A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Deyilənlərdən əlavə, elm və mədəniyyət mübarizəsində könül istəyi yox, vəzifəyə əməl etmək lazımdır. Din təhlükədə olduğu vaxt məscid divarlarının naxışına görə narahat olmamalıyıq. Dinin sütunları uçulursa, onun zahirinə görə narahat olmağa dəyməz. Əgər həqiqətən Allaha xatir elm öyrəniriksə, əvvəlcə cəmiyyətin hansı elmə ehtiyaclı olduğunu müəyyənləşdirməliyik. O elmi öyrənmək lazımdır ki, həmin elm olmasa xalqın imanı üçün təhlükə yaranar. Görən təhsilimiz və işimiz Allaha görədirmi? Yarımçıq qalmış işləri tamamlamağın şər’i əsası varmı? Bəli, elm və mədəniyyət mübarizəsində əvvəlcə ilahilik nəzərdə tutulmalı, sonra işə başlanılmalıdır. Yə’ni elə iş və elə dərs seçilməlidir ki, cəmiyyətin ehtiyacları ödənsin.

Mədəniyyət cihadının bəlaları

1.Düşüncə xətaları

Elmi və mədəni fəaliyyətlərin böyük bəlalarından biri vəzifə müəyyən olunduqdan sonra insanın mənfi tə’sir altına düşüb süstləşməsidir. Məsələn, insan bir qədər yubanıb, öz məqsədini araşdırsa, elə bir nəticəyə gələ bilər ki, bu nəticə onu razı salmaz. “İnşaəllah, qəbul olar,” deyib, aldığı nəticəyə göz yumar. Hansı ki, nəticələr göstərmişdi ki, məqsəd düzgün seçilməmişdir. Bir sözlə, insan həqiqətdən uzaq düşməmək üçün bütün istəklərini yaxşıca götür-qoy etməlidir.

2. Əməl xətaları

İnsanın seçiminə ictimai rə’y böyük tə’sir göstərir. Onun qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn, bə’zən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən” qazanmaq üçün meydana atılır. Afərinlər onun gördüyü işə daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi yerinə yetirməlidir? Bə’zən insan agah şəkildə hər hansı bir işi özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir, müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı həddə müqavimət göstərməlidir? Qur’ani-kərimdə bu məsələ ilə bağlı buyurulur: “Ey iman gətirənlər, hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar mö’minlərlə mülayim, kafirlərlə sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar...”[50] Uyğun tə’birlə həzrət Əmirəl-mö’mininin (ə) vəsiyyətnaməsində də rastlaşırıq: “Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma...” Allah yolunda cihad vəzifəsini kamil şəkildə yerinə yetirin. Vəzifənizin icrası yolunda malınızı, canınızı, hörmətinizi əsirgəməyin. İnsan o vaxt vəzifəsinin ardınca gedir ki, yersiz məzəmmətləri qulaqardına vursun.

Bu böyük bəla həm fərd, həm də cəmiyyətə öz mənfi tə’sirini göstərir. Bə’zən düşünüb-daşınmış, dəlillərə əsaslanaraq qərara gəlmiş  insan ətrafdakıların mənfi münasibəti səbəbindən süstləşərək vəzifəsini tərk edir. Bu səbəbdən də Əmirəl-mö’minin (ə) oğlu Həsəni (ə) həmin təhlükədən xəbərdar edir. Onu yersiz məzəmmətlərə göz yummağa çağırır.

Həqiqi şiə

Başqalarının mənfi münasibətinə görə süstləşməmək o qədər əhəmiyyətlidir ki, mə’sum imamlar (ə) bu xüsusiyyəti şiəlik me’yarı kimi tanıtdırırlar. İmam Baqir (ə) öz səhabəsi Cabir ibn Yəzid Cö’fiyə buyurur: “Ey Cabir! Əgər bizim şiələrdən olmaq istəyirsənsə, elə olmalısan ki, əgər bütün şəhər əhli toplaşıb “Cabir pis adamdır, kafirdir, ona ölüm olsun” şüarını verərsə, sənin qəlbinə zərrəcə tə’sir edib, qorxutmasın. Hamı bir ağızdan “Cabirə əhsən” deyərsə, şad olmamalısan...”.[51] Sözsüz ki, belə bir ruhiyyə asan əldə olunmur. Əgər bir nəfərin məzəmməti insanı süstləşdirirsə, təbii ki, xalqın məzəmməti onun qəddini sındırasıdır.

