A+
A
A-
Mündəricat Əsas səhifə nur-az.com
Kitabın adı: İmam Cəfər Sadiq əleyhissəlamın həyatı
Müəllif: Mehdi Pişvayi
Naşir:
Çap tarixi:
Səhifələrin sayı: 36
Çap növbəsi: Birinci
Tirajı: 3000
Geri   İrəli


7. İslam müqəddəsatları hörmətsizliyə məruz qaldı və müsəlmanlar üçün müqəddəs hesab olan şeylər təhqir olundu. Belə ki, Məscidül-həram və Kəbə evi viran edildi və Peyğəmbərin (səlləllahu əleyhi və alih) məzar, minbər və məscidinə hörmətsizlik edildi, habelə, Mədinə camaatı üç gün kütləvi qırğına məruz qaldı.

8. İslam tarixi ərzində ilk dəfə olaraq Peyğəmbər ailəsi kütləvi şəkildə öldürüldü və onun qız-gəlinləri əsir götürülərək şəhərbəşəhər gəzdirildi.

9. Cahiliyyət dövrünün əlamətlərindən olan və Peyğəmbərin dövründə pislənilən mədhiyyə və öyünmə şerləri yenidən adət oldu. Əməvilər sülaləsi dövrünün şairləri xəlifə və ya hakimləri onlarda olmayan sifətlərlə tərifləməyə və onlarda olan mənfi sifətləri isə ört-basdır etməyə başladılar.

10. Bir sıra dünyatələb və dini satmış alimlər iş başına gələrək xəlifələrin razılığı bahasına özlərinə Allah qəzəbini qazandılar. Onlar öz şəxsi fikirlərinə əsasən, Quran ayələri və Peyğəmbər hədislərini təfsir edir, xəlifələrin gördüyü işlərə, dediyi sözlərə həqiqət libası geyindirirdilər.

11. Rifah içərisində yaşama, yeyinti məhsulları, pal-paltar, ev-eşik, ev avadanlıqları günbəgün artır, hökumət işləri üçün saraylar, hətta ovlaqlar da artmağa başlayırdı.

12. Şərabxorluq, arvadbazlıq, xoşavazlı kənizlər almaq adət halına çevrilmişdi. İş o yerə çatmışdı ki, Əməvi xəlifələrinin bəzilərinin gündəlik söz-söhbəti ancaq qadın, yemək və şərab barəsində olurdu.1

13. İslam nizam-intizamının ən mühüm əsaslarından biri olan irqi bərabərçilik aradan gedərək öz yerini ərəblərin xeyrinə, digər millətlərin isə zərərinə nəticələnən kobud irqi ayrıseçkiliyə verdi. Halbuki, Quran və Peyğəmbər sünnəsi hər hansı bir ayrıseçkiliyi ləğv etmiş və hörmətli və üstün olmağın ölçüsünü ancaq təqvalı olmaqda qərar vermişdir. Əməvilər isə ərəb millətini ən üstün millət hesab edərək deyirdilər ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) ərəb millətindən olduğu üçün ərəblər sair millətlərdən üstündür. Ərəblərin öz içərisində isə Qüreyş qəbiləsi digər qəbilələrdən üstündür. Bu siyasətə əsasən, ərəblər bütün işlərdə əcəm (qeyri-ərəb) millətlərindən üstün tutulurdu. Bəni-Üməyyənin təmtəraq əsasında qurulmuş hökumət sistemi mövliyanı (müsəlman olmuş qeyri-ərəb millətləri) qocalıb əldən düşmüş insanlar kimi satın alır, onları bütün ictimai hüquqlardan məhrum edirdilər. Təbii ki, belə olan halda da, təhqir, hörmətsizlik daima mövliyanın üstündən əskilmirdi. Mövliyalar hər hansı bir abırlı iş və peşədən məhrum idilər. Onların silah düzəltməyə, ata minməyə, ərəblərdən, hətta adı heç bir yerdə çəkilməyən bədəvi ərəblərdən qız almağa ixtiyarları yox idi. Əgər bunu gizli şəkildə etsəydilər, onda qadını kişisindən təlaq aldırıb ayrılmağa məcbur edər, kişini isə şallaqlayıb həbs edərdilər. Hökm vermək, mühakimə yürütmək və rəhbərlik etmək kimi işlər hər bir sahədə ərəblərə məxsus idi və qeyri-ərəbin bu işləri görməyə səlahiyyəti yox idi. Ümumiyyətlə, Əməvi ərəbləri belə fikirləşirdilər ki, onlar ağa olmaq, hökm vermək üçün yaradılmışlar və iş-güc, zəhmət hamısı mövliyaya məxsusdur. Onların mövliyaya qarşı bu cür hərəkəti Abbasilərin Bəni-Üməyyəni süquta uğratmasında böyük rolu olmuş əsas amillərdən biridir. Əməvilərə qarşı qiyamın gedişatında Abbasilər Bəni-Üməyyəni pis tanıtdırmaq və camaatı qiyama qaldırmaq üçün bu amillərdən istifadə edirdilər. Ancaq bu amillərin arasından iki amilin təsiri daha çox idi. Onlardan biri mövliyanın təhqir olunması, digəri isə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin məzlumiyyəti olmuşdur. Abbasilər bu iki amildən lazımi qədər istifadə etdilər. Bu amillər Abbasiləri hərəkətə gətirən və onları öz məqsədlərinə nail olmaqda irəli aparan iki əsas amil hesab olunur.

