A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Ey oğlum! Sənə Allah qarşısında pəhrizi (təqvanı) vəsiyyət edirəm; Onun göstərişlərinə diqqətli olasan, qəlbini Onun zikri ilə abad edəsən, Onun ipindən yapışasan. Əgər bu vasitədən tutsan, səninlə Allah arasında bu bağlılıq ipindən möhkəm nə ola bilər?![10]

Qeyd olunduğu kimi, Həzrət (ə) bu vəsiyyətnamədə vəsiyyət edənin və vəsiyyət olunanın sifətlərini sadalamaqla bütün oxucuların bu sifətləri özlərinə şamil etmələrinə səbəb olmuşdur. Digər bir tərəfdən, dinləyici vəsiyyət edən şəxsin kimliyi ilə tanış olur, vəsiyyət edənin vəsiyyət olunanla rabitəsi aydınlaşır, vəsiyyətnamənin məqsədi mə’lum olur. Vəsiyyət edənlə vəsiyyət olunan arasındakı bağlılığın açıqlanması vəsiyyət olunan şəxsin fitri və əqli rabitənin dərinliyini dərk etməsinə səbəb olur. O, əmin olur ki, bu vəsiyyətnaməni yazan onun xeyirxahıdır. Bu məsələ hər hansı moizənin, nəsihətin qəbul olunmasında tə’sirli amildir. Vəsiyyət etdiyi şəxsin e’timadını qazandıqdan sonra Həzrət (ə) həqiqi dəyərləri bəyan etməklə hər bir agah aşiqin qəlbini və zehnini  işıqlandırır.

Ən üstün dəyərlər

Daha sonra Həzrət (ə) vəsiyyətin xülasəsini yığcam şəkildə zikr edir. Bu da uyğun vəsiyyətnamənin özünəməxsus tərbiyəvi nöqtələrindən biridir. İnsan bütün vəsiyyətnaməni oxumağa macal tapmadıqda onun bir səhifədən də az yer tutmuş xülasəsini oxuya bilər və ondan faydalanar. Bundan əlavə, insan bir kitabı oxumamış, əvvəlcə onun qısa məzmunu ilə tanış olduqda kitabdakı məsələləri daha dərindən dərk etməyə çalışır. Vəsiyyətnamə, demək olar ki, onun başlanğıcındakı qısa moizələrin şərhindən ibarətdir. Həzrət (ə) bu qısa moizələrdə üç əsas dəyər üzərində dayanır: - təqva (Allah qarşısında pəhriz), Allahı xatırlamaq (zikr), qırılmaz (ilahi) ipdən yapışmaq.

Şəksiz ki, vəsiyyətnamənin ümumi şəkildə müraciət etdiyi şəxs ilahi və islami mə’rifətə biganə, imansız şəxs deyil. Bu şəxs kamal həddində olmasa da, Allaha inanır, İslamı qəbul edir, dini əsaslara e’tiqadlıdır. Ona görə də vəsiyyətin başlanğıcında Allahın varlığından, Onu tanımaq və Ona ibadət etməyin zəruriliyindən danışılır. Sonralar isə Allahşünaslıq mövzusunda bə’zi mətləblər bəyan olunur.

İlk öncə təqva tövsiyyə olunur. Bütün ilahi kitabların, vəsiyyətlərin əsas mövzusu təqvadır. İmamət və rəhbərlik məs’uliyyəti daşıyan bütün insanlar xalqla söhbət zamanı onları təqvaya çağırmalıdırlar. Cümə namazının hər iki xütbəsində imam xalqı təqvaya də’vət edir. Təqvaya də’vət xütbənin zəruri əsaslarındandır. Əgər xütbədə təqvaya çağırış olmazsa, həmin xütbə naqis sayılır.

Təqva dəyərlərin mehvəridir

Qur’an-kərimin bir çox ayələrində “təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah-təala buyurur: “Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.”[11] Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bu vəsiyyətnamədə bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.

Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət (ə) buyurur: “Sənə təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.” “Təqva” müxtəlif mə’nalara malikdir. Bu söz bə’zən “günahdan çəkinmək”, bə’zən “bütün şər’i göstərişlərə riayət etmək” mə’nalarını ifadə edir. Əgər “təqva” kəlməsi yalnız günahlardan çəkinmək mə’nasını daşıyarsa, “lüzumu əmrihi” (“Allahın əmrinə diqqət, bağlılıq”) ifadəsi “təqvəllah” (“Allah qarşısında pəhriz, təqva”) ifadəsinə bağlı olar. Ayrı-ayrılıqda “təqvəllah” günahdan çəkinmək, “lüzumi əmrihi” vacib əmrlərə itaət etməkdir. Amma “təqva”nın ümumi mə’nası həm əmrin icrası, həm günahın tərki kimi qəbul olunsa, “lüzumi əmrihi” “təqvəllah” kəlməsinə bağlı olacaq. Yə’ni əvvəlcə təqva tövsiyyə olunur, sonra Allahın əmrinə itaət xüsusi qeyd edilir.

Amma zəif ehtimala əsasən, “əmrillah” “Allah işi” mə’nasında da işlənə bilər. Yə’ni ilahi işlərə diqqət, qeyri-ilahi işlərin tərki. Hər halda, Həzrət (ə) ilkin olaraq təqvalı olmağı tapşırır. Bütün dəyərlərə şamil edilən bu kəlmə isə İslam və bütün digər ilahi dinlərdə mö’təbərdir.

Həzrət Əli (ə) bizə hər şeydən öncə bütün dəyərlərin mehvəri olan təqvanı tövsiyyə edir. Amma insanın daxilində təqva ruhu, Allah qorxusu olmazsa, yə’ni o, vacib əmrlərə, haramlara fərq qoymazsa, bu yolun axırı yoxdur. Prinsipsiz, biganə adam başını itirmiş kimidir. Təkamül yolunun ilk şərti nəfsə nəzarətdir. Tərəqqi etmək istəyən şəxs başıpozuqluqdan çəkinməlidir. Ürəyindən keçənin ardınca qaçan insan heç bir mə’nəvi dəyərə nail ola bilməz. Demək, ilk addım nəfsə, ürəkdən keçən həvəslərə nəzarətdir. Bəli, məhz bu baxımdan, Həzrət (ə) hər şeydən əvvəl təqvaya çağırır.

Zikr və Allahı xatırlama

Həzrət Əlinin (ə) ikinci vəsiyyəti Allahın zikri, Onun xatırlanmasıdır. Zikr insan qəlbini abad edir. Həzrət (ə) buyurur: “...qəlbini Allah zikri ilə abad edəsən”. Bu vəsiyyətin ardınca hər biri insan qəlbinə ünvanlanmış ifadələr gəlir. Əvvəlcə qəlbin abadlığından danışılır. Bildirilir ki, qəlb həm abad, həm viran ola bilər. Uyğun cümlələrdən mə’lum olur ki, insan qəlbi özünəməxsus həyat və ölümə malikdir. O, aram qalmalı, bə’zi çətinlikləri qəbul etməli, bə’zi həqiqətlərə inanmalıdır. Təbii ki, heç kəs öz vücudunun səmərəsizliyini, bəhrəsizliyini istəməz. O, yaşamaq, inkişaf etmək, səmərə vermək istəyindədir. İnsan qəlbi inkişaf etmiş bir məmləkət kimi abad ola bilər. Eyni zamanda, onun uçulmuş bir bina tək xaraba qalması da mümkündür. Qəlbi əzəmətli imarət tək abad etmək və ya uçulmuş ev tək xaraba qoymaq insanın öz əlindədir. Hər halda Həzrət (ə) “qəlbini abad et” göstərişini verir. Həzrət (ə) onu da qeyd edir ki, qəlbin abadlığı Allahın zikri sayəsində mümkündür. Zikrsiz qəlb virandır. Qəlbin nə olduğunu araşdırmaq fikrində deyilik. Bu barədə müəllifin “Əxlaq və Qur’an” kitabından mə’lumat ala bilərsiniz. Mövzu qəlbin abadlığıdır. Qəlbinizi abad edin, onu viran qoymayın və unutmayın ki, qəlblər Allahın zikri, xatırlanması ilə abad olur.

Allahın ipindən yapışın!