Əhli-beyt (ə) elə insanlar tərbiyə etmək istəyir ki, bu insanlar öz ilahi vəzifəsini yerinə yetirmək üçün canını, malını, hörmətini əsirgəməsin. Əhli-beyt (ə) aşiqləri bu isar (ehtiyacı olan şeydən keçmək) ruhiyyəsini elm və mədəniyyət mübarizəsində də qoruyurlar. Onlar bütün ömürlərini İslami dəyərlərin hifzi yolunda sərf edirlər. Bu işə görə məzəmmət olunduqları vaxt süstləşmir, peşiman olmurlar. İlahi niyyətlə dini elmlər öyrənən, ilahi maarifi təbliğ edən şəxs heç vaxt öz işindən soyumur. Ona deyiləndə ki, başqa işdə qazancın çox olardı, bu vəziyyətlə din təbliğ edə bilməzsən, əqidəsi qətiyyən süstləşmir. Bəli, Həzrətin (ə) buyurduğu kimi, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma. Beləcə, insan özünə nəzər salmalı, Allahın razılığından kənar işlərini bir daha nəzərdən keçirməlidir. Vəzifəni müəyyənləşdirdikdən sonra heç bir tərəddüdə, süstlüyə yol vermək olmaz. Ətrafdakıların məzəmmətinə görə dini vəzifəsini tərk edən insanın şiəliyi şübhəlidir. Şiə öz işlərində Allahın nəzərini əsas götürməlidir. Rəvayətdə buyurulur: “Özünü Qur’anla qiymətləndir. Əgər yolun Qur’an yolu, zöhdün Qur’anın istədiyidirsə, Qur’anın də’vətinə rəğbətli və qadağasından çəkinənsənsə, möhkəm ol. Sənə müjdə olsun ki, haqqında dediklərindən zərər görməzsən. Əgər özünü Qur’anla qiymətləndirərkən Qur’ana zidd olduğunu görsən, düşün ki, səni məğrur edən nədir?”[52] Bəli, Qur’anın nəyi yaxşı, nəyi pis qiymətləndirdiyini müəyyənləşdirərək, onun buyuruqlarına itaət etməliyik.

İnsan özünü elə tərbiyə etməlidir ki, başqalarının məzəmmətindən qurtulmaq naminə dini vəzifəsini tərk etməsin. Sözsüz ki, dini vəzifənin müəyyənləşdirilməsində səhlənkarlıq etmək olmaz. Həzrət Əli (ə) buyurur: “Dinini yaxşı öyrən”. Vəzifəsinə əməl etmək istəyən şəxs əvvəlcə vəzifəsini tanımalıdır. Dini həqiqətlərlə tanış olmadan, İslam maarifinə yiyələnmədən vəzifəni bilmək müyəssər olmur. Ona görə də insan hər şeydən əvvəl dinində bəsirətli olmalı, bu məsələyə agahlıqla yanaşmalıdır. Bu biliklər əsasında vəzifəyə əməl olunmalı, heç bir zəhərli ittiham insanın qarşısını kəsməməlidir.

Səkkizinci dərs

Elm və əməl

(“Ey oğlum) Allah yolunda lazımınca cihad et, heç kimin məzəmmətindən mütəəssir olma (Allah yolunda ikən kimsənin məzəmmətinə baxma), haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir, dini yaxşı öyrən, özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbr çox gözəl xasiyyətdir.”[53]

