A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Vacib vəzifələri dua ilə müqayisə etdik. İndi isə bir addım irəli atıb, duanı müstəhəb əməllərlə müqayisə edək. Qısa şəkildə qeyd edək ki, hətta müstəhəb əməli də dua ilə əvəz etmək olmaz. Dua özü müstəhəb əməldirsə də, digər müstəhəb əməllərdən üstün deyil. Yə’ni hansısa müstəhəb iş əvəzinə dua etmək düzgün deyil.

Hər şey öz yerində yaxşıdır

İnsan biryönümlü, birtərəfli mövcud deyil. İnsan ruhunun müxtəlif yönümləri var. İnsan vücudunun hər bir yönümü müəyyən qaydalara riayət etməklə kamilləşir. Əgər insan ibadət, iqtisadiyyat, siyasət kimi sahələrdən yalnız birinə aludə olarsa, onun ruhi tarazlığı pozular və təkamül yolu üzünə bağlanar. Yalnız bir bədən əzası işlək vəziyyətdə olan insanın, təbii ki, digər əzaları inkişafdan dayanasıdır. Məsələn, başı bədəninə nisbətən çox böyük olan insanın bədənindəki mütənasiblikdən danışmağa dəyməz. Mütənasiblik olmayan yerdə gözəllik ola bilərmi?! Ruh da belədir. Birtərəfli inkişaf edən ruh öz tarazlığını itirir. Yalnız duaya məşğul olub, elm və təhsildən uzaqlaşan insan qeyri-mütənasib inkişaf edir. Sileyi-rəhm (yaxınları yoxlamaq), fəqirə kömək, xalqa xidmət barədə düşünməyən insan təkcə dua etməklə kamala çata bilməz. Bə’ziləri dua etsə də, pulunu çox sevdiyindən fəqirə əl tutmur. Belə insan heç vaxt ideal həddə inkişaf edə bilməz. Eləcə də, xeyirxah işlərlə məşğul olduğu halda, nə özünə, nə də başqalarına dua etməyən insan həqiqi təkamülə nail ola bilmir. Bütün dini hökmləri kompleks şəkildə nəzərdə tutub, hər bir işə münasib yer vermək lazımdır. Əgər Həzrət (ə) duanı ilahi xəzinələrin açarı kimi tanıtdırırsa, bu o demək deyil ki, insan bütün işlərini atıb, yalnız dua etməlidir. Dua göstərişinin Qur’an oxunmasına, müstəhəb işlər görülməsinə, elm öyrənilməsinə, xeyriyyəçiliyə heç bir maneçiliyi yoxdur və dua bu kimi işləri əvəz etmir. Əslində hər şey öz yerində daha yaxşıdır. Dua insanın digər işlərinə mane olmamalıdır. İnsan özü üçün münasib ibadət proqramı hazırlamalıdır ki, bütün ilahi, ruhani ne’mətlərdən faydalana bilsin. Unutmamalıyıq ki, bütün işlərdə tarazlığı gözləmək lazımdır. Tarazlıq isə o zaman yaranır ki, bütün dini göstərişlərə bir tam kimi yanaşılsın. Hər bir vəzifəni zəruri həddə yerinə yetirmək, ifrat və təfritdən çəkinmək lazımdır.

