A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Ey əziz oğlum! Mən bütün qədimdəkilərin ömrünü yaşamasam da, onların əməl və rəftarlarını yaxşı düşündüyümdən, onların dövründəki hadisələri götür-qoy etdiyimdən, onlardan qalmış nişanələri nəzərdən keçirdiyimdən sanki onlardan biriyəm. Onların işlərindən xəbərdar və mə’lumatlı olduğumdan sanki əvvəldən axıradək onlarla yaşamışam. Ona görə də (keçmişin) işığını zülmətindən, xeyirini zərərindən seçmişəm. Hər şeyin qaymağını, gözəlini və bəyənilmişini seçib bəyan etmişəm. Namə’lum qalanı, tanınmamışı səndən uzaqlaşdırmışam. Çünki sənin işlərinə mehriban ata kimi diqqət yetirmişəm, ədəb öyrətmək üçün çalışmışam. Münasib gördüm ki, bu diqqət sənin ilkin gəncliyində işə yarasın. Həyata yenicə qədəm qoyduğun vaxt, qarşında bir zaman varkən, sağlam niyyət və pak nəfsə malik olduğun halda Allah kitabının tə’limi, onun bəyanı, İslam qayda-qanunları, halal-haramların bəyanı ilə sənin tərbiyənə başlamaq istədim və heç vaxt bundan başqa şeylərə üz tutmaram. Nigaranam ki, nəfs istəyindən qalxan əqidə ixtilafları, rə’ylər həqiqəti insanlardan gizlədiyi kimi səndən də gizləyə. Buna görə də həmin şübhələri araşdırmaqdan çəkinməyimə baxmayaraq, təslim olmamaq üçün amanda olmadığın şübhələrdən qorunmaq üçün əqidəni möhkəmləndirməyi üstün tutdum. Ümidvaram ki, Allah səni doğru yola yönəlməkdə müvəffəq edə və düz yola yönəldə . Sənə bu nəsihətimi tapşırır, öyüd verirəm.[73]

Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) dolayı yolla bir sıra ibrətamiz nöqtələri açıqlayır. Yə’ni birbaşa öyüd-nəsihətə keçməzdən qabaq tərbiyəvi cəhətdən faydalı olan bə’zi nöqtələrə toxunulur. Bu incə məsələlər dolayı yolla dinləyicinin nəzərinə çatdırılır.

Atalıq nəsihəti 

Həzrətin (ə) kəlamları yalnız tərkibindəki söz və ifadələrlə yox, eləcə də müraciət üslubu ilə də danışır. Bu misilsiz buyuruqlardakı işarələri anlamaq üçün əvvəlcə onu nəzərdən keçirmək lazım gəlir.

Həzrət (ə) vəsiyyətnamənin bu hissəsində bildirir ki, tərbiyə etmək istədiyiniz şəxsin elmi cəhətdən diqqətini cəlb edin. Həmin şəxs əmin olmalıdır ki, siz onu tərbiyə etmək gücünə maliksiniz. Tərbiyəçiyə e’timadı olan şəxs onun sözlərinə diqqətlə yanaşır. Amma tərbiyəçinin kimliyi, elmi səviyyəsi mə’lum olmadıqda dinləyici ona qəlbən qulaq asa bilmir. Bu halda dinləyici nə deyilən sözləri düzgün dərk edir, nə də həmin nəsihətlərə əməl etməyə çalışır. “Onların (qədimdəkilərin) işlərindən xəbərdar və mə’lumatlı olduğumdan, sanki əvvəldən axıradək onlarla yaşamışam” – deyən Həzrət (ə) dinləyicinin diqqətini cəlb edir ki, o bu diqqət sayəsində tərbiyələnə bilsin. Belə bir misala nəzər salaq: Tutaq ki, birinə hədiyyə vermək istəyirsiniz. Həmin şəxs hədiyyəni nə qədər dəyərli hesab etsə, bir o qədər diqqət göstərəsidir. Ucuz hədiyyəyə diqqətsizlik göstərilir və kimsə onu itirməkdən qorxmur. Amma hədiyyə çox dəyərli olduqda insanlar ona xüsusi diqqətlə yanaşır, daim bu hədiyyə haqqında düşünürlər. Həzrət (ə) öncə öz mə’lumatlılığı haqqında danışmaqla dinləyiciyə anlatmaq istəyir ki, onu nəsihət edən şəxs bütün keçmişdəkilərin həyat təcrübəsinə malik insandır. İnsan hiss edir ki, ona nəsihət edən şəxs ilahi bir alimdir və bütün bəşəriyyətin təcrübəsi ilə silahlanmışdır. Çox dəyərli olan bu hədiyyə illər uzunu damla-damla taplanaraq, bütöv halda təqdim olunur. Bu səbəbdən də onu can kimi əziz tutub, qorumaq lazımdır. O asan qazanılmayıb ki, asan da itirilsin. Bu hədiyyəni münasib vaxtda işlətmək, ondan lazımınca faydalanmaq lazımdır. Qorumaq bəhanəsi ilə onu fəaliyyətsiz saxlamaq olmaz.