Həzrət Əli (ə) cihad əmrindən sonra tövsiyyə edir: “Allah yolunda ikən kimsənin məzəmmətinə baxma”. Əgər insan vəzifəsini icra edərkən başqalarının rə’yini əsas götürərsə, tezliklə işini yarımçıq qoyar. Çünki hər vaxt istənilən bir işə dodaq büzən tapılır. Fikri ətrafdakıların münasibətində qalan insan heç vaxt müvəffəq ola bilməz. Ona görə də əvvəlcə vəzifəni tanımaq, sonra isə Allah istəyincə əməl etmək lazımdır. Vəzifəsinə əməl edən insan üçün tə’riflə məzəmmətin fərqi olmamalıdır. Həzrət (ə) tövsiyyə edir ki, başqalarının münasibəti sizi süstləşdirməsin... “Mücahidə” kəlməsinin ümumi mə’nası vəzifənin icrası üçün sə’y göstərilməsidir. Bu kəlmənin digər bir mə’nası vəzifənin icrası zamanı mənfi təlqinlərə müqavimət göstərilməsidir. İnsanın öz nəfsi ilə daim mübarizədə olması mənfi təlqinlərə müqavimət göstərməsindən ibarətdir. İnsan yalnız Allahın razılığı barədə düşünüb, öz ilahi vəzifəsini yerinə yetirməlidir. Bir sözlə, həzrətin (ə) buyurduğu kimi, yersiz qınaqlara uymaq olmaz.

Vəzifənin icra şərtləri

1. Elmi şərt

Vəzifəsini yerinə yetirmək, öz nəfsi ilə cihad etmək, yersiz qınaqlara məhəl qoymamaq istəyən şəxs iki işi görməlidir:

Əvvəla, insan həqiqəti olduğu kimi tanımalı və vəzifəsini müəyyənləşdirməkdə səhvə yol verməməlidir. Çünki vəzifəni tanımaq kifayət qədər çətin işdir. Bu işdə səhlənkarlıq həqiqətin üzərinə pərdə çəkir. Hər bir şəxs ümumi qaydalara əsaslanaraq, vəzifəsini tanıya bilər. Bə’zən bu iş olduqca çətin olur. Müəyyən məqamlarda mühüm vəzifəni əhəmiyyətli vəzifədən fərqləndirmək müşkülə çevrilir. Məsələn, dinin zəruri göstərişlərindən biri əmr be mə’ruf və nəhy əz münkərdir. Bə’zilərinin fikrincə, insanı çirkin işdən çəkindirmək üçün onunla sərt, danlaq dilində danışmaq lazımdır. Hansı ki, bu vəzifəni müxtəlif yollarla həyata keçirmək olar. Əmr be mə’rufun icrasında minlərlə tükdən zərif nöqtələr vardır. Nəsihət olunan şəxslə elə gözəl üslubda danışmaq lazımdır ki, həmin şəxs sizin xeyirxahlığınızı hiss edib, öz pis əməllərinə görə peşman olsun. Təəssüf ki, bə’zən niyyətimiz ilahi olmadığından, öz işimizlə savab yox, günah qazanırıq. Bə’zən əmr be mə’ruf və nəhy əz münkər adı altında qarşı tərəfin şəxsiyyətini alçaldır, hətta bu yolla köhnə şəxsi hesablarımızın hayıfını çıxırıq. Hansı ki, mö’mini hörmətdən salmaq böyük günahlardandır. Beləcə, vəzifəmizi icra etmək əvəzinə növbəti günaha batırıq. Bir vəzifənin icrası üçün çalışdığımız halda, bir neçə böyük günaha yol veririk. Bizim yanlış münasibətimiz nəticəsində qarşı tərəf daha da tərsləşir, bilərəkdən günahlarını davam etdirir. Yə’ni yanlış formalı əmr be mə’ruf və nəhy əz münkər əks nəticələrə gətirir.

Buna görə də dinin zəruri hökmlərindən olan əmr be mə’ruf və nəhy əz münkərin icrasında şərait nəzərə alınmalı, iş Allah istəyincə yerinə yetirilməlidir. Hər insanla özünə məxsus şəkildə davranmağı öyrənməliyik. Zaman və məkanı nəzərə almaq zəruridir. Tövsiyyə edən şəxs təkəbbür və qürurdan çəkinməlidir ki, lazım olan nəticəni əldə edə bilsin. Əgər dini vəzifənin icrasında ilahi niyyət yerində olsa, vəzifənin hikməti yaddan çıxarılmasa, heç vaxt müvəffəqiyyətsizliyə düçar olmarıq.