Güc qədərində vəzifə

Əgər bütün ibadət və dini göstərişlərdən faydalanmaq lazımdırsa, ayrı-ayrı insanlar üçün hansısa bir hədd müəyyənləşdirilmişdirmi? Hamı eyni dərəcədə vəzifəlidir, yoxsa ayrı-ayrı dərəcələr var? Əvvəla, hamı eyni dərəcədə vəzifəli deyil. Belə bir göstəriş yoxdur ki, hamı eyni qədər Qur’an oxumalı, eyni qədər dua etməlidir. Vəzifə dərəcələri fərqlidir. Məsələn, təhsil hazırlığı olan insanın təhsil məs’uliyyəti başqalarından çoxdur. Həmin şəxs bu vəzifəni öhdəsinə götürdükdən sonra cəmiyyətin ehtiyacı ödənərsə, başqaları bu vəzifədən qismən azad olur. Artıq bu şəxs üçün elmi təhsil vacib vəzifəyə çevrilir. Amma ruhun kamilləşməsi üçün duadan da faydalanmaq lazımdır. Təhsil üçün münasib olan vaxtı isə duaya sərf etmək olmaz. Hər vəzifəni öz yerində icra etmək məqsədəmüvafiqdir. Dərsi dua ilə əvəz etmək yox, azad və fəzilətli vaxtlarda dua oxumaq lazımdır. Amma ictimai fəaliyyət üçün gücü olmayan insan evdə oturub, duaya məşğul olarsa, eybi yoxdur. Deməli, müxtəlif insanların vəzifə dərəcəsi də müxtəlifdir. Vəzifəli, var-dövlətli insanın məs’uliyyəti fəhlənin məs’uliyyətindən qat-qat ağırdır. Varlı öz varına uyğun həddə yoxsullara əl tutmalıdır. İnsanlar dini vəzifələr qarşısında öz güc və mə’lumatları səviyyəsində məs’uldurlar. Əlbəttə ki, dəqiq proqram tənzimləmək çətindir. Əxlaq alimlərinin fikrincə, bu işdə mütəxəssislərdən kömək istəmək lazımdır. Mütəxəssislər hərtərəfli mə’lumata malik olduqları üçün qarşı tərəfin imkanlarını nəzərə alaraq daha münasib proqram hazırlaya bilərlər. Bəli, təcrübəli insanların məsləhəti həmişə faydalı olur.

İnsanın təkamül tutumu.

Deyildiyi kimi, insan çoxtərəfli mövcud olduğundan onun təkamülü üçün bütün tərəflər nəzərə alınmalıdır. Təkamülə nail olmaq üçün insanın bütün vücudunu əhatə edən islam göstərişlərinə kompleks şəkildə əməl olunmalıdır. Ruhumuz dini göstərişlərə ehtiyaclıdır və hər bir göstərişə yerində əməl olunmalıdır. Yalnız bir qisim göstərişlərə əməl edən şəxs öz təkamülünün qarşısını alır. Təkamül yolunun yolçuları hansısa göstərişi yaddan çıxarmamaq üçün daim ehtiyatlı hərəkət edirlər. Mərhum Əllamə Təbatəbai buyurur: “Əxlaq ustadım mənə göstəriş verdi ki, “Biharül-ənvar” çoxcildliyindən Peyğəmbərin (s) həyatı ilə bağlı hədisləri toplayım. Bu yolla həm öz həyatımda Peyğəmbər (s) qaydalarına diqqət yetirim, həm də başqaları bu məcmuədən istifadə etsinlər...” Bu göstəriş “Peyğəmbər (s) sünnəsi” kitabının yaranmasına səbəb olur. Məcmuədə toplanmış rəvayətlərdən birində nəql olunur ki, həzrət Peyğəmbər (s) dəniz çəyirtkəsindən hazırlanmış xörəkləri xoşlayardı. Peyğəmbərsayaq yaşamağı qarşısına məqsəd qoymuş Əllamə Təbatəbai heç olmaya bir dəfə Peyğəmbərin (s) xoşladığı xörəkdən yemək üçün axtarıb dəniz çəyirtkəsi tapır!! Bəli, kamillik arzusunda olan insan Peyğəmbər (s) və Əhli-beytinin həyatındakı son incəlikləri də öz həyatına tətbiq etməyə çalışır. Qur’ani-kərimdə oxuyuruq: “(Ya peyğəmbər) de ki, əgər siz Allahı sevirsinizsə, ardımca gəlin ki, Allah da sizi sevsin...”[112] Son Peyğəmbər (s) və mə’sumların həyat yolunu daim diqqət mərkəzində saxlamalıyıq. İlahi göstərişlərin bir hissəsinə əməl edib, digər hissəsinə göz yuman insan birtərəfli inkişaf edir.

