A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Cəfər Sadiq əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 36
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


Bu həqiqətlər göstərir ki, bu proqram Mənsurun hakimiyyətinin möhkəmlənməsi məqsədilə icra olunurmuş. Məqsəd isə dövlət mülkiyyətində olan mal-dövlətdən qənaətlə istifadə etmək deyil, mübariz qüvvələri zəiflədib aradan götürməklə camaatın müxalifət sədalarını yatırmaq olmuşdur.

Qırğın, qantökmə siyasəti

Mənsurun antiislam siyasəti təkcə cəmiyyəti aclıqda saxlamaq, onların hüquqlarını kəsməklə kifayətlənmir, iqtisadi və maliyyə çətinliklərindən əlavə cəmiyyətdə dəhşətli bir qorxu da hökm sürürdü. Onun iş başına təyin etdiyi hakimlər çoxsaylı işkəncə və qətllər həyata keçirir, hər gün neçə nəfər bu vəhşiliyin qurbanı olurdu. Bir gün Mənsurun əmisi ona dedi: “Sən camaatın üstünə elə qəzəb və nifrətlə hücum çəkmisən ki, sanki sənin qulağına heç rəhm sözü dəyməyib.” Mənsur onun cavabında deyir: “Hələ Bəni-Mərvanın sümükləri çürüməyib, Əbu Talib nəslinin qılıncı qınına girməyib. Biz indi dünənəcən bizə adi gözlə, bu gün isə xəlifə gözü ilə baxan bir camaatın arasındayıq. Buna görə də, bizim heybətimiz ancaq rəhmin və əfvin unudulması və zülmün həyata keçməsi ilə yadlarda qalacaq.”[64]

Düzdür, bu siyasət bütün xilafət ərazisində hökm sürürdü, lakin Mədinə şəhəri daha çox təzyiqə məruz qalırdı. Çünki Mədinə əhalisi elə ilk günlərdən İslam qayda-qanunları ilə yaxından tanış olduğu üçün Mənsurun hökuməti kimi hər hansı bir azğın hökumətin tabeçiliyinə keçmək istəmir, hər hansı bir hökmü İslam hökmü adı ilə qəbul etmirdi. Bundan da əlavə, Peyğəmbərin (səlləllahu əleyhi və alih) vəfatından sonra Mədinə şəhəri əsasən, İslamın böyük rəhbərlərinin moizə iqamətgahı olmuş, digər tərəfdən də, hər biri öz dövrünün İslamını qoruyub saxlamaq və camaata rəhbərlik etmək vəzifəsini daşıyan İmamlar səkkizinci İmama qədər bu şəhərdə olmuş, onların burada olması daima Mədinə müsəlmanlarının İslami hərəkəta başlamalarına səbəb olmuşdur.

Mənsurun hakimiyyəti dövründə İmam Sadiq (əleyhissəlam), o şəhid olduqdan sonra da onun əziz oğlu İmam Kazim (əleyhissəlam) İslami mübarizələr rəhbəri kimi, Mədinə şəhəri isə zalım xəlifələrin özbaşınalıqlarına qarşı aparılan əsl İslami hərəkat mərkəzi hesab olunurdu.

Mədinə iqtisadi blokadada

(İmam Həsən əleyhissəlamın nəvəsi) “Nəfsi Zəkiyyə”[65] adı ilə məşhur olmuş Məhəmməd ibn Abdullah ibn Həsənin qiyamından sonra İmam Sadiq əleyhissəlamın həyatının sonlarında Mənsur Mədinə şəhərində baş vermiş qiyamı yatırtmaq üçün Riyah ibn Osman adlı çox zalım, qaniçən və rəhmsiz bir şəxsi Mədinəyə vali təyin etdi. Riyah Mədinəyə gəldikdən sonra camaatı bir yerə toplayıb xütbə oxuyaraq xütbənin əsnasında dedi: “Ey Mədinə camaatı! Mən əfi oğlu əfiyəm. Mən sizin şəhərinizi xarabaya çevirən, kişilərinizi qıran Müslim ibn Üqbənin qardaşı oğluyam. And olsun Allaha, əgər təslim olmasanız, sizin şəhərinizi alt-üst edəcəyəm. Belə ki, daha onda həyatdan əsər-əlamət qalmayacaq.”

