A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Deməli, qürrələnməyimizin əsas səbəblərindən biri çox-çox bilikləri bilməməyimizdən qəflətdə olmağımızdır. Bildiyimiz bir neçə sualın cavabı gözümüzə o qədər böyük görünür ki, bütün məsələlərdən xəbərdar olduğumuzu düşünürük.

2. Qürurun digər səbəbi insanın özünə (nəfsinə) məhəbbətidir. Özünü sevən insan heç vaxt öz nöqsanlarını görə bilmir. Mə’lumatı olmayan insan öz mə’lumatsızlığını, əlinin boş olmasını görüb susur. Amma elə ki, bir neçə məsələ haqqında mə’lumat toplayır, elə bilir ki, bilmədiyi bir şey qalmayıb. Belə insan öz nadanlığını hiss edə bilmir. Onun daxilindəki eqoistlik, özünəvurğunluq həqiqəti görməyə imkan vermir.

Maddi işlərdə də eyni hallar müşahidə olunur. Tam yoxsul insan dünyada olan ne’mətlərdən, matahlardan xəbərsiz qalır. Amma həmin yoxsulun əlinə azca sərvət düşən kimi düz yoldan azır, özünü ətrafdakılardan üstün tutmağa başlayır. Bu cüz’i sərvət onun gözünü tutduğundan dərk edə bilmir ki, hələ bir çox şeylərdən məhrumdur.

Amma uyğun qəflət mə’nəviyyat sahəsində özünü daha qabarıq göstərir. Kiçik bir məsələdən xəbər tutan insan özünü elm dəryası hesab edir. Ona elə gəlir ki, bilmədiyi məsələ qalmayıb.

Yə’qin ki, nəhv (qrammatika-sintaksis) aliminin hekayətini eşitmisiniz. Bu alim gəmidə yol gedərkən sadə tacirdən savay həmsöhbət tapa bilmir. Alim öz alimliyini tacirə hiss etdirmək üçün soruşur:

Siz nəhv elmindən nə qədər bilirsiniz?

Tacir cavab verir ki, bu elmdən xəbərsizdir.

Alim deyir:

Heyf! Ömrünün yarısını bada vermisən!

Bu sözlər tacirin xətrinə dəyir. Çox çəkmir ki, dənizdə tufan qopur. Tufan şiddətlənir. Gəmi batmağa başlayır. Gəminin kapitanı sərnişinlərdən üzə bilib-bilmədiklərini soruşur. Alim bildirir ki, o üzə bilmir. Tacir alimə müraciətlə:

Heyf! Bütün ömrünü bada verdin – deyir...

Bəli, bə’zən bir ədəbiyyatçı elə güman edir ki, qrammatikanı bilmək bütün elmlərdən xəbərdar olmaqdır. Hansı ki, sadəcə üzgüçülüyü bilməməklə insan öz həyatı ilə vidalaşmalı olur.

Qürur nə vaxt güclənir?

Qürurun səbəbləri haqqında ətraflı danışmaq üçün insanın yaranışını nəzərdən keçirməliyik. İnsan zəif məxluqdur. Bu zəifliyin göstəricilərindən biri onun tutumunun kiçikliyidir. Məsələn, tibb mütəxəssisləri bütün elmlərin tibdə, ədəbiyyatçılar ədəbiyyatda, filosoflar isə fəlsəfədə cəmləşdiyini güman edirlər. Belə bir xüsusiyyət əksər insanlara xasdır. İnsan öz biliyini mühüm sayır. Onun bildikləri bilmədiklərinin üzərinə kölgə saldığından nadanlığını hiss etmir. Hətta bilmədiyi şeylər haqqında “mühüm olsaydı bilərdim” deyir. Qur’ani-kərimdə həmin cahil qövmün dilindən oxuyuruq: “Əgər yaxşı bir şey olsaydı, mö’minlər bu işdə bizdən qabağa düşə bilməzdilər.”[86] Hətta deyirlər ki, bizdə bir şey yoxdursa, demək həmin şey faydasızdır. Onların fikrincə, bir şeyi bilmirlərsə, demək həmin şey gərəksizdir. Guya, camaat onların bildiyini bilərsə, kifayət edir. Bütün bu keyfiyyətlər insanın tutumsuzluğundan qaynaqlanır.

