A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: Əbədi öyüd (birinci cild)
Müəllif: Ustad Misbah Yəzdi
Naşir: Təharət
Çap tarixi: 2005
Səhifələrin sayı: 240
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Mə’sum imamların dilində dünyanın məzəmmət olunmasının səbəbi insanın dünyaya əsirliyi, nəticədə axirətin inkarı ola bilər. Başqa sözlə, dünya ona görə qınanır ki, dünya məhəbbəti insanın axirətdən xəbərsizliyinə səbəb olur. Dünyanın aldadıcı şirinlikləri insanın bütün vücudunu öz tə’siri altına salır, insan bu şirinliklərin arxasınca yüyürməyə başlayır. Amma axirət həyatı hiss üzvləri ilə duyulmadığından bir qədər diqqətdən kənarda qalır. Ona görə də mə’sum imamlar dünyanı məzəmmət edir, insanları dünya şirinliyinə aldanıb, axirətdən xəbərsiz qalmamağa çağırırlar. Hiss üzvləri ilə duyulmayan axirətin diqqətdən kənarda qalmasında təbiilik var. Axirətə diqqətli olanlar isə ya əqli dəlillərə əsaslanır, ya peyğəmbər və imamların buyuruqlarına istinad edirlər. Bu mə’lumatlar isə zahirpərəst insanlara çox az tə’sir göstərir. Amma dünya mənzərələri insanı bir anda özünə cəzb edir. Axirət həyatına əksər müsəlmanlar şübhə etməsələr də, bu mə’rifət, bu inam hər gün təzələnmədiyindən diri olmur. İnsanla bu məsələni əməli şəkildə çox az xatırlayır, elə düşünürlər ki, bu üç-beş günlük dünya daha əhəmiyyətlidir. Bir növ unudulur ki, əsas məqsəd axirət dünyasıdır. Bu həqiqəti fasiləsiz olaraq xatırlayan yalnız Allahın peyğəmbərləri və övliyalarıdır. Ona görə də adi insanlara bu məsələ tez-tez xatırladılmalıdır. Onlar gecə-gündüz əldə etməyə çalışdıqları dünya şirinliklərinin qısa bir müddətdən sonra əldən çıxacağını bilməlidirlər. Məhz qeyd olunan məsələlər səbəbindən Qur’anda, “Nəhcül-bəlağə”də Əhli-beyt buyuruqlarında dünya bir bu qədər məzəmmət olunur. Qur’ani-kərimdə buyurulur: “Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil”[92]; “Bizimlə qarşılaşacaqlarına ümid etməyən, dünyanı bəyənib ona bağlanan və ayələrimizdən qafil olanların – məhz qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir.”[93] “O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allahın yolundan döndərir və o yolu əymək istəyirlər, onlar azıb uzaq düşmüşlər.”[94] Səbəb budur ki, dünya aldadıcı və cazibədar, axirət isə hiss üzvlərinin tə’sir dairəsindən kənardır. Dünya daim göz qabağında, axirət isə düşüncə arxasındadır. Dünya insanı son məqsəddən qəflətdə saxladığı üçün insana nələrisə daim xatırlatmağa ehtiyac duyulur.

Əmirəl-mö’minin də imam Həsənə (ə) axirətin əhəmiyyətini bir neçə cümlə ilə, bir neçə dəfə xatırladır. Həzrət (ə) buyurur: “Bil ki, qarşında uzun yolun, üzücü əziyyətin var..” Həzrət qarşısındakı yolun təhlükəsindən xəbər verir. Bütün bu təkrarların səbəbi insanın qəlbindəki qəfləti aradan qaldırmaq, onu dünya füsünkarlığından, laylasındakı yuxudan oyatmaqdır.

Həyat yolu

Qeyd olunduğu kimi, dünya həyatı insanı axirətə aparan bir yoldur. Bəli, həyat insanın keçməyə məcbur olduğu uzun-uzdadı, təhlükəli keçiddən başqa bir şey deyil. Əlbəttə ki, “uzun-uzadı” dedikdə coğrafi uzunluq nəzərdə tutmuruq. Bu məsafə insanın ömrüdür.