Bu zaman müsəlmanlardan bir dəstəsi yerlərindən qalxaraq etiraz edib dedilər: “Öz adını İslam tarixinə qara sabiqə ilə yazdırmış və atası günah işlətdiyinə görə iki dəfə cəzalandırılmış sənin kimi bir şəxs belə bir iş görə bilməz. Biz sənə bu cür iş görməyə icazə vermərik.” Riyah Mənsura xəbər göndərdi ki, xalq etiraz edib xəlifənin əmrinə tabe olmur. Mənsur onun vasitəsilə Mədinə əhalisinə təhdidamiz bir məktub yazıb bildirdi ki, əgər öz müxalifətçiliklərini davam etdirsələr, ticarət yollarını həm sudan, həm qurudan onların üzünə bağlamaqla onları iqtisadi blokadaya alacaq və nizami qoşun göndərib onların həyatına son qoyacaqdır. Riyah camaatı məscidə yığıb minbərə qalxaraq xəlifənin məktubunu oxumağa başladı. Heç məktub oxuyub qurtarmamışdı ki, hər tərəfdən camaatın etiraz fəryadı ucaldı və camaatın qəzəbi cuşa gəldi. Camaat onu elə minbərin üstündəcə daşa basdı. O isə canını qurtarmaq üçün bir təhər aradan çıxıb gizləndi...[66]

Mənsur bu hadisədən sonra öz hədələmələrini həyata keçirib ticarət üçün olan gediş-gəliş yolunu bağlayaraq Mədinəni iqtisadi blokadaya aldı. Bu blokada onun oğlu Mehdi Abbasinin hakimiyyəti dövrünədək davam etdi.[67]

İmam Sadiq (əleyhissəlam) və Mənsur

Əbu Cəfər Mənsur Dəvaniqi İmam Sadiq əleyhissəlamın siyasi fəaliyyətindən çox narahat idi. İmam əleyhissəlamın xalq kütlələri tərəfindən sevilməsi və elmi əzəməti Mənsurun bu nigarançılığını daha da artırırdı. Buna görə də, o, bir bəhanə düşcək tez İmam Sadiq əleyhissəlamı İraqa[68] çağırtdırır və onu qətlə yetirmək üçün bir plan çəkirdi. Ancaq hər dəfə bir vasitə ilə təhlükə İmam əleyhissəlamın müqəddəs vücudundan sovuşurdu.[69]

Mənsur Mədinə şiələrini bərk nəzarət altına almışdı. Onun Mədinədə bir sıra casusları var idi ki, onlar İmam Sadiq əleyhissəlamın dostları ilə əlaqə saxlayan şəxslərin boynunu vururdular.[70]

İmam Sadiq (əleyhissəlam) öz dostlarını (şiələrini) xilafət mərkəzi ilə həmkarlıq etməkdən çəkindirirdi. Bir gün İmam əleyhissəlamın dostlarından biri soruşur: “Bizlərdən bəzilərimiz elə vaxt olur ki, dolanışığı çətinləşir və onlara bunlar (Bəni-Abbas) üçün ev tikib, quyu qazıb pul almaq təklifi olunur. Sizin fikrinizcə bu iş necədir?” İmam Sadiq (əleyhissəlam) buyurur: “Mən heç razı deyiləm ki, onlar üçün bir düyün belə düyünləyim, yaxud bir tuluğun ağzını belə bağlayım. Baxmayaraq ki, bu işin müqabilində mənə çoxlu pul verəcəklər. Çünki zalımlara kömək edən şəxsləri Qiyamət günü oddan olan pərdə ilə hasarlanmış bir yerə yığacaqlar və bu zaman Allah onların barəsində hökm verəcək.”[71]