Dua haqqında söhbətimizin sonunda qeyd etməliyik ki, təbii vasitələrlə əldə olunası bir istəyi duada tələb edib, fəaliyyətdən qalmaq düzgün deyil. Allah və onun hikmətləri ilə tanış olan insan başa düşür ki, mövcud iş vasitələri Allahın hikməti əsasında əta olunmuşdur. Allah-təala behiştdə olacağı kimi, dünyada da insanın ruzisini mələklər vasitəsi ilə verə bilərdi. Amma sə’y göstərməyən, yerində oturub qalan insan təkamüldən məhrum olur. Dünya imtahan, iste’dadların çiçəklənmə məkanıdır. Bu məkanda inkişaf insanın öz hərəkətindən asılıdır. Düşünməyin ki, dini vəzifələrin icrasına məcbur edilən insan bu vəzifələri azad şəkildə icra edən insanla eyni fayda götürə. Sözsüz ki, şəxsi istəklə görülən işlərin təkamüldə rolu böyükdür. Əlbəttə ki, ictimai zərərli hərəkətlərin zorla da olsa qarşısı alınmalıdır. Amma fərdi məsələlərdə məcburiyyətə yer yoxdur. Bir sözlə, insanın təkamülü onun öz iradəsi ilə yerinə yetirdiyi vəzifələrdən asılıdır. Əgər insan öz ruzisini çalışıb özü əldə etməlidirsə, bunun səbəbi həmin yolda rastlaşacağı minlərlə sınaqdır. Məhz bu sınaqlar vasitəsi ilə təkamül şəraiti əldə olunur. İmtahan yolunda qarşıya çıxan vəzifələri layiqincə yerinə yetirənlər mə’nəvi kamala çatır, vəzifədən boyun qaçıranlar isə azğınlıq uçurumuna yuvarlanır. Məsələn, həyatı boyu düzgünlüyə əməl edənlər kamala çatır, hiylə və fırıldaqla yaşayanlar süquta uğrayır. Məhz bu baxımdan insan daim müxtəlif məs’uliyyətlərlə üzbəüzdür. Allah-təala insanı günahdan uzaq, pak da yarada bilərdi. Amma həmin halda heç bir təkamülə yer qalmazdı.

Maraqlıdır ki, insan Allahın hikmətlə yaratdığı vasitələri gördüyü halda, çalışmaq əvəzinə, qarşıya çıxan problemlərin dərhal həll olmasını gözləyir. Belə məqamlarda duası qəbul olmayan bə’zi şəxslər Allahdan gileylənir, inciyir. Onlar anlamırlar ki, qarşıdakı problemlərin həlli üçün çalışmayan insan kamala çata bilmir. Bütün çətinliklərin dua yolu ilə həll olunacağını gözləmək sadəlövhlükdür. İnsan çalışmalı və eyni zamanda dua edərək, Allahdan yardım istəməlidir. Mö’min insan bütün şərtlərə əməl edərək duaya üz tutur. Bundan əlavə, mö’minlər üçün dua Allahla danışmaq bəhanəsidir. İstənilən bir vasitə ilə bəndəliyini izhar etmək istəyən insan üçün dua da növbəti bir vasitədir. Yoxsa mö’min gözəl anlayır ki, Allah-təala öz bəndəsinin səadətini tə’min edəsidir.

Axirət səfəri

İlahi vəsiyyətnamənin davamında Həzrət (ə) əvvəldə qeyd etdiyi bir məsələyə qayıdır və dünyanı axirətlə müqayisə edir. Həzrət (ə) buyurur: “Həqiqətən, elə bir mənzildəsən ki, onda bir neçə gündən artıq yaşamayacaq, köçüb gedəcəksən; sonu axirət olan bir yoldasan...” Əslində vəsiyyətnamədə dua haqqındakı söhbət dünya və axirət söhbətinin gedişindəki əlavə idi. Həzrət (ə) növbəti dəfə əsas məsələyə qayıdaraq buyurur: “Bil, ey oğlum! Həqiqətən, sən dünya, yoxluq, diri qalmaq, ölüm üçün yox, axirət üçün yaradılmısan...” Bəli, dünya həyatı nə vaxtsa öz problemləri ilə birlikdə puç olasıdır.