Bu səfərin iki xüsusiyyəti var: Əvvəla, bu yol çox uzundur və onun nə vaxt, hansı nöqtədə başa çatacağı mə’lum deyil. Ağıl bütün gücünü sərf etsə belə onun sonunu kəşf etməkdə acizdir. İkincisi, bu səfər olduqca təhlükəli bir səfərdir. Bu yolda hərəkət edən insan üçün daim büdrəmə, çaşma qorxusu var. Bu yolda bir an qəflət, yuxu bir ömür peşmançılığa səbəb ola bilər. İnsan ömür boyu öz əməl və rəftarlarına diqqətli olmalıdır. Yalnız Allahın peyğəmbər və övliyaları bu yolu yaxşı tanıyırlar. Əmirəl-mö’minin (ə) və onun övladları yaranış məqsədini gözəl bilir. Bu məqsədə çatmaq üçün hansı mərhələlərdən keçmək lazım gəldiyini gözəl anlayırlar. Adi insanlar nə qədər çalışıb, zəhmət çəksələr də, bu məsələni olduğu kimi dərk edə bilmirlər. Bəlkə, həmin dərin düşüncəyə görə dost da, düşmən də Əli (ə) həyatını anlamaqda, onun kimi yaşamaqda öz acizliyini bildirir. Həzrət (ə) gündüzlər ya əkin sahəsində işləyər, ya da döyüş meydanında olardı. Hakimiyyətdə olduğu vaxt isə xalqın problemləri ilə məşğul olardı. Həzrətin (ə) vaxtı gündüzlər (ibadət istisna olmaqla) yalnız belə işlərə sərf edilərdi. Gecənin isə bir hissəsini həzrət fəqirlərə, yetimlərə, miskinlərə sərf edərdi. Gecənin əsas hissəsini ibadət edər və azca yatardı. Onun ibadəti nalə, göz yaşı ilə müşayiət olunar, səfərin uzunluğundan, azuqənin azlığından şivən qoparardı. Həzrət (ə) bilirdi ki, əsas məqsədə aparan yol çox uzundur. Bizlər isə bu həqiqəti dərk etməkdə çətinlik çəkirik. Əhli-beyt (ə) buyuruqlarından belə mə’lum olur ki, onların dərk etdiyini bizlərin dərk etməsi mümkünsüzdür. Məgər qarşıda uzun və ağır səfərə çıxası insan, daha doğrusu, belə bir səfərdə olan insan rahat otura bilərmi?! Oturmaq faydasız sözlər danışmaq bekarların işidir. Gündəlik işlərimizdən birini nəzərdən keçirməklə öz münasibətimizi sınaqdan keçirə bilərik. Məsələn, zəruri bir iş dalınca bir neçə saatlıq yol getməli insan hökmən hazırlaşır və məqsədə çatanadək heç vəchlə rahatlaşmır. Bu yolu öz avtomobili ilə qət edəsi şəxs hökmən avtomobilin təkərlərini, yanacağını və sair zəruri hissələrini nəzərdən keçirir. Bir sözlə, yola çıxmalı olan şəxs hazırlıq görür və yalnız mənzil başına çatdıqdan sonra toxtaqlıq tapır. Bəs necə ola bilər ki, sonu bilinməyən ömür səfərində insan rahatca gün keçirə? İkinci problem bu yolun təhlükəli olmasıdır.  İnsan hər iki tərəfi uçurum olan ömür yolunda azca büdrəməklə məhv ola bilər.

Bir sözlə, qarşımızdakı ömür yolu həm uzun, həm də təhlükəlidir. Hər an minlərlə təhlükə ilə üzləşə bilərik. Əgər ətrafımıza diqqətlə nəzər salsaq, büdrəyib uçuruma yuvarlanmış bəs qədər insan görərik. İnanılmayası insanlar büdrəyib. O qədər şəkk-şübhə içində vurnuxublar ki, iş inkar həddinə çatıb. Hansı ki, bizim gördüklərimiz baş verənlərin yalnız kiçik bir hissəsidir. Allahın sirr saxladığı, üstünə pərdə çəkdiyi işlər isə daha çoxdur. Məbada, yolumuz üstündəki təhlükələrdən qəflətdə qalaq. “Bil ki, qarşıda uzun yolun, üzücü əziyyətin var.”