Həzrət (ə) bu vəsiyyətin üçüncü bəndində buyurur: “və’təsimu bihəblihi” (“Allahın ipindən yapışın”). İnsanın hər hansı bir şeydən tutması, yapışması ərəbcə “e’tisam” kimi ifadə olunur. Bə’zən “e’tisam” yerinə “təməssük”,  “istəmək” kəlmələri də işlədilir. Məsələn, Allah-təala Qur’ani-kərimdə buyurur: “fəqəd istəmsəkə bil-urvətil vusqa”[12], yə’ni “möhkəm ipdən yapışmış olur...” “həbl” kəlməsi kəndir, ip mə’nasını daşıyır. Maraqlıdır ki, insan nə vaxt ipdən bərk yapışır? Adətən, bu hərəkətin səbəbi süqut etməmək, yuxarı qalxmaq istəyi olur. İnsan təhlükədən qurtarmaq üçün ipə əl atır. Beləcə, ucalmaq, tərəqqi etmək, kamala çatmaq istəyən insan da vasitə axtarır. Əgər insana əmr olunsa ki, ipdən yapışsın, demək, o təhlükədədir. Bu təhlükədən qurtarmaq, amanda qalmaq istəyən şəxs əmrə tabe olub, ipdən yapışmalıdır. İnsana, “Allahın ipindən “ yapışmaq buyurulursa, demək, o, təhlükə ilə üzbəüzdür və xilas olmaq üçün hökmən bu işə əl atmalıdır. Bu insan yerlə göy arasında qalmış, süquta uğrayan şəxs kimidir. Bu vəziyyətə düşməmiş adamlar vəziyyətin ağırlığını bir o qədər də hiss etmirlər. Amma uyğun vəziyyətə düşmüş adam can-dildən hiss edir ki, nədənsə yapışmaq lazımdır. Dərin quyuya düşmüş, sıldırım qayadan uçmuş insan bütün bunları qədərincə hiss etmək qüdrətindədir.

Qəflət azğınlığa aparır

Mö’min insan təhlükədə olduğunu bir an da unutmamalıdır. Çünki onun ayağı altda daim süqut edə biləcəyi cəhənnəm dərəsi qaynamaqdadır. O, bir tərəfi ilahi mərhəmət, digər tərəfi əbədi əzab olan fəzadadır. Onun süqut etməyəcəyinə heç bir zəmanət yoxdur. Bəli, insan daim uçurum kənarındadır. Bu uçurumdan aşağı insan üçün əbədi əzab vadisi uzanır. Əgər ölüm hər şeyə son qoysaydı, çox asan olardı. Amma həqiqət başqadır. İnsan kiçik bir büdrəmə nəticəsində əbədi cəhənnəm dərəsinə yuvarlana bilər. Bə’ziləri çətinliyə düşdükdə ölüm arzulayırlar. “Kaş ölüb, rahatlaşaydım”, deyirlər. Amma onlar unudurlar ki, ölümdən sonra əbədi həyat başlanır. Bu həyat xoşbəxt ola biləcəyi kimi, bədbəxt də ola bilər. Hətta imanlı insanlardan da belə sözlər eşidirik ki, “Pərvərdigara, artıq bu çətinliyə dözə bilmirəm, məni öldür.” Belələri bu dünyanın dərdlərinə, çətinliklərinə qarşı müqavimət qüvvəsini itirənlərdir. Onlar Allahın qəzasına dözə bilmir, ölümü daha asan sayırlar. Onların nəzərincə, bu dünyanın dərdləri ölüm və ölümdən sonrakı həyatın mümkün ağrılarından daha dözülməzdir.

Qur’ani-kərim  qiyamət gününün sonsuz ağrıları barədə cəhənnəm əhlinin dilindən buyurur: “Ey Malik (cəhənnəm gözətçisi), qoy Rəbbin bizi öldürsün...” Onlara cəhənnəm əzabı o qədər ağır gələr ki, cəhənnəm mələyindən ölüm istərlər. Malik isə onlara belə cavab verər: “Siz həmişəlik qalacaqsınız”[13]... Bəli, ölümdən sonra ölüm yoxdur. Cəhənnəmə düşənlər orada əbədi qalasıdırlar. Hər halda unutmamalıyıq ki, dünya və axirət çətinliklərinin əksəri insanın qəflətindən, diqqətsizliyindən yaranır. Qəflətdə olan insan qarşıda onu gözləyən təhlükədən xəbərsiz qalır.