Dünya həyatının sonu fəna və ölümdür. Fənalıq elə bu dünyaya aiddir. Mütləq fəna isə yoxdur. Ölmüş insan axirətdə dirilir və əbədi yaşayır. İnsan fəna olmaq üçün yox, əbədi həyat üçün xəlq olunub. Ölüm yoxluq və fəna yox, dünya həyatının başa çatmasıdır. Dünya həyatı müvəqqəti mənzildir. Dünya yol üstündəki çayxanaya oxşayır. Hamı bir müddət bu çayxanada vaxt keçirib, yoluna davam edir. Yə’ni insan bir gün bu dünyadan “dəriləsidir”. Dünya elə bir məkandır ki, bu məkanda axirət səfəri üçün azuqə hazırlanır. Həzrət (ə) buyurur: “Kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan və sözsüz, bir gün səni tapasıdır.” Bəli, ölüm insanın ardınca elə bir sür’ətlə gəlir ki, insan gec-tez ona ov olur. Hələ kimsə öz sağlamlığını qorumaq, müxtəlif vasitələrə əl atmaqla ölümdən qaça bilməyib. Əsas məsələ budur ki, ölüm qapını döydüyü vaxt kimi bu görüşə hazır olur, kimisi yox. Axirət səfərinə hazırlaşmış insan üçün ölüm qorxulu deyil. Vay o insanın halına ki, ölüm yaxasına yapışan anda heç bir hazırlığı olmaya. Həzrət (ə) buyurur: “Qorx ki, (ölüm) səni xoşagəlməz, pis halda tapa.” Əgər ölümün nə vaxt gələcəyindən xəbərsiziksə, demək, pis vəziyyətdə qalmamaq üçün bu görüşə həmişə hazır olmalıyıq. Borclu qaldığımız ibadətləri, xalqın mənimsənilmiş haqlarını qaytarmalıyıq. Ölüm heç bir borcluya borcunu ödəmək üçün möhlət vermir. Borcları vaxtında ödəmək zəruridir. Vay o insanın halına ki, ölüm onu günah başında yaxalaya. Həzrət (ə) yubadılmış tövbəyə işarə ilə buyurur: “Sən özünlə tövbə etməkdən danış, o isə səni tövbədən ayırsın; elə həmin an özünü puça çıxarmış olarsan.” Ölüm bu gün-sabah tövbə etmək fikrində olan insanı tövbədən məhrum edir. Ona görə də dərhal tövbə edib doğru yola qayıtmaq lazımdır. Günaha batmaqdan, günahdan sonra tövbəni yubatmaqdan qorxmalıyıq. Axı kim bilir ki, qəfil ölüm bizə tövbə imkanı verəcək?! Bəli, qeyri-münasib bir halda ölümlə görüşdən qorxun və fürsəti qənimət bilərək tövbə edin. Tövbəni tə’xirə salsanız, ibadətlərin qəzasını yerinə yetirməsəniz, borclarınızı qaytarmasanız, qəfildən ölüm qapını döysə, kimi qınayacaqsınız? Bu halda kimsədən gileylənməyə dəyməz. Özünüzü danlayın!

İyirmi birinci dərs

ölüm düşüncəsi

Oğlum! Ölüm, ölümdən sonra qəfil rastlaşacağın hadisələri tez-tez (çox) xatırla. Ölümü gözlərin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla. Məbada qəfil peyda olub, səni məğlub edə, aldanmış vəziyyətdə tapa. Axirət, onun ne’mətləri və dərdli əzablarını (çox) tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.

Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır.”[113]

Vəsiyyətnamənin şərhində diqqətin axirətə, əbədi həyata, ölüm düşüncəsinin yaddan çıxarılmamasına yönəldilən hissəyə çatdıq. Şübhəsiz ki, bütün canlı varlıqların ölümü labüddür. Din böyüklərinin diqqət mərkəzində dayanan ölüm düşüncəsinin tərbiyəvi əhəmiyyətidir. Bütün bu xəbərdarlıqlardan sonra müsəlman şəxs heç vaxt ölümü unutmamalıdır. Ölüm və axirətə əsil inam odur ki, insan ölümü yaddan çıxarmasın. Həzrət (ə) ölüm düşüncəsinin müsbət tə’sirlərindən danışaraq, bizi bu düşüncəyə rəğbətləndirir və ümid edir ki, bu düşüncə həqiqət yolunun seçilməsində tə’sirli olsun.