Əlbəttə ki, insanın öz bildiyini mühüm, bilmədiyini gərəksiz sayması böyük bəladır. Maraqlıdır ki, insanın malik olduğu əksər elmlər ehtimallar üzərində qurulmuşdur. Əgər ən tanınmış alimlərin də mə’lumatı xətasız deyilsə, insan hansı haqla qürrələnə bilər?! Əgər alimlər arasında mübahisə gedirsə, demək, hələ ki onların əlində yetərli dəlil yoxdur. Bəs nə üçün insan bir bunca qürrələnib, özünü haqlı, başqalarını haqsız sayır? Axı başqaları da düşünür, zəhmət çəkir. Əgər bir şəxs başqasının nəticəsinə müxalif bir elmi nəticəyə gəlirsə, onun fikrini yanlış saymaq olmaz. Hansı əsasla öz ehtimalını həqiqət hesab edə bilərsən?!

Bəli, beləcə qürur bəlası ortaya çıxır və insan yalnız öz rəyini həqiqətə uyğun hesab edir. Bir qədər araşdırma aparıb, müəyyən nəticəyə gələn kimi başqalarının nəticələri, zəhmətləri, elmi nailiyyətləri puç sayılır. Bu gün “mən haqlıyam” deyib duran şəxs bir də görürsən ki, sabah başqa bir fikir yürüdür və yenə də özünü haqlı sayır. Demək, yalnız bir şəxsin düşüncəsi həqiqət sayılmalıymış!! Qürur!... Təkəbbür!...

Təəssüf ki, öz fikrini, rəyini təvazökarlıqla bildirənlər çox azdır. Əksəriyyət öz mövqeyini mütləq həqiqət kimi qəbul etdirməyə çalışır və başqalarının nəzərini yanlış sayır. Hətta başqalarının uzun araşdırmalardan sonra gəldiyi nəticə haqqında “belə bir şey olsaydı böyüklər demiş olardı, eşitmiş olardıq”, deyirlər. Əmirəl-mö’mininin təbirincə, “tə’nə dili” ilə danışırlar. Bütün bu hörmətsizliklərin kökündə eqoistlik durur.

Qürur və lovğalığın rəftara tə’siri

Həzrət Əlinin (ə) kəlamları güzgüsündə elmi qürur və eqoistlik kimi bəlaları müşahidə etdikdən sonra Həzrətin (ə) alimlər haqqında buyuruqlarını bilsək, yaxşı olar. Həzrət (ə) alimləri iki qrupa ayırır. Onlardan bir qismi elmi məsələlərin müəyyən bir hissəsindən xəbərdardırlar və rəftarları da ikilidir. Çünki elmə iki pəncərədən boylanırlar. Həzrət (ə) onların haqqında buyurur: “Alim o şəxsdir ki, bildiklərinin bilmədikləri ilə müqayisədə az olduğunu anlasın.” Belələri Qur’ani-kərimin bir tə’birini özləri üçün əsas götürürlər: “Sizə yalnız cüz’i bir bilik verilmişdir.”[87] onlar anlayırlar ki, malik olduqları elm dəryadan damla da deyil. Ona görə də heç vaxt qürrələnmir, lovğalanmırlar. Onlar öz bildiklərini zülmət içində közərən nöqtə kimi qiymətləndirdiklərindən təvazö göstərir, öz əliboşluqlarını dərk edirlər. Belə alimlər özlərini cahil bildikləri üçün xüsusi bir həyat tərzi yaşayırlar. Həzrət (ə) buyurur: “Ona görə də özünü cahil sayır, elm əldə etmək üçün çox çalışır və daim elm axtarır.” Onlar daim oxumadıqları kitabları vərəqləyərək özlərini nadanlıqda qınayırlar və hər an öz biliklərini artırmağa çalışırlar.

Birinci qisim alimlərin xüsusiyyətlərindən biri budur ki, elm əhli ilə rastlaşdıqda lovğalanmır, əksinə təvazö göstərir, özlərini aşağı tuturlar. Özlərinə deyirlər ki, qarşısındakı şəxsin bildiyi bir çox şeylərdən xəbərsizsən. Həzrət (ə) buyurur: “O, elm əhli qarşısında təvazökardır. Mö’minə aid edilən “xüşu” və “xuzu” xüsusiyyətlərindən “xüşu” daha üstün sifətdir. Xüzu bir növ bədənin, xüşu isə qəlbin təvazösüdür. Zahirən əyilmək xüşudursa, qəlbən əyilmək xüzudur.