İmam rahil (r) öz söhbətlərində “diqqət” sözünü çox işlətmişdir. Əgər onun moizələrinə nəzər salsanız, təkrar-təkrar bu sözləri dediyinə şahid olarsınız: “Ağalar, diqqətli olun...” Əgər bu kəlmə çox işlədilirsə, demək, onda bir sirr vardır. Bir çox problemlər məhz bu diqqətsizliyin nəticəsində yaranır. Əgər insan hər an əbədi oda yuvarlanacağını mümkün hesab etsə, rahatlığını itirər, daim diqqətli olar. İnsan bir qədər düşünüb, qarşıdakı təhlükələri təsəvvüründə canlandırsa, çox səmərəli bir əhvali-ruhiyyə əldə edər. Allah övliyalarının göz yaşları, Əbu-həmzə duası və digər münacatlar yalnız uyğun diqqət nəticəsində müyəssərdir. Bir zərrə diqqət həmin nalələrə qapı aça bilər.

Bəli, bu gün dərdli olmamağımızın səbəbi qarşıdakı təhlükələrə diqqətsizliyimizdir. Əgər insan düşünsə ki, dünya həyatı fəzada qalmaq kimidir və aşağıda nəfs istəklərindən şö’lələnmiş alov yanır, bu alova düşməmək üçün qəlbini nəyəsə bağlayar, əl atıb nədənsə yapışar. Diqqətli insanda belə bir hal yaranır. Bu halda olan insan üçün ən zəruri iş Allahın ipindən yapışmaqdır. Qur’ani-kərim və Əhli-beyt (ə) bu kədərli halı müxtəlif şəkillərdə bəyan etmiş və onun çarəsini göstərmişlər. Bəli, təhlükələrdən xilas olmaq üçün möhkəm ilahi ipdən yapışmaq lazımdır.

“Bəqərə” surəsinin 256-cı ayəsindəki “urvə” kəlməsi dəstək mə’nasını daşıyır. İnsanın yıxılmamaq üçün yapışdığı yer “urvə” adlanır. Müxtəlif qabların, kuzələrin qulpuna da “urvə” deyirlər. Amma insan təhlükə zamanı hər şeydən yox, möhkəm bir şeydən yapışmaq istəyir. Bu möhkəmliyi ayədəki “vusqa” kəlməsi ifadə edir. İnsan süquta uğramamaq üçün ən e’tibarlı hesab etdiyi şeyə əl atır. Bu, onun fitri ehtiyacıdır. Diqqətli insan bu ehtiyacı hiss edir və təhlükədən qurtarmaq üçün daim axtarışda olur. Allah-təala insana xəbərdarlıq edərək buyurur: “Allahdan başqasını dost tutanlar yuva qurmuş hörümçəyə bənzəyirlər. Şübhəsiz ki, evlərin ən zəifi hörümçək yuvasıdır.”[14]

Dünya və onda olanlar insanın təhlükədən xilas olmasında hörümçək toru tək zəif və e’tibarsızdır. Yeganə qurtuluş yolu Allahın qırılmaz ipindən yapışmaqdır. Kimsənin qıra bilməyəcəyi yeganə e’tibarlı vasitə həmin ilahi ipdir. Allahla bağlılığı güclü olan insan bu qırılmaz ipdən yapışmışdır. Qur’ani-kərim “lənfisamə ləha”, yə’ni “bu ip qırılmaz”[15], buyurur. Bütün başqa iplər gec-tez qırılasıdır. Bizim uzun hesab etdiyimiz müddətlər ilahi miqyasda çox kiçikdir. “Həqiqətən, onlar həmin əzabı uzaq görürlər”[16] - buyurur Allah-təala. İnsan çox vaxt çətinliklərdən qurtulmaq üçün dünyəvi vasitələrə əl atır. Əslində isə insanı xoşbəxtliyə qovuşdurası yeganə yol Allah yoludur.