Həyat yolunu necə keçək?

Bəs bu uzun və təhlükəli yolda vəzifəmiz nədir? Dayanıb-durmaqla bu təhlükədən qurtulmaq olarmı? Şübhəsiz ki, belə bir iş mümkünsüzdür. Zaman insanı özü ilə sürükləyir. İstər-istəməz axirətə doğru hərəkətdəyik və məqsədə sağ-salamat çatmaq üçün tədbir görməliyik. Yolu hərtərəfli nəzərdən keçirib, əvvəl deyilmiş proqramla hərəkət etməliyik. Bəs bu yola uyğun hansı azuqəni götürməliyik? Çünki dəniz yolu bir cür, səhralıq bir başqa cür, dağ yolu isə tamam başqa cür azuqə, hazırlıq tələb edir. Həzrət (ə) buyurur: “Həqiqətən bu yolda yaxşılıq axtarışı, düzgün təlaşdan ehtiyacsız deyilsən.” Ərəbcə mətndə işlənmiş “irtiyad” kəlməsi bu günkü anlamada “proqram” mə’nasını bildirir. Yə’ni insan bu yolda düzgün həyat proqramı üzrə hərəkət etməlidir. Məqsədimizi aydınlaşdırmaq üçün bir misal çəkək: Tutaq ki, on günlük bir səfərə çıxmalısınız və yolda yeməkxana, ərzaq dükanı yoxdur. Təbii ki, səfəri sağ-salamat başa vurmaq üçün on günlük ərzaq götürməlisiniz. Əgər ərzaqı az götürsəniz çətinlik çəkəcəksiniz, çox götürsəniz yükünüz ağır olacaq. Demək, yolun uzunluğuna uyğun ərzaq götürmək lazımdır. Ömür yolu da belədir. Bu uzun yola münasib azuqə hazırlanmalıdır. Az ərzaq götürən aclıq çəkir, çox ərzaq götürən isə ağırlıq altda qalır. Buna görə də dəqiq proqram üzrə hərəkət etmək lazımdır. İfrat da, təfrit də zərərlidir. Ən pisi budur ki, bə’zi müsafirlər tamamilə ehtiyac duyulmayan bir şey götürməklə özlərinə problem yaradırlar. Ağır yük sür’əti azaldır, bə’zən isə hərəkəti dayandırır. Ona görə də yalnız zəruri şeyləri götürmək lazımdır. Eləcə də götürülən azuqənin qədərinə diqqət yetirilməlidir ki, səfərdə rahat hərəkət etmək mümkün olsun.

Beləcə, insan bu uzun səfərdə iki şərtə əməl etməlidir. Əvvəla, yalnız zəruri şeylər götürülməli. İkincisi, götürülən şeylərin qədəri dəqiq müəyyənləşdirilməlidir. Yə’ni həm azuqə götürülməli, həm də yük yüngül olmalıdır. Səfər yükü ağır olarsa, hərəkət etmək çətinləşər. Həzrət (ə) buyurur: “Elə bir azuqə ki, səni məqsədə çatdıra, çiynində yüngün ola; gücündən ağır yük götürsən, sənə baha başa gələr.”

Yüngül yüklə necə yaşamaq olar?