Diqqətli olmalıyıq ki, vəzifəni tanımaq onun lazımınca icrası üçün kifayət etmir. Vəzifəni düzgün yerinə yetirmək üçün şərait, zaman və məkan nəzərə alınmalıdır. Deyilənləri nəzərə almayan şəxs iş əsnasında böyük günahlara yol verə bilər. Məsələn, gizlində kiçik günaha yol vermiş şəxsi cəmiyyət içində məzəmmət etmək onun şəxsiyyətini alçaldır. Mö’minin şəxsiyyətini alçaltmaq isə böyük günahlar sırasındadır. Bu adam yaxşı iş gördüyünü zənn etsə də, əslində günaha batır.

Bəli, vəzifəsini icra etmək istəyən şəxs bir neçə mühüm məsələni nəzərdən qaçırmamalıdır. Əvvəla, vəzifəni və onun üçün münasib şəraiti tanımaq lazımdır. Əlbəttə, bu, mə’rifət məqamına aid məsələdir. Öncə həqiqəti olduğu kimi tanımaq lazımdır. Vəzifənin düzgün icra yolunu öyrəndikdən sonra meydana girmək olar. Bu növ fəaliyyətlərin cəminə “dini yaxşı tanımaq, öyrənmək” deyilir. İnsan öz dinini dərindən, nöqtə-nöqtə öyrənməlidir. Bu dərin anlayışa “dində fəqihlik” deyilir. Adətən, “fiqh” adlandırdığımız bu məfhum təsəvvür etdiyimizdən daha da dərindir.

2. Əməli şərt

Vəzifənin icrasında ikinci şərt əməldir. Vəzifəni tanıdıqdan sonra növbə fəaliyyətə çatır. İnsan bu mərhələdə həqiqətə doğru hərəkət etməlidir. Əgər tanıma mərhələsində elm, təhsil, fəqihlik yolu ilə həqiqət tanınırsa, əməl mərhələsində Allahın razılığına uyğun vəzifəyə əməl olunmalıdır. Olsun ki, Həzrət (ə) bu səbəbdən “haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir” buyurur. Yə’ni ikinci mərhələdə, həqiqətin xaricdə gerçəkləşməsi üçün təlaş lazımdır. Həqiqəti tanımaqla iş başa çatmır. Həqiqəti tanıdıqdan sonra rahatca evdə oturmaq yanlış hərəkətdir. Növbəti mərhələdə əməl etmək, özünü dəryaya vurmaq, oda-közə yaxmaq lazım gəlir. Bəla dalğaları ilə çarpışaraq, daxildə təsdiq olmuş həqiqəti xaricdə gerçəkləşdirmək zəruridir. Vəzifəsinə əməl etmək, axirətini abadlaşdırmaq istəyən mö’min ağır zəhmətlər bahasına olsa da, bütün şərtləri yerinə yetirir. Mə’lum məsələdir ki, insan çətin işlərdən qaçır. O, təbiət e’tibarı ilə rahatlığa can atır. Əksər insanlar rahat bir guşəyə çəkilib, güman etdikləri vəzifəni yerinə yetirməyə çalışırlar. Məsələn, təsbeh götürüb salavat çəkir, bir Qur’an surəsi oxuyur, hansısa kitabı mütaliə edir və düşünürlər ki, dini vəzifə yerinə yetirildi. Bu işlər savaba malik olsa da, vacib dini vəzifəni əvəz etmir. Əli (ə) şiəsi mücahid, fədakar olmalıdır. Şiəlik hara, tənbəllik hara? Rahat guşədə oturmağı dindarlıq, zahidlik kimi qələmə vermək olmaz. Bu, özünü aldatmaqdan başqa bir şey deyil. Gecə yarı oyanıb, nafilə namazı qılmağı özünə vəzifə bilən şəxs bu işi görməlidir. Amma sübhün də öz vəzifələri var. İşin qızğın çağı işdən ayrılıb bir saat Qur’an oxumaq münasib deyil. Günün düzgün rejimi, işlərin əlverişli şəkildə proqramlaşdırılması müvəffəqiyyətin əsas amillərindəndir. Qur’an oxumaq, dua etmək üçün gecə və sübh vaxtları daha münasibdir. Bu iki vaxtda Allahla razü-niyaz üçün daha yaxşı ruhiyyə olur. Allah-təala Qur’ani-kərimdə bizim diqqətimizi belə bir nöqtəyə cəlb edir: “Fəcr tülusu zamanı qiraət (mələklər tərəfindən) müşahidə olunur.”[54] Əgər Qur’an oxumaq istəsəniz, onun vaxtı iki tülu arası və sübh namazından qabaqdır. Başqa bir surədə oxuyuruq: “Həqiqətən, gecə qalxmaq və söz demək daha münasibdir. Çünki gündüz sənin kifayət qədər işin var”. [55]