Dinləyicinin qəlbinə nüfuz etmək üçün həzrətin (ə) işlətdiyi digər tə’bir “ey əziz oğlum” ifadəsidir. Mehribançılığın, məhəbbətin izharı üçün ərəb dilində bir çox ifadələr vardır. Həzrət (ə) öz dərin sevgisini “ey əziz oğlum” ifadəsi ilə bildirir.

Digər mühüm nöqtə odur ki, başqalarının həyatını mütaliə edən, keçmiş dövrün bütün eniş-yoxuşlarından xəbərdar olan insan bütün tarixi yaşamış kimidir.

Bu vəsiyyətin biz də qədrini bilməliyik. Çünki Həzrət (ə) bu vəsiyyətnamədə öz həyatının qazanclarını sətir-sətir, ləhzə-ləhzə toplayıb, bizə təqdim etmişdir. Belə görünə bilər ki, tarixi gerçəkliklərin mütləq, nə üçün-niyəsiz qəbul edilməsi məntiqi deyil və keçmişdə elm və mədəniyyət geri qaldığından öyrənməli bir şey yoxdur. Hansı ki, bu günkü elm həmin qədim bünövrə üzərində qurulmuşdur. Həzrət (ə) buyurur: “Onların dövründəki hadisələri götür-qoy (saf-çürük) etdim..” Bəli, Əli (ə) tarixi mə’lumatları ələkdən keçirmiş, doğrunu yanlışdan ayırmış, xeyirli və zərərli olmuşları müəyyənləşdirmişdir. Özünü ideal hesab etmiş bir çox tarixi şəxsiyyətlərin həyatını analiz etdikdə onların ideallıqdan çox-çox uzaq olduğu mə’lum olur. Həzrət (ə) yalnız həqiqi və faydalı mə’lumatları dinləyiciyə təqdim edir. O, qarşı tərəfdə şübhə doğura biləcək mətləblərin bəyanından çəkinir. Həzrət (ə) mehriban ata kimi öz sevimli oğluna yalnız faydalı tövsiyyələr verir, onu yalnız düzgün ədəbə çağırır. Həzrət (ə) buyurur: “Hər şeyin qaymağını, bəyənilmişini, gözəlini seçib bəyan etmişəm. Naməlum qalanı, tanınmamışı səndən uzaqlaşdırmışam...” Həzrət qeyd edir ki, nə yaxşı ki sən cavansan və ömrünün əvvəlidir. Bu vəsiyyətlər qısa bir müddət yox, bütün ömür üçün nəzərdə tutulmuşdur. Vəsiyyətin ünvanlandığı gənc pakdır və hələ ki dövrün çirkabına batmamışdır. Onun qəlbi pak və səfalıdır. Ona görə də Həzrət (ə) hər şeydən əvvəl ən zəruri olan dini bilikləri öyrədir.

Gəncin tərbiyəsində ilk addım

Həzrət (ə) bu nəsihətləri mə’lumat şəklində bəyan etsə də, onun gedişində hər biri hikmətli öyüd olan nöqtələri vurğulayır. Onlardan bə’zilərinə nəzər salaq:

1. İlkin biliklər – Hər bir müəllim, tərbiyəçi və ya övladını sevən mehriban ata gəncin daxili aləmi çirklənməmiş ilk addımda ona dini həqiqətləri öyrədir. Başqa sözlə, ilk öncə övlada düzgün əqidə və düşüncə tə’lim edilməlidir. Bu işdə yubanılarsa, gəncin qəlbi yanlış əqidələrlə dolasıdır. Belə qəlbi islah etmək üçün ikiqat zəhmət çəkmək lazım gəlir. İlahi maarifin tə’limi üçün əvvəlcə həmin qəlbi təmizləmək lazım gələcəkdir. Buna görə də qəlb çirkaba batmamış ona mühüm ilahi biliklər öyrədilməlidir. Əvvəlcə o biliklər öyrədilməlidir ki, bu biliklərdən xəbərsizlik islah yolunu bağlayır. Tə’lim olunası biliklər bir neçə növdür: Öyrənilməsi faydalı olan elmlər; bilinməməsi zərərli olmayan elmlər; səadət yolundakı maneələri aradan qaldıran elmlər.