Əlbəttə ki, Allah yolunun müxtəlif nümunələri ola bilər. Məsələn, “Allahın ipindən birgə yapışın” ayəsində “Allahın ipi” kəlməsi müxtəlif cür təfsir olunur. Bə’zən Qur’an, bə’zən İslam, bə’zən Əhli-beyt, bə’zən isə mə’sum imamların vilayəti “Allahın ipi” hesab olunur. Amma bütün təfsirlərin arxasında Allahla bəndə arasındakı rabitə durmuşdur. Xilas olmaq istəyən şəxs  Allaha bağlanmalıdır. Qur’anın bütün hökmlərini qəbul edib, əmələ başlamaq həmin qırılmaz  ipdən yapışmaq, Allaha bağlanmaqdır. Bə’zən “ip” əvəzinə “səbəb” kəlməsi işlədilir. Əslində  “səbəb” kəlməsinin də ərəbcə lüğət mə’nası “ip” və ya rabitə deməkdir. Bu kəlmələrin hər bir iki şey arasında bağlılığı ifadə edir. Allah-təala buyurur: “ Ona (Allaha) vasitə, yol axtarın.”[17] Bu ayənin nümunələrindən biri Əhli-beytə (ə) təvəssüldür. İnsan Allahla rabitə yaratmaq üçün yol axtarır, Allahın mə’sum imamlarını vasitə seçir. Bəli, qurtuluş üçün ən yaxşı yolu seçmək lazım gəlir.

Həzrət Əli (ə) sözünün davamında buyurur: “Səni Allahla bağlayan vasitədən möhkəm vasitə varmı?!” Bəli, biz Allaha bağlılıq vasitəsi tapmağa məcburuq. Əslində sənin varlığın Allahla rabitənin özüdür. Əgər Allahın istək və iradəsi, Onunla bağlılıq olmazsa, sən və bütün bu aləm duruş gətirərmi? Bizim varlığımız təkvini, təbii cəhətdən Allaha bağlıdır. Varlıq aləmi Onun iradəsindən asılıdır. Bundan möhkəm bağlılıq ola bilərmi? Allahla bəndə arasındakı rabitədən güclü rabitə hansıdır?!

Ona görə də Həzrət (ə) əvvəlcə təqvanı tövsiyyə edir, sonra isə zikr və Allahın xatırlanmasını tapşırır. Nəhayət, diqqətimizi ona yönəldir ki, təhlükələrdən xilas olmaq üçün yeganə çıxış yolu Allaha bağlılıqdır. Allah kimsəni zorla bu rabitəyə qatmır. Yalnız insan özü Ona üz tutduqdan sonra hifz olunur. Dünya zor dünyası deyil. Hər kəs həyat yolunu özü seçir. Əgər irəli addım atıb, Allahın ipindən yapışsan, O səni hifz edəcək. Əgər Ona arxa çevirib, uzaqlaşsan, ardınca gəlməyəcək. Qur’ani-kərimdə buyurulur: “O istəsəydi, hamınızı hidayət edərdi.”[18] Ayədən mə’lum olur ki, hidayət olmaq istəyən şəxs hökmən özü Allaha əl açmalıdır. Dünya həyatında daim ətrafdakılara əl açan bizlər nədənsə yeganə həqiqi xilaskarımıza əl açmağı unuduruq. Allahın möhkəm ipinə sarılmayıb, təhlükəyə düşən insan özü müqəssirdir.

Üçüncü dərs

Qəlbin halları (1)

Qəlbini moizə və nəsihətlərlə dirilt, zöhd və pəhrizlə öldür, yəqinlə gücləndir, hikmətlə işıqlandır.”[19]

Söhbətin mövzusu Əmirəl-mö’mininin (ə) öz ömrünün sonunda övladı imam Həsənə (ə) vəsiyyətidir. Vəsiyyətnamənin müqəddiməsində onun qısa məzmunu verilmişdir. Bə’zi yazıçılar kitabın əvvəlində əsərin qısa məzmununu verirlər. Həzrət Əli (ə) də bu yolla getmişdir. Vəsiyyətnamənin xülasəsindəki bə’zi cümlələri şərh etdik. İndi bu şərhi davam etdiririk.

Vəsiyyətin bu hissəsində əsas mövzu insan qəlbidir. Çünki insanın islahı, tərbiyəsi onun qəlbinin islahından, tərbiyəsindən ibarətdir. Əslində insanlıq sırf qəlblə bağlı bir həqiqətdir. Allaha yaxınlaşmaq istəyən insan hədəfə doğru qəlb yolu ilə hərəkət etməlidir. Paklanmaq istəyən insan öncə qəlbini paklamalıdır. İnsan həyatında əsas rol oynayan məhz onun qəlbidir.