Əgər, doğrudan da, ibadət etmək istəyirsinizsə, xəlvət və sakit gecə vaxtı daha əlverişlidir. Gecə insanlar şirin yuxuda olduğundan ibadət edənləri yalnız Allah-təala müşahidə edir. Belə bir vaxtda isti yataqdan qalxıb, ruhunu Allah dərgahına yönəltmək çox yaxşıdır. Gündüzlər məişət qayğıları insanın başını qatdığından gecələr ibadət üçün daha münasib şərait yaranır. Gecələr diqqətin yayınması üçün heç bir bəhanə yoxdur. Gündüzlər isə bir sıra vacib vəzifələrə əməl etmək lazım gəlir.  Təhsil də vacib işlərdəndir.  Müstəhəb iş vacib işi əvəz edə bilməz. Belə ki, məs’ul işçi ziyarətnamə oxumaq bəhanəsi ilə öz işini tə’xirə sala bilməz. Ziyarətnamə nə qədər ixlasla oxunsa da, vəzifə borcunu tərk etməyə əsas vermir. Özünüzü Əhli-beyt dostu hesab edirsinizsə, iş vaxtı işdə olmalı, vicdanla çalışmalısınız. Müstəhəb ibadətə görə vəzifə yerini boş qoymaq olmaz.

Əməldə ifrat

Fərdi və ictimai vəzifələrə diqqətli olmaq tapşırığı bə’zilərinin əməldə ifrata varması üçün bəhanə olur. Daim işə can atıb, təfəkkürə vaxt ayırmamaq imanlı və ağıllı insana yaraşmaz. İşə başlamazdan qabaq vəzifəni tanımaq, şəraitlə tanış olmaq lazımdır. Süstlük məzəmmət olunduğu kimi, düşüncəsiz hərəkət də bəyənilmir. Həzrət (ə) buyurur: “Haqqa doğru hərəkətin çətin vaxtı harada olsa meydana gir...” Yə’ni həqiqətləri tanımaq üçün çətinliklər dəryasına baş vurub, düşüncə və əməl meydanında həqiqətə nail olmaq lazımdır. İmam Sadiq (ə) təhsil haqqında buyurmuşdur: “Elmə çatmaq üçün dərin dəryalara baş vurmaq lazımdır. Bu yolda candan keçməyə də dəyər.”[56]

Bəli, insan həm həqiqəti tanımaq, həm də ona çatmaq üçün çalışmalıdır. Hər iki sahədə süstlükdən çəkinmək lazımdır. Süstlük məqsədə çatmaq yolunda ciddi maneədir. Məbada, zahidlik və təqva adı altında insan cəmiyyətdən kənarlaşıb, özünə qapıla. Süstlük insanın təqvasını onun əlindən almaqla yanaşı, özünü də azğınlığa düçar edir. Gəlin, özümüzü aldatmayaq. Allah daha yaxşı bilir ki, bizi guşənişin edən səbəb təqva, yoxsa süstlükdür. Süstlüklə mübarizə etmək istəyən şəxs çətinliklərlə didişməli, özündə fədakarlıq hissini gücləndirməlidir. Rahatlığa vərdiş vermiş adam üçün belə bir mübarizə çox çətindir. Belə insanlar kiçik çətinliklər qarşısında müqavimət göstərə bilmirlər. Onlar çətinlikdən yaxa qurtarmaq üçün vacib vəzifəni tərk edirlər. Məsələn, daim valideyn himayəsində rahat yaşamış övlad evdən uzaq düşən kimi təhsilini yarımçıq qoyub, evə qayıtmağa çalışır. O, ana qayğısı olmayan tələbə həyatının çətinlikləri qarşısında təslim olur. Zəif insan kiçik iqtisadi problemlə üzləşən kimi borc alır. Belə vaxtlarda zəif, naqis otaq yoldaşı, dost işi bir az da çətinləşdirir. Nəhayət, oxumaq üçün evdən ayrılmış gənc öz şər’i vəzifəsini tərk edib, rahat şəraitə üz tutur.