Məada (ölümdən sonrakı həyata) inam və rəftarın islahı (tərbiyə)

Əgər Qur’ani-kərimə diqqət etsək, görərik ki, daha çox əhəmiyyət verilmiş məsələlərdən biri axirət həyatı və ölümün xatırlanmasıdır. Doğrudan da, axirətə iman, əbədi həyata diqqət insanın rəftarında, tərbiyəsində mühüm rol oynayır. Bu istiqamətdə axirət inancı tövhid inancından da tə’sirlidir. Diqqət etsəniz, əksər insanlar Allaha inanır, amma bu inam onların həyat tərzini dəyişmir. Onlar istədikləri kimi yaşayır və Allahın razılığını nəzərə almırlar. Amma axirət inamı insanın həyat tərzinə tə’sir göstərir, onu bir başqa şəkildə yaşamağa vadar edir. Axirətə inanan insan anlayır ki, öz istəyincə yaşasa, bədbəxt olası, əbədi əzaba qovuşasıdır. Bəli, axirət həyatına inanan şəxs axirət əzabını nəzərdən qaçıra bilmir. Düşüncəli insan əbədi axirəti müvəqqəti dünya həyatı ilə müqayisə etdikdə, şübhəsiz ki, əbədini qoyub məhdudu seçəsi deyil. Amma elə Allah aşiqləri da var ki, Allahın razılığını həm dünya, həm də axirət xoşbəxtliyindən üstün tuturlar. Əfsus ki, belələri çox azdır. Əksər müsəlmanlar ilahi razılığa yox, behişt və onun ne’mətlərinə üstünlük verirlər. Amma həqiqi mö’min üçün Allahın razılığı hər şeydən üstün olmalıdır. Qur’ani-kərimdə oxuyuruq: “...Allahın razılığı isə daha böyükdür.”[114] Bəli, insanların iman dərəcələri çox fərqlidir. Çox nadir insanlar Allahın razılığını hər şeydən üstün tutur. Həzrət Əli (ə) Allaha belə ərz edir: “And olsun izzət və cəlalına, əgər razılığın bunda olsa ki, bədənim tikə-tikə doğransın, ən pis qətldən 70 qat ağır şəkildə öldürülüm, razı olaram. Hər halda sənin razılığını istəyirəm. Razılığın bunda olsa ki, axirət odunda yanım, yenə sənin razılığını üstün tutaram...” Adi insanlar üçün bu sayaq düşüncələr yaddır. Hətta ən imanlı insanlar da mə’sumların uyğun sözlərini təkrarlamaqdan başqa bir iş bacarmırlar. Böyük xalq kütlələrinə daha çox tə’sir edən axirət əzabı, cəhənnəm odudur. Daha doğrusu, adi insanların tərbiyəsində behişt müjdəsi və cəhənnəm qorxusu Allahın razılığından daha tə’sirli bir amildir. Yalnız Allahın razılığını düşünənlər isə çox azdır.

Bəli, axirətə inanan, xeyir və şər əməllərinin əvəzini alacağına əmin olan insanlar öz əməllərinə nəzarət edir, nəfslərini başlı-başına buraxmırlar. Amma axirət həyatına ciddi yanaşmayanlara nəfs qalib gəlir, onlar ötəri dünya ne’mətlərini daha üstün tutur, min bir günaha batırlar. Demək, əksər vaxt günah və cinayətin qarşısını alan əbədi axirət əzabına inam olur. Onu da qeyd edək ki, axirət ne’mətləri axirət əzabı qədər tə’sirli deyil.