Bu qrupdan olan insanların digər bir xüsusiyyəti öz fikirlərini, rəylərini ən üstün fikir və rə’y kimi götürməmələridir. Onlar heç vaxt arxayın olmur, xətaya yol verəcəklərindən çəkinirlər. İllər uzunu elmi araşdırmalar apardıqdan sonra belə fərqli fikirlə rastlaşdıqda onu inkar etmirlər. Vəsiyyətnamədə bu xüsusiyyətə işarə ilə buyurulur: “Bilmədiyi məsələ ilə qarşılaşdıqda bilmədiyini inkar etmir. Çünki öz cəhalətini e’tiraf edir.”

Belə insanlara mərhum Əllamə Təbatəbaini misal göstərə bilərik. Yarım əsrdən çox elmi mütaliələrlə məşğul olub, ali bir məqama çatmış, “Əl-mizan” kimi bir Qur’an təfsiri yazmış şəxs heç vaxt “bilmirəm” deməkdən çəkinməmişdir. Hətta bir suala cavab verməzdən əvvəl “olsun ki belədir” qeyd edərmiş. O Əllamə Təbatəbai, bu isə biz!!

Həqiqi alim dərk edir ki, onun biliklərində ehtimalların öz çəkisi var və buna görə də öz biliyindən arxayın olmur. Onların ən gözəl xüsusiyyətlərindən biri çox sükut etmələridir. Həzrət (ə) buyurur: “...Daim sükut edir.” Həqiqi alim nəinki nəzərini, rə’yini qəti bildirmir, hətta nəzərini bildirməməyə çalışır. Onlar daha çox öz xətalarına diqqət yetirirlər. Səhv etdikdə xətalarından xəcalət çəkir, bunu özləri üçün eyib sayırlar. Əksinə, elm yoluna təzəcə qədəm qoyanlar elmin qoxusunu duyar-duymaz çox danışır, iddialı olurlar. Harada gəldi, hansı məsələ oldu qəti fikir söyləyirlər. Nəzərləri puça çıxdıqda utanmadan “dünənin rə’yi o idi, bu günün rə’yi budur” deyirlər. Amma danışığını ölçüb-biçən adam səhvə yol verdikdə çox utanır. Heç vaxt bilmədiyini inkar etmir. Həqiqi alim bildiklərini danışmaqdan çox bilmədiklərini öyrənməyə çalışır. Həzrət Əli (ə) öz elminə görə qürrələnənləri cahil sayaraq buyurur: “Cahil isə o şəxsdir ki, bilmədiyi işdə özünü alim zənn edir və öz fikri ilə kifayətlənir.” Belələri öz biliklərinin cüz’i olmasından xəbərdar olduqları halda özlərini alimlər zümrəsinə qatırlar. Öz biliklərini artırmağa çalışmır, üç-beş kəlmə ilə kifayətlənirlər. Bilənlərdən bilmək əvəzinə onlardan uzaq gəzir, alimlərdə eyb axtarır. Bu arxayınlıq onu azğınlığa çəkən əsas amillərdəndir. Həzrət (ə) buyurur: “Bilmədiyi məsələ ilə üzləşdikdə onu inkar edir və deyir: “Bu məsələ ilə rastlaşmamışam, güman etmirəm ki, belə ola, çətin ki belə olsun...” Bu sözlər həmin şəxslərin özlərindən xəbərsizliyini göstərir. Onlar başqalarına hörmətsizlik göstərir, elmini artırmaq istəmir, bilmədiklərini inkar edirlər.