İnsan vücudunun yönləri və mərtəbələri

Əgər “yön” sözünü düzgün seçmiş olsaq, deyə bilərik ki, insan müxtəlif yönlərə malik bir vücuddur. O, ruh və bədəndən ibarətdir. Ruhun da özünəməxsus keyfiyyətləri və mərtəbələri vardır. Bə’zi mərtəbələr, belə demək olarsa, uzununa, bə’zi mərtəbələr isə eninədir. İnsana “dərk etmək”, “tanımaq”, “sevmək” kimi müxtəlif keyfiyyətlər aid edilir.

İnsana aid edilənləri üç hissəyə bölmək olar:

a) Bədənə aid olan işlər; məsələn, əzələlər və sinirlər vasitəsi ilə icra olan hərəkətlər. Bu işlər çox vaxt ona görə ruha aid edilir ki, hərəkətverici qüvvə ruhdur. Amma amil ruh olsa da, əməl bədəndə zahir olur.

b) Agahlıq, tanıma, bilmə, anlama kimi işlər; olsun ki, “elm” kəlməsi deyilənləri daha ümumi şəkildə ifadə edir. “Hüzuri” və “hüsuli” olan bu bilikləri də ruhumuza aid edirik.

v) Digər bir qrupu meyllər, sə’ylər təşkil edir. Psixologiyada bu işlər meyllər, hisslər, tə’sirlər kimi qruplara ayrılır. Məsələn: qorxu, ümid, məhəbbət, eşq, kin, ədavət, şadlıq, hüzn və s. Bu qrupdan olanları elmin eyni saymaq olmaz. Amma onlar idrak yolu ilə gerçəkləşir. Məsələn, qorxu elm deyil. Amma idrak gücü ilə həyata keçir. Yə’ni insan qorxduğu vaxt bilir ki, qorxur. Sevdiyi vaxt bilir ki, sevir. Sözsüz ki, elm və agahlığın da mərtəbələri var. Amma bütün mərtəbələrdə idrak rol oynayır.

Beləcə, deyə bilərik ki, ruha aid olan işlər baxış və münasibətdən, meyllərdən və ruhun bədəndə hərəkətə gətirdiyi rəftardan ibarətdir. Bu rəftarların qəlbə aidiyyatı yoxdur. Qəlbin bədəni inkişaf etdirməsi barədə nə ayə, nə də rəvayət vardır. Bədəndə baş verənlər ruha aid  edilir. Amma münasibətlər və meyllər qəlbə aiddir. Qur’ani-kərimdə “qəlb nə gördüsə, doğru gördü”[20], buyurulur. Bu şühudi, hüzuri, batini bir elmdir. Demək, qəlb elmə malikdir. Həzrət Əli (ə) “qəlb Allahı görür”[21], buyurur. Qəlbin bu elmi, biliyi hüzuri, şühudi elmdir.

Amma meyllərin və hisslərin qəlbə aid edilməsinə heç bir irad yoxdur. Qur’ani-kərimdə belə işlərin qəlbə aid edilməsi ilə tez-tez qarşılaşırıq. Gündəlik həyatda “qəlbim istəyir”, “qəlbim şaddır” kimi sözlər çox işlənir. Beləcə, qəlb iki fərqli cəhətə,  yönə malikdir:

1.       Elm və idrak yönü;

2.       Meyl və istək yönü. Bilik və tanıma kimi işlər qəlbə aid edildiyi kimi, məhəbbət və nifrət kimi meyllər də ona ünvanlanır.

Sağlam qəlb

Yuxarıda deyilənlərə əsasən, qəlb iki fərqli həqiqətə malik mövcuddur. Başqa sözlə, qəlb həm iş görür, həm də onda halətlər yaranır. Bir sözlə, o həm tə’sirlənir, həm də tə’sirləndirir. Məsələn, göz görmək üçün yaradılmışdır. Əgər görmürsə, demək, kordur. Qəlb də müəyyən şeyləri görməli, eşitməli, müxtəlif halətlərə düşməli və onda müəyyən işlər baş verməlidir. O, bə’zi şeyləri sevməli, bə’zi şeylərə isə nifrət etməlidir. Qəlbdə meyllər və münasibətlər olmalıdır. Bütün bunlar yerindədirsə, qəlb sağlamdır. Qur’ani-kərim belə qəlbi “sağlam, saf qəlb” adlandırır.[22] Amma zəruri biliklərdən məhrum olub, səhvə düçar olan, aramlığını itirən, qorxmalı olduğu halda qorxmayan qəlb xəstədir. Qur’ani-kərimdə belə qəlb “xəstə qəlb” hesab olunur.[23] Bu baxımdan qəlb elə ruhdur. Onun idrakı, meylləri, istəkləri vardır.

