A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Məhdi əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi
Naşir:
Çap tarixi: 2005
Səhifələrin sayı: 28
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


6) “Əl-Əzhər” universitetinin professoru və “Ət-Tacül-camii lil-üsul” kitabının müəllifi Şeyx Mənsur Əli Nasir yazır: “Keçmiş və müasir alimlər arasında yayılmışdır ki, dünyanın axırında mütləq, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən Məhdi (əleyhissəlam) adlı bir şəxs zühur edəcək. O, bütün İslami ölkələrə hakim olacaq. Müsəlmanların hamısı ona tabe olacaq, o da müsəlmanlarla ədalətlə rəftar edib dini (İslam dinini) möhkəmlədəcək. Sonra Dəccal peyda olacaq. Həzrət İsa (əleyhissəlam) göydən enərək Dəccalı öldürəcək, ya da Dəccalı öldürməkdə Həzrət Məhdi əleyhissəlama kömək edəcək.

Peyğəmbərin (səlləllahu əleyhi və alih) Həzrət Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) bir sıra fəzilətli səhabəsi rəvayət etmişdir. Əbu Davud, Tirmizi, İbn Macə, Təbrani, Əbu Yə’la, Bəzzar, İmam Əhməd ibn Hənbəl və Hakim Nişaburi kimi böyük hədisçilər həmin hədisləri öz kitablarında qeyd etmişlər.”1

Sünni məzhəbinin ən görkəmli alimlərindən olan İbn Əbil-Hədid bu barədə yazır: “Bütün İslami firqələr bu əqidədədirlər ki, dünyanın və bəşərin İlahi hökmləri icra etmə təklifinin sonu Məhdi (əleyhissəlam) zühur etdikdən sonra yetişəcək.”2

“İslam dünyası əlaqələri” təşkilatının bəyanatı

Bu bölməni, Məkkədə yerləşən böyük vəhhabi təşkilatı – “İslam dünyası əlaqələri” təşkilatının yaydığı və bütün İslam aləminin Həzrət Məhdi (əleyhissəlam) məsələsinə inanmasına bir sübut olan rəsmi bəyanatı ilə başa çatdırırıq. Bu bəyanatın mühüm cəhətlərindən biri də odur ki, onda şiə məzhəbi ilə ziddiyyətdə ifrat dərəcəsinə varmış vəhhabilərin də, bu məsələni qəbul etməsi göstərilir. Onlar nə təkcə bu məsələni qəbul edir, hələ üstəlik bu məsələni ciddi müdafiə edərək onu qəti İslami əqidələrdən biri sayırlar. Təbii ki, bu da, bu məsələ haqqındakı hədis və sənədlərin çoxluğundan irəli gəlmişdir. Özü də bu qurum beynəlxalq İslami bir təşkilat kimi fəaliyyət göstərir.

Min doqquz yüz yetmiş altıncı ildə Kenuyadan Əbu Məhəmməd adlı bir şəxs “İslam dünyası əlaqələri” təşkilatına müraciət edərək oradan “Gözlənilən Məhdi əleyhissəlamın zühuru” haqqında bir sual soruşmuşdur. Təşkilatın baş katibi ona yazdığı cavabda vəhhabi məzhəbinin banisi İbn Teymiyyənin də Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri qəbul etdiyini vurğulamış və hazırda Hicazın görkəmli alimlərindən olan beş nəfərin bu barədə hazırladığı kitabçanı ona göndərmişdir. Bu kitabçada Həzrət Məhdi (əleyhissəlam) və onun zühur edəcəyi yerin, yə’ni, Məkkə şəhərinin adı çəkildikdən sonra deyilir:

... Dünyada fəsad, pozğunluq, zülm və haqsızlıq baş alıb getdikdən sonra Allah-taala onun (Məhdi) vasitəsilə dünyanı haqq-ədalətlə dolduracaq. O, Peyğəmbərin (səlləllahu əleyhi və alih) “Səhih” kitablarında haqqında xəbər verdiyi on iki raşidi xəlifələrinin sonuncusudur. Peyğəmbərin (səlləllahu əleyhi və alih) Məhdi (əleyhissəlam) barədə buyurduğu hədisləri səhabələrin bir çoxu, o cümlədən Osman ibn Əffan, Əli ibn Əbutalib, Təlhə ibn Übeydullah, Əbdürrəhman ibn Ovf, Abdullah ibn Abbas, Əmmar ibn Yasir, Abdullah ibn Məs’ud, Əbu Sədr Xudəri, Sovban, Qürrə ibn Əyas Məzəni, Abdullah ibn Haris, Əbu Hüreyrə, Hüzeyfə ibn Yəman, Cabir ibn Abdullah, Əbu Əmamə, Cabir ibn Macid, Abdullah ibn Ömər, Ənəs ibn Malik, İmran ibn Hüseyn, Ümmü Sələmə və başqaları rəvayət etmişlər.

Daha sonra əlavə olunur:

İstər Peyğəmbərdən (səlləllahu əleyhi və alih) yuxarıda qeyd etdiyimiz hədislər, istərsə də burada səhabələrin buna dair hədis hökmünü daşıyan şəhadətləri bir çox məşhur İslami kitablarda və Peyğəmbərin (səlləllahu əleyhi və alih) hədislərinin orijinalının qeyd olunduğu sünən, mö’cəm və müsnədlərdə qələmə alınmışdır. O cümlədən, “Sünəni-Əbi Davud”, “Sünəni-Tirmizi”, “Sünəni-ibn Macə”, “Sünəni-ibn Ömər əd-Dani”, “Müsnədi-Əhməd”, “Müsnədi-Əbu Yə’la”, “Müsnədi-Bəzzaz”, “Səhihi-Hakim”, “Mö’cəmi-Təbrani”, “Mö’cəmi-Ruyani”, “Mö’cəmi-Dari-Qutni”, Əbu Nüeymin  “Əxbarül-Məhdi”, Xətib Bağdadinin “Tarixi-Bağdad”, İbn Əsakirin “Tarixi-Dəməşq” və bir çox başqa kitablarda bu barədə mə’lumatlar verilmişdir. Bə’zi İslam alimləri bu barədə ayrıca kitablar da yazmışlar. Əbu Nüeymin “Əxbarül-Məhdi”, İbn Həcər Heytəminin “Əl-Qəvlül-muxtəsər fi-əlamatil-Məhdil muntəzər”, Şövkaninin “Ət-Tozihu fi-təvaturi ma caə fil-müntəzəri vəd-Dəccali vəl-Məsih”, İdris İraqi Məğribinin “Əl-Məhdi” və Əbulabbas ibn Əbdülmö’min Məğribinin “Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarını buna misal göstərmək olar. Bu barədə geniş mə’lumat vermiş sonuncu şəxs Mədinə İslam Universitetinin rektoru olmuşdur. O, universitetin buraxdığı jurnalın bir neçə sayında bu barədə ətraflı söhbət etmişdir.

Bir sıra keçmiş və müasir İslam alimləri, o cümlədən Səxavi “Fəthül-məğis”, Məhəmməd ibn Səfavini “Şərhül-əqidə”, Əbülhəsən Əbri “Mənaqibüş-Şafei”, İbn Teymiyyə öz fətvalarında, Süyuti “Əl-Havi”, İdris İraqi Məğribi “Əl-Məhdi”, Şövkani “Ət-Tozihu fi-təvaturi ma caə fil-muntəzəri vəd-Dəccali vəl-Məsih”, Məhəmməd ibn Cə’fər Kətani “Nəzmül-mütənasir fil-hədisil mütəvatir” və Əbülabbas ibn Əbdülmö’min “Əl-Vəhmül-məknun fir-rəddi əla ibn Xəldun” kitablarında Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin təvatür həddinə çatmasını (və danılmasının heç cür mümkün olmadığını) qeyd etmişlər.