İmam Sadiq (əleyhissəlam) şiələri mübahisəli məsələləri həll etmək üçün bəni-Abbas xəlifələrinin təyin etdiyi qazıların yanına getməyə qoymayaraq həmin qazılar tərəfindən verilmiş hökmə əməl etməyi vacib bilmirdi. İmam (əleyhissəlam) həmçinin, fəqih və hədisçilərə xəbərdarlıq edirdi ki, hökumətə tabe olmasınlar. İmam (əleyhissəlam) onlara buyururdu ki, fəqihlər Peyğəmbərin (səlləllahu əleyhi və alih) canişinləridirlər. Əgər görsəniz ki, onlar xəlifələrə tərəf üz tutublar (zalımlarla həmkar və əlbir olublar) onlara qarşı pis fikirdə olun, onlara inanmayın.[72]

Bir gün Mənsur Dəvaniqi İmam Sadiq əleyhissəlama məktub yazır ki, nə üçün başqaları kimi sən də bizim yanımıza gəlmirsən? İmam Sadiq (əleyhissəlam) onun cavabında yazır: “Bizim (dünyəvi cəhətdən) elə bir şeyimiz yoxdur ki, ona görə sənə ümid bəsləyək. Sənin nə elə bir nemətin vardır ki, ondan ötrü gəlib səni təbrik edək, nə də özünü müsibət və bəla içərisində görmürsən ki, gəlib ondan ötrü sənə başsağlığı verək. Daha sənin yanına nəyə gəlim?” Mənsur bu dəfə yazdı: “Gəl bizə nəsihət ver.”

İmam (əleyhissəlam) cavabında yazdı: “Əgər bir nəfər dünya əhli olsa, sənə nəsihət etməz, Axirət əhli də olsa, sənin yanına gəlməz.”[73]

Qondarma müftilər

Bəni-Üməyyə xəlifələri çalışırdılar ki, müxtəlif yollarla camaatı məsum İmamların məktəbindən uzaqlaşdırıb onlarla İmamlar arasında ayrılıq salsınlar. Bu məqsədlə onlar camaatı hökumətdən asılı olan, ya da heç olmasa, hökumətə zərəri olmayan qazılara müraciət etməyə məcbur edirdilər.

Abbasi xəlifələrinin işin əvvəlində öz məqsədlərinə nail olmaları üçün Bəni-Haşimə tərəfdar olmağı özlərinə şüar etməsinə baxmayaraq, hakimiyyət başına gəldikdən sonra onlar da Bəni-Üməyyə xəlifələrinin gördükləri işləri görməyə başladılar.

Abbasi xəlifələri də Bəni-Üməyyə xəlifələri kimi mənəvi cazibə və ruhlandırıcı məktəbləri camaatı özünə vurğun etmiş İmamları öz hökumətləri üçün böyük təhlükə hesab edirdilər. Buna görə də, çalışırdılar ki, İmamları daima künc-bucaqda saxlasınlar. Bu məsələ İmam Sadiq əleyhissəlamın dövründə daha çox nəzərə çarpırdı. O Həzrətin dövründə xəlifələr açıq-aşkar çalışırdılar ki, bir müddət İmam Sadiq əleyhissəlamın şagirdi olmuş şəxsləri onun məktəbinin müqabilində fətva kürsüsünə otuzdurub onu camaat üçün qazı, müfti təyin etsinlər. Belə ki, (bir vaxtlar İmam Sadiq əleyhissəlamın şagirdləri olmuş) İbn Əbu Zi`b və Malik ibn Ənəsi bu kürsüdə otuzdurdular.

