A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Riza əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 31
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Məmunun atasının onu ikinci vəliəhd təyin etməsinə baxmayaraq bu, heç də Məmunu gələcəkdə hakimiyyətə çatmağa arxayın etmirdi. Çünki o, nə vaxtsa qardaşı və digər Abbasi əyan-əşrafının vədlərinə əməl etməyəcəklərindən qorxur və onların vədlərinə sadiq qalacaqlarına arxayın deyildi. Belə olduğu halda, Məmun öz mövqeyinin təhlükə qarşısında durduğunu görəndə başqalarına arxalana bilərdimi? Məmun hakimiyyətə necə çata bilər və hakimiyyətə çatdıqdan sonra onu necə qoruyub saxlaya bilər? Bunlar Məmunun daima fikrində dolandırdığı suallar idi. O, son dərəcə diqqət, zirəklik və düşüncə ilə bu suallara cavab tapmalı, sonra isə həmin cavablara uyğun olaraq öz hərəkətini başlamalı idi.

İndi isə Məmunun müxtəlif dəstələr arasından hansına arxalana bilib intizarında olduğu (həm öz əleyhinə, həm də hökumətinə qarşı), təhlükələr zamanı əlbir ola biləcəyi dəstəni müəyyənləşdirmək üçün bu dəstələrin Məmuna olan münasibətini araşdırırıq.

1. Ələvilərin Məmuna olan münasibəti

Məlum məsələdir ki, Ələvilər nə təkcə Məmunun, eləcə də, heç bir Abbasi xəlifəsinin hakimiyyətini qəbul etmirdilər. Çünki onların öz arasında hakimiyyətə gəlməyə daha layiqli olan şəxslər var idi. Bundan da əlavə, Məmunun mənsub olduğu sülalələyə (Bəni-Abbasa) Əli əleyhissəlamın övladları daha çox nifrət bəsləyirdilər. Çünki onlar Ələvilərə Bəni-Üməyyənin etdiyi zülmdən də çox əzab-əziyyət etmişdilər.

Bəni-Abbasın Ələvilərin qanını necə axıtdığını, onların əmlakını necə qəsb etdiyini, yurd-yuvalarından necə didərgin saldığını, bir sözlə, daima onları müxtəlif növ əzab-əziyyətlərə məruz qoyduğunu çox yaxşı bilirik. Məmun üçün isə bu çirkin ləkə kifayət idi ki, o, nübüvvət ağacının bütün qol-budaqlarını qırıb bir neçə İmamın kökünü kəsmiş Harunun oğludur.

2. Ərəblərin Məmuna və yaratdığı sistemə münasibəti

Ərəblər də Məmunun hakimiyyətinə boyun əymirdilər. Bu da onunla əlaqədar idi ki, öncə qeyd etdiyimiz kimi onun anası, tərbiyəçisi və qəyyumunun hamısı qeyri-ərəb olmuşdur. Ərəblər isə əsassız təəssübkeşlikləri nəticəsində digər millətləri (Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) buyurduğunun əksinə olaraq) öz nökərləri bilir, təbii ki, Məmunun bu cür olması da, ərəblərin bu təəssübkeşliyinə uyğun gəlmirdi. Xüsusən də, iranlılar gözəl istedadları nəticəsində elmi və siyasi məqamları ələ keçirərək meydanı məğrur ərəblərə çox dar etmişdilər. Belə olduğu halda isə məlumdur ki, ərəblər iranlılara və eləcə də, onlarla əlaqə saxlayan hər hansı bir şəxsə düşmən kəsiləcəklər. Buna görə də, ərəblər Məmuna qarşı nifrət bəsləyirdilər.