Abbasilərin qiyamı İslami mahiyyət daşıyırdımı?!

İmam Sadiq əleyhissəlamın həyatında diqqəti cəlb edən məsələlərdən biri də, o Həzrətin Abbasilər qiyamının başçılarının ona beyət etmək təklifini qəbul etməməsidir. Əgər bu məsələyə ötəri və səthi baxsaq, ola bilər belə fikirləşək ki, bu qiyamda məzhəbi fikirlərin daha çox təsiri olmuşdur. Çünki qiyamçıların bütün şüarları İslami şüarlar və bayraqları üzərinə yazılmış sözlərin hamısı Quran ayələri idi. Onlar özlərini elə qələmə verirdilər ki, guya Əhli-beytin (əleyhimussəlam) xeyrinə iş görür və məqsədləri Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin Bəni–Üməyyə və Bəni–Mərvan tərəfindən axıdılmış nahaq qanının intiqamını almaqdır. Onlar öz qiyamını Əhli-beyt (əleyhimussəlam) ilə əlaqələndirmək istəyirdilər. Düzdür, əvvəl camaatı ona tərəf dəvət etdikləri xəlifənin adını bildirməsələr də, ancaq şüarları belə idi ki, “Biz Məhəmməd (səlləllahu əleyhi və alih) ailəsindən seçilmiş bir şəxsə beyət etmək üçün qiyam etmişik.”[37]

Deyirlər ki, Əbu Müslimin ərəblər arasında da (o özü qeyri-ərəb olmuşdur) çoxlu dost-tanışı, silahdaşı var idi. Onlar Əbu Müslimə beyət edərkən and içib deyirdilər ki, Quran və Peyğəmbər (səlləllahu əleyhi və alih) sünnəsinə əməl etməkdə, Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən seçilmiş və hələ ki, naməlum qalan bir şəxsə itaət etməkdə möhkəm olacaq və öz başçılarına itaət etməkdə hiyləyə yol verməyib onların əmrlərini heç bir söz-söhbətsiz icra edəcəklər. Hətta and içərkən bunu da söyləyirdilər ki, düşmənə qalib gəldikləri təqdirdə, onları ancaq İslam və öz başçılarının qayda-qanunları əsasında həlak edəcəklər.

Qiyamçıların tanınması üçün olan əlamət onların qara paltar geymələri və qara bayraq götürmələri idi. Peyğəmbərin (səlləllahu əleyhi və alih) bayrağı qara olduğu və onların da məqsədləri Peyğəmbərin (səlləllahu əleyhi və alih) dininə qayıtmaq olduğu üçün, ya da məqsədləri Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin intiqamını alıb onlara əzadar olduqlarına görə öz bayraqları üçün qara rəngi seçmişdilər. Bəlkə də, məqsədləri bu olmuşdur ki, özlərini kütləvi qırğınla nəticələnəcək döyüş barədə deyilmiş uzaqgörənliyin aşkar nümunəsini qələmə versinlər. Bu fikrə görə Xorasan tərəfdən qara rəngli bayraqların qalxması zalımlar dövlətinin süqutu və haqq olan dövlətin yaranması nişanəsidir.[38]

Bir sözlə, bunun zahirindən belə başa düşülür ki, Abbasilər qiyamı İslam ehtivalı, əzəmətli bir qiyam olmuşdur.