Bəyanatın sonunda deyilir: “Təkcə İbn Xəldun Həzrət Məhdi əleyhissəlama aid olan hədisləri qəbul etmir və “Məhdi elə Həzrət İsa əleyhissəlamın özüdür” məzmunlu əsassız bir hədislə qeyd etdiyimiz hədislərə irad tutur. Lakin dini rəhbərlər onun bu iddiasını rədd etmiş və İbn Əbdülmö’min onun rəddinə dair ayrıca bir kitab yazmışdır. Həmin kitab otuz il bundan əvvəl bütün Şərq və Qərbdə nəşr edilmişdir. Hədis əzbərləyən və hədisyazarlar da qeyd etmişlər ki, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislər arasında həm səhih hədis, həm də həsən (yaxşı) hədislər vardır. Təbii ki, bunları da üst-üstə gəldikdə təvatür həddinə çatır. Beləliklə, Həzrət Məhdi əleyhissəlama inanmaq (hər bir müsəlmana) vacib olub həm sünni, həm də şiə məzhəbinin əqidələrindən biri hesab olunur və nadan, cahil, ya da bid’ətçi şəxsdən başqa heç kim bu məsələni dana bilməz.”

(İslam hökmlər şurasının sədri Məhəmməd Müntəsəri Kənani).

Oxucuların nəzərinə çatdırdığımız bu bölmə həmin kitabçanın əsas hissələrinin tərcüməsi idi.

Məhdi əleyhissəlamın atası kimdir?

Qeyd olunması lazım olan məsələlərdən biri də budur ki, bə’zi sünni mənbələrində Həzrət Məhdi əleyhissəlamın atasının adı Abdullah qeyd edilmişdir.1 Halbuki şiə və sünni mənbələrindəki bir çox hədislər o Həzrətin atasının adının Həsən olduğuna dəlalət edir. Bu ixtilafın mənşəyi o olmuşdur ki, bə’zi sünni mənbələrində o Həzrətin nişanələri sırasında Peyğəmbərin (səlləllahu əleyhi və alih) aşağıdakı ifadəsi qeyd olunmuşdur: “Onun (Məhdinin) adı mənim adımdan, atasının da adı mənim atamın adından olacaq...”[107] Əldə olan faktlar göstərir ki, “atasının adı da mənim atamın adından olacaqdır” ifadəsi Peyğəmbərin (səlləllahu əleyhi və alih) sözündə olmamış və hədis söyləyən özü onu bilərəkdən, ya da bilmədən Peyğəmbərin (səlləllahu əleyhi və alih) cümləsinə əlavə etmişdir. Peyğəmbər (səlləllahu əleyhi və alih) isə yalnız “onun adı mənim adımdan olacaqdır” - deyə buyurmuşdur.

Hafiz Gənci Şafei bu barədə deyir: “Tirmizi[108] bu hədisi rəvayət etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.[109] Həmçinin, bu kimi məsələlərə çox diqqətlə yanaşan Əhməd ibn Hənbəl bu hədisi öz “Müsnəd”ində bir neçə yerdə qeyd etmiş, lakin həmin hədisdə sonuncu cümlə gəlməmişdir.”[110] Sonra Gənci əlavə edib deyir: “Sünnilərin mö’təbər hədisçilərinin bu barədə söylədikləri rəvayətlərin heç birində sonuncu cümlə qeyd olunmamışdır. Təkcə Zaidə adlı bir şəxsin Asimdən söylədiyi rəvayətdə bu cümlə qeyd olunmuşdur. Zaidə isə hədislərə özündən bə’zi şeylər əlavə etdiyindən onun söylədiyi hədisə e’tibar edilmir. Bu məsələnin şahidi də odur ki, bu hədisi Asim adlı bir şəxs rəvayət etmiş, Hafiz Əbu Nüeym “Mənaqibül-Məhdi” kitabında bu hədisi söyləmiş otuz bir nəfərin adını çəkmiş və onların hamısı onu Asimdən rəvayət etmiş və heç birinin hədisində sonuncu cümlə gəlməmişdir. Yalnız Zaidənin rəvayətində o cümlə gəlmişdir. Təbii ki, bir nəfərin də rəvayəti bu qədər adamın rəvayətinin müqabilində e’tibarlı sayıla bilməz.”[111]