Müxtəlif növ biliklər arasında ən mühümü Qur’ani-kərimdə mövcud olan biliklərdir. Bu elmlərdən məhrum olan insan üçün səadət yolu bağlıdır. Şübhəsiz ki, insan üçün Qur’an maarifindən faydalı bir bilik olsaydı, Allah-təala həmin bilikləri öz bəndələrinə göndərərdi. Qur’anın nazil olması üçün tə’min olunan bütün ilkin şərtlər Allah-təalanın öz bəndələrinin sədətinə göstərdiyi diqqətin göstəricisidir. Tarix boyu bəşəriyyətə belə bir hədiyyə əta olunmamışdır. Mümkündürmü ki, bəşəriyyətin ehtiyaclı olduğu biliklər ondan gizlədilə?! Necə ola bilər ki, öz bəndələrini mərhəməti içində qərq edən, ən üstün bəndəsini peyğəmbər seçən Allahın göndərdiyi kitab hansısa mühüm suallara cavab verməyə?! Bəli, bəşəriyyətin ehtiyaclı olduğu bütün əsas məsələlər Qur’anda bəyan olunmuşdur.

 Övladına xoşbəxtlik vermək istəyən mehriban ata onu hər şeydən əvvəl Qur’an maarifi, dinin halal-haram göstərişləri ilə tanış etməlidir. Çünki bu biliklərdən məhrum olan insan zərərə düşür, dünya və axirət səadətini əldən verir. Ona görə də Həzrət (ə) buyurur: “...Allah kitabının tə’limi, onun bəyanı, İslam qayda-qanunları, halal-haramların bəyanı ilə sənin tərbiyənə başlamaq istədim və heç vaxt bundan başqa şeylərə üz tutmaram.”  Həzrət (ə) bu elmlərdən xəbərsiz insanın başqa elmlər arxasınca getməsini düzgün saymır.

2.Dinləyicinin gücünün nəzərə alınması  Həzrətin (ə) bu hikmətli söhbətindən digər bir əsas nöqtə diqqəti cəlb edir. Müəllimlər, tərbiyəçilər, övladının gələcəyindən narahat olan valideynlər bu məsələyə xüsusi diqqət yetirməlidirlər. Müraciət edən şəxsin gücünü nəzərə almaq olduqca əhəmiyyətlidir. Bəyan ediləcək məsələlər dinləyicinin gücü ilə tutuşdurulmalı, deyilən sözlə dinləyicinin səviyyəsi arasında tarazlıq yaradılmalıdır. Yetkinlik dövrünə qədəm qoymuş bir çox insanların tutumu verilən biliklərlə müqayisədə aşağı ola bilər. Dinləyicinin diqqətlə qulaq asması o demək deyil ki, o, bütün deyilənləri dərk etmək gücündədir.

Həzrət Əli (ə) bu baxımdan dini maarifin öyrədilməsinə üstünlük verir. Bu biliklərdən məhrum olan insan zərərə düşür. Dini maarif və digər biliklərin tədrisində şagirdin dərketmə gücü nəzərə alınmalıdır. Deyilən məsələlər səthi olarsa, dinləyiciyə gərəksiz görünər, çox mürəkkəb olarsa, dinləyici acizlik hiss edər.

3. Azdırıcı sözlər pusqudadır  Vəsiyyətnamənin bu hissəsinə qədər dinləyiciyə bəyan olunası zəruri məsələlərdən danışıldı. Görən dinin əsaslarının (“üsule-din”) və bu sahədə mövcud dəlillərin bəyanı ilə kifayətlənmək olarmı? Tövhid, nübüvvət, məad, ilahi sifətlər, imamət haqqında danışılması bəs edirmi? Dini tə’lim halal-haramların açıqlanması ilə başa çatır, yoxsa deyiləsi başqa sözlər də var?

