Ayətullahul-üzma Məhəmməd Fazil Lənkərani

Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani) - İslam dünyasının və şiə məzhəbinin böyük alimi, müctəhidi və mərcəyi-təqlidi idi.

Əslən azərbaycanlı olan Həzrət Ayətullah əl-Uzma Haci Şeyx Məhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın müqəddəs Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Onun atası mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir.

Məhəmməd Fazil Lənkərani ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olur. Burada 6 il oxuyub bir çox elmlərə nail olduqdan sonra böyük İslam alimlərindən olan Ayətullah Burucerdi, İmam XomeyniƏllamə Təbətəbainin dərslərində iştirak edir.

İmam Xomeyninin başladığı şah Pəhləvi rejiminə qarşı inqilabda Ayətullah Lənkərani öz yaxın dostu Mustafa Xomeyni ilə birlikdə iştirak edir və mübarizəyə qoşulur. Dəfələrlə şah məmurları tərəfindən zindanlara salınır, sürgün edilir və bir neçə il Yəzd şəhərində sürgün həyatı yaşayır.

1979-cu ildə İmam Xomeyninin rəhbərliyi altında İslam inqilabı qurulduqdan sonra Ayətullah Lənkərani öz doğulduğu şəhərə qayıdaraq Qum Elmiyyə Hövzəsində 25 ilə yaxın ali-dini elmlərdən dərs deyir. Ayətullah Mərəşi Nəcəfi vəfat etdikdən sonra isə Qum camaatının təkidi ilə Həzrəti Məsumə (s.ə.) hərəminin imamlığı onun öhdəsinə keçirilir.

İmam Xomeyninin və Ayətullah Ərakinin vəfatından sonra "Qum Elmiyyə Hövzəsinin Müdərrislər Yığıncağı" tərəfindən Ayətullah Lənkərani İslam ümmətinə rəsmi olaraq mərceyi-təqlid, müctəhid seçilir. Həmçinin Ayətullah Lənkərani İslam dünyasına faydalı olacaq 50-yə yaxın elmi-dini kitab yazmışdır.

Ayətullah Lənkərani uzun sürən xəstəlikdən sonra 16 iyun 2007-ci il tarixində 76 yaşında İranın Qum şəhərində vəfat edib. Ayətullah Lənkəraninin dəfn mərasimi iyun ayının 18-i 2007-ci il tarixində müqəddəs Qum şəhərində keçirilib və mərhum alim 7-ci İmam Museyi-Kazımın (ə.) qızı Həzrəti Məsumənin (s.ə.) müqəddəs hərəmində dəfn edilib.

Go to TOP