On beşinci dərs

ünsiyyət (müaşirət) ədəbi

Oğlum! Vəsiyyətimi dərk et, özünü özün və başqaları arasında ölçü say; özün üçün istədiyini başqaları üçün də istə; özünə qıymadığını başqalarına da qıyma; zülm etmə, necə ki, özünə zülm olunmasını istəmirsən; yaxşılıq et, necə ki özünə yaxşılıq olunmasını istəyirsən; başqaları üçün pis saydığını özün üçün də pis say; xalq üçün bəyəndiyini özün üçün də bəyən; bilmədiyini danışma, hətta hər bildiyini də danışma; sənə deyilməsini istəmədiyin sözü başqalarına demə; bil ki, xudpərəstlik həqiqətə ziddir və düşüncələrin bəlasıdır (çox çalış və başqalarına xəzinədar olma.) Elə ki, yolunu tapdın, Allah qarşısında bacardıqca təvazökar, xaşe ol.”[88]

Bu dəyərli vəsiyyətdə diqqət mərkəzində dayanan məsələ dünya ilə müqayisədə əbədi axirət həyatının əhəmiyyəti idi. Əlbəttə ki, dünyanın da axirətlə müqayisədə əhəmiyyətsiz olduğu nəzərdən yayınmamalıdır. Bu məsələyə digər mövzularda, eləcə də fərdi və ictimai əxlaq mövzusunda danışılarkən toxunulmuşdur. Müşahidə etdiyiniz kimi Həzrət (ə) dünya əhlini səfərdə olan karvana bənzədir. Əlbəttə ki, bu səfərin özünəməxsus çətinlikləri var və insan bu çətinliklərə dözməlidir. Yol çətinliklərinə dözməyən müsafir, təbii ki, mənzil başına çata bilməz. Əgər müsafir bilsə ki, yol çox qısadır, çətinliyə dözmək asan olar. Dünya həyatının qısalığını dərk edən insan da belədir. O, heç zaman dünyaya əsir olmur. Axı hansı məntiqlə əbədi səadəti üç-beş günlük yarı acı, yarı şirin dünya həyatına qurban vermək olar?! Amma dünya həyatının sonunu yoxluq bilən insan xoşbəxtliyini yalnız dünyada axtarasıdır.

Xoş rəftarın, ünsiyyətin me’yarı

Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) bəşəriyyətə insanlar arasındakı münasibətlərə aid digər bir mühüm məsələni bəyan edir. Bu məsələ haqqında vəsiyyətnamənin başqa bir yerində də başqa bir ünvanla danışılacaqdır. Həzrət (ə) buyurur: “Özünü özün və başqaları arasında ölçü say...” İnsan başqaları ilə rəftarını dəyərləndirmək üçün me’yara ehtiyaclıdır. Yaxşı rəftarı tanımaq üçün hökmən bir ölçü lazımdır. Axı insan istər-istəməz başqaları ilə ünsiyyətdə olur. Bəs ətrafdakıların hüququnu pozmamaq üçün necə rəftar etməli, necə danışmalı?

Müqəddəs islam dinində rəftar və ünsiyyət qaydaları geniş və dəqiq şəkildə öz əksini tapmışdır. Vacib və haram, müstəhəb və məkruh (bəyənilmiş və pislənmiş) əməllər tam şəkildə müəyyənləşdirilmişdir. Amma məsələ budur ki, istənilən bir şəraitdə istifadə ediləsi ümumi bir me’yar var, yoxsa yox? Bu suala Həzrət (ə) misilsiz bir hikmətlə cavab verərək “me’yar özünsən” buyurur. Yə’ni elə rəftar etməlisən ki, özünə qarşı bu rəftarı umursan. Özünün qarşısındakı adamın yerinə qoy və bil ki, hansı rəftarla onu razı sala bilərsən. Belə bir ölçü vasitəsinə malik olan insanın başqaları ilə ünsiyyətdə heç bir problemi olmur. İlk əvvəl bir qədər çətin əldə olunan bu üsul bir müddət sonra xasiyyət şəklinə düşür və asanlaşır.