Qiyam başçılarının İmam Sadiq əleyhissəlama yazdığı məktublar

Əbu Müslim, İbrahimin ölümündən sonra İmam Sadiq əleyhissəlama belə bir məktub yazdı: “Mən camaatı Əhli-beytlə dostluğa dəvət edirəm, əgər razısınızsa, xəlifə olmağa sizdən yaxşı bir adam yoxdur.” İmam Sadiq (əleyhissəlam) onun cavabında yazdı: “Nə sən bizim dostlarımızdansan, nə də zəmanə bizim zəmanəmizdir.”[39]

Fəzli Katib yazır: “Bir gün İmam Sadiq əleyhissəlamın yanında olarkən Əbu Müslimdən bir məktub gəldi. İmam Sadiq (əleyhissəlam) qasidə buyurdu: “Sənin gətirdiyin məktubun cavabı yoxdur, çıx get!”[40]

Həmçinin, sonralar “vəziri-Ali-Məhəmməd (səlləllahu əleyhi və alih)” ləqəbi almış Əbu Sələmeyi Xəllal, İbrahimin ölümündən sonra vəziyyətin onun xeyrinə olmadığını görüb bu qərara gəldi ki, onlardan (Abbasilərdən) ayrılıb Əli əleyhissəlamın övladlarına qoşulsun. Bu məqsədlə Ələvilərin (Əli əleyhissəlamın nəslinin) üç böyük nümayəndələri olan Cəfər ibn Məhəmməd Əs-Sadiq (əleyhissəlam), Abdullah ibn Həsən ibn Əli ibn Əbu Talib və Ömər Əl-Əşrəf ibn Zeynül-abidinə məktub yazıb onu dostlarından birinə verərək dedi ki, əvvəl Cəfər ibn Məhəmməd Əs-Sadiq əleyhissəlamın yanına get, əgər o qəbul etsə, digər iki məktubu aradan apar, yox əgər o qəbul etməsə, Abdullahın yanına get, əgər o da qəbul etməsə, Ömərin yanına get! Əbu-Sələmeyi Xəllalın qasidi əvvəl İmam Sadiq əleyhissəlamın yanına gəlib məktubu ona verdi. İmam Sadiq (əleyhissəlam) buyurdu: “Başqasının tərəfdarı olan Əbu Sələmə ilə mənim nə işim var?” Qasid dedi: “Məktubu oxuyun!” İmam Sadiq (əleyhissəlam) öz qulluqçusuna dedi ki, çırağı onun yanına gətirsin. Sonra məktubu oda atıb yandırdı. Qasid soruşdu: “Ona cavab yazmırsan?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Bu gördüyün elə onun cavabı idi.”

Əbu Sələmənin qasidi İmam əleyhissəlamın yanından çıxıb Abdullahın yanına gedərək məktubu ona verdi. Abdullah məktubu oxucaq onu öpüb dərhal ata minərək İmam Sadiq əleyhissəlamın yanına gəlib dedi: “İndicə bizim Xorasandakı şiələrimizdən birinin gətirdiyi bu məktub Əbu Sələmə tərəfindən yazılıb. O məni xilafət başına keçməyə dəvət edir.” İmam Sadiq (əleyhissəlam) Abdullaha buyurdu: “Xorasan camaatı nə vaxtdan sənin şiələrin olmuşdur? Əbu Müslimi onların yanına sən göndərmisən? Bir halda ki, nə sən onları tanıyırsan, nə də onlar səni, bəs, onda necə sənin şiələrindirlər?” Abdullah dedi: “Deməli, sənin sözündən belə çıxır ki, sənin bu barədə başqa fikrin var?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Allah Özü bilir ki, mən hər bir müsəlman barədə yaxşı fikirləşməyi özümə vacib bilirəm, necə ola bilər ki, indi onu sənə rəva bilməyim? Abdullah, bu puç arzuları ağlından çıxart, bunu bil ki, hakimiyyət Bəni-Abbasın (Abbasilərin) olacaqdır. Bu məktubdan mənim üçün də gəlmişdir.”