3. Əmini öldürmək və arzuların boşa çıxması

Əmini öldürmək zahirdə Məmun üçün nizami bir qələbə sayılsa da, bu ölüm onun plan və məqsədinin əleyhinə yönəlmiş mənfi reaksiyalardan kənar olmamışdır. Məmunun özünü xatircəm etmək üçün istifadə etdiyi metodlar xüsusilə, bu reaksiyalara məruz qaldı. O Əmini öldürmək əmrini Tahirə tapşırır, Əminin kəsilmiş başını onun hüzuruna gətirən şəxsə isə (şükr səcdəsi yerinə yetirdikdən sonra) bir milyon dirhəm pul bağışlayır. Sonra da əmr verir ki, qardaşının kəsilmiş başını bir çubuğa keçirib sarayın qarşısından assınlar, qoy məvacibini almağa gələn hər bir şəxs əvvəl onun başına lənət göndərib sonra pulunu alsın. Məmun bunlarla da, kifayətlənməyib əmr edir ki, Əminin kəsilmiş başını Xorasanda gəzdirsinlər. Sonra onu İbrahim ibn Mehdinin yanına göndərərək onu danlayır ki, nəyə görə Əmin üçün əzadarlıq edirsən?

Bu hadisələrdən sonra Abbasilərdən, ərəblərdən və hətta digər camaatdan nə gözləmək olardı? Onların Məmuna münasibəti necə ola bilərdi? Ən azı bunu deyə bilərik ki, Məmun qardaşını öldürüb bu cür nifrətli hərəkətlər etməklə öz şöhrətini ləkələyir, camaatın etimadından uzaqlaşaraq onların (istər ərəb, istərsə də qeyri-ərəb) nifrətini qazanırdı.

Çıxılmaz bir vəziyyət

Deyilənlərdən əlavə Məmunu hakimiyyətə gətirib çıxaran xorasanlılar da indi ondan üz döndərmiş, bu isə onun üçün böyük bir təhlükə yaratmışdı. Vəziyyətin belə olduğunu görən Ələvilər Məmunla qardaşı arasında gedən mübarizəni fürsət bilib öz fəaliyyətlərini daha da genişləndirməyə, sıralarının sayını artırmağa başlayırlar. İndi Ələvilərin aşağıda qeyd etdiyimiz müxtəlif yerlərdə qaldırdığı qiyamları nəzərə almaqla Məmunun düşdüyü çıxılmaz mövqeyi təsəvvür edə bilərsiniz.

Ələvilərin qiyamları

Bir vaxtlar Məmunun tərəfdarları sırasında olmuş Əbus-Səraya Kufədə qiyam qaldırır. Onun ordusu qarşılaşdığı hər hansı bir ordunu məğlub edir və hər hansı şəhərə çatırdısa, oranı ələ keçirirdi. Deyilənə görə, Əbus-Sərayanın qiyam qaldırdığı gündən edam olunduğu günə qədərki on ay müddətində xəlifənin iki yüz min əsgəri öldürülmüşdür.

Osmanın tərəfdarlarının mərkəzi olan Bəsrə şəhərində də, Ələvilər himayə olunur, nəticədə Zeydün-nar qiyam qaldırır.

Məkkə və Hicaz ətrafında Dibac ləqəbi ilə məşhur olub Əmirəl-möminin adlandırılan Məhəmməd ibn Cəfər qiyam qaldırır.

Yəməndə İbrahim ibn Musa ibn Cəfər xəlifəyə qarşı qiyam qaldırır.

Mədinədə Məhəmməd ibn Süleyman ibn Davud ibn Həsən qiyam qaldırır.

Əhalisinin əksəriyyəti əsasən Osmanın tərəfdarları olan Vasitdə Cəfər ibn Zeyd ibn Əli və Hüseyn ibn İbrahim ibn Həsən ibn Əli qiyam qaldırırlar. Mədinədə də, Məhəmməd ibn İsmail ibn Məhəmməd qiyam edir.