Həzrət Əli (ə), o ilahi insan bu mühüm nöqtəni də nəzərdən qaçırmır. Həzrət (ə) bu mövzuda buyurur: “Nigaranam ki, nəfs istəyindən qalxan əqidə ixtilafları, rəylər həqiqəti insanlardan gizlədiyi kimi səndən də gizləyə. Buna görə də həmin şübhələri araşdırmaqdan çəkinməyimə baxmayaraq, təslim olmamağın üçün, amanda olmadığın şübhələrdən qorunmağın üçün əqidəni möhkəmləndirməyi üstün tutdum...” Həzrət (ə) öz dinləyicisini yolsuzların, bədxahların tələsindən qurtulmaq üçün əvvəlcə ilahi maarifi bəyan edir. Yalnız əqidəni möhkəmlətdikdən sonra şübhəli məsələləri açıqlamağa başlayır. Həzrət (ə) qarşı tərəfi şübhələrlə mübarizədə ilahi maariflə silahlandırır. Yalnız ilahi maarifə yiyələnənlər bu şübhələrin hücumundan qoruna bilirlər.

Deyilənlərdən mə’lum olur ki, tə’lim-tərbiyə təkcə ilahi maarifin öyrədilməsindən yox, eləcə də şübhələrə qarşı müdafiə xəttinin qurulmasından ibarətdir. İnsan tövhidi sübut etməyi bacarmaqla yanaşı şirki, bütpərəstliyi puça çıxarmağı da öyrənməlidir. Demək, həm ilahi maarif bəyan olmalı, həm də şübhələr kökündən qazılmalıdır.

Həqiqəti tanımaq bir o qədər çətin olmasa da, batil təlqinlərə, rəngarəng şübhələrə mə’ruz qalan insan həqiqəti seçməkdə çətinlik çəkir. Çünki batil həmişə həqiqət donunda gəzir. Beləcə, şübhələr tufanında həqiqətə doğru cəhət götürmək problemə çevrilir. Ona görə də Həzrət (ə) sözünün davamında duaya üz tutur: “Ümidvaram ki, Allah səni doğru yola yönəlməkdə müvəffəq edə və düz yola yönəldə...” Həzrət (ə) öz sevimli övladı, dinləyicisi üçün ifrat və təfritdən uzaq orta yol arzulayır.

Şübhəsiz ki, şübhələr burulğanında başını itirmiş insan həqiqəti tapmaqda və ona əməl etməkdə çətinlik çəkir. Belə insanlar təsadüfən, nadir hallarda doğru yola çıxa bilirlər. Peyğəmbər və ilahi kitabın göndərilməsində əsas məqsəd insana yardım əli uzadıb, onu burulğandan çıxarmaqdır. Allah-təala doğru yolu tapanları seçilmiş ümmət adlandıraraq buyurur: “Sonra ilahi kitabı bəndələrimizdən seçdiklərimizə miras qoyduq. Onlardan kimisi özünə zülm edər, kimisi mö’tədil olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə irəli keçər. Bu böyük fəzilətdir.”[74]Başqa bir ayədə buyurulur: “Doğru yolu göstərmək Allaha aiddir. Haqdan əyilmiş yol da var. Allah istəsəydi, hamınızı doğru yola yönəldə bilərdi.”[75] Digər bir ayədə oxuyuruq: “O, əlamətlər müəyyən etdi. İnsanlar ulduzlar vasitəsi ilə yolu taparlar.”[76] Bəli, insanlar qaranlıq gecələrdə ulduzlardan istifadə edərək yol gedə bilirlər. Əlbəttə ki, qaranlıq gecədə insana yol göstərən Allah mə’nəvi məsələlərdə də onu zülmətdən nura hidayət edir. Kimsəsiz yollarda təhlükə olduğu kimi mə’nəviyyat yollarında da maneələr mövcuddur. Mə’nəvi bir məsələdə azmaq meşədə azmaqdan daha təhlükəli ola bilər. Hətta ulduzları dünya əhlinə yardımçı edən Allah öz bəndələrini mə’nəvi aləmdə yardımsız buraxarmı?! Əlbəttə ki, belə bir hal mümkünsüzdür. Allah-təala bəşəriyyəti doğru yola yönəltmək üçün saysız-hesabsız vasitələr qərar vermişdir. Amma düşünməyək ki, doğru yol ağ bir xətlə sonadək göstərilmişdir. Allah onun göndərdiyi kitabın qədrini bilənləri doğru yola yönəldir. Amma ilahi göstərişlərə məhəl qoymayıb, naşükürlük edənlər öz diqqətsizliklərinin acı nəticəsi olaraq, azğınlığa düçar olasıdırlar. Allah-təala və mə’sum rəhbərlər (ə) həqiqi maarifi bəyan etməklə doğru yolu əyri yoldan seçməkdə insana əl tutmuşlar. Həzrət Əlinin (ə) uyğun vəsiyyətnaməsi də bu ilahi öyüdlərdən biridir.