Abdullah narahat halda İmam Sadiq əleyhissəlamı tərk edib geriyə döndü.

Ömər ibn Zeynül-abidin də Əbu Sələmənin məktubuna mənfi cavab verdi. Onun məktubunu qəbul etməyib dedi: “Mən heç məktubu yazanı tanımıram ki, ona cavab da yazım.”[41]

Elə ki qələbə bayraqları dalğalanmağa başlayıb zəfər əlamətləri müşahidə olundu Əbu-Sələmə yenidən İmam Sadiq əleyhissəlama məktubla bildirdi: “Bizim ixtiyarımızda yetmiş min döyüşçü var, indi öz mövqeyini müəyyən et!” İmam Sadiq (əleyhissəlam) yenə də əvvəlki cavabını verdi.[42]

Əbu Bəkr Həzrəmi nəql edir ki, bir gün Əban ibn Təğliblə birlikdə İmam Sadiq əleyhissəlamın yanına getmişdik. O vaxt artıq Xorasanda qara bayraqlar (Abbasilərin bayraqları) dalğalanırdı. İmam Sadiq əleyhissəlama dedik: “Vəziyyətin gedişatı barədə nə fikirləşirsiniz?” O buyurdu: “Öz evinizdə oturun, elə ki gördünüz biz kiminsə başına toplaşmışıq, silah götürüb bizə tərəf gəlin.”[43]

İmam Sadiq (əleyhissəlam) başqa bir söhbətində öz səhabələrinə buyurmuşdur: “Danışığınıza fikir verin və evinizdən eşiyə çıxmayın, çünki sizə məxsus olan şey (əsl İslam hökuməti) bu tezliklə sizə nəsib olmayacaq...”[44]

üçün İmam Sadiq (ə) Abbasilərin başçılarının təklifini rədd etdi?

Deyilənlərə diqqət yetirərkən ilk baxışda İmam Sadiq əleyhissəlamın Əbu Müslim və Əbu Sələmənin təklifləri qarşısındakı mövqeyi bir az anlaşılmazlıq yaradır. Ancaq bu məsələyə bir az diqqətlə yanaşdıqda, İmam əleyhissəlamın belə bir mövqedə durmasının səbəbi çox aydın şəkildə məlum olur. İmam Sadiq (əleyhissəlam) çox yaxşı bilirdi ki, qiyam başçılarının hakimiyyətə gəlməkdən başqa bir fikri yoxdur. Əhli-beytin tərəfdarlığı şüarını irəli sürmələri isə müxtəlif kütlələri özlərinə tərəf cəlb etməkdən ötrüdür.

Tarixi rəvayətlər sübut edir ki, Xorasan qoşunu Kufəyə gəldikdən sonra Əbu Sələmeyi Xəllal siyasi işləri öz əlinə alıb ətrafındakı siyasi və nizami təşkilatları genişləndirməyə başladı. O istəyirdi ki, Əli əleyhissəlamın nəslindən bir nəfər xəlifə seçilməklə dövlətin əsas qüdrətini özü ələ alıb son qərarı özü çıxartsın, xəlifənin ancaq adı olub zahirdə görünsün.[45]

İmam Sadiq (əleyhissəlam) bilirdi ki, Əbu Müslim və Əbu-Sələmə Əhli-beytdən olan tanınmış bir nəfər rəhbər təyin etməklə öz məqsədlərinə çatmaq fikrindədirlər. İmam (əleyhissəlam) bilirdi ki, onlar onu İmam kimi tanımır. Əgər onu İmam kimi tanısaydılar, onda eyniməzmunlu məktubu Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsindən olan üç nəfərə niyə yazırdılar?