İbn Xəldun və Məhdi (əleyhissəlam) haqqında nəql olunmuş rəvayətlər

Sünni alimlərinin demək olar ki, hamısının Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətləri qəbul etdiyi mə’lum oldu. Lakin onlardan bir neçəsi, o cümlədən də İbn Xəldun bu hədisləri inkar etmiş, ya da onlara şübhə ilə yanaşmışdır. İbn Xəldun deyir: “Əsrlər boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın son vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən bir nəfər mütləq, zühur edib dini möhkəmlədəcək, haqq-ədaləti bərpa edəcək və müsəlmanların hamısı ona tabe olacaq. O, bütün müsəlman ölkələrinə hakim olacaqdır. Həmin şəxsin adı Məhdidir. Qiyamətin qəti müqəddimələrindən olan Dəccalın gəlməsi və sair hadisələr onun zühurundan sonra olacaq. İsa Peyğəmbər göydən enib Dəccalı öldürəcək, ya da onu öldürməkdə Məhdiyə kömək edəcək. İsa (əleyhissəlam) Məhdinin arxasında namaz qılacaq...

Məşhur hədisçilərdən bir dəstəsi, o cümlədən, Tirmizi, Əbu Davud, Bəzzar, İbn Macə, Hakim, Təbrani, Əbu Yə’la Məhdi (əleyhissəlam) haqqında olan hədisləri öz kitablarında bir qrup səhabənin, o cümlədən, Əli (əleyhissəlam), İbn Abbas, Abdullah ibn Ömər, Təlhə, Abdullah ibn Məs’ud, Əbu Hüreyrə, Ənəs, Əbu Səid Xudəri, Əli Hilali və Abdullah ibn Harisin dilindən rəvayət etmişlər. Bu hədisləri inkar edib onların sənədində mübahisə edənlər də çoxdur. Hədis elminin mütəxəssisləri arasında belə bir qayda var ki, cərh tə’dildən[112] irəlidir. Belə olduğu halda əgər biz bu hədisləri söyləmiş ravilərin bə’zilərində unutqanlıq, əqidə çatışmamazlığı və ya pozğunluğu kimi zəif cəhətlər müşahidə etsək, həmin hədislər e’tibardan düşür...”[113]

Sonra o, (İbn Xəldun) bu hədislərdən bir neçəsini qeyd etmiş, onları söyləmiş ravilərin avtobioqrafiyasını araşdıraraq bə’zilərini e’tibar oluna bilməyən hesab etdikdən sonra deyir: “Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun qiyamı barədə söylədikləri rəvayətlər. Özünüz də gördünüz ki, onların bir neçəsi istisna olmaqla hamısı mübahisəlidir.”[114]

Bu, İbn Xəldunun Məhdi (əleyhissəlam) barədə deyilmiş rəvayətlərə münasibətinin qısa məzmunu idi.

Hədis elminin mütəxəssisləri, istər şiə olsun, istərsə də sünni hamı bir nəfər kimi onun iddialarını qəti sübutlarla inkar edərək sözlərini əsassız hesab etmişlər.[115] İndi nümunə üçün Mədinə Universitetinin ustadı Şeyx Əbdülmöhsün İbadın bu barədə dediklərinin qısa məzmununu oxucuların nəzərinə çatdırırıq.

O, “Sünnə əhlinin gözlənilən Məhdi haqqında əqidəsi” mövzusuna dair keçirilmiş konfransda İbn Xəldunun nəzəriyyəsini rədd edərək demişdir:

a) Əgər Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədisləri hədis mütəxəssisi olan bir şəxs inkar etsəydi, bu barədə şəkk etməyə dəyərdi. Ancaq bu barədə mütəxəssis olmayan tarixçilərin şübhəsi yersizdir. Şeyx Əhməd Şakir yaxşı deyib ki, İbn Xəldun bilmədiyi bir işə baş qoşmuş, əhli olmadığı bir meydana girmişdir. O, öz yazdığı “Əl-Müqəddimə” kitabında Məhdiyə ixtisas verdiyi fəsildə təəccüb ediləsi sözlər demiş və açıq-aşkar səhvlərə yol vermişdir. O, hədisçilərin hədis elmində “cərh tə’dildən üstündür” demələrindən məqsədin nə olduğunu heç anlamamışdır.

b) İbn Xəldun “Əl-Müqəddimə”də Məhdi əleyhissəlama ixtisas verdiyi fəsildə e’tiraf edir ki, tarix boyu bütün müsəlmanlar arasında belə bir inam olmuşdur ki, dünyanın axır vaxtlarında Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən mütləq, bir nəfər zühur edəcək...