Buraya qədər deyilənlərdən mə’lum oldu ki, ömür yolu uzun və təhlükəli bir səfərdir. Bu səfərdə zəruri və yüngül yük götürülməlidir. Ona görə də yüngül yük götürməyin qaydasını bilməliyik. Həzrət Əli (ə) bu məsələni gözəl bir misalla aydınlaşdırır. Adətən, müsafirlər öz yüklərini bir başqasının çiyninə qoymaq istəyirlər. Bu işi zirəklik, fərasət sayanlar da var. Yə’ni yükü ağır olan müsafir kömək üçün yoldaş arzulayır. Belə bir kömək ağlabatandır. Ağır yükə köməkçi tapıb, səfərin sonunda öz yükünü sağ-salamat təhvil almaq məntiqəuyğun bir işdir. Heç bir aqil insan belə köməkdən imtina etməz. Amma bu qaydaya əməl edənlər olduqca azdır. Az varlı öz sərvətini yoxsullara paylayır ki, axirətdə geri alsın. Hansı ki, ən ağıllı yol ehtiyacdan artıq olan sərvəti imkansızlara verib, axirətdə geri almaqdır. Amma çoxları nəinki öz sərvətini, hətta başqalarının haqqı olan xüms və zəkatı da sahibinə ödəmək istəmir. Ağıllı insanlar isə dünya və axirəti müqayisə etməklə belə bir nəticəyə gəlirlər ki, dünya səfər və bu səfərdə yükün yüngül olması isə hünərdir. Həzrət (ə) bu nöqtəni çox gözəl şəkildə açıqlamışdır: “yükünü qiyamətədək götürəcək, ehtiyaclı olduğun gün sənə qaytaracaq biçarə, möhtac tapsan, onu qənimət bil.” Bəli, heç bir səfər azuqəsiz, yüksüz olmur. Əgər bir şəxs yükünü götürüb, mənzil başında sizə vermək istəyirsə, onun istəyini qəbul edib, səfər yükünüzü yüngülləşdirin. Bu yolla həm yükünüz yüngülləşəcək, həm də heç bir yol haqqı ödəməyəcəksiniz. Yoxsula verilən yardıma gəldikdə, insan bu yardım müqabilində qat-qat artıq əvəz alasıdır. Qur’ani-kərimdə buyurulur: “Allah yolunda yaxşı borc verən kimdir ki, Allah da onun əvəzini qat-qat artırsın?”[95] Allah öz verdiyi sərvətdən fəqirlər üçün borc istəyir və və’d edir ki, həmin borcu qat-qat artıq qaytaracaq. Əgər Allah-təalanın bu buyuruğunu qəbul ediriksə, nə üçün ona əməl etmirik? Əslində əməl etməmək qəbul etməmək deməkdir. İkiqat qazanc və’d edən insana inanırıq, amma onqat qazanc və’d edən Allaha inanmırıq. Bu münasibət e’tiqad zəifliyi deyilmi? Əgər Allaha inanırıqsa, öz səfər yükümüzü (sərvətimizi) bir fəqir tapıb ona verməli və axirət günü geri almalıyıq. Bu fürsəti qənimət sayıb, səfər yükümüzü yüngülləşdirməliyik. Ömür yolunda yüngül yüklə hərəkət etmək yaxşı olmazmı?! İnanın ki, verdikləriniz hədərə getməyəcək. Bu gün imkanınız varsa yubanmayın. Sabah gec ola bilər!

Ömür yolunun seçilməsi

Həzrətin (ə) digər buyuruğunda qeyd olunur ki, bu uzun, dolambaclı yol çox təhlükəli bir aşırımda başa çatasıdır. Aşırımdan sonra iki yol uzanır. Yol ayrıcında sizin heç bir seçim gücünüz və ixtiyarınız yoxdur. Yollardan biri behiştə, o biri isə cəhənnəmə aparır. Ona görə də həmin aşırıma çatanədək bütün qüvvə səfərbər edilməlidir. Yə’ni nə qədər ki, dünyadasınız, nəfəsiniz gedib-gəlir, özünüzə bir çarə qılın. Unutmayın ki, aşırıma çatdıqdan sonra heç bir peşmançılıq fayda verməyəcəkdir. Ömür yolu həmin aşırıma aparır. Aşırımdan rahat keçmək üçün ömür yolunda lazımi qaydada addımlamaq lazımdır. Aşırıma çatdıqdan sonra Allahı nə qədər çağırıb, yardım diləsəniz də, faydası olmayacaq. “Pərvərdigara, məni geri qaytar” [96] çağırışları səmərəsiz qalacaq. Aşırıma çatanadək, ömür yolu üçün düzgün proqram hazırlayıb, yolumuzu tə’yin edək. Bu yolda düzgün seçim isə həzrətin (ə) buyurduğu yüngül yüklə hərəkətdir.