İmam Sadiq (əleyhissəlam) son dərəcə qətiyyətlə bilirdi ki, qiyamın əsas təşkilatçıları Abbasilərdir, onların da hakimiyyətə gəlməkdən başqa bir məqsədləri yoxdur. Əbu Müslim və Əbu Sələmə kimilər isə yalnız bir vasitədirlər. İmam Sadiq (əleyhissəlam) bilirdi ki, Abbasilər daha onlara lazım olmayan və yaxud da, onlara mane olan şəxsləri tezliklə aradan götürəcəklər. Elə belə də oldu. Əbu Müslim, Əbu Sələmə, Süleyman ibn Kəsir və tezliklə başqaları aradan götürüldülər. İmam (əleyhissəlam) qətiyyətlə bilirdi ki, Əbu Müslim və Əbu Sələmə kimilər aldadılmışlardır və onlar heç də İslam və Əhli-beyt yolunda deyillər. Buna görə də, onlarla həmkarlıq etməyə və onların gördüyü işlərə şəri bəraət verməyə razı olmurdu. Çünki qiyam başçıları onun məktəbinin şagirdləri deyildilər. Onlar intiqam, hakimiyyətə gəlmək və eləcə də pis işlər uğrunda çox ifrata varmış və elə işlər görmüşdülər ki, özünü müsəlman bilən şəxs onların gördüyü bu işləri əsla təsdiqləyə bilməzdi.

İbrahimin Əbu Müslimə söylədiyi dəhşətli vəsiyyətlər

Tarixə nəzər saldıqda Abbasilər qiyamının əvvəllərində İbrahimin Əbu Müslim Xorasaniyə yazdığı vəsiyyətin mətninə rast gəlirik.

Əmiri-Ali-Məhəmməd[46] (səlləllahu əleyhi və alih) ləqəbi almış tanınmış qəhrəman Əbu Müslim Xorasani Məkkəyə səfəri zamanı İbrahimlə görüşdü. İbrahim öz vəsiyyətlərini ona deyib sonralar Abbasilərin simvolu olmuş qara bir bayrağı da ona verərək onu Xorasanda qiyam qaldırmaq üçün göndərdi. Bu vəsiyyət İbrahim, Əbu Müslim və sair qiyam başçılarının əsl simasını açıb söylədiyi üçün onu olduğu kimi burada qeyd edirik.

İbrahim bu fərmanın (vəsiyyətin) əvvəlində Əbu Müslimi - bu təcrübəsiz cavanı daha çox aldatmaq üçün deyir: “Sən bizim ailəmizdən olan bir şəxssən. Sənə nə deyirəmsə, ona əməl et... (Bizə qarşı vəfalı olmaqda) kimdən şübhələnsən, onu qətlə yetir, əgər bacarsan, Xorasanda bir nəfər də olsun belə ərəb qoyma (Xorasanda olan bütün ərəbləri öldür.) Hətta beş qarış boyunda bir uşaqdan da şübhələnsən, öldür.”[47]

Beləliklə, İbrahim öz vəsiyyətində Əbu-Müslimə açıq-aşkar qətl fərmanı verir.

Muqrizi deyir: “Əgər İbrahim Əbu-Müslimi qeyri-müsəlman bir vilayətin əhalisini İslama dəvət etmək üçün göndərsəydi, bu cür bir hökm verməsi əsla caiz olmazdı. Halbuki, o, Əbu-Müslimi müsəlman vilayətinə göndərib ona belə bir qırğın əmri verdi.”[48]

Əbu Müslimin cinayətləri

Çox təəssüflə qeyd etməliyik ki, Əbu Müslim verilmiş bu əmrə son dərəcə xırdalıqlara qədər əməl edib onu həyata keçirtdi. Hətta iş o yerə çatdı ki, o, Yafeinin dediyinə görə öz dövrünün Həccacına çevrilib Abbasilərin hakimiyyətinin möhkəmlənməsi uğrunda saysız-hesabsız adamlar qırdı.[49]

Tarixçilər yazırlar: “Əbu Müslimin öz hakimiyyəti dövründə öldürdüyü adamların sayı altı yüz min nəfər olmuşdur.”[50]