Fərdi çətinliyə misal çəkdik. Bə’zən insan vacib vəzifəsini icra etmək üçün ictimai maneələrlə mübarizə aparmalı olur. Allah və Onun rəsulunun (ə) istəyincə məntiqi bir həyat yaşamaq istəyən insan ciddi maneələri adlamalı, mövcud çətinliklərə dözməlidir. Şübhəsiz ki, rahatlığa vərdiş vermiş şəxs belə hallarda meydandan qaçır. Ona elə gəlir ki, bir belə məşəqqətlərə dözməkdənsə, əkin-biçinlə məşğul olub, yavan çörək yemək yaxşıdır. Düşünürlər ki, pul qazanıb, fəqiri doyurmaqla da behiştə getmək olar. Hansı ki, insan dözdüyü çətinliklər müqabilində mükafatlandırılır. Behişt əhli arasında da məqamlar var. Axirət aləmində peşimanlıq çəkmək istəməyən şəxs Allahın layiqli bəndəsi olmaq üçün vəzifədən doğan çətinliklərə qatlaşmalı, bu problemləri can-dildən qəbul etməlidir.

Dini təhsildə dözüm

İnsan süstlüklə mübarizə aparmalıdır. Çünki bu ruhiyyə insanı müxtəlif bəhanələrə əl atmağa vadar edir. Məsələn, dini təhsilin çətinliklərinə dözməyən insan “təhlükə var”, “xəstəyəm” kimi bəhanələr gətirir. Ona elə gəlir ki, dini təhsildən kənarlaşmaq şər’ən vacib olmuşdur. Belə vəsvəsələrdən qorunmaq istəyən şəxs çətinliklər qarşısında müqavimət göstərməyi öyrənməlidir. Səbirli insanlar “səbur” və ya “səbbar” adlandırılır. Amma “təsəbbür” dedikdə səbirli olmağın öyrənilməsi nəzərdə tutulur. “Təsəbbür” çətinliklə ilk dəfə qarşılaşmış adamın özünə səbirli olmağı təlqin etməsidir. Səbirin öyrənilməsi mərhələsi “təsəbbür”dür. “Təkəlləfəs-səbrə” dedikdə insanın özünü səbirə vadar etməsi nəzərdə tutulur.

Demək, “dində fəqihlik” çoxlarının güman etdiyi kimi dinin çörəyini yemək deyil. Fəqihlik din ağacına xidmət, onu sirab etməkdir. Bu vəzifə olduqca çətindir və insandan böyük dözüm tələb edir. Həzrət (ə) dində fəqihliyi tövsiyyə etdikdən sonra buyurur: “Özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, səbir çox gözəl xasiyyətdir.”

Bəli, müvəffəqiyyət qazanmaq istəyirsinizsə, səbirli olmağı öyrənməlisiniz. Bu iş uzun müddət davam etdirilməlidir ki, səbir xasiyyətə çevrilsin. Uyğun təlqinə fasilə verilməzsə, çətinliklərə dözmək də asanlaşar. Çətinliklərlə mübarizədən sonra rahatlığa çıxmaq ilahi bir qaydadır. Qur’ani-kərimdə buyurulur: “Həqiqətən, hər çətinlikdən sonra bir yüngüllük gəlir”[57]; “Allah hər bir çətinlikdən sonra yüngüllük əta edər.”[58]

Səbrin növləri

Həzrət Peyğəmbər (s) buyurur: “Səbr üç qismdir: Müsibətə səbr, ibadətə səbr, günaha batmamaqda səbr.”[59] İnsan bə’zən kasıblıq, xəstəlik, ayrılıq kimi müxtəlif çətinliklərlə qarşılaşır. Belə məqamlarda səbr etmək zəruridir. Belə bir səbr “müsibətə səbr” adlanır. Bə’zən isə şəhvət, qəzəb, tamah insanı düz yoldan azdırır. Belə məqamlarda səbr etməyi bacaran insan günahdan qoruna bilir. Bu növ səbr “günaha batmamaqda səbr” adlanır.