Deyilənlərdən aydın olur ki, nə üçün Qur’an və Əhli-beyt buyuruqlarında, eləcə də, “Nəhcül-bəlağə”də axirət, onun dünyadan üstünlüyü, dünya sevgisinin əbədi axirət xoşbəxtliyinə maneçiliyi məsələləri diqqət mərkəzində dayanmışdır. Məqsəd bu deyil ki, insan dünyaya arxa çevirsin. Axı dünya həyatı özü də çox böyük ne’mətdir və axirət həyatı dünyada qazanılır. Məzəmmət olunan dünya yox, dünyaya hərislik, aşiqlik, vurğunluqdur. Həzrət Əlinin (ə) uyğun məsələləri tez-tez təkrarlaması onların əhəmiyyətini qabartmaqdır. Dünya ləzzətləri aldadıcı olduğundan insanın daimi xəbərdarlığa ehtiyacı var. Uyğun mövzuların təkrarında digər bir məqsəd insanın ölümü unutmamasıdır. Ölümü unudan insan şeytana daha asan aldanır və anlamır ki, işin sonu nə ilə nəticələnəcək. Dünya ləzzətlərinə aldanmış insan bu ləzzətlərin müvəqqəti olduğunu dərk etmir. İnsan öz həmnövlərinin başına gələn müsibətləri, qəfil ölümləri gördüyü halda, yenə də dünya həyatının əbədi olduğunu zənn edir. Dünyanın sonunu görən insan öz rəftarında az-çox dəyişiklik edir. Dünyanın müvəqqəti olduğunu anlasaq, ötən anların qədrini bilərik. İnsan dünyanın ötəriliyinə diqqətli olduğu qədər öz ömrünü qənimət sayır. Ömrün qısalığına diqqətsiz insanlar isə dünya ləzzətlərinə baş qatıb, yavaş-yavaş ölümü yaddan çıxarırlar. Ölümü unudan insana qəflət hakim olur və günah günah ardınca düzülür. Demək, şeytan və nəfsin hiylələrindən qurtarmaq üçün çıxış yolu ölümü xatırlamaq, dünyanın faniliyini unutmamaqdır.

Ölümün gözlənilməzliyi

İti düşüncələri daha bir incə nöqtə özünə cəlb edir. Ölüm, ölümə inam, axirətlə yanaşı ölüm vaxtının gizli olması da insanın tərbiyəsində tə’sirli amillərdəndir. Olduqca həssas olan bu nöqtə Allahın bəşəriyyətə misilsiz ne’mətidir. Ölüm vaxtı gizli olduğundan hər bir insan onun intizarındadır. Bu hissi dərindən yaşayanlar öz əməl və rəftarlarına nəzarət edirlər. Ölüm düşüncəsi çox tə’sirli olduğundan mə’sum imamlar bu mövzunu təkrar-təkrar xatırlamışlar. Həzrət (ə) buyurur: “Oğlum! Ölüm, ölümdən sonra qəfildən rastlaşdığın hadisələri tez-tez xatırla.” Bəli, ölümdən sonra nə baş verəcəyini, haraya gedəcəyini düşünən insan həyat tərzini dəyişir. Həzrət (ə) sözünə belə davam edir: “Ölümü gözlərinin qarşısına gətir. Yanına gələnədək özünü bəzə, hazırla...” Ölümü unudanlarda heç bir axirət hazırlığı olmur. Belə insanlar buraxılmış ibadətlərin qəzasını yerinə yetirmir, xalqın haqqını ödəmir, “hələ vaxt var” düşünərək fani dünyaya könül verirlər. Hansı ki, insan böyük əzaba qovuşmamış özünə çarə qılmalıdır. Ölümü gözləri qarşısında canlandırıb, bu barədə düşünməli, ölümə hazır olmalıdır.

Dünya ləzzətlərinə necə uymamaq?

İnsan dünya və axirət ne’mətlərindən ibarət iki qüvvə tərəfindən cəzb olunur və təbii ki, bu qüvvələrdən birinin tə’siri altına düşür. Həqiqət axirətə diqqətdir. Bu yolda dünya ləzzətlərinin maneçiliyini aradan qaldırmaq üçün bir çox tədbirlər görülə bilər. Onlardan biri ölüm haqqında düşünməkdir. Axirət dünyası, onun əbədi ne’mətləri, dözülməz əzabları haqqında düşünən insan müvəqqəti dünya həyatına könül vermir. Həzrət buyurur: “Axirət, onun ne’mətləri və dərdli əzablarını tez-tez xatırla. Həqiqətən, axirəti düşünmək sənə dünyada pəhrizkarlığı öyrədər və dünyanı kiçik, xar göstərər.”