Əbu-Müslim özü bu cinayətlərinə etiraf edirdi. O, Mənsur tərəfindən hədələnərkən ona bir məktub yazıb bildirdi: “Qardaşın (Səffah) mənə əmr verdi ki, qılınc çəkib şübhələndiyim şəxsi həbs edim, kiçik bir ittiham vasitəsilə qətlə yetirim, heç bir bəhanəni qəbul etməyim. Mən də onun əmrinə itaət edib Allahın hörmət olunmasını vacib buyurduğu bir çox şeylərin hörmətini pozdum, Allahın hörmətinin saxlanılmasını vacib buyurduğu bir çox qanlar axıtdım, hakimiyyəti onların əlindən alıb başqasına verdim...”[51]

Mənsur da onun dediklərini təsdiqlədi. O, Əbu Müslimi edam etməzdən qabaq onun törətdikləri cinayətləri sayarkən qeyd etdi ki, nə üçün altı yüz min nəfəri əzab-əziyyətlə qətlə yetirdin? Əbu-Müslim bu dəhşətli faciəni inkar etmədən cavab verdi ki, bunların hamısını sizin hakimiyyətinizin möhkəmlənməsi üçün yerinə yetirmişəm.[52]

Başqa bir yerdə Əbu Müslim döyüşənlərdən başqa öldürdüyü şəxslərin sayını yüz min nəfər qeyd edir.[53]

Əbu Müslim öz keçmiş dostlarına belə rəhm etmirdi. Belə ki, “Vəziri-Ali-Məhəmməd[54] (səlləllahu əleyhi və alih)” ləqəbi ilə tanınmış, öz dostu və həmkarı, Abbasilərin qalib gəlməsində böyük rolu olmuş, ümumiyyətlə, qiyamın əsas iqtisadi dayağı olmuş Əbu Sələmeyi-Xəllalı öldürdü.[55]

Buna əsasən, əgər tarix səhifələrində Əbu Müslim həccə gedərkən bədəvi ərəblərin onun yolundan qaçıb uzaqlaşdığını oxuyuruqsa, heç də təəccüblənməməliyik. Çünki onlar Əbu Müslimin qəddarlığı barədə çox eşitmişdilər.[56]

Seçim və proqramlaşdırma

İmam Sadiq əleyhissəlamın Abbasilər qiyamının başçılarının təklifini qəbul etməməsi barədə dediklərimizi qısa şəkildə belə demək olar ki, təklif edənlər həqiqi və əsl bir qiyam üçün lazım olan səlahiyyətə malik olmamışlar. Onlar əsas qüvvələr deyildi ki, onların vasitəsi ilə əsl İslami bir hərəkata başçılıq etmək mümkün olsun. Əgər İmam Sadiq əleyhissəlamın ixtiyarında kifayət qədər əsas qüvvə olsaydı, şübhəsiz ki, İmam qiyamın başçılığını öz öhdəsinə götürərdi. Başqa sözlə desək, millətin fikri və əməli vəziyyətindən, eləcə də siyasi-ictimai durumundan xəbərdar olan İmam Sadiq (əleyhissəlam) siyasi mübarizə aparmaq üçün əlində olan imkan və qüdrəti silahlı qiyam edib əsl İslam hökuməti yaratmaq üçün qələbə qazanmağa kafi bilmir və imkanatın məhdud olduğunu yaxşı bilirdi. Çünki əsl İslam hökuməti qurmaq üçün təkcə nizami qüvvə hazırlamaq kifayət etmir, əksinə, ondan qabaq İmamın məsum, iman və mərifət sahibi olduğuna sidq ürəkdən inanan, onun böyük fikirlərini başa düşən, hakimiyyət sahəsində onun qurduğu sistemi müdafiə edib millət üçün ələ gəlmiş nəticələri qoruya bilən əqidəvi bir ordu qurmaq lazım idi.

İmam Sadiq əleyhissəlamın səhabələrindən biri ilə etdiyi söhbət də yuxarıda deyilənləri təsdiq edir. Südeyr Seyrofi deyir ki, İmam Sadiq əleyhissəlamın yanına gedib dedim: “Nə üçün (sakit) oturmusunuz?” İmam Sadiq (əleyhissəlam) buyurdu: “Südeyr, məgər nə hadisə baş vermişdir?”