Digər bir səbr isə “ibadətə səbrdir”. Allaha itaət bə’zən çətin olur. Məsələn, vəzifə olaraq elm öyrənmək asan iş deyil. Alim olmaq isə daha da çətindir. Amma sadəcə elm ilə yüklənmək bir o qədər də çətin deyil. Çətin olan işin ilahi niyyətlə görülməsidir. Məsəl var ki, alim olmaq asandır, insan olmaq çətin. Mərhum hacı Şeyx Əbdülkərim (r) bu məsələ belə bir düzəliş vermişdir: “Alim olmaq çətindir, insan olmaq qeyri-mümkün”. Bəli, ilahi niyyətlə elm öyrənmək asan deyil. Bu yolda saysız çətinliklər, dolambaclar var. Allahın razılığını qazanmaq istəyən adam çətinliklərə təslim olmur, məqsədinə çatmaq üçün bütün maneələri dəf edir.

Həzrət Peyğəmbər (s) buyurur: “Səbr imanın yarısıdır.”[60] İmam Sadiq (ə) buyurur: “Səbr imanın başıdır.”[61] Bu sözlərdə heç bir mübaliğə yoxdur. Allahın razılığını qazanmaq, Əlinin (ə) şiəsi olmaq istəyən kəs çətinliklərə adət etməlidir. Unutmamalıyıq ki, səbr xasiyyət olaraq bir anda yaranmır. Çətinliklərə adət etmək üçün insan kənara çəkilməməli, qovğalar meydanında olmalıdır. Nəfsə hakim olmaq üçün ləzzətli təamlardan çəkinmək o vaxt faydalıdır ki, insan həmin təamlarla bəzədilmiş süfrə arxasında  oturmuşdur. Belə bir süfrə arxasında oturan insan özünü tərbiyə edə bilər.

İnsan günahdan qorunmaq üçün günah sərhəddinə yaxınlaşmamağa çalışmalıdır. Sərhəd kənarında dayanmış insan kiçik bir hərəkətlə günah uçurumuna yuvarlana bilər. Demək, doğru yoldan sapmamaq üçün haram sərhəddinə yaxın bə’zi halallardan da çəkinmək lazım gəlir. “Quyuya düşməmək üçün quyudan bir qədər aralı dayanın.”[62]

Beləcə, haram eşitməmək üçün şübhəli sözlərə də qulaq asmayın. Unutmayın ki, quyuya yaxın dayandıqca ona yumbalanmaq ehtimalı çoxalır. Harama yol verməmək üçün daha e’tibarlı hədlər qoyun, haramla məsafə saxlayın. Kimi ramazan ayında şam azanını eşidən kimi orucunu açır, kimi isə bir qədər səbr edir “Səbr imanın yarısıdır.”

Doqquzuncu dərs

Allahın e’tibarlı pənahı

(Ey oğlum!) Bütün işlərdə özünü Allaha tapşır. Belə etsən özünü çox möhkəm bir sığınacağa tapşırmış olarsan. Arzularını yalnız öz Allahından istə. Bağışlamaq və məhrum etmək Onun əlindədir. Daim Allahdan xeyir istə. Vəsiyyətimi yaxşı dərk et. Diqqətsizlik və e’tinasızlıqla onun kənarından ötüşmə. Çünki ən yaxşı söz, həqiqətən, ən faydalı sözdür. Bil ki, fayda verməyən elm heç vaxt xeyirli deyil. Layiq olmayan elmi oxumaqla bir fayda əldə olunmur.”[63]

Dünya həyatı bəlasız ötüşmür. Şübhəsiz, hər bir insan çətinliklərlə üzləşir. Hadisələrlə üzləşən zaman hazırlıqlı olmaq çox mühümdür. Hər bir insan bəlalarla üzləşməzdən əvvəl öz düşüncə və əməl fəzasında həmin bəlalar üçün yer hazırlamalıdır. Belə olduqda insan bəlaya təslim olaraq var-yoxunu əlindən vermir. Bəlaları zərərsizləşdirəcək amilləri əvvəlcədən tanımaq lazımdır. Əks tədbir görən insan bəlaların hücumundan xilas ola bilir. Buna görə də bəla növlərini müəyyənləşdirmək, tə’sirli amilləri tanımaq zəruridir.