On yeddinci dərs

Allahla əlaqə (1)

Bil ki, yer və göy xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə (icabət edəcəyinə) zamin durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta etsin. O, bağışlayan və böyükdür. Səninlə özü arasında səni ondan ayıracaq kəs qoymayıb. Səni məcbur etməmiş ki, onun yanına şəfaətçi, vasitəçi aparasan. Günah etdiyin halda sənə tövbəni qadağan etməmiş, geri dönəcəyinə görə qınamamış, cəzalandırmaq üçün tələsməmiş, rüsvayçılığa layiq olduğun halda rüsvay etməmiş, günahlarını hesaba almamış, səni öz bəxşişindən ümidsiz etməmiş, tövbənin qəbulunu çətinləşdirməmiş, tövbəni günahdan çəkinməyin kimi yazmış, hər günahına bir cəza, hər yaxşı işinə on savab vermişdir. Qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini eşitmiş, qəlbinin sirrini dinləmişdir. Demək, istəyini ona çatdırır, qəlbinin sirrini ona açır, öz qüssəsindən ona şikayətlənir, işlərində ondan yardım diləyir. Sonra icazə verdiyi xəzinələrin açarını sənin əlinə vermişdir ki, istədiyin vaxt onun xəzinələrinin qapısını dua açarı ilə açasan![97]

Vəsiyyətnamənin bu hissəsində Həzrət (ə) duadan, insanın Allahla əlaqəsindən, tövbədən, istəklərdən söz açır, bəşəriyyətə qiymətli incilər, təqdim edir. Deyilənlərdən lazımınca istifadə etmək məqsədi ilə əvvəlcə bir neçə nöqtəyə toxunaq.

Saysız-hesabsız ne’mətlərdən bixəbərlik

Bir ne’məti tanımaq üçün, lazımınca dərk etmək üçün müxtəlif yollar var. Bu yollardan biri həmin ne’mətə malik olduğumuz dövrlə ondan məhrum olduğumuz dövrü müqayisə etməkdir. Bu üsulla həmin ne’mətin nə dərəcədə dəyərli olması üzə çıxır. Dünyanın bütün maddi və mə’nəvi ne’mətlərini bu yolla qiymətləndirmək olar. Məşhur bir məsəldə deyilir ki, ne’mətin qədrini bir gün ondan məhrum olan bilər. Allah-təalanın ən böyük ne’mətlərindən biri bizim ne’mət saymadığımız dünya həyatıdır. Bəli, ömür çox böyük bir ne’mətdir. Yalnız ölüm astanasında dayanan insan bu ne’mətin qədrini bilir. Həyatla vidalaşdığımız vaxt onun nə dərəcədə qiymətli olduğunu anlayırıq.

Digər dəyərli ne’mət sağlamlıqdır. İnsan göz, əl, ayaq kimi zahirən görünən və ürək, beyin, cigər kimi görünməyən orqanların əhəmiyyətinə çox diqqətsizdir. Yalnız bir orqan ağrıdıqda, sağlamlıq təhlükə altına düşdükdə bu ne’mətlərin həqiqi dəyəri mə’lum olur. Görmə qabiliyyətini itirən insan bilir ki, göz necə qiymətli ne’mətdir. Digər ne’mətlərin də beləcə, əldən çıxdıqda dəyəri aşkar olur. Bəs mə’nəvi ne’mətlər nə vaxt diqqəti cəlb edir? Mə’nəvi ne’mətlərdən məhrumluq dərmansız bir dərddir. Bu dərdin müalicəsi çox vaxt mümkünsüz olur. İbtidai mə’nəvi ne’mətlərdən biri hafizə, yaddaşdır. Yaddaşını itirmiş insan hətta öz valideynlərini, ailəsini tanıya bilmir. Belə insanlar evdən bayıra çıxmağa belə cür’ət etmirlər. Çünki onlar bayıra çıxdıqda haraya qayıtmalı olduqlarını, hətta, ümumiyyətlə, qayıtmalı olduqlarını xatırlaya bilmirlər. Ağıl da belədir. Ağılı itirən insan üçün ölüm həyatdan daha şirin olur. Bir heyvan qədər sayılmadığını görən belə insanlar üçün yaşamaq çox ağır gəlir.

Allahı tanıma və ona iman ne’məti

Sanki insanın vücudu və zehni elə qurulmuşdur ki, yalnız ne’mətləri əldən verdikdən sonra onların qədrini bilir. İnsan bütün ilahi ne’mətlərə qarşı belədir.