Qur’an və Əhli-beytin (itrətin) yaxınlığı

Şübhəsiz ki, Qur’an və itrət bəşəriyyətin hidayəti və haqqa çatması üçün Allah-təalanın açdığı bir qapıdır. Bu iki mənbədə hidayətdən əlavə, insanın ömür boyu ehtiyac duyduğu həqiqətlər bəyan olunmuşdur. Bu misilsiz ne’mətlər qarşısında bizim süstlüyümüz də misilsizdir. Əgər soruşulsa ki, öz həyatınızda Qur’an və Əhli-beytdən nə qədər faydalanmısınız, cavab verə bilmərik. Təəssüf ki, möhtaclığımız son həddə çatsa da, Qur’an və Əhli-beyti dərdlərimizin çarəsi hesab etmirik. Bəs Qur’ana müraciət etmədiyi üçün bədbəxt olmuş insan kimi qınamalıdır? Allah həqiqəti batildən ayırmış, doğru yolda nişanələr qoymuş, yetərincə xəbərdarlıq etmişdir. Əgər Allahın göndərdiyi peyğəmbərlərə, tərbiyəçilərə biganə qalmışıqsa, kimdir günahkar? Bəli, insan yalnız özünü məzəmmət etməlidir. Qur’an və Qur’anın açıqlamasında Əhli-beytin (ə) buyuruqları yeganə çıxış yolu olduğu halda nədən bir belə biganəyik? Kitab və itrət insanın ilk bələdçiləridir. Bu ne’mətlərdən istifadə edənlər heç vaxt şəkk-şübhəyə düçar olub, sonradan təəssüf etmirlər. Bu iki bələdçidən üz döndərən insan başqa yerdə işıq tapası deyil. Həzrət Peyğəmbər (s) buyurur: “Pərvərdigara! Mənim qövmüm Qur’andan kənar gəzdi.”[77] Qur’an və itrətdən istifadə edənlərə Allahın başqa yollarla da kömək etməsi mümkündür. Bu hidayətdən üz döndərənlər isə həyatda doğru yol tapmaq, azmamaq ümidində olmasınlar!

On ikinci dərs

Elm toplama

Bil, ey oğlum! Tövsiyyələrim arasından təqva, ilahi vacibat, saleh sələflərin əməl etdikləri daxil olmaqla ən çox sevdiklərimə diqqət yetir; çünki onlar da (keçmiş salehlər) sizin kimi möhkəmlik və xoş düşüncəni tərk etməmişlər. Siz necə düşünürdünüzsə, onlar da elə düşünmüşlər; nəticə əldə etdikdə əməl etmiş, məs’uliyyətli olmadıqda istənilən bir işdən çəkinmişlər.

Əgər onların yolunu tutub, həmin yolu getmək istəmirsənsə, özün onların bildiklərini bilmək istəyirsənsə, qorxulu şübhələrdən, yersiz mübahisələrdən çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən. Təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım almaq üçün ona üz tut, səni şübhəyə salan, yoldan çıxaran tərəddüdləri tərk et. Elə ki, əmin oldun qəlbin paklanmış və işıqlanmışdır, qəbul etməyə hazırdır, onda yekdillik ərsəyə gəlmişdir, onda sənə bəyan etdiklərimə yaxşı-yaxşı nəzər sal. Xoşladığın fikir rahatlığı əldə olunamadıqda, bil ki, atdığın addımlar kor-koranə olasıdır, qaranlığa qədəm qoymusan. Hansı ki, din istəyən (tələbə) heç vaxt bilmədən addım atmır və heç nəyi bir-birinə qarışdırmır. Bu vəziyyətdə yubanıb dayanmaq daha yaxşı, daha münasibdir.