Qəlbə aid olan hal və sifətlər ikiqütblüdür. Bir qütbdə sağlam, digər qütbdə xəstə qəlbə xas əlamətlər durur. Qur’ani-kərimdə buyurulur: “Biz ona şe’r öyrətmədik, bu ona yaraşmaz. Ona vəhy olunan yalnız zikr və aşkar Qur’andır. Onunla ağıl və bəsirət sahiblərini qorxutsun, kafirlər haqqında deyilənlər gerçək olsun.”[24] Qur’an və peyğəmbərlərin də’vəti yalnız diri qəlblərə tə’sir edə bilir. Allah-təala buyurur: “Şübhəsiz ki, ölülərə eşitdirə bilməzsən.”[25] Qəlbi ölmüş insan heç nəyi dərk etmir, dinin qorxutmaları ona tə’sirsiz olur. Xəstəliyin sonu ölüm və fənadır. Xəstələnmiş insan müalicə olunmazsa, onun ölümü labüddür. Qəlb də xəstələndikdə müalicə olunmazsa, öləsidir.

Qəlbin dirilməsi və ölümü

Tələb olunan budur ki, qəlb diri saxlanılsın. Qəlbin ölümü insan üçün olduqca böyük fəlakətdir. Amma qarşımızdakı vəsiyyətnamədə qəlbin həm dirildilməsi, həm də öldürülməsi tapşırılır: “Qəlbini moizə və nəsihətlə dirilt, zöhd və pəhrizlə öldür.” Məgər qəlbin öldürülməsi də yaxşı bir iş ola bilərmi? Bəli, bəyənilməyən həyat tərzinin ölümü çox yaxşı işdir. İnsan qəlbi ikiüzlü sikkə kimidir. Onun bir üzünə baxmaq üçün o biri üzünü qapamalısan. Qəlbə aid olan meyl və istəklər həm ilahi ola bilər, həm də heyvani. İnsanı kamala aparan meyllər ilahi, onu alçaldan meyllər heyvanidir. Heyvani şəhvətlər, şeytani istəklər, insanı uçuruma sürükləyən əmmarə nəfs hökmən öldürülməlidir. Bu meyllərin öldürülməsinə, əmmarə nəfsin insana hakim olmasına yol verilməməlidir. Bu meyllər hökmən öldürülməlidir. Əks-təqdirdə insanın tərəqqisinin qarşısı alınacaqdır. Əslində həmin meylləri öldürmək yox, kamilləşmə istiqamətinə yönəltmək lazımdır. Onlardan təkamül məqsədi ilə istifadə olunmalıdır. Əgər insan öz heyvani istəklərini doyurmaq üçün ifrata varsa, bir çox başqa mənfi qüvvələr də canlanacaq, insanı oda çəkəcək. Ona görə də bu meyllər söndürülməlidir. Həzrət (ə) “qəlbi öldür” deyərkən məqsədi qəlbdəki heyvani hisslərin öldürülməsi olmuşdur.

Biz həyat dedikdə hərəkət və fəaliyyət nəzərdə tuturuq. Dirilik nəzərimizdə nəfəs almaq kimi canlanır. Bir canlı dayanıb, nəfəs dərmədikdə onu ölmüş hesab edirik. Amma qəlbin diriliyi dedikdə xüsusi bir fəallıq nəzərdə tuturuq. Demək, bə’zi fəaliyyətlər nəinki dirilik sayılmır, hətta həmin fəaliyyətlərə görə qəlb ölü hesab olunur. Yalnız insanın kamilliyinə xidmət edən fəaliyyətlər dirilik nişanəsidir. Şəhvət odundan hərəkətə gələn fəaliyyətlər isə hökmən buxovlanmalı, məhv edilməlidir.

Qəlbin dirilik ayini

Qəlbin dirilik və ölülüyündən danışdıqdan sonra bu işin hansı yolla həyata keçməsini bilmək faydalı olardı. Qəlb hansı yolla dirilə bilər, heyvani hisslər hansı yolla aradan qalxar? Bu məqsədlərə necə çatmaq olar?