Mənsur Dəvaniqi bu məqsədlə Malik ibn Ənəsə həddən artıq çox hörmət edir və onu rəsmi müfti və qazı kimi tanıtdırırdı. Bəni-Abbas xəlifələrinin carçısı Mədinə şəhərində gəzib elan edirdi ki, Malik ibn Ənəs və İbn Əbu Zibdən[74] başqa İslami hökmlər barədə fətva verməyə heç kəsin haqqı yoxdur.[75]

Məcburi yazılmış kitab

Mənsur Dəvaniqi Malikə əmr edir ki, bir hədis kitabı yazıb hədisçilərin ixtiyarında qoysun. Malik bu işdən boyun qaçırır, lakin Mənsur israr edirdi. Bir gün Mənsur ona deyir: “Bu kitabı yazmalısan, çünki indi səndən bilikli adam yoxdur.” Malik Mənsurun israr və təkidi nəticəsində “Müvəttə” adlı bir kitab yazır.[76] Bu hadisədən sonra o dövrün hakim qüvvələri  camaatı İmam Sadiq əleyhissəlamın məktəbindən uzaqlaşdırmaq üçün bütün qüvvəsi ilə Malikin səs-sorağını, verdiyi fətvaları yayıb təbliğ etməyə başlayırlar. Mənsur Malikə deyir: “Əgər sağ qalsam, sənin fətvalarını Quran ayələri kimi yazıb bütün şəhərlərə göndərərək camaatı ona əməl etməyə məcbur edəcəyəm.[77]

Əlbəttə, bu müftilər də öz dövrlərinin müqabilində istər-istəməz onların mənafeyini qoruyurdular. Əgər xəlifə bilsəydi ki, ona tabe olan müftilər onun mənafeyinə zidd olan bir iş görüb, yaxud öz aləmlərində onun mənafeyi ilə ziddirlər, onları möhkəmcə cəzalandırardı. Belə ki, Malik ibn Ənəs, Mənsurun nəzərində o qədər böyük olmasına baxmayaraq, Mənsurun sözünü onun əmisi oğlunun yanında danışdığına görə onun əmri ilə yetmiş zərbə şallaq vurulması əmrinə məhkum olunmuşdu. Bu, Malikin xəlifənin fikrinə və meylinə zidd fətva verməsinə görə olmuşdu.[78]

Zeyd ibn Əli ibn Hüseyn əleyhissəlamın qiyamı

Zeyd[79] ibn Əli (əleyhissəlam) İmam Baqir əleyhissəlamın qardaşı, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin ən fəzilətli və yüksəkrütbəli şəxsiyyətlərindən biri, alim, zahid, təqvalı və şücaətli bir şəxs olmuş,[80] Bəni-Üməyyənin hakimiyyəti dövründə yaşamışdır.

Zeyd Əməvi xəlifələrinin özbaşınalıq, zülm və haqsızlıqlarını görüb həddən artıq narahat olur, belə fikirləşirdi ki, silahlı mübarizə yolu ilə onların hakimiyyətini devirmək lazımdır.

Zeydin Dəməşqə çağırılması

Zeydin qiyam fikrində olmasından xəbərdar olan Hişam ibn Əbdülməlik bu fikirdə idi ki, onu bir yolla aradan götürüb özünü onun təhlükəsindən qorusun. Hişam bu çirkin məqsədinə çatmaq üçün xəyanətkar bir plan hazırladı. Bu planın ardınca Zeydi Dəməşqə çağırtdırdı. Zeyd Dəməşqə gəlib Hişamla söhbət etmək üçün hökumət binasına getdikdə, Hişam əvvəlcə ona qarşı soyuq münasibət göstərdi və öz fikrinə görə onun mövqeyini camaatın nəzərində aşağı salmaq üçün oturmağa ona yer göstərməyib dedi: Yusif ibn Əmr Səqəfi (İraq valisi) mənə xəbər verib ki, Xalid ibn Vəlid[81] sənə altı yüz min dirhəm pul verib, indi sən həmin pulları geri qaytarmalısan.

— Xalid mənə heç bir şey verməyib.

— Elə isə onda İraqa - Yusif ibn Əmr Səqəfinin yanına getməli və o səni Xalidlə üzləşdirməlidir.

— Məni Səqif qəbiləsindən olan alçaq bir şəxsin yanına göndərmə ki, mənə hörmətsizlik etsin.

— Başqa çarə yoxdur, gərək gedəsən.

Hişam sonra əlavə edib deyir: Eşitmişəm ki, özünü xilafət məqamına layiq bilib xilafət kürsüsünə gəlmək fikrindəsən. Halbuki, sən bir kəniz oğlusan və kənizdən olan xilafət başında otura bilməz.