Bir sözlə, elə bir yer qalmamışdı ki, orada Ələvilərdən biri ya öz istəyi ilə, ya da camaatın tələbi əsasında Abbasilərə qarşı qiyam qaldırmasın. İş o yerə çatmışdı ki, Bəni-Üməyyə və Bəni-Mərvan tərəfdarları kimi tanınmış Beynün-nəhreyn və Şam əhalisi də, Əbus-Sərayanın həmkar və silahdaşı olan Məhəmməd ibn Məhəmməd Ələvinin tabeçiliyinə keçərək Əbus-Sərayaya məktub yazıb bildirir ki, sənin əmrini almaq üçün qasidinin yolunu gözləyirik.1

Çoxcəhətli çıxış yolu

Məmun başa düşmüşdü ki, bu çətinliklərdən çıxmaq üçün aşağıdakı təbdirləri həyata keçirməlidir:

1)–Ələvilərin qaldırdığı qiyamları yatırtmaq;

2)–Abbasilər hökumətini şəri hökumət kimi tanımaları barədə Ələvilərdən etiraf almaq;

3)–Ələvilərin camaat arasındakı hörmətini aradan aparmaq;

4)–Ərəblərin xəlifəyə etimadını doğrultmaq;

5)–Öz hökumətinin Xorasan əhalisi və eləcə də, bütün iranlılar tərəfindən qanuni hökumət kimi qəbul olunması;

6)–Abbasiləri və onların tərəfdarlarını razı salmaq;

7)–Camaatın Məmuna olan etimadını gücləndirmək;

Çünki Məmun qardaşını öldürməsi nəticəsində camaatın özünə olan etimadını azaltmışdı.

8)–Ən əsası isə onu çox hörmətli bir şəxs tərəfindən gözləyən təhlükədən uzaq olmaq.

Bəli, Məmun İmam Riza əleyhissəlamdan həddən artıq qorxu hissi keçirir və özünü o Həzrətin təhlükəsindən amanda saxlamaq istəyirdi.

Beləliklə də, İmam Riza əleyhissəlamı vəliəhd seçib onu hakimiyyətdə şərik etməklə bütün bu məqsədlər təmin olunurdu. Çünki (Ələvilərin başında duran) İmam Riza əleyhissəlamı hakimiyyətə şərik qoşmaqla bütün Ələvilər silahlarını yerə qoyacaq, şüarlarına son qoyaraq qaldırdıqları qiyamlar nəticəsində camaat arasında qazandıqları hörməti itirməli olacaqdılar. Digər tərəfdən də, Məmun Əhli-beyt (əleyhimussəlam) tərəfdarı olan xorasanlıların yanında hörmət qazanacaq və qardaşını öldürməsini belə əlaqələndirəcək ki, guya hakimiyyəti onun əsl sahibinə (yəni, İmam Riza əleyhissəlama) qaytarmaq üçün qardaşını öldürmüşdür. Bunların hamısından əsası isə bu idi ki, İmam Riza əleyhissəlamı Mərv şəhərinə gətizdirib onun işlərini nəzarət altına almaqla onun təhlükəsindən amanda qalmaq təmin olunurdu. Qalırdı təkcə ərəblərlə Abbasilər ki, onlara da Məmun iranlılar və Ələvilərin köməyi ilə müqavimət göstərə bilərdi.

Şübhələr və cavablar

Əldə olan fakt və sübutlar Məmunun İmam Riza əleyhissəlamın vəliəhd seçilməsi məsələsinə olan sədaqətini şübhə altına salır. Əgər Məmun doğrudan da, İmam Riza əleyhissəlamı vəliəhd seçirdisə bəs onda:

1) Nə üçün Məmun İmam Riza (əleyhissəlam) Mədinədə olarkən bu işi həyata keçirmir və onu məmurlar vasitəsilə Mərvə gətizdirir? Halbuki, o, Mərvdə ola-ola İmam əleyhissəlamın adından xütbə oxuyub, özü o Həzrətin nümayəndəsi kimi İranı idarə edə bilər və İmam (əleyhissəlam) da özü nübüvvət mərkəzində qala-qala Peyğəmbərin (səlləllahu əleyhi və alih) xəlifəlik məqamına nail olardı.