Bütün ne’mətlər sırasında Allahı tanıma ne’məti birinci yerdə dayanır. Bu ne’məti dərk etmək çox çətindir. İmanımız zəifdir və bunu hamımız e’tiraf edirik. İnsan şəkk-şübhəyə düşdükdə bu zəif imanın qədrini bilir. Zəif iman işığı söndükdə insan anlayır ki, artıq heç bir çıxış yolu yoxdur. Qəlbində son iman işartısı sönən, qüdrətli bir varlıqla son bağları qırılan insan üçün bədbəxtlikdən savay bir bəhrə qalmamışdır. Hikmət əhli “Allahsızlıq çəkən bilir bu nə dərddir” buyurmuşdur. İmanını itirənlərin halından xəbərsiz olan bizlər zəif imanımızın dəyərini bilmirik. Axirət həyatı ilə yanaşı dünya həyatında imanın nə dərəcədə əhəmiyyətli olduğu diqqətimizdən yayınır.

Allahla əlaqə ne’məti

Allahı tanıma və ona iman ne’mətindən sonra ən üstün ne’mət Allahla əlaqə ne’mətidir. Bu həqiqəti daha yaxşı anlamaq üçün bir müqayisə aparaq. Vəzifəli bir şəxsin qəbuluna düşmək istəyən insan bir çox çətinlikləri adlamalı olur. Bə’zən isə bu görüş heç vəchlə baş tutmur. Hətta həmin şəxs çox qanunpərəst və ədalətli olsa da, bə’zən qəbula düşmək istəyənlər çox olduğundan sizə növbə çatmır. Çünki həmin vəzifəli şəxs insandır və onun vaxtı məhduddur. Bəşər övladı eyni vaxtda iki nəfəri dinləmək, onların istəyini ani yerinə yetirmək imkanına malik deyil. Amma göylərin və yerin malikinin imkanları nəhayətsizdir. Nəhayətsiz əzəmətə və qüdrətə malik olan varlıq üçün bütün bəşəriyyətin ehtiyacını bir anda ödəmək çətin deyil. Belə bir varlıqla hər yerdə, hər vaxt, hər halda əlaqə saxlamaq asandır. Amma belə bir əlaqənin yaranması üçün qəlbin diqqətindən ibarət olan düymə basılmalıdır. Nə adı katibə qeyd etdirmək, nə də növbəyə dayanmaq lazım gəlir. Belə bir görüşün asanlığını o şəxs ne’mət sayır ki, hansısa vəzifəlinin qapısında uzun müddət boynunu büküb dayanıb. Yalnız uyğun əziyyəti çəkənlər Allahla asan əlaqəni ne’mət sayırlar. Əgər digər ilahi ne’mətlər olmasaydı da, bu ne’mət xoşbəxtlik üçün kifayət edərdi. Əfsus ki, başdan ayağa ne’mət içində olan bizlər ağlımızın fövqündə durmuş ne’mətlərin dəyərini dərk etmirik.

Digər maraqlı nöqtə budur ki, Allah-təala onun görüşünə gələnlərin heç birini rədd etmir. Amma başqaları belə deyil. Axı Allahdan başqa hansı varlıq minlərin, milyonların, milyardların ehtiyacını ödəyə bilər?! Şübhəsiz ki, yer üzündə mövcud olan ən böyük xəzinə də müəyyən həddə faydalı ola bilər. Tükənməz xəzinə isə yalnız Allahın ixtiyarındadır. Həzrətin (ə) buyuruğuna əsasən, Allah-təala bütün insanlara istədikləri qədər versə, yenə də mərhəməti tükənməz. Altı milyard insanın təmənnası nə qədər ola bilər? Allah-təala bu altı milyardın hər birinin bir o qədər istəyini versə, xəzinəsi bir iynə ucu qədər də tükənməz. Belə bir sonsuz mərhəmət və rahat əlaqə harada görünüb?! Başqa sözlə, onun rəhmət qapısı həmişə açıqdır və bu qapıdan daxil olmağımızı israrla tə’kid edir. Əfsus ki, bizlər bu həqiqət qarşısında mə’rifətsiz və naşükürük. Axı heç nəyi olmayan bəndə nə üçün naz satmalıdır?! Elə bir məqam bizi də’vət etdiyi halda götür-qoy edirik. Bu bizim böyük bəlamızdır. Tükənməz xəzinənin açıq qapıları qarşısında donub qalmışıq. Sonsuz qüdrət sahibi bizi duaya, özü ilə görüşə çağırsa da naşükürlük edirik. Həzrət (ə) buyurur: “Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur. Sənə buyurmuş ki, ondan istəyəsən və o da əta etsin.” Allah-təala özü ilə bəndəsi arasında heç bir vasitə qoymamış, qabaqcadan şərt kəsməmiş, vaxt tə’yin etməmişdir. Çağırdığımız an eşidəcəyinə zamin durmuşdur. Biz isə özümüzü bu feyz çeşməsindən məhrum etmişik. Bu ne’mətin əzəməti haqqında düşünməyin, onun dəyərini təsəvvür etməyin yeri var.