Tarix boyu bütün müsəlmanlarda belə bir inamın olmasına e’tiraf etdiyi halda, İbn Xəldunun özünün də hamının qəbul etdiyi bu əqidəni qəbul etməsi daha məqsədəuyğun olmazdımı? Bütün müsəlmanların əqidəsinin onun şəxsi əqidəsilə zidd olduğu bir halda bu, necə deyərlər özünü kənaraçəkmə demək deyilmi? Deməli, bütün müsəlmanlar səhv başa düşmüş, təkcə İbn Xəldun doğru anlamışdır? Ümumiyyətlə, bu, araşdırılası, əqli yolla başa düşüləsi bir məsələ deyil. Əksinə, bu, nəqli və qeybi bir məsələdir. Kiminsə onu Qur’an və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsindən başqa bir sübutla isbat etməsi düzgün deyil. Bu isə bütün müsəlmanların nəzəriyyəsini təsdiqləyir və onlar bu nəqli məsələdə mütəxəssislərdir.

v) İbn Xəldun bu hədisləri araşdırıb öz e’tirazını bildirməzdən qabaq deyir: “İndi bu barədə deyilmiş hədisləri qeyd edəcəyik.”[116] Hədisləri qeyd etdikdən sonra deyir: “Budur, hədisçilərin Məhdi (əleyhissəlam) və onun dünyanın sonunda qiyam edəcəyi barədə rəvayət etdiyi hədislər.” Başqa bir yerdə isə deyir: “Hədisçilərin Məhdi (əleyhissəlam) haqqında rəvayət etdiyi hədislərin hamısını bacardığımız qədər qeyd etdik.”[117] Halbuki, o, Məhdi (əleyhissəlam) haqqında deyilmiş hədislərin çoxunu qeyd etməmişdir. Bunu Süyutinin “Əl-Ürfül-virdi fi-əxbaril Məhdi” kitabından da əldə etmək olar. İbn Xəldun, İbn Qəyyimin “Əl-Minarül-münəyyif” adlı kitabında mö’təbər sənədlə qeyd etdiyi hədisdən də xəbərsiz qalmışdır.

q) İbn Xəldun bu hədislərin bə’zisini qeyd etmiş, onların bə’zilərinin sənədini ravilərinə görə e’tibarsız saymışdır. Halbuki, Buxari və Müslim, ya heç olmasa onların biri öz səhihlərində həmin ravilərdən hədislər rəvayət etmiş və alimlər onların sənədlərində heç bir irad tutmamışlar.

d) İbn Xəldun özü e’tiraf edir ki, Məhdi barədə deyilmiş hədislərin az bir qismi sənəd cəhətdən mö’təbər və iradsızdır. Elə isə qeyd etməliyik ki, İbn Xəldunun özünün qəbul etdiyi həmin hədislər də bu məsələnin isbata yetməsi üçün kifayət edir və başqa hədislər də onları təsdiqləyir.[118]