Zeyd deyir: Elə bilirsən ki, anamın bu mövqeyi (kəniz olması) mənim ləyaqətimi alçaldır? Məgər İshaq əleyhissəlamın azad qadından, İsmayıl əleyhissəlamın isə kənizdən olduğunu unutmusanmı? Buna baxmayaraq Allah-taala sonrakı Peyğəmbərləri Həzrət İsmayıl əleyhissəlamın nəslindən seçdi. İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) də onun nəslindəndir.”

Daha sonra Zeyd Hişama nəsihət verib onu təqvalı olmağa çağırdı.

Hişam dedi: Sənin kimi bir şəxs məni təqvalı olmağa dəvət edir?

Zeyd: Bəli, əmr be-məruf və nəhy əz-münkər İslamın iki əsas hökmləridir və onu yerinə yetirmək hamının borcudur. Məqam və rütbəsinin aşağı olmasına görə kimsə bunları yerinə yetirməkdən boyun qaçıra bilməz, eləcə də, heç kəsin məqam və rütbəsinin yuxarı olmasına görə onları qəbul etməkdən boyun qaçırmasına haqqı yoxdur.

Məcburi səfər

Hişam sərt söhbətindən sonra Zeydi İraqa göndərib Yusif ibn Əmrə bir məktub yazaraq bildirdi ki, Zeyd sənin yanına gəldikdə onu Xalidlə üzləşdir və ona Kufədə qalmağa bir saat da olsa, belə icazə vermə. Çünki o şirindil, xoşbəyan və natiq adamdır, əgər orada qalarsa, Kufə camaatı tez bir zamanda onun tərəfinə keçər.

Zeyd Kufəyə (İraqa) gircək Yusifin yanına gedib dedi: Nə üçün məni bura gətizdirmisən?

Yusif: Xalidin dediyinə görə o, sənə altı yüz min dirhəm pul vermişdir.

— Xalidi çağırtdır, əgər bir sözü varsa, qoy üzümə desin.

Yusif əmr etdi ki, Xalidi zindandan gətirsinlər. Xalidi əl-ayağı ağır zəncirlərlə bağlanmış halda gətirdilər. Bu zaman Yusif üzünü ona tutub dedi: Bu Zeyd ibn Əlidir. İndi onda nəyin varsa de!

Xalid dedi: Allaha and olsun ki, onda mənim heç bir şeyim yoxdur, sizin onu bura gətirməkdən məqsədiniz yalnız ona əzab-əziyyət verməkdir.

Bu dəfə Yusif üzünü Zeydə tutb dedi: Əmirəl-möminin Hişam mənə əmr verib ki, elə bu gün səni Kufədən çıxarım.

Zeyd: Üç gün mənə möhlət ver, qoy bir az dincəlim, sonra Kufədən çıxaram.

Yusif: Mümkün deyil, elə bu gün çıxmalısan.

— Onda icazə ver təkcə bu gün qalım.

— Heç bir saat da mümkün deyil.1

Bu hadisənin ardınca Zeyd Yusifin göndərdiyi bir neçə məmurla birgə Kufədən çıxıb Mədinəyə tərəf hərəkət etdi. Kufədən bir az aralanan kimi məmurlar Zeydi tək qoyub geri döndülər...

Kufədə

Zeydin Kufəyə gəlişi böyük səs-küy salmış, onun Hişamla söhbəti hər yerə yayılmışdı. Vəziyyətin gedişatını yaxından izləyən Kufə camaatı Zeydin Mədinəyə göndərilməsini eşitcək tez özlərini ona çatdırıb onu himayə edəcəklərini bildirərək dedilər: “Kufədə qal və camaatdan beyət al! Arxayın ol ki, yüz min nəfər sənə beyət edib sənin ordunda vuruşmağa hazır olacaq. Bəni-Üməyyənin isə Kufədə çox az tərəfdarı var, onlar da ilk hücumda qırılıb qurtaracaqlar.”