Bu mövzuda ilk və son sözüm budur ki, öz Allahım, ilkin və son ataların Allahı, göylərdə və yerdə olanların Allahına layiq olduğu tərzdə, necə lazımdırsa, necə rəvadırsa, təşəkkür deyirəm. Onun istədiyi, layiq olan şəkildə ondan istəyirəm ki, bizim peyğəmbərimiz həzrət Məhəmməd (s) və bütün peyğəmbərlərə bütün məxluqatın göndərdiyi salamı göndərsin. Ondan istəyirik ki, ne’mətini bizi eşitməklə tamamlasın. Həqiqətən, bütün layiqli işlər onun ne’mətinin köməyi ilə yerinə yetir.”[78]

Həzrət Əli (ə) vəsiyyətinin xülasə şəkilli ilk hissəsindən sonra ətraflı söhbətə başlayır. Bildirir ki, ilahi təqvaya, vacib ilahi əmrlərə, saleh sələflərin yoluna əməl edilməsi zəruridir. O, övladını öz sevdiyi işlərə diqqət yetirməyə çağırır. Bu çağırış dinləyicinin diqqətini cəlb edir. Uyğun bəyan üsulu bəlağət qanunlarına riayət edilməsinin əlamətidir. Nəsihətlərdə təqva ilə yanaşı ilahi vacibatlara əməl edilməsi də tapşırılır. Təqvanın tövsiyyə olunması səbəbi aydındır. Bəs ilahi vacib əmrlər nə üçün xatırladılmışdır? Bu sualın cavabını tapmaq üçün bə’zi izahlara ehtiyac duyulur.

Dini maarifə yiyələnmə yolları

Uyğun dəyərli tövsiyyəni bəyan edərkən deyilməlidir ki, ilahi maarifə yiyələnmək üçün iki yol var: Yollardan biri dini zəruriyyətləri ətraflı şəkildə öyrənmək və möhkəm dəlillərlə sübuta yetirmək, şər’i hökmlərdə isə başqalarına təqlid etməkdir. Məsələn, tövhid və nübuvvətin sübutu üçün möhkəm dəlillər əldə etdikdən sonra ikinci dərəcəli mə’lumatları başqalarından almaq olar. Eləcə də Qur’anın Allah kitabı olmasına dəlillər vasitəsi ilə əmin olduqdan sonra bu kitabın köstərişlərinə əməl etmək qalır. Qur’ana iman gətirən insan mələklərin, bərzəxin, qiyamətin, cənnət-cəhənnəmin varlığı üçün sübut axtarmaya bilər. Çünki sadalanan xəbərlər Qur’anda bəyan olunmuşdur. E’tiqadlara belə bir münasibətlə yanaşıldığı vaxt əməli hökmlərə də bu yolla təslim olmaq lazım gəlir. Məsələn, namazın, orucun zəruriliyi sübuta yetdikdən sonra bu ibadətlərə aid kiçik məsələlərdə mütəxəssislərə təqlid etmək, onların göstərişlərini yerinə yetirmək kifayətdir. Bu yolu seçən insan özünü artıq zəhmətə salmadan bir çox məsələləri hazır şəkildə başqalarından öyrənir. Vəsiyyətnamədə aşkar şəkildə bildirilir ki, insan çalışaraq e’tiqad və əməl bünövrəsini möhkəmləndirməlidir. Dini zərurətləri sübuta yetirərək qəbul edən insan heç vaxt şəkk-şübhəyə düşüb, yolundan azmır. Dini əsaslara əmin olduqdan sonra insan Allahın və Peyğəmbərin (s) buyuruqlarını istisnasız olaraq düzgün sayır və nə üçün niyəsiz əməl edir. Məsələn, bir şəxsdən ilk qəbir gecəsi haqqında soruşulduqda o, tərəddüd etmədən Peyğəmbər (s) və Əhli-beyt buyuruqlarına istinad edərək cavab verir. Bu yola yolçuluq edən bəndə dini zərurətlər dairəsində kənarda axtarışlar aparmaqla özünü zəhmətə salmır. Bu yol digər yola nisbətən daha təhlükəsiz və az məs’uliyyətlidir.