Məhdi əleyhissəlamı gözləmək və Məhdilik iddiası edənlər

İslam tarixinə nəzər saldıqda, mə’lum olur ki, tarix boyu bir sıra məqam və mənfəət ardınca olan şəxslər Məhdilik iddiası edərək özlərini Məhdi adlandırmış, ya da bir dəstə avam insan kimlərisə Məhdi hesab etmişlər. Bu hərəkət göstərir ki, “Məhdi” məsələsi və qeybi bir nicat verənin zühuruna inam müsəlmanlar arasında qəti məsələlərdən biri olmuşdur.[119] Məhdilik iddiası etmiş şəxslərin də adı, ya bə’zi xüsusiyyətləri o Həzrətlə uyğun gəldiyindən onlar bu məsələdən istifadə edib özlərini Məhdi adlandırmışlar. Əlbəttə, onlardan bə’ziləri heç də özləri belə bir iddia etməmiş, lakin bir dəstə avam insan ya nadanlıq üzündən, ya hakim dairələrin son dərəcə zülmü nəticəsində, ya Məhdi əleyhissəlamın zühurunda tələsmələrinə görə, ya da başqa səbəblər üzündən Həzrət Məhdi əleyhissəlamın nişanələrinin hamısına fikir vermədən səhvə yol verərək onları Məhdi hesab etmişdir. Məsələn, müsəlmanlardan bir dəstəsi Məhəmməd ibn Hənəfiyyəni Peyğəmbərlə (səlləllahu əleyhi və alih) eyniadlı və eynikünyəli olduğuna görə Məhdi hesab etmiş və belə fikirləşiblər ki, o ölməyib qeybə çəkilmiş, sonradan zühur edərək dünyanın hakimi olacaqdır.[120] İsmailiyyə firqəsinin bir dəstəsi bu əqidədə olmuşdur ki, İmam Sadiq əleyhissəlamın oğlu İsmayıl ölməmiş, onun ölümü məsləhət üzündən e`lan olmuş, o, elə və’d olunmuş Məhdidir və ölümündən qabaq qiyam edərək bütün dünyaya hakim olacaq.[121]

Necə ki, “İmam Sadiqin (ə) həyatı” fəslində keçdiyi kimi Abdullah ibn Həsənin oğlu ““Nəfsi-Zəkiyyə”” ləqəbi ilə məşhur olmuş Məhəmməd, Abbasi xəlifəsi Mənsur Dəvaniqinin hakimiyyəti dövründə qiyam etmiş, adının Məhəmməd olmasına görə atası onun Məhdi olduğunu iddia etmiş və bu yolla oğlu üçün çoxlu tərəfdar toplamışdı.[122] “Nəfsi-Zəkiyyə”nin qiyamı zamanı Mədinənin fəqih və abidlərindən olan Məhəmməd ibn Əclan onu himayə edirdi. “Nəfsi-Zəkiyyə” məğlub olaraq öldürüldükdən sonra Mədinə hakimi Cə’fər ibn Süleyman Məhəmməd ibn Əclanı çağırtdırıb ona deyir: “Nəyə görə o yalançını himayə edirdin?” Sonra da onun əlini kəsdirmişdir. Məclisdə hazır olan Mədinə ə’yan-əşrafı Cə’fər ibn Süleymandan Məhəmməd ibn Əclanın əfv olunmasını istəyərək deyir: “Ya Əmirəl-mö’minin! Məhəmməd ibn Əclan Mədinənin fəqih və abidlərindəndir, bu işdə səhvə yol vermiş və “Nəfsi-Zəkiyyə”ni rəvayətlərdə gəlmiş Məhdi ilə oxşadıb qarışıq salmışdır.[123]

Bu hadisədən eynilə Mədinənin böyük hədisçi və alimlərindən olmuş Abdullah ibn Cə’fərin də başına gəlmiş və o da Mədinə hakiminin cavabında demişdi: “Mənim Məhəmməd ibn Abdullah (“Nəfsi-Zəkiyyə”) ilə həmkarlıq etməyimin səbəbi onun rəvayətlərdə və’d olunmuş Məhdi olduğuna inamım olmuşdur. O ölənə qədər bu məsələ barədə heç bir şübhə etmirdim, lakin o öldükdən sonra bildim ki, o, Məhdi deyil. Bundan sonra heç kimin hiyləsinə aldanmaram.[124]

Əsl adı Abdullah və oğlunun adı Məhəmməd olan xəlifə Mənsur isə öz oğluna Məhdi ləqəbi qoyub iddia edirdi ki, və’d olunmuş Məhdi “Nəfsi-Zəkiyyə” deyil, məhz mənim oğlumdur.[125]

Tarixə nəzər saldıqda bə’zi firqələrin keçmiş İmamlardan bə’zilərinin Məhdi olması haqda əqidəsini də müşahidə edirik. Məsələn, Navusiyyə firqəsi İmam Sadiq əleyhissəlamı Məhdi, sağ və qeybə çəkilmiş İmam kimi tanıyırdı.[126] Vaqifiyyə məzhəbi isə eynilə bu əqidəni İmam Museyi-Kazim əleyhissəlama aid edirdi.[127] Onlar belə güman edirdilər ki, İmam Kazim (əleyhissəlam) dünyanın Şərq və Qərbini tutmayınca, dünya zülmlə dolduğu kimi ədaləti bərpa etməyincə ölməyəcək. Onların fikrincə və’d edilmş Məhdi elə İmam Kazim (əleyhissəlam) olmuşdur.[128] Nəhayət, bə’ziləri də İmam Həsən Əskəri əleyhissəlamın vəfatından sonra onun ölməsini inkar edərək demişlər ki, o, diridir və qeybə çəkilmişdir. Məhdi onun özüdür.[129]