Dedim: “Dost, şiə və tərəfdarlarının çoxluğu barədə deyirəm.”

— Səncə onlar neçə nəfər olar?

— Yüz min nəfər.

— Yüz min nəfər?

— Bəli, bəlkə də iki yüz min.

— İki yüz min?

— Bəli, bəlkə də dünyanın yarısı.”

Bu söhbətdən sonra İmam Sadiq (əleyhissəlam) Südeyrlə birlikdə Yənbə adlı bir yerə gələrək orada bir sürü keçi balası görüb buyurdu: “Südeyr, əgər bizim dost və tərəfdarlarımızın sayı bu keçi balaları qədər olsaydı, biz sakit oturmazdıq.”[57]

Bu hədisdən belə nəticəyə gəlirik ki, İmam Sadiq əleyhissəlamın fikri qətiyyən belə olmuşdur ki, təkcə hakimiyyətə gəlmək kifayət etmir, nə qədər ki, hökumət camaatın müxtəlif kütlələri tərəfindən himayə olunmur, köhnə rejimi aradan götürüb yeni - əsl İslami rejimi qurmaq qeyri-mümkündür. Xalq kütlələri elə olmalıdırlar ki, hökumətin məqsəd və fikirlərini başa düşməli, hökumətin fikri ilə həmfikir olmalı, onun irəliləməsi sahəsində addım atmalı, camaat üçün hökumətin tutduğu mövqeləri açıqlamalı və çətinliklərlə üzləşdikdə, dözümlü olub səbr etməlidirlər. İmam Sadiq əleyhissəlamın söhbətindən belə başa düşürük ki, əgər o Həzrətin ixtiyarında düşmənə silahlı mübarizə yolu ilə qalib gəldikdən sonra İslami məqsədlərini həyata keçirə biləcək dost və tərəfdarları olsaydı, yəqin ki, silahlı mübarizəyə başlayardı. Ancaq zamanın şərait və vəziyyəti İmam əleyhissəlama bu fürsəti vermirdi. Çünki bu iş elə bir iş idi ki, əgər yüz faiz məğlub da olmasaydı, yenə onun nəticəsi zəmanət olunmamışdı. Başqa sözlə desək, mövcud olan belə şəraitlə hərəkat məğlubiyyətə uğramasaydı da, onun qələbə ilə nəticələnəcəyi də qəti deyildi.[58]

İmam Sadiq (əleyhissəlam) Abbasilərlə üz-üzə

Yuxarıda qeyd etdiyimiz kimi Bəni-Abbas Bəni-Üməyyə ilə mübarizənin əvvəllərində (Bəni-Haşimi) Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsini himayə etmək, haqq-ədalət qurmaq şüarlarını verirdilər. Həqiqətən də, bir tərəfdən Əməvilərin hakimiyyəti dövründə Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinin məzmlumluğu müsəlmanların ürəklərini yaraladığından, digər tərəfdən də, onlar İslam hakimiyyəti adı altında heç bir zülm etməyi əsirgəmədiyindən, Bəni-Abbas camaatın Bəni-Üməyyəyə qarşı olan ciddi narazılığından istifadə edib Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsini himayə etmək şüarı adı altında işin əvvəlində xalqın etimadını özlərinə cəlb edə bildilər. Ancaq onların Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsinə qarşı zülmün, haqsızlığın aradan qaldırılması və haqq-ədalətin öz yerini tutacağı barədəki vədləri həyata keçmədi heç, üstəlik çox çəkmədi ki, Bəni-Üməyyənin qeyri-İslami işləri bu dəfə bir az da, artıqlaması ilə icra olunmağa başladı. İş o yerə çatdı ki, camaat yenidən Bəni-Üməyyə hakimiyyətinin qayıtmasını arzuladı. Necə ki, Əbu Əta Sindi adlı bir şairin bu həqiqətlə bağlı söylədiyi şe`rindəki misralar diqqəti özünə cəlb edir:

Kaş bir daha Bəni-Üməyyənin zülm və azğınlığı geri dönəydi,

Abbaislərin haqq-ədaləti isə cəhənnəmə gedəydi! [59]