Sonsuz ne’mət

Əvvəlcə də xatırlatdıq ki, Allah-təala buyurmuşdur: “Çağırın məni, yerinə yetirim.”[98] Allah bu çağırışa gələnləri qapıda saxlamır, başqasının üstünə gördərmir, get-gələ salmır. Bu əlaqə bilavasitə, birbaşa Allahın özü ilə əlaqədir. Maraqlıdır ki, bu ne’mət tükənməzdir. Hətta günaha batanlar da bu qapıdan qovulmur. Peşmanlığını bildirib, tövbə edən bütün günahkarlar üçün qayıdış, bağışlanma yolu qoyulmuşdur. Demək, uyğun vasitə ilə təkcə gələcək tə’yin olunmur, eləcə də qaranlıq keçmişin üzərindən xətt çəkilir. Bir ömür Allaha arxa çevirmiş, öz başına minlərlə bəlalar gətirmiş, fitrətini eybəcərləşdirmiş insan öz keçmişindən peşman olarsa, ona qayıdış yolu göstərilmişdir. Yə’ni Allahla əlaqə yaratmaq üçün dua qapısı açılmasından əlavə, keçmiş nöqsanları da aradan qaldırmağın da çarəsi bəyan olunmuşdur. Bütün ne’mətlərin fövqündə dayanan bu ne’məti “sonsuz qüvvə ilə sonsuz ne’mət” adlandırmaq olar. Bir şəxs 70 il küfr və üsyandan sonra ağıla gəlib, Allahın qapısında dayanarsa, gələcəyi haqqında dua etməklə yanaşı, keçmiş günahlarının bağışlanması üçün də çarə tapa bilər. Allah-təala buyurur: “Allah (tövbə edib, yaxşı iş görənlərin) onların pis əməllərini yaxşı əməllərə çevirər.”[99] Əgər asilik edib pis iş görmüsünüzsə, tövbə qapısı üzünüzə açıqdır. İnsanlar bir-birlərinin səhvini bağışlasalar da, bağışlamazdan əvvəl səhvə yol vermiş şəxsi danlayırlar. Amma həqiqi tövbə edən şəxsi Allah heç vaxt məzəmmət etmir. Ondan nə üçün günah etdiyini də soruşulmur. İmam Sadiq (ə) bu barədə buyurur: “Günah edən şəxsə yeddi saat möhlət verilir. Əgər üç dəfə tövbə edib “əstəğfirullahəl-ləzi la ilahə illa huvəl-həyyul-qəyyum” desə, həmin günah qeydə alınmır.”[100] Nəinki insan günaha görə dərhal cəzalandırılmaz, hətta ona tövbə üçün möhlət də verilər. Bəli, pis iş görüb, özünü rüsvay edən insan üçün qurtuluş yolu var. Allah-təala tövbə edən şəxsin günahlarını gizləməklə onun hörmətini qoruyur. Həzrət (ə) imam Həsənə (ə) buyurur: “(Allah) qayıdış, şadlıq qapısı açmış, istədiyin vaxt səsini eşitmiş, qəlbinin sirrini dinləmişdir...”