Bilməliyik ki, dünya axirətlə müqayisədə çox kiçikdir. Əgər çox kiçik bir həşərat ağacın bir budağından o birinə bir neçə günə yerini dəyişirsə, bu o demək deyil ki, həmin ağac çox əzəmətlidir. İnsanın dünyanı böyük bilməsi də onun özünün kiçikliyi, baxış məsafəsinin məhdudluğu ilə əlaqədardır. Hansı ki, ağıl başqa söz deyir. Ağıl varlıq aləminin genişliyini dərk etdiyi halda, axirət aləminin əbədiliyini də qavrayır. Dünya genişsə də məhduddur. Axirət isə nə zaman, nə məkanca bitib-tükənəsi deyil. Allah-təala buyurur: “Genişliyi göylərlə yer üzü qədər olan, müttəqilər üçün hazırlanmış cənnətə tələsin.”[115] Bu hər bir mö’min üçün hazırlanmış cənnətdir. Allah-təala insana geniş ilahi mərhəmət əldə etmək imkanı vermişdir. Bu, insan ruhunun əzəməti nişanəsidir. Bu əzəmət 50-100 illik ömürdə görülmüş işlər nəticəsində ərsəyə gəlir. Hansı ki, bu işlərin davamı axirətlə müqayisədə heç bir göz qırpımı da çəkmir. Elə dünya ləzzətləri də axirət ləzzətləri ilə müqayisədə heçdir. Çünki biri məhdud, digəri isə əbədidir. Yalnız dünyaya iman gözü ilə baxanlar bu əbədiyyəti anlaya bilir. Məhz bu baxımdan həzrət Əli (ə) dünyanın bir ağac yarpağı qədər dəyərə malik olmadığını bildirir. Həzrət (ə) dünyanın zökəm keçi burnundan daman su damlasından da dəyərsiz olduğunu bəyan edir. Həzrət (ə) axirət dünyası ne’mətlərinin sonsuzluğuna o qədər əmindir ki, qeyb pərdələri qaldırılsa, onun yəqinliyinə bir zərrə də əlavə olunmaz.[116]

Amma dünyaya mə’sumlardan fərqli baxan bizlər həzrətin “dünya dəyərsizdir, ona bağlanmayın” sözlərini gündə on dəfə eşitsək də, yenə əmin olmuruq. Bizi cəhalət içində görən imamlar hər vasitə ilə düşüncəmizi həqiqətə yaxınlaşdırmağa çalışırlar. Nəfs istəkləri bəsirət gözümüzü bağladığından şeytani vəsvəsələr qəlbimizi əhatə etmiş, dünya məhəbbəti bizə qələbə çalmışdır. Allah bəndələrini sevən həzrət Əli (ə) müxtəlif nəsihətlərlə bizi qəflətdən oyatmağa, “çürümüş donuz sümüyünə” aşiq olmamağımıza sə’y göstərmişdir. Çünki dünyaya aşiq olan axirətini itirir. İnsan öz dini vəzifələrinə əməl edərsə, həm dünyanın halal ne’mətlərindən faydalanar, həm də əbədi axirət ne’mətlərindən məhrum olmaz.

Cəmiyyətin fərdə tə’siri

İnsan, adətən, yaşadığı mühitin tə’siri altında olur. O, başqalarını razı salacaq bir şəkildə hərəkət etmək istəyir. Eləcə də barmaqla göstərilmək, kimsədən dala qalmaq onun üçün ağırdır. Xalqı bir məsələyə diqqətlə yanaşdığını görən insan həmin işin xeyirli və ya zərərli olmasını yoxlamadan çoxluğa qoşulur. Sözsüz ki, fərdə mühitin böyük tə’siri var. Çoxluq bir şeyi əldə etməyə çalışırsa, fərd də çoxluğun tə’siri altında eyni cür hərəkət edir. İnsanların bir yerə toplaşdığını görən şəxs tələsik onlara yaxınlaşır. İlk əvvəl cəmiyyətdən fərqli düşünən insan, nəhayət toplumun rə’yinə uyğunlaşır. Bu yaxınlaşma ixtiyarsız şəkildə baş verir. Maraqlıdır ki, dünya ne’mətlərinə münasibətdə ictimai tə’sir daha güclüdür. Dünya ne’mətləri uğrunda mübarizəni hər addımda müşahidə edən insan istər-istəməz bu yarışa qoşulur. Dünyapərəst insanlar ov ətrafında dövrə vurub dayanmış qızılquşları xatırladırlar. Onlar ovdan daha çox pay götürmək üçün bir-birlərinə dimdik atır, caynaqlaşırlar. Bu misalı təkcə dünyapərəst insanlara yox, bir çox müsəlmanlara da şamil etmək olar. Amma ağıl ne’məti ilə bəzənmiş insan dünya malı uğrunda savaşa qatılmamalıdır. Dünya malı qızılquşların, quzğunların qonduğu leşi xatırladır. Düşüncəli insan öz hisslərini cilovlamalı, canavarlara, quzğunlara qoşulmamalıdır. İnsan Allahın müəyyənləşdirdiyi ruzini qazanmalı və bununla kifayətlənməlidir. Dünya həyatını, komfortlu yaşayışı məqsədə çevirmək insana yaraşmayan bir işdir.