Səffahın hakimiyyət dövrü qısa və ilk Abbasi xəlifəsinin hakimiyyət dövrü olduğundan, o vaxt hələ Bəni-Abbas hakimiyyətinin dayaqları çox da möhkəmlənmədiyi üçün onun dövründə camaata bir o qədər də zülm olunmurdu. Peyğəmbər (səlləllahu əleyhi və alih) ailəsi də çox təzyiqlərə məruz qalmırdı. Ancaq Mənsur Dəvaniqinin hakimiyyətə gəlişi ilə zülm artdı. Mənsur nisbətən uzun müddət, yəni təxminən iyirmi bir il İmam Sadiq əleyhissəlamın müasiri olduğu üçün onun bu müddətdə göstərdiyi təzyiqlər və törətdiyi cinayətlər barədə bir az açıqlamalar veririk.

İqtisadi təzyiq siyasəti

(İkinci Abbasi xəlifəsi) Əbu Cəfər Mənsur Dəvaniqi çox zalım, qəddar, daşürəkli bir şəxs olmuşdur. O, İslam cəmiyyətini bədbəxtliyə sürükləmiş, camaatı boğaza yığmış və kiçik bir müxalifətə belə, qılıncla cavab verirdi. Mənsur zalım olmasından əlavə, həm də həddən artıq tamahkar,[60] paxıl, dardüşüncəli bir şəxs olmuş və Abbasi xəlifələri arasında paxıllıq və tamahkarlıq üzrə ad çıxarmışdı. Tarixi qaynaqlarda onun həddən artıq paxıllıq və tamahkarlığı barədə çoxlu dastanlar qeyd olunmuşdur. Ancaq onun cəmiyyətdə yaratdığı maliyyə çətinliklərini və insanı əldən salan iqtisadi təzyiqlərini təkcə onun paxıl və tamahkar olması ilə əlaqələndirmək olmaz. Çünki o, öz hakimiyyəti dövründə cəmiyyətin iqtisadi vəziyyətini iflic halına salaraq camaatı həyat səhnəsində məhv etdi. O, təkcə müsəlmanların ümumi malını hökumət xəzinəsində yığıb toplamaqla onu abadlıq işləri və camaatın rifahı sahəsində xərcləməmiş, üstəlik camaatın əlində olanı da, güclə onlardan alıb heç kimdə az da olsa, belə pul qoymamışdı. Bəzi tarixçilərin dediyinə görə Mənsurun bu yolla topladığı mal-dövlətin dəyəri səkkiz yüz milyon dirhəmə çatırdı.[61]

Bəli, bütün ölkədə icra edilən bu ətraflı proqram elə bir proqram deyildi ki, onu təkcə Mənsurun son dərəcə paxıllıq və tamahkarlığı ilə əlaqələndirmək mümkün olsun. Əldə olan sübutlar göstərir ki, cəmiyyətdə iqtisadi və maliyyə çətinlikləri yaratmaq qabaqcadan hazırlanmış və Mənsurun xüsusi məqsədləri əsasında qurulmuş bir siyasət olmuşdur. Mənsurun bu çirkin siyasətdən məqsədi bu olmuşdur ki, qoy camaat həmişə ac, ehtiyac içərisində olub daima ona göz diksin və belə olduğu bir halda da, ancaq qarınlarını doyurmaq fikrində olub daha böyük ictimai hadisələrlə məşğul olmağa macal tapmasın. Mənsur bir gün öz dost-tanışının bir qisminin yanında camaatı ac saxlamaqda olan məqsədini uca səslə belə bəyan etdi: “Bədəvi ərəblər öz misallarında yaxşı demişlər ki, itini həmişə ac saxla, qoy çörək tapmaq üçün daima sənin ardınca düşsün.” Bu zaman Mənsurun bu təhqiramiz ifadəsindən bərk narahat olmuş bir şəxs dedi: “Qorxuram ki, başqa bir şəxs həmin itə bir parça çörək versin, it də çörəkdən ötəri onun ardınca düşüb səndən əl çəksin.”[62]



Geri   İrəli
Go to TOP