Təhlükənin növləri

İnsan öz həyatında bir çox düşmənlərlə üz-üzə gəlir. Bə’zi təhlükələr  onun həyatını, var-dövlətini hədələyir. Bə’zən şəxsiyyət, bə’zən isə ruh və qəlb düşmənə hədəf olur. Həm nəfs, həm də insan və cindən olan şeytanlar hücuma keçir. Məqsəd əqidəni puça çıxaracaq şübhələr yaratmaq, əxlaqı korlamaqdır. İnsan əbədi axirət səadətini məhv edəsi rəftara sövq olunur. Təhlükə dərəcəsi insanın mə’rifətindən asılıdır. Mö’min şəxs üçün mə’nəvi təhlükələr daha qorxuludur. Mö’min insan günaha batmaqdan daha çox qorxur. O, dərk edir ki, günahın vurduğu ziyanı aradan qaldırmaq çətin olur. İstənilən maddi zərər ödənə bilər. Eyni zamanda  dünyəvi zərər əbədi axirət səadətinə çatmaq üçün də ola bilər. Maddi çətinliklər çox vaxt düşüncəyə, mə’nəvi tərəqqiyə yardımçı olur. Ona görə də dünyəvi çətinlik mö’mini bir o qədər də narahat etmir. Maddi zərər mə’nəvi zərərlə müqayisədə olduqca əhəmiyyətsizdir. Amma insanların iman dərəcəsi fərqli olduğundan çoxları dünyəvi zərərdən daha çox qorxur. Məsələn, çoxlarını ağır xəstəlik günahdan daha çox narahat edir. Bu münasibət mə’rifət və imanın zəifliyindən yaranır. Amma iman nə qədər zəif olsa da, insan heç vəchlə onu itirmək istəmir.

Təhlükə ilə mübarizədə imanın rolu

Bəs təhlükələrdən qorunmaq üçün hansı tədbirlər görülməlidir? Bir çox təhlükələrin yaranmasında bizim də rolumuz var. Əksərimiz ciddi təhlükələrlə üzləşərkən zəiflik göstərir, çıxış yolu tapa bilmirik. Məsələn, zəlzələ olduqda, xəstəliklə üzləşdikdə qurtulmaq asan olmur. İnsan özünü aciz gördükdə sığınacaq axtarır. Əksər insanlar belə problemlərlə üzləşirlər. Bəli, insan daim təhlükə hədəfidir. Təhlükəni hiss edən insan özünü qorumaq üçün vasitə axtarır. Bu axtarış onun iman dərəcəsindən asılıdır. Əksər insanlar çətinlik zamanı Allahı xatırlayır. Çünki o, Allahdan qüdrətli varlıq tanımır. İnsan inanır ki, bütün güclülər öz gücünü Allahdan alır. Əgər insan mağaraya sığınırsa, bu mağaranı da vücuda gətirən Allahdır. Bütün şəfaverici otlar Allah tərəfindən yaradılmışdır. Güclü iman sahibləri heç vaxt ümidsizləşmir, daim Allaha təvəkkül edirlər. Cücə öz anasının qanadları altına sığındığı tək, mö’min insan da Allahın rəhmətinə sığınır.

Zəif imanlı insanlar isə çətinliklə qarşılaşarkən öncə yaxın ətrafda kömək axtarırlar. Belələri xəstələnərkən, adətən, əvvəlcə həkimə müraciət edirlər. Həkimi aciz gördükdə Allahı xatırlayır, Ondan yardım diləyirlər. Dünyəvi vasitələri gücsüz görən insan mə’sum imamlara (ə) təvəssül edir, onları Allahla öz aralarında vasitə seçirlər. Bütün bunlar insanın imanının zəifliyini göstərir. Əslində imanlı şəxs təhlükə hiss edən kimi Allaha üz tutmalı, Onun misilsiz qüdrətindən faydalanmalıdır. Allah insanı bütün bəlalardan hifz edə biləcək yeganə varlıqdır. Allahın qüdrəti qarşısında bütün qüvvələr acizdir.



Geri   İrəli
Go to TOP