On səkkizinci dərs

Allahla əlaqə (2)

Bil ki, göy və yer xəzinələri əlində olan kəs sənə dua izni vermiş və duanı eşidəcəyinə zamin durmuşdur...”[101]

Allahla əlaqə ne’məti insana əta olunmuş çox böyük ne’mətdir. Hər bir şəxs istənilən vaxt bilavasitə öz Allahı ilə danışa bilər. Həzrət (ə) öz vəsiyyətində bu ilahi mərhəmətin genişliyini xatırladır. İnsanların həvəslənib, bu ne’mətdən istifadə etməsi üçün onun şərtlərini sadalayır. Əlbəttə, Allahla danışıb, öz ehtiyaclarını ərz etmək insan üçün böyük şərəfdir. Bu yolla faydalanmağın mümkünlüyündən xəbərdar olan insan ona doğru can atır. Allahla bəndə arasındakı əlaqə xüsusi əhəmiyyətə malik olduğundan, onun məfhumunun, xüsusiyyətlərinin və keyfiyyətinin bəyanı mühüm nöqtələri işıqlandırdığından Həzrətin (ə) kəlamı işığında bu mühüm məsələni araşdırırıq.

Şəfaətin məfhumu

1. Xristianlıqda şəfaət. Mövzumuz Allahla əlaqədir. Belə bir əlaqə bəzi dinlərdə qəbul olunmuş inancdır. Amma bu əlaqənin necəliyində də fikir ayrılığı var. Görəsən vasitə olmadan belə bir əlaqə yaratmaq mümkündürmü? Bu əlaqə nə vaxt və hansı formada yarana bilər? Uyğun əlaqədə vasitələrin rolu nədən ibarətdir? Həzrətin (ə) buyuruğundan mə’lum olur ki, vasitəçi (şəfaətçi) olmadan da Allahla əlaqə yaratmaq mümkündür. Həzrət (ə) buyurur: “Səninlə özü arasında səni ondan ayıracaq kəs qoymayıb. Səni məcbur etməmiş ki, onun yanına şəfaətçi, vasitəçi aparasan.” Uyğun buyuruqlara görə, hər bir insan Allahın dərgahına üz tutub, istəyini diləyə bilər. Amma bu sözlərin şəfaət inancı ilə nə dərəcədə uyuşduğunu araşdırmaq lazım gəlir. Bizim e’tiqadımıza əsasən, Allah-təala özü ilə bəndələri arasında mə’sum şəxsləri şəfaətçi, vasitəçi qərar vermişdir. Amma həzrət Əli (ə) Allahla əlaqənin şəfaətçisiz də mümkün olduğunu bildirir. İmam Səccadın (ə) “Əbu-həmzə” duasında da oxşar fikirlə rastlaşmaq olar. Duada deyilir: “Həmd olsun o Allaha ki, nə vaxt istəsəm, ondan şəfaətçisiz olaraq istəyimi diləyirəm. Nə vaxt istəsəm, vasitəçi olmadan öz sirrimi ona xəlvəti deyirəm və o da istəyimi yerinə yetirir. Zahirən bu sözlərlə ən’ənəvi inancımız arasında fərq görünür. Bu tərəddüdlü məqamı aradan qaldırmaq üçün bildirməliyik ki, bə’zən şəfaət dedikdə xristianlıqdakı şəfaət başa düşülür. Həmin baxışa görə insan müstəqil şəkildə Allaha doğru bir addım da ata bilməz. Guya uyğun əlaqə hökmən üçüncü bir şəxsin vasitəçiliyi ilə yaranmalıdır. İslamda belə bir baxış qətiyyətlə rədd edilir. Bu baxış müəyyən həddə xristianlığa xasdır. Keşişlərin vəzifələrindən biri insanla Allah arasında vasitəçi olmaq, və onların günahlarını bağışlatdırmaqdır. Yə’ni xristianlıqda günahının bağışlanmasını istəyən şəxs hökmən keşişin yanına getməlidir. Yalnız keşişin hüzurunda günahları e’tiraf edib, tövbə qıldıqdan sonra bağışlanmaq mümkün sayılır. Belə bir baxış müşriklər və bütpərəstlər arasında da mövcuddur. Onların Allaha yaxınlaşmaq üçün bütlərə ibadət etməkdən savay yolları yoxdur. Belə bir baxışda şirk qatqısı var və islam bu baxışı rədd edir.

2. İslamda şəfaət



Geri   İrəli
Go to TOP