Bunlar Həzrət Məhdi əleyhissəlama inamın həm Peyğəmbər (səlləllahu əleyhi və alih) dövründə, həm də ondan sonra olmasını təsdiqləyən nümunələrdir. Bu hadisələr göstərir ki, İslam ümməti daima qiyam edərək zülmə qarşı mübarizə edəcək və dünyada ədalət bayrağı dalğalandıracaq bir şəxsin intizarında olmuşdur. Təbii məsələdir ki, tarix boyu bə’zi şəxslərin məhdilik mövzusundan istifadə edərək özlərini Məhdi adlandırması bu məsələnin əsl mahiyyətini inkar edə bilməz. Çünki əsrlər boyu bir çox həqiqətlərdən kimlərsə mənfi istifadə etmişdir. Dünyada Allahlıq, peyğəmbərlik, yaxud başqa mə’nəvi məqamlar iddiasında olanlar da az olmamışdır. Yalançı dinlərin də sayı az deyil. Ancaq bunlar heç vaxt Allahı, yaxud peyğəmbərliyi inkar etmək üçün kiməsə sübut ola bilməz. Hal-hazırda bə’ziləri elm, texnika və sənayedən bəşəriyyətə zidd olan işlər məqsədilə istifadə edirlər, ancaq bu, heç də bizə elm, texnika və sənayenin əsl mahiyyətini inkar etməyə əsas vermir.

Qur’anda Məhdi (əleyhissəlam) hökumətinin siması

Qur’ani-Kərim Həzrət Məhdi əleyhissəlamın zühur və qiyamı barədə (bir çox başqa sahələrdə olduğu kimi) xırdalıqlara toxunmadan ümumi şəkildə söz açmışdır. Yə’ni, Qur’an ümumdünya ədalətli hökumət qurulacağından, əməlisaleh insanların yer üzündəki kamil və son qələbəsindən söhbət etmişdir. Bu ayələri İslam təfsirçiləri hədislərə istinad edərək Həzrət Məhdi əleyhissəlama, onun qiyamı və zühuruna aid etmişlər. Alimlərin bu məsələyə aid etdikləri[130] ayələrdən və bu məsələ haqqında daha aşkar söhbət açmış ayələrdən üçünü oxucuların nəzərinə çatdırırıq.

1) “Biz kitabdan [Tövratdan, yaxud lövhi-məhfuzdan] sonra Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq.”[131]

Bu ayəni izah edərkən qeyd etmək lazımdır ki, ayədə gəlmiş “zikr” (kitab) sözü əslində “nəyisə xatırlamaq” mə’nasınadır, ancaq bu ayədə Həzrət Musa əleyhissəlama Allah tərəfindən göndərilmiş kitab – Tövrat nəzərdə tutulmuşdur. Buna sübut isə onun Zəburdan qabaq qeyd olunmasıdır. Başqa bir təfsirə əsasən, ayədəki “zikr” (kitab) sözü Qur’ana işarədir. Çünki Qur’anın özündə bir neçə yerdə Qur’an “zikr” adı ilə qeyd olunmuşdur. Məsələn, “Təkvir” surəsinin iyirmi yeddinci ayəsində deyilir: “O, [Qur’an] aləmlər [bütün insanlar və cinlər] üçün ancaq bir zikrdir [öyüd-nəsihətdir].” Belə olduqda isə ayənin mə’nası “Biz kitabdan [Tövratdan] sonra Zəburda da...” yox, “Biz kitabdan [Qur’andan] əlavə Zəburda da yer üzünə yalnız Mənim saleh bəndələrimin hakim olacağını yazmışdıq”[132] olur.