Yaxşı davranışın səmərəsi

Bu ümumi me’yarı bir daha diqqətlə nəzərdən keçirdikdə müəyyən mühüm nöqtələr əldə olunur. İlk mühüm nöqtə bu me’yarın əhatə dairəsinin geniş olmasıdır. İnsan belə bir me’yardan istifadə etməklə bütün sahələr üçün öz davranışını müəyyənləşdirə bilər. Digər bir nöqtə nə üçün bu me’yarın seçilməsidir. Nə üçün insan öz davranışını tə’yin etmək üçün özünü başqalarının yerinə qoymalıdır? Bütün peyğəmbərlər və səmavi kitablar bildirirlər ki, bəşəriyyət bir ata və bir anadan yaranmışdır. Demək, bütün insanlar insanlıq və şərafətdə müştərəkdirlər. Kimsə bu bərabərliyi, müştərəkliyi inkar edə bilməz. Kimsə deyə bilməz ki, mənimlə bu sayaq rəftar edin, amma mən sizinlə istədiyim kimi rəftar edəcəyəm. E’tiraf etməliyik ki, başqalarından yaxşı rəftar gözlədiyimiz kimi, başqalarının da bizdən yaxşı rəftar gözləməyə haqqı var. Qarşı tərəflə necə rəftar etmək lazım olduğunu  bilmək üçün özümüzü həmin şəxsin yerinə qoymalıyıq. Belə bir baxışın əsasını qarşı tərəfin insani məqamına, hüquqlarına diqqət təşkil edir. Hər bir insanın başqaları ilə qarşılıqlı münasibətdə hüquq və vəzifələri vardır. İnsan ictimai varlıqdır və ətrafındakılar ilə əlaqə saxlamağa məcburdur. İctimai əlaqələrini düzgün nizamlamayan insan maddi və mə’nəvi ne’mətlərə çata bilmir. Ona görə də qarşı tərəfin millətini, irqini nəzərə almadan onun haqlarına riayət etmək lazımdır. İnsan olan varlıq heç vəchlə ictimai əlaqələrdən imtina edə bilməz. Belə bir həyatda o uyğun əlaqələrə möhtacdır.

Bəli, qarşılıqlı əlaqələrin necəliyinin tə’yinində həzrət Əlinin (ə) buyurduğu me’yardan ümumi, üstün me’yar tapmaq mümkünsüzdür. Bu üsula əməl etməyə başlasaq, bütün rəftarlarımızı yenidən nəzərdən keçirməli olacağıq. Bu qayda o qədər əhatəlidir ki, mədəni, əqidəvi, hüquqi tə’sirlər də göstərir. Yalnız bu me’yarı əsas götürməklə insanlıq, ictimailik dərk olunur. Yə’ni həm rəftara, həm də bütün mədəniyyətlərə və millətlərə tə’sir edilir. Məsələn, ailədə ərlə arvadın müxtəlif xüsusiyyətlərə malik olmasına baxmayaraq, bu me’yar öz işini görür. Müxtəlif vəzifələrə malik olan ailə üzvləri bu me’yar vasitəsi ilə öz qarşılıqlı münasibətlərini yetərincə tənzimləyə bilirlər. İnsanlar bir-birlərindən xoş davranış intizarındadırlar. Əgər ailənin bir üzvü o biriləri ilə zor dilində danışarsa, demək, razıdır ki, onunla da zor dilində danışılsın. Yox əgər zor dilini qəbul etmirsə, gərək özü də zor dilində danışmasın. Ata-övlad əlaqələrində də uyğun məsələ ortaya çıxır. Ata və övladın fərqli vəzifələri olsa da, onlar eyni bir mühitdə yaşayıb, əlaqə saxlamağa məcbur olduqlarından həmin metodla (özünə qıymadığını başqasına qıyma) hərəkət etməli, öz münasibətlərini tənzimləməlidirlər. Uşaqlıq dövrünü xatırlayaq. Bə’zən hansısa rəftarına görə ata-anamızdan narazı qalardıq. İndi ki özümüz valideynik, gərək övladlarımızla həmin cür rəftar etməyək. Valideynimizdən görmək istədiyimiz rəftarla öz övladımıza yanaşmalıyıq. Axı uşaqlıq dövründə səhvə yol verərkən atamızın bizi sərt yox, yumşaq tərzdə başa salmasını istəyirik. Necə ola bilər ki, övladımız səhvə yol verdikdə onunla diktator kimi davranaq?! Təsəvvür edin ki, övladınız siz özünüzsünüz. Özünüzlə necə rəftar olunmasını istəyərdiniz?

Bəli, uyğun metod bütün sferaları əhatə edir və əksər ictimai problemlər bu yolla həllini tapır.

Davranış me’yarına uyğun əməl üsulu

Vəsiyyətin bu sətirləri xüsusi əhəmiyyətə malik olduğundan, yeni bir məsələ açıqlandığından Həzrət (ə) “Ey oğlum” deyə müraciət etməklə qarşı tərəfin diqqətini cəlb edir, öz sözlərini onun qəlbinə hopdurur.