Tənbəllik ayrı, zöhd (pəhriz) ayrı!

Qeyd etməliyik ki, dünyapərəstlikdən çəkinəmək (zöhd) tənbəllik kimi başa düşülməməlidir. Dünya yox, dünyaya bağlılıqda ifrata varmaq məzəmmət olunur. İnsan dünyaya hərislik göstərmədən çalışmalı və ehtiyacından artıq qalanı (bə’zən hətta ehtiyac duyduğunu) imkansızlara bağışlamalıdır. Dünyaya hərislik gündə bir model maşın, bir moda geyim, bir forma ev arzusunda olmaq, sözsüz ki, pislənilir. İnsanı bədbəxt edən məhz dünyaya hərislikdir, var-dövlət yarışıdır. İnsan vəzifəsini müəyynləşdirib, ona əməl etməli və əmin olmalıdır ki, Allah öz saleh bəndəsini bədbəxtliyə düçar etməz. Bizi övliyalara əta olunmuş ne’mətlər maraqlandırmalıdır. Kafirlərin var-dövləti mö’minlərdə həsəd doğurmamalıdır.

Qur’anda buyurulur: “Dünya həyatı aldadıcı həzz və əyləncədən başqa bir şey deyil.”;[117] “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil.”[118] Belə bir dünyaya könül verməyə dəyərmi?! Allahın müvəqqəti mənzil kimi tanıtdırdığı dünyaya bağlanmaq yox, ona sevgi bağlarını qırmaq gərək!

İyirmi ikinci dərs

dünya və axirət

Məbada, dünyaya könül verən, dünya üstə bir-birlərinin üstünə şığıyan dünya əhlinin mehri səni çaşdıra. Çünki Allah səni dünyadan xəbərdar etmiş, dünya öz necəliyini sənə açmış və sənin üçün öz çirkinliyi üzərindən pərdəni qaldırmışdır. Həqiqətən, dünyapərəstlər hürüşən itlər və yırtıcılardır ki, ov üstündə bir-birlərinin başlarına qışqırırlar; güclülər zəiflərə tamah salır, onların böyükləri kiçikləri məğlub edir; dünya öz əhlini doğru yoldan azdırdı, əyri yola çəkdi, savab yolunu gözlərinə bağladı; heyrət içində dolaşmış, fitnələrdə qərq olmuş, onu özlərinə tanrı götürmüşlər. Dünya onlarla oyuna başlamış, onlar da dünya ilə oyuna aludə olmuşlar. Dünyadan sonranı isə unutmuşlar.

Məbada, ey oğlum, dünyanın bol eyiblərinin pisləşdirdiyi kəs olasan! Dünya əhlinin bir qismi ayağıbağlı dəvədə dayanır, digər qismi ağlını əldən verib əyri yolda azad gəzir; işlərində avara, zərər otlağında, çətin biyabanda, keçilməz yoldadırlar; işlərinə yarayası bir çobanları yoxdur; aram ol ki, qaranlıq pərdəsi kənara çəkilsin; guya karvan mənzilə çatmış və tələsən karvanı tapır.”[119]

Dünya sevgisi ilə axirət sevgisi heç vaxt bir araya sığmır. İslam dininə görə mö’minin qəlbi axirət sevgisi mə’dəni olmalıdır. Bu ideala doğru hərəkətdə qarşıya çıxan mümkün maneələr daim diqqət mərkəzində olmuş və olmaqdadır. Söhbətin növbəti hissəsində həmin amillər sadalanır. Sevgi və nifrət ocağı olan qəlbin tərbiyəsi insanın islahına səbəb olur.

Dünyapərəstlik amilləri



Geri   İrəli
Go to TOP