Mərhum Şeyx Müfid (“Əl-İrşad” kitabında) Həzrət Məhdi əleyhissəlama ixtisas verdiyi fəslin başlanğıcında bu ayəyə və bundan sonra qeyd edəcəyimiz ayəyə istinad etmişdir.[133] Bu ayənin təfsiri barədə İmam Baqir əleyhissəlamdan rəvayət olunmuşdur ki, ayədə deyilmiş “saleh bəndələr”dən məqsəd Həzrət Məhdi əleyhissəlamın dünyanın axırında olacaq tərəfdarlarıdır.[134]

Qur’anın görkəmli təfsirçisi mərhum Təbərsi “Məcməül-bəyan” təfsirində bu ayədən bəhs edərkən qeyd etdiyimiz hədisi yazdıqdan sonra deyir: “Şiə və sünnilərin Peyğəmbərdən (səlləllahu əleyhi və alih) rəvayət etdiyi aşağıdakı hədis bu məsələyə aiddir: “Əgər dünyanın sonuna bircə gün belə qalsa, Allah-taala həmin günü mənim nəslimdən saleh bir kişinin zühur edib dünyanı, zülmlə dolduğu kimi haqq-ədalətlə dolduracağına qədər uzadar.”[135]

Qur’anın Allahın saleh bəndələrinin yer üzünün hakimi olacağı məsələsinin Tövrat və Zəburda da yazılmasına işarə etməsi bu mövzunun əhəmiyyətini göstərir. Belə ki, bu məsələ ilkin peyğəmbərlərin də kitablarında vurğulanmışdır. Diqqəti cəlb edən məsələ budur ki, bu mövzu  Davud peyğəmbərin dua, münacat və nəsihətlərini əhatə etmiş və hal-hazırda Tövratın “Əhdi-qədim” hissəsində yer tapmış “Davudun nəğmələri” kitabında da müxtəlif ifadələrlə gözə dəyir. Məsələn, otuz yeddinci nəğmədə deyilir: “...Zalımların kökü kəsiləcək, Allaha arxalananlar isə yer üzünün hakimi (varisi) olacaqlar. İndi isə zalımların olmaması çox çətin məsələdir. (Yə’ni, indi zalımlar çoxdur). Yer üzünün hakimi (varisi) olacaq təvazökarlar son dərəcə əmin-amanlıqdan ləzzət alacaqlar” Həmin nəğmənin başqa bir hissəsində deyilir: “...Allaha təbərrük edənlər (üz tutanlar) yer üzünün hakimi olacaq, məl’unların (Allahdan üz döndərmişlərin) isə kökü kəsiləcək.”[136]

2) “Yer üzündə zəif düşüb əzilənlərə [ne’mət verib] mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri [hakimi] etmək istəyirik.”[137]

“Məhdi (əleyhissəlam) şiə mənbələrində” adlı başlıqda danışarkən qeyd etdik ki, Həzrət Əli (əleyhissəlam) Məhdi əleyhissəlamın qayıdacağı (zühur etməsi) və camaatın yenidən vəhy ailəsinə tərəf üz tutacağı barədə söhbət etdikdən sonra indi qeyd etdiyimiz ayəni oxumuşdu.[138]

Ələvilərdən olub Abbasi xəlifəsi Mə’muna qarşı qiyam qaldırmış Məhəmməd ibn Cə’fər deyir ki, bir gün rastlaşdığım çətinlikləri Malik ibn Ənəs üçün açıqladım. O, mənə dedi ki, səbr et, qoy “Yer üzündə zəif düşüb əzilənlərə mərhəmət göstərib onları öndə gedən və yer üzünün varisləri etmək istəyirik” ayəsi çin çıxsın.[139]

3) “Allah aranızdan iman gətirib yaxşı işlər görənlərə - yalnız Mənə ibadət edərlər, heç nəyi Mənə şərik qoşmazlar deyə – onları özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar üçün Allahın Özü bəyəndiyi dinini möhkəmləndirəcəyini və onların qorxusunu sonra əmin-amanlıqla [arxayınçılıqla] əvəz edəcəyini və’d buyurmuşdur.”[140]



Geri   İrəli
Go to TOP