Tapşırılır ki, başqaları ilə münasibətdə problem yaranmaması üçün özünüzü ölçü seçin. Bəs necə? Belə ki, “özün üçün istədiyini başqası üçün də istə.” Başqalarından hansı münasibəti gözləyirsənsə, özün də onlara qarşı eyni münasibəti göstər. Çünki onlar da sənin kimi insandır. “Özünə qıymadığını başqalarına da qıyma.” Axı sənə pis gələn münasibət başqalarına da pis gəlir. Əlbəttə, kimsə özünə qarşı zülm edilməsini istəmir. Bəs nə üçün başqalarına zülm edilsin?! Hamı insandır və eyni münasibət istəyindədir. Etdiyi əməllərdə özünü ölçü götürən insan heç vaxt başqalarına zülm etməz. Belə bir düşüncə tərzi cəmiyyətdə hakim olduqda həmin cəmiyyətdə zülmə yer qalmır, bir çox problemlər öz həllini tapır. Əgər yaxşılıq istəyiriksə, biz də başqalarına yaxşılıq etməliyik. Əgər özümüzə qarşı ədəbsizlik, məsxərə, pis danışıqdan narahat oluruqsa, başqalarına qarşı da belə işləri rəva bilməməliyik. Necə ola bilər ki, başqalarının bizə qarşı hörmətsizliyi pis iş olsun, bizim başqalarına qarşı hörmətsizliyimiz isə yaxşı iş?! Həzrət (ə) buyurur: “Başqaları üçün pis saydığını özün üçün də pis say.” Başqalarının yaxşı rəftarı bizə xoş gəlirsə, bizim də xoş rəftarımız başqalarına xoş gəlir.

Bütün bu deyilənlərdən sonra Həzrət (ə) alim və tələbə rəftarı mövzusunda söhbət açır. İnsan başqaları tərəfindən əziyyətə salınmaq istəmədiyi kimi, başqalarının da əziyyətə düşməsinə səbəbkar olmamalıdır. Məsələn, başqaları ona sualla müraciət etdiyi vaxt bilmədiyi məsələlərdə susmalı “bilmirəm” deməlidir. Əgər biri öz uydurma cavabları ilə sizi aldadarsa, xoşunuz gələrmi? Siz də başqalarını çaşdırmamaq üçün “bilmirəm” deməyi bacarmalısınız. Beləcə, başqalarının suallarına cavab verərkən, özünüz üçün arzuladığınız şəkildə rəftar edin. Bilirsinizsə cavab verin, şübhəniz varsa, “bilmirəm” deyin. Bilmədiyi halda “bilmirəm” deməyənlər olduqca yanlış hərəkət edirlər. Əlbəttə ki, kimsədən bizi əziyyətə salacaq cavablar eşitmək istəmirik. Demək, birinci mərhələdə qayda budur ki, insan bilmədiyi suala cavab verməsin. Həzrət (ə) əlavə edir: “Hətta hər bildiyini də danışma.” Araşdırmalıyıq ki, deyilən sözlər məsləhətlidir, yoxsa yox? Əgər deyəcəyimiz sözlər fəsad yaradacaqsa, ictimai əlaqələrə zərbə dəyəcəksə, əlbəttə ki, susmaq yaxşıdır. Məsələn, bir dost o biri dosta qarşı səhvə yol vermişsə, onu bu barədə xəbərdar etmək olmaz. Çünki nəticədə bu iki şəxsin dostluğu zərbə altında qala bilər. Bəli, insan bildiyi hər məsələni açıqlamamalıdır. Düşünməlidir ki, deyiləcək söz faydalı olacaq, yoxsa zərərli? Əgər tərəddüddəyiksə özümüzü dinləyicinin, qarşı tərəfin yerinə qoyub, mənfi və müsbət cəhətləri müəyyənləşdirməliyik.