Kufə camaatının Həzrət Əli (əleyhissəlam), İmam Həsən (əleyhissəlam) və eləcə də, İmam Hüseyn əleyhissəlamın dövründəki vəfasızlıqlarını yaddan çıxarmamış Zeyd bir o qədər də onların vədələrinə arxayın olmadı, ancaq kufəlilərin həddən artıq təkidləri nəticəsində Mədinəyə getmək fikrindən daşınıb Kufəyə qayıtdı. Camaat dəstə-dəstə gəlib ona beyət etdi. İş o yerə çatdı ki, təkcə Kufədən iyirmi beş min nəfər döyüşə hazır oldu.

Böyük vuruşma

Yusif ibn Əmr Səqəfi Əməvilərə zidd olan qoşun dəstələrinin Zeydin ətrafına toplaşmasını ardıcıl olaraq Hişama xəbər verirdi. Bu işdən qorxuya düşən Hişam Yusifə əmr edir ki, tez Zeydin topladığı orduya hücum edib qiyam alovunu söndürsün.

Hər iki tərəfin qoşunları səfərbər oldu və çox çətin bir döyüş baş verdi. Zeyd son dərəcə şücaətlə vuruşur və ordusunu dözümlü olmağa çağırırdı. Döyüş axşamadək davam etdi. Birdən düşmən tərəfindən atılmış bir ox Zeydin alnına batır. Daha döyüşməyə taqəti qalmayan Zeyd bir tərəfdən bəzi dostlarının döyüşdə öldürülməsinə, digər tərəfdən də ordusunun bir hissəsinin pərakəndə olmasına görə məcbur qalıb geri çəkilmək əmri verdi.

Zeydin şəhid olması

Oxu Zeydin alnından çıxartmaq üçün axşam bir həkim gətirdilər. Ancaq ox çox dərinliyə işlədiyindən onu asanlıqla çıxartmaq mümkün olmadı. Nəhayət, həkim oxu Zeydin alnından çıxartdı, ancaq oxun yarası ciddi olduğundan Zeyd şəhid oldu.[82]

Zeydin dostları uzun sürən məsləhətdən sonra belə qərara gəldilər ki, Hişamın adamları Zeydin cənazəsini tapa bilməsin deyə, onu dəfn etsinlər. Bu məqsədlə onlar əvvəlcə suyun axarını yenə əvvəlki vəziyyətinə qaytardılar. Təəssüflər olsun ki, məsələ heç də onlar istəyən kimi olmadı. Hişamın məmurlarından biri Zeydin dəfn mərasimində iştirak edərək bütün məsələni açıb Yusifə deyir. Yusifin göstərişi ilə Zeydin cənazəsini çıxarıb başını bədənindən ayırdılar və bədənini Kufənin girəcəyində dara çəkdilər. Onun başsız bədəni dörd ilə qədər darda qaldı. Sonra isə bədənini dardan endirib od vurub yandırdılar və külünü sovurdular.

İmam Sadiq (ə) və qiyamlar

O dövrün tarixini araşdıranda belə bir sual qarşıya çıxır ki, ümumiyyətlə İmam Sadiqin (ə) o vaxt şiələr tərəfindən baş verən qiyamlara qarşı münasibəti necə idi? Görəsən onları müsbətmi qarşılayırdı? Əgər razı deyildisə, səbəbi nə idi?

Ümumiyyətlə hər bir inqilabda, əsasən iki özəl hədəf güdülür: Birinci, nifrət qazanılmış mövcud hakimiyyəti yıxmaq. İkinci isə, yerində nəzərdə tutulan yeni, ideal hökumətin təməlini qoymaq.

Sualımızın cavabına gəldikdə isə əməvilər sülaləsinin son dövrlərindən tutmuş ta abbasilərin də dövranını nəzərdə tutmaqla belə qənaətə gəlirik ki, bu qiyamların əksəriyyəti mövcud hakimiyyətin əlindən cana doymuş xalqın kəskin e`tirazlarının alovlanmasının təzahürüdür. Hər zaman zülm həddini aşdıqda qiyamlar da ardınca şö`lələnirmiş. Zalım əməvi və abbasi sülalələrindən təngə gəlmiş məzlum xalq ədalət bayrağını qaldıracaq qəhrəmanın ardınca idilər ki, hər vaxt belə bir hadisə üz versəydi, dərhal ona qoşulurdular (adətən də belələrini seyyidlər və şiələrin böyük şəxsiyyətləri təşkil edirdi).

