhəmiyyət vermələri lazımdır.

Tələbələrə sifariş

Bu günləri elm ocaqlarında təhsil alıb, sabah cəmiyyətin rəhbərlik və hidayətini öhdəsinə almaq istəyən siz tələbələr, vəzifənizin təkcə bir ovuc termini öyrənməkdən ibarət olduğunu fikirləşməyin. Bəlkə, başqa bir vəzifəniz də vardır. Siz gərək bu elmi hövzələrdə özünüzü elə islah və tərbiyə edəsiniz ki, bir şəhər, ya kəndə gedərkən, oranın əhalisini hidayət edib, saflaşdıra biləsiniz.

Sizdən gözlənilən budur ki, fiqh mərkəzlərindən gedərkən, özünüzü elə paklamış və islah etmiş olasınız ki, camaatı da islah edə biləsiniz, İslamın əxlaq göstərişləri və qaydalarına uyğun şəkildə onları tərbiyələndirəsiniz.

Amma Allah eləməmiş, elmi hövzələrdə özünüzü islah edə bilməsəniz və mə’nəviyyat qazanmasanız, hara getsəniz (Allaha pənah aparırıq) camaatı yoldan azdırıb, İslama və ruhaniyyətə qarşı bədbin edəcəksiniz.

Sizin ağır vəzifəniz vardır. Əgər elmi mərkəzlərdə öz vəzifənizə əməl etməsəniz və nəfsinizi paklaşdırmasanız, təkcə neçə termini öyrənmək ardınca olub, üsul və fiqh məsələlərini düzəltsəniz, gələcəkdə İslam və İslam dünyası üçün (Allaha pənah aparırıq) zərərli olub, xalqın sapınmasına, yolundan azmasına səbəb ola bilərsiniz. Əgər sizin layiqsiz əməl və rəftarınız üzündən, bir nəfər yolunu azıb, İslamdan üz döndərsə, olduqca böyük günaha düşmüş olursunuz və tövbənizin qəbul olunması çətindir. Necə ki, əgər biri sizin vasitənizlə (gözəl əməl və rəftarınıza görə) hidayət tapsa, hədisə əsasən, bu (sizin üçün) "Günəşin üzərlərinə işıq saldığı hər şeydən yaxşıdır."[1]

Sizin vəzifəniz ağır və adi camaatın vəzifəsindən fərqlidir. Bəzi işlər vardır ki, ümumi camaat üçün mübahdır, amma sizin üçün icazəli deyil, hətta sizin üçün haram olması mümkündür. Çoxlu mübah əməllər vardır ki, camaat sizdən onlara mürtəkib olmağınızı gözləmir. Onda ki, qala çirkin və haram əməllər ola. Allah eləməmiş, sizdən belə əməllər baş versə, bunlar camaatı İslama və ruhaniyyət aləminə qarşı bədbin edər. Dərd burasındadır ki, camaat sizdən gözlədiklərinin əksinə olan bir əməl görsələr, dindən sapınırlar, ruhaniyyətdən dönürlər, daha həmin fərddən yox. Ey kaş, fərddən, üz döndərəydilər və bir fərdə qarşı bədbin olaydılar. Amma, bir ruhanidən insani keyfiyyətlərin əksinə olan və ona yaraşmayan bir əməl görsələr, onu təhlil etmirlər. Ticarətçilər arasında düz olmayan, yolunu azmış fərdlər olduğu, idarələrdə fasid və pis işlər törədən şəxslər göründüyü kimi ruhanilərin də arasında bir, ya bir neçə belə şəxsin olması mümkündür. Ona görə də bir baqqal günah etsə, deyirlər filan baqqal günahkardır, bir əttar pis əmələ mürtəkib olsa, deyirlər filan əttar pis əməl edəndir. Amma bir axund pis bir iş etsə, demirlər ki, filan axund yolunu azıb, deyirlər, axundlar pisdirlər.

Elm əhlinin vəzifələri çox ağırdır. Alimlərin mə’suliyyəti başqa camaatkından çoxdur. Əgər, “Kafi”[2] kitabının “Üsul” və “Vəsail”[3] kitabının alimlərin vəzifələri barəsində olan bölmələrinə müraciət etsəniz, elm əhli üçün necə ağır təklif və mə’suliyyətlərin bəyan olduğunu görərsiniz. Rəvayətdə var ki, can hülquma yetişəndə, daha alim üçün tövbə yeri yoxdur. Bu halda alimin tövbəsi qəbul olunmaz. Çünki Allah, o kəslərdən ömürlərinin axırına qədər tövbəni qəbul edir ki, onlar cahil olublar. Başqa bir rəvayətdə gəlibdir ki, alimin bir günahı bağışlanana qədər cahilin yetmiş günahı bağışlanar.[4] Çünki, alimin günahının İslam və İslam dünyasına çoxlu zərərləri vardır. Adi və cahil şəxslər bir günaha düçar olduqda, təkcə özlərin bədbəxt edib, özlərinə zərər vururlar. Amma bir alim yolunu azıb, pis əmələ düçar olsa, bir aləmi yoldan çıxarıb, İslama və İslam alimlərinə ziyan vurur.[5] Bu ki, rəvayətdə gəlib: "Cəhənnəm əhli öz elminə əməl etməyən alimin üfunətli iyindən əziyyət çəkirlər"[6], ona görədir ki, dünyada İslam və İslam dünyasına xeyir, ya zərər verməkdə alim və cahil arasında çox fərq vardır. Bir alim yolunu azarsa, bir ümməti yoldan çıxarıb, üfunətə çəkməsi mümkündür və bir alim özünü saflaşdırarsa, İslam əxlaqı və ədəblərinə riayət edərsə, bütün cəmiyyəti paklayıb, hidayət edə bilər.