2) Nəyə görə İmam əleyhissəlamı Qum yolu ilə deyil, məhz çətin, isti və yorucu olan Bəsrə, Əhvaz və Fars şəhərlərindən, böyük Lut səhrasından Xorasan və Mərvə gələn yolla gətirilməsini əmr edir?[25] Halbuki, Kufə və Qumda İmam Riza (əleyhissəlam) daha yaxşı qarşılanar və Məmunun zahiri məqsədi üçün daha geniş zəmin yaranardı.

3) Nəyə görə İmam əleyhissəlama xəlifəlik təklifini etdiyi ilk müzakirələrdə İmam Riza əleyhissəlamdan sonra İmam Məhəmməd Təqi əleyhissəlamı yox, məhz özünü vəliəhd təyin edir? Heç olmasa bu məsələni (İmam Riza əleyhissəlamdan sonra vəliəhd təyin edilməsi məsələsini) İmam Riza əleyhissəlamın ixtiyarına buraxaydı.

4) İmam əleyhissəlamın vəliəhd olması (özü də bu şərtlə ki, o Həzrətin hökumət işlərinə heç bir qarışacağı olmayacaq) İslam ümmətini həqiqətə nə qədər yaxınlaşdıra bilərdi? Bunu da nəzərə almaq lazımdır ki, İmam (əleyhissəlam) Məmundan təxminən iyirmi yaş böyük olmuş və təbii ki, adi hesablamalara əsasən, o Həzrət Məmundan tez vəfat edəcək, nəticədə isə hakimiyyət heç vaxt Ələvilərə çatmayacaqdı.

5) Əgər Məmun sidq ürəkdən hərəkət edirdisə, bəs onda nəyə görə İmam (əleyhissəlam) vəliəhdliyi qəbul etmək istəmədikdə, onu təhdid edərək güclə vəliəhdliyi qəbul etdirir?

6) Nəyə görə İmam Riza (əleyhissəlam) (hər hansı səbəb üzündən) şəhid olduqda, Məmun eynilə İmam Riza əleyhissəlama qarşı göstərdiyi münasibəti İmam Cavad əleyhissəlama da göstərdiyi halda, onu vəliəhd təyin etmir?

7) Nə üçün Məmun böyük Fitr namazında İmam Riza əleyhissəlamı yoldan qaytarıb camaatın axınının o Həzrətə qoşulmasının qarşısını alır?

8) Nə üçün Məmun özü Mərvdən Bağdada gedərkən İmam Riza əleyhissəlamı Mərvdə saxlamayıb özü ilə aparır? Əgər o Həzrət həqiqətən də, vəliəhddirsə, Mərvdə qalıb ölkənin bu hissəsini idarə etməyinin nə eybi var idi?

Bunlar bir sıra suallardır ki, ilk baxışda ola bilər sadə görünsün, ancaq bir az diqqət yetirdikdə, məlum olur ki, Məmun bu işdə heç də sidq ürəkdən addım atmayıb, əksinə, onu bu addımı atmağa məcbur edən başqa səbəblər olmuşdur.[26]

İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəbləri

İmam Riza (əleyhissəlam) o vaxt vəliəhdliyi qəbul etdi ki, gördü əgər vəliəhdliyi qəbul etməsə, nə təkcə öz canı, həm də bütün Ələvilərin və dostlarının canı təhlükə altına düşəcək. İmam Riza (əleyhissəlam) həm öz canını, həm də şiə dostlarının canını təhlükədən qorumalı idi. Çünki İslam ümməti onların vücuduna və məsləhətlərinə böyük ehtiyac duyurdu. Onlar camaatın çətinlik və şübhələrlə qarşılaşdığı zaman, yol göstərən, rəhbər və başçı olmaq üçün mütləq sağ qalmalı idilər.

Bəli, camaatın İmam əleyhissəlama, onun yetirmələrinə böyük ehtiyacı var idi. Çünki o dövrdə biganə əqidə və mədəniyyətlər hər tərəfə yayılaraq fəlsəfi bəhslər və Allahı tanımanın əsaslarına dair şübhələr adı altında hamını küfrə tərəf sürükləyirdi. Buna görə də, İmam (əleyhissəlam) mütləq sağ qalıb ümməti küfr girdabından çıxartmaqla camaata nicat vermək vəzifəsini yerinə yetirməli idi. Tarixdə görürük ki, İmam Riza (əleyhissəlam) (vəliəhd olduqdan sonra ömrünün qısa olmasına baxmayaraq) əməli şəkildə bu vəzifəni layiqincəsinə yerinə yetirmişdir. Əgər İmam Riza (əleyhissəlam) vəliəhdliyi birdəfəlik və qəti şəkildə qəbul etməyib həm özünü, həm də dostlarını təhlükəyə salsaydı, bu fədakarlığını İmam Hüseyn əleyhissəlamın həyat bəxş edən şəhadəti kimi ümmətin müşkülünü həll edəcəyi, məlum deyildi. Bundan da əlavə, vəliəhdlik məqamına nail olmaq Abbasilər tərəfindən bir razılıq kimi hesab olunub Ələvilərin də, hökumətdə şərik olmasını sübut edirdi.

İmam Riza əleyhissəlamın vəliəhdliyi qəbul etməsinin səbəblərindən biri də bu idi ki, qoy camaat Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin də siyasi səhnədə hazır olduğunu görüb heç də onların səhnədən kənarda olduqlarını zənn etməsin və belə fikirləşməsinlər ki, onlar ancaq elm adamları olub əməldə millətin işinə heç bir qarışacaqları yoxdur. Bəlkə İmam Riza əleyhissəlamın İbn Ərəfənin sualına verdiyi cavabdan məqsədi də, elə bu olmuşdur. O, İmam Riza əleyhissəlamdan soruşmuşdu ki, ey Peyğəmbər (səlləllahu əleyhi və alih) övladı, hansı səbəbə görə vəliəhdliyi qəbul etdin? İmam onun cavabında buyurur ki, babam Əli əleyhissəlamı şuraya daxil olmağa məcbur etmiş səbəbə görə vəliəhdliyi qəbul etdim.[27]

Bunların hamısından əsası isə odur ki, İmam Riza (əleyhissəlam) vəliəhd olduğu müddət ərzində Məmunun əsl simasını camaata tanıtdıraraq onun gördüyü işlərindəki məqsədini ifşa etməklə camaatın fikrindəki bütün şəkk-şübhələri aradan qaldırırdı.

İmam Riza (əleyhissəlam) həqiqətən də, vəliəhd olmaq istəyirdimi?

Dediklərimiz heç vaxt vəliəhdliyi qəbul etmək məsələsində İmam əleyhissəlamın batini istəyinə sübut ola bilməz. Əksinə, sonrakı hadisələr sübut etdiyi kimi İmam bilirdi ki, heç vaxt Məmun və ətrafındakıların hiylələrindən uzaq olmayıb məqamdan da əlavə, canı onların təhlükəsindən salamat qalmayacaq. İmam (əleyhissəlam) çox yaxşı bilirdi ki, Məmun nəyin bahasına olursa-olsun, onu aradan götürmək (istər cismi, istərsə də mənəvi cəhətdən) istəyir. Lap fərz edək ki, Məmunun heç bir pis fikri olmamışdır, ancaq dediyimiz kimi İmam əleyhissəlamın yaşını nəzərə aldıqda, o Həzrətin Məmunun ölümündən sonra sağ qalacağına ümid yox idi. Deməli, bunların heç biri İmam əleyhissəlamın vəliəhdliyi qəbul etməsinə kifayət etmir. Bunları nəzərə almadıqda və fərz etdikdə ki, İmam əleyhissəlamın Məmundan sonra sağ qalmaq ümidi də olub, ancaq onun hakimiyyəti ilə razılaşmayan nüfuzlu şəxslərlə mütləq üzləşməli olacaqdı. Həmçinin, hökuməti idarəetmə tərzində Allahın qayda-qanunlarını icra etməsi eynilə cəddi Peyğəmbər (səlləllahu əleyhi və alih) və Əli əleyhissəlamın hökumət idarəetmə tərzi kimi olan İmam Riza (əleyhissəlam) Abbasilərin, onların dostlarının və dünya əhlinin narazılığı ilə üzləşəcəkdi.

Yalnız mənfi mövqe tutmaq düzgün idi

Bütün dediklərimizi nəzərə aldıqda məlum olur ki, İmam Riza əleyhissəlamın bu cür təhlükəli yolla hökumətə gəlməyi qəbul etməyəcəyi təbii idi. Çünki hakimiyyətə gəldiyi təqdirdə nə təkcə öz məqsədlərinə nail olmayacaq, hətta Ələvilərin, eləcə də, onların dostlarının arzu və istəkləri ilə birlikdə məhv olacağına zəmin də yaradacaqdı. Deməli, bu işə müsbət cavab vermək məntiqsiz bir hərəkət olardı.

İmam Riza əleyhissəlamın Məmunun hiylələri qarşısındakı mənfi mövqeyi

İmam Riza əleyhissəlamın özünün vəliəhdliyi qəbul etməkdə heç bir ixtiyarı olmadığından və bu məqamı öz müqəddəs məqsədlərinə çatmaq üçün vasitə qərar verə bilməyəcəyindən, digər tərəfdən də, o Həzrətin sakit otura bilməyib hökumət işçiləri ilə ayaqlaşa bilməyəcəyindən elə bir iş görməliydi ki, Məmunun hiylələrini dəf edib irəli gedə bilsin.[28] İmam Riza (əleyhissəlam) Məmunun bu hiylələrinə qarşı müxtəlif mövqelər tutur ki, Məmun onları fikrinə belə gətirməmişdi. İndi isə İmam əleyhissəlamın tutduğu bu mövqeləri araşdıraq.

Birinci mövqe

İmam Riza (əleyhissəlam) Mədinədə olduğu müddətdə Məmunun təklifini qəbul etmir və o qədər inadkarlıq edir ki, Məmunun ondan əl çəkməməsini camaata çatdırır. Hətta bəzi tarixçilər qeyd etmişlər ki, o Həzrətin Mədinədən Mərvə gəlməsi ixtiyari yox, məcburi şəkildə olmuşdur. Belə bir inadkar mövqe seçməkdən məqsəd bu olmuşdur ki, qoy camaat bilsin ki, İmam (əleyhissəlam) Məmunun hiylələrinə aldanmaz və onun hiylə və kələklərini çox yaxşı başa düşür. Bu yolla İmam Riza (əleyhissəlam) camaatda o hadisəyə qarşı şübhə yarada bilir.

İkinci mövqe

Məmunun İmam Riza əleyhissəlamdan ailəsini də özü ilə gətirməsini istəməsinə baxmayaraq, o Həzrət ailəsindən heç kimi, hətta oğlu İmam Cavad əleyhissəlamı da özü ilə aparmır. Halbuki, bu səfər qısa səfər deyildi. Əksinə, uzun və məsuliyyətli bir səfər olub Məmunun dediyinə görə guya o Həzrət İslam ümmətinin rəhbərliyini öz öhdəsinə götürməli idi.

Üçüncü mövqe

İmam Riza əleyhissəlamın karvanı Nişabur şəhərində dayanarkən o Həzrət on minlərlə, bəlkə də, yüz minlərlə adamın hüzurunda öz məhbub simasını büruzə verərək aşağıdakı hədisi buyurmuşdur: “Allah-taala buyurmuşdur ki, “La ilahə illəllah” cümləsi mənim istehkamımdır,[29] kim mənim istehkamıma daxil olarsa, mənim əzabımdan amanda qalar.” Həmin gün iyirmi min nəfər bu hədisi İmam əleyhissəlamdan eşitcək yazmışdır. Maraqlı burasıdır ki, İmam (əleyhissəlam) o gün o cür şəraitdə heç də dinin fəri məsəllərindən və camaatın həyatından söhbət etməmiş, oruc, namaz və bu kimi şeylərdən danışmağı lazım bilməmiş, camaatı dünyada təqvalı olmağa və bu kimi işlərə dəvət etməmiş və siyasi bir səfər məqsədilə Mərvə getməsinə baxmayaraq, heç də siyasi və ya öz şəxsi məsələləri barədə söhbət etməmişdir. Bunların hamısının əvəzinə isə camaatın əsl həqiqi rəhbəri olduğu üçün onların diqqətini həyatlarında hər bir an, həm indi, həm də gələcəkdə lazım olan bir məsələyə yönəldir. Bəli, ancaq “tövhid” məsələsini ortaya atır. Çünki tövhid hər hansı bir fəzilətli həyatın əsasıdır ki, millətlər onun vasitəsilə hər cür bədbəxtçilikdən, əzab-əziyyətdən azad ola bilərlər. Əgər insan öz həyatı boyu tövhiddən uzaq düşərsə, deməli, bütün olan-qalanını itirmişdir! Yeri gəlmişkən deyək ki, o Həzrət buyurduğu kəlamla bildirmək istəyirdi ki, o dövrün qollu-budaqlı İslam cəmiyyəti tövhidin həqiqətindən, onun əsl mənasından uzaqdır.

İmamət məsələsi ilə tövhidin əlaqəsi

İmam Riza (əleyhissəlam) tövhid hədisini buyurduqdan sonra yoluna davam edir. Lakin onu istəyən minlərlə şəxsin gözü hələ də, onun ardınca idi. Camaat öz fikrində, yaxud da tövhid hədisi barədə düşünərkən, birdən İmam əleyhissəlamın dəvəsi dayanır və o Həzrət başını kəcavədən çıxararaq tarixin yaddaşına daha bir əbədi cümlə yazır. O Həzrət uca səslə buyurur: “Tövhid kəlməsinin (La ilahə illəllahın) şərtləri də var ki, o şərtlərdən biri də mənəm.” Bu cümlə ilə İmam (əleyhissəlam) daha bir əsas məsələni ortaya atır. Bu məsələ tövhid ağacının əsas budaqlarından biri olan “İmamət” məsələsidir.

Bəli, əgər millət fəzilətli həyat sürmək  fikrindədirsə, onlar üçün ədalətli və hikmətli bir rəhbər məsələsini həll etmədən hər hansı bir işə nail olmaq qeyri-mümkündür. Əgər camaat İmamətə tərəf üz tutmasa, dünya yalnız Allaha məxsus olan qanunvericilik haqqını öz haqqı hesab edən zalım və ədalətsiz hakimlərin mübarizə meydanına çevriləcək, onlar da, öz növbələrində Allahın hökmündən kənar hökm verməklə camaatı bədbəxtlik və azğınçılığa tərəf sürükləyəcəklər. Tövhidlə İmamət məsələsinin əlaqəsini olduğu kimi başa düşsək, onda biləcəyik ki, İmam Riza əleyhissəlamın “Tövhid kəlməsinin şərtlərindən biri də mənəm” buyurduğu ifadə heç də, o Həzrətin şəxsi mənafeyi ilə əlaqədar olmayıb, əksinə, İmam (əleyhissəlam) bu ifadə ilə əsaslı və ümumi bir mövzuya toxunmaq istəmişdir. Buna görə də, o Həzrət qeyd olunmuş hədisi buyurmazdan qabaq onun sənədini də qeyd edərək bizlərə başa salmışdır ki, bu hədis ata-babaları tərəfindən deyilib Peyğəmbərə (səlləllahu əleyhi və alih) qədər gedib çıxan Allah kəlamıdır. İmamlar arasında bu cür hədis söyləməyin sabiqəsi həddən artıq azdır. Bu cür hədislər burada olduğu kimi çox nadir hallarda söylənilir. Burada da, İmam Riza (əleyhissəlam) ümmətin rəhbərlik məsələsini Allah və uca bir məqamla əlaqələndirmək və eləcə də, məsum İmamət tarixçəsinin şəcərənaməsini camaata çatdırmaq istədiyi üçün bü cür hədisdən istifadə etmişdir. İmam Riza (əleyhissəlam) bu həqiqəti camaata anlatmaq üçün Nişabur şəhərində ələ düşmüş fürsətdən lazımınca istifadə edib Allahın əmrinə əsasən, özünü Allahın tövhid qalasının gözətçisi elan edir. Buna əsasən, o Həzrət camaatı bu cür xəbərdar etməsi vasitəsilə Məmunun ən əsas məqsədini puça çevirir. Çünki Məmun o Həzrəti Mərvə gətizdirməklə özünün və bütün Bəni-Abbasın hakimiyyətinin şəri və İslami bir hakimiyyət olduğunu qələmə vermək istəyirdi.

Dördüncü mövqe

İmam Riza əleyhissəlamın Mərv şəhərinə gəlməsindən bir neçə ay keçsə də, o Həzrət Məmuna qarşı mənfi mövqedə durmasına davam edirdi. Məmun öz hiylələri ilə o Həzrətin canının qəsdinə durmayana qədər İmam Riza (əleyhissəlam) nə xəlifəliyi, nə də vəliəhdliyi qəbul etmirdi. İmam Riza (əleyhissəlam) belə bir mövqe seçməklə elə zəmin yaratdı ki, Məmunu həqiqətlə üz-üzə saxladı. İmam (əleyhissəlam) ona buyurdu: “İstəyirəm elə bir iş görəm ki, camaat deməsin Əli ibn Musa (İmam Riza (əleyhissəlam)) dünyaya bel bağlayıb, əksinə, bu, dünyadır ki, onun ardınca sürünür.” O Həzrət bu ifadə ilə Məmunun hiyləsinin heç də müvəffəqiyyətlə başa çatmamasını və gələcəkdə də, bu cür hiylələrdən əl çəkməsini ona anlatdı. Bunun nəticəsində də, Məmunu öz arxayınlığında və görmək istədiyi hər hansı bir işdə tərəddüdə salır. Üstəlik hələ camaatda da Məmuna və hərəkətlərinə qarşı şübhə yaradır.

Beşinci mövqe

İmam Riza (əleyhissəlam) bununla da, kifayətlənməyib ələ düşmüş hər bir fürsətdə Məmunun onu güclə və ölümə təhdid etməklə vəliəhd təyin etməsini camaata bildirir. Bundan əlavə, bəzi vaxtlar camaata onu da çatdırırdı ki, Məmun tezliklə hiyləyə əl atıb öz əhdini pozacaq. O Həzrət açıqcasına buyururdu ki, onun qatili, ona zəhər verən məhz Məmun olacaq. Hətta bunu Məmunun öz yanında da buyurmuşdu.

İmam Riza (əleyhissəlam) təkcə dildə deyil, həm də öz hərəkəti ilə vəliəhd olduğu bütün müddət ərzində bu işə razı olmadığını və güclə bu məqama seçilməsindən xəbər verirdi. Məlum məsələdir ki, bunların hamısı Məmunun o Həzrətin vəliəhd seçilməsindən intizarda olduğu işlərin əksinə nəticə verəcəkdi.

Altıncı mövqe



Geri   İrəli
Go to TOP