Xudpəsəndlik sağlam davranışın bəlasıdır

Davranış me’yarının mövcud olmasına baxmayaraq, çoxları bu qaydaya riayət etmirlər. Çoxları özlərinə münasibətdə gözlədikləri qaydada başqalarına yanaşmırlar. Heç vaxt özlərini qarşı tərəfin yerinə qoymurlar. Bəs bunun səbəbi nədir? Bu xəstəliyin kökü haradadır? Həzrət (ə) buyurur: “Bil ki, xudpəsəndlik həqiqətə ziddir.” Bəli, bu problemin kökündə xudpəsəndlik dayanır. Özünü başqalarından ayıran, üstün tutan insan başqaları ilə eynihüquqlu olmaq istəmir. Bəhanələr də var. Bə’ziləri özünü başqalarından üstün bilir, təkəbbür nümayiş etdirir. Məsələn, özünü alim, başqalarını isə cahil sayır. Ona elə gəlir ki, alim olduğu üçün ona ehtiram göstərilməlidir. Bə’ziləri isə malik olduqları var-dövlətə görə imtiyazlar umur. Kimisi də özünü mö’min, başqalarını günahkar saydığından burnunu dik tutur. Bu cür yanlış yanaşmalar səbəbindən davranışın hikmətli me’yarı ayaq altına atılır. Azğınların ilk addımı həmin xudpəsəndlik, özünü yuxarı tutmaqdır. Onlar başqalarından üstün məziyyətlərə malik olduqlarını düşünür, ətrafdakıları əskik sayırlar. Bu, insanın mübtəla olduğu ən ağır dərddir və dünya-axirət fəlakəti ilə nəticələnir. Bu xəstəliklə ciddi mübarizə aparılmalıdır. İnsan özünü başqalarından aşağı tutmağa çalışmalıdır. O, bütün üstünlüklərini Allahın əmanəti saymalıdır. Üstünlüklər insana tapşırışmış əmanətdir. Axı kim zəmanət verə bilər ki, insanın malik olduğu var-dövlət, iste’dad, gözəllik, güc, iman, vəzifə ömrünün axırınacan onun əlində qalacaq?! Əldən çıxması mümkün olan bir şeyə görə qürrələnməyə dəyərmi? Bu gün imansız, savadsız, yoxsul olan insan sabah imanlı, elmli, varlı ola bilməzmi? “Cücəni payızda sayarlar”– buyurub atalar. Kim bilir ki, kimin axırı nə olacaq? Azmı görmüşük uca məqamlı insanlar qısa bir müddətdə zavala gəlib, uçuruma yuvarlanır?! Kim öz axırının yaxşı olacağına əmindir? Bütün bunları düşünən, dərk edən insan özünü çəkmir, təvazökar olur, təkəbbür və qürurdan çəkinir.

Deməli, Həzrətin (ə) buyurduğu tərbiyəvi, əxlaqi, ictimai me’yara çəpəki baxanlar xudpəsəndlik xəstəliyinə yoluxub, özlərini başqalarından üstün tutanlardır. Ona görə də özləri istədiklərini edir, başqalarından qanun tələb edirlər. Çünki özlərindən razıdırlar. Amma özlərini başqaları kimi bilsəydilər, təvazö edərdilər. Özünü başqaları ilə eyni hüquqlu bilən insan imtiyaz tələb etmir. Gözləmir ki, ona salam versinlər. Belə bir münasibət açıq-aşkar izhar olunmasa da, daxildə özünü möhkəmləndirmişdir. Ona görə uyğun xislətdən yaxa qurtarmaq asan olmur. Hər halda özümüzü qarşı tərəfin yerində hiss edə bilsək, bir çox problemlərin həllinə nail olmuş olarıq. Misli olmayan vəsiyyətin vasitəsi ilə bütün ictimai əlaqələri tənzimləmək mümkündür.