Dini maarifə yiyələnməyin ikinci yolu bütün e’tiqadi və əməli işlərdə yetərli dəlillər əldə olunmasıdır. Bu yolu seçən insanlar ən kiçik məsələlərdə belə dəlil axtarır, kimsənin mövqeyinə istinad etmir, yalnız əldə etdiyi sübutları e’tibarlı sayır. Sözsüz ki, ikinci yolu seçənlər və davam edənlər çox azdır. Çünki bütün kiçik məsələləri araşdırıb, yetərli dəlillər əldə etmək olduqca çətindir. Bu yol ideal və üstün yol olsa da, hamı üçün müyəssər deyil. İste’dadlı və lazımınca vaxtı olan, kifayət qədər diqqət göstərən, pak və qüvvəli insanlar bu yolu gedə bilər. Amma şərait olmadıqda bu yola can atmaq lazım deyil. Birinci yol daha rahat və məqsədəuyğundur. Birinci yolu gedənlər “nə üçün belə edirsiniz” sualına belə cavab verirlər: Mütəxəssisin nəzərinə əsasən! Axı bir çox digər işlərdə də insan birinci yola uyğun olaraq mütəxəssisə üz tutur. Xəstəlik, inşaat işləri və digər problemlərlə qarşılaşan insan tərəddüd etmədən mütəxəssisə müraciət edir. Dinin əməli hökmlərində də eyni üsulla hərəkət etmək lazımdır. Həkimə inanan insan heç vaxt onun yazdığı dərman nüsxəsini araşdırmır. Bütün bunları nəzərə alaraq, ikinci yolla getmək mümkün olmadıqda, daha təhlükəsiz olan birinci yolla getmək lazımdır. Böyük çalışqanlıq, xalis niyyət, yetərli vaxt, zəruri iste’dad olmadığı halda ikinci yola qədəm qoymaq özünü aşkar təhlükəyə atmaqdır. Şərait olduqda isə bütün xırdalıqların dəlil vasitəsi ilə qəbulu çox yaxşıdır. Həzrət (ə) məhz bunu sevərək buyurur: “Tövsiyyələrim arasında ən çox sevdiklərimə diqqət yetir.” Yə’ni elm və əməldə təqva, vacib göstərişlə əməl et. Diqqət edin ki, bu günkü dünyamızda bu məsələ nə dərəcədə əhəmiyyətlidir. Bu məsələyə əməl edən insan bir çox büdrəmələrdən qoruna bilir. Yanlışlığa düçar olanların əksəriyyəti bu vəsiyyətə əməl etməyən, elm təhsilində tələsən, ustadsız elm meydanına girənlərdir. İnsan əvvəlcə öz vəzifəsini müəyyənləşdirməlidir. Lazımınca iste’dad, çalışqanlıq, vaxt, ən əsası xalis niyyət olmadan müvəffəq olmaq mümkünsüzdür. Allahdan yardım istəmədən qədəm götürməkdənsə, oturmaq daha yaxşıdır.

Həzrətin (ə) bildirdiyi kimi, ilkin əldə olunası ne’mət bütün peyğəmbər və övliyaların vəsiyyət etdiyi ilahi təqva, bəndənin Allahdan çəkinməsidir. Sonra isə Allahın bəndəyə vacib buyurduğu əmrlər gəlir. Həzrətin (ə) buyuruğunun mə’nası budur ki, zəruri sə’y, pak niyyət, vaxt yetərincə deyilsə, e’tiqad əsasları ilə kifayətlənib, əməldə təqlid etmək lazımdır. Bir sözlə, insan müəyyənləşdirməlidir ki, Allah qarşısında vəzifəsi nədir. Vacib olan əqidə əsaslarını dərk edib, dini zərurətləri öyrənməkdir. Başqa işlərə şərait yoxdursa, həmin işlər vacib sayılmır. Vacib olmayan, güc çatmayan işlərə girişməyin sonu peşmançılıq, təəssüfdür. Həzrətin (ə) buyuruğunda əməl ediləsi üçüncü tövsiyyə saleh sələflərin təcrübəsidir. İmam (ə) keçmiş saleh mö’minlərin zəhmətlə əldə etdiyi təcrübələrdən faydalanmağı tapşırır. Bu təcrübələrin arxasında ciddi araşdırmalar, böyük zəhmət dayanır. Həmin sələflər sənin bu günki diqqət və düşüncəndən xəbərsiz olmamışlar. Onlar öz həyatları haqqında düşünmüş, inanmalı və əməl etməli olduqlarını müəyyənləşdirmişlər. Bu gün e’timad etdiyimiz əcdadlarımız, sələflərimiz uzun araşdırmalardan sonra müəyyən nəticələrə gəlmişlər. Onlar bildiklərinə əməl etmiş, anlamadıqlarını özlərindən kənarlaşdırmışlar. Hər halda sələflərin yolu həzrət Əlinin (ə) tövsiyyə etdiyi e’tibarlı yollardandır.