Yayda getdiyim bəzi şəhərlərdə oranın camaatını şəriət ədəbləri ilə ədəblənmiş görürdüm. Səbəbi də orada saleh və pərhizkar alimin olması idi. Əgər bir toplu, şəhər və məntəqədə doğruçu, təqvalı alim yaşasa, o alimin təbliğ və hidayəti sözlə olmasa belə[7] onun varlığı camaatın hidayətinə və saflaşmasına səbəb olar. Biz elə şəxsləri görmüşük ki, onların varlıqları nəsihət və ibrətə səbəb olub. Təkcə onları görmək ayılmağa səbəb olub. İndinin özündə də məhəllələr bir-birindən fərqlənir. Saf və pak alim yaşayan məhəllədə, saleh və imanlı camaat var. Başqa məhəllədə isə bir nəfər yol azmış fasidin, əmmamə qoyub, imam camaat olub, özünə bazar açıdığını görürsən. Belə alim, bir dəstəni aldadıb, günaha bulaşdırır və yoldan çıxarır. Bu həmin günahkar alimdir ki, onun üfunətli iyindən cəhənnəm əhli əziyyət çəkirlər. Bu bir üfunətdir ki, pis alim, əməlsiz alim, yolazmış alim onu bu dünyada qazanıb və onun pis iyi o biri dünyada cəhənnəm əhlinə əziyyət verir. Daha orada buna bir şey artırılmayıbdır.

Axirət aləmində vaqe olan şeylər, bu dünyada hazırlanan şeylərdir. Bizə öz əməlimizdən xaric bir şey vermirlər. Fəsad edən və xəbis bir alim, dünyanı üfunətə çəkir, amma bu dünyada onun üfunətli iyini burunlar hiss etmirlər.

Lakin, axirətdə onun pis iyi hiss olunur. Amma bir nəfər adi şəxs, İslam cəmiyyətində və İslam dünyasında belə bir fəsad və çirkinlik yarada bilməz. Adi insanlar heç vaxt özlərinə imamət, məhdəviyyət, peyğəmbərlik və Allahlıq iddiası etməyi icazə vermirlər. Dünyanı fəsada çəkən, fasid alimlərdir. "Alim fəsad etsə, aləm fəsada düşər."[8]

Nəfsi paklamaq və saflaşdırmağın əhəmiyyəti

Təkcə dinlərini düzəldərək, çoxlu cəmiyyətlərin zəlalət və aldanmasına səbəb olanların əksəriyyəti elm əhli olub. Onlardan bəziləri elmi mərkəzlərdə təhsil alıb, çətinliklər çəkiblər.[9]

Batil firqələrdən birinin başçısı, bizim bu elmi hövzələrimizdə təhsil alıb. Lakin təhsilatı nəfsi paklaşma ilə bərabər olmadığı, Allah yolunda qədəm götürmədiyi və daxili çirkinlikləri özündən kənarlaşdırmadığı üçün, bu qədər rusvayçılıq yaratdı. İnsan xəbasəti (daxili çirkinlikləri) öz içərisindən təmizləməsə, nə qədər dərs oxusa və təhsil alsa da heç bir fayda verməyəcəyindən əlavə, zərərlər də verəcəkdir. Elm, belə bir xəbis mərkəzə daxil olarsa, xəbis budaqlar və yarpaqlar çıxarıb, xəbis ağaca çevriləcək. Bu məfhumlar paklaşmamış və qaralmış ürəkdə nə qədər artsa, o ürəyin pərdə və hicabları da bir o qədər artacaqdır.

Paklanmamış nəfsdə elm qara bir pərdədir. Çünki fasid alimin şərri İslam üçün, bütün şərlərdən çox və qorxuludur. Elm nurdur. Amma, fasid və qara ürəklərdə təkcə zülmətin əhatəsini genişləndirir. İnsanı Allaha yaxınlaşdıra biləcək elm, dünyatələb nəfsə daxil olarsa, insanı Zul-Cəlalın dərgahından daha çox uzaqlaşdıracaq. Tövhid elmi də əgər Allahdan başqası üçün olsa, zülmət pərdələrindəndir. Çünki Allahdan başqaları üçün məşğul olmaqdır. Əgər bir kəs Qür'ani Kərimi on dörd qiraətlə Allahdan başqası üçün əzbərləsə, oxusa, hicab və Həqq-Təaladan uzaqlaşmaqdan başqa heç bir şey ona nəsib olmayacaq. Amma bunu bilin ki, “elm” ilə “paklaşmaq” arasında çox fərq və çox fasilə vardır. Bizim ustadımız[10] mərhum şeyx (Allah ona rəhmət etsin) buyururdu: Bu ki, deyirlər: “Molla olmaq asandır, adam olmaq çətin ” düz deyil. Bəlkə, gərək belə deyilsin: "Molla olmaq çətin, adam olmaq isə qeyri-mümkündür!"



  İrəli
Go to TOP