Deyilənlər xudpəsəndliyin ictimai və əməli zərərlərinin yalnız bir tərəfi idi. Digər bir tərəfdə isə fikirə, elmə, ağıla aid xudpəsəndliklər dayanır. Xüdpəsəndlik insanın rəftarı ilə yanaşı, onun ağıl və düşüncəsi üçün də bəlalar yaradır. Bu xəstəliyə yoluxmuş insanın ağlı düz işləmir. Yalnız bu xəstəlikdən qurtulduqdan sonra insan batin və zahir peyğəmbərin himayəsi ilə doğru yola yönəlir. Xudpəsənd olmayan insan bəndəlik yolunu tanıyır, Allah qarşısında müt’i olur və özünü heç bilir. İnsanın eqoistlik və qururdan azad olmasının əlaməti onun Allaha ibadət zamanı xüzulu, xüşulu (müti) olmasıdır. Mənəm-mənəmlik olan yerdə bəndə mütiliyindən danışmağa dəyməz. “Mən” bütü sındıqdan sonra təvazökarlıq peyda olur. Xüşulu, təvazökar, müti olmaq istəyiriksə, ilahi lütfə şərait yaratmalı, maneələri aradan qaldırmalı, ilahi hüzurda acizliyimizi dərk edərək, xudpəsəndliyi kənara qoymalıyıq. Yalnız bu halda xüşu əldə olunur, ali məqsədə doğru hərəkətin vaxtı çatır.

Bihudə, boş sə’y

Bu ilahi vəsiyyətin bə’zi nüsxələrində həzrətin (ə) daha iki buyuruğu ilə rastlaşırıq. O buyurur: “Çox çalış və başqalarının xəzinədarı olma. Elə ki, öz yolunu tapdın, Allah qarşısında bacardıqca təvazökar ol.” Bə’zilərinin fikrincə, bu cümlələrin deyilməsində məqsəd insanı tənbəllikdən uzaqlaşdırmaqdır. Həzrət Peyğəmbərin (s) Əbuzərə moizəsində buyurulur ki, tənbəllik və süstlük insanı səadətdən məhrum edir. Dünya işində tənbəllik edən insan axirət işlərində daha çox tənbəllik göstərir. Tənbəl insan həm dünyasını, həm də axirətini itirir. Çünki həyat axirət səadəti qazanmaq üçün meydandır. Axirətlə oyun oynamaq olmaz.

Uyğun cümlələr haqqında başqa bir izah da verilmişdir. Allah-təala Qur’ani-kərimdə buyurur: “Ey insan! Əzab-əziyyətlə Allahına doğru gedirsən və onunla görüşəcəksən.”[89] Bu mübarək ayədə dünya həyatının axirət həyatına təsirinə işarə edən uca mə’nalar gizlənir. İnsan həyatının mahiyyəti Allaha doğru hərəkətdən ibarətdir. Başqa bir ayədə oxuyuruq: “Biz Allahın bəndələriyik və ona tərəf qayıdacağıq.”[90] Yə’ni insan ömrü Allaha doğru bir səfərdir. Bəli, həyat daimi bir hərəkətdir. Bu hərəkətdən faydalanmaq lazımdır. Qeyd edək ki, insanın iki növ hərəkəti, əməli var. Bizdən asılı olmayan təkvini (bir növ təbii) hərəkət bu hərəkətlərdən biridir. Bu hərəkət heç də hamı üçün faydalı olmur. Hamı axirətə doğru gedirsə, axirət bir yox, iki mənzildən ibarətdir. Hansı mənzilə düşmək isə insanın iradi hərəkətindən (ikinci hərəkət) asılıdır. Ali məqsədə uyğun şəkildə çalışanlar, təbii ki, bu səfəri uğurla başa vururlar.

Nurani vəsiyyətin digər cümləsində buyurulur: “Başqalarına xəzinədar olma.” İnsan bütün hərəkətlərində əsas məqsəd olan axirət səadətini düşünməlidir. Əsas məqsəddən kənar olan insanlaarın faydasını düşünmək yaramaz. Əgər insanın topladığı var-dövlət onun axirətinə yox, başqalarının dünyasına kara gələcəksə, vay o insanın halına! Unutmamalıyıq ki, bu gün axirət həyatımızı bəzəyə biləcək var-dövlət sabah başqalarının əlinə düşüb, puça çıxa bilər.

On altıncı dərs

həyat dərsi

Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var; həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən; özünə lazımınca azuqə, ehtiyat götür; elə bir azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngül ola; gücündən ağır yük götürsən, sənə baha başa gələr; yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil; qənimət say o kəsi ki, ehtiyacsız olduğun gün səndən borc istəyir ki, ehtiyaclı olduğun gün sənə qaytarsın, bil ki, qarşında çətin bir dolambac var və enəcəyin yer yalnız ya behiştdir, ya da cəhənnəm; ora enənədək özünə bir çarə düşün.”[91]



Geri   İrəli
Go to TOP