Elm qazanmağın (təhsilin) şərtləri

Sağlam həyat üçün üç yol bəyan olundu. Bu yollardan biri e’tiqad əsasları və əsas əməli maarifə yiyələnib, cüz’i məsələlərdə təqlid etməkdir. İkinci yol saleh sələflərin yoludur. Üçüncü yol bütün əsas və cüz’i sahələrdə dərin bilik əldə olunmasıdır. Əgər üçüncü yolu seçib, ictihad yolu ilə əhatəli və dərin elmə yiyələnmək istəsəniz, həzrətin (ə) növbəti buyuruğuna diqqət yetirin: “Özün onların bildiklərini bilmək istəyirsənsə, qorxulu şübhələrdən və yersiz mübahisələrdən çəkinərək, onları anlamaq üçün dərin düşüncə və elmə yiyələnməlisən.” Beləcə, elm əldə etməyin şərtlərini həzrətdən öyrənmək lazım gəlir.

1. PAK NİYYƏT

Elm qazanmaq yolunda ilkin addım və şərt pak niyyətə malik olmaqdır. Elm yolunu seçən insan əvvəlcə öz niyyətini islah etməlidir. Bu işdə yeganə məqsəd həqiqətlərin dərki olmalıdır. Məbada, yersiz mübahisələrə yol verilə. Bu yola qədəm atan insan özündən soruşmalıdır ki, doğrudanmı məqsədi özünü göstərmək yox, həqiqətləri dərk etməkdir? Unutmayın ki, qeyri-ilahi məqsədlə elm meydanına atılmaq təhsil yox, zordur.

2. ALLAHA TƏVƏKKÜL

Təhsilin digər bir şərti Allahdan yardım diləmək və Ona təvəkkül etməkdir. Həzrət (ə) buyurur: “təhqiqə başlamazdan əvvəl Allahdan yardım dilə, yardım almaq üçün ona üz tut.” Dərin biliyə gedən yollarda təhlükəli döngələr olduğundan bu yola çıxmış insan niyyətini xalis edib, Allahdan kömək istəməlidir. İlahi maarifi, dini göstərişləri olduğu kimi dərk etmək üçün belə bir şərt ödənməlidir. Allahın diqqəti olmadan kimsə öz hədəfinə çatmaq gücündə deyil. Əlbəttə ki, məqsəd nə qədər çox müqəddəs olarsa, Allaha bir o qədər çox təvəkkül etmək lazım gəlir. Yalnız işin başlanğıcında yox, bütün təhsil boyu insan Allahın diqqətinə ehtiyaclıdır. Təhsil boyu hər bir məsələnin dərkində ilahi yardımdan faydalanmaq, həzrət haqqı unutmamaq lazımdır.

3. AZDIRICI DƏLİLLƏRDƏN ÇƏKİNMƏK

Təhsilin üçüncü şərti şübhələrdən, şübhəli üsul və dəlillərdən çəkinməkdir. Həzrət (ə) buyurur: “Səni şübhəyə salan, yoldan çıxaran tərəddüdləri tərk et.” Bəli, təhsil yolunda şübhəli dəlillərdən çəkinmək lazımdır. Məqsədə çatmaq üçün doğru yol tapmaq lazımdır. İnsanı səhvə düçar edən yanlış yollarla getməməliyik. Məsələn, əmin olun ki, qəlbiniz saf, niyyətiniz pakdır. Əmin olun ki, məqsədiniz yalnız həqiqəti dərk etməkdir. Qəlb həqiqətən də saf olsa, məqsəd yalnız anlamaq olsa, Allahın yardımından faydalanmaqla addım-addım doğru yolda irəliləsəniz, dəlilləriniz möhkəm və sağlam olsa, bilin ki, bu təhsil həqiqət üzərindən pərdələri qaldıracaq, ilahi nur olan elmə yol tapacaqdır.

4. ALİ SƏ’Y (HİMMƏT) VƏ QƏTİ QƏRAR



Geri   İrəli
Go to TOP