Həzrət Əmirəl-mö’mininin (ə) moizəsindən mə’lum olur ki, insan qəlbi həyat və ölümə malikdir. Bu qəlbdə bə’zi fəaliyyətlərin həyatı, bə’zi fəaliyyətlərinsə ölümü faydalı hesab olunur. Qəlbin faydalı həyatı onda ilahi meyllərin hökmranlığından ibarətdir. Qəlbin faydalı ölümü isə ondakı heyvani meyllərin məhvidir. Bəs faydalı həyat və ölümə necə nail olmaq mümkündür? Eləcə də, zərərli həyat və ölümdən necə yaxa qurtarmaq olar?

Həzrət (ə) qəlbin dirildilməsi üçün belə tövsiyyə edir: "Qəlbini moizə və nəsihətlə dirilt". Bəli, qəlbin diriliyinə nail olmaq üçün ən yaxşı yol moizə dinləmək və nəsihətamiz kitablar oxumaqdır. Məsələn, Qur’ani-kərimdən, Peyğəmbər (s) və Əhli-beytin (ə) moizələrindən istifadə olunmalıdır. İnsan özü də özünü moizə edə bilər. Hər bir şəxs ilahi nəsihətləri xatırlayaraq öz nəsihətçisi, vaizi ola bilər. Moizələri dinləmək, oxumaq, xatırlamaq vasitəsi ilə qəlb dirilə bilər. Bütün bunları asanlıqla təcrübədən keçirmək olar. Moizələrdən faydalanan insan öz daxilində müsbət meyllərin oyandığını hiss edir. Məsələn, tənbəllik səbəbindən nafilə namazı qılmayan insan bu mövzuda moizə dinlədikdən sonra həmin ibadətə həvəslənir. Moizədən qabaq televizor qarşısında oturub, vaxtını faydasız filmlərə baxmaqla keçirməyi üstün tutan adam moizədən sonra Qur’an oxumağa, ibadətə üstünlük verir. Moizədən əvvəl axirət barədə düşünməyən insan moizədən sonra uyğun movzuya maraq göstərir, mütaliə etməyə çalışır. Çünki moizədən qabaq onun qəlbi ölü idi, müsbət meyllər yatmışdır, amma moizə meylləri hərəkətə gətirdi, qəlb canlandı.

Bəli, moizə ölü qəlbi dirildi bilər. Yə’ni moizə insan qəlbini lazım olan istiqamətə yönəldir, müsbət meylləri hərəkətə gətirir. Bə’zən də yaş həddi, fizioloji amillər və digər təbii vasitələr insandakı heyvani hissləri gücləndirir. Nəticədə insan elm və bilikdən, ibadətdən uzaqlaşır. Bə’zən isə xarici amillər insanı uyğun istiqamətə meylləndirir. Məsələn, bə’zi səhnələrin seyri, bə’zi söhbətlərin dinlənilməsi uyğun meylləri gücləndirir. Mənfi meyllərin güclənməsi ehtimalı gənclərdə daha çoxdur. Pisliyə meylli gəncin də qəlbi diridir. Amma bu dirilik şeytana doğru hərəkətin fəallığından  ibarətdir. Belə bir  diriliyə son qoyulmalıdır. Bəs bu alovu necə söndürmək olar? Həzrət (ə) yol göstərir: "...zöhd və pəhrizlə öldür". Bəli, insan maddi ləzzətlərə təslim olmamalıdır. Təhrikedici qidalar qəbul edən, səhnələrə baxan, söhbətlər dinləyən insanın qəlbində şeytani əhval yaranır. Bu meyllərə nəzarət olunmalı, hədd qoyulmalıdır. Mənfi əhvaldan qurtarmaq istəyən şəxs yol tapmalıdır. Mənfi meylə səbəb varsa, təbii ki, o, hərəkətə gəlməlidir. Ona görə də səbəblə mübarizə aparmaq lazım gəlir. Gənclərin fiziki və psixoloji durumundan asılı olaraq, xüsusi ilə böhran dövründə olanlar arasında mənfi meyllərin fəallığı üçün şərait daha münasibdir. Dünyəvi ləzzətlərlə mübarizə yolu çoxdur. Oruc tutmaq, ibadət, ilahi dəyərlər haqqında düşüncə dünya ləzzətlərinə marağı azaldır.



Geri   İrəli
Go to TOP