Bu qiyamlar öz gücünü demək olar şiə məktəbinin ideologiyasından, onun radikal, cəsarətli və son dərəcə din-imanında qətiyyətli adamlarından alsa da, əməvi və ya abbasilərin hakimiyyətinin devrilməsindən sonra yeni, ideal bir hökumətin qurulmasına o qədər də zəmanət verilmirdi. Bunun səbəbini aşağıda verilən amillərdə araşdırmalıyıq:

1. Mə`lum olduğu kimi bu qiyamların rəhbərləri elə də düzgün, kamil bir proqram irəli sürmürdülər və onların rəftar və ideyalarında çoxlu çatışmamazlıqlar müşahidə olunurdu.

2. İnqilabçı qüvvələr, adətən həm say həm də hərbi hazırlıq baxımından elə bir səviyyədə deyildilər ki, qələbəyə ümid gözü ilə baxa bilinsin.

3. Bu qüvvələrin arasında müxtəlif fikir və əqidəli qruplar iştirak edirdilər ki, bütünlüklə sağlam, dindar və e`tibarlı adamların hökumət başına gəlməsinə tam ümid yox idi.

Buna ən gözəl nümunə zülmkar abbasi sülaləsinin hakimiyyətə gəlməsini göstərə bilərik. Elə bu kitabda müşahidə etdiyiniz kimi Əhli-beytin (ə) mübariz tərəfdarlarının sayəsində cinayətkar əməvilər devrildikdən sonra dövləti ələ keçirən abbasilər sonralar zülmkarlıqda əməvilərin üzünü ağartdılar! Əgər imamlarımızın (ə) da bu qiyamlara müsbət münasibətini müşahidə etmiriksə, elə bu səbəblərə görədir və onlar o zamankı vəziyyəti çox gözəl analiz edirdilər. Şiənin böyük mütəfəkkirlərindən olan Məhəmməd Mehdi Şəmsəddin bu barədə belə yazır: “Risalətin davamçıları olan mə`sum imamlar çox yaxşı bilirdilər ki, bu qiyamlarda rəhbərliyə arxa olan qüvvələr sağlam inqilab ruhundan uzaqdır və onlarda sarsılmaz mübarizlik hissi yoxdur ki, inqilabı geniş miqyasda son qələbəyə kimi davam etdirə bilsinlər. Beləliklə, belə qüvvələrə arxalanan hər bir hərəkat məğlubiyyətə məhkumdur və onun ağır zərbəsinin təkcə özlərinə yox, bütün İslam ümmətinə dəyəcəyini təsəvvür etmək çox da çətin deyildi. Həmçinin, imamlarımız bilirdilər ki, qələbənin səmərəsindən faydalananlar da əksəriyyət təşkil edən qeyri-şiə və qeyri-sağlam qüvvələr olacaqdır. Elə buna görə də onlara qoşulmur və onlarla qarşı-qarşıya da durmurdular.”[83]

Yuxarıda qeyd olunanlar müxtəsər surətdə imamlarımızın şiələrin mübariz şəxsiyyətlərinin qaldırdıqları qiyamlara qarşı ümumi münasibətini açıqlayırdı. Amma Zeydin qiyamı haqda isə nisbətən geniş təhlilimiz olacaqdır.

Zeydin qiyamında İmam Sadiq əleyhissəlamın razılığı olmuşdurmu?

Zeyd barədə, eləcə də, onun İmamət iddiasında olub-olmaması və İmam Baqir (əleyhissəlam) və İmam Sadiq əleyhissəlamın imamətini qəbul edib-etməməsi barədə məsum İmamlardan bir-birinə zidd olan müxtəlif rəvayətlər nəql edilmişdir. Bu rəvayətlərin bir qismində Zeyd tənqid olunaraq mənfi tip, digər bir qismində isə müsbət tip kimi göstərilmişdir.

Bizim hədis və rical[84] elmi sahəsindəki alim və təhqiqatçılarımız istər keçmişdəkilər, istərsə də müasirlər, Zeydi tənqid edib onu mənfi tip surətində göstərən hədisləri qəbul etməmiş və onlara arxalanmamışlar. Misal üçün qeyd etmək olar ki, mərhum ayətullah əl-uzma Xoyi Zeydin tənqidi barədə olan rəvayətləri araşdırıb onları qəbul olunmaz hesab etdikdən sonra bu rəvayətləri sənəd nöqteyi-nəzərindən zəif və etibarsız bilib yazır: “...Dediklərimizdən belə nəticəyə gəlirik ki, Zeyd böyük və təqdirəlayiq bir şəxsiyyət olmuş və onun əqidə pozğunluğu, yaxud tənqidi barədə əlimizdə heç bir qəti sübut yoxdur.”[85]

Mərhum Əllamə Məclisi də Zeyd barədə olan rəvayətləri qeyd etdikdən sonra yazır: “Zeyd barədə rəvayətlər müxtəlifdir. Lakin onun tərifi və haqdan kənar iddialar etməməsi barədəki rəvayətlər üstünlük təşkil edir. Şiə alimlərinin əksəriyyəti onun məqamının uca olması haqda nəzər vermişlər. Buna görə də, yaxşı olar  ki, onun barəsində xoş təəssüratda olub onu tənqid etməkdən çəkinək.”[86]

Zeydin qiyamına gəlincə isə bir çox fakt və sübutlar göstərir ki, o, İmam Sadiq əleyhissəlamın razılığı ilə qiyam etmişdir. Bu faktlardan biri də, İmam Riza əleyhissəlamın Məmunun sualına verdiyi cavabıdır. İmam Riza (əleyhissəlam) Məmunun cavabında buyurur: “Atam Musa ibn Cəfər atası Cəfər ibn Məhəmməddən eşitmişdir ki, o (İmam Sadiq (əleyhissəlam)) buyurub: “...Zeyd qiyam etmək üçün mənimlə məsləhətləşdi. Mən ona dedim ki, əmi can, əgər Kufənin girəcəyindən asılacaq şəxs olmaq istəyirsənsə, sənin yolun elə budur.” Zeyd İmam Sadiq əleyhissəlamın hüzurundan getdikdən sonra o Həzrət buyurdu: “Vay o şəxsin halına ki, onun dəvət sədasını eşidə, lakin ona cavab verməyə!”[87]

Bu rəvayət açıq-aşkar sübut edir ki, Zeydin qiyamı İmam Sadiq əleyhissəlamın razılığı ilə olmuşdur. Sadəcə olaraq ola bilərdi ki, İmam Sadiq əleyhissəlamın Zeydin qiyamına baş qoşub ona razılıq verməsi düşmənin sorağına çata, digər tərəfdən də Zeydin qiyamı ehtiyat və hesab-kitab üzündən olsun deyə, nə İmam Sadiq (əleyhissəlam) nə Zeydin özü nə də İmamın səhabələri bu işdən kimsənin xəbər tutmasını istəmirdilər.

İmam Sadiq (əleyhissəlam) Zeydin ordusunda vuruşaraq Əməvi qoşunlarından altı nəfəri öldürmüş bir şəxsə buyurur: “Allah məni bu qanlara şərik etsin. And olsun Allaha ki, əmim Zeyd eynilə Həzrət Əli (əleyhissəlam) və onun səhabələrinin yolu ilə hərəkət etmişdir.”[88]

Zeyd İmam Sadiq əleyhissəlamı imam kimi tanıyan şəxslərdən olmuşdur. Onun özü də demişdir ki, Cəfər (İmam Sadiq (əleyhissəlam)) halal və haram məsələsində bizim İmamımızdır.[89]



Geri   